İnsaf et, gözünü gözümdən çəkmə, Gözlər sevən qəlbin aynası olar. Məni qəm-kədərə bələyib, bükmə, Qəlbim eşq odunda yanası olar.
Hicran atəşinə salıb, yandırma, Eşqin royasından, gəl, oyandırma, Sərt qışı gətirib, məni dondurma, Qəlbim baxışında donası olar.
Səninlə bağlıydı, arzu-diləyim, Xəzana tuş gəlib, açmaz çiçəyim, Hərdən şirin sözlər söylə, dinləyim, Ürəyim şüşətək sınası olar.
Dağtək əzəmətli, əzmin, vüqarın, Pozulmasın heç vaxt əhdin-ilqarın, Əstirmə ömrümə həsrət rüzgarın, Ömrüm çiçək kimi solası olar.
Mehrini azaltma, ay ömrüm- günüm, Dərdimi-sərimi səninlə bölüm, Səninlə ağlayım, səninlə gülüm, Gedərsən, üzülən Sonası olar. Sevgin dünyamızın qalası olar.
Mətanətlə orta məktəbdə paralel sinifdə oxumuşuq. Mən “A” sinfində, o isə “B” sinfində oxuyurdu. Atası İmaməli dayı anamın əmisi, ögey nənəsi Gülgəz nənə isə qağamın bibisi idi. 1990-cı ildə məzun olduq. Hərəmizin yolu bir yana düşdü. O mənim ana babamın yaxın dostu Abuzər kişinin gəlini oldu. Həyat yoldaşı Əbülfət ilə uşaqlıqdan münasibətlərimiz çox yaxşı idi. Daim əlaqlərimiz vardı. Sonralar ara-sıra da olsa Bakıda görüşər, söhbətləşər, dərdləşərdik. O bilirdi ki, mən mətbuatla sıx əlaqədəyəm. 15 ilin söhbəti olar. Bir gün Əbülfət mənə bir dəftər verdi və dedi: – Burada həyat yoldaşım, sənin qohumun Mətanətin 10–15 şeiri var. Oxuyub baxarsan, xoşun gələn şeir olsa çapa verərsən. Düzü indi dəqiq o şeirləri xatırlamasam da, oxuyub kitab şkafıma qoyduğum yadımdadır. 2024-cü ildə sinif yoldaşlarımızın votsap qrupunu yaratdıq. Əslində qrup 2020-ci ildən vardı. Amma qrupda yalnız oğlanlar idi. Bir gün kənddə Mahnurla Hacı Rövşən məktəbdə söhbət əsnasında qrup yaratmaqdan və hamılıqla birlikdə görüş günü keçirməyimizin vacibliyindən danışıblar. Bu haqda Hacı Rövşən mənə bildirdikdə qrupun varlığını, elə o qrupa qızların da əlavə edilməsini məsləhət bildim. Beləliklə, “A” və “B” sinif yoldaşlarımız oğlanlı-qızlı bir qrupda cəm olub söhbətləşməyə, ötən 35 ildə nələrin olduğunu, kimlərin nə işlə məşğul olmağından, övladlarımızdan, özümüzdən söhbətlər etməyə başladıq. Onu da deyim ki, həmin günlərdə Sonyadan da qrupun yaranması təklifi ilə bağlı mesaj almışdım. Votsap qrupumuzda mən hərdən apardığım araşdırmalardan, yazdığım məqalələrdən, müxtəlif şairlərin şeirlərindən paylaşımlar edirdim. Bir gün sinif yoldaşımız, həm də orta məktəbdə “sinifkom”umuz olan Tünzalə bacı Mətanətin də çox həzin, qəlblərə toxunan, insanı duyğulandıran şeirlərinin olduğunu qrupda söylədi. Onda Əbülfətin illər öncə mənə Mətanətin şeir yazdığını deməsini, o şeirlərdən bir neçəsini mənə də verdiyini xatırladım və bu haqda “Məzun – 1990” adlı qrupumuzda fikir söylədim. Beləliklə, uşaqlar hamısı Mətanətin şeirlərini dinləməyə başladılar. Xüsusən, Mətanət bu haldan utanır, şeirlərini paylaşmaq istəyən uşaqlara qardaşı qızı Əfsanənin dəstəyi ilə Yutubda yaratdığı “Gizli dünyam” adlı kanalında olan şeirlərini dinləməyi məsləhət bilirdi. Bir vaxt sonra Mətanət votsap qrupumuz haqqında da şeir yazıb bizlərlə bölüşdü. Deyim ki, Mətanətin şeirləri bütün sinif yoldaşlarının könlünü oxşayır, hamı sevə-sevə onun şeirlərini dinləyir, fikir bildirirlər. Eyni zamanda bütün uşaqlar onun qələm məhsullarının mütləq kitab halında çap olunmasını, hətta maddi və mənəvi kömək edəcəklərini də dilə gətirdilər. 1 iyun 2025-ci ildə çox möhtəşəm “Məzun – 35” adlı görüşümüz oxuduğumuz orta məktəbdə baş tutdu. Mətanət o görüşümüzə də şeir həsr etdi. Ondan keçən müddətdə mənim də o kitabın çap olunmasına dəstək olacağımı, əlimdən gələni edəcəyimi Mətanətə bildirib uşaqların istəyini nəzərə almasını xahiş etdim. Beləliklə, əlinizdə olan bu kitab işıq üzü gördü. Kitabın cildindəki əsərin rəssamı Mətanətin qardaşı Əli Hüseynovdur. Həmin rəsm əsəri deyərdim ki, Mətanətin özünü, duyğularını tam mənasıyla ehtiva edə bilir. Hörmətli oxucular. Mətanət şairlik iddiasında deyil. O ürəyindən keçənləri, rastlaşdığı hadisələri, xoş günlərini, kimlərinsə kədərli anlarını, duyğularını sözə çevirir, nəzmə çəkir. Həssas insanlar ürəklərini hər hansı yolla boşaltmasa rahatlıq tapa bilmirlər. Mətanət də qəlbinin pıçıltılarını ağ vərəqlərə köçürür, rahatlıq tapır, könlünü dincəldir. Onun şeirlərinin mövzusu çoxşaxəlidir. Vətən, dünya, həyat, övlad, nəvə, valideyn və başqa mövzularda yazdıqları oxucu könlünü oxşayır, onları ovuda bilir. İnanıram ki, sinif yoldaşlarının təkidi və həyat yoldaşı Əbülfət Həşimovun dəstəyi ilə çap olunan “Gizli dünyam” adlı bu kitab digər oxucuların da könlünü oxşayacaq, onları xəyallar aləminə qərq edəcək. Mətanət bacıma yaradıcılığında uğurlar, həyatında isə ona cansağlığı arzulayıram.
Araz Yaquboğlu, tədqiqatçı-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü
Mən İkinci Qarabağ Müharibəsini dəqiqə-dəqiqə izləyir, bir anını belə qaçırmırdım, çünki Qarabağ Azərbaycanındır və belə də qalmalı idi. Bircə Şuşa qalmışdı, azad olunması mümkünsüz kimi görünən Şuşa… Dağların ortasında, dağın təpəsində Şuşa… Oranı azad etmək hər kişinin işi deyildi. Qəhrəman əsgərlər mümkün olmayanı mümkün etdilər. Kürəklərində daşıdıqları 30-35 kq ağırlığında silah-sursat çantaları ilə dağa dırmaşaraq Şuşanı əsl sahiblərinə qovuşdurdular. Şuşa azad olunduqda ürəyimdə inanılmaz dərəcədə böyük bir fərəh, bayram sevinci olmuşdu. Belə bir şey ancaq iman gücü və vətən sevgisi ilə gerçəkləşə bilərdi. O günlərdə Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızdan birinin həyat hekayəsini yazacağım heç ağlıma gəlməmişdi. Beş il sonra Harun bəy Yıldırımın koordinatorluğu ilə “1 Şəhid, 1 Hekayə, 1 Şeir” adlı kitabımızın dördüncü cildində Azərbaycan şəhidləri ilə bağlı yazacağımızı öyrənəndə həm çox təsirləndim, həm də çox sevindim. Addım-addım izlədiyim İkinci Qarabağ müharibəsində şəhid olmuş bir igidin hekayəsini yazmaq mənə nəsib olacaqdı. Kim bilir, bəlkə də Azərbaycana səfər edib sənədli filmlərdə gördüyüm yerləri görmək şansım olacaqdı. Hekayəsini yazdığım Nurlan Həsənov İkinci Qarabağ Müharibəsi şəhidi idi. Geridə beş yaşlı qızı və bir yaşlı oğlunu qoyub vətən sevgisi ilə ordu sıralarına qatılmış və şəhid olmuşdur. Aylar ötmüş, hekayələr yazılmış, kitab nəşr olunmuş və Azərbaycanda keçiriləcək proqramın tarixi bəlli olunmuşdu. Biletlər alındıqdan sonra mən artıq Azərbaycan yolçusu idim. Həyəcan pik həddə idi, ürəyim bərk-bərk döyünürdü. Bir neçə günə bir çox şey etməli idik. Doktor Namiq Müslümov və həyat yoldaşı doktor İlhamə Müslümova bizi hava limanında səmimi və gülərüz üzlə qarşıladılar. Ertəsi gün proqramın keçiriləcəyi zala daxil olanda hekayəsini yazdığım şəhidin anası, atası və bacısı bizi qapıda qarşıladı. Həmin an sanki zaman dayandı, onları yanımda görəndə elə xoşbəxt oldum ki… Xəyallarım gerçəkləşməyə başlamışdı. Şəhidimizin ailəsi məni sevgi ilə qucaqladı. Gözəl bir tədbirin ertəsi günü şəhidlərimizin məzarlarını ziyarət etməli idik. Namiq bəy Müslümova hekayəsini yazdığım şəhidin məzarını ziyarət etmək istədiyimi deyəndə o, çox məmnun oldu. Şəhid Nurlan Həsənovun ailə üzvləri ilə Biləcəri Şəhidlər Qəbiristanlığında görüşdük. Şəhidimizin şirin qızı Nurgül də orada idi. Onu öz övladım kimi bərk-bərk qucaqladım. Şəhidimizin anası Həqiqət xanım bizi evlərinə dəvət etdi. Mən artıq özümü yuxuda hiss edirdim. Şəhidimizin həyat yoldaşı və oğlunu da görəcəkdim. Bütün dualarım qəbul olunurdu. Onlar gözəl çay və şirniyyat süfrəsi hazırlamışdılar. Əziz Nurgül balamız yuxusunda atasını gördüyünü söylədi. Əslində, təkcə onun öz yuxusunu bizə danışdığını deyə bilmərik; o, həm yaşadı, həm də bizə danışarkən yuxunu yaşatdı. Ağladıq, göz yaşlarımızı saxlaya bilmədik. Şəhidimizin bacısı da məni tanımadan, görmədən yuxusunda görüb. Sən demə, mən gəlməzdən iki gün əvvəl biz Gülnarın yuxusunda görüşübmüşük. Allahım, şəhid evində nələr yaşadıq? Söhbətimiz əsnasında şəhidimizin atası Nadir bəy dedi ki, “Düz beş il bundan əvvəl bu gün, elə bu saatda Nurlan orduya getmək üçün evdən çıxıb və onun hekayəsini yazan müəllif 5 ildən sonra, eyni gündə və təxminən eyni vaxtda Nurlanın evinə gəlib”. “Bu qədər təsadüf ola bilməzdi; bu, ilahi gücdən başqa bir şey deyil; biz o gün şəhid evində unuda bilməyəcəyimiz mənəvi anlar yaşadıq.” Bir də şəhidimizin 6 yaşlı oğlu Məhəmməd var idi. Toppuşyanaqlı atasına çox bənzəyirdi. Qucaqladım, öpdüm doyunca yanaqlarından. Şəhid Nurlan Həsənov bizim bir araya gəlməyimizə səbəb olmuşdu. Şəhidimizin qızı Nurgül o gün elə cümlələr qururdu ki! Qurduğu cümlələrlə Nurgül nəhəngləşərkən biz qarşısında kiçilirdik. Nurgül mənim könlümdə taxt qurdu və o taxta yerləşdi. Bundan sonra o mənim öz qızım kimidir. Azərbaycan səfərimə Nurgülün duruşu, böyük ürəyi və danışdıqları damğasını vurmuşdu. Qarabağa gedirdik. Gecə saat 4 radələrində yola çıxdıq. 30 il boyunca erməni işğalı altında qalan Qarabağ boynu bükük idi ta ki özünə qovuşana qədər. Qarabağın yaxınlığına gəldiyimiz zaman maşının içində çox təsirli bir atmosfer var idi. Dağılmış evlərin yanından keçərkən o evlərin içində bir vaxtlar xoşbəxt həyatların var olduğunu düşünməkdən özünü saxlaya bilmir insan. Xocalıdan keçərkən ürəyim daraldı, orada yaşanan qətliam gözlərimin önündə canlandı. Yenə dayanmadı göz yaşım. Şuşaya yaxınlaşdıqca həyəcanım da getdikcə artırdı. Gövhər ağa məscidinə getdiyimiz zaman minarələrdən əzan səsi yüksəlirdi. 30 il boyunca əsarət altında qalmış olan Şuşadan əzan səsini eşitmək ifadə edilməsi çətin olan bir duyğudur. Nəhayət, illərdir görmək istədiyim Cıdır düzünə gəlmişdik. Qəhrəman əsgərlərin dırmaşdıqları yeri görəndə gözlərimə inana bilmədim. Allahın hikmətindən başqa bir şey deyildi bu. Azərbaycana getmişkən Xəzər dənizinə baş çəkməmək olmazdı. Doktor Namiq Müslümov bizi Xəzər dənizinə apardığı zaman çox külək və dalğa olmasına baxmayaraq, yenə də əyləncəli idi.
Bunu oxumamışdınız: “Teymur, Azərbaycan krallığını tamamilə özünə tabe etdi”
Şərəf əd-Din Əli Yəzdi — Teymurilər sarayının məşhur alim və tarixçisidir. Onun “Zəfərnamə” əsəri Teymurun həyatına və yürüşlərinə həsr olunub. Bu kitab sonralar Avropada “The History of Timur-Bec” adı ilə nəşr olunub.
📖 Əsərdə maraqlı bir qeyd var: “Teymur, Azərbaycan KRALLIĞINI tamamilə özünə tabe etdikdən sonra Chenob Qazan [Şənbi Qazan-red.] yaxınlığında düşərgə saldı.”
Bu cümlə kitabın 1723-cü il, Con Derbinin ingilis dili çapı versiyasında keçməkdədir. Lakin 1516-ci ilə aid nüsxədən özbəkcəyə olan tərcüməsində “Azərbaycan MƏMLƏKƏTİ” keçməkdədir.
İndi “Azərbaycan KRALLIĞI”, ya “Azərbaycan məmləkəti”?
Burda bir yanlışlıqmı var? Nəzərə alsaq ki, məmləkət “krallığ/şahlıq” mənasını verir, onda məsələ aydın olur. Lazım olsaydı Con Derbi orda “krallıq” yox, ölkə, vilayət mənasında “country” və ya “province”. yazardı, amma yox.
P.S. Yadınızdadırsa bizim bir XƏRİTƏ ilə bağlı paylaşımımız olmuşdu.
Həmin Katalon xəritəsi Xulaqular dövrünə aid idi və o, “Təbriz krallığı” kimi qeyd olunurdu. Monqol, Persia yox, məhz TƏBRİZ, faktiki Azərbaycan krallığı.
Maraqlıdır deyilmi? Bağlılıq göz qabağındadır: Azərbaycan bir taxt-tac, səltənət idi, sadə coğrafi bir məkan deyil.
Azərbaycan Bəstəkarlar İttifaqında dahi Bəstəkar Üzeyir Hacıbəylinin 100 illik xatirəsinə həsr olunmuş konsert keçirilib. Səslənən yeni yaradıcılıq nümunələrindən “Son uçuş” mahnısı da alqışlarla qarşılanıb.
Zəngilan ədəbi mühitinin sədası bu gün Azərbaycan ədəbiyyatının və musiqi həyatının müxtəlif mədəni koordinatlarında öz əks-sədasını tapmaqdadır. Bu proses bölgələrdə ədəbiyyatın inkişaf trayektoriyasını ortaya qoymaqla yanaşı, onun ümumazərbaycan ədəbi sistemindəki funksional yerini də müəyyənləşdirir. Zəngilan yazıçı və şairlərinin yaradıcılığı artıq həm regional, həm də milli ədəbi diskursun ayrılmaz komponentinə çevrilmişdir. Bu mühitin aparıcı nümayəndələrindən Mahir Cavadlı poetik konsepsiyası, intellektual duyumu və estetik mövqeyi ilə seçilir. Onun misralarında insan taleyi, sevgi və ayrılıq kimi universal semantik motivlər emosional və intellektual sintez şəklində ifadə olunur və vahid emosional axarda birləşir. Cavadlı qardaşlarının qələmindən çıxan əsərlər Zəngilan bədii yaddaşının diriliyini qoruyub saxlamaqla yanaşı, regionun ədəbi, mədəni, ictimai fəaliyyətini rövnəqləndirən bir ocaq rolunu oynayır. Mahir Cavadlı isə o ailənin həssas poetik səsini təmsil edir. Onun poetik dünyası təbiiliklə dərin düşüncənin üzvi vəhdətindən yaranıb.
Hərdən gözlərində sevgi odu var,
Qəlbimi yandırıb-yaxmaq istəyir.
Hərdən baxışların soyuq lay divar,
Donur gözlərinə baxmaq istəyim.
İncidir qəlbimi bu hərdən, hərdən,
Əbədi məşəl ol, yanım oduna.
Demirəm mənlə ol hər saat, hər dəm,
Ancaq hərdən-hərdən salma yadına.
Bu kimi yaradıcılıq nümunələri adını çoxdan həkk etdirib çağdaş ədəbiyyatımıza. Onun qələmində həm insan münasibətlərinin psixoloji qatları, həm də səmimi hisslərin sadə və dərin poetik ifadəsi duyulur. M.Cavadlının publisistikası, poemaları, nəsr və şeirləri hər zaman müasirdir və oxunaqlıdır, çünki ürəkdən yazılır, istedadla yoğrulur, dəfələrlə müəllifin ciddi redaksiyasına məruz qalır. Şeirləri o qədər rəvan və axıcıdır ki, sanki bəstəyə çevrilmək üçün yazılıb; hər bənddə, hər misrada musiqinin nəfəsi hiss olunur.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Mehriban Əhmədovanın şair Mahir Cavadlının “Hökumə” adlı poemadan seçərək notlara düzdüyü “Son uçuş” mahnısı günümüzün reallığında həm bədii, həm də mənəvi, eyni zamanda milli mənada böyük əhəmiyyət daşıyır. Əsər Aktau yaxınlığında törədilən faciə nəticəsində həlak olmuş qəhrəman pilotların əziz xatirəsinə ithaf olunub. Azərbaycan musiqisində bu istiqamətdə bir sıra əsərlər var ki, onlar yaddaşın səsi, xalqın qüruru və şəhidliyin poetik simvoludur. Ümumiyyətlə, xalqın tarixində iz qoyan hadisələr incəsənətə təsirsiz ötüşmür. “Son uçuş” da bu sırada öz layiqli yerini alır. “Son uçuş” sadəcə ədəbi mətn kimi deyil, həm də musiqi üçün doğulmuş bir poetik çağırış kimi dəyərləndirilə bilər. Bəli, “Son uçuş” poetik çağırışdır – sözlərin ritmi və mənası musiqi xəttində öz təzahürünü tapmağa can atır. Bu çağırışa cavab verən bəstəkar Mehriban Əhmədovanın bərraq musiqisini isə xüsusi vurğulayırıq. Bəstəkar şeirin daxili ritmini, mənəvi dərinliyini və simvolik ucalığını dərindən duyaraq, “Son uçuş”u söz və musiqi vəhdətində bədii hadisəyə çevirib. Nəticədə əsər yalnız bir ədəbi mətn deyil, həm də milli yaddaşın musiqi salnaməsi, xalqın tarixi və mənəvi dəyərlərinin bədii ifadəsi kimi dəyər qazanıb. “Son uçuş”un doğuluşu, şeirdəki hər bir misranın melodik potensialının bəstəkarın həssas duyğusu ilə birləşməsindən başlayır. Bəstəkarın yaradıcı təşəbbüsünü stimullaşdıran əsas impuls isə, sözsüz ki, Mahir Cavadlının sözündəki poetik enerjidir. Burada söz və musiqi təkcə yanaşı duran elementlər müstəvisindən çıxış etmir; onlar bir-birinə ehtiyac duyur, intersemiotik əlaqə yaradır, bir-birini tamamlayır və nəticədə oxucunu və dinləyicini zamanın və məkanın sərhədlərini aşan bir duyğu səfərinə çıxarır. Mehriban Əhmədovanın bəstəsi şeirin mənəvi dərinliyini musiqinin gücü ilə ali mövqeyə çatdırır. Melodiya nisgilli, lakin monumental xarakter daşıyır. Burada lirika ilə qəhrəmanlıq arasında incə bir tarazlıq qorunur. Musiqi xətti sanki uçuşun mərhələlərini xatırladır: əvvəl sakit qalxış, sonra dramatik yüksəliş və nəhayət, əbədi sükutla tamamlanan eniş. İstedadlı müğənni Aynur İsgəndərlinin məharətli ifası isə əsərin ruhunu tamamlamaqda mühüm rol oynayır. Onun səsində həm ağrı, həm qürur, həm də bir əminlik var. İfaçı söz və melodiyanın birliyini qoruyaraq bədii bütövlük yaratmağa qadir olub.
Əsər ilk baxışda bir ağı təsiri bağışlasa da, bu ağıda ümidsizlik deyil, ucalıq və müqəddəslik duyulur. Şair burada ölümdən çox, şəhidliyin ucalığını, fədakarlığın əzəmətini tərənnüm edir. “O səs bizə əmanət – hər şey yaxşı olacaq!” misrası həm şəhidin son sözü, həm də xalqın sabaha inamıdır. Şeirdə yer alan “Od ürəkli Hökümə” obrazı Azərbaycan qadınının mərdliyinin bədii zirvəsidir. “Səmalarda üç rəng saçan, bayrağım” kəlimələri isə artıq ilk sətrdən milli kimlik duyğusunu oyadır. Burada bayraq yalnız bir rəmz deyil, şəhidliyin özü kimi ucalan mənəvi varlıqdır. “Son uçuş” təkcə bir hadisənin hüznlü təsviri deyil, həyatımızın bir parçası, milli-mənəvi dirənişin notlarla yozumudur. Burada insan fədakarlığı, vətən sevgisi, şəhidliyin əzəməti musiqi vasitəsilə əbədiyyətə qovuşur. Əsərdə ölüm yox, əbədiyyətin səsi eşidilir. Əsərin adı da dərin mənəvi yük daşıyır. Hər bir son, əslində, başlanğıcın başqa bir formasıdır. Bu uçuş, son uçuş, xalqın yaddaşında, millətin ruhunda əbədi davam edir..
“Son uçuş” artıq təkcə mahnı deyil – bu, poetik bir salnamə, milli yaddaşın musiqi xatirəsidir. Şair, bəstəkar və ifaçı tandemi əsəri bədii hadisəyə çevirib və bu uğurlu vəhdət Azərbaycan Bəstəkarlar İttifaqının səhnəsində son uçuşun xatirəsini əbədiləşdirib.
Azərbaycanın səmasına yazılmış bir mənəvi xatirədir
– ruhun, sözün və sənətin vəhdətindən doğan “Son uçuş”…
Dünyanın əvvəllər materiya və düşüncəyə, sonralar isə materiya və enerjiyə bölünməsi həmişə diqqətimi çəkib. Bu dualizm haqqında bəziləri uzun- uzadı düşünür, bəziləri həyatına tətbiq edir, bəziləri isə boş və mənasız hesab edir. Həqiqətənmi, düşüncə çox az şeyi dəyişə bilər, siz də bu fikirdəsiniz? Yoxsa,-düşüncə ilə möcüzələr yaratmaq olar, – fikri təkcə kitablarda, kinolarda olmur, real həyatda da mümkündür? Biz hüdudsuz energetik sahənin elementləriyik fikrini ilk dəfə, Dispenzanın kitabında oxumuşdum. Kitab “Təhtəlşüurun gücü” adlanırdı. Orda belə bir sual qoyulmuşdu,-insan idrakın köməyi ilə öz reallığını yarada bilərdimi? Deməli, bir adamın olduğunu təsəvvür edin. Əslində, təsəvvürə ehtiyac yoxdur, çünki içi özümüz qarışıq, ətrafımız belə adamlarla doludur. Öz keçmişini və yaşadığı ağır günləri özünün reallığı edənlər… Məsələn, əgər uzaq keçmişdə kimsə bunun haqqını yeyibsə və ya maşın qəzasına düşübsə, illər keçməsinə baxmayaraq bu faciə və hadisələrin ətəyindən yapışıb, onu yeri gəldi- gəlmədi danışmaq, sanki yenə baş verəcəkmiş kimi ləzzətlə nəql etmək, dolayısıyla enerji vasitəsiylə bədbəxt olayları özünə çəkmək. Bu enerji vasitəsiylə öz reallığını yaratmaqdır. Amma insan o qədər bəsit varlıqdır ki, uğuru öz reallığı edə biləcəyi halda, uğursuzluğu reallığına çevirir. Çox, çox vacib bir sual yaranır,- biz düşüncənin köməyi ilə istədiyimiz həyatı yarada bilərikmi, bu, asandırmı, buna nail olan konkret insan nümunələri varmı və onlar kimlərdir? Dispenza deyir ki,- həqiqətin gözünə dik baxaq, axı biz qeyri- kamilik. Demək olar ki, yeniyetmə yaşından özünü kamilləşdirmək üçün dəridən- qabıqdan çıxan biri kimi, bu fikirlə razıyam. Amma, Dispenzanın bu sərt fikrinə qarşı bir söz demək istəyirəm,- bəs kamilləşmə meyli olanlar, bəs buna can atanlar, bəs müəyyən mənada nail olanlar necə olsun? Ümumiyyətlə kamilliyin əlamətləri, ölçüləri, sərhədləri hansılardır? Biz özümüzü idaellaşdırmağa çalışanda, bəlkə böyük bir səhv də edirik,- ətrafımızdakıları da ideallaşdırırıq. Bu isə çox zaman mübahisələrə, incikliyə və pozulmuş münasibətlərə səbəb olur. Dispenza, övladının üstünə qışqıran, onun mənliyini təhqir edən valideyni misal gətirir. Sonra həmin valideynin özünü mələk saymasını, özünü ədalətli insan hesab etməsini yazır. Daha sonra, iki obrazın hansının real olduğunu soruşur? Maraqlıdır, elə deyilmi? Biz də beləyik,- özümüz haqqında düşündüklərimiz, ətrafın bizim haqqımızdakı rəyi… Dispenza bu vəziyyəti belə izah edir,- insanın fiziki, ruhi, emosional olaraq dəyişmək cəhdləri onu ideal obrazına qətiyyən yaxınlaşdırmayıb! Buna səbəb kimi, iradə, vaxt və cəsarət çatışmazlığını yox, həyat əqidəsini əsas gətirib. Hamımıza bəxş edilmiş qüdrətli qüvvə sayəsində biz nələrə nail ola bilərik? Bunun üçün reallıqla barışmaq lazım deyil. İstənilən anda yeni mən yarada bilərik. Hə, bilirəm, çoxunuz inanmadınız. Bu isə inananların başına gəlir. Niyə? Aşağıda izah edəcəyəm, indi qısaca olaraq deyim ki, bu məsələlər birbaşa atom, elektron, nüvə ilə bağlıdır, qəşəng elmi izahı var. Başımıza bir hadisənin gəlməsini istəmədiyimiz halda, amma həmin hadisəni düşünməkdən necə yaxa qurtarmağı istəmək, -tanış gəldimi? Xəyal etdiyimiz həyatı şüurlu surətdə yaratmaq, -buna nail olan heç ondan əl çəkərmi? Təbii ki, yox! Bütün bu işlərin kökündə kvant fizikası durur desəm, müəllifin də kitabının ilk bölümünü “kvant insanı” adlandırması aktual deyilmi? İndi isə keçirik, reallığın təbiətinə… Reallığı qavramaq üsulumuz səhv olduğu üçün, həyatımızdakı dəyişikliklər təsadüfi və ötəri xarakter daşıyacaq, – deyən müəllif yüz faiz haqlıdır. Yeni düşüncə obrazına yaxınlaşmaq üçün müəllif bizi kosmologiyaya dəvət edir. Müəllif olduqca maraqlı məqama toxunur. Biz diqqət yetirməsək, heç bir zərrəcik reallıqda peyda olmayacaq. Kvant fizikasında bu “dalğa funksiyasının dağılması” və ya “müşahidəçi effekti” adlanır. Yəni, müşahidəçi elektronu gördüyü məqamda zamanın və məkanın kəsişməsi baş verir, bunun nəticəsində sonsuz sayda ehtimallardan fiziki hadisə meydana çıxır. Müəllif bu cür gözəl izaha davam edərək deyir,-bu kəşfdən sonra idrak və materiyanın bir- biriylə qarşılıqlı əlaqədə olduğu aydın oldu. Ona görə bu fəslin adı “ Kvant adamı” adlanır ki, subatom səviyyəsində enerji- özünə istiqamətlənmiş diqqətə reaksiya verir və maddiləşir. Yəni, sadə dildə desəm, bizim düşüncələrimizə həm bədənimiz, həm ətrafımız reaksiya verəcək. Bədənimiz enerjidən ibarətdir, ətrafımız isə materiya sayılır. Yəni, düşüncə və enerji arasındakı əlaqəni bundan gözəl, bundan elmi, bundan məntiqəuyğun necə izah etmək olardı ki?! Elm inan deyir, elm dəyişə bilərsən deyir, elm özünü hər bir məqamda yenidən yarada bilərsən deyir… İnsan müşahidəçi effektini idarə etməyi, əminəm ki, çox istəyər. İnsan həm də sonsuz sayda ehtimallar dalğasının reallıqla maddiləşməsi prosesini də seçmək istəyər. Bütün maddi kainatın subatom zərrəciklərdən, yəni elektronlardan ibarət olduğunu fizika dərslərindən bilirik. Dispenza yazır ki,-bu zərrəciklərin təbiəti elədir ki, müşahidəçi diqqət yetirməyincə onlar sırf potensial şəkildə mövcuddur və dalğa halındadırlar. Onlar potensial olaraq “hər şey” və “heç nə” dirlər, diqqət fokusuna düşməyənə qədər. Bütün bunlar mənə dəhşətli dərəcədə maraqlı gəlir. Başqa bir nüans isə, bunları dərk edərək, yaşadığım həzz hissidir. Dünyada necə maraqlı məsələlər varkən, insanlar bəsit münaqişələrlə məşğuldurlar. Deməli, fiziki reallıq sırf potensial şəkildə mövcuddur yazan müəllif sonra qeyd edir ki, -əgər insan idrakı elektonu maddiləşdirə bilirsə, onda istənilən ehtimalı da maddiləşdirə bilər, yəni düşüncələrimizlə həyatımızı dəyişə bilərik. Axı fiziki Kainatda hər şey qarşılıqlı əlaqədədir. Kainat bizi gözləyir, o bizim real edə biləcəyimiz nəsnələrə təkan verəcəyini bilir. Müşahidəçinin şüurunun, yəni enerjinin təsiri altında həyat hadisələri fiziki mövcudiyyət əldə edə bilər.
XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! Ən uca kürsüdən dedi sözünü, Bircə hərəkətlə sildi yüzünü, Bilmək istəyirsən əgər düzünü, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Əvvəlcə xainin qırdı belini, Sonra namərdlərin kəsdi dilini, Sevdi obasını, sevdi elini, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Yüz ölçdü, bir biçdi, ustdan usta, Mizanı yerində; nə tez, nə asta, Cəngilər çalındı bu dəfə “Rast”da, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Bir həmlədə pozdu kələyin, fəndin, Uçudu, dağıtdı illərin bəndin, Hər dəfə yanıltdı düşmənin zəndin, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Ustaca bəllidi zamanın feli, Taixdə dastandı babamın qolu, Dəmir yumruq oldu İlhamın əli, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
ONU TANRI SEÇİB Şərəfli əcdadın şanlı övladı , Bütün ulusunun qolu, qanadı, Hər yanda fəxrlə çəkilir adı, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * İlhamdır istəyi, elin arzusu, Amalı, bir şirin dilin arzusu, Əməli, tər qönçə gülün arzusu, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nizamı, gərdişi ustadan usta, Təftişi, gedişi ustadan usta, Planı, döyüşü ustadan usta, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Seçir, sonalayır, sorur düşməni, Ağladır, sızladır, yorur düşməni, “iti qovan kimi qovur düşməni” Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nitqi, bəlağəti, şəsti yerində, Görkəmi yerində, büstü yerində, Alınmaz qaladı, postu yerində, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
BELƏ SEVMƏK İSTƏMİRƏM Yenə sənsən… Səhərin gözü açılan kimi durma gözlərimin önündə Gəlmə ağlıma özümə gəlməmiş. Çək o adamı dəli edən baxışlarını məndən, Yığışdır dağılmış saçlarını sifətimdə hiss etdiyim. Apar bütün olanları, Uydurma gəl, hələ heç olmayanları. Rahat burax məni qalım özüm özümlə, Sadalanma iki cümlədən bir dilimdə. Azml idi bu dünyada günahlarım. Gecələri yuxumdasan, Barı tərk et sabahları. Pəncərəni döyür külək, yenə sənin boğazının qoxusunu gətirib, O da bilir, xoşlamıram hər ətiri. Götür, daha xatirələr mənə məndən ağır gəlir,.. Ay insafsız, yetər daha, Belə sevmək istəmirəm, hardasansa çağır gəlim. 14.10.2025
18 Oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə oxucularımız üçün
AÇIQ QAPI GÜNLƏRİ
18-19 oktyabr tarixlərində “Mücrü” nəşriyyatının bütün nəşrlərinə 30 faizdən 90 faizə qədər endirimlər olacaq. Oxucular yüzlərlə kitabı yarı qiymətinə, həmçinin 2000-dən çox kitabı 1, 2 və 3 manata əldə edə biləcəklər.
Əziz oxucular, şənbə və bazar günləri istirahətinizi səmərəli qurmaq üçün bu çox gözəl bir fürsətdir. Gəlin üçrəngli şanlı bayrağımızın və könülləri oxşayan milli musiqilərimizin sədaları altında bir-birindən maraqlı kitabların əhatəsində iki gözəl gün keçirək.