Mirzə İbrahimov

Azərbaycan tarixinin XX əsrdə yetişdirdiyi nadir şəxsiyyətlərdən biri, Cənubi Azərbaycanın ucqar bir kəndində dünyaya gəlib, yetimçiliklə, min bir əziyyətlə böyüyüb ölkənin ən tanınmış şəxslərindən birinə çevrilməyi bacarmış fitri istedad, qeyrətli Vətəndaş, böyük azərbaycanlı! Doğrudan da Mirzə İbrahimov 82 illik mürəkkəb ömür ərzində, ömründən də mürəkkəb olan zəmanədə edilməsi real olmayan bütün mümkünsüzlükləri etməyi bacarmış, Sosialist Əməyi Qəhrəmanı, Xalq yazıçısı, “Stalin” mükafatı laureatı, 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni, Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru mükafatı laureatı və dövrün digər onlarla yüksək mükafatlarını, Fəxri adlarını almış, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Azərbaycan SSR Maarif komissarı və naziri, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin katibi, SSRİ xarici işlər naziri ilə bərabər statusda olan Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Opera və Balet teatrının direktoru və digər irili-xırdalı vəzifələrdə şərəflə çalışmış, 39 il (8 çağırış – I, II, III, IV, V, VII, VIII və X çağırışlar) SSRİ Ali Sovetinin deputatı, 1950-ci ildən 1979-cu ilədək fasilələrlə 21 il Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Elmlər Akademiyasını təsis edən 15 nəfərdən biri olmuşdur.

TÜRK DÜNYASININ URFANI

TÜRK DÜNYASININ URFANI

Bir neçə gün əvvəl şair Vaqif İsaqoğlu ilə “İMZA” nəşrlər evinin direktoru, Səbuhi Aslanın yanına getmişdik. Qapını astaca döyüb otağa daxil olduq. Otaqda Türk dünyasının ustad aşığı aşıq Əli Quliyev ( Urfan Əli) gördük. Görüşüb, hal- əhval tutduq. Çox maraqlı söhbətlər etdik. XX əsrin 80- ci illərindən xatirələr danışıb ustad aşıqlardan aşıq Əkbər Cəfərov, aşıq İmran Həsənov, aşıq Mikayıl Azaflı, aşıq Əlixan Niftəliyev, aşıq Mahmud Məmmədov, aşıq Ələsgər Tağıyev, aşıq Aydın Çobanoğlu və solo saz ifacisi aşıq Xanlar Məhərrəmovla dövlət tədbirlərindəki çıxışlarından, olduqları el şənliklərindən geniş söhbət etdik. Vaqif İsaqoğlu aşıq Əlidən soruşdu :
-Xeyirdimi, bura gəlməkdə ?
-Həə ! Bir balaca cızmaqaram var, istəyirəm onu kitab halında çap etdirim ki, gələcək nəsillərə qalsın.
Hər ikimiz ustada xeyir – dua verib getmək istəyəndə, mən Səbuhi müəllimdən soruşdum ki, kitab nə vaxta çap olunar.
Səbuhi müəllim xoş təbəssümlə bildirdi ki, on- on beş günə çap olunar.
Bu günlərdə, Səbuhi müəllim mənə zəng edib bildirdi ki, aşıq Əlinin ” Haqdan gələn naxış- naxış” kitabı artıq nəşr olunub. Aşıq Əli sizin üçün iki kitab saxlayıb, gəlib götürə bilərsiniz.
Aşıq Əli Urfanın təzəcə çapdan çıxmış («İmza» nəşriyyatı, 2025) «Haqdan gələn naxış-naxış» şeirlər toplusunu təzəcə əlimə götürmüşdüm ki, qulağıma saz səsi gəldi. Ovsunlandım və özumu sehrli bir dünyada hiss elədim. Aman Allah, görəsən bu sazın pərdələrində gəzən kimin barmaqları idi? Aşıq Əkbərinmi, Aşıq Azaflınınmı, yoxsa Aşıq Xanlarınmı? Yox. Bu sazı dilləndirən, ruhumuza sığal çəkən, ürəyimizi yerindən oynadan, hər kəsi Yanıq Kərəmə döndərən Aşıq Əli Urfanın özüydü.

Bu nə haray,bu nə ündü,ay lələ,
Bu nə saat , bu nə gündü , ay lələ.
Fələklərintası söndü,ay lələ.
Öldürməni, bu dağlarda dəfn elə,
Qoy üstümə duman gələ,çən gələ.
( Duman gələ,çən gələ.)
Və yaxud
Ay Əli,yaş ötüb , saqqalım saldı,
Kim haqda uddusa orda da çaldı,
“Yanıq Kərəm”ini çox aşıq çalı,
Ədalət çalan tək “Kərəm” olmadı.
( Olmadı )

Aşıq Əli sazının sehrindən ayılmağa macal tapmamış, Aşıq Əli sözünün sehrinə düşdüm. Bir də baxıb gördüm ki, aşığın vaxtilə gəzdikləri, gördükləri, ziyarət etdikləri yerdəyəm – Təbrizdəyəm, Savalan dağındayam, Babək qalasındayam, İstanbuldayam, Dərbənddəyəm, Şah dağındayam, Xudafərin körpüsünün üstündəyəm, Ərzurumdayam, Kəpəzdəyəm, Murovdayam… Bu siyahını uzatdıqca uzatmaq olar. Aşıq Əlinin qarış-qarış gəzdiyi yerlər, müqəddəs ocaqlar, pirlər, ziyarətgahlar…onun Tanrı adamı, el adamı, el aşığı olduğunu bir daha təsdiqləyir. Bütün bunlardan bəlli olur ki, aşıq elsiz bir gün də yaşamayıb. El üçün ağlayan, el dərdi çəkən, elin dərdinə, sevincinə sazıyla, sözüylə şərik olan Aşıq Əli Urfan Hüseyn Bozalqanlının, Əkbərin, Azaflının, Xanların, Çopur Ələsgərin, Nəcəfin… və bir çox ustad sənətkarların ruhunu sazında yaşadan, onların yolunu davam etdirən qocaman aşıqlarla bir sıradadır.
Əli Urfan Quliyev yaradıcı və ifaçı aşıqdır, sənətdə öz möhürünü vuran saz-söz adamıdır. Üzü Dədə Qorquddan bəri gələn, boy boylayan, söz söyləyən, ən ağır məclisləri yola verən, elin sevinciylə sevinən, kədəriylə kədərlənən Vətən oğludur, sazıyla türkün ruhunu yaşadan, türk dünyasına, türk mədəniyyətinə böyük töhfələr verən Dədə Qorqud yadigarıdır. Hələ sağlığında ikən üz minlərlə türkün ürəyində öz heykəlini ucaldan Aşıq Əli «Haqdan gələn naxış-naxış» kitabıyla Aşıq Əli Urfan imzasının əbədi yaşayacağını bir daha təsdiqləmiş oldu.
Urfan deyir, getdi sənli gecələr,
Daha ruhum xəyalınla gecələr.
Əhdim budu, yalqız qalıb gecələr,
Mənim kimi qəm bəhrində üzərsən.
( Üzərsən )
Kitabda yer almış rübailər, qoşmalar, təcnislər, dördlüklər, divanilər, sözləşmələr… oxucunu aşıq şeirinin ən gözəl incilərilə tanış edir və bu incilərdən, həm də Əli Urfanla şəxsi tanışlıqdan məmnun olur, o böyük ustad aşıq-şairin varlığına şükür eləyirsən. Şükür eləyirsən ki, bu dünyada Aşıq Əli var, onun özünü görürsən, sözünü eşidirsən, çaldığı saz havalarının təsirindən qanadlanıb mavi səmalara uçmaq istəyirsən. Aşığın hər çaldığı saz havasında, (xüsusilə «Dilqəmi»si), qələmə aldığı hər şeirində ümid var, inam var, həyatın şirinliyi, yaşamağın gözəlliyi var, türk xalqının keçmişi var, gələcəyi var. Əlinin hər ifasında mərdlik var, cəsarət var, igidlik, qorxmazlıq var, ən əsası isə haqq-ədalət var, haqsızlığa üsyankarlıq var…

İşə bax dəllallar uyub tamaha ,
Zəri zərgərinə sırıyır baha.
Nə ilqar, nə iman qalıbdı daha,
Şəkk edən varisə yoxlasın bizi.
( Saxlasın bizi )

Aşıq Əli sazının, Aşıq Əli şeirinin qüdrətilə ölümün üstünə gülə-gülə getmək və qalib gəlmək olar.
Aşıq havayı söz işlətmir. İşlətdiyi hər sözün fəlsəfi qüdrəri var və bu qüdrətdə dağı da yerindən oynatmaq mümkündür. Düşünürəm ki, təkcə «Dilqəmi» havasıyla bir orduya qalib gəlmək olar !
Bəli, Əli Urfanın çaldığı «Dilqəmi» havasının eşqinə el şairi Sücaət demişkən «qəm sevincə, sevincə qəmə qarışar», «xəstə canın yatağından oyanar», «için yanar, od-alova bürünər».
«Haqdan gələn naxış-naxış» kitabını vərəqlədikcə bu görüşün sevincini, şirinliyini yaşayırdım. Bəzən də xəyalən «ruhumuzu diri və duru saxlayan» (Zəlimxan Yaqub) Baba Dərvişə – Aşıq Əliyə qoşulub Tanrıya doğru üz tutub gedirdim. «Baş sarıtel» havasında haqqa doğru yol gedə-gedə həm də aşığın bu misralarını pıçıldayırdım:

Aşıq Əli, elə ola,
Əcəl öncə canım ala.
Yar üstümdə layla çala,
«Baş sarıtel» havasında.

Türk dünyasının urfanı – Aşıq Əlinin oxuculara ünvanladığı «Haqdan gələn naxış-naxış» kitabını qara saz kimi sinəmin üstünə qoyub yarı kövrək, yarı sevinc hissiylə belə söylədim: «Hər şeirində dağdan ağır fəlsəfə yükü daşıyan, ağlı-qaralı dünyanın iç üzünü bizə göstərən, dostluğun, qardaşlığın, vətənsevərliyin, sədaqətin, məhəbbətin nə demək olduğunu şeirlərində əks etdirən Aşıq Əli Urfan min ildən sonra da unudulmayacaq, xatırlanacaq… Eynən Dədə Qorqud kimi!

Hüseyn İsaoğlu,
yazıçı-publisist,
AYB – nin və AJB – nin üzvü.

Şamaxıda Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Şamaxıda Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin S.Ə.Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən növbəti tədbir Şamaxıda Mədəniyyət Nazirliyi, AMEA və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Öncə qonaqlar Seyid Əzim Şirvaninin məzarını ziyarət edib, qəbirüstü abidəsi önünə gül dəstələri düzərək onu ehtiramla yad ediblər.

Rayon ictimaiyyətinin nümayəndələri, təhsil,mədəniyyət işçiləri və gənclərin iştirakı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirdə əvvəlcə dahi şairin həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı bədii-sənədli film nümayiş olunub və filmin müəllifi olaraq AzTV- nin “Sabah” yaradıcılıq studiyasının rejissoru Sirac Mustafayev filmin ərsəyə gəlməsindən danışıb.

Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi şairin yaradıcılığından söhbət açaraq onun şeirlərindən nümunələr səsləndirib.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları Tamam Cəfərova, Şahin Seyidzadə və Elnarə Akimova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə, AMEA-nın Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, AMEA-nın aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid və Xalq artisti, professor İlham Namiq Kamal çıxış edərək görkəmli şairin maarifçilik ideyaları ilə bağlı yaradıcılığından danışıb, onun Şərq poeziyasının çoxəsrlik ənənələrinin yüksək sənətkarlıqla davam etdirməsindən və yaşadığı dövrdə cəmiyyətin sosial-mədəni tərəqqisi uğrunda fədakar mübarizədə ön sıralarda dayandığını qeyd ediblər.

Natiqlər həmçinin ölkəmizdə mədəniyyətə, incəsənətə və ədəbiyyata göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin “Eşq” instrumental ansamblın müşayiəti ilə Azərbaycanın tanınmış ifaçıları Əməkdar artist İlkin Əhmədov, Nisbət Sədrayeva, Ruslan Adgözəlov və Teymur Əziz tərəfindən görkəmli şairin qəzəllərindən ibarət muğam parçaları ifa olunub, bədii qiraətçi Hüseynağa Əzizov onun qəzəllərini səsləndirilib.

Mənbə: Rəfail Tağızadə (Şamaxı),

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

13 ali təhsil müəssisəsi TÜRKÜNİB-ə yeni üzv qəbul edilib

13 ali təhsil müəssisəsi TÜRKÜNİB-ə yeni üzv qəbul edilib

Oktyabrın 15-də Özbəkistan Respublikasının Daşkənd şəhərində Daşkənd Beynəlxalq Universitetinin ev sahibliyi ilə Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 8-ci Baş Assambleyasının iclası keçirilib.

Beynəlxalq tədbirdə türk dövlətlərində fəaliyyət göstərən 70-dən çox universitetin rektoru və rəhbər heyəti iştirak edib.

Assambleyanın 8-ci iclasında ümumilikdə 62 ali təhsil müəssisəsi, o cümlədən Azərbaycanın 13 universiteti TÜRKÜNİB-ə yeni üzv qəbul olunub.

Birliyə ADA Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Avrasiya Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Odlar Yurdu Universiteti, Qarabağ Universiteti və Xəzər Universiteti üzv olaraq qəbul edilib.

Baş Assambleyanın sessiyasında TÜRKÜNİB-in daimi katibliyinin və ORHUN mübadilə proqramı fondunun yaradılması təklif olunub.

Tədbir çərçivəsində üzv universitetlər arasında elm və təhsil sahəsində proqramların uyğunlaşdırılması, tələbə və müəllim mübadilələrinin artırılması, eləcə də birgə akademik fəaliyyət, layihə və konfransların təşkili, həmçinin mədəniyyət, elm və idman sahələrində müsabiqələrin keçirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

ADPU-nin Filologiya Fakültəsi

Şəmsiyyə haqqında xatirələrim çoxdur

“Güləyən qız”

Şəmsiyyə haqqında xatirələrim çoxdur. Onun haqqında yazmaq istərkən ilk tanlşlığımızı yadıma saldım. Hələ 1981-ci ildə ilk dəfə görüb tanış olduğum arıq, cılız, amma gözəl bir qız gözümün önünə gəldi. Jurnalist Sənətkarlığı İnstitutunda oxuyurduq. Mehriban, gülərüz bu xanımla soyadımızın eyni olması da bizi yaxınlaşdırdı. Sonralar sorağı radionun “Gənclik”redaksiyasının hazırladığı verilişlərdən, qəzetlərdən gəldi. Mən eyni zamanda ETPEİ-nin dissertanturasında elmi işlərlə məşğul olduğumdan, həm də rayonda yaşayıb işlədiyimdən onunla təmasda ola bilmədim. Və… uzun illərdən – 35 ildən sonra təsadüfən onu “Azərbaycan” Nəşriyyatında tapdım. Baxmayaraq ki, biz bir binada çalışlrdıq, bilməzdim ki, o, 2-ci mərtəbədə “Yeni Təfəkkür” qəzetinin baş redaktoru vəzifəsində çalışırmış!.. Uzun ayrılıqdan sonra bizim görüşümüzü təsəvvür edə bilməzsiz! Biz bir-birimizdən ayrllmaq belə istəmirdik, kövrəldik, sevincdən nə edəcəyimizi belə bilmədik! Dedik, danışdıq, güldük. Şəmsiyyə xatirə şəklimizi çəkrib mediada paylaşdı…

Ötən illərin acılı-şirinli günlərini xatırladıq. O, elə bir dünyadır ki, onu yaxından tanıyanlar çox gözəl bilir. Aramızda yaş fərqi olsa da doğru, dürüst məsələləri onunla birgə araşdırırıq. Deyib-gülən, əhli-hal dost, sirdaşdır. Hərdən incisəm də tez barışıram, çünki ondan incikli qala bilmirəm də. Doğrusu, bəzən haqsızlıq görəndə fikrini sərt bildirir. Mənim xeyrimdə, şərimdə birlikdə olub. Onunla birlikdə istirahət etməyin özgə aləmi var! Otən illərin birində Mətbuat Gününü bizdə – Xaçmazın Xudat şəhərində birlikdə keçirdik. Onunla Əməkdar jurnalist, hələ Az.TV-dən tanıdığım Flora Sadıqova da gəlmişdi, yaddaqalan gün keçirdik. Şəmsiyyənin çox sadə xasiyyəti var, o, gah samovar qaynadır, gah da həvəslə onunla görüşə gələn bacılarımla kabab çəkir və gördüklərini telefona köçürürdü. (sonra onları sosial mediada da paylaşmışdı.) Demək, gülmək, lətifələr danışmaq… Beləcə, bir unudulmaz yay gününü xoş əhvalla bayram etdik…


Bütün paylaşımlarında üzü gülür bu güləyən qızın. Amma o gülüşlərin arxasında gizlənən dərin kədəri hiss etməmək olmur. Bunu mən çox gözəl hiss edirəm.
Şəms belə Şəmsdir. Getdiyi yerə işıq saçan, hamıya diqqətlə yanaşan, səmimi, mehriban, qaygıkeş, zəhmətsevər, sözünü yerində deməyi bacaran! Geyimini, ədəb-ərkanını gözləyən, daim gülərüz olsa da kədərini gizlətməyi bacaran tovuzlu bacım!
Əməkdar jurnalist, bir çox mükafatlar sahibi olan Şəmsiyyə Kərimova haqqında danışmaqla bitməz, çox söz demək olar.
Mən onu yubileyi münasibətilə öz adımdan, ailə üzvlərim adından, çoxsaylı həmkarlarım adından ürəkdən təbrik edir, ona yeni-yeni bol ugurlar, can saglığı arzulayıram! Neçə belə illərdə, xoş günlərdə görüşək! Allah daim üzünü güldürsün, əzizim!

Yenidən görüşmək ümidilə;

Nəzakət Əhmədova,
AYB, AJB-nin üzvü, “Tərəqqi” medallı, “İlin müəllimi”

Əjdər Əlizadə – OLA BİLMƏDİM…

OLA BİLMƏDİM…

Sən getdin, bir gözəl çox baxdı mənə,
Baxışın adamı ola bilmədim.
Taleyim gülmədi heç vaxtı mənə,
“Naxışın” adamı ola bilmədim…

Baharın ətrini köksümə çəkdim,
Nərgiz, bənövşəni qapımda əkdim.
Qış fəsli baharsız tənhaydım, təkdim,
Mən qışın adamı ola bilmədim…

Yağış hər yağanda bağrımı yarır,
Vahimə yaradan səslər qoparır.
Qəlbimdən izini yuyub aparır,
Yağışın adamı ola bilmədim…

Əjdərəm, qəm–qüssə meydanı oldum,
Gözəl hər nə varsa, heyranı oldum.
Ucuz qarğışların qurbanı oldum,
Alqışın adamı ola bilmədim…
28.10.2025

ƏJDƏR ƏLİZADƏ,

ƏJDƏR ƏLİZADƏNİN YAZILARI

Məhəmməd Kərim – Kədərli ölüm sonrası… 

Kədərli ölüm sonrası… 

I Səhnə

Həyatımız göy üzündən yerə enərək yağış adını almış olan su damlaları qədərdir. Varlığımızın zamanı həmin damlanın buluddan ayrılaraq yerə enmə zamanına qədər keçən müddət miqdarındadır. 

Səni xatırlayıram, səni özüm qədər yaxından tanıyıram. Hər anını, doğumundan ölümünə qədər yaşadığın hər anın yaddaşımda silinməz izlərə sahibdir, amma çox az oldu sənin zamanın, mən bununla barışa bilmirəm. Sənin olduğun yağış damlası sanki çox sürətlə yerə endi. Göylərin Əfəndisi nədən belə olmasına izin verdi?

– Dizləri üstə yerə çökərək – Zəhram, mənim həyatımın sultan qızı, niyə getdin məndən? – sözlərini dilə gətirdikdən sonra gözləri kədərdən solmuş olan ata əlləri ilə torpaqdan bir avuc alaraq – çox tez qeyb oldun, mən ilk getməli idim, sən yox qızım – hönkürtü ağlayış səsləri sözlərinin səslənməsinə izin vermirdi. 

– Çox gözəl yadımdadır, doğumunla birlikdə yaşadığım sevgi hissini heç bir amil əvəz edə bilməz – gözlərini silərək davam etdi – yox, əsla ağlamıram mən əzizim, kədərlənmə sən – əlləri ilə torpağı ovaraq dedi və ardınca – bilirəm sən mən ağladıqda kədərlənirsən, əsla ağlamıram Zəhram – əlavə etdi.

– Kədərli gülümsəmə edərək – ancaq mən danışıram, halbuki danışdıqda fikir söyləmə öncəliyi səndə olardı qızım.

– Uzun müddət tək dialoqa davam edən ata ayağa qalxaraq sonda getmək fikrinə düşmüşdü – qızım, mənim əzizim elə bilmə gedirəm, əsla sən həyatımsan və hər zaman səninləyəm – deyərək ayağa qalxdı və az irəliləmişdi ki, geriyə dönərək – sabah yenə gələcəm, mütləq gələcəm Zəhram – deyərək çevrilib yenidən yoluna davam etdi. 

II Səhnə 

(3 ay öncə)

– Qızım nə olub sənə, necə gündür öskürürsən, xəstələnmisən? – davamlı öskürən qızıma nəzər edərək dilləndim. 

– Bilmirəm atam, necə gündür öskürək əl çəkmir məndən – qızım sualım qarşılığında cavab vermişdi.

– Öskürəklə birgə istiliyində varmı? 

– Bilmirəm ata, o gün ölçdüm 37 dərəcə göstərdi, amma özümü çox gözəl hiss edirdim, yəni həmin dərəcəlik halsızlığım yox idi – deyərək cavabını vermişdi. 

– O zaman yeməyini bitir gedək həkimə, görək nə məsələdi.

– Başüstə atam, amma ciddi inanmıram nəsə olsun.

– Eybiyox, qoy olmasın təki, amma gedək.

Yeməyimizi bitirərək əynimizi dəyişdik və xəstəxanaya üz tutduq. Daxil olaraq tanıdığım həkimin qəbuluna yazıldıq. Qəbula girdikdə həkim ilk baxış müayinəsindən sonra qan analizi verməyi təklif etdi. 

– Ciddi nəsə var həkim? – dedikdən dərhal sonra önə gedərək – məndən gizlətməyin – dedim. 

– Sadəcə əmin olaq Fariz bəy – deyərək həkim qeyd etdi. 

– Oldu, siz deyən kimi olsun – deyərək analizə razı oldum.

Bir müddət zaman keçdikdən sonra analizlərin cavabı gəldi. Həkim cavabları oxumağa başladı və sanki üzündəki müsbət ifadə itmək istəyirdi. Bu məni olduqca narahat etdi. Həkim analizləri masaya qoyaraq baxışlarını bizə tərəf çevirdi.

– Qapıya baxaraq orada olan tibb bacısına səsləndi – qızım, Aynur Zəhranı götür aparatdan keçirt – deyərək göz işarəsindən də istifadə etdi. Zəhra görməsə də, mənə aydın olmuşdu. 

– Tibb bacısı ilə Zəhra otaqdan çıxdıqdan sonra həkimə yaxınlaşaraq – həkim qızımın nəyi var? – qorxaraq da olsa, soruşdum. 

– Fariz bəy, möhkəm olun. Nəticələr yaxşı deyil. Mən bu hala təəssüf edirəm – həkim qısa fasilələr edərək cavabında bildirdi. 

– Pis nəyə deyirsiz, açıq danışın.

– Həkim masadakı analiz cavablarına qısa nəzər edərək özünü toparlamağa çalışdı – Zəhranın… – fasilə etdi və qısa an sonra – qızınızın 3 aylıq ömrü qalmış ola bilər – dedi.

– Nə, necə yəni həkim?

– Təəssüflər olsun ki, qızınız xərcəng xəstəliyinə tutulmuşdur. 

– Gözləri dolan ata nəzərini bir nöqtədən ayırmayaraq – onun hələ 13 yaşı var, başa düşürsüz bu nə deməkdir?…. 

– Bilirəm, amma edilməsi mümkün heç bir şey qalmayıb…

– Sözünü saxlayaraq – niyə, ömrünü uzadın heç olmasa – dedi çarəsiz qalan Fariz – məndən alın ona verin.

– Xəstəliyin son dönəmində olması edilməli heç bir qabaqlayıcı tətbirə izin vermir. 

– Yəni, indi mən körpəmi itirəcəyəm,… bunu deyirsiz mənə? …. hə həkim?…

– Həqiqətən təəssüf edirəm, amma şərait budur.

III Səhnə

(Zəhra ilə gəzinti)

Qapı açıldı və Zəhra tibb bacısı ilə daxil oldu. O an, Zəhranın otağa daxil olaraq qarşıma gəlməsi və – atam gedək, mən çox darıxdım burada – deməsi ilə sanki ruhuma iynə sancılmışdı. Özümü toparlamalı və qızıma olanları bildirməməli idim.

– Gedək qızım, onsuz heç nəyin yoxdur – deyərək qızımı öpdüm, amma daxilimdə artıq kədər yuva salmağa başlamışdı.

Çölə çıxaraq qızımla evə gedən yolda gününü daha maraqlı etmək qərarına gəldim.

– Zəhram gedək həmişə getdiyimiz kafeyə, sonra isə istəsək sinemaya gedərik.

– Uşaq sayağı gəzərək sevinən qızım – hə gedək ata – dedi. 

Kafeyə daxil olaraq masada əyləşdik. Zəhranın sevdiyi təamları sifariş edərək nuş etdik. Qızımın gülümsəməsi, yaşadığı sevinc hissi mənə gözəl təsir edirdi. Onun məsumluğu və özünü şirin aparması sevgisini daha da artırırdı, amma həkimin dediklərini xatırladıqda isə həyata üsyan etmək istəyim yaranırdı. Həkim deyilənlər doğrudur, yoxsa istisna hal baş verə bilərdi? Qızım bəlkə xilas ola bilər?

Kafedən sonra sinemaya gedərək qızımın sevdiyi yeni çıxmış filmi izlədik. İzlərkən aldığımız popkorn və pepsi şirəsini də dadırdıq. Filmi izləyərkən orada olan bir səhnə mənə çox təsir etdi. Təsir gücünün artıq olması səhnənin məhz indiki zamanıma, hazırda yaşadıqlarıma səslənməsi idi. 

– “Qəza keçirən qız gözlərini itirmək qorxusu qarşısında qalır. Qəzada böyük zədə almış olan gözlərinin daha fəaliyyət göstərə bilməyəcəyi deyilir. Əməliyyat otağının arxasında, kolidorda olan anaya bu hal deyildikdə, ana düşünmədən öz gözlərinin qızına verilməsi barədə qərara gəlir. Müəyyən sənədlər hazırlandıqdan sonra, proses başladılır. Uğurlu keçən əməliyyatdan sonra gözlərini açan qız ətrafa baxdıqdan, sonra anasını səsləyir.”

– “Burdayam qızım – deyərək yan yataqda uzanmış ana səslənir.”

– “Qızı yana baxdıqda anasının gözlərinin qapalı olmasını görərək – sənə nə olub ana? – deyə sual verir.”

– “Mən də qəzada zədə aldım və gözlərimi itirdim – deyə ana cavabında bildirir.”

Həmin səhnəni izlədikdən, sonra mənim də qızımın həyatı üçün fəda edə biləcəyim nələrinsə olmasına qərar verdim. Mən də atayam və fəda edilməli nəsə olmasa, bu haqsızlıq olar. Tanrı belə etməz, elə deyilmi?

IV Səhnə

(Ölüm anı)

Səhər şəfəqləri ətrafı bürümüş, Günəşin işığı ətrafı aydınlığa bürümüşdü, lakin mənə görə həyatın ən qaranlıq günü başlamışdı. Zəhranın nuru gözlərindən yansımırdı. Mənə baxaraq – ata bəsdir yatdın – demirdi qızım. Kaş açılmazdı, Zəhramın gözlərindəki nur  deyil, kaş Günəşin nuru kəsilərdi. Mən nə edirəm onsuz dünyanı, həyatı…

Məcbur qalaraq bütün olunmalı işləri görən ata, qızının nursuz qalan bədənini torpağa qoyanda özünü saxlaya bilmədi. Qızının cəsədinə möhkəm sarılaraq – məni də burada qoyun, daha torpaq üstündə yaşaya bilmərəm – deyərək hönkürtü çəkərək ağlayırdı. Ətrafdakılar çox çətinliklə Farizi qərarından döndərdilər, Zəhranın üstünü torpaqla örtdülər, fəqət həmin günü Zəhra tək qalmadı. 

Artıq kədərin özünə çevrilmiş ata bütün gecəni qəbir üzərində qaldı, yuxuya da məhz orada daldı. Səhərin soyuq sübh çağı gözlərini açaraq ayağa qalxdı. Ətrafına nəzər etdi və dodaqaltı – şükür olsun Əfəndimizə – deyərək oranı tərk etdi. Evinə gələrək yatağına uzanaraq yuxusuna davam etdi.

V Səhnə

(Həyatı dəyişən yuxu)

Qəbir üzərində yuxuya dalan Fariz özünü qaranlıq olan yolda tapır. Bir xeyli qarşıda isə işıq görünürdü. İrəliləməyə başlayan Fariz işıq gələn tərəfə doğru getdi. İşıqlı mühitə keçərək qarşısında olan nəhəng şəlaləni və 13 rəngli göy qurşağını gördükdə heyrətini saxlaya bilmədi. 

– Aman Allahım, bu rənglər də nədir belə? – göy qurşağının 13 rənginə nəzər edərək dilləndi. 

– Ata, buradır Əfəndinin məkanı – Zəhranın səsi ilə kimsə ona səsləndi.

– Qızım, bu sənsən? – deyərək ətrafında dönərək qızını axtarmağa başladı. 

– Ata bəli mənəm, amma axtarma məni.

– Niyə Zəhram, niyə istəmirsən səni tapım?

– Çünki, mən itməmişəm ata, mən səninlə, səndə mənimləsən.

– Başa düşürəm, elədir, amma səni görmək istəyirəm axı…

– Ata, az irəli gəl, o gördüyün şələlənin altına gir.

– Səni görəcəyəm orada? – deyərək dərhal şəlalənin altına qaçmağa başladı. 

– Xeyr, mən olacaqsan…

– Şəlalənin altına çatan Fariz – necə sən olacağam qızım? – deyərək şəlalə suyu altında qızını axtarmağa başladı. 

– Ata, sakit ol və su altında bir dəqiqə dur və sonra biləcəksən hər şeyi.

– Şəlalə altından çıxan Fariz ətrafa nəzər etdi – anlayıram, səni tam olaraq hiss edirəm – sakit halda dilə gələrək dedi. 

– Nəinki səni qızım, bütün insanlığı duyuram və vahidliyi daxilimdə hiss edirəm. Bizlər adlar ilə ayrılmışıq, bunu zehnimizə kod bənzəri öyrətmişik, amma gerçəkdə vahid olan yaradılışın özü olan Əfəndinin daxilində sonsuza qədər varıq. Əsas da var olmağı unutmuşuq, maddilikdə özümü sanaraq Əfəndini belə yanlış anlamışıq, təəssüf olsun – sözlərindən sonra rahatlamışdı. 

– Ata sən indi dönməlisən, sonra yenidən bir olacayıq – səs yenidən Farizə eşidildi.

– Qızım bilirəm getməliyəm, amma hər gün qəbrinə gələcəyəm. Yaxşı?

– O zaman səni gözləyəcəyəm orada ata, hələlik…

Yuxudan ayılan Fariz gerçəkləri anlamışdı və əslində qızının rahatlıq məkanında olmasını qəbul etmişdi. Yuxudan ayıldığı sübh saatında hər gün qızının qəbri üstünə gələr, bir müddət tək dialoq edərək gedərdi. Qızının ona cavab verə bilməsə də, Fariz bilirdi qızının vahidlikdə olduğunu. Vahidlik isə hər yer idi, bu qəbir üstü də daxil olmaqla…

Müəllif:  Məhəmməd Kərim,

yazıçı və motivasiya təlimçisi