Mahirə Nağıqızı – Kimindi?

Kimindi?
Hamı pay istədi, özünə çəkdi,
Demədi dünyanın dərdi kimindi?
Biri yer düzəltdi, ağaclar əkdi,
Biri meyvələri dərdi, kimindi?

Nədi bəhsəbəhsi nadan olanın,
Eşidilmir səsi adam olanın.
Məşhərə çəkilib edam olanın,
Buraxıb getdiyi yerdi, kimindi?

Biri qulluq edib ərsə yetirdi,
Biri yarı yolda salıb itirdi.
Biri əl uzadıb yerdən götürdü,
O biri boylanıb gördü, kimindi?

Dünyanın qismətə çıxması eyni,
Az yedin, çox yedin, loxması eyni.
Sarayı eynidir, daxması eyni,
Çırmanıb can qoyan hördü, kimindi?

Həqiqət olanı bilə bilmədik,
Bölünən nə yoxdu, bölə bilmədik.
Mahirə, qərara gələ bilmədik,
O böyük Tanrımız birdi, kimindi?

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ DİGƏR YAZILARI

O, həm fədakar alim, həm də istedadlı qələm adamıdır…

O, həm fədakar alim, həm də istedadlı qələm adamıdır…

Mahirə Hüseynova- 65

Dünyanın hər bir yerində olduğu kimi, bizim cəmiyyətdə də xanım alimlərə xüsusi ehtiram və diqqət var. Fəqət, yaxın keçmişə qədər Azərbaycan xanımlarına elmlə, tədqiqatla məşğul olmaq yasaq edilmişdi. Sanki xanımların təhsil alması, savadlanması kimlərəsə mane olurdu. Yalnız XX əsrin ortalarından başlayaraq, elmin müxtəlif sahələrində alim xanımlarımız da yer tuta bildilər. Bəli, bu dəfə sizə bir alim xanım- Mahirə Hüseynova haqqında söhbət açmaq istəyirəm. Onu həm də Mahirə Nağıqızı kimi tanıyırlar. Amma, gəlin əvvəlcə Mahirə xanımın ömür kitabına nəzər yetirək:

O, 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan MR-də, Babək rayonunun Sust kəndində anadan olub. Orta təhsilini 1978-ci ildə Abşeron rayonu Novxanı qəsəbə 1 saylı məktəbdə başa vurub. 1980-1984-cü illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnərək oranı fərqlənmə diplomu ilə bitirib. Əvvəlcə təyinatla Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri Nəriman Nərimanov rayonundakı 43 saylı MLK-da öz ixtisası üzrə müəllim işləyib. Həmin illərdə Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görülüb. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. 2012-ci ildə “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını uğurla müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. 2017-ci ildə isə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda elmi iş müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. ADPU-da işlədiyi müddət ərzində dosent, kafedra müdiri, fakültənin dekanı vəzifələrində çalışıb. 2021-ci ildən etibarən isə həmin universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru vəifəsində işləyir. Həm də 2024-cü ildən Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibində fəaliyyət göstərir…

Filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayeva onu belə təqdim edir: “Azərbaycan dilçilik elmini dünya miqyasında tanıdan, ölkəmizin elm xəzinəsinə sanballı töhfələr verən, beynəlxalq miqyasda böyük nüfuz qazanan, məhsuldar və yorulmaz fəaliyyəti ilə filologiya elminin, mədəniyyətin dinamik inkişafına qayğısını əsirgəməyən görkəmli dilçi-alim, filologiya elmləri doktoru, professor, tanınmış şairə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova zamandan bir addım öndə irəliləyən alimlərimizdəndir. XXI əsr Azərbaycan elmi və təhsili tarixində özünəməxsus yer tutan böyük alim, professor Mahirə Hüseynova bütün fəaliyyətini, yaradıcılığını mədəniyyətimizin, ədəbiyyatımızın, təhsilimizin inkişafına sərf edən dəyərli ziyalılarımızdandır. Onun mühüm həyati problemlər qaldıran, vacib ictimai-siyasi və mənəvi-əxlaqi məsələləri əks etdirən tədqiqatlarında əsas tədqiq və inikas obyekti insan, onun mənəvi dünyasıdır. Xalqımızın gözəl, zəngin mənəvi dəyərlərinin təbliği görkəmli alimin yaradıcılığında mühüm yer tutur. Onun məqalələri, araşdırmaları və monoqrafiyaları həm mövzu zənginliyinə, həm də dil və üslubuna görə böyük maraq doğurur. Dərin zəka sahibi olan Mahirə xanım həm görkəmli alim, pedaqoq, həm də istedadlı şair kimi tanınmaqdadır.”

Sirrli cazibə qüvvəsi, güclü daxili enerjisi və sabit xarakteri ilə seçilir. Əslində, o özündə dərin duyğuları, güclü intuisiya qabiliyyətini ehtiva edir və öz dəyərlərinə sadiqdir. Həyatında nə istədiyini dəqiq bilir və bu məqsədlərə çatmaq üçün qətiyyətlə səy göstərir. Ətrafında baş verən hadisələrə qarşı soyuqqanlı və sakitdir. Bəzən qərarları emosional əsaslara söykənsə də, məntiqi düşüncəsini heç vaxt itirmir. Dostluqda sadiq və etibarlıdır. Xəyanəti, nankorluğu bağışlamır. Hissetmə qabiliyyəti çox güclüdür- qarşısındakı insanın niyyətini, necə deyərlər, ilk sözündən anlayır. Bəzən sərt və qapalı görünsə də, bu onun zəif olduğunu deyil, əksinə, çox güclü insan olduğunu göstərir. Ətrafındakı insanlara qarşı daim diqqətlidir və analitik yanaşma sərgiləyir…

Əməkdar müəllim, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev yazır: “Professor Mahirə Hüseynovanın elmi yardıcılığı çoxşaxəlidir. Azərbaycan dilçiliyi, ədəbiyyatşünaslıq, türkologiya, dilimizin metodika məsələləri, publisistika, bədii yaradıcılıq.
Məlum olduğu kimi, Azərbaycan elmində bədii ədəbiyyatın araşdırılması əsasında yaranan dilçilik tədqiqatları əsasən iki sahədə: ədəbi dil tarixi və üslubiyyat istiqamətlərində inkişaf edib. Mahirə xanım isə Dərələyəz mahalının zəngin aşıq ədəbiyyatı və xalq şeiri materialları əsasında onomastik vahidlərin, toponimlərin tədqiq olunmasına üstünlük verməklə ədəbiyyat yönümlü dilçilik tədqiqatlarının əhatə dairəsini genişləndirib. Onun “Qərbi Azərbaycanın Dərələyəz mahalının aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlər” adlı monoqrafiyası bu istiqamətdə meydana çıxan ilk uğurlu tədqiqatlardan biridir. Məsələyə bu cür elmi baxış, həm şifahi xalq ədəbiyyatının dərin qatlarının, ictimai-mədəni köklərinin nəzəri cəhətdən aydınlaşdırılmasına və həm də qrammatik strukturun real və təbii mənzərəsinin canlandırılmasına şərait yaradıb. Bu mənada Mahirə Hüseynovanın qədim Azərbaycan torpaqlarından olan Dərələyəz mahalının folklorunun dilçilik yönündən öyrənilməsinə həsr olunmuş tədqiqatları həm də həmin regionun tarixi, etnoqrafiyası və ədəbiyyatına dair araşdırmaların da vəzifəsini yerinə yetirir. Onun 2017-ci ildə “XIX-XX əsrlər Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası isə milli folklor irsinə fəlsəfə doktorluğu dövründən başlanmış vətəndaş alim münasibətinin daha da dərinləşməsinə xidmət edir. Mahirə xanım müxtəlif illərdə Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistikasının ayrı-ayrı sahələrinin, həmçinin problemlərinin öyrənilməsinə həsr olunan ardıcıl və sanballı tədqiqatları ilə qrammatika üzrə mükəmməl bir dilçilik araşdırmaları silsiləsi yaradıb. Bu silsilənin davamı kimi professorun Dərələyəz mahalının dil materialları əsasında 2015-ci ildə qələmə aldığı “Aşıq və el şairlərinin fonopoetikası”, 2016-cı ildə “Aşıq və el şairlərinin leksikası”, daha sonra “Aşıq və el şairlərinin üslubi frazeologiyası”, Aşıq və el şairlərinin üslubi morfologiyası”, “Aşıq və el şairlərinin üslubi sintaksisi” adlı eyni ildə işıq üzü görmüş kitabları da problemin daha dərindən araşdırılmasına xidmət göstərir…”

Mahirə xanımın bədii yaradıcılığında isə mənəvi saflıq və vətənpərvərlik ana xətt rolunu oynayır. Onun şeirləri qürurun, mərdliyin, saflığın aydın poetik ifadəsidir. Mahirə xanım “Mənim anam”, “Su at dalımca, ana”, “Ana sevgisindən doğan nəğmələr”, “Yaşadacaq anam məni”, ”Ömrümün çırağı sənsən”, “Analı dünyam” adlı kitablarını təşkil edən poeziya nümunələrində ilahi sözün təbii poetik ifadəsi öz əksini tapıb. Ümumiyyətlə, professor, şair Mahirə Nağıqızı ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərməkdədir və həm fədakar elm xadimi, həm də şair kimi yorulmadan yazıb-yaradır…

…Bəli, haqqında söhbət açdığım Mahirə xanımın bu il 65 yaşı tamam olur, yubiley ilidir. Yəqin ki, ilboyu həmkarları, dost və tanışları, o cümlədən qələm adamları onun barəsində xoş söz deməyə tələsəcəklər. Qoy mənim bu söhbətim, bu sırada ilk olsun!..

HörmətləElman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

Məhərrəmli Fərid Əlirəhman oğlu 1999

Məhərrəmli Fərid Əlirəhman oğlu 1999-cu il aprel ayının 3-də Samux şəhərində anadan olmuşam. Azərbaycanlıdır.
2006-cı il sentyabr ayının 15-də Samux şəhər Səhrəddin Əliyev adına 2 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
2018-ci ildə Azərbaycan Dövləq Aqrar Universitetinin Zoomühəndislik ixtisasına qəbul olmuşdur.. 2022- ci ildə isə bakalavr təhsilini başa vurmuşdur. Həmin ildə Azərbaycan Dövləq Aqrar Universitetinin “Baytar-sanitar ekspertizası” ixtisasına qəbul olmuş, 2024-cü ildə magistr təhsilini başa vurmusdur.. 12.12.2024 – cü ildə ilk romanı olan “Setralı” çapa imzalanmışdır.
Kitabdakı “qəribəliklər” haqqında izah tələb edən əziz oxucular üçün:
Yazıçı qeyd edir ki;
Əvvəla qeyd edək ki, adların qəribə və tanış olmaması təbiidir. Çünki kitabdakı hadisələr, “tarixi öncəsi” deyilən dövrdə baş verir. Yeri gəlmişkən qeyd edim ki, tarixçilər arasında “tarix öncəsi” deyildikdə, e.ə. 3200 cü ildən əvvəlki dövr nəzərdə tutulur. Çünki arxeoloqların tapdığı ilk yazılı lövhələr, məhz həmin dövrə aiddir. Hansı ki, bu günkü Suriya, Misir, İraq və ətraf bölgələrdən tapılmışdı. Qədim Misirdə daha qədim, lakin inkişaf etmiş sivilizasiyaların yaşadığı teoremi isə, hələ də mübahisəli olaraq qalır. Hətta qədim “Misir tanrıları” nın, əslində qeyri-insan sivilizasiyasına aid olan, inkişaf etmiş varlıqlar olduğu, cəhalət səbəbindən də “tanrı” olaraq qəbul edildiyi teoremi də mövcuddur. Məsələn, ölüm tanrısı “Set” və günəş tanrısı “Ra” kimi. Kitabın adının niyə “”SetRa” lı” olduğu, kitabın sonuna doğru, hadisələrin gedişatı ilə paralel şəkildə əziz oxuculara aydın olacaq. Bütün bunlarla yanaşı, kitabdakı Kuron dilindəki adlardakı hər hərf, Azərbaycan dilindəki başqa bir hərfə işarədir. Məsələn” Jelkosek” “Yalquzaq” deməkdir. Əsərdə Kuron dilində yazılmış dialoqların bəzisinin tərcüməsi verilsə də, bəzilərinin tərcüməsi verilməmişdir. Beləcə, daha diqqətli olan oxucular, digər oxucuların başa düşmədiyi dialoqların da mənasını anlayaraq, ümumi oxucuların almadığı bəzi mesajları almış olduqlarından, üzlərində təbəssüm oyanacaq deyə düşünürəm. ” Kuron” sözünə gəldikdə isə, “yeddiillik müharibə” (1756-1763, Böyük Britaniyanın və Fransanın Şimali Amerika və Ost-Hindistanda müstəmləkəçilik rəqabəti, və Prussiyanın aqressiv xarici siyasətinin Rusiya və Avstriyanın xarici maraqları ilə toqquşmasından yaranan müharibə) zamanı döyüşlərdə iştirak edən “irokez” adlı qızıldərili qəbiləsinin bir qolu olan “Kuronları” ( Quron və ya Huron kimi yazı formaları da mövcuddur) və Baltik dənizi yaxınlığındakı “Kuron Laqunu (Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi.) haqqında məlumatı olan oxucular, Kladiusun fəlsəfəsində bəzi işarələri sezdikdə, yenə də, onda xoş bir təbəssüm yaranacaq. Bu xırdalıqlara ehtiyac varmı deyə sual verə bilərsiniz. Mən də deyərəm ki, “Dünyamız sirrlərlə doludur, bəs axı niyə?”. Qısa bir düşüncə sonrası siz əzizlər də deyərsiniz ki, “əgər bütün həqiqətlər dərhal görüləcək qədər açıq olsaydı, insanlar onları mənimsəmək istəməz, qiymətsiz hesab edərdi. Məsələn Arximed işarəni oxuya bildikdə “Evrika” deyə qışqırarkən hiss etdiyi sevinci, heç vaxt hiss etməzdi və bu həqiqət Arximedin daxilini kifayət qədər işıqlandırmazdı.” Bəli, insan hansısa sirri özü açarsa, onu daha doğru və daha tam şəkildə mənimsəyər. Ümumiyyətlə,” Setralı kitabı ilə oxucuya hansı fikirləri çatdırmağa çalışmışam? ” sualına gəldikdə isə, bir psixoloqdan eşitdiyim cümləni bölüşmək istəyərəm : Bir rəssamı incitmək istəsəniz, “bu portret ilə bizə nə çatdırmağa çalışmısınız?” deyə sual verin.”
Bəli, rəssam dil ilə ifadə edilməyəcək düşüncələrini boyalar ilə ifadə edir. Ondan bu qədər zəhmət çəkdikdən sonra, əsərini anlamağa çalışmaq yerinə, aylarını sərf etdiyi əsərini bir neçə cümlə ilə ifadə etməsini istəmək, onu incitməkdən başqa bir şey deyil. Lakin mənim üçün kitabla bağlı suallar çox xoşdur və saatlarla da sualları cavablandıra bilərəm. Amma neyləmək olar ki, günlərlə, gündüzlər və gecələr boyunca yazdıqlarımın açıqlamasını, bir neçə saatda vermək mümkün deyil. Yazmağa başlayanda, düşüncələrimi kitab vasitəsilə ilə ifadə etməyə çalışırdım. İndi isə, düşüncələr vasitəsi ilə kitabı açıqlamaq lazım gəlir. Elə isə, yaxşı olmazmı ki, bu iksi paralel şəkildə bir-birini izah etsin? Arif şəxslərdən biri deyib ki, “biz də hamı kimi kitab oxuyuruq, bir fərqlə ki, tez-tez kitabı örtüb, düşünürük.” Əziz oxucuya bu qədər baş ağrısı verdikdən sonra, bu yazdıqlarımı iki cümlə ilə ifadə edərək deyirəm ki, “İnsan kitabı, kitab düşüncələri, düşüncələr isə insanı açıqlamağa çalışır. Amma qəzavü-qədər elə gətirir ki, üçü də eyni anda addım atmasa, heç biri irəliləyə bilmir.”


Və son olaraq bir Latın atalar sözünə istinad etmək istəyirəm:
Nullus est liber tam mallus, ut non aliqua parte prosit.
Heç bir kitab elə pis ola bilməz ki, onun bir faydalı hissəsi olmasın.
İnanıram ki, bu kitabı oxuyan oxuyucular içərisində elə şəxslər olacaq ki, təfəkkür sayəsində, mənim çatdırmaq istədiyim məqamlardan daha ali məqamları belə düşünəcək, daha çox qaranlıqları aydınladacaqlar. Elə kitabın başında da dediyim kimi, təsadüf deyə bir şey yoxdur və əmanətlər, gec tez sahiblərinə çatır. Vəssalam əziz oxucu, Setralı artıq sənə əmanətdir.

Uğurlar, gənc yazıçı- Fərid Məhərrəmli və uğurlar, “Setral”!

Hörmətlə: Aytac İbrahim

Yazarların redaksiya heyəti üzvü, Qax təmsilçisi.

AYTAC İBRAHİMİN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

Azad Qarabağın Azad Qəhrəmanı

Azad Qarabağın Azad Qəhrəmanı

Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun məzarı başında düşüncələrim:
Əziz eloğlum, Azad. Bu gün sənin doğum günündür. İlk dəfədir ki, əzizlərin doğum gününü sənsiz qeyd edirlər. Qarlı-şaxtalı yanvarın 24-də doğulub səmi 24 bahar yaşadın. Etiraf edim ki, şəhid olana qədər Səni tanımamışam. Ancaq şəhadətə qovuşduğun gündən sonra Sən nəinki mən, bütün xalqımız tərəfindən bir igid, qəhrəman kimi tanındın. Heç də təsadüfü deyil ki, sənin qəhrəmanlığını dövlətimiz də dəyərləndirdi, səni “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə ödülləndirdi. İndi mənə o qədər doğmasan, o qədər əzizsən ki, o sevgini sözlə ifadə etmək çox çətindir. Səni gec də olsa o qədər çox sevir, o qədər qəlbimə yaxın bilirəm, sanki, biz illərin tanışı-yaxını olmuşuq.
Şəhidim, igidim Azad! Sənin müqəddəs ruhun hər bir Azərbaycanlının qanında, canındadır. Sən elə bir yüksəklikdə qərar tutmusan ki, o ucalıq hər bəşər övladına nəsib olmaz. Hamı özünə o ucalığı arzulaya bilər, amma yetə bilməz. Bu 24 illik qısa ömrünü Sən elə yaşadın ki, dünya durduqca nə doğmaların, nə də xalqın Səni unutmaz. Ulularımız demişlər ki, şəhidlər ölməz. Sən ölməmisən əzizim, cənnət mələklərinin qanadlarında göylərin ucalığından dövrə vurub bizi seyr etdiyinə əminəm. Sadəcə cismən aramızda deyilsən…
Ruhun şad olsun, azad Qarabağın Azad oğlu.

Azad Hümbətov 24 yanvar 1996-cı ildə Bakı şəhərində doğulub. Gözünü dünyaya açandan Göyçə mahalının Daşkənd kəndində doğulan atası Arifdən vətən nisgilli, yurd həsrətli söhbətlərə, xatirələrə hakim kəsilmişdi, Azad. Beləcə onda vətənpərvərlik hissləri lap uşaqlıqdan baş qaldırmış, xalqımızın düşmənlərinə qarşı intiqam hissi alovlanmağa başlamışdı. Azad Nərimanov rayonunda yerləşən “Bakı şəhəri 291 №-li ekologiya liseyi”ni əla qiymətlərlə bitirsə də respublikanın heç bir sıradan olan universitetində təhsilini davam etdirmək istəmir. O, hərb yolunu seçir. Fikirləşir ki, yalnız vətəni hərbçi olaraq düşmənlərdən xilas edə bilər. Beləliklə o, 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına qəbul olur. Seçdiyi ixtisası sevə-sevə oxuyur, öyrənir. Təlim-tədris zamanı Azad həmişə öncüllər arasında olur. 2017-ci ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirir. Təyinatı və istəyi üzrə elə həmin ildən də ön cəbhədə, Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissədə öz vəzifəsinə başlayır.
Azad Hümbətov peşəkarlığını daha da artırmaq üçün Bakıda yerləşən Silahlı qüvvələrin təlim və tədris mərkəzində 45 gün müddətində zabit heyətinin təkmilləşdirmə kursunu keçərək baş leytenant hərbi rütbəsi alır. O, 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” münasibətilə keçirilən hərbi tədbirdə ön sırada bayraqdar vəzifəsini daşıyır. Bu tədbirdən sonra ona “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı Müdafiə nazirliyi tərəfindən təqdim olunur.
Azad Hümbətovun 2020-ci ilin sentyabrında uşaqlıqdan boy verən arzuları – düşməndən qisas almaq, işğal altında olan torpaqları azad etmək xəyalları gerçəkləşir. O, Füzuli rayonundakı ermənilərin keçilməz sədd adlandırdığı cəbhə xəttinin yarılmasında qəhrəmanlıq göstərir. Tank tağımı komandiri olaraq öndə gedən Azadın döyüşçü yoldaşları da onunla bərabər düşmənə sarsıdıcı zərbələr endirirlər. O, tağım heyəti ilə bərabər düşmənin 5 tankını qənimət kimi ələ keçirmiş və öz mövqelərinə gətirib çıxarmışlar.
Döyüşlərin birində etdiyi qəhrəmanlıq haqqında əmisi Bakir belə deyir:
“Azad müharibənin ilk günlərində komandirlik etdiyi tankı ilə minaya düşür. Özü ayağından yaralanır. Buna baxmayaraq tank mexanikinin daha ağır xəsarətlər aldığını gördükdə onu yaralı halda belinə alaraq xilas etməyə çalışır. Düşmənə rast gəlməmək üçün meşəliklə təxminən 25 km yolu 2 günə öz döyüş postlarımıza gətirib çıxara bilir. Azadın özü də yaralı olduğu üçün onu Beyləqanda hospitala müalicə üçün göndərirlər. O isə müalicəsi qurtarmamış yenidən döyüş meydanına qayıdır.”
Baş leytenant Azad Hümbətov Füzuli, Xocavənd, Qubadlı, Laçın və digər cəbhələrdə düz bir ay yoruldum demədən, dincəlmədən sərasər döyüşür. Və son döyüşü…
27 oktyabr 2020-ci ildə Vətən müharibəsinin çox əhəmiyyətli və ən strateji mövqeyi olan Laçın dəhlizi uğrunda gedən döyüşlərdə son qəhrəmanlıqlarını göstərərək şəhid olur. Şəhid olmağıyla da Azad bir evin yox, bir elin övladı olur. İndi o təkcə Arif və Leyla xanımın oğlu yox, bütün Azərbaycanın oğludur.
Baş leytenant Azad Hümbətov İkinci Fəxri Xiyabanda general-mayor Polad Həşimovla bir sırada dəfn olunub.
9 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin sərəncamı ilə baş leytenant Hümbətov Azad Arif oğluna (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi. Bundan sonra Azad Hümbətov 15 dekabr 2020-ci ildə “Vətən uğrunda”, 25 dekabr 2020-ci ildə isə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olundu.

Araz Yaquboğlu,
tədqiqatçı-jurnalist,
Azərbaycan Jurnalistlər Birliyinin və
Azərbaycan Aşıqlar Birliyinin üzvü
.

ARAZ YAQUBOĞLUNUN DİGƏR YAZILARI

Arzu Kazımqızı Nehrəmli – 55

Arzu Kazımqızı Nehrəmli – 55

Arzu Kazım qızı Vəliyeva 27 oktyabr 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının (o vaxtlar Naxçıvan MSSR adlanırdı – X) Babək rayonunun Nehrəm kəndində qulluqçu ailəsində anadan olub. Nehrəm kənd orta məktəbini əla qiymətlərlə bitirib. Bakalavr, magistratura və doktorantura təhsilini Bakı Dövlət Universitetində (BDU) alıb.
Uşaq yaşlarından idmanla məşğul olur. Naxçıvan Muxtar Respublikasının qadınlardan ibarət yığma basketbol və yüngül atletika komandalarının, eləcə də BDU-nun basketbol komandasının heyətində oynayıb. İdman karyerası ərzində dörd dəfə Azərbaycan çempionu olub.
Arzu Kazımqızı Nehrəmlinin fərdi taleyi milli dövlətçilik tariximizin bir parçası kimi əlamətdardır. Onun həyat yoldaşı hərbi təyyarəçi, baş leytenant Yusif Yaqub oğlu Vəliyev 1992-ci ildə vətənimizin azadlığı və bütövlüyü uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. Övladı Zübeydə Vəliyeva hüquqşünasdır.
İlk yazıları orta məktəbdə oxuduğu illərdə nəşr edilib. Müntəzəm olaraq respublika, eləcə də Türkiyə mətbuatında müxtəlif janrlı yazılarla çıxış edir. Dörd şeir kitabının müəllifidir. “Əbədi sevgi” adlı ilk kitabı 1997-ci ildə nəşr olunub və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb, kitab haqqında mətbuatda görkəmli elm adamlarının müsbət rəyləri çap edilib.
2001-ci ildə “Tənha qu nəğməsi”, 2017-ci ildə “Unutmağı öyrənirəm” və 2024-cü ildə “Bir gecəlik yuxu”şeirlər kitablarını nəşr etdirib.
Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr etdiyi “Vətən sevdalı qəhrəman” lirik poeması oxuculara 2024-cü ildə təqdim olunub.
“Yaddaşımda yaşatdıqlarım” publisistik məqalələr toplusundan ibarət növbəti kitabı da 2024-cü ildə çapdan çıxıb.
Tarix elmləri üzrə fəlsəfə doktorudur. 2000-ci ildən Azərbaycan Yazıçılar, 2015-ci ildən isə Azərbaycan Jurnalistlər Birliklərinin üzvüdür.
Arzu Kazımqızı Nehrəmlinin bədii yaradıcılığının bir hissəsini nəsr əsərləri – hekayələr təşkil edir. Bu yazıların əksəriyyəti qafiyələrdən, misralardan, bəndlərdən azad edilmiş şeir kimi oxunur. Ədəbiyyat sahəsində xidmətlərinə görə Azərbaycan Yazıçılar Birliyinin ilə Mədəniyyət və Turizm Naziriliyinin təqdimatı əsasında bir illik Prezident təqaüdünə (2018-ci il) layiq görülüb. Kitab mədəniyyəti tariximizdən bəhs edən tədqiqatı çərçivəsində bir monoqrafiya (2008), 30-dək elmi və publisistik məqalə nəşr etdirib. Türkiyə, Rusiya və Qazaxıstanda elmi konfranslarda iştirak edib.
Arzu Kazımqızı Nehrəmlinin yüzə yaxın şeirinə musiqi bəstələnib. “Naxçıvan marşı”nın və “Türk dünyası marşı”nın sözlərinin müəllifidir. Sözlərinə yazılmış mahnıları Xalq artisti mərhum Baba Mahmudoğlu, Şəmistan Əlizamanlı, Təranə Əlixanlı, türk müğənnisi Tuncay Yalın kimi müğənnilər ifa ediblər. Tuncay Yalının oxuduğu “Bu da bir son” (musiqisi Hüseyn Sözlünündür) mahnısına Türkiyədə klip çəkilib. 2017-ci ildə Arzu Nehrəmlinin sözlərinə yazılmış mahnılardan ibarət disk nəşr edilib. Ümumilikdə mahnılarından ibarət dörd musiqi albomu işıq üzü görüb.
Arzu Kazımqızı Nehrəmlini yubiley yaşının tamam olması münasibətilə təbrik edir, ona can sağlığı, uzun və faydalı ömür, yaradıcılığında bol-bol uğurlar arzulayırıq.
“Xəzan” və “Yazarlar” ədəbi-bədii jurnallarının redaksiya heyəti
27.10.2025, Bakı şəhəri