
HARA GEDİRSƏN?
Hara gedirsən, dostum?..
Tanıyırsanmı yolunu,
yol yoldaşın kimdir bəs?
Bilməsən də olar adını.
Yetər,
ürəyi daş deyilsə,
ağlı çaşbaş deyilsə.
Qocalıqdan deyil,
cahillikdən itirir ağlını
bu zamanda insanlar.
İçi yalanla doludur adamların,
yollarımız dumanla.
Əl uzadıb silməyi gəlir adamın,
tərləmiş şüşəni silən təki.
Bu temperatur fərqindən yaranan tər deyil,
Düzlə əyrinin arasına qonan çəndir.
Bu arada əyilmişlərin gözü görür ancaq…
Əyilə bilməmək bir dərddir,
əyilib düzələ bilməmək bir.
Yenə düz qalmaq yaxşıdı.
Yağmurlara
məruz qalan səthi
az olur bədənin…
Hələ o təpədən
enmək də var.
Kimi dığırlanar,
kimi düşər ayağıyla.
Pambıq tıxama
barı vicdanının qulaqlarına.
Adi qulaqlar onsuz da eşitmir
bir çox hıçqırtıları.
Yolun açıq olsun,
dostum.
Müəllif: QABİL NƏBİ
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında