“DESƏM, ÖLDÜRƏRLƏR”…

“DESƏM, ÖLDÜRƏRLƏR”…
(Monoloq)

Ah, keçən günlər, keçən dövrlər. Kimləri görmədik, nələri eşitmədik? Kimlərə rast gəlmədim? Hər cür insanla rastlaşdım. Yalançı, acgöz, şorgöz, tamahkar, minsifətli cahil adamlarla yoldaşlıq etdim. Öz gözlərimlə çox şeylər gördüm, qulaqlarımla çox şeylər eşitdim. Düzgün düşünən, işinə məsuliyyətlə yanaşan, hadisələrə obyektiv qiymət verən insanlara da rast gəldim, amma çox az. Söylədiklərimə inanın. İndi oturmuşam özümçün, saf-çürük edirəm.
Yaxşı ki, jurnalistikada və pedaqoji sahədə işləyən zaman, hər cürə insanlarla yoldaşlıq etdim. Həm də mən onların təsiri altına düşməmişəm axı. Amma öz aramızdır, mən də çox oyunlardan çıxmışam ha. Ancaq, kişi kimi. Alçaqlıq, satqınlıq, yaltaqlıq etməmişəm, özgəsinin arvadına sataşmamışam. Çox mənəm-mənəm deyib döşünə döyən, elədiklərini gözə soxmağa çalışan insanlar görmüşəm. Özlərini tərifləmək üçün ölürlər.
Mən tükü-tükdən seçməyi bacaran adamam, illəri yormuşam. Belələrini çox dişimə vurub sınaqdan keçirmişəm. Beş barmağım kimi tanıyıram onları. Dar gündə, dar ayaqda adamı qoyub qaçandırlar.
“Desəm, öldürərlər”. Vallah deyəcəyəm. Görəsən dünyanın əşrəfi olan insanda hardandır bu minsifətlilik, paxıllıq, cığallıq? Yəni zəmanə xarab olub? Bəs, elə zəmanə belə “xarab ola-ola” getsə, axırımız hara gedib çıxar? Zəmanə yazıqda nə təqsir? Demək, onda bəzi insanlar xarab olub. Mərdlik, kişilik, düzlük, təmizlik azalıb elə bil. Ədalətsizlik, qorxaqlıq, miskinlik, yaltaqlıq, məddahlıq meydan sulayır.
Deyirəm e, “keçən günə gün çatmaz, calasan günü-günə”. Bu günlərdə Qanmaz Kələntər ilə görüşmüşəm. Elə özünə layiq də ayaması var. Uzun illər bir yerdə işləmişik. Balaca vaxtı bir az key fason olduğuna görə uşaqlar veriblər ona bu “kliçkanı”. Amma sonra Qanmaz Kələntər institut qurtardı, diplom aldı. Nə olsun ki, diplomu var, yenə qanmazdı ki, qanmazdı. Elə bilməyin ki, Qanmaz Kələntər ümumiyyətlə, heç nə qanmır. Yox! Öz xeyrini çox yaxşı qanır. Nə deyim, vallah. Bəlkə özünü qanmazlığa qoyur. Onun üçün çox işlər gördüm. Bəhrəsini başqaları gördü. Mənimlə isə yalan danışırdı, elə bilirdi ki, başa düşmürəm. Bu, dəfələrlə təkrar olundu, dəfələrlə məni aldatdı. Vücuduna baxırsan, görürsən ki, kişidi də. Di gəl əməlləri, hərəkətləri nadürüst, içi isə…
Neyləyim, danışıram olmur, deyirlər ki, sən çox danışansan. Danışmıram, az qalıram infarkt olum. Əlac ona qalıb ki, evdən çıxmayım, adamların gözünə görünməyim. Niyə? Çıxıram, çıxan kimi kiminləsə rastlaşıram, dərdim təzələnir. Necə işləyəsən, necə yaşayasan? Çörəyi dizinin üstündə olan ipiqırıqlar, etibarsızlar o qədər çoxalıblar ki… Bir iş görmək istəyirsən, budur ha, qabağına bir “kötük diyirlədir”, gəl görəsən…
Son zamanlar bir şeyi də “kəşf” eləmişəm özümçün. Adamların çoxu elə bil robota dönüblər. Ürəkləri dəmirdən olduğuna görə dünya veclərinə deyil. Deyirəm, bəzi adamlar necə də laqeyd olublar. Mənə görə laqeydlik ən dəhşətli xəstəlikdir. Özün üçün yox, ətrafdakılar üçün. İnsanlar bir-birinə hörmətlə yanaşmırlar. Hamı laqeydlik, soyuqqanlıq azarına tutulub. Varlı qonşunun acından ölən qonşudan xəbəri yoxdur. Qadir Allah hamını yaradanda bərabər yaradıb. Yırtıcı, həris dişlər, caynaqlar sonranın məhsuludu. Güclü gücsüzü məhv eləyir. Şər, hiylə aləmi bürüyüb. Bəzi insanlar bir-birini amansızcasına didirlər, bir-birinin dalınca danışır, kölgəsini qılınclayırlar. Hardandır bu qədər kin, küdurət?
İnsana hörməti bərpa etməliyik. İnsan ləyaqətini təhqir edən, alçaldan nə varsa, hamısını aradan götürməliyik. Pis əməllər törədirik, sonra da şeytanı müqəssir sayırıq. Şeytanı öz içimizdə axtarmalıyıq. Mərdi qova-qova namərd eləyiblər. Ancaq düzə, doğruya zaval yoxdur. Düzlük əvvəl-axır qalib gəlir. Cahillik, bədxahlıq, əliəyrilik insanı cismən də, mənən də məhv edir, alçaldır, adamlıqdan çıxarır.
İnsanlıq uca zirvədir. Hamı o zirvəyə qalxa bilmir. Kişilik, insanlıq təkcə var-dövlət, pulla ölçülmür. Doğrudur, gözəl yaşayış üçün var-dövlət lazımdır və ömrü boyu insanın bu arzusu onu rahat buraxmır. Amma onun əsirinə çevrilmək insanı artıq məhvə aparır.
Mən bir şeyi başa düşə bilmirəm. Niyə axı bəzi insanlar gördükləri işin nə ilə qurtaracağını, halal-haramı düşünmürlər? Ağıllı adam gərək axı hər şeyin axırını, aqibətini gözünün önünə götirsin. Heç olmasa gördüklərindən ibrət dərsi götürsün, ağıllı məsləhətlərə qulaq assın.
Ulu tanrı hər şeyi görəndir, hər şeyi biləndir. Hər kəs öz əməllərinə, gördüyü savab işlərə görə payını alır. Bu dünyada sənə Allah tərəfindən borc verilən ömrü gərək elə yaşayasan ki, öləndən sonra heç olmasa bir rəhmət oxuyan, xatırlayan olsun. Yaşamaq istəyirsənsə, bu ömrü kişi kimi yaşa, tülkü, çaqqal kimi yox. Ancaq çox zaman əksinə olur. Bəzi insanlar əyri yolla yaşamağa can atır.
Hər gün rastlaşdığım insan selində hər cürəsi var. Qarşıma çıxanlara ucadan demək istəyirəm:
-Ey insan, özünü ələ əl, özünə bir də ayıq nəzər sal. Özünü tarazlaşdır. Bu çətin zamanda həyat yolunu doğru-düzgün müəyyənləşdir! Sözünün, səsinin, haqqının sahibi ol. Zamanın qasırğası, tufanı qarşısında möhkəm dayan…
…Hər şey yaxşı olacaq. Bu özü də bir təsəlli, güman işığı, ümid işığıdır…
Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir