Həmid Herisçi – 65

Həmid Herisçi

Bu gün əziz dostum, sevdiyim şair, nəhəng mütaliəsi olan şair-mütəfəkkir, indən belə ağıllanmağından əlimi üzdüyüm Həmid Herisçinin 65 yaşı tamam olur.
Həmidlə tanış olanda iyirmi yaşlarında olardıq. Heç vaxt ağlıma gəlməzdi ki, biz də gəlib 65 yaşına çatarıq.
Əziz dostumu, sevdiyim şairi doğum günü və yubiley yaşı münasibətilə ürəkdən təbrik edirəm!
Çox yaşa, Həmid!!!
Və yaxınlarda ona həsr elədiyim şeiri bu xoş gün münasibətilə yenidən paylaşıram.

HƏMİD

Sən mənim Bakımsan, Həmid,
İçəri Şəhərimsən!
Sən Qız Qalamsan, Həmid,
Qızıl Qalamsan!!!

Sən Qafar ağanın tapançasındakı
sonuncu gülləsən, Həmid,
intihar gülləsisən!
Gicgaha sıxılası sonuncu güllə!..

Yadındamı Həmid,
yadındamı,
sən sözlə-şeirlə
Təbriz həsrətilə xalça hörərdin,
hər şeirin bir yeni xalı kimiydi.
Yadındamı,
bir şerində də
toxuduğun xalçanın gözəlliyini
biraz da uzatmaq üçün
saçaqlar düzmüşdün baş-ayağına…

Sən mənim dərvişimsən, Həmid
Təbrizimsən…

Yadındamı,
sən duymuşdun bunu:
“qadınlar varlanmaq üçün
güzgünün qabağına tökərlər pullarını…”
Xanımların bu sirrini sən tapmışdın,
sən açmışdın qeybdən…

Ay Həmid, ay Həmid!
Yadındamı,
Bəhram Gurun yanındakı evinizə
qonaq getmişdik Rasimlə.
Mələk anan –
Tamella xanım evdən çıxanda
səni mənə tapşırıb:
“Həmiddən muğayət ol” demişdi.
Mən həmişə
muğayətəm səndən, Həmid,
həmişə,
yaxından da, uzaqdan da…

İnan ki bir dəfə
Statistika idarəsi tərəfdə
sənin haqda düşünürdüm,
havadakı alqoritm
dərhal səni qarşıma çıxartdı.
Bir də gördüm,
əl çantanı yelləyə-yelləyə
məhəllə marketlərinin arasıyla
harasa gedirsən,
sanki sakit uçursan.
Sənin o ritmini, gözəlliyini
pozmadım, Həmid,
arxanca çağırmadım,
arxanca bağırmadım…
Sadəcə içimdə uladım:
“Həmiiid-Həmiiid-Həmiiid!!!”
Sən geri boylandın o Qurd səsimə,
mən butkanın arxasında gizləndim…

Sən bilirsən mən şamanam –
Qavalın üst qatını döydüm, sadəcə.
Qafar kişinin ruhunu çağırdım,
qardaşın Əlini çağırdım,
səni onlara tapşırdım.
Dedim, Əli, özün bax,
qardaşın gedir,
dua elə, yıxılmasın!
O da mənə:
“Həmid sənlikdi, qardaş,
sənin qardaşındı!” – pıçıldadı…

Mən çoxdan bilirəm, Həmid
sən mənim
telləri gözünün üstünə düşən
balaca qaqaşımsan…
Çoxdannan bilirəm bunu,
çoxdannan!..

Müəllif: Murad KÖHNƏQALA

MURAD KÖHNƏQALANIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir