Günnur Ağayeva yazır

   
“Zaur Ustacın uşaq poeziyasında bədii sənətkarlıq sistemi”
(Ayətxan Ziyadın eyni adlı monoqrafiyası haqqında)
       Azərbaycan ədəbiyyatşünaslığında son illərin diqqətçəkən elmi hadisələrindən biri yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyadın “Zaur Ustacın uşaq poeziyasında bədii sənətkarlıq sistemi, yaxud Uşaq dünyası Zaur Ustacın gözü ilə” adlı fundamental monoqrafiyasının nəşridir. İki yüz altmış səhifə həcmində qələmə alınmış bu əsər təkcə bir müəllifin yaradıcılığına həsr olunmuş araşdırma deyil, bütövlükdə müasir Azərbaycan uşaq ədəbiyyatının nəzəri-estetik problemlərini əhatə edən sanballı elmi tədqiqat nümunəsidir. Azərbaycan ədibləri həmişə uşaq tərbiyəsinə xüsusi diqqət göstərmişlər. Dahi Nizamidən tutmuş müasirimiz Zaur Ustaca qədər şairlər, söz adamları bu məsələyə ciddi və məsuliyyətli bir iş kimi baxmışlar. Ən yaxın keçmişimizə nəzər salsaq, Abbasqulu Ağa Bakıxanovun xidmətləri xüsusi ilə diqqətə layiqdir. Belə ki, Abbasqulu ağa Bakıxanov uşaq tərbiyəsini maarifçiliyin əsası hesab etmiş, pedaqoji görüşlərini məşhur “Təhzibül-əxlaq” (Əxlaqın tərbiyəsi) əsərində sistemləşdirmişdir. O, uşaqların fiziki və əqli inkişafına xüsusi önəm vermiş, təlim-tərbiyə prosesinin erkən yaşlardan mərhələli şəkildə, valideynlərin nümunəsi və mülayim münasibəti əsasında qurulmasını tövsiyə etmişdir.
      Bakıxanovun uşaq tərbiyəsi ilə bağlı əsas prinsipləri aşağıdakılardır:
Nümunəvi valideynlik: O, uşaqların tərbiyə olunmasında ən təsirli vasitənin böyüklərin özlərinin əxlaqlı davranması və şəxsi nümunə göstərməsi olduğunu vurğulamışdır.
Mülayimlik və mərhəmət: Tərbiyə prosesində fiziki cəzanın və kobudluğun əleyhinə olmuş, uşaqlara qarşı səbirli və mehriban davranmağı məsləhət görmüşdür.
Elm və əmək: Uşaqların elmə, biliyə və faydalı əməyə yönləndirilməsini vacib saymış, tənbəlliyi və boş dayanmağı bəşəri eyiblərin ən pisi hesab etmişdir.
        Müasir dövrümüzdə də bu cür fundamental əsaslar üzərində bərqərar olmuş uşaq ədəbiyyatımız haqqında çox danışılır, lakin bu sahənin poetikası, sənətkarlıq sistemi və estetik mahiyyəti barədə geniş, sistemli araşdırmaların sayı o qədər də çox deyil. Ayətxan Ziyad məhz bu boşluğu doldurmağa çalışaraq Zaur Ustacın uşaq poeziyasını ayrıca bir elmi tədqiqat obyekti kimi araşdırmış, onun yaradıcılığını yalnız məzmun baxımından deyil, poetik quruluşu, bədii sistemi, obrazlar aləmi, dil və üslub xüsusiyyətləri baxımından da təhlil etmişdir.
        Monoqrafiyanın ən mühüm cəhətlərindən biri müəllifin uşaq ədəbiyyatına yeni baxış ortaya qoymasıdır. Ayətxan Ziyad israrla vurğulayır ki, uşaq ədəbiyyatı sadəcə uşaqlardan bəhs edən əsərlər deyil; həqiqi uşaq ədəbiyyatı uşağın dünyasını yaşadan, onun düşüncə tərzini, hisslərini, duyğularını və baxış bucağını bədii şəkildə əks etdirən əsərlərdir: “Bədii sözün uşağın mənəvi inkişafına təsiri danılmazdır. Erkən yaşlarda qarşılaşılan poetik mətnlər, çoxlarının düşün­dü­yü kimi, yalnız dil vərdiş­lərinin formalaşmasına xidmət etmir, eyni zamanda uşağın obrazlı düşünmə qabiliyyətini inki­şaf etdirir, onun emosional yaddaşını zənginləşdirir və este­tik zövqünün əsaslarını yara­dır. Bu baxımdan uşaq poe­ziyası sadəliklə dərinliyin, aydın­lıqla bədii təsir gücünün üzvi vəhdəti üzərində qurulan xüsusi yaradıcılıq sahəsi kimi diq­qəti cəlb edir.” Bu fikir kitab boyunca müxtəlif elmi arqumentlərlə əsaslandırılır və Azərbaycan uşaq ədəbiyyatının klassik nümunələri ilə müqayisədə inkişaf istiqamətləri göstərilir.
        Müəllif yalnız Zaur Ustac yaradıcılığı ilə kifayətlənmir. O, Azərbaycan uşaq ədəbiyyatının tarixi inkişaf yoluna nəzər salır, folklordan başlayaraq klassik və müasir dövrə qədər uzanan zəngin ədəbi prosesi ümumiləşdirir. Xalq yaradıcılığı nümunələri, Abdulla Şaiq, Zahid Xəlil və digər görkəmli uşaq ədiblərinin yaradıcılığı fonunda XXI əsr uşaq poeziyasının yeni xüsusiyyətləri təhlil olunur: “Çünki, məsələn, VI sinfin tədris proqramında N.Gən­cə­­vi­nin “Yaralı bir uşağın dastanı” ilə “Nizami Gəncəvi-Ata nəsihəti-Kamran M.Yunis” [Uşaq bilik portalı] əsərləri uşaq mənzum hekayələri kimi, həmçinin, “Atanın oğluna nəsi­həti”, “Kərpickəsən kişinin dastanı”, eləcə də, S.Vurğunun “Azərbaycan”, Ana”, “Ceyran”, “Dağlar”, B.Vahab­zadənin “Kitab”, “Müəllim”, “Bayraq”, “İlk dərs” və adlarını sonuncu olaraq sadaladığımız bu qism əsərlər uşaq ədəbiyyatı nümu­nəsi kimi təqdim olunur ki, əslində həmin əsərlər heç də uşaq şeirləri deyil, uşaqlar üçün yazılmış, yaxud uşaqlardan bəhs edən əsərlərdir.”
         Kitabın diqqətçəkən məqamlarından biri də Zaur Ustac yaradıcılığının yalnız poetik deyil, pedaqoji baxımdan da qiymətləndirilməsidir. Müəllif göstərir ki, Zaur Ustacın “Gülünün şeirləri”, “Güllünün şeirləri”, “Gülüzənin şeirləri”, “A1” kimi kitabları uşağın əlifba, rəqəmlər, təbiət, Vətən və ailə haqqında ilk təsəvvürlərinin formalaşmasına xidmət edən bədii nümunələrdir: “Unudulmamalıdır ki, uşaq ədəbiyyatı uşaqlarla bağlılığı olan yox, uşaq dünyasını anladığımız, mənimsə­diyimiz və yenidən yaşadığımız anları qələmə alan əsər­lərdir. ” Bu əsərlərdə didaktika poetik ahənglə birləşərək uşağın düşüncə dünyasına təbii şəkildə daxil olur.
       Ayətxan Ziyadın tədqiqatında ən maraqlı məqamlardan biri də XXI əsr uşağının psixologiyasına münasibətdir. Müəllif hesab edir ki, bu günün uşağı əvvəlki nəsillərin uşağından fərqlənir; o, texnologiya ilə yaşayan, informasiyanı sürətlə qəbul edən, fərqli düşünən bir nəsildir. Deməli, müasir uşaq ədəbiyyatı da həmin uşağın maraq və psixologiyasına uyğun qurulmalıdır. Bu baxımdan Zaur Ustacın şeirləri müasir uşağın həyat ritmini, dünyagörüşünü və təfəkkürünü əks etdirən uğurlu nümunələr kimi təqdim olunur: “Uşaq əsərlərinə nümunə olaraq isə, məsələn, Z.Xəlilin “Uçan çıraqlar”, “Mən rəngləri tanıyıram”, “Göydən üç alma düşdü”, “Torağaylar oxuyur”, “Cırtdanla Azmanın yeni sər­gü­­zəştləri”, “Здраствуй Джиртан!” və s. şeir və nəsr kitab­larına daxil edilən əsərləri, Zaur Ustacın “Gülünün şeirləri”. “A1”, “Gülüzənin şeirləri” kitablarına daxil edilmiş şeirləri göstərə bilərik.”
       Monoqrafiyanın digər üstünlüyü zəngin nəzəri bazaya söykənməsidir. Müəllif Azərbaycan və dünya uşaq ədəbiyyatı nəzəriyyəsinə aid elmi mənbələrdən istifadə edir, poetika, obraz sistemi, kompozisiya, ritm, dil, üslub, bədii sadəlik və sənətkarlıq problemlərini müasir filoloji metodologiya əsasında şərh edir. Bu yanaşma kitabı təkcə publisistik yox, həm də akademik dəyərə malik bir elmi əsərə çevirir.
        Əsərin dili xüsusi qeyd olunmalıdır. Elmi araşdırma olmasına baxmayaraq, kitab ağır terminologiyaya qapılmır. Müəllif mürəkkəb nəzəri fikirləri sadə və anlaşıqlı üslubda təqdim edir. Bu isə monoqrafiyanı yalnız filoloqlar üçün deyil, müəllimlər, tələbələr, valideynlər, kitabxanaçılar və ümumiyyətlə uşaq ədəbiyyatına maraq göstərən geniş oxucu auditoriyası üçün də maraqlı edir.
       Monoqrafiyanın mühüm xidmətlərindən biri də Zaur Ustac yaradıcılığını müasir Azərbaycan uşaq poeziyasında ayrıca bir hadisə kimi təqdim etməsidir. Müəllif göstərir ki, Zaur Ustac uşağın dili ilə danışmağı, onun duyğularını hiss etməyi, sadə sözlə böyük mənalar ifadə etməyi bacaran şairdir. Bu xüsusiyyətlər onun əsərlərini sadəcə uşaq şeiri deyil, həm də milli uşaq poeziyasının müasir inkişaf mərhələsinin nümunəsi kimi qiymətləndirməyə əsas verir: “Z.Ustacın uşaq əsərləri azyaşlının özünü görüb-biləcəyi, deyilənləri dərk edib qəbul edə biləcəyi, sevə-sevə könlünə və  koksünə hopdurub dilə gətirə biləcəyi şeirlərdir. Kitab oxumaqda hələ səriştəsiz olan azyaşlı bu şeirləri ona görə sevir, qəbul edir ki, Z.Ustac azyaşlılar üçün nəzərdə tutduğu şeirlərin alt qatında uşağın özünü görməyi bacarır, onun dünyagörüşü sərdəddinə enir, azyaşlının həyatda seyrçi nəzərlərlə gördüklərinə baxışlarını müəyənləşdirməyi və bu BAXIŞ­LARIN SEHRINƏ düşüb onları misralara çevirməyi bacarır:

“Bax, bu bina məktəbdir,

Burdan keçirəm hər gün,

Yeyirəm tez böyüyüm

Məktəbli olam bir gün”

***

“Eyvanda gül-çiçəklər…

Əylənib oynayırıq.

Biz eyvandan heç zaman

Aşağı boylanmırıq”.”
       Kitabın başqa bir mühüm cəhəti isə gələcək tədqiqatlara yol açmasıdır. Burada irəli sürülən nəzəri müddəalar gələcəkdə Azərbaycan uşaq poeziyası üzrə yazılacaq dissertasiyalar, monoqrafiyalar və elmi məqalələr üçün ciddi metodoloji baza rolunu oynaya bilər.
       Əslində Ayətxan Ziyad bu kitabla təkcə Zaur Ustac yaradıcılığını araşdırmır. O, bütövlükdə Azərbaycan uşaq ədəbiyyatının bugünkü inkişaf səviyyəsini, problemlərini və perspektivlərini göstərir, uşaq poeziyasına münasibətdə yeni elmi baxış formalaşdırmağa çalışır: “Əlbəttə, tədqiqatçı üçün mövzunu hansı yöndə işləmə­sinin elə də ciddi önəmi yoxdur. Əksinə, “uşaqlar üçün əsərlərində” anlayışı “uşaq əsərlərinin” anlayışı ilə müqayi­sə­də daha geniş, əhatəli məzmun daşıdığı üçün tədqiqatçıya mövzuya daha şaxəli yanaşmaq – yazıçının həm uşaq əsər­lərini, həm də uşaqlar haqqında yazdığı əsərləri tədqiqata cəlb etmək imkanı yaradır.  “Uşaq yazıçısı necə və kimlər ola bilər?” sualını V.Q.Belinski belə cavablandırıb: “Uşaq yazıçısının yaran­ması üçün olduqca çox şərtlər vardır: nəcib, sevən, diqqətli, sakit, körpəcə sadədil bir qəlb, yüksək məlumatlı bir idrak, predmetlərə aydın bir baxış, yalnız canlı bir təsəvvür deyil, həm də şairanə bir xəyal, hər şeyi canlı, zəngin surətlər halında təsəvvür etməyə qabil bir xəyal lazımdır””
       Nəticə etibarilə “Zaur Ustacın uşaq poeziyasında bədii sənətkarlıq sistemi, yaxud Uşaq dünyası Zaur Ustacın gözü ilə” monoqrafiyası müasir Azərbaycan filologiyasının dəyərli elmi nailiyyətlərindən biridir. Bu əsər həm Zaur Ustac yaradıcılığının elmi şəkildə öyrənilməsi, həm də Azərbaycan uşaq ədəbiyyatının nəzəri əsaslarının zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ayətxan Ziyadın gəldiyi qəti nəticə belədir: “Qətiyyətli olaraq qəbul etmək gərəkir ki, uşaq ədəbiy­yatı – sadəcə uşaqlar haqqında yazılan, yaxud uşaqlardan bəhs edən, uşaqlarla bağlılığı olan əsərlər yox, uşaq dün­yası və bu dünyanın içində uşağın özü görünən əsərlərdir. Uşaq ədəbiyyatı – uşağı anladığımız, dərk etdiyimiz, uşaq dünyasını mənimsədiyimiz və içimizə hopdurub onu təzə­dən yaşadığımız anları qələmə alan əsərlərdir.
       Belə əsərlər göstərir ki, uşaq ədəbiyyatı heç də “kiçiklər üçün yazılan sadə mətnlər” deyil. O, xalqın gələcəyini formalaşdıran böyük mənəvi məktəbdir. Ayətxan Ziyadın monoqrafiyası da bu məktəbin elmi pasportu kimi Azərbaycan ədəbiyyatşünaslığında öz layiqli yerini tutur.
Günnur Ağayeva
Ədəbiyyatşünas-tənqidçı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir