Sən gəzən yerlərə gəlmişəm, Qardaş!

QARDAŞ
Sən gəzən yerlərə gəlmişəm, Qardaş!
Qanın axan yerdə lalə bağrı qan.
İlk sübh şəfəqində çatmışam bura,
Rəngindən rənginə qatıb oğru dan.
* * *
Lənət o günə ki, açıldı səhər,
Namərdin dişinin dibində zəhər,
Dilində boğazdan yuxarı qəhər,
O müdhiş yalanı dedi doğrudan…
* * *
İndi bu kol-kosun nə günahı var?
Çəlləyə çiv olan palıd günahkar!
Ətrafda dağ-daş da ağlayır zar-zar…
Bülbüllər dilini udub qorxudan…
* * *
Nə yaxşı bu “tale”, “qismət” sözü var,
Sığınıb onlara olduq gözü dar,
Lap bilmək istəsən düzü ay İlqar,
Hamının yaradır qəlbi ağrıdan…
* * *
Ustaca təsəlli oğlunla qızın,
Biləsən, itməyib çörəyin, duzun,
Haçansa yenə də doğsa ulduzun,
Hilalı boylanır hər gün Ağrıdan…
07.07.2022. Azərbaycan.

VƏTƏN OĞLU
Göylər də hönkürüb, ağladı bu gün,
Buludlar göz yaşın saxlaya bilmir….
Damından göz yaşı axıdan koma,
Kövrəlmiş ananı ovuda bilmir….
* * *
Hardasa, bir bala ata gözləyir,
Əlində bir Bayraq gələydi bu gün….
Müəllim istəyib stol üstünə,
Anası alaram, söyləyir hər gün….
* * *
Bir Ata istəyir oğlu bu gün də,
Həyətə tələsik girsin nə olar….
Arxaya baxmadan sürüb maşını,
Bütün gül-çiçəyi əzsin nə olar….
* * *
Elə bilirsən ki, bitər siyahı???
Dolabda islanıb bir cib dəsmalı….
Asılqan saxlamır çim su mundiri,
Havadan asılıb, bir ər sığalı….
* * *
Bir otaq küncündə bacı naləsi,
Birində qardaşın hıçqırtısı var…
Məhəllə uşağı, qrup yoldaşı,
Bu gün qəmgin durub meyvə satanlar….
* * *
Adi çörəkçi də xiffət eyləyir,
Çəkməçi çəkməsin görüb ağlayır….
Alışqan verdiyi bardakı qızın,
Bu yağış qəlbində tonqal qalayır….
* * *
Körpə uşaqlar da haçandı qəmgin,
Boylanır həyətə, ancaq görməyir….
Ana paltar ipin kəsibdi çoxdan,
Fəxrlə sərdiyin, daha sərməyir….
* * *
Göylər yas saxlayır, Yer qəribsəyib,
Təşnədir mərdlərin yeni nəşinə….
Torpaq əkənindir, əkən də bizik,
Göylərdə gəzənin Yer nə işinə….
* * *
Göylər bizə qahmar, Yer bizə mənzil,
Qəlbin dolanmasın, ey Vətən oğlu….
Nəsimi, Bəhmənyar gör nə vaxt olub???
Vətən də unutmur haqq tapan oğlu….
02.04.2017. Bakı.

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…
* * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.

CAN  AY  ANA…

(Polad Həşimovun Anasına)

Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular…
Bu baxışda min vaizin xütbəsi,
Al don geymiş qürub da var, dan da var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox…
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti  dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda  susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
“Ana” – deyə,  şirin-şirin gülən yox…

*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…

12.01.2021. – Bakı.

Şeirlərin müəllifi:  Zaur USTAC

ZAUR USTAC HAQQINDA

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlunun irsi

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir