www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

TƏRANƏ DƏMİRİN YENİ ŞEİRLƏRİ

UŞAQLIQ ŞƏKİLLƏRİMƏ

Hamı şəkillərdə köhnə   vaxtdadı, 
Hamı gözlərində gülüş dayanıb.
Hamı  məhəbbətlə sığallanıbdı,
Hamı yanağında öpüş dayanıb.

Nimdaş paltarında,  təzə  donunda
Necə bəxtəvərdi şəkil uşaqlar.
Elə bil tərtəmiz göz ekranıyla
Sevincin rəsmini çəkir uşaqlar.

Heç kimin dünyadan xəbəri yoxdu,
Xoşbəxtdi çərçivə içində hamı.
Keçmiş zamandadı burda hər nə var,
Burda salamlayır illər adamı.

Hələ sabahından xəbərsiz baxır
Şəkildən üzümə gülən uşaqlar.
Hamısı  bir boyda ,bir biçimdədi–
Qaraşın uşaqlar, kürən uşaqlar.

Hələ  günahsızdı, hələ  qınaqsız, 
Hələ  ürəyimiz girov düşməyib.
Hələ bant bağlayıb saçına qızlar,
Hələ ki, oğlanlar kişiləşməyib.

Hələ yol gedirik sabaha sarı,
Hələ ki, aldadır nağıllar bizi.
Hələ ki, şeytanlar, cinlər  yol  gəlir,
Hələ ki, axtarır  paxıllar bizi.

Başımız qarışıb   qovub tutmağa,
Yoruruq yolları, qayalıqları.
Hələ keçməmişik  həsrət  içindən,
Hələ dadmamışıq ayrılıqları.

Hamı şəkillərdə köhnə vaxtdadı,
Hamı gözlərində gülüş dayanıb.
Hamı sevgi ilə sığallanıbdı,
Hamı yanağında öpüş dayanıb.

BU KƏND QOCALIB

Biz kənddən çıxanda bahardı hələ,
Hələ bu yerlərin çiçək çağıydı.
Hələ oğlanların dəli, havalı,
Qızların tərtəmiz  mələk çağıydı.

Qayıdıb gələndə gördüm yaz hanı?
Bu kəndin çəməni , otu qocalıb.
Qocalıb böyürkən kollarınacan,
Pişiyi qocalıb, iti qocalıb.

Mənim gəlişimə sevinmədi heç,
 Yollar  tanımadı məni  deyəsən.
Yadından çıxmışam torpağın, daşın,
Dumanın, çiskinin , çənin deyəsən.

Suvağı tökülən köhnə evlərin 
Qapısı qocalıb, damı qocalıb.
Məni tanımadı təzə qonşular,
Məni tanıyanlar hamı qocalıb.

Üşüdüm buz kimi baxışın altda,
Yer tapa bilmədim özümə burda.
Düşdü baxışlarım fikir toruna,
Durdu xatirələr üzümə burda.

Bu kənddən çıxanda bahardı hələ,
Hələ bu yerlərin çiçək çağıydı.
Hələ oğlanların dəli, havalı,
Qızların tərtəmiz, mələk çağıydı.

BİZİMDİ

Bu günü təqvimdən oğurlamışıq,
Bu günəş bizimdi, bu səhər bizim.
Bu yol, bu ağaclar, bu daş, bu divar,
Bu küçə bizimdi, bu şəhər bizim.

Səni ovuduram baxışlarımla,
Həsrətin ağrısı canından çıxır.
Bu gün Yer də bizim, Göy də bizimdi,
Bu gün başımıza səadət yağır.

Bizi unutmayıb sahil deyəsən,
Bizi xatırlayır görüş yerimiz.
Bu gün od vurmuşuq xatirələrə,
Bu gün yandırmışıq ayrılığı biz.

Dalğalar sahilə çırpır özünü,
Bizi salamlayır dəniz beləcə.
…Hələ ki, sabaha bir ömür qalıb,
Gəl tut əllərimdən bu gündən keçək.

İNDİ BU PAYIZDAN …

İndi bu payızdan şəhid qoxusu,
İndi bu payızdan qan iyi gəlir.
Nə dilin dönür ki, yamanlayasan,
Nə də gəlişini  sevməyin gəlir.

Həsrət havası var çöldə, bayırda,
Boşalır buludlar, dolur buludlar.
Torpaq qol götürüb oynayan anda
Başının üstünü alır buludlar.

Neçə arzu yatır xəzəlin altda,
Üstünü, başını örtüb gedirik.
Hələ ki, gizlənib günəş buludda,
Küləkdən , yağışdan tutub gedirik.

İndi bu payızın sevdası ayrı, 
İndi bu payısın odu başqadı.
İndi bu payızın mayası ayrı,
İndi bu payızın dadı başqadı.

Küsübdü dərələr, dağlar adamdan,
Yamaclar qanrılıb üzünə baxmır.
Şair olduğun da çıxır yadından,
Qələm də, varaq da sözünə baxmır.

İndi bu payızdan şəhid qoxusu,
İndi bu payızdan qan iyi gəlir.
Nə dilin dönür ki, yamanlayasan,
Nə də  gəlişini  sevməyin gəlir.

ALDADIR SƏNİ

Bu dünyanın  sonu bəlli, 
Başı da aldadır səni.
Çiçəyi də, çəməni də,
Daşı da aldadır səni.

Özündən baş açmır özü,
Hər yan savaş, hər yan hüzün,
Başına dəysin dolusu , 
Boşu da aldadır səni.

Gələri var, gedəri var,
Ziyanı  var,  xətəri var, 
Qurunun nə xəbəri var-
Yaşı da aldadır səni.

Nəfəsi  də   borc ,sələmdi,
Alıb vermək dərd, ələmdi, 
Baharı ayrı aləmdi,
Qışı da aldadır səni.

QOCA

 Yol-yol, küçə- küçə sürünən qoca,
Əlin ətəyindən  uzun  ,gedirsən.
Bəlkə neçə- neçə günahlarından,
Bəlkə savabından küsüb gedirsən.

Ləpirin yollardan utanır, bəlkə
Yollar da utanır izindən sənin.
Elə töyşüyürsən, sanki bu dünya 
Asılıb  bu yorğun  dizindən sənin.

Köhnə papağın da başından  düşür,
Papaq  da   yekədi başından,  qoca.
Göy üzü qapısın açıb haçandı,
Səni kim alacaq qışından, qoca

Bu şəhər, bu küçə, bu it, bu pişik
Topal  yerişindən  tanıyır səni.
Bəlkə də yanından keçən cavanlar
Qəlbində o ki var qınayır səni.

Sökük çəkmələrin yorub yolları,
Bezibdi bu şəhər, bu küçə səndən.
Bu daşlar, divarlar, evlər, ağaclar
Şəkil çəkdirirlər gizlicə sənnən.

Daha arzular da yorğun düşüblər,
Əlindən  tutmağa  gücü qalmayıb.
Şəhərin başına dolanıb ömrün, 
Daha  aldanmağa  küçə qalmayıb.

Özün də bilmirsən nə istəyirsən,
Hayana sürüyür ürəyin səni?
Sağından, solundan gözəllər keçir,
Vurur saçlarının küləyi səni.

Şəhərin  səs-küylü  küçələrində 
Küləklə, yağışla  sevişən qoca.
Çəlik ayaqların sözünə baxmır,
Alçaqda, çökəkdə sürüşən qoca.

ADAM BU PAYIZDA ÖLƏ, İLAHİ.

Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə  torpaqlayalar.
Vaxt gələ ,  yerində  ağaclar bitə,
Sonra budaq -budaq yarpaqlayalar.

Təzədən doğasan bir ağac kimi,
Dünyanın səninlə işi olmaya.
Yanında hərlənə  qurdlar , köpəklər,
Sənə batırmağa dişi olmaya.

Sakitcə dolana dünya başına,
Sən də  ağac kimi  durub baxasan .
Heç kim tanımaya bu baxışları,
Yiyəsiz baxasan, qərib baxasan.

Başına  yığışa gəlib keçənlər,
Hamı kölgə uma ağac adamdan.
Təpədən dırnağa tərsiz, tumarsız,
Bu susuz  adamdan, bu ac adamdan.

Günəş  budağında  çiçək toxuya,
Əl atıb gülündən öpələr sənin.
Dadın çıxarasan bu azadlığın–
Bu dağlar, dərələr, təpələr sənin.

Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə torpaqlayalar.
Vaxt gələ, yerində ağaclar bitə,
Sonra budaq-budaq yarpaqlayalar.

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

QULU AĞSƏSİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əli bəy Azəri ilə görüş olub

2023-cü il dekabrın 10-da Xaçmaz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalında “İlham çeşməsi” elmi ədəbi məclisinin növbəti məşğələsi keçirildi. Məclisin sədri Böyükağa Ağa tədbiri açıq elan etdikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğullarımız bir dəqiqəlik sükutla yad edildi.
Sonra o, məclisin qonağı “Xəzan” ədəbi – bədii jurnalının baş redaktoru, publisist yazar, I Qarabağ müharibəsi iştirakçısı Əli Bəy Azərini salamladı və onun məclisdə iştirak etməsindən məmnun olduğunu bildirdi.


Söz poeziya nümunələrinin müzakirəsinə veriləndə Leyla Şixməmmədova “Qazimiz”, “Şuşam, səninlə mən necə öyünməyim”, Sabir Nemətov “Ah, ah”, “Yatıb e” şeirlərini, AYB və AJB-nin üzvü, “Gülüstan elmi ədəbi məclisinin sədri Şıxamməd Seyidməmmədov “Güclüdən qorxan”, “Əsədin gülməcələri” hekayələrini, AJB-nin üzvü Mövlud Ağamməd “Ey vay”, “Biz” qəzəllərini, Pənah Elqəm “Çıxır”, “Azadlığı”, Rəna Vəliyeva “Sən mənimsən”, “Ağlama, şəhid anası, ağlama”, Nadir Zamanov “Əlisa Nicat”, “Yaltaq kişi”, AYB-nin üzvü Səyyad Sərraf “Bu dünya”, “Salam deyəcəm” şeirlərini, Nəzər Mirzəyev “Həyat dərsi və yerkökü”, “Bölgü” alleqorik hekayələrini, Elxan Məcnunov “Ata”, “Qocalma, ürək” şeirlərini, AJB-nin üzvü Məhərrəm Mustafa “O dünyanın yolu”, “Cənnət quşu” hekayələrini, Emfira Ərkli “Ay oğul”, “Gördünmü”, Müşfiq Qərib “Öləndə”, “Yiyəsiz, kimsəsiz, dərd yerləri var”, Böyükağa Ağa “Pomidor”, “Gülüm” şeirlərini oxudular.
Tədqiqatçı jurnalist Füzuli Baratov Əli bəy Azərinin yaradıcılığı və döyüş yolu haqqında tədbir iştirakçılarına məlumat verdi.
Sonda söz qonağa verildi. Əli Bəy Azəri dəvət olunduğuna görə “İlham çeşməsi” elmi ədəbi məclisinin rəhbərliyinə təşəkkür etdi, oxunulan poeziya nümunələrinə münasibət bildirdi və bölgə yazarlarına yeni yaradıcılıq uğurları arzuladı.

AJB-nin üzvü Füzuli Baratov
Fotolar müəllifindir

“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV – KARTOF DA…


KARTOF DA…
(hekayə)

Mustafanın qardaşı oğlu Cəlil Texniki Universitetə qəbul olunmuşdu. Qardaşlar oturub söhbət edəndə Həmid məsləhət bildi ki, Cəlil universitetin yataqxanasında qalsın.
Qardaşının bu qərara gəlməsi Mustafanın ürəyindən xəbər verirdi. Həmid xahiş də edə bilərdi ki, Cəlil onlarda qalsın. Onda Mustafa çar-naçar razılıq verəcəkdi. Əks halda kənddə zurna çalacaqdılar ki, Mustafa qardaşı oğlunun onlarda qalmasını istəməyib.
Cəlilin onların evində qalması, gəlib-getməsi, yatıb-durması, yatağının yığışdırılması, pal-paltarının yuyulub ütülənməsi, gündə 3 dəfə qarşısına yemək gətirilməsi əlavə baş ağrısı olacaqdı. Beləcə ailə dörd il, beş il gərginlik yaşamalı olacaqdı.
Mustafa:
-Nə zaman istəsə, gəlib qonağımız olar, Allahın verdiyindən yeyib-içər, söhbət edər, dərslərindən danışar. Biz də vaxtlı-vaxtında ondan xəbər tutarıq.
Bir müddət Cəlil görünmədi. Arada əmisinə, əmi arvadına zəng edib hal-əhval tutardı. 3-4 ay keçmişdi ki, Cəlilin ayağı açıldı. Tez-tez gəlib getməyə başladı.
Gülüstan tez-tez Mustafaya quzu əti, dana əti aldırırdı. Axırda Mustafa dilə gəldi:
-Ay Gülüstan, bu nədir, ət almaqdan yorulmuşam.
Gülüstan dilləmdi:
-Cəlili də nəzərə al, axı o da az qala ailənin üzvü olub. İndi tez-tez gəlib-gedir. Naharı bizdə edir.
Mustafa çiyinlərini çəkdi:
-Nağıl danışma, ay arvad. Cəlil həftədə yarım cəmdək quzu əti yeyir.
Gülüstanın işarəsi ilə Mustafa stulda oturdu:
-Bu günə kimi dinmirdim, ay Mustafa. Fikirləşirdim xətrinə dəyər.
Mustafa gözlərini döyərək mat-məəttəl ona baxdı:
-Xətrimə nə dəyəcək, ay Gülüstan? Özüm demişəm ki, Cəlil nə zaman istəsə gəlib getsin, çörəyimizi kəssin. Mən sözümün yiyəsiyəm. Yad adam deyil ha. Rayona gedəndə onun atası da ayağımızın altında quzu kəsir.
Gülüstan özü də əyləşdi:
-Cəlilə qalsa, nə dərdim, ay Mustafa. Uzağı bir boşqab şorba içəcək, iki-üç tikə toyuq əti, ya kotlet yeyəcək…
Mustafa:
-Qədərindən çox yeyir bu Cəlil? Yəni yeməyi gözünə təpir?
Gülüstan əlini yellədi:
-Yox e. Elə demirəm. Özü bir yana qalsın. 4-5 tələbə yoldaşını da götürüb gəlir. Hər dəfə 2-3 saat onların qulluğunda durmalı oluram.
Mustafa hiss elədi ki, artıq dözə bilmir:
-Hə, ay Gülüstan, bu Cəlil lap ağ edirmiş. Sən qadın xeylağı. Mən evdə olmayanda sənin-mənim tanımadığımız şəxsləri mənim evimə niyə gətirir? Əslinə-nəslinə bələd olmadığımız qonaq bir gün olar…
Gülüstan sözlərini deyin sakitləşmişdi. İndi Mustafa özündən çıxırdı.
-Süfrə açmaq mənimçin problem deyil. Şükür Allaha soyuducumuz ağzına kimi doludur, heç nədən korluq çəkmirik. Məni narahat edən Cəlilin hərəkətidir. Tanımadığım… Yenə sən evdə olanda gəlsələr, dərd yarıdır.
Mustafa ayağa çıçradı:
-Bunu biz ona başa salmalıyıq? Yekə kişidir. Bu gün-sabah ev-eşik yiyəsi olacaq. Deməklə deyil, özü qanmalıdır. İndi bir kəlmə irad tutacağıq, atasının da, anasının da, özünün də çestinə dəyəcək. Deyəcəkdilər: əmisi uşağın burunlayır, evinə gəlib-getməsini istəmir. Dərdimizi kimə deyək?
Bu zaman qapının zəngi çalındı. Mustafa durub açdı. Cəlil yanında 3 nəfər daxil oldu:
-Əmi, xoş gördük.
Cəlil irəli yeriyib əmisinin boynuna sarıldı.
-Tələbə yoldaşlarımdır, əmican. Sizdən razılıq edib, deyirlər: Allah əmini saxlasın. Ailəsi çox qonaqpərvərdir.
Gələnlər əl verib Mustafa ilə görüşüb stolun arxasına keçdilər.
Gülüstan adəti üzrə əvvəlcə ortaya çay gətirdi. Yanında bir neçə cür mürəbbə, konfet, limon…
Cəlil oradan-buradan danışır, yoldaşları da təsdiq edirdilər. Mustafa əslində onun dediklərinə qulaq asmırdı. Fikri arvadının söylədiklərinin yanında idi.
Gülüstan yemək gətirdi. İri boşqabda iri sümüklü ətlər, digər boşqabda kartof…
Salat, göy-göyərti, şoraba da öz yerində.
Mustafa balaca bir ət parçasını boşqabına qoydu, sonra o biri boşqabdan iki-üç kartof götürdü.
Qonaqlar bir yandan, Cəlil də o biri yandan iri ət tikələrinə girişdilər. Kartof olan boşqaba əl uzatmamışdılar. Gülüstan ət dolu boşqabın boşaldığını görüb, yenə ət gətirdi.
Mustafanın dişi bağırsağını kəsirdi. Qonaqlar bu boşqabdakı ətin də axırına çıxmaqda idilər. Nədir? Gülüstan üçüncü dəfə boşqabı doldurmalı idi? Odur ki, dözə bilməyib, səsini qaldırdı. Qonaqlar əl saxladılar:
-Ay uşaqlar, kartof da xörəkdir. Kartof da götürün…
Qonaqlar Mustafanın amiranə səsindən, deyəsən, məsələnin nə yerdə olduğunu gördülər.
Mustafa həmin gün Cəlilə bir söz deməkdi. Bir-iki gün sonra onu çağrtdırıb dərsini verdi:
-Cəlil, sən mənim qardaşım oğlusan. Evim-eşiyim sənə qurbandır. Amma tanımadığım insanları niyə mənim evimə dadandırırsan. Özü də onları mən evdə olmayanda da gətirirsən. Mən bazarlığı özüm edirəm. Bu Gülüstanı mən heç düşüb aşağıdan çörək almağa belə qoymuram. Mən qəbul edə bilmərəm ki, kişi olmayan evə kimsə gəlib-getsin. Sən başqa. Qardaşımın övladısan…
Cəlil başını aşağı salmışdı. Mustafa bir şey anlamadı: Cəlil səhvini başa düşüb, yoxsa əmisinin dedikləri onun xoşuna gəməyib?
Onun qənaətlərindən asılı olmayaraq hər halda Mustafa haqlı idi.
Şirvan şəhəri, 12 dekabr 2023-cü il

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilib

Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilib

Ətraflı: http://www.millikitabxana.az/news/anim-gunu-milli-kitabxana

“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ÖLMƏYİB, YAŞAYIR HEYDƏR ƏBƏDİ

HEYDƏR ƏLİYEV 100

ÖLMƏYİB, YAŞAYIR HEYDƏR ƏBƏDİ
Qoymadı tökülə millətin qanı,
Qorudu, saxladı Azərbaycanı,
Gəzdi qitələri, gəzdi dünyanı,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
“Ümid körpüsü”dür gözlərin nuru,
Orda qərar tutub Heydər qüruru,
Nura qərq elədi qədim Şəruru,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
Hər an qalib çıxdı siyasətində,
Milləti qoymadı darda, çətində,
Vətəni yaşatdı öz qeyrətində,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
Onun əsəridir Bakı – Ceyhanım,
“Qara qızıl” verən Azərbaycanım,
Sabaha inamla qaynayır qanım,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
Hər yerdə Heydərin izi görünür,
Söhbəti görünür, sözü görünür,
Hər kənddə, şəhərdə özü görünür,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
Mən Budaq Təhməzəm, yazan əlim var,
Xoşbəxtəm, müstəqil, azad elim var,
Üçrəngli bayrağım, ana dilim var,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
13.10.2004.

Müəllif: Budaq TƏHMƏZ

HEYDƏR ƏLİYEV 100

BUDAQ TƏHMƏZİN YAZILARI

“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“İrəvan ” futbol klubunun idarə heyəti fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

“İrəvan ” futbol klubunun idarə heyəti fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 20 il keçir.
“İrəvan ” Futbol Klubunun İdarə Heyətinin üzvləri xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib,abidəsi önünə gül dəstələri qoyublar.


Daha sonra idarə heyətinin üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.

Mübariz Ağaxan oğlu Süleymanlı

“İrəvan” FK-nun mətbuat xidmətinin rəhbəri

“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təqvimdə bu gün

Bu gün Ulu Öndərimiz Heydər Əliyevin anım günüdür. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin. Sən həmişə bizimləsən. Səninlədir gələcək!!!

Bakı şəhəri, Yasamal rayonu, Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə gənc perspektivli müəllim Aytən Məcidovanın rəhbərlik etdiyi “9b” sinfinin şagirdləri həmin məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bəyim Kərimovanın bugünkü Ədəbiyyat dərsində.

“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SEVGİ FƏSLİNIN YAĞIŞI

SEVGİ FƏSLİNIN YAĞIŞI

Yaz yağışı torpağa düşərkən ona həyat verir, bəs Siz hansı fəslin yağışısınız ki, ürəyimə düşüncə orada yeni bir dünya yaratdınız? Bir mesajdan” – Rafiq YUSİFOĞLU

Gülüm, mən sevgi fəslinin
Çiskiniyəm, yağışıyam.
Kim bilir, bəlkə də elə
Mələklərin göz yaşıyam?!

Bir buludam, nəm çəkirəm
Gözəllərin baxışından.
Kimsəyə ziyan gəlməyib
Hələ sevgi yağışından.

Nəğmələrimlə könlünün
Simlərini dindirəcəm.
Belə getsə, ürəyini
Gülüstana döndərəcəm…

Mən elə bir yağışam ki,
Səsim yatanı oyadır.
Bircə qətrəm düşən yerdə
Sevgi çiçəyi boy atır…

Məhəbbətim ürəyində
Bənövşələr bitirəcək.
Sevgi fəslinin yağışı
Qəlbinə yaz gətirəcək…

09.12.2006

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru