
UŞAQLIQ ŞƏKİLLƏRİMƏ
Hamı şəkillərdə köhnə vaxtdadı,
Hamı gözlərində gülüş dayanıb.
Hamı məhəbbətlə sığallanıbdı,
Hamı yanağında öpüş dayanıb.
Nimdaş paltarında, təzə donunda
Necə bəxtəvərdi şəkil uşaqlar.
Elə bil tərtəmiz göz ekranıyla
Sevincin rəsmini çəkir uşaqlar.
Heç kimin dünyadan xəbəri yoxdu,
Xoşbəxtdi çərçivə içində hamı.
Keçmiş zamandadı burda hər nə var,
Burda salamlayır illər adamı.
Hələ sabahından xəbərsiz baxır
Şəkildən üzümə gülən uşaqlar.
Hamısı bir boyda ,bir biçimdədi–
Qaraşın uşaqlar, kürən uşaqlar.
Hələ günahsızdı, hələ qınaqsız,
Hələ ürəyimiz girov düşməyib.
Hələ bant bağlayıb saçına qızlar,
Hələ ki, oğlanlar kişiləşməyib.
Hələ yol gedirik sabaha sarı,
Hələ ki, aldadır nağıllar bizi.
Hələ ki, şeytanlar, cinlər yol gəlir,
Hələ ki, axtarır paxıllar bizi.
Başımız qarışıb qovub tutmağa,
Yoruruq yolları, qayalıqları.
Hələ keçməmişik həsrət içindən,
Hələ dadmamışıq ayrılıqları.
Hamı şəkillərdə köhnə vaxtdadı,
Hamı gözlərində gülüş dayanıb.
Hamı sevgi ilə sığallanıbdı,
Hamı yanağında öpüş dayanıb.
BU KƏND QOCALIB
Biz kənddən çıxanda bahardı hələ,
Hələ bu yerlərin çiçək çağıydı.
Hələ oğlanların dəli, havalı,
Qızların tərtəmiz mələk çağıydı.
Qayıdıb gələndə gördüm yaz hanı?
Bu kəndin çəməni , otu qocalıb.
Qocalıb böyürkən kollarınacan,
Pişiyi qocalıb, iti qocalıb.
Mənim gəlişimə sevinmədi heç,
Yollar tanımadı məni deyəsən.
Yadından çıxmışam torpağın, daşın,
Dumanın, çiskinin , çənin deyəsən.
Suvağı tökülən köhnə evlərin
Qapısı qocalıb, damı qocalıb.
Məni tanımadı təzə qonşular,
Məni tanıyanlar hamı qocalıb.
Üşüdüm buz kimi baxışın altda,
Yer tapa bilmədim özümə burda.
Düşdü baxışlarım fikir toruna,
Durdu xatirələr üzümə burda.
Bu kənddən çıxanda bahardı hələ,
Hələ bu yerlərin çiçək çağıydı.
Hələ oğlanların dəli, havalı,
Qızların tərtəmiz, mələk çağıydı.
BİZİMDİ
Bu günü təqvimdən oğurlamışıq,
Bu günəş bizimdi, bu səhər bizim.
Bu yol, bu ağaclar, bu daş, bu divar,
Bu küçə bizimdi, bu şəhər bizim.
Səni ovuduram baxışlarımla,
Həsrətin ağrısı canından çıxır.
Bu gün Yer də bizim, Göy də bizimdi,
Bu gün başımıza səadət yağır.
Bizi unutmayıb sahil deyəsən,
Bizi xatırlayır görüş yerimiz.
Bu gün od vurmuşuq xatirələrə,
Bu gün yandırmışıq ayrılığı biz.
Dalğalar sahilə çırpır özünü,
Bizi salamlayır dəniz beləcə.
…Hələ ki, sabaha bir ömür qalıb,
Gəl tut əllərimdən bu gündən keçək.
İNDİ BU PAYIZDAN …
İndi bu payızdan şəhid qoxusu,
İndi bu payızdan qan iyi gəlir.
Nə dilin dönür ki, yamanlayasan,
Nə də gəlişini sevməyin gəlir.
Həsrət havası var çöldə, bayırda,
Boşalır buludlar, dolur buludlar.
Torpaq qol götürüb oynayan anda
Başının üstünü alır buludlar.
Neçə arzu yatır xəzəlin altda,
Üstünü, başını örtüb gedirik.
Hələ ki, gizlənib günəş buludda,
Küləkdən , yağışdan tutub gedirik.
İndi bu payızın sevdası ayrı,
İndi bu payısın odu başqadı.
İndi bu payızın mayası ayrı,
İndi bu payızın dadı başqadı.
Küsübdü dərələr, dağlar adamdan,
Yamaclar qanrılıb üzünə baxmır.
Şair olduğun da çıxır yadından,
Qələm də, varaq da sözünə baxmır.
İndi bu payızdan şəhid qoxusu,
İndi bu payızdan qan iyi gəlir.
Nə dilin dönür ki, yamanlayasan,
Nə də gəlişini sevməyin gəlir.
ALDADIR SƏNİ
Bu dünyanın sonu bəlli,
Başı da aldadır səni.
Çiçəyi də, çəməni də,
Daşı da aldadır səni.
Özündən baş açmır özü,
Hər yan savaş, hər yan hüzün,
Başına dəysin dolusu ,
Boşu da aldadır səni.
Gələri var, gedəri var,
Ziyanı var, xətəri var,
Qurunun nə xəbəri var-
Yaşı da aldadır səni.
Nəfəsi də borc ,sələmdi,
Alıb vermək dərd, ələmdi,
Baharı ayrı aləmdi,
Qışı da aldadır səni.
QOCA
Yol-yol, küçə- küçə sürünən qoca,
Əlin ətəyindən uzun ,gedirsən.
Bəlkə neçə- neçə günahlarından,
Bəlkə savabından küsüb gedirsən.
Ləpirin yollardan utanır, bəlkə
Yollar da utanır izindən sənin.
Elə töyşüyürsən, sanki bu dünya
Asılıb bu yorğun dizindən sənin.
Köhnə papağın da başından düşür,
Papaq da yekədi başından, qoca.
Göy üzü qapısın açıb haçandı,
Səni kim alacaq qışından, qoca
Bu şəhər, bu küçə, bu it, bu pişik
Topal yerişindən tanıyır səni.
Bəlkə də yanından keçən cavanlar
Qəlbində o ki var qınayır səni.
Sökük çəkmələrin yorub yolları,
Bezibdi bu şəhər, bu küçə səndən.
Bu daşlar, divarlar, evlər, ağaclar
Şəkil çəkdirirlər gizlicə sənnən.
Daha arzular da yorğun düşüblər,
Əlindən tutmağa gücü qalmayıb.
Şəhərin başına dolanıb ömrün,
Daha aldanmağa küçə qalmayıb.
Özün də bilmirsən nə istəyirsən,
Hayana sürüyür ürəyin səni?
Sağından, solundan gözəllər keçir,
Vurur saçlarının küləyi səni.
Şəhərin səs-küylü küçələrində
Küləklə, yağışla sevişən qoca.
Çəlik ayaqların sözünə baxmır,
Alçaqda, çökəkdə sürüşən qoca.
ADAM BU PAYIZDA ÖLƏ, İLAHİ.
Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə torpaqlayalar.
Vaxt gələ , yerində ağaclar bitə,
Sonra budaq -budaq yarpaqlayalar.
Təzədən doğasan bir ağac kimi,
Dünyanın səninlə işi olmaya.
Yanında hərlənə qurdlar , köpəklər,
Sənə batırmağa dişi olmaya.
Sakitcə dolana dünya başına,
Sən də ağac kimi durub baxasan .
Heç kim tanımaya bu baxışları,
Yiyəsiz baxasan, qərib baxasan.
Başına yığışa gəlib keçənlər,
Hamı kölgə uma ağac adamdan.
Təpədən dırnağa tərsiz, tumarsız,
Bu susuz adamdan, bu ac adamdan.
Günəş budağında çiçək toxuya,
Əl atıb gülündən öpələr sənin.
Dadın çıxarasan bu azadlığın–
Bu dağlar, dərələr, təpələr sənin.
Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə torpaqlayalar.
Vaxt gələ, yerində ağaclar bitə,
Sonra budaq-budaq yarpaqlayalar.
Müəllif: Təranə DƏMİR
Mustafa Müseyiboğlu adına kitabxana
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru