Kateqoriya arxivləri: SÖZ

Sevda Əlibəylinin şanlı Zəfərimizi süsləyən ən səmimi duyğuları

Şuşanın dağları başı bayraqlı!..

Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü!
Hüseyn Cavid

İnsanın ürəyində elə hisslər, elə duyğular var ki, sözlə izhar olunmur. Noyabrın 8-dən – Azərbaycanın incisi Şuşanın qayıdışından sonra həmin ovqatda, həmin vəziyyətdəyəm…
İllərdi 8 rəqəmi ağrıya dönmüşdü ürəyimdə. Şuşadan başladı bu ağrı – 1992-ci ilin 8 mayından. 2001-ci ilin 8 sentyabrında qayınanam bu dünyayla vidalaşdı. 2011-ci ilin 8 avqustu qardaşım Yusifi ayırdı bizdən.
8 noyabr ömrümüzə elə gəldi, sevinci yazılara, kitablara sığmaz…

Televiziyanın bütün kanallarında yayımlanan Ali Baş Komandanın Şəhidlər Xiyabanında üçrəngli bayrağımızın qarşısında əsgər formasında çıxışı, sinəsində “ŞUŞA İŞĞALDAN AZAD EDİLDİ” sözləri… Nə hala düşdüyümü xatırlaya bilmirəm. Hönkürdümmü, qışqırdımmı – bilmirəm. Bildiyim odur ki, Xan Şuşinskinin məşhur “Şuşanın dağları” şərqisini “Şuşanın dağları başı bayraqlı” kimi oxumağa başladım.
Diqqətim yenə televizora yönəldi. Ali Baş Komandanın Ulu Öndərin məzarı önündə hesabat verirmiş kimi söylədiyi “MƏN XOŞBƏXT ADAMAM Kİ, ATAMIN VƏSİYYƏTİNİ YERİNƏ YETİRDİM” kəlmələri.


Demə, həmin gün Heydər Əliyevlə Zərifə xanımın toy günü imiş.
Ata-anaya bundan böyük hədiyyə nə ola bilər?! – Qarabağın şah tacı Şuşamızın azadlığı xəbəri…
Heydər Əliyevin də tam əminliklə söylədikləri öz həllini tapdı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ananın südü, atanın nəsihəti halal olsun Sizə Ali Baş Komandan!
Başqa nə deyə bilərəm?!


İLHAM ƏLİYEV – Qarabağ boyda problemin QARABAĞ adlı zəfər müjdəli Qələbənin memarı, müəllifi, adı tariximizə qızıl hərflərlə düşəcək şanlı sərkərdə! “İlk gündən söz vermişdim ki, düşməni sonacan qovacağıq. Dedim və elədim. Biz tarixi ədaləti bərpa edirik. Bizim işimiz haqq işidir. Biz qalib gələcəyik.” deyən Kişi oğlu Kişi.
Ali Baş Komandan savaş başlayan gündən – sentyabrın 27-dən yeni tarix yazırdı. Hər gün ordumuzun qələbə xəbərilə bizi müjdələyirdi. Mən isə həmin gündən hər günün uğurlarını qeyd edərək bir növ gündəlik yazırdım. Son nöqtəni Şuşa işğaldan azad olunan gün, tam qələbə günü qoyacağıma söz vermişdim. Nə edim ki, əhdimə hələ əməl edə bilmirəm. Şiddətlə vuran ürəyim sanki ovcumun içindədir. Hələ ki, həyəcandan sevincin böyüklüyünü qədərincə həzm edə bilmirəm.
Tanıyanlar bilir ki, nə pafoslu danışmağı sevirəm, nə də yazmağı. Amma indi ən təmtəraqlı sözlərlə yazıb ürəyimi boşaltmaq istəyirəm. Etiraf edirəm ki, bacarmıram. Yazı-pozu adamları sevdiyin insan barədə söz deməyin çətinliyini yaxşı bilirlər. Həmin çətinlik qarşısında qalmışam.
Sevgim, sevincim – QƏLƏBƏ! Bu QƏLƏBƏni bizə yaşadan fateh sərkərdə İLHAM ƏLİYEV və rəşadətli, müzəffər AZƏRBAYCAN ORDUSU!
Deyirlər, əsl məhəbbət şərh olunmur. Elə bu səbəbdəndir ki, fikirlərimin şərhini verə bilmirəm… Amma bir kitab yazacaq qədər doluyam.
200 ildi Azərbaycan xalqı torpaq verirdi. Bu müddətdə ilk dəfə öz tarixi yerlərini geri aldı. 30 ildi bu günü gözləyirdik. I Qarabağ müharibəsində şəhid olanların qisasını elə onların öz övladları aldılar. Həmin illərdə doğulanların əksəriyyəti oğlan uşaqları idi.
Məlumdur ki, böyük qələbənin önündə Ali Baş Komandan gedirdi. 44 günlük savaş günlərində Azərbaycan xalqı rəhbərini sanki kəşf etdi, yenidən tanıdı. Ölkə başçısı Azərbaycan tarixini necə dərindən bilirmiş. Hərtərəfli intellekt səviyyəyə malik, mükəmməl diplomatik savada, məntiqi düşüncəyə malik müdrik şəxsiyyət.
Dünyanın aparıcı telekanallarının, media nümayəndələrinin qərəzli suallarına rus, ingilis, türk dillərində səlis, sərrast, cəsarətli cavabları adamı heyrətləndirirdi.
Lider-xalq sevgisi, birliyi olmasaydı, qələbə də bizdən uzaq olardı.
“Hər bir insan olduğu yerdə əsgərdir” deyən sərkərdə öz haqqı uğrunda döyüşən ölkənin, rəşadətli ordunun baş əsgəri idi. Düşünürəm, 44 gündə normal yuxuya getdiyi oldumu? Qələbə çalacağını dünyaya bəyan etmək əlbəttə, asan məsələ deyildi. Şükür, Allah-təala haqq işimizdə sərkərdəmizə və xalqımıza yardımçı oldu.
Bilmirəm, fikir vermisiniz, ya yox – tanıdığım ölkə başçıları arasında ən ucaboylu bizim Prezidentdir. Nə xoş ki, haqq işində qalib gəlməklə başı da uca oldu.


“Hər kəs bizim gücümüzü gördü. Həm döyüş meydanında, həm siyasət müstəvisində. Yumruğum yalnız düşmənin bağrını yarmaq üçün deyil. Yumruğum birliyimizdir. Alınmaz qala sayılan mədəniyyət beşiyi Şuşanı qısa müddətdə və az itkiylə almaq yalnız rəşadətli ordumuzun fədakarlığı sayəsində oldu”.
Fikirlərimi yazarkən müxtəlif telekanallar fateh sərkərdəmizin müdrik fikirlərini təkrar-təkrar səsləndirir.
Vətənə sevgi bu insanın ən böyük məziyyətlərindəndir və qətiyyətlə deyirəm ki, onun bu məziyyəti qanla, südlə gəlmədir.
Kadrları dəyişir. Ulu Öndərlə bağlı süjetlər göstərilir. “Azərbaycanın möcüzəli gözəli Şuşanın işğal altında qalması mənim üçün əzabverici haldır. Azərbaycan tarixinin ən parlaq qələbəsi Qarabağımıza qayıtmaq olacaqdır”.


Bu sözləri Ulu Öndər çox böyük ağrıyla söyləyir.
Bu vəsiyyəti təkcə övlad yox, siyasi varis kimi yetirməsi İlham Əliyev yerinə yetirəcəkmiş. Nə xoş!!!
Sonra qədim Şuşanın bəxtəvər günlərindən süjetlər… Vaqifin məqbərəsi açılır. Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət adamları Ulu Öndərin ətrafında tarixi bir gün yaşayırlar… Xalq şairi Nəriman Həsənzadə şeir oxuyur… Şuşaya qar yağır… Yaxşı ki, lent yazılarının ömrü insan ömründən etibarlıdır.
Dünənə qədər o süjetə baxanda ürəyimə qar yağırdı. İndi isə… bəxtəvər günlərin qabaqdadır, Şuşam mənim!
Ayın 8-dəki yaşantılarımı indi nisbətən ayıq başla çözələyirəm. Əməkdar həkim Sevda Nəsrullayeva, şair-publisist Zakirə Allahverdiyeva, tələbə yoldaşlarım – Borçalıdan Yetər Əsgərova, Beyləqandan Ramella Orucova, Qəbələdən Bibixanım İsayeva, Kürdəmirdən Yaqut Bahadurqızı, Lənkərandan bacım Aliyə, gəlinimiz Aytən, qardaşım Yusifin tələbə oğlanları Bəhram və Mehdi… dedikləri yadımda deyil. Çünki üzümdə göz yaşları, ürəyimdə həyəcanlı döyüntülər…
İradə bacım İstanbulda qələbə şərəfinə açdığı süfrəyə bütün türkdilli xalqların nümayəndələrini dəvət etmişdi. Videolentdə qonaqlarının xoş təəssüratlarını göndərmişdi. Qazaxıstandan dayım qızı Məlahət Səfərovanın sevinc həyəcanı isə məni də üstələmişdi. Elə bilirəm qürbətdə yaşayan soydaşlarımızın Vətənə sevgisi bir ayrı cürdür… 1991-ci il noyabrın 2-dən 12-dək orda olduğumdan bunun canlı şahidiyəm. Məlahət Lənkərandan Cambul vilayətinin Çu şəhərinə gəlin köçdü. Mən də, bacısı Gülnaz da onunla bərabər toyuna getdik. Orda yaşayan azərbaycanlıların əksəriyyətilə görüşdüm. Qayıdandan sonra görüş təəssüratlarımı yazıb, müxtəlif mətbu orqanlarda dərc etdirdim. Sonra kitabıma saldım. Telefon danışığımızdan sonra kitabımı götürüb vərəqlədim…
Biz Qazaxıstanda olanda 20 Yanvar hadisələrindən 2 ilə yaxın vaxt keçmişdi. Soydaşlarımız Vətəndən ötrü çox nigaran və narahat idilər. Bunu yazıdakı başlıqlardan da aydın görmək olar: “Qanlı Yanvarın uzaq sədası”, “Qarabağ həsrəti, Qarabağ dərdi”, “Qəribə talelər, oxşar talelər”, “Bizim ellər yerindəmi?”, “Mirxan babanın qəmli hekayəti”, Cümşüd kişinin “Segah” yanğısı” və s.
Məlahət sevincək bildirdi ki, 1991-ci ilin 9 noyabrı – toy günüm təqvimin adi günlərindən biri idi. Sonralar isə müstəqil Azərbaycanın Bayraq günü oldu. 8-dən sonra isə Bayraq günü əsl bayrama çevrildi. Məlahət sonbeşik qızı Esmiranın milli paltarda, nəvəsi Ramazanın üçrəngli bayraqlı şəkillərini göndərdi.
30-32 il öncə yaxın tarixdir. Mən də, həyat yoldaşım da həmin ağrılı günlərin canlı şahidləriyik. 20 Yanvar qırğınının deyərdim ki, iştirakçılarıyıq. Yəqin ki, yaşamaq qismətimiz, bu günlərin sevinclərini görmək qismətimiz olduğundan sağ qalmışıq. Arzularımızın çin olacağı günləri görəcəyimizə görə Tanrıya şükürlüyük.
Rəfiqələrim hər zaman yarıciddi-yarızarafat deyirdilər ki, sən əvvəllər qarabağlı olduğunu bunca bəyan etmirdin. Söyləyirdim ki, nə qədər Qarabağsızıq, hamımız QARABAĞlı olmalıyıq.


Həmin gündən – sentyabrın 27-dən 50 milyonluq azərbaycanlının hamısı QARABAĞlı, QARABAĞçı idi.
Dünya gözəli Şuşa azadlığa çıxan gündən, Qələbə xəbərini eşidən gündən dünyanın bütün azərbaycanlıları zəfər yürüşünə çıxdılar. Gecə-gündüz bilmədən ölçüyəgəlməz sevinci ayaqüstə alqışladılar.
Jurnalist həmkarım İltifat Əhmədov Moskvada yaşayan qızı Məhəbbətin uşaqlarının şəkillərilə məni təbrik etdi. Ailədə milli ruh hakimdir, islami dəyərlər hifz olunur. İltifat müəllim nəvələri Kərbəlayi Məhəmmədəli Hacı Pərvin oğlunun və Rüqəyya Mehdiyevanın bayraqlı şəkillərilə məni sevindirdi.
Var ol, Ali Baş Komandan!
Var ol, Azərbaycan Ordusu!
Ruhunuz şad olsun, qanı yerdə qalmayan əbədiyaşar şəhidlərimiz! Biz sizin hamınızı tanımırıq. Amma hər birinizə bütün ömümüz boyu borcluyuq. Hər birinizin qəhrəmanlığı bir həyat hekayətidir. Bu qəhrəmanlıqlar yazılıb gələcək nəsillərə çatdırılmalıdır.
Şəhid anaları, analıq haqqınızı bizə halal edin.
Qələbə sevincini bizə yaşadan cəsur əsgər! Sənin şücaətin Qərb mətbuatının nümayəndələrini də heyrətləndirib: “Belə döyüş, belə dövlət, belə Vətən sevgisi görən olubmu – demək çətindir. Dağ yuxarı şəhid olmuş yoldaşı çiynində, döyüşə-döyüşə, qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə öləni əldən buraxmırdılar. Nəfəs almadan Şuşaya çatdılar…”
Şuşaya belə nail olduq – qan bahasına!
Azərbaycan əsgərisə dünyaya bəyan edir: “BİZ AZƏRBAYCANLIYIQ! BİZ QARABAĞLIYIQ! BİZ BÜTÖVLÜKLƏ TÜRKÜK! KİŞİLİK ALNIMIZA YAZILIB”.
İzaha ehtiyacı olmayan min faizli həqiqət!


Mehriban xanım! Dünyamızın “Qızıl ürək”li, Xoşməramlı səfiri, ölkəmizin I Vitse Prezidenti! İlham Əliyevin hərtərəfli sirdaşı və mənəvi silahdaşı. Qoşa qanadınız xalqımızın üstündən əskik olmasın. Humanistliyinizin sorağı dünyanı dolaşır.
A qızım,
Millət də mehribanlaşır,
Mehriban dedikcə sənin adına.
N.Həsənzadə

(Amma Paşinyanın arvadı özü kimi quldurbaşıları ətrafına yığıb onlara insan öldürməyi məşq elətdirir.)
Ötən həftə Azərbaycan Radiosunun “Gəl səhərim” verilişinin canlı bağlantısındakı müsahibədə söylədim ki, bu gün Azərbaycan xalqı bütövlükdə bir ordudur – cavanlı-qocalı, kişili-qadınlı… Sərkərdəsi – Ali Baş Komandan – İlham Əliyev! Lənkəranda doğulsam da, ata babam şuşalıdır. Talış xanlığının dəvətilə Lənkərana gələn Sadiq bəy Mehmandarovdan sonra babamgil – iki qardaş Lənkərana köçüb. Tarixi saxtalaşdıra bilmərəm – qohum olublar, dost olublar, deyə bilmərəm. Ümumiyyətlə, Mehmandarovların Lənkərana gedişindən sonra xeyli şuşalı ora köçüb. Mətləbdən çox uzaqlaşdım.

Mehmandarovların soyadını təsadüfən çəkmədim. I Dünya müharibəsinin komandanı, artilleriyanın atası adlandırılan, müstəqil Azərbaycanın ilk Hərbi naziri Səməd bəy Mehmandarov Lənkəranda dünyaya göz açıb. Ümumiyyətlə, Cənub bölgəsi tarixən hərb xadimlərilə məşhur olub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov! Amma bu şəxs ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı almasının sevincini yaşaya bilməyib. Kimdi səbəbkarı? – xain ermənilər tarix boyu xalqımızın düşməni olub. Nə xoş ki, Azərbaycan əsgəri bütün bunların da qisasını alıb…
Deyirlər, aslan olan yerdə çaqqal qaçıb gizlənər. Amma öz millətinin düşməni olanlar çaqqal qədər də deyil. Ordusu ordumuzla deyil, mülki əhali ilə döyüşür.
Amma bizim Prezidentin reytinqi bu gün yüz faizdir. İnanmıram, dünyanın hansı ölkəsindəsə bunca lider-xalq birliyi ola. Prezident xalqın ən sevimli insanıdır. O bəxtəvər tarixi günü adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq sərkərdə gözlədiyimizdən də tez yaşatdı bizə. Əlbəttə, müdrikliyi sayəsində, qətiyyəti sayəsində, diplomatik savadı, ən başlıcası sağlamlığı bahasına.

Bütün dünya qarşısında qələbə çalacağını bəyan etmişdi. Sözünü kişi kimi dedi və nail oldu. çünki nəfəsi haqqdan gəlirdi.
2019-cu ilin oktyabr ayında cənab Prezident Soçi şəhərindəki Valday beynəlxalq diskussiya klubundakı iclasda çox böyük inamla “Qarabağ Azərbaycandır! Nida!” söyləmişdi. Böyük inamla söylənilən bu sözləri həmin ayda çapa imzaladığım “Söz” jurnalının manşetinə çıxardım.


Gümanımda yanılmadım. İnamım çin oldu. İndisə uca səslə deyirəm – Zəfərin mübarək, Azərbaycan! Nida!!!

Müəllif: Sevda ƏLİBƏYLİ

SEVDA ƏLİBƏYLİNİN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ataqam. Söz yaradıcılığı.

Ataqam – Söz yaradıcılığı

“Daş” şəkilçisi ilə yaranan və əsasən, birgəlik bildirən xeyli söz var: “vətəndaş”, “yoldaş”, “qardaş”, “sirdaş”, “tərəfdaş”, “yurddaş”, “yandaş”… Bu şəkilçinin imkanından daha yaxşı istifadə edə bilərik. Tənqid və təklifləriniz üçün bir neçə yeni söz yazıram:

1. Ömürdaş: “Arvad”, “həyat yoldaşı” sözünə xeyli irad görürük. Anadolu türklərinin işlətdiyi “eş” də gözəl sözdür, xüsusən də qadınlarla kişilərin bərabərliyi baxımından. Qəbul etsək, təəssüf ki, [“eş”in məlum sözlə assosiasiyası bu sözün işləkliyinə əngəl olacaq” – N.M.].

2. Gündaş: Ad(d)aş sözümüz var, eyni adı daşıyanlara deyirik. Eyni gündə doğulanlara «gündaş» deyə bilərik. Bu qəlibdən istifadə edib, “aydaş”- eyni ayda doğulanlar”, “ildaş” – eyni ildə doğulanlar sözlərini yaratmaq olar. Şühbəsiz, bu sözlərin işləkliyi dar olacaq, amma bədii mətndə hərdən lazım olur.

3. Işdaş: “Həmkar”, “iş yoldaşı”, “kolleqa” – heç birinə etirazım yoxdur, əksinə, sinonimlərin çoxluğuna sevinirəm. (Bu sözü artıq hər yerdə işlədirəm, məncə, adamlar vərdiş edir)

4. Ruhdaş: Eyni ruhlu adamlar, ruh əkizləri. “Ruh” sözünün ərəbcə olduğuna irad bildirən olsa, “tindaş” variantni müzakirə edə bilərik. “Tin” – qədim türkcədə “ruh” deməkdir.

5. Nurdaş – “nur” (işıq, şölə) ərəb sözüdür, ehtimal ki, ərəblər də şumerlilərin “inuri” (işıq, aydınlıq) sözündən götürüblər. “Nurlanma, aydınlanma dostları” mənasında işlənə bilər. Söz sufilər, buddistlər, krişnaitlər üçün maraqlı ola bilər.

Mənbə: Ataqam

Müəllif: ATAQAM

ATAQAMIN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“SÖZ” OĞUZUN “ÖZÜ”DÜR.

“SÖZ” OĞUZUN “ÖZÜ”DÜR.

(alternativ düşüncə)

Deyirlər ki, amerikalıların həyat məsləki “A bit of money, a bit of life”. Yəni “Azacıq bir para, azacıq bir həyat”. Mənim öz aləmimdə isə “A bit of word, a bit of life” Yəni “Azacıq bir söz, azacıq bir həyat”. Bu məslək mənim üçün müqəddəsdir.

Təbii ki, söz insanın yaranışından mövcud olmuşdur. Söz necə yaranmışdır? Bu suala cavab vermək çox çətindir. Elə bu səbəbdən də dilçilik elminin yaradıcıları bu çətin sualın altına girməmək üçün sözün təsadüf nəticəsində yaranmasını izah etmişlər. Və demək olar ki, gələcək nəSillərin suallarından da sığortalanmaq üçün bu cür konkret fikirlərini bildirmişlər. Əgər sözün yaranması zərurətdirsə, insanın onun yaranmasında zehni fəaliyyəti olmuşdur. Hər bir yaranan yeni sözün insanlar tərəfindən qəbul edilməsi bir əsasa dayanmalı idi. Bu əsas (qanun) nə ola bilərdi? İbtidai insanları buna necə inandırmaq mümkün olardı?Bu suallar heç də təsadüfi deyildir. Bu suallara cavab vermək üçün ən ibtidai insanın təsəvvürünə bələd olmaq gərəkdir. Bəs necə?

Ən ibtidai insan ən qədim dövrdən özünü dərk edəndən Tanrını dərk etmişdir. O, ətrafında olan insanların Tanrı və onun inancları qarşısında icra etdikləri ritualları görür, az sayda bildikləri sözlərlə bunu anlamaq istəyir və beləliklə onun özü də bu icmaya qoşulur. Sosiallaşma yolu ilə tayfanın adət-ənənəsinin davamçı-qoruyucusuna çevrilir.

O, təsəvvür edərək dərk edir ki, onu tanrı yaratmışdır. Əgər onun özünü tanrl yaratmışdırsa, deməli onun sözünü də tanrı yaratdığına inanmışdır. Məhz bu səbəbdən də ibtidai insanlar ilkin sözlərin hamısını Tanrının adı ilə yaratmışlar. Əgər biz inancın (totemin) elmi tərifinə diqqət versək, bir daha bu fikrin elmi əsaslara söykəndiyini görərik.Tərifdə deyilir ki, tayfalar öz adlarını inandıqları Tanrının və onun inanclarının adları ilə adlandırırlar.

Əgər biz özümüzü “OĞUZ” hesab ediriksə (“O” protezası dildə sözün yumşalmasına xidmət etmişdir. Ərəblər açıq “o” səsini çox işlətmədikləri üçün bizləri “quz, quzlar” adlandırmışlar.) ən birinci özümüzdən başlamalıyıq. Əgər sadəcə olaraq dünya dilçilərinin fikri ilə bu məfhuma yanaşsaq, onlar kimi “təsadüf” deyib durarıq. Və bunu da heç kəs bizdən tələb etməzdi. Əslində “sual”ın özü sübutu tələb edir. Sübutsuz elm gərəksizdir. Çox vaxt humanitar elmlərin şifahi yolla yaranması baxımından onları dəqiq elmlərdən saymırlar. Mənim fikrimcə dilçilik elmi dəqiq elmlərin başlanğıcıdır. İnsan sözü ilkin elmi dərrakəsi əsasında yaratmışdır. Bəlkə də dünya alimləri sözlərin yaranmasında TEOLİNQVİSTİKANIN roluna bələd olsaydılar, bu fikri söyləməzdilər. Sadəcə olaraq özümüzün olan “bərk” sözünə baxaq. Hər hansı bir dilçi alimə sual olunsa, cavab ancaq təsvirlə yozulardı. Əgər “bərk” sözünə dilin əsaslı şəkildə öyrənilməsi strukturu olan dillərin müqayisəli paralelizmində semantikasına baxsaq, əsl mənzərəni sezmiş olacağıq.

Qədim Oğuzların inanclarından biri də “qurd” olmuşdur.” Qurd”a bəzi türk tayfaları “böri” demişlər. Eyni zamanda qədim insanın inancının əsas seçim mahiyyəti onun qüvvətli bir varlıq olması əsasında idi. “Bərk” sözü Tanrının və onun inancının təsəvvüründən “güc” mənasında yaranmışdır. Hətta ibtidai təktanrıçılığın əsasında “bir” sözü də “bərk” sözündən törəmədir. Hər iki semantika latın dilli xalqların dillərində də eyni paralellikdə durur. Qədim Oğuzların “bərk” sözü “solid”, “hard”, “firm”, “firce”, tough”, “dur” və s. sözlərinin hamısı tanrısal teoforlardır. “Sol” günəş tanrısı, “har” “fir” fironizmdən dalğa nəzəriyyəsi əsasına tanrı adları, “teo” və “deo” tanrı adından törəmələr və s. Yeri gəlmişkən “duralminium” sözü də “bərk aliminium” deməkdir.

“Birinci” sözü də eyni paralellikdədir. Latın dillilərdə “primary”, “prima”,“first”, “former” və s. Dalğa nəzəriyyəsi ilə latın dilli xalqlarda fironizmin Tanrı təsəvvüründən yaranan sözlərdir. (Mənim zənnimcə tarixdə Fironların sülaləsinə verilən 5000 il yaş çox azdır. Əgər dünyanın xalqlarının dilində fironizmlə bağlı bu qədər sözlər varsa, bunların hamısı uzunmüddətli gücün hesabına başa gəlmişdir.Bizim tariximizdə olduğu kimi…)

Həqiqətən də araşdırmadan aydın olur ki, dildə sözlərin yaranmasında riyazi (təqribi-yəni doğruya yaxın) əsas vardır. Məhz bu səbəbdən də dilçilik elmini dəqiq elmlərə aid etmək olar.

Keçək əsas məsələyə. ”SÖZ” OĞUZUN “ÖZÜ”DÜR.”

Biz niyə “OĞUZ” adlanmışıq? Yəqin ki, bu sualı dünya dilçilərinə versək yanılmış olarıq. Bizi özümüzdən başqa yaxşı tanıyan olmaz.(Kaş hamı özünü yaxşı tanıya biləydi…) İnancın tərifinə qayıdaq.Tayfalar özlərini Tanrının və inancın adı ilə adlandırırlar. Bizim Ulu dil və Ulu Tanrımız “Qa” olmuşdur.Özümüzü ”Qu+z(cəm), Quzlar” adlandırmışıq. Qohum tayfalarımız da özlərini “Hun” adlandırmışlar. Bu ad da “Qa” tanrısının adındandır.”Qa+n, qun (gün),han, hun, xan, kan və s. Nəticə etibari ilə dünyanı bərqərar edən “Günəş” tanrıçılığın əsası olmuşdur. “Tanrı” sözünün özü də “ta+n” sözündən yaranmadır.Əslində hər türk tayfasının ayrı-ayrı tanrıları olmuş, sonralar birləşərkən tayfa dilləri sinonimik sözlər vasitəsi ilə oğuz dilləri yaratmışlar. Uzaq düşən tayfalarda vahid türk dilinin başa düşülməməsinin səbəbi ərazilərin biri-birindən uzaq düşməsi və baş vermiş işğalçılıq səbəblərindəndir.

Əgər biz özümüzü “Oğuz” adlandırmışıqsa, deməli biz “Oğuz adamıyıq”. “Adam” sözü Ulu dilə mənsub olduğundan bütün dillərdə eyni mənanı kəsb edir. Yəni mübahisəlidir. Əslində Ön Asiyadan gəlmə sözdür.Əgər bütün xalqların Tanrı təsəvvürü eyni yuvadan, yəni Od tanrısındandırsa, elə “Adam” sözünün tərkibində olan “ad-od” yeganə olaraq türk dillərində fonoloji “od” mənasını bildirir.

Əgər tayfanın fərdlərdən formalaşmasını əsas götürsək, buradan aydın olacaqdır ki, “adam” mənasını bildirən “Öz” sözünün özü də, “ğuz” sözündən törəmədir.Yəni “adam”, “mən” sözünün epiteti kimi “öz” formasını fonoloji cəhətdən formalaşdırmışdır.Sonradan cəm forması olan “Biz” sözü də buradan qaynaqlanmışdır. (Hansı dilçiyə sual versəydiniz yəqiki “daşlaşmış” cavabını alardınız.)

“SÖZ” sözü də,“ÖZ” sözündən yaranmışdır. Əgər insanı tanrı yaratmışdırsa və yalnız insan (öz) nitqə qadirdisə, deməli “SÖZ” adama “ÖZ”ə məxsusdur.Ərəb dilində də “insan” sözü ilə “lisan” sözü eyni yuvadandır. Dilimizdə olan “danışmaq” sözü də “Tanrı” sözündəndir.(t-d)

İbtidai insanın söz yaradıcılığında əsas şərt sözləri biri-birindən ayırd etmək təfəkkürü olmuşdur. Yəni söz təsadüfdən yox, ilkin rüşeymin şaxələnməsi əsasında, yəni bir kökdən yaradılmışdır.Bəzi oğuz tayfaları “qadın”a “özük” deyirlər. (Kaşğarinin lüğəti) Yəni özününküləşdirmək mənasındadır. Qadının ərdə olmasının əlaməti olan “yüzük, üzük” sözü də “öz” sözündən yaranmadır.Qədim türklərin “Özük”-yəni “hovuz” mənasını bildirən sözü metaforik söz olub, üzüyə bənzəməsindən alınan dövrün neologizmidir. Məgər bu qədər sözlərdə rabitə yoxdurmu? Dilçilik elminə yeni baxışlar və yeni nəzəriyyələr gərəkdir. Əgər biz “ÖZ” sözünün “Od Tanrısı” nın adı ilə bağlasaq keçmiş dövrün “neologizm”i olan “köz”-“öz”, “söz” sözünü “od” mənasında olduğunun şahidi olacağıq.Şairlərin dili ilə desək “söz içimdə özümü yandırır”. Dədə Qorquda gedib çıxsaq “Ozan” sözü də “söz” sözündəndir. Yəni “Söz söyləyən”.Söz ozana verildisə, mənim sözüm qurtardı.

P.S.Təkrar etsəm də, bu stildə məqalə yazmaq həddindən artıq çətindir. Ən birinci çətinlik persuasvlikdir. Yəni inandırıcılıqdır. Elə “inanc” sözünün özü də, ərəb dilindəki “inam” sözündəndir. Dilçilik elmində “yad fikir”, yəni “öz” sözünün antonimi olan “özgə” söz özünə çətin yol tapır. Deyirlər “Qızıl sahibindən qiymət götürər”. Həmin qızılı kasıb adam taxarsa, çoxları onu saxta hesab edərlər. Bəlkə də mənim yazdıqlarımı ali elmi dərəcəsi olanlar yazsaydılar, çoxdan “Nobel Mükafatı” təsis idarəsinə müraciət edərdilər. Deyirlər məhşurlar özlərindən sonra məhşurlaşırlar. Bizim də ümidimiz bunadır. Almanlar demişkən “Alles gut, ende gut”. Yəni “Hər şeyin axırı yaxşı olsun”!

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


SATIŞDA OLAN YENİ KİTABLAR

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru