Etiket arxivi: Cəlilabad

Cəlilabadda kitab təqdimatı

Cəlilabadda kitab təqdimatı
“Həməşəra” müstəqil, elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanının təşkilatçılığı ilə Cəlilabad şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) Cəlilabad ədəbi mühitinin ziyalı nümayəndəsi, şəhid qardaşı, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair Sakit Üçtəpəlinin bu ilin ilk günlərində dünyasını erkən dəyişmiş əziz qızı, tibb bacısı Şükran xanım İsazadəyə həsr edilmiş “Həyatına Şükran” adlı xatirə kitabının təqdimat mərasimi keçirilmişdir.
Vətən və dövlətçilik yolunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayan tədbir rayonun tanınmış ziyalı simaları, müəllimlər və Cəlilabad ədəbi mühitinin parlaq nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə, həm də mənəvi aurada keçirildi.
Tədbiri öz nitqi ilə açan kitabın müəllifi, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist İlqar İsmayılzadə ilk öncə Cəlilabad MKS-nin ziyalı və direktoru Qənimət xanım İsrafilovaya yaratdığı şəraitə və ədəbi tədbirlərə verdiyi səmimi və təmənnasız dəstəyə görə təşəkkürünü bildirdi.
O, öz giriş çıxışında “Həyatına Şükran” adlı qısa təqdiamt və xatirə kitabının ərsəyə gəlməsindən söz açdı və ərsəyə gəlmiş kitabın əslində yaçızı-şair Sakit Üçtəpəliyə və onun ailə üzvlərinə mənəvi dəstək olmaqla yanaşı, həm də dünyanı erkən tərk etmiş əziz Şükran xanımın xatirəsinə bir ithaf olduğuna təkid göstərdi.
İ.İsmayılzadə dünya həyatının fani və ötəri olduğu, hər bir insana isə Ulu Tanrı tərəfindən xüsusi bir ömür payının verildiyini bildirərək insanın bu məhdud ömür payını bioloji olaraq yaşaması üçün özünü müxtəlif təhlükələrdən qorumağa mükəlləf olduğunu xüsusilə vurğuladı. O, “Həyatına Şükran” xatirə kitabının ərsəyə gəlməsində öz şeirləri, esse və başsağlığı mətnləri ilə çıxış etmiş, həmçinin, kitabın nəşrində maddi dəstək olmuş hər kəsə təşəkkür edərək yazıçı-şair Sakit Üçtəpəliyə baş vermiş ağrılı və kədərli itkiyə görə dərin hüznlə başsağlığı verdi, ona və yaxınlarına səbirli olmağı arzuladı.
Tədbirin davamında “Əmək zərbəçisi” və “Əmək veteranı” Hacı Paşa müəllim Rüstəmov, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Cahangir müəllim Muradov, veteran pedaqoq Dadaş müəllim Bayramov, ADPU Cəlilabad filialının baş müəllimi, arxeoloq və tarixçi-tədqiqatçı alim Ələsgər müəllim Mirzəzadə, “Həməşəra” Fəxri Diplomu laureatı, rəssam xanım Laləzar müəllimə Sadıqova, həmçinin, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən: AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı, şair-publisist Əfrahim Abbas, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair Mikayıl İnçəçaylı, AYB-nin üzvü, bədii qiraətçi, şair Əlövsət Tahirli, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi və veteran pedaqoq Adıgözəl müəllim Nuriyev, hərbi pedaqoq və şair mayor Elşən müəllim Türksoy və “Həməşəra” Fəxri Diplomu laureatı, şair Azər Mirzə, ədəbi mühitimizin xanım nümayəndələrindən isə: “Həməşəra” Fəxri Diplomu və “Qızıl Qələm” Media Mükafatı laureatı, şair Gülşən xanım Şahmuradlı, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Seylan xanım Abbas, Cəlilabad MKS-nin əməkdaşı, bədii qiraətçi, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Müşahidə xanım Nərimanova, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Gülcahan xanım Xürrəm, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, şair Sevinc xanım Şirvanlı və “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, AYB və AJB-nin üzvü, şair-publisist Arzu xanım Əyyarqızı öz çıxışlarında “Həyatına Şükran” kitabının müəllifi İlqar İsmayılzadəyə qısa bir müddət ərzində gördüyü belə bir nəcib işə görə təşəkkür edib, xatirə kitabının əbədi bir əsər olaraq yazıçı-şair Sakit Üçtəpəliyə mənəvi dəstək və təskinlik amili olduğunu vurğuladılar, ona və yaxınlarına Ulu Tanrıdan səbir dilədilər.
Gözəl, səmimi və mənəvi aurada keçən təqdimat mərasimindən sonra tədbir iştirakçıları üzürlü səbəbdən tədbirə qatıla bilməyən Cəlilabad ədəbi mühitinin nümayəndəsi, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-publisist və şair Sakit Orduxanlıya baş çəkib, onun sağlamlıq durumu ilə yaxından maraqlandılar. Tədbirdən fotolar:

Məlumatı hazırladı: İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

BİR ŞEİR PAYI – Əfrahim Hüseynli

“BİR ŞEİR PAYI” LAYİHƏSİ

Qalmışam payızla qış arasında

Hecası pozulan misralar kimi
İndi nə desən də, qəlbimə yatmaz.
Daşı əritsə də etiraf…filan…
Şaxtaya, soyuğa, sazağa batmaz.

Mən elə yollardan çıxıb gəlmişəm,
Sirli nə qayası, dolayı qalıb.
Bir güman xətrinə pay etmək üçün
İllərin nə günü, nə ayı qalıb.

Qalmışam payızla qış arasında
Uzaq gümana da yol-bərə yoxdu.
İşə bax, deməyə dilim də gəlmir,
-Eh, nahaq bir adam qarşıma çıxdı!

Günahlar üçürub bəndi-bərəni
Baharın sellənən yağışı kimi.
Dayanıb qarşımda sadəlövhlüyüm
Ayların illərin qarğışı kimi.

Gözümə yad olan yuxularım da
İndi mənim üçün yuxu kimidi.
Arayıb gəzməyin mənası yoxdu,-
Günah sahibi kim, haqlı kim idi.

Daha heç oxuma şeirlərimi,
Gərək olmadısa bir “qəlbiidaş”a…
Oxusan, xəbərsiz gözündən düşər
Qalan günlər-aylar, il başdan-başa.


Əfrahim Hüseynli Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı, “İbn Sina”, “Cəsarətli qələm”, “Xəmsə”, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, həkim, şair (Cəlilabad rayonu)

“BİR ŞEİR PAYI” LAYİHƏSİ

Layihə rəhbəri: İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Həməşəra” Mətbu Orqanı – 10 il – Hesabat

“Həməşəra” Mətbu Orqanı – 10 il
(Bir mətbu orqanın təqdimatı və 10 illik hesabatı)
“Həməşəra”: Müasir və doğma Cəlilabadın qədim adıdır. Bu ad əslində “Ən böyük şəhər” mənasını yetirən və zaman ötdükcə fonetik baxımdan dəyişikliyə uğramış “Əbərşəhr” sözünün təhrif olunmuş formasıdır.
Bu il özünün 10 illik yubileyini qeyd edən “Həməşəra” müstəqil elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanı da məhz həmin tarixi və qədim adı daşıyır. Mətbu orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 19.03.2020 tarixində № 4297 ilə qeydiyyata alınmışdır.

Yaranma tarixi:
“Həməşəra”: müstəqil elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanı 01.10.2015 tarixində Bakı şəhərində təsis edilmişdir. Mətbu orqanın ilk təsis mərhələsi “Facebook” sosial şəbəkəsi üzərində həyata keçmiş və internet üzərindən fəaliyyətə başlamışdır. Lakin 2020-ci ilin ikinci yarısından (2020, iyul) etibarən rüblik mətbu orqanı olaraq məhdud tirajda nəşr edilməyə başlamışdır.

Adın dəyişdirməsi:
“Həməşəra” mətbu orqan 01.10.2015 tarixindən etibarən 08.10.2021 tarixinə kimi “Cəlilabad” olsa da, 08.10.2021 tarixindən bu günədək “Həməşəra” adı ilə fəaliyyət göstərir.

Mətbu orqanın devizi:
“Həməşəra” mətbu orqanının ilk əvvəldən istifadə etdiyi deviz (şüar) “Dəyərliləri dəyərləndirmək borcumuz və fəxarətimizdir!” cümləsindən ibarət olmuşdur. Kağız formatında çap olunan mətbu orqanın devizi isə belədir: “Hər bir millətin süqutu öz keçmiş tarixini unudarkən başlayır!”

Hədəf:
“Həməşəra” mətbu orqanının əsas hədəfi çoxşaxəli və genişdir. Belə ki, bu mətbu orqan Odlar Yurdu Azərbaycan Respublikasının ayrılmaz parçası olan Muğan elləri və xüsusilə də onun ən böyük şəhəri və mərkəzi olmuş qədim Həməşəra (müasir Cəlilabad)-la bağlı aşağıda sadalanan mövzuların araşdırılması və təbliğini öz üzərinə götürmüşdür:

  • Tarix;
  • Mədəniyyət;
  • İncəsənət;
  • Folklor;
  • Etnoqrafiya;
  • Toponimlər;
  • Müxtəlif (siyasət, mədəniyyət, incəsənət, tarix, idman, ədəbiyyat və s.) sahələrə aid olan dəyərli insanların təqdimatı…

Yayımlanan statusların sayı:
“Həməşəra” mətbu orqanının Facebook sosial şəbəkəsi üzərində fəaliyyət göstərən səhifəsində 01.10.2025-ci ildən etibarən bu günədək 3500-dən çox təbiət, tarix, mədəniyyət, incəsənət, ədəbiyyat, kitabşünaslıq, təqdimat və s. kimi müxtəlif kateqoriyalar üzrə statuslar hazırlanaraq paylaşılmışdır. Paylaşılmış statuslar isə ümumi baxımdan aşağıdakı formatda olmuşdur:

  1. Fotoşəkil və yazılı statuslar – 95%
  2. Video statuslar – 4%
  3. Digər (faydalı internet linkləri və s.) statuslar – 1%.

Bəyənənlər və izləyicilər:
“Həməşəra” mətbu orqanının rəsmi FB səhifəsi bu günədək 4930 nəfər tərəfindən bəyənilmiş və izlənilməkdədir. Lakin paylaşılan statuslar minimum 500, maksimum 53.000 nəfər tərəfindən izlənilir.

Səhifənin izlənildiyi ölkələr:
“Həməşəra” mətbu orqanının rəsmi FB səhifəsi əsasən Azərbaycan Respublikasının ərazisindən, bundan əlavə digər ölkələrin ərazisindən izlənilir. Bunu ümumi olaraq aşağıdakı kimi göstərmək olar:

  1. Azərbaycan Respublikasının ərazisindən – 95%
  2. Digər ölkələrin ərazisindən – 5%.
    Burada digər ölkələr dedikdə, əsasən Rusiya, qardaş Türkiyə, Almaniya, Albaniya, ABŞ, Kanada, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və s. ölkələr nəzərdə tutulur.
    Səhifənin izləyiciləri cinsiyyət baxımından 85% bəylərdən, 15% isə xanımlardan ibarətdir. Yaş qrupu isə 18-68 arası göstərilir.

Problemlər:
Digər bütün sahələrdə olduğu kimi “Həməşəra” mətbu orqanının da təsis edildiyi ilk gündən indiyədək müxtəlif problemləri olmuş, bir sıra çətinliklərlə qarşılaşmışdır. Burada onlardan bir neçəsini sadalamaq olar:

  1. Uzun illər boyu internet probleminin olması;
  2. Ayrı-ayrı qərəzli və paxıl şəxslər tərəfindən heç bir sübut təqdim etmədən və əsassız olaraq plagiatda ittiham edilmək;
  3. Min bir əzab-əziyyətlə araşdırıb yazdığım və status formasında ərsəyə gətirdiyim müxtəlif materialların dəfələrlə ayrı-ayrı media qurumları və şəxslər tərəfindən plagiat edilməsi;
  4. Sifarişlə işləmək, görülən işlər qarşısında pul almaq, yaltaqlıq, məddahlıq və s. bu kimi ittihamlara qarşılaşmaq;
  5. Dəyərləndirmə mədəniyyətinin formalaşmadığından görülən işlərin ayrı mənada anlaşılması…

Uğurlar:
“Həməşəra” mətbu orqanının təsis edildiyi gündən bu günədək bir sıra mühüm uğurlara imza atılmışdır. Onların daha önəmli olanlarını aşağıdakı kimi sadalamaq olar:

  1. Cəlilabad və onun qədim və tarixi adı olan Həməşəra adının ölkə və beynəlxalq səviyyədə şöhrətlənməsi və tanıdılması;
  2. Doğma yurdumuzun dəyərli simalarının tanıtdırılması və təbliğ edilməsi, əslində isə cəmiyyət üçün gözəl örnəklərin göstərilməsi və dəyərlərin təbliğ edilərək yaşadılması;
  3. Dəyərləndirmə mədəniyyətinin formalaşmasına dəstək verilməsi;
  4. Mətbu orqan nəzdində “Həməşəra” Fəxri Diplomunun təsis edilməsi və indiyədək doğma Cəlilabaddan başqa Bakı, Lənkəran və Yardımlıdan olan, eyni halda müxtəlif sahələrdə uğurları və xidməti olan 50-ə yaxın dəyərli insana təqdim edilməsi.
  5. Mətbu orqan nəzdində ədəbiyyat sahəsində “Nizami Gəncəvi” Fəxri Diplomunun təsis edilməsi və indiyədək Cəlilabad ədəbi mühitindən olan 6 tanınmış qələm əhlinə təqdim edilməsi;
  6. Aşağıda adları sadalanan kitab, monoqrafiya və təqdimat əsərlərinin ərsəyə gəlməsi və işıq üzü görməsi:
  • “Yurudmun tarixi”;
  • “Muğan tarixi”;
  • “Həməşəra tarixi”;
  • “Astraxanbazar tarixi”;
  • “Cəlilabad tarixi”;
  • “Muğan Xalçaçılıq Məktəbi”;
  • “Muğan mətbəxi”;
  • “Muğan tarixçiləri”;
  • “Küp qəbirləri mədəniyyəti”;
  • “Muğan diyarının tarixi abidələri”;
  • “Muğan mədəniyyətində dörd simvolun sirri”;
  • “Maddi-mədəniyyət nümunələrində svastika simvolu”;
  • “Novruz bayramı barədə araşdırma”;
  • “Kamillik zirvəsinin fatehi” (Hacı Paşa Rüstəmovun təqdimat);
  • “Müdrik insan” (Cahangir Muradovun təqdimatı);
  • “Cəlilabad Güləş Məktəbi”;
  • “Qələm tutan incə əllər (Cəlilabad ədəbi mühitinin xanım yazarları barədə ərsəyə gəlmiş və nəşr olunmuş ilk təqdimat əsəri);
  • “Şəhla Rəvan zirvəsi” (Şəhla Rəvanın təqdimatı)…
    Bundan əlavə, indiyədək Muğan ellərinin tarixi və mədəniyyətinə aid olan aşağıdakı xəritələr də hazırlanmışdır:
  1. “Qədim Muğan şəhərlərinin xəritəsi” – 2020;
  2. “Muğan zonasının müasir rayonları” – 2022;
  3. “Küp qəbirləri xəritəsi” (Azərbaycan Respublikası ərazisində tapılmış küp qəbirlərinin xəritəsi) – 2022;
  4. “İran ərazisində yerləşən Muğan zonasının müasir rayonları” – 2022;
  5. “Qədim Muğan diyarı və onun şəhərlərinin xəritəsi” – 2025;
  6. “Həməşəra şəhərinin xəritəsi” (Qədim Həməşəra şəhərinin kordinatları) – 2025…
    Sonda “Həməşəra” mətbu orqanı çərçivəsində qədim diyarımızın tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı və milli-mənəvi dəyərlərimizə davamlı, daha geniş və faydalı xidmətlərin həyata keçirilməsini arzulayır, bu sahədə bizə dəstək olan bütün səmimi və dəyərli insanlara öz səmimi təşəkkürümü bildirirəm!

22.12.2025

    İlqar İsmayılzadə,
    fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, yazıçı-publisist

    İLQAR İSMAYILZADƏNİN YAZILARI

    ŞƏHLA RƏVANIN YAZILARI

    ZAUR USTACIN YAZILARI


    YAZARLAR.AZ

    I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

    I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I