QAYA 11
(Tağım komandirim, şəhid baş leytenant Emil Əsədovun xatirəsinə)
Vətən eşqin şəhid etdi,
Amma səni öldürmədi…
Səndən qabaq şəhid oldu dostun,
cənab leytenant…
O oldu öldürən səni –
O xəbəri eşitdiyin zamandan etibarən
Susdun, cənab leytenant!
***
Biz Füzulidə üç saat mərmi altda qalanda,
Anan deyirdi: Allahım,
Sağ-salamat gəlsin Emil;
Atan qurban boyun aldı,
Torpaq səni qurban boyun alanda!
Çıxartdın mühasirədən polkovniki,
Üzün güldü
üzün əsgərlərə sarı dönəndə:
Oldun cənab baş leytenant –
Ulduzunun biri artdı,
Bəxt ulduzun sönəndə!
***
Noyabrın yeddisi,
Xocavənd ərazisi:
Bir tərəfdə əsgərlərin döyüşdən çıxardığı
baş leytenant Əsədov…
Bir tərəfdə yerə düşmüş rabitə:
– Qaya on bir… Qaya on bir…
Qaya on bir eşitmir!
PƏNCƏRƏ
Bəlkə uzaq dəhlizlərdən yaxşı görünmür
Laçın pəncərələri –
Havası çatmır Vətənin, boğulur,
Açın pəncərələri…
***
Otuz ildən sonra bağlaya bildik
Açıq pəncərələri –
Bitişdirdi torpağın şəhid qanı
Qırıq pəncərələri…
***
Qapıdan qovulan bir də gəlməsin,
Tutun pəncərələri –
Keçmişimiz təkrarlanmasın,
Örtün bütün pəncərələri…
ŞƏHİD ANASI
“Laylay dedim yatasan,
Qızılgülə batasan…”
Qərənfil deməmişdi ki,
Qızılgül demişdi ana…
***
Yazan çox qısa yazdı –
İyirmi il çox azdı:
Oğlunun son ad günündə
Yüz yaş istəmişdi ana…
***
Ayın üçündə gəldi,
Bayraq içində gəldi –
Əli bayraqlı əsgərin
Yolun gözləmişdi ana.
***
Çətindi övlad qəmi,
Solğunlaşıb görkəmi –
Nəyin qarşılığıydı bu,
Göyə neyləmişdi ana?
Müəllif: Elvin İntiqamoğlu
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru