
Bugün o gündür, Fariz..
Bugün o gündür, Fariz.. Bugün Şəhid xəbərini aldığımız gündür… Lənət olsun sənə, Oktyabr! Bu, sənin adını hər an ağzımızdan düşürmədiyimiz, amma bu dəfə daha ağır, daha dərindən bir acıyla çəkdiyimiz gündür. O an ürəyimizə bir yaraya dönən o xəbəri aldıq. Amma sənin cismindən ayrıldığının xəbərini heç bir zaman qəbul edə bilmədik. Hələ də düşünürəm,necə oldu ki, odun alovunun içindən sənə bir toxunuş belə edə bilmədik? Bir neçə gün sənin şəhid olduğun ərazidə tərk edildin..Ruhu göylərdə, yüksək yerlərdə uçan bir qəhrəman,amma bədəni döyüşdə yan yana qaldığın şəhid qardaşlarınla birgə bir boş ərazidə qaldı.
Evdə çay dəmləyirdim.Sən gələcəksən deyə…Qapıya baxırdım.Bəlkə bir xəbər gələr. Amma gələn səs “O, şəhid olub” -deyə çökdü içimə. Dərindən, axıradək yandırdı. O çay soyudu, Fariz.. O çay da sənsiz qaldı.Sən odu keçdin, barıtı udqundun, qanla sulanmış torpaqda iz qoydun.
Adın sadəcə bir Şəhid adı deyil.
Sən döyüşdə alovu qucaqlayıb şəhadətə gülərək gedən bir qəhrəmansan.
Və indi bu torpaq səni bağrına basıb yatıb. 16 oktyabrda isə tabutunu qucaqlayıb, son dəfə sənə sarılıb, son mənzilinə yola salacağım gündür…Nə olar 5 il əvvələ qayıtsaq, o xoşbəxt günlərimizi yaşasaq, səninlə evliliyimizin 8-ci ildönümünü qeyd etsək…Nə olar…Zaman çox qəddardır, sevdiklərimizi bizdən alır…Biz qan ağlayırıq, torpaq sevinir…
Vətən səni unudarmı, Fariz? Heç vaxt…
Müəllif: Əzizə Fariz