
Sənsizliyin 5 ili bugün tamam oldu, Fariz…
Sənə yazıram, amma oxumayacağını bilirəm.. Səni son dəfə qucaqladığım gün hiss etdim ki, ürəyimin bir hissəsi səninlə getdi. Sən getdin biz qaldıq, amma sənlə birlikdə zaman da dayandı. Saatlar, illər keçir amma mən o günün içində qalmışam.Getdiyin gündə…
Bu gün məzarının başındayıq.. Üzərində güllər var,amma bu güllər göz yaşından daha az yaşadı…
Anan sağımdadır, mənə sarılıb, sənin qoxunu məndən alır..O artıq susur. Əlini tuturam titrəyir… “Qəhrəman oğlum” deyir… amma səsi sanki “balam” deyə haray çəkir içindən. Heç kimə göstərmədiyi bir ağrını gözünün içindən süzür…Gecələr səssiz ağlayır, yorğanı başına çəkib səsini gizlədir, elə bil biz bilməyək deyə…
Şəhid anası olmaq böyük ad, böyük dərd..
Çünki danışmaqdan yorulub, çünki içindəki ağrı sözə çevrilmir. O səni hər gün gözləyir. Yuxusunda səni axtarır, səhər oyananda boş otağa baxır.. və yenə anlayır, sən artıq heç vaxt gəlməyəcəksən.
Mən isə güclü görünürəm.
Hamı deyir, “səninlə fəxr edirik.”
Amma heç kim bilmir gecələr başımı yastığa qoyanda sənin adını pıçıldayıb
səssizcə ağladığımı… Sən Vətənə can verdin.Böyük ad qoydun bizə “Şəhid ailəsi”. Amma bu adla yaşamaq hər gün bir az ölmək kimidir. Sənsiz nəfəs almaq belə günah kimi gəlir… Səni qucaqlaya bilmədiyim illər keçir. Ad günlərimiz, bayramlarımız, ailə şəkillərimiz.. Hamısında bir boşluq var. Heç nə tamamlanmır, çünki sən yoxsan. Amma bir şeyi bil:
Səni unutmadıq,unutmayacağıq..
Sənin yoxluğuna öyrəşməyəcəyəm.
Öyrəşmək xəyanət kimi gəlir mənə.
Hər dəfə gəlib səninlə danışacağam, hər dəfə bu məzar daşına söykənib
susaraq səninlə yaşayacağam.. Çünki
səni torpağa verdim, amma sevgimi yox…
Sevgim sağdır. Səni gözləyir…
Hələ də…
Şəhadətin mübarək, qəhrəmanım!
Müəllif: Əzizə Fariz