Etiket arxivi: FAZİL MUSTAFA

Fazil Mustafa Yunus Oğuzu təbrik etdi

TƏBRİK MƏKTUBU

Hörmətli Yunus bəy,
Sizi – milli fikir və ictimai düşüncə məkanımızda özünəməxsus mövqeyə malik olan tanınmış aydınımızı, söz və fikir adamını 65 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Siz uzunmüddətli, səmərəli fəaliyyət göstərmiş “Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət” ictimai birliyinin qurucu-sədrisiniz. Sizin həyat yolunuz vətəndaş cəmiyyətinə bağlı intellektual aydınımızın, milli-mənəvi məsuliyyət daşıyan qələm sahibinin həyat yoludur. Ulu tarixi köklərə söykənən romanlarınızdan tutmuş, gündəlik ictimai-siyasi hadisələrə çevik və məsuliyyətli münasibət ortaya qoyduğunuz publisist məqalələrinizədək hər bir fəaliyyətiniz vətəndaş cəmiyyətində təfəkkürə çağırış, milli yaddaşa söykənən duruş, ictimai məsuliyyət örnəyidir.

“OLAYLAR” qəzetinin qurucusu və baş redaktoru kimi Siz təkcə mətbuat tariximizə deyil, həm də fikir plüralizmi, azad söz və maarifçi missiya baxımından ictimai fikrə töhfələr vermisiniz. Sizin rəhbərliyinizlə formalaşan media platforması uzun illərdir ki, cəmiyyətin ictimai nəbzini tutan, milli məsələlərə səs verən, maarifləndirici və vətəndaş mövqeyi aşılayan bir tribuna kimi fəaliyyət göstərir.

Biz Sizin və rəhbərlik etdiyiniz media orqanının milli-mənəvi dəyərlərimizin qorunması, vətəndaş cəmiyyətinin gücləndirilməsi və ictimai şüurun yüksəldilməsi sahəsindəki xidmətlərinizi yüksək qiymətləndiririk.

Sizə möhkəm cansağlığı, yaradıcılıqda və ictimai düşüncə məkanımızda yeni uğurlar arzulayıram!
Yubileyiniz mübarək olsun!

Fazil MUSTAFA,

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri 

Fazil Mustafa – 59

YOLU AÇIQ OLSUN!

Fazil Mustafa – 59

Onun haqqında fikir yürüdənlər heç də birmənalı danışmırlar. Necə deyərlər, topa tutanlar da var, tərifləyənlər də. Təbii haldır, belə aydınlar zəmanəsində birmənalı qarşılanmasalar da, tarix onları gələcək nəsillərə örnək kimi ötürə bilir. Bəzən mənə elə gəlir ki, Fazil Mustafa ötən əsrin əvvəlində yaşamış Mirzə Cəlilin müasir taleyini yaşayır…

Doğrudur, rəsmiyyətdə müxalifəti təmsil etsə də, müxalifətdə iqtidarı təmsil edir. O, xalqın arasında hakimiyyətin yox, hakimiyyətin içində xalq adamlarından biridir…

Təsadüfən “Anews Tv” yutub kanalına verdiyi müsahibəyə rast gəldim. O qədər gözəl fikirlər söylədi ki, illərlə ifadə etməyə səy göstərdiyim, çalışıb sözə çevirmək istədiyim fikirləri dilə gətirdi. Səmimiyyətimə inanın, bu gün o, hansı siyasi platformada təmsil olunduğundan, kimi dəstəklədiyindən asılı olmayaraq, zəmanəmizin Mirzə Cəlilidir…

Gözümü açandan bu cəmiyyət “ZİYALI” anlayışını hələ də müzakirə edir. Nəhayət ki, ZİYALI kimdir sualına ən dolğun cavabı Fazil bəydən eşitdim.

Deyir ki:- “Tarixlə yaşayan xalqlar faciəvi xalqlardır. Onları tarixdən ayırıb müasir dövrə gətirməyi bacarmaq lazımdır. Xalqını özünə güvənən, öz qəhrəmanını yeni dövrün insanları arasından seçə bilən bir xalqa çevirə bilməlisən. Təəssüf ki, bu baş verməyəndə Dədə Qorqud eposunda deyildiyi kimi, insan- baş kəsib, qan töküb ad qazanmağa üstünlük verir və zəkayla ad qazanmaqdan vaz keçir.”
Bəli, əsl ZİYALI xalqını özünə güvənən, öz qəhrəmanını yeni dövrün insanları arasından seçə bilən bir xalqa çevirə biləndir…

Çox yox, hər dəfə Azərbaycan parlamentində təmsil olunan 125 deputatın 110-u Fazil Mustafa təfəkkürlü, Fazil Mustafa düşüncəli və nəhayət Fazil Mustafa məzmunlu insan olsaydı, xalq öz millət vəkilləri ilə fəxr edərdi…

Fazil Mustafa mövcud sistemin yaratdığı bəsit şərait daxilində xalqın problemlərinin həllinə yarımağa can atan tək-tək vicdanlı ziyalılardandır. O, deputatlığın imkan və imtiyazlarını özünə həsr edən adamlardan yox, xalq üçün xərcləməyi bacaran insanlardandır…

Bu günlərdə onun 59 yaşı tamam olur. Müxalifətin iqtidar yönlü, hakimiyyətin müxalif yönlü deputat kimi tanıdığı Fazil bəyi yeni yaşı münasibətilə təbrik edirəm.
Kim necə tanıyır tanısın, mən onu xalqımın qənimət övladlarından biri hesab edirəm.
Yolu açıq olsun!
Ad günü mübarək!

Hörmətlə, Elman Eldaroğlu

FAZİL MUSTAFANIN YAZILARI

ELMAN ELDAROĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Fazil Mustafa: – “Amerikada uğurlu, Azərbaycanda uğursuz bir azərbaycanlıdan söhbət gedir.”

BALƏLİ və SƏBZƏLİ

Oxudum və kədərləndim. Bir alimin ölümündən böyük hansı itki ola bilər? Səbzəli Cavadov xaricdə vəfat edib. 64 yaşında. 1993-2003-cü illərdə Azad Mirzəcanzadə epoxasının Ali Attestasiya Komissiyasının sədr müavini olub. Tibb Universitetinin professoru, Tibb elmləri doktoru olub. Böyük Britaniya Kral Cəmiyyətinin üzvü seçilib. 2009-cu ildən ABŞ Puerto-Riko Universitetinin Tibb fakultəsinin professoru və labaratoriya direktoru olub. Onun Hirşa indeksi 50-dir, elmi əsərlərinə 9 min dəfədən çox istinad edilmişdir. Patentləri, elmi məqalələri nə qədər desən. Ruhu şad olsun.
Amerikada uğurlu, Azərbaycanda uğursuz bir azərbaycanlıdan söhbət gedir.
Şübhəsiz ki, Səbzəli müəllimin elmi əsərlərinə istinad edənlərin 95 faizi heç azərbaycanlı deyil. Qəribədir ki, bu torpaq uğursuz Səbzəli ilə yanaşı həm də uğurlu meyxana ustası Baləli yetişdirir. Əslində adlar meyxana qafiyyəsinə uyğun gəldiyinə görə belə bir müqayisəyə yönəlmiş oldum. Ötən gün təsadüfən qarşıma çıxdı ki, Baləlinin Trendyolun açılışına təşrif gətirdiyi və böyük qələbəlik yaradan milli selfiçəkdirən azərbaycanlıların sevgi görməmişliyindən qorumaların köməyi ilə qurtulduğu videoçarxı 1 milyon 999 min soydaşımız izləyib və bunların 900 mini rəy yazaraq öz sevgisini izhar edib. Bu o deməkdir ki, 1 milyon 999 min soydaşımız Baləlinin şifahi yaradıcılığına istinad edib. İstinad sayında Səbzəli açıq-aşkar Baləliyə uduzur. Sadəcə bir məqam düşündürücüdür: ABŞ-da uğurlu insan Səbzəli, Azərbaycanda isə Baləli obrazında göz önünə gəlir. Səbzəli müəllimə rəhmət, Baləli müəllimə də can sağlığı!

TRİBUNADA:  Fazil MUSTAFA

FAZİL MUSTAFANIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru