Etiket arxivi: GÜLLÜ ELDAR TOMARLI

“KƏLAĞAYI NƏNƏMİN NƏNƏSİNDƏN GƏLƏN ÜZ AYDINLIĞIDI”

“KƏLAĞAYI NƏNƏMİN NƏNƏSİNDƏN GƏLƏN ÜZ AYDINLIĞIDI”

(“Kəlağayı Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı ilə müsahibə)

Novruz insan həyatının hər il başlayan yeni gününün gəlmə anıdır. Oyanmış təbiətin insanları qoynuna, əkin-biçinə, torpağa can verməyə çağırdığı, bol ruzi-bərəkətin təməlini qoyduğu, qədim Türk miflərinə, əfsanələrinə görə, ilk insanın dünyaya gəldiyi gündür. Türk xalqlarının dostluq, mehribanlıq, həmrəylik bayramıdır.

Sovet imperiyası öz simasının simasızlığını göstərib Novruz bayramına “dini bayram” damğası vurub onun keçirilməsini qadağan etsə də, həmin gün evin ruzi-bərəkəti və həyat rəmzi səməni süfrəyə qoyular, şirniyyatlar, çərəzlər düzülər, yumurtalar boyanar, insanlar bayramlaşar, dünyasını dəyişənlərin məzarlarını ziyarət edər, küsənlər barışardı. Qırmızı imperiya xalqları milliliyindən ayırmaq cəhdlərinin boşa çıxdığını görəndə bir az “yumşaldı”.

Nəhayət imperialist xislətli SSRİ-nin caynağından xilas olan Azərbaycan kimi Novruz bayramı da “ağ günə” çıxdı. 2009-cu il sentyabrın 30-da YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salındı. BMT-nin Baş Assambleyasının 64-cü sessiyasının 2010-cu il fevral iclasında 21 mart “Beynəlxalq Novruz Günü” elan olundu.

1967-ci ildə Azərbaycanda dövlət səviyyəsində keçirilən ilk Novruz bayramında o vaxt 29 yaşı olan, indi Azərbaycan Respublikasının Xalq artisti Səfurə İbrahimova başında mavi kəlağayı ilə “Bahar qızı” obrazında bayram iştirakçılarının qarşısına çıxmışdı. “Bahar qızı”nın bu fotosunu təsadüfən görəndə Güllü Eldar Tomarlı yadıma düşdü. Zəng etdim ki, bəlkə bu mövzuda fikir mübadiləsi edək. Son zamanlar kəlağayı adına, kəlağayılı xanımlara rast gələndə Güllü xanım gözlərimin önünə gəlir. Kəlağayı və Güllü xanım bir-birinə vurulan, bir-birini gözəlləşdirən ayrılmaz sevgililərdi.

Söhbətimiz səmimi alındı. Bu, əslində Güllü xanımın sayəsində oldu. Sinəsi dolu imiş.

-Güllü xanım, salam. Xalqımızın yaradıcı insanları sizi yaxşı tanıyır, mən də. Bununla belə, özünüzü bir-neçə cümlə ilə tanıdardınız.

-Salam, Vaqif müəllim. Rustavidə doğulmuşam, 7 saylı orta məktəbi bitirmişəm. orta məktəbdə oxuyandan Tiflis radiosunda publisistik yazılarım, şeirlərim səsləndirilib. Rustavi Azərbaycanlıları Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü və Qadınlar Şurasının sədri seçilmişəm. Orada dövlət nəşriyyatında işləmişəm. Borçali söz, saz, aşıq mühitində böyümüşəm. Əslim Qazaxdan, İncə dərəsinin Kəmərli kəndindəndir. Tiflisdə nəşr olunan “Gürcüstan” qəzetinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri, Açıq Pəri Məcilsi”nin üzvü, 2015-2022-ci illərdə sədr müavini, bədii rəhbəri, mətbuat katibi olmuşam. “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şəxsi “Kəlağayı Ev Muzeyi”nin direktoruyam. Üç kitabın müəllifi, 5 kitabın tərtibçisi, redaktoruyam. Ailəliyəm, dörd övladım, səkkiz nəvəm var.

-Sizi tanıyandan kəlağayı sevginizə heyranlığımı gizlədə bilmirəm. Bilirəm, sevgi ilahi hissdi. Kəlağayı sevginiz ən azı kəlağayı qədər müqəddəsdi. Yorulmaq bilmədən kəlağayı sevginizdən qidalanıb və qanadlanıb diyar-diyar gəzirsiniz. Sizin fəlaliyyətiniz Azərbaycana sığmır. Bunu qardaş Türkiyəyə səfərimizdə də gördüm. Kəlağayı niyə sizə doğma, əzizdi? Siz bu milli baş örtüyümüzdə nələri görmüsünüz ki, bir an ondan aralı qala bilmirsiniz?

-Kəlağayı qadınların baş tacıdı, qeyrət, urvat ölçüsüdü. Kəlağayı nənəmin nənəsindən gələn üz aydınlığıdı. Babamın babasının öz ömür-gün yoldaşına hədiyyə etdiyi gözəllik və yaraşıq mücəssəməsidi. Onu hüzurunda qanllar barışıb, davalar yatırılıb, əmin-amanlıq, sülh gəlib elə-obaya. Mən anayam, nənəyəm, bacıyam, xalayam, qaynanayam, bir sözlə, Azərbaycan qızıyam, Azərbaycan qadınıyam. Analar Vətəni, yurdu qorumaq, namusa ləkə gəlməməsi üçün kəlağayını başına örtüb, əllərində tutub, and içdirib ərlərini, oğullarını, qardaşlarını torpaqlarını qorumağa göndərib. Kəlağayı o qədər ulu, o qədər müqəddəsdir ki, hər an gərəklidi.

Kəlağayı sevgim, ona ehtiramım barədə dayanmadan günlərlə danışa bilərəm. Yaranma tarixi eramızdan əvvələ gedib çıxan kəlağayını ismətin, ləyaqətin rəmzinə çevirən də, abır-həyalı, ləyaqətli, ədəb-ərkanlı, sədaqətli nənələrimiz, analarımız, qız-gəlinlərimiz olub. Kəlağayıya sevgimin bünövrəsini hələ orta məktəb şagirdi olan dövrümdə Cahan nənəm qoyub. Kəlağayını ilk dəfə nənəmdə görmüşəm, görən kimi də sevmişəm. Uşaq ağlımla bilmirəm kəlağayının nəyinə vurulmuşdum? Yəqin ki, üzü nurlu nənəmə yaraşdığına, rənginə görə. Nənəmin sandığında iki kəlağayı vardı. Biri noxudu rəngdə idi, o birisi qara. Çoxlu nəvə-nəticələri olan nənəm bir gün məni yanına çağırıb noxudu kəlağayısını mənə verdi. Dönə-dönə tapşırdı ki, bunu mütləq qoru, nənənin cehizliyidi. Nənəmin tapşırığına ciddi əməl edəcəyimə söz verdim. Uşaq da olsam, bilirdim ki, əmanətə xəyanət olmaz.

Həyatımda eniş-yoxuşlar, çətinliklər çox oldu. Evsizlikdən, darısqallıqdan əziyyət çəkdik. Uşaqlar böyüdükcə problemlər çoxalırdı. Ancaq nənəmin əmanətini urvatlı saxladım. Əvvəllər kəlağayıdan istifadə etmirdim, düşünürdüm ki, hərə bir söz deyəcək, gözaltı baxacaq, kinayə ilə güləcəklər. Nəhayət ürəklənib başıma örtəndə, boynuma salanda rəfiqələrimin, təsadüfən rastlaşdığım tanış-bilişin, doğmalarımın xoşuna gəldi, bəyəndilər, alqışladılar, mən də ürəkləndim, kəlağayıya həmişəlik bağlandım.

Ərzincan səfərimizi, Uluslararası Türk Dünyası Simpoziumunu xatırlatdınız. 40-dan çox Türk dövlətinin nümayəndələrinə Azərbaycan xalqının qədim baş örtüyü, onun isifadə qaydası, sosial məzmunu haqqında informasiya verəndə xalqımızın dünyagörüşünə, mənəvi dəyərlərinin dərinliyinə, kəlağayının hikmətinə heyran qalırdılar.

-Şahidiyəm ki, hətta türk olmayan gürcü alim qadın Tamar Xvedelianiyaya da kəlağayıdan “dərs” keçdiniz. Özü də gürcü dilində.

Ay Vaqif müəllim, nə qədər diqqətlisiniz. Hə, gürcü türkoloq qadına əməlli-başlı kəlağayını sevdirə bildim. Birlikdə şəkil də çəkdirdik. Bu şəkili ən uca yerə saxlayacağını bildirdi. Tiflisə gələndə görüşməyimizi xahiş etdi.

-Müsahibənin giriş hissəsində qeyd elədim ki, 1967-ci ildə Azərbaycan Kommunist Partiyasının katibi, şair, dramaturq, Türkçülük, Azərbaycançılıq məfkurəsinin sədaqətli, dönməz yolçusu Şıxəli Qurbanovun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən Novruz şənliklərində “Bahar qızı”nın başına örtdüyü kəlağayı açıq göy rəngdəydi. Bilirəm ki, göy rəng Türklük rəmzidi, uzaqgörənlik, nizamlılıq, güvənlik anlamını daşıyır. Bu da Şıxəli Qurbanovun millət sevgisiydi, milli ruhumuza sayğısıydı. Bu sevgiyə görə də onun həyatına son qoydular. Kəlağayının rənglər simvolikası göy qurşağının rənglərindən dəfələrlə çoxdur. Rənglər sisteminə görə kəlağayını necə xarakterizə edərdiniz?

-Kəlağayıya sevgi mənə çox bilgilər verir, hər gün də yeni nəsə öyrənirəm. Bilirəm ki, qırmızı rəng canlılıq, xoşbəxtlik, enerji, od, qan, mübarizə, qələbə, eşq simvoludu. İnsanları şər qüvvələrdən qoruyur. Qırmızı kəlağayı hər bir qadın üçün yeni həyatın başlanğıcı mənasını daşıyır. Toy-düyünlərin yaraşığıdı. Subay qızlar toya gedəndə qırmızı kəlağayı bağlayardılar. Ailədə doğulan körpəni qırmızı kəlağayıya bələyərdilər ki, körpə bəd nəzərdən qorunsun. Nişana qırmızı kəlağayıar aparardılar, xonçaları qırmızı kəlağayılarla bəzəyərdilər. Toyun sabahı gəlinin başına qırmızı kəlağayı örtərdilər. Evin balaca oğlu kəlağayını gəlinin başından götürüb bar verən ağacın budağından asardı ki, ailə barlı-bərəkətli, oğullu-qızlı olsun.

Novruz bayramı günlərində cıdır yarışları keçirilərdi. Cıdırda qalib gəlmiş atın alnına bir yumurta vurub sındırar, boynuna qırmızı kəlağayı bağlayardılar.

Gəlin gətirərkən onun başına ağ, üzünə qırmızı örpək örtmək, faytonu çəkən atın boynuna soğanı, narıncı, zoğalı kəlağayılar bağlamaq qədim toy adətlərimizdəndir. Ağ rəng saflıq, məsumluq, sülh, xəyal dünyasının genişliyi, qələbə, cəhrayı rəng sevinc, şənlik, sevgi, qəhvəyi rəng doğruluq, işgüzarlıq, uğur simvoludur.

Qara rəng sədaqəti, duyğunu, hüznü, dözümlülüyü, özgüvənliyi xarakterizə edir. Qara rəngli kəlağayı ilə dünyasını dəyişən insanın üstünü, məzarını örtərdilər. Həyətin darvazasına qara kəlağayı bağlanırdısa, bu yas nişanəsi idi. Əgər rəhmətə gedən gəncdirsə, darvazaya həm qara, həm də qırmızı kəlağayı bağlayardılar.

Yaşlı qadınlar tünd, gənc xanımlar başlarına ağ, al-əlvan kəlağayı örtərdilər. Sədərəkli Tamella nənə deyir ki, qədimdə qadınlar üzü örtülü gəzdiyindən onun evli, yaxud subay olduğu kəlağayının rəngindən bilinərdi.

Novruz adətlərinə görə, ilaxır çərşənbə axşamı subay oğlanlar örpək, şal, yaxud kəlağayı götürüb sevdikləri qızların evlərinə gedər, baş örtüyünü bacadan, pəncərədən, damdan evə sallayardılar. Əgər qızın ata-anası razıydılarsa, örpəyi qızın belinə, bəzi yerlərdə qoluna bağlayardılar. Razı olmasalar, dəsmala şirni qoyub qaytarardılar.

Rənglərin simvolikasına inansaq, “Bahar qızı”nın başına örtdüyü kəlağayı sədaqət, bəd nəzərdən qorunmaq (gözmuncuğu) rəmzidir. Gəlinlik kəlağayıların kənarları yaşıl, ortası qırmızı rəngdə olur. Arzu, murad, istək, həyat, sülh, sağlamlıq, dinclik anlamında. Kəlağayı ulu Türkün hər ovqatını, hissini, duyğusunu özündə əks etdirir.

-Düz 7 il “Aşiq Pəri Məclisi”nin sədr müavini, bədii rəhbəri, mətbuat katibi olmusunuz. Narınc Xatundan, Səadət Butadan, aşıq Sonadan əmanət qalan “Aşıq Pəri Məclisi”nin mavi ekranlara kəlağayı ilə çıxması sizin təşəbbüsünüz olub. Onda hələ məclis üzvlərinin çoxunun yadına kəlağayı düşmürdü. Bu ideya həm də “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin fəaliiyyətinin təməl prinsiplərindən birinə çevrildi. Aşıq Pəri, Mirvarid Dilbazi, Narınc Xatun, Səadət Buta, aşıq Sonanı bir yerə toplamaq çətin deyildimi?

-Bəziləri düşünür ki, yəqin bu qadın həmrəyliyindən irəli gəlir. Belə deyil, bunu düşünənlər gördüyümüz işlərin məğzini başa düşməyənlərdi. Mənim hədəflərim daha uca, böyükdü. Mənim üçün xalqımızın milli dəyərlərini qorumaq, yaşatmaq, təbliğ etməkdən ali xidmət tanımıram. Saydığınız beşliyə sözü, sazı və kəlağayını əlavə edərdim. Qoy olsun səkkizlik. Saydıqlarım müqəddəs dəyərlərdi.

Mirvarid Dilbazi mənəviyyat, əsl qadınlıq etalonuydu, kübar, əsilzadə bəy qızı idi. Yaradıcılığı nəhəng bar ağacına, şeirləri onun dadlı meyvələrinə, sözləri daşların arasından süzülüb gələn göz yaşı kimi büllur bulaq suyuna, səsi həzin musiqiyə bənzəyirdi. Kələğayılı ağbirçək abırlı-həyalı nənələrimizin yolunun davamçısıydı. Vətən, el aşiqi idi. Qızı Xatirə xanım deyir ki, hər ad günündə Ümummilli lider Heydər Əliyev ona zəng edib təbrik edər, arzularını çatdırardı. Ondan nə istədiyini soruşanda, ərklə, “mənə Qarabağı verin”, deyərdi. Heydər Əliyevə “oğlum” deyə müraciət edərdi.

Onun mənəvi dünyasına vurğunluğumdan “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyini yaratmağı qərara aldım. Dövlətimiz, xalqımız onu həmişə böyük ehtiramla yad edir. Mirvarid xanım ilk qadın Xalq şairidir, qadınlar arasında ilk dəfə “İstiqlal” ordeninə layiq görülüb. Mən də onun mənəvi nəvəsi kimi İctimai Birlik adından tədbirlər keçirir, çıxışıma onun şeirlərindən misralarla başlayıram.

Nədən söhbət düşürsə, kəlağayı yaddan çıxmır, bu artıq mənim həyat tərzimə çevrilib. Hər gün yuxudan oyanan kimi “Kəlağayı Muzeyi”mdəki Mirvarid xanımın nur üzlü obrazını canlandıran kəlağayının qarşısında dayanıb böyük şəxsiyyətə gündəlik hesabat verir, onun növbəti işlərimə uğur diləməsini təbəssümlü üzündən oxuyuram.

Narınc Xatunu öz anam qədər sevirəm. H ər yerdə istedadlı qızlar sorağında olub. Aşıq Sona və Səadət Buta ilə “Aşıq Pəri Məclisi” kimi sənət məbədi yaradıblar. Narınc xanımın və aşıq Sonanın ruhu şad olsun. Səadət xanım indi də gənclik eşqi ilə çalışır.

Nənəmin nəsihəti və noxudu kəlağayısı illər ötdükcə yolumun səmtini təyin etdi. “Aşıq Pəri Məclisi”ndə fəaliyyətə başlayanda hamının başında kəlağayı görmək qızlardan birinci istəyim oldu. Təşəbbüsümə dodaq büzənlər də oldu, razılaşanlar da. Çünki çoxu kəlağayının ötürdüyü enerjidən, hisslərdən xəbərsiz idi. Mənə yaraşmır deyənlərə başa saldım ki, kəlağayı gözəllərin gözəlliyini artırır. Məclis üzvləri başında kəlağayı ilə ilk dəfə mavi ekrana çıxanda sanki dünyanı mənə vermişdilər.

-Kəlağayının təbliğinin nəticəsini görəndə sevinirsiniz, yorğunluğunuzu unudursunuz, elə deyilmi?

-Elədir. 2019-cu ildə “Aşıq Pəri Məclisi”nin üzvlərinin vahid formada və kəlağayıda televiziyada konsertə çıxdığı günü unutmaram. Bu mənim təbliğimin, zəhmətimin nəticəsi idi. 59 saylı məktəbin şagirdlərinin tez-tez çiynimdə, başımda kəlağayı ilə görmələri, ona görə də görüşmək istəmələri də məni çox qürurlandırdı. Festivallarda “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin ən nüfuzlu Qeyri-Hökumət Təşkilatı kimi iştirakı da kəlağayıya diqqətdən, ehtiramdan irəli gəlir ki, bu da bizim haqqımızdır.

-Nəhayət siz də mənəvi ananınız, nənəniz Mirvarid Dilbazi kimi ilkə imza atdınız, mədəniyyət tarixinə düşdünüz. 2022-ci ildə 26 noyabr ”Kəlağayı Günü” ərəfəsində şəxsi “Kəlağayı Ev Muzeyi”ni yaratdınız. Sözün həqiqi mənasında yaratdınız. İdeyanız gərgin əmək, cəfa, alın təri bahasına reallığa çevrildi. Siz kəlağayının, kəlağayı da sizin başınızı uca elədi. Əkdiyi ağacın bəhrəsini görən bağban sevinci yaşadınız. Zəhmətinizin barı şirindimi?

-Elə şirindi… Övlad, nəvə, zəfər sevinci qədər şirin. Mən bu işin qulpundan yapışıb Azərbaycanı oba-oba, bölgə-bölgə gəzib kəlağayı soraqlayanda, cibimin pulu ilə alanda, kimsə mənə kəlağayı bağışlayanda uğur əldə edəcəyimə inanırdım. İnamımda, gümanımda yanılmadım.

24-28 noyabr 2014-cü ildə YUNESKO-nun Parisdə keçirilən Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasında Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya “Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə edilməsi” daxil edildi. Bu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əiyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz əməyinin nəticəsiydi. O vaxtdan 26 noyabr “Kəlağayı Günü” kimi qeyd olunur.

Bu tarixi qərar – mədəniyyətimizin qələbəsi kəlağayı sevgimə yeni ruh, qol-qanad verdi. O vaxtdan kəlağayılar toplamağa başladım. Ancaq bu qədər kəlağayım olacağına inanmırdım. Nənəmin iki kəlağayısı vardı, birini mənə verdi. Həmin kəlağayının ayağı düşərli oldu. Nənəmin urvatını qoruduğum cehizlik kəlağayısı evimə bərəkət gətirdi. Kəlağayıların sayı 100-ə çatanda “Kəlağayı Ev Muzeyi” yaratmaq qərarına gəldim.

Əhmədlidəki evimizin ən gözəl otağında kəlağayılarıma isti yuva düzəltdim. Şəxsi “Kəlağayı Ev Muzeyi”im artıq Bakıdan, Vətənimizin hər guşəsindən başqa, Türk dünyasının bir çox dövlətlərində tanınır. Muzeyin açılışında Özbəkistandan gələn 15 elm adamı iştirak edib. Türkiyədə muzeyi görmək arzusunda olanlar çoxdur. Televiziya çəkilişlərinin sayını itirmişəm, bir çox televiziyaların studiyalarını kəlağayılarım, gözümün nurunun və əllərimin məhsulu al-əlvan toxuculuq işlərim bəzəyir. Muzeydə 150-dən çox kəlağayı ilə yanaşı 100-dən çox əl işim, 200-ə yaxın əntiq əşyalar, rənggarlıq əsərləri, dünyanın heç yerində olmayan portret kəlağayılar nümayiş etdirilir.

Qədim geyimlərimizin çoxu unudulub, yaddaşın “arxiv”indədir. Ancaq kəlağayı unudulmadı. Millətin ruhu, mənəvi dəyərləri qiymətləndirən qədirbilən insanlar onu qorudu, bu günümüzdə də tanıtdı.

Bir həssas nöqtəyə toxunmaq istəyirəm. Basqallı kəlağayı ustası Abbasəli Talıbov “Şuşa” kəlağayısı hazırlayıb. Kəlağayının xonçasında (mərkəzində) məğrur Şuşa qalası dayanıb. Ətrafında Xarıbülbüllər onu əhatəyə alıb qoruyur. Usta deyir ki, elə kəlağayılar var ki, onu qədərindən asılı olmayaraq pul müqabilinə satmaram. Belə sənət incilərindən biri də onun hazırladığı “Heratı” kəlağayıdır. Nədir bu kəlağayının özəlliyi? “Heratı” kəlağayı qara fonda, 3,4,5, ən çoxu 7 rənglə işlənir. Abbasəli ustanın “Herati”sında 8 rəng var. Bu onun sənət dəyərini artırır. Usta heç kimə satmayan bu kəlağayını təmənnasız “Kəlağayı Ev Muzeyi”mə bağışlayıb. Onun mənə inamı, etibarıdır bu. Yüz yaşasın. Usta bilir ki, zər qədrini zərgər bilər.

Muzeyə daha mötəbər, geniş yer veriməsini, kəlağayıları, əl işlərimi, əntiq əşyaları, rəsm əsərlərini ziyarətçilərə yaxından və aydın göstərməyi arzulayıram. Yəqin tezliklə bu arzuma da çatacağam.

– Sizə “kəlağayılı nənə” də deyirlər. Eşidəndə hansı hissəri keçirirsiniz? Öz aramızdı kəlağayıya görə kiməsə “nənə”müraciəti etmək şərəflidi, qürurdu. Kəlağayını yaşatmaq üçün nənə olmağa dəyərmi?

-Lap qısa deyəcəm. Əlbəttə, dəyər!

-Güllü xanım, keçən il I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında sizin aktivliyiniz yadımdadır. Çiyninizə saldığınız bənövşəyi kəlağayınızla mötəşəm idiniz. Birinci festivalın “kəlağayılı qızı” siz idiniz. 5-11 iyun 2023-cü ildə II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək. Bu festivala necə hazırlaşmısınız?

-2022-ci il avqust ayının son günlərində “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumunun təşkilatçılığı ilə keçirilən II Milli Yaylaq Festivalının iştirakçısı olduq. Festivalda 150 kəlağayımı sərgilədim. Xalqımızın kəlağayı sevgisi və rəğbəti gələcək işlərimə, uğurlarıma dəstək oldu. Orada iştirakım İctimai Birliyimiz üçün də vacib idi.

Ötən il Bakıda “Pasaj-1901” sərgi salonunda iki gün muzeyimizin kəlağayıları, qədim əntiq əşyalarının nümayişi tamaşaçıların hədsiz marağına səbəb oldu. Bizim yerləşdiyimiz guşənin qarşısı həmişə qələbəlik olurdu. Kəlağayılara nəinki qadınlar, həmçinin bəylər və qonaqlar heyran qalmışdılar.

İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilati dəstəklərindən biri də “Mirvarid Dilbazı Poeziya Məclisi” İctimai Birliyidir. Həm də “Kəlağayı Ev Muzeyi” bu tədbirin ən fəal iştirakçılarından olacaq. Necə deyərlər, biz bu dəfə iki cəbhədə fəaliyyət göstərəcəyik. Keçən ilki iştirakımız festivala gələnlərin marağına səbəb olmuşdu. Bu dəfə isə ikiqat məsuliyyət və həvəslə iştirak edəcəyik. 7 gün ərzində hər gün kəlağayıların və əl işlərimin sərgisi olacaq. Bizə səhnə və guşə veriləcək. “Kəlağayı” mahnısi oxunacaq, “Kəlağayı” rəqsi ifa ediləcək. Kitablarımızın satışı, oxucularla ayaqüstü görüşlərimiz, söhbətlərimiz olacaq. Səhnədə müxtəlif günlərdə, müxtəlif saatlarda konsertimiz, çıxışlarımız olacaq, oxucularımızı, kəlağayısevərləri, elin yaddaşından süzülüb gələn musiqi dinləmək istəyənləri Azərbaycan Milli Elmlər Akademiyasının qarşısındakı parkda gözləyəcəyik. İyunun 6-da “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai birliyi və “Kəlağayı Ev Muzeyi” konsert proqramı ilə çıxış edəcək. Konsertdə festivala gələnlər Səadət Butanın, Gözəl Kəlbəcərlinin, Rəhilə Bəndəliyevanın, Mərziyyə Sarvanın, bəndənizin və “Səma” rəqs qrupunun çıxışlarını görəcəklər.

-Sizin gördüyünüz işlərin miqyası o qədər böyükdür ki, inanmaq olmur bu bir nəfərin əməyidir. Sizə maddi kömək göstərən olmadığını bilirəm, texniki, mənəvi dəstək olanlar yəqin ki, var.

Əlbəttə, var. Hər bir işin arxasında texniki kömək, mənəvi və informasiya dəstəyi olmasa uğur qazanmaq çətindi. Xeyirxah, mənəvi dünyası zəngin, təmənnasız insanlardan birini – Vüsal Sehranoğlunu səkkiz il əvvəl tale mənimlə görüşdürüb. Vüsal bəy gəncdir, qəlbi həmişə yaşamaq, yaratmaq, milli dəyərləri qorumaq sevgisi ilə doludur. “Dədə Ələsgər Ocağı” və “Mirvarid Dilbazı Poeziya Məclisi” İctimai Birliklərinin, şəxsi “Kəlağayı Ev Muzeyi”nin tədbirlərinin təşkilatçılıq və texnoloji işlərində, informormasiya dəstəyində əvəzsiz əməyi var. Bu yaxınlarda poeziyamızın inkişafında, təbliğində göstərdiyi xidmətə görə və 35 illik yubileyi ilə əlaqədar Vüsal bəyi İctimai Birliyimizin “Fəxri Fərman”ı ilə təbrik etdik, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgər isə İctimai Birlik adından onu “Dədə Ələsgər 200” qızıl medalı ilə mükafatlandırdı. Vüsal Sehranoğlu təvəzökarlıqla bu təltifləri “kiçik işlərimə böyük qiymət” adlandırır. Məncə, bu böyük xidmətə qiymətdi. Vüsal Sehranoğlu bunu böyük qiymət, böyük dəyər, ən əsası böyük məsuliyyət kimi qəbul edir. O, həmişə bizimlədir, çətinliklərimizi, çatışmazlıqlarımızı Vüsal Sehranoğlunun bilikləri təcili aradan qaldırır.

Kəlağayının ötürdüyü bilgiləri, enerjini, müsbət hissləri Vüsal bəy çox gözəl anlayır. Sərgi və festivallarda kəlağayıların qədimliyindən, istifadəsindən tutmuş, ornamentlərinə, rənginə, düzülüşünə elə həssaslıqla yanaşır ki, məəttəl qalıram. II Milli Yaylaq Festivalının başlandığı gün kəlağayıların düzülüşündə və digər təşkilatçılıq işlərində tək qalmışdım, necə deyərlər, lap başımı itirmişdim. Vacib işi olduğundan Vüsa bəy gəlməmişdi. O biri gün səhər tezdən özünü yetirdi. Vüsal bəyi yanımda görəndə sanki dünyam ikiqat işıqlandı. Bildim ki, hər hansı çətinlik olsa, aradan qaldırmağa qadir mənəvi oğlum yanımdadı. Belə oğullarla ən müşkül, yüksək məsuliyyət tələb edən işləri asanlıqla görmək olar. Hər gün, hər an Vüsal Sehranoğluna arxalanıram. O qədər suallar, tapşırıqlar verirəm ki, bəzən özüm də utanıram. Deyirəm, ay Vüsal balam, heç olmasa dediyimi etmə, yorulmuşam de, imtina elə. Deyir ki, Güllü xanım, siz sözünüzü elə deyirsiniz ki, imtina etmək mümkün deyil. Vüsal bəy bizim uğurlarımızda pay sahibidir.

Vüsal Sehranoğlu “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədrinin müşaviridir. Çox dünyagörüşlü gəncdir, milliliyin tərənnümçüsüdür. Vüsal bəyə görə, milli nə varsa, gözəldir.

-Şəxsi “Kəlağayı Ev Muzeyinizi bir neçə dəfə ziyarət etmək mənə də qismət olub. “Ziyarət” kəlməsini təsadüfən yazmadım. Ziyarəti müqəddəs yerlərə edirlər. Kəlağayıların nənələrin sandığının qaranlığından xilas olub ag günə, azadlığa çıxdığı, rahat nəfəs alıb yaşadığı muzey də müqəddəs yerdi.

Imişlinin bir kəndində yaşayan, rənglər dünyasının sehri ilə tablolar yaradan gənc rəssam Gülnarə Məmmədova aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə çəkdiyi “Çərşənbə günündə çeşmə başında” əsərini təqdimetmə törənində iştirak etmişəm.

-Fikir verirdinizmi, Gülnarə xanımın simasından, gözlərindən, danışığından məsumluq yağırdı. Utancaq bir qızın gördüyü işlər isə nə qədər böyük idi. Yadıma “Nəsimi” filmindəki məşhur dialoq düşdü. Həmin dialoqu bir qədər dəyişdirib deyirəm ki, görəsən belə incə bədənə belə sehirli nəhəng rənglər dünyası necə yeləşib? Həmin görüşdə siz çox doğru vurğuladınız ki, gənc rəssam qızımız heç narahat olmasın, Güllü xanım o əsərləri gözünün bəbəyi kimi qoruyacaq, üstünə toz qonmağa belə imkan verməyəcək.

Gülnarə xanım istedadlı rəssamdı. Ancaq darısqallığın, şəraitsizliyin ucbatından əziyyət çəkir, özünü tam təsdiq edə bilmir. Onun rənglər dünyasına əlaqədar təşkilatlar biganədirlər. Aşıq Ələsgərin yubileyinə onun töhfəsi çox qiymətlidi. Bunu “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgər də çıxışında qeyd etdi. Milli dəyərlərə münasibəti, sevgisi onu mənə yaxın etdi, o da məni doğması kimi qəbul etdi. “Çərşənbə günündə çeşmə başında” əsərindən başqa Gülnarə xanım muzeyə “Novruz kəlağayısı” natürmörtünü, milli geyimli Azərbaycan xanımlarının portretlərini hədiyyə edib.

-Basqallı kəlağayı ustası Mürşüd Abbasovun ərsəyə gətirdiyi portret kəlağayıları “Kəlağayı Ev Muzeyi”ndə görəndə keçirdiyim hissləri dəqiq təsvir etmək çətindir. Qeyri-adi portret kəlağayılar doğrudanmı tətbiqi sənətdə yenilikdir?

-Bəli, doğrudan da yenilikdir. Babalarımızın yaradıcılıq təxəyyülünə, əl qabiliyyətinə əcnəbilər çoxdan qibtə edirlər. Muzeyimizə bağışlanan portret kəlağayılar Mürşüd babanın zəngin təxəyyülünün qeyr-adi bəhrələridir. Bu barədə çox rəssamlarla söhbətlərim olub. Bəziləri ipək parça üzərində portret yaratmağın çətin olduğunu, bəziləri də mümkünsüzlüyünü etiraf etdilər. Bunu sənətinin vurğunu Mürşüd baba bacarıb. Min bir əziyyətlə yaratdığı səkkiz portret kəlağayını muzeyə hədiyyə edəndə Mürşüd babanın sevincini görəydiniz. Kəlağayı sevgim məni iç dünyası zəngin, səxavətli, insanlarla rastlaşdırdı. Onlardan çox şey öyrəndim. Muzeydə qoruyub saxladığım Pənahəli xanın, Nizami Gəncəvinin, Nəsiminin, Xan qızı Natəvanın, Qasım bəy Zakirin, Üzeyir bəy Hacıbəylinin, Mirvarid Dilbazinin, Xan Şuşinskinin obrazlarını canlandıran kəlağayılar həmin şəxsiyyətlərin yaradıcılığı və şəxsiyyətləri kimi dəyərini itirməyəcək, uzunömürlü olacaq. Şəxsiyyətin və həqiqi sənətin ölməzliyidir bu. Şəxsi “Kəlağayı Ev Muzeyi”nin eksponatları arasında portret kəlağayıların xüsusi yeri var. Kəlağayıya aid nə varsa, mənim üçün doğmadı, əzizdi.

-Görüşümüz yaddaqalan günə düşdü. Sizə düşərli oldu, sizin uğurlarınıza sevinən mənə də. İndicə siz də, mən də eşitdik ki, “Kələğayı əlvan qıyğacı” layihəniz qalib elan olundu.

Bəli, çox sevinirəm. Bizim birinci layihəmiz “Mirvarid Dilbazi – ilk qadın Xalq şairi” adlanırdı. Bu layihə çərçivəsində Bakıda və Azərbaycanın ayrı-ayrı rayonlarında ilk qadın Xalq şairinin 110 illik yubiley tədbirlərini keçirdik. “Mirvarid Dilbazi az.” saytını yaratdıq. “Kəlağayı – min illərin yadigarı” ikinci layihəmiz idi. Bu layihə çərçivəsində çox yaddaqalan işlər gördük, tədbirlər keçirdik. “Kəlağayı – min illərin yadigarı” sənədli filmi çəkildi, təqdimatı keçirildi, iştirakçılara nümayiş etdirildi. Rəşid Behbudov adına Mahnı Teatrındakı kəlağayı günü tədbirində 26 noyabr gününün bayram kimi keçirilməsinin təşəbbüsçüsü və ideya müəllifi də mən olmuşam. Bu da bir ilkdir. Keçən il noyabrın 26-da bir gün ərzində kəlağayının təbliğinə həsr olunmuş dörd tədbir keçirmişik. Səhər ATV kanalının “Səhər” proqramında kəlağayı haqqında geniş söhbət etdim. Günorta Xətai rayonu Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə məktəbin direktoru Pikə xanım Əhmədovanın təşəbbüsü ilə müəllim və şagirdlərlə maraqlı görüş keçirildi. Şagirdlər məni kəlağayı örtüklü görüb görüşmək istəmişdilər. Axşam Beynəlxalq Muğam Mərkəzinin foyesində kəlağayılarımın sərgisi keçirildi. Foyedə sərgiyə gələnlərin marağı və çoxluğu məni sevindirdi. Bu sərgidə bir neçə rəssamın kəlağayı tabloları və kompozisiyaları nümayiş etdirildi. Rəssam-şair Sehran Allahverdi gözəl sənət əsərini – “Kəlağayı” kompozisiyasını şəxsi “Kələğayı Ev Muzeyi”mə hədiyyə etdi. Axşam Azərbaycan incəsənət ustalarının iştirakı ilə “Kəlağayı Günü”ə həsr olunmuş geniş konsert proqramı keçirildi.

Rəhbəri olduğum “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-ci il kiçik qrant müsabiqəsində Elm, Təhsil, Mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri üzrə “Kəlağayı əlvan qıyğacı” layihəmiz qalib elan olundu. Bu il Azərbaycanın şəhər, rayon və qəsəbələrinə daha çox səfərlərimiz planlaşdırılır. Milli dəyərimiz kəlağayını daha yaxşı tanıtmağa, təbliğ etməyə çalışacağıq. Kəlağayıya aid kitab buraxmaq, noyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində bayram konsertinin təşkilatçısı olacağıq.

Bütün məni dəstəkləyən, sevincimə sevinən insanlara gözaydınlığı verirəm. Bu bizim birgə qələbəmizdi. Müsabiqəyə məhz bu layihə ilə qatıldım ki, milliliyimizi geniş təbliğ, tətbiq və təqdim etmək imkanlarımız olsun. Artıq qarşıda bizi yeni uğurlar, yaradıcılıq üfüqləri, qələbələr gözləyir.

Nənələrin sandığı, kəlağayıları bu günümüzə qədər gəlib çatıbsa, sabahlara ötürmək milli dəyərlərə sayğı göstərənlərin, kəlağayısevərlərin borcudu. Mən borcumu yerinə yetirirəm.

-Təbrik edirəm, Güllü xanım. Bu mənim üçün xoş və gözlənilməz sürpriz oldu. İnanın səmimiyyətimə, ən azı sizin qədər sevindim. Öz uğurum qədər. Siz buna layiqsiniz . Haqq-ədalət mütləq zəfər çalmalı idi. Sizin işləriniz təkcə bu günə yox, həm də gələcəyə hədəflənib. Tanrıdan sizə bu ruhu qorumaq gücü diləyirəm.

-Təşəkkür edirəm, var olun, siz mənə həmişə inam, güc, ruh verirsiniz, mənəvi dəstək

olursunuz.

– Dəyərli vaxtınızı ayırdığınız, müsahibəyə sərf etdiyiniz üçün təşəkkür sizə düşür.

***

Sözardı:

Novruz bayramı Zərdüştlükdən qat-qat əvvəlki Türk mədəniyyətinə məxsusdur. Zərdüşt dövründə Güney Azərbaycan ərazisinə keçməsi ehtimalı var. Türkün tarixinin qədimliyini hər vəchlə, yalançı iddialarla inkar etməyə, silməyə çalışan qərəzli tarixçilər Od mədəniyyətini də danmaqdan əl çəkmirlər. Zərdüştün böyük xidməti qədim inancımız Odu ilahiləşdiməsidir.

Ta qədimlərdən Oğuz elinin müdrik atası Dədəm Qorqud həm də Novruz bayramının personajı kimi qəbul edilib. Yanında da həmişə “Bahar qızı” dayanıb. Elə o vaxtlardan ayağı sayalı, çöhrəsi təbəssümlü, saçı uzun “Bahar qızı” geyimi, baş örtüyü ilə insanlarda xoş ovqat yaradıb.

Bir maraqlı məqama da diqqət yönəltmək istəyirəm. Araşdırmaçı Atəş Əhmədlinin fikri ilə şərikəm, doğru hesab edirəm, çoxdan məni düşündürürdü: “Bu deyim dəyişikliyə uğrayıb. Əslində tonqal üstündən atılanda “ağırlığım səndə, uğurun məndə, sarılığın səndə, qırmızılığın məndə” deyilməlidir”. Axı qırmızı rəng ulu Türkün “qoruyucu mələyi”dir.

Ulu Türkün miilli-mənəvi dəyərləri sırasında layiqli yerini tutan kəlağayını da son illərdə baş tacımız kimi təqdim etməyi Güllü Eldar Tomarlının nənə nəsihətinə, Azərbaycan mədəniyyətinə, mənəvi dünyamıza sayğısıdır.

Söhbətləşdi: (MÜSAHİBƏ) Vaqif OSMANLI

GÜLLÜ ELDAR TOMARLININ YAZILARI

VAQİF OSMANLININ YAZILARI


PDF>>>
ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

GÜLLÜ ELDAR TOMARLI. FƏRİDƏ LƏMAN – 70.

FƏRİDƏ LƏMANGÜLLÜ ELDAR TOMARLI

BİR ÖMRƏ SIĞMAYAN ÖMÜR

Bəzən təəccüb edirsən, hətta heyrətlənirsən ki, çoxdan və yaxşı tanıdığın insan ona verilən bir ömür payında bu qədər yaradıcılıq potensialını, xeyirxahlığı, insana qayğını, el, oba, torpaq, Vətənə sevgisini necə bir ömrünə sığışdıra bilir. Bəlkə yaradan ona iki ömür payı bəxş edibmiş? Belələri heç yorulmurmu? Doğmam bildiyim, həyatına, yaradıcılığına, mənəvi dünyasına az-çox bələd olduğum insanı doğrudanmı yaxşı tanımamışam?

Düşüncələrimin bir səbəbkarı var – şair, jurnalist, publisist, Vətənin qaynar ictimai mühitində öz yeri, mövqeyi ilə seçilən və sevilən Fəridə Ləman. 50 ildən çoxdur ki, sinəsində yanar ürək, əlində qələmlə Vətənin söz əsgəridir, elə söz generalı da desək, səhv eləmərik. Qəlbindəki Vətənə, elə, torpağa sevgi azalmır, əksinə, hər gün çoxalır, mərhəmət hissləri daha da artır, Vətənin ab-havası ilə nəfəs alır, Vətənə atılan daşlar onun ürəyinə dəyir. Möhsün Yazıçıoğlunun fikridir: “Qan tökməyi sevən millət deyilik, ancaq söhbət Vətəndən gedirsə, dünyanın şah damarını kəsərik.” Fəridə xanım bu millətin qızıdır, o da belə əqidə sahibidir.

Fəridə Ləman 70 illik ömür müddətinə nələri sığışdırıb, daha nələri sığışdırmaq niyyətindədir. 1996-cı ildə “Müasir Azərbaycan bədii əsərlərinin dilində epitetlər” mövzusunda dissertasiya müdafiə edib. Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun baş elmi işçisidir. AYB və AJB-nin üzvüdür. 60-a yaxın kitabın müəllifidir. 1997-ci ildə “Sevil” Qadınlar Məclisi Poeziya Klubunun, 1998-ci ildə “Xatun” ədəbi məclisinin rəhbəri olmuşdur. 2001-ci ildə “Məhsəti” Şairlər Məclisini yaradıb, 2003-cü ildə “Məhsəti” jurnalını təsis edib, həmin jurnalın baş redaktorudur. Müxtəlif vaxtlarda “Gənclik”, “Azərbaycan qadını”, “Xatun” jurnallarında, “Azad Azərbaycan”, “Azərbaycan”, “Respublika”, “Dəli Kür” qəzetlərində korrektorluqdan baş redaktor vəzifələrinə qədər uzun yol keçmişdir.

1998-ci ildən 2013-cü ilə qədər keçirilən Müstəqil Azərbaycanın Qadınlar qurultaylarında, 1999-cu ildə Türk Dünyası Qadınlarının qurultayında (İstanbul), 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin VIII qurultayında (Ankara) nümayəndə olub. 2007-2017-ci illərdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin üzvü və Qadınlar Şurasına sədr seçilib.

“Araz”, “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Cəfər Cabbarlı” mükafatlarına, “General Həzi Aslanov”, “Xan qızı Natəvan”, “Əliağa Şıxlinski”, “Səməd Vurğun”, “Qopuz”, “Milli Heysiyyat” diplomlarına, “General Əliağa Şıxlinski” yubiley medalına, “Vətən naminə” medalına layiq görülmüşdür.

Fəridə xanım Azərbaycanın diaspor himninin və “Türk marşı”nın (hər ikisi 2005-ci ildə Ankarada DAK-ın VIII qurultayında Xalq artisti Lütfiyar İmanovun ifasında səsləndirilmişdir) və İctimai Televiziyanın himninin sözlərinin müəllifidir.

Fəridə Ləmanın “Tale adlı yazı varmış” şeirlər kitabı Türkiyədə doğulan, müxtəlif universitetlərin professoru, Oğuz-Türk əsilli Ali Kafkasyalı tərəfindən Ərzurumda, Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Mübarizim bir dünya” kitabı Türkiyədə professor Tamella Abbasxanlının maddi köməyi ilə, “Oxu, bülbül” kitabı Özbəkistanda Dilbar banu Heydərovanın dəstəyi iə nəşr edilmişdir.

Ulu Öndərin xatirəsinə yazdığı “Onu zaman seçib” poeması bir çox ali məktəblərdə və YAP-ın təşkilatlarında oxuculara təqdim edilmişdir. Poema ingilis dilinə çevrilərək Heydər Əliyevin 85 illiyinə kitab kimi çap olunaraq Kanadanın Toronto şəhərində büstün açılışına göndərilmişdir.

Onun 300-dən çox Qazax-Ağstafa şəhidlərinin döyüş yolundan yazdığı ”Qazax mahalının şəhidləri” kitabı nəhəng Vətən epopeyasıdır, ölkəmizin indiki və gələcək nəsillərinin vətənpərvərlik tərbiyəsi üçün qiymətli mənbədir.

Fəridə Ləman haqqında “Çalı quşu” və “Bizim Fəridə” kitabları yazılmış, bir çox kitablarda yazıları verilmişdir.

2010-cu ildə Türkiyədə, Osman Qazi Universitetində keçirilən 2-ci Ulusal simpoziumda və IV Uluslararasi Kıprız simpoziumunda iştirak etmişdir.

2012-ci ildə Azərbaycanin Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətinə həsr olumuş “Mübariz Vətən” əsəri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuş, teatrın özündə və müxtəlif bölgələrdə göstərilmişdir. Azərbaycanın Mllli Qəhrəmanı Çingiz Mustafayev haqqında yazılan “Varis” kitabı da Fəridə xanımın ürəyinin və qələminin məhsuludur.

2013-cü ildə yaradıcılıq xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin mükafatını almışdır.

2019-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Bunlar Fəridə xanımın fəaliyyətinin, təltiflərinin bir hissəsidir.

***

Fəridə xanımın poetik dünyası elə Azərbaycanın özü kimidir – çiçəkli-tikanlı, dağlı-dərəli, həsrətli-vüsallı bayramlı-qanlı qadalı . Bu lirik duyğularda Qarabağ, ona söykənən, onunla həmdərd olan, əsir taleyi yaşamağa məhkum edilmiş vətən torpaqları bu günün reallıqlarıdır, bu poeziya bəzən sevincdən yazanda da Qarabağ və ətraf ərazilər yada düşür, notlar kədərə köklənir:

Gözümdə yaş Qarabağ,

Düşmənə daş Qarabağ,

Öz oğlun edər səni,

Əyilməz baş, Qarabağ.

Çanaqqala şəhidlərinə dərin ehtiramla yazdığı elegiyada da Qarabağ unudulmur:

Fəridə yurd qurbanı,

Qarabağtək dərdim var.

Vətən üçün canından,

Keçən igid, mərdim var!..

Söz ən etibarlı, kəsərli silahdı. Şairlərin üç silahi var – ürək, söz və sözü yaşadan qələm. Fəridə Ləman düşmənə tuşlanmış qələmi ilə düşmənin gözlərini oyur, sözü ilə onu qanına qəltan edir, dosta, doğmaya ünvanlanan sözü isə məlhəmdir, mərhəmətdir. O, yarım əsrdən çoxdur ki, bütün milli dəyərlərin – ruhumuzun, təfəkkürümüzün, soy-kökümüzün, qeyrətimizin, ismətimizin keşiyindədir. Döyüş meydanında xain düşmənə qan udduran qəhrəman oğullara, “hər qarışı tutya olan Vətənə canını qurban verməyə hazır” olan Fəridə xanım torpağın şirinliyinin dadını heç bir qidadan tapmayıb. Onun müqəddəs qidası, qüruru Vətəndi, eldi:

Vətən oğulları – şəhid balalar,

Halal torpağında rahat uyuyun.

Qəhrəman oğullar qisas alarlar,

Bitər nəhayət ki, bu vaxtsız oyun!

Bircə qarışına göz dikənlərin

Gözünü əbədi oymağa gəldim.

Türk oğlu Türk kimdir bilsinlər bir də,

Düşmənə car çəkib yaymağa gəldim.

Fəridə xanımın “Qaldı”, “İncəm” şeirləri böyük məqamlara işıq salır. Bu dastan qəhrəmanlıq dastanı deyil, utanc yerimizi unutmağa qoymayan qəmli hekayətdir. “Qaldı” şeirinin birinci misrası başlayınca şair xanım haray salır, həyəcan təbili çalır: “Aman Allahım, meşələrimiz, bulaqlarımız, palıq ağaclarımız, məzar yerlərimiz ermənilərə qaldı.”

Çox da uzaq olmayan tarixin bəzi səhifələrini varaqlayaq. 1984-cü ildə ermənilər Qazax rayonunun Kəmərli kəndi ilə Noemberyan rayonunun Dovex kəndi arasında yerləşən Kəmərli kəndinin ərazisindəki 1675 hektar sahəyə göz dikmişdilər. Məkrli planlarına Moskvadan dəstək də almışdılar. Həmin il oktyabrın 24-də Azərbaycan rəhbərliyinin yuxarı təbəqəsini təmsil edənlərdən bir neçə nəfər vəzifə düşgünü və Qazax rayonunun rəhbərləri Bataqli bulaq deyilən əraziyə – meşə massivinə baxmağa gələndə Kəmərli əhalisi hiddətlənir, gələnləri daşa basır, Nazirlər Sovetinin sədr müavininin maşınını aşırırlar. Hətta sədr müavini etiraz edən əhalini “dikiy narod” adlandırır. Bu olaydan 15-20 gün keçməmiş MK-dakılar Moskvadan göstəriş verildiyini etiraf edirlər, Ermənistanın əsassız iddiasını təmin edirlər, əlavə ətraf kəndlərdən yüksək məhsuldarlıqlı münbit torpaqları da pay verirlər. Bu planı da artıqlaması ilə yerinə yetirib kreslosunu qoruyurlar. Elə o vaxtdan Kəmərli cammatı Daş, Almalı, Fındıqlı, Hayvalı bulaqlarının suyundan, Tutlu dərədən, Qara qayadan, Xanım yurdundan məhrum olurlar. Buna etiraz edən kəndin məsul vəzifəliləri məsuliyyətə cəlb olunur. Hələ üstəlik Əskipara dərəsinin, Cəfərlinin üstü, Sofulu və Bərxudarlı kəndlərini Qazağa birləşdirən strateji yüksəkliklər də ermənilərə peşkəş edildi. 200 il əvvəldən başlamış ermənilərə torpaq bağışlamaq prosesi 1992-ci ildə də davam etdi. Qazax rayonunun 7 kəndi hələ də doğmalarının nəfəsinə, ayaq səsinə həsrət qalıb.

Fəridə Ləman “əyilib gözündən su içdiyi bulaqdan, Ay işıqlı xatirələrdən, qaynar uşaqlıq və gəncliyindən”, Qılnckəndi meşəsinin zümrüd gözəlliyindən, quşların cəhcəhindən, bulaqların zümzüməsindən ötrü bu gün də darıxır:

Halay qurduğumuz qızıl tonqallar,

O şaqraq gülüşlər, haylar, haraylar,

Hər gecə nənəmdən gələn nağılllar,

Həsrət torpağımtək uzaqda qaldı.

Hələ “neçə yelləncəklər ağacda qaldı, qaymaqlı nehrələr dirəkdə qaldı, dərdin şələsini qoya bilmədik, ömürlük ar oldu, kürəkdə qaldı”, Fəridə bacım. Mən də kövrəldim. İncə dərəsinin, Kəmərlinin qızı kimi yaddaşımdadır ki, o yaşıl ormanlarda şirin və kövrək xatirələr, utancaq baxışlar, saf sevgilər, çiyni səhəngli qızlardan su istəyib sevgi təşnəliyini sərinlədən oğulların əhdi, ilqarı qaldı:

Bir baxış sancıldı bulaq başında,

Ürəkdə od tutan atəşi qaldı.

Indi xatırlamaq nə qədər ağır,

Ürəyin yerində çay daşı qaldı.

“Incəm” şeiri də bir elin dərdini, sevincini, keçmişini,, indisini vəsf edən 16 bəndlik vətənsevərlik dastanıdır. İncə dərəsindəki qədim Türk elatlarının sinəsi 40 ildir ki, yaralıdı. Qılınckəndi meşəsi hələ də bizim ona sahib çıxmağımızı, hər ağacın qanamış, qaysaqlamamış yaralı köksünə sığal çəkməyimizi, bulaqların başında baş əyib, dizimizi torpağa dirəyib gözündən öpməyimizi, dədə palıdların kölgəsində dincəlməyimizi gözləyir. Bizsə hər gün bir az biganələşirik, düşmən caynağında olan sərvətlərimizin ah-naləsini eşitmək istəmirik.

Fəridə xanımı da o yerlərə ancaq xəyal qanadları aparır, başımıza gələn “oyunun, fəndin” burulğanında əl-qol atır, “ömrünü, gününü əsirgəmədən, öləm sənin üçün, öləm, ay İncəm!” fəryadı qoparır:

Həsrət göz yaşları süzülür gözdən,

Ah necə məluldu Qılınckəndimiz.

Şeytan törəməsi satdı torpağı,

Könüldə məskəni saldı dərdimiz!

Yurd yeri satarmı, de kişi olan?!

Inamım töküldü, dinim töküldü.

Kəsildi şah damar, əyildi qəddim,

Dərdin şələsindən belim büküldü!

Uşaqlığını, gəncliyini, dincliyini, yurd yeri qürurunu Fəridə xanımın və onunla eyni taleyi yaşayanların əlindən alanlar – torpağı biznes obyekti bilənlər vicdanını satanlardır, əgər vicdanları varsa, varsa da, belə üfunətli vicdan heç kimə lazım deyil. Fəridə xanım kimilərin ümidi işıqlıdır:

Dərd daşır içimdən yatmıram, heyhat,

Nə vaxtdı düşmüşəm atımdan, İncəm!

…Qismət olsun mənə xalını salım,

Açıq bir ürəklə qoynuna gəlim,

Boylanım şahlığın taxtından, İncəm!

Şair xanımın “İncəm” şeirinə sözardı kimi verdiyi bir tarixi qeydinə biganə qala bilmədim: “Qılınckəndi meşəmiz lənətə gəlmiş ermənilərə bağışlananda (1984) Tomris qızı Şayəstə xala onların qarşısına çıxan ilk qadın qəhrəman idi. Allah rəhmət eləsin. Əfsuslar olsun. Erməni kimdir ki?! Əgər bir kənd qadını onların qarşısına çıxa bilirdisə?”

Yanıb, yaxılıram Şayəstə xala,

Insafmı dərdlərim qarıyıb qala?

Gözlərim yol çəkir, yol çəkir hələ,

Küsürəm yenə də bəxtimdən, İncəm!

Tarixin bu rüsvayçı olaylarını əks etdirən “Torpağın yaddaşı” kitabını Fəridə Ləman 1995-ci yazdı, 2011-ci ildə “Torpağın yaddaşı”nı əlavə rəy və mənbələrlə genişləndirib “Qılınkəndi dastanı”na çevirdi. Bu kitabdakı tarixi sənədlər Vətən tarixinin qara səhifəsi kimi yadda qalacaq. “İsti yuvasından perik düşən quşlara dönən” İncə dərəsinin sakinləri indi “xatirələrə borcludurlar – dünən odunda-ocağında hənirləndiyimiz, yaylaqlarında gəzdiyimiz, buz bulaqlarından su içdiyimiz, xəzəzini, qulançarını yediyimiz dədə-baba yurdumuz Qılınckəndinə.”

Ilk qadın Xalq şairimiz Mirvarid Dilbazi 1998-ci ildə “Torpağın yaddaşı” kitabının dəyərindən yazırdı: “O zamankı üzdəniraq rəhbərlərimizin dəyanətsizliyi, vəzifəpərəstlikləri üzündən Kəmərli torpaqlarını asan alan ermənilərin dişləri qana batdığı üçün, sonrakı yürüşlərə başladılar.” Mirvarid xanım əlavə edir ki, Kəmərlinin 22 meşə zolağı, gil, gəc, kobalt, mis və qızılla zəngin 14 dağı, 28 adda suyu loğman bulaqları, 5 qədim qalası və daha nələri… təmənnasız ermənilərə verildi, erməni torpaqlarına ilhaq olundu.

Mirvarid xanım 29 mart 1998-ci ildə “Azərbaycan” qəzetində yazırdı:

“Od var onu su söndürür, od da var onu heç nə söndürə bilmir.

Bu fikir publisist, filologiya elmləri namizədi Fəridə Ləmanın “Torpağın yaddaşı” kitabını oxuyarkən gəldiyim qənaətdir. Bu torpaq yangısı, qeyrət yangısıdır.”

Mirvarid Dilbazi Fəridə Ləmana ana-bala münasibəti bəsləyib, gediş-gəlişləri olub. Fəridə xanım onun haqqında neçə-neçə yazı yazıb, səs yazıları var. Mirvarid xanım Fəridə Ləmandan söhbət düşəndə deyirdi:

“Mənim ruhuma yaxın olan dağlar qızıdı, Qazağın Kəmərlisindəndi. Fəridə Ləmanı ilk dəfə görəndə, qara, işıqlı gözlərinə baxanda bir el aşığının İncə dərəsi haqqında yazdığı bu misralar yadıma düşür:

O yanı çiçək Kəmərli,

Bu yanı çiçək Kəmərli,

Qızları göyçək Kəmərli.”

Mərhum şair Davud Nəsib “Torpağın yaddaşı” kitabı haqqındakı düşüncələrində Fəridə xanımın cəsarətini, zəhmətini önə çəkirdi: “Bu kitabı əslində kişilər yazmalı idi, bu zəhmətə, bu əziyyətə kişilər qatlaşmalıydı, amma Fəridə xanım da kişilərdən geri qalan deyil.”

Fəridə xanımın şeirləri sevilir, yadda qalır, düşündürür, geniş yaradıcılıq diapozonu və zəngin təxəyyülü onu müxtəlif mövzularda uğurlu şeir və publisitika nümunələri yazmağına dəstək olur. “Ey Türküm”, “Birliyin mübarək olsun, Türküm!”, “Türkün daşı ağır”, “Türkün ürəyi”, “Qarsın dağları qardır” (Sarıqamış şəhidlərinin xatirəsinə), “Türkiyə, Azərbaycan”, “Gəl, Vətən torpağı”, “Çanaqqala”, “Türk anası ağlayırsa…”, “Birliyin mübarək olsun”, “Təbrizim”, “Vətəni zəfərə harayla”, “Sevdiyim Vətən”, “Bu torpağın türküləri”, “Vətən haqqı”, “Dalğalan, bayrağım” və bu səpkidə digər şeirlər az qala dünyanın yarısını Vətən edən böyük və ulu Türkün qəhrəmanlığını özündə yaşadan salnamələrdir. Bu salnamələrdə ağrı-acı da var, qürurverici anlar da.

Turan ellərinin ucsuz-bucaqsız torpaqlarından bütöv Vətənin sinəsini parçalayan günahsız “Arazlar axan” gündən Türkün torpaqlarını bölə bilsələr də, ruhunu, cəngavərliyini öldürə bilmədilər. Nə yaxşı ki, Türkün ruhu daim onunladır. Türk titrəyib özünə gələndə düşmən onun qarşısında heç vaxt dayana bilməyib. Bu gün Türkün birlıyinin sarsılmazlığı öz bəhrəsini verməkdədir. Artıq Turan ellərinin bir millət, yeddi dövlət formulu Türkü sevməyənlərin kabusuna çevrilib.

Fəridə xanımın “Türkiyə, Azərbaycan” şeiri bir millət , iki dövlətin qardaşlıq himnidir:

Bayrağınla zirvədə

Keşikçinəm, ey Vətən.

Yurda uğur diləyin,

Cığırdan, yoldan ötən.

Küləklərin səsi də ,

Oxuyur nəğməsini –

Var ol, Türkiyəm, yaşa,

Canımız fəda olan

Azərbaycanımla qoşa!

Fəridə xanım Sarıqamış şəhidlərinin əziz xatirəsinə yazdığı “Qarsın dağları qardır…” şeirlər silsiləsindəki bəzi şeirlərdən əvvəl tarixi sənədlərə istinad etməsi uğurlu ədəbi priyomdur. 1915-ci ilin yanvarının qandonduran qışında 90 min Vətən sevdalısı düşmənə təslim olmaqdansa, 60 min nəfəri döyüş meydanında şərəfli ölümü seçdi. Sarıqamış dağlarında “soyuqdan bir-birinə sarılan, şaxtalı çöllərdə buz adamlara çevrilən 30 min Türk əsgəri isə elə bu vəziyyətdə də ölmüşdülər. Şərəfli ölümdür! Onların içərisində yüzlərlə könüllü həmvətənlərimiz də olub. Qanı bir, canı bir qardaşlarına köməyə gəlmişdilər:

Azərbaycan elindən Turan deyib gəlmişik,

Zəfər üçün canları qurban deyib gəlmişik.

Kəfənləri öncədən geyinərək əyninə,

Vətən üçün canları urvan deyib gəlmişik.

Fəridə xanım vurğulayır ki, tarixi sənədlərə görə, Sarıqamışdakı rus ordusunun generalı Petroviç Moskvaya göndərdiyi teleqramda yazıb: “Onları təslim ala bilmədim, çünki əsir alınası heç kimsə yoxdur. Onlar bizdən əvvəl öz Allahlarına təslim olmuşdular.”

Fəridə Ləmanın Sarıqamış dastanını vərəqləyəndə elə müdhiş anlara rast gəlmək olur ki, qanımız bəzən damarlarda donur, bəzən də qisas hissi ilə qaynayır. Onun Sarıqamış şəhidlərinə sayğısında bir duyğulu Tük qızının kövrəkliyi də var, sərtliyi də,fəryadı da. Bununla belə Fəridə xanım mübarizdir, ancaq ilahi ölümə baş əyə bilər:

Siz ey şəhidlərim, siz ey Ölməzlər,

Mən qurban demərəm, qurbanam Özüm!..

Fəridə xanım, yazırsınız ki, ölümüzün, dirimizin yiyəsi bu torpaqdır, hələ ki, bu torpaq qəhrəmanlardan xali deyil. Bəli, əziz el qızım, bunu Vətən müharibəsinndə igidlərimiz qanı, canı, Vətən sevgisi ilə sübut etdilər.

“Hər qapı üstündə şəkli asılan, hər qapı adına geniş açılan, hər açıq qapıya nuru saçılan” Mübarizləri – Azərbaycan analarının, atalarının igid oğlunu, ər oğullarının, qızlarının cəsarətli qardaşını “Vətən bayraq kimi göylərə qaldırdı.” Bir cümlədəki qürurun ölçüsü misilsizdir.

Yurdumu yaşadır səntək oğullar,

Ölə biliriksə bu torpaq üçün.

O bizi hər zaman göyərdəcəkdir,

Düşmən önümüzdə baş əyəcəkdir!

Mübariz ruhuyla Vətənin zəfərinə stimul olan mübariz oğullar 2016-cı il apel döyüşlərində və 44 günlük Vətən müharibəsində Mübarizin cəsarətini ürəyində təpər, əllərində üçrəngli bayraq kimi tutaraq “dəmir yumruq”la bədxah düşmənin başını əzdilər. Mübariz oğulların cəsarəti, düşmənə nifrəti gələcək nəsillərin hünər salnaməsinə yeni çalarlar əlavə edəcək. Zəfər bayrağımız etibarlı əllərdədir.

Fəridə Ləmanın “Cəbhədən cəbhəyə” döyüş bölgəsindən reportajlar kitabı qarış-qarış gəzdiyi ön cəbhə yollarında gördükləri, duyduqlarıdır. Fəridə xanım səngər həyatı görmüş azsaylı xanım jurnalistlərdəndir. Ona görə də səngərdən, ölümlü-itimli savaş meydanından yazdığı reportajlarda sünilik, pafos yoxdur.

2016-cı il aprel döyüşlərinində şəhid olmuş Elvin Namazovun döyüş yolunu işıqlandıran “Donmuş təbəsüm” poemasında Fəridə xanım Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulan, “nişanı bəysiz keçən” igidə həzin-həzin laylay deyir:

Laylay Vətən keşiyim,

Laylay evim-eşiyim.

Qazaxda doğulmusan,

Qarabağdı beşiyin!

Qarabağ ağrı yerim,

Ağrıdan ağrı yerim.

Cismim Azərbaycandı,

Qarabağ ağrı yerim.

Gözlərim tordu sənsiz,

Ürəyim qordu sənsiz.

Dərdim bir qara zəli,

Qanımı sordu sənsiz.

Şair xanım şəhid atasının dərdini, qürurunu ürəyindən, üzündən, gözündən oxuyub göz yaşları ilə islatdığı ağ vərəqə köçürür:

Ölüm, sən heç sevinmə,

Bax şəhidin adına.

Ucalardan ucadı!

Səninsə adın üstə,

Hey bayquşlar uladı!..

O, həm də aprel şəhidləri Mühüd Orucovun döyüş yolunu əks etdirən “Mühüdüm – şəhidim”, Orxan Əliyev igidliyindən yazılan “Cənnətdən məktublar” kitablarının müəllifidir.

Fəridə Ləman insanların uğurlarını dəyərləndirən, lazım gələndə məsləhət verməyi bacaran, yol göstərən mənəviyyat sahibidir. Bunu “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyini yaradanda hiss elədim, gördüm. Məclisin yaranmasına xeyir-dua verənlərin birincilərindəndir el qızımız. İlk dəfədən tədbirlərdə iştirak edib, dəstəkləyib. Eləcə də “Kələğayı Muzeyi”ni yaradanda. Uğurlarımı izləyən, sevinən, yeni-yeni uğurlara ruhlandıran Fəridə xanım mənə ünvanladığı “Borçalıda bitən İncə çiçəyi” epitetini ən qiymətli mükafat hesab edirəm. Fəridə xanım yazır:

“…Bu bədii yolların cığırında, izində qarşı gəldiyim Günəş üzlü, əlində qələmi və söz çələngi olan bir xanımla qarşılaşmışam. Bu qələm adamı İncə dərəmizin incə çiçəyi Güllü xanım Tomarlıdı. Güllü əslən İncə dərəsindən olsa da, Borçalı mahalında boya-başa çatıb. Əlinə qələm götürüb. Sözün sehri onu çox insanlarla görüşdürüb.”

“Mən kökü İncədə, budaqları Borçalıda olan Vətən qızıyam”, – deyəndə Fəridə xanım lirik diliylə məni daha mükəmməl təqdim edir:

Bu Güllünün ətridi,

Incədən gətiribdi.

Ruhundakı gülləri,

Incəçay bitiribdi.

Fəridə də çox sevir,

Bu allı, güllü qızı.

Gözləri işıq selli,

Qızılı telli qızı.

Fəridə dəyər verəndi,

Yaxşısı, pisi görəndi.

Sözündən nurlar ələndi –

Ürəyi gözəl, a Güllü!

Mən də qürurlu, saf ürəkli, saf diləkli bacıma – “soyu-kökü İncədən boy verən kökü dərində İncəli qızı”na söz verirəm: “nə qədər varamsa, səninlə varam, əhdinə, vəfana sadiq yaşaram.”

Həm alimsən, həm şairsən, həm insan,

Sevənlər içində ən şirin bir can.

Adın qürurumdur, Fəridə Ləman,

Dadın nurundadı, İncəli qızı.

Fəridə xanımda o qədər enerji, yaşam gücü, pozitivlik var ki, Vətən, torpaq, el-oba qayğıları, ağrı-acıları ilə yüklənəndə bir hovur dincini almaq üçün yenidən qələmə sarılır. Həmkarları – şair xanımlardan üzr istəyərək özünü yazmaq istəyir. O, təkcə özünü yox, mənim ürəyimdən gələnləri oxuyub Vətən oğullarını xəbərdar edir: “Şair qadın almayın!” Ancaq özünü də sığortalayır – “Zarafat sayağı” ayaması qoyur “ciddi” şeirinə. Onun “gözü buludda qalıb, şeh görüb şehdən, meh görüb mehdən yazan, qarla, yağışla danışan, gah küsüb, gah barışan, Günəşlə qurulanan, gah zildə, gah bəmdə, gah kədərdə, gah qəmdə, halı dəmbədəmdə, qazanı odda yanan, daşın, yaşın dilini bilən, sözlə gözünü silən “şair qadın almayın” məsləhətində zarafat da var, gerçəklik də. Axı şair özünəməxsus Allah bəndəsidi, yaradan ona sözə aşıqlik istedadı verib. Ona görə də “şair qadınlar sözün gəlinidi.”

Baxışının yükü söz,

Libası söz, kürkü söz.

Heç nəyi yox, mülkü söz,

Şair qadın almayın!

Uşaq çıxar yadından,

Bıçaq çıxar yadından.

Ocaq çıxar yadından,

Şair qadın almayın!

Gecə ulduz, Ay olar,

Oxu uçan yay olur.

Mələklərə tay olur,

Şair qadın almayın!

Bir azca zarafatla nəfəs dərib özünün və bizim könlümüzü güldürəndən, içindəki gərginliyi sözlə oxşayıb özündən aralayandan sonra Fəridə xanım, teatrşünaslar demişkən, öz ampluasına qayıdır: “şair evin yox, elin yaraşığıdır.”

Qarışqa dən daşıyır,

Şairlər qəm daşıyır.

Dünyanın ağrısıyla,

Gözləri nəm yaşayır.

Axtarmaz dünya varı,

Dünyadır onun varı.

Şairin dövlətidir,

Yazıb yaratdıqları.

Hər kəs özünün ləyaqətini, nüfuzunu, fiziki və mənəvi varlığını qoruyub saxlamaq üçün milli mənəvi dəyərlərə həssas yanaşmalıdır. Əxlaq normaları, dünyagörüş, inanclar, məqsəd və s. Türkün ali milli dəyərlərindəndir. Fəridə xanım milli dəyərlərin daşıyıcısı və qoruyuçusudur. Onun şeirlərinin, publisistik yazılarının təməlində milli dəyərlər durur. Xanım-xatın qadınlarımızın nənələrin yadigarı qədim baş örtüyü kələğayıya Fəridə xanımın xüsusi önəm verməsi bunu təsdiqləyir:

Fəridənin gül çələngi,

Başında qeyrət tacısan.

Min illərin sirri səndə,

Zamanın heyrət tacısan –

Xal örpəyim, kələğayım!

Fəridə Ləmanın şəxsiyyətinə, Vətən sevgisinə, zəkasına, mənəvi dünyasına, yaratmaq eşqinə, sözünə, qələminə bələd olan tanınmışların baxış bucağından Fəridə xanım daha aydın görünür:

Davud Nəsib:

“Torpaq sığındığımız yerdir, hər şey gəldi-gedərdi, qalan isə torpaqdır, xalqdır, torpağını, xalqını acı həqiqətlərdə, heç olmasa bir kəlmə sözündə yaşadanlardı. Fəridə Ləman bu savabı artıq qazanıb.”

Sabir Rüstəmxanlı:

“İnsan dünyaya hansı işıqla gəlirsə, o işıqla da gedir. Fəridə xanım işıqlı qadındır. O, epitetlər haqqında bir kitab yazmışdı. Orada mənim də şeirlərimdə ən çox işlənən rəng haqqında yazmışdı. Bu, ağ rəng idi. Fəridə xanımın həyat yolu ağ rəng kimi təmiz və ləkəsizdir. O, yaradıcılığı ilə qadın poeziyasına öz möhürünü vurmuşdur. Fəridə xanım xoşbəxtdir ki, insanların sevgisini qazana bilib.”

Nizami Cəfərov:

“Fəridə xanım həm də insan kimi istedadlıdır. O, Türk dünyası miqyasında düşünən insandır.”

Eldar İsmayıl:

Gəncəyə, Təbrizə gülüstan deyər,

Gah bayatı deyər, gah dastan deyər.

O, Qazax deyəndə Türküstan deyər…

Soyuna həmdəmdi Fəridə Ləman.

Dürlü bir aləmdi Fəridə Ləman.

“Ömrüm torpaq ömrüdü” inamına söykənən Fəridə Ləman ömrünün zaman-zaman göyərəcəyinə, Vətən öz sevimli qızını unutmayacağına inanır. Bu inamdır onu yaşadan, axı ömrünü şam kimi yandıranların zəkasının işığı neçə-neçə əsrlər Vətənin övladlarının yollarını nurlandırır. Ömrünün yeddi onilliyini üzüağ yola salmağa hazırlaşan Fəridə xanım şərəfli işlə məşğuldur. Sözünə sadiq qalıb, sevimli peşəsinə, sözə, Vətənin bütövlüyünə, azadlığına könül verənlər üçün yaşamaq, yaratmaq ilahi işdir. “Yazmaq istədiyin ümidlərə qovuşmaqdır, ruhun boşalmasıdır.” Budur, onin həyat manifesti! Fəridə Ləman üçün “yorulmaq rahat olmaqdır”. İnanmıram ki, o, yorulur, çünki hər an narahatdı, nigarandı – Vətəndən, Vətənin torpağından, göylərindən, şəhid ruhlarından, qazi oğullarından vətəndaşlarından. Axı Vətənin başının üstündə dolaşan qara buludları tamamilə dağıtmamışıq…

Vətəni canından çox sevənlər ömrün 70-dən sonrakı fəsillərində də sağlam, uzun və mənalı ömür yaşasın ki, Vətən yaşasın. Vətən Vətəni sevərlərindir, göz bəbəyi kimi qoruyanlarındır.

Fəridə xanım kimlərəsə – bədəməllilərə, tamah və nəfs qullarına, Vətənin hər qarış torpağına alver gözüylə baxanlara məğlub olan, döyüş meydanından çəkilən el qızı deyil. İnanır ki, söz ömrü qədər yaşayacaq, el, torpaq yolunda elədikləri, yazdıqları qədirbilənlərin yaddaşında qalacaq, onu da yaşadacaqlar. Bunu Fəridə xanımın təsəllisi kimi qəbul etməyin, inancıdır – “Vətən haqqı, torpaq haqqı!”

Vətən yanğılı Fəridə xanımın elə, obaya, yurda Vətənə bağlılığı bir örnəkdir. Hara getsə də, hara dönəcəyi yeri dəqiq bilir – “göbəyinin kəsildiyi yeri. Orada onu gözləyən ruhlar və ana torpaq var.”

70 yaşınızı təbrik edirəm İncənin incə Fəridə Ləmanı. “Nəğmələrinizlə həmişə Vətən olun”. Siz öz borcunuzu yaxşı anlayırsınız – Vətənə azadlıq, bütövlük borcunuzu. Bu borc elinə, obasına, torpağına bağlı olanların alnına yazılıb.

Gününüz ağ olsun, Fəridə Ləman! Qazax mahalımızda qızlarımıza edilən bu dua- alqışın ən mötəbəri Sizə düşür…

MÜƏLLİF: GÜLLÜ ELDAR TOMARLI

FƏRİDƏ LƏMANIN YAZILARI

GÜLLÜ ELDAR TOMARLININ YAZILARI



“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru