Etiket arxivi: İnternet əfsanələri

MARİYA RUSSONUN HEKAYƏSİ – İBARƏTAMİZ

İşığa doğru
(hekayə)
Gəmi gecənin qara sinəsini yararaq irəliləyirdi. Atlantik okeanı bu gecə sakitliyə oxşamırdı; dalğalar sanki insan talelərini sınamaq üçün qəsdən qalxıb-enirdi. Üçüncü sinifdə, dar və havasız bölmədə Antonio Russo qızını qucağına sıxmışdı. Maria yuxulu gözlərini atasının köynəyinə sürtür, arabir anasının adını pıçıldayırdı. Antonio isə cavab verə bilmirdi — boğazında düyünlənmiş kədər sözlərə çevrilmirdi.
O, bu səfəri bir xilas yolu bilmişdi. İtaliyada qalan yoxsulluq, tənha ev, susmuş ocaq… Hamısını arxada qoyub yeni həyata doğru gedirdilər. Maria üçün. Hər şey Maria üçün idi.
Birdən gəmi inildədi. Sanki nəhəng bir əl onu yan çevirib silkələdi. Qışqırıqlar eşidildi. Taxtalar şaqqıldadı. Okeanın soyuq nəfəsi alt bölmələrə doldu. Su ayaqların altından sürünərək gəlirdi — əvvəl dizə, sonra sinəyə doğru.
Antonio Mariyanı çiyinlərinə qaldırdı. İrəli getmək istədi, amma insan seli onu geri itələyirdi. Qaranlıqda gözlər qorxu ilə alışıb-yanırdı. O an Antonio başa düşdü ki, bu, seçimin anıdır. Gecikmək olmazdı.
Göyərtəyə yaxın yerdə sınmış bir illüminator gördü. Kənarları kəsici idi, amma açıq idi. O tərəfdə qaranlıq, buz kimi su… və uzaqda zəif bir işıq — xilasetmə gəmilərinin titrək ümid işığı.
Antonio qızını yerə endirdi. Diz çökdü, onun gözlərinə baxdı. Bu baxışda vidalaşma vardı, amma sözlə deyilən yox, ömür boyu daşınacaq bir baxış:
— Qorxma, Maria… — dedi pıçıldayaraq. — Üzə bilirsən. İşığı görürsən?
Maria başını tərpətdi, göz yaşları yanaqlarından süzülürdü.
Antonio qızını qucaqladı, son dəfə bağrına basdı. Sonra bütün gücü ilə onu illüminatordan işığa doğru atdı:
— Üz, Maria! — deyə qışqırdı. — İşığa doğru üz!
Qızın səsi suya qarışdı. Antonio irəli atıldı, amma bədəni sığmadı. Dəniz onu geri itələdi. O, yalnız baxa bildi — işığa doğru üzən balaca bir kölgəyə.
Bir neçə dəqiqə sonra hər şey bitdi. Gəmi sükutla dənizin qucağına çəkildi.
Maria Russo o gecədən sonra uzun illər işıq axtardı. Bəzən onu şəhərlərin pəncərələrində gördü, bəzən uşaqlarının gözlərində, bəzən də qaranlıq gecələrdə uzaq bir xatirə kimi.
Uşaqlığında düşünürdü ki, atası onu tərk edib. Sonra böyüdü, yaşadı, sevdi, ana oldu. Həqiqəti öyrəndiyi gün isə ağladı — çünki anladı: atası onu həyata atmışdı:
— Bütün ömrüm boyu işığa doğru üzdüm, — deyə pıçıldadı qocalığında. — Hər addımımda onun səsini eşitdim.
Və gözlərini yumarkən dəniz qorxulu deyildi artıq. Uzaqda bir işıq vardı. O işığın içində bir ata dayanmışdı:
— Gəlmisən, Maria, — dedi.
Qız gülümsədi:
— Səni sevirəm, ata. Mən üzdüm. Həmişə işığa doğru üzdüm.

Hekayəni yenidən işləyən: Leyla Mahirqızı,

Other articles by Leyla

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I