Etiket arxivi: Könül Aydın

Könül Aydın – ibrətamiz

ELMİ KƏŞF, YOXSA ÜRƏYİMDƏKİ AGRI

Mərhum alimimiz Bəkir Nəbiyev mənə bir elmi mövzu vermişdi, təxminən belə yadımda qalıb: “Azərbaycan bədii təhkiyəsinin təşəkkülü”. Bunu üçillik plan işi kimi verdi və söylədi:

  • İşlə, sonra bu mövzunu bir az genişləndirib sənin üçün doktorluq mövzusu kimi təsdiqləyərik.
    İşləməyə başladım, amma mənim bir xasiyyətim var: heç vaxt ada, vəzifəyə hədəflənmədim, elmi mövzu ki məni çəkib hara apardı, ora getdim. Mövzunu işləyirdim ki, Abbasqaulu ağa Bakıxanıvun “Kitabi-Əsgəriyyə”sinin tilsiminə düşdüm. Mövzumu atdım bir kənara düşdüm bu əsərin içinə. Əsərin poetikasına, fəlsəfəsinə uyub getdim. Gəlib çıxdım elmi kəşfə.
    Bir əsər yazıb qoydum ortaya: “Abbasqaulu ağa Bakıxanovun “Kitabi-Əsgəriyyə” hekayəsi”. Azərbaycan ədəbiyyatşünaslığında bir əsr lirik hekayə kimi qiymətləndirilən hekayəni ilk dəfə qətiyyətlə satirik əsər kimi təhlil etmişdim. Niyə “qətiyyətlə” deyirəm? Ona görə ki, mənə qədər də o hekayədə gülüşün səsini eşidən alimlər olmuşdu, amma bunu epizodik məqam kimi görmüşdülər. Halbuku əsər basdan-başa satira idi.
    Əsəri İnstitutun Elmi Şurasına çıxarmaq istədim. Şöbə müdirim Zaman Əsgərli öncə əsərin əlyazmasını qəbul edib özü oxudu. Gətirib qoydu masanın üstünə və biz üzbəüz əyləşdik. Saatlarla mübahisə etdik. O öz mövqeyindən dönmək istəmirdi: “Lirik hekayədir!”. Mən də arqumentlərimi göstərib öz fikrimdə qətiyyətli idim: “Satirik əsərdir!”
    Əsəbləşirdi:
  • Könül, sən deyirsən, qatıq qaradır.
  • Xeyr, Zaman müəllim, siz qatığa qara deyirsiniz. Mən isbat etmişəm.
    Zaman müəllim başqa bir təklif etdi: “Şöbədə müzakirəyə çıxaraq”. Razılaşdım. İş verildi iki alimə – oxunmağa.
    Müzakirə günü ürəyim bərk həyəcanlı daxil oldum otağa. Alimlər müzakirəyə gəlməmişdilər. Biri axşamdan zəng edib gələ bilməyəcəyini söyləmişdi. Onsuz da, kədərli idim. Digər həmkarımız da gəlməmişdi. Qolum-qanadım qırılıb yanıma düşmüşdü.
    Məruzə etdim. Zaman müəllimdən başqa heç kim oxumamışdı bu tədqiqat işinin əlyazmasını. Nitqimi bitirdim, Zaman müəllim auditoriyaya sual verdi:
  • Sualı olan var?
    Hamı susdu, dönüb Elmira Qasımovaya baxdım. Başını salmışdı aşağı.
    Zaman müəllim son sözünü dedi:
  • Müzakirəni bitmiş hesab edirəm. Çox sağ olun.
    İş Elmi Şuraya çıxarılmadı.
    Bir neçə gün sonra işi oxuyub, amma müzakirəyə gəlməyən həmkarlarımdan biri ilə dəhlizdə üz-üzə gəldik. Dedi:
  • Könül, sənin bu işin elmi kəşfdir. Bu işə görə sən doktorluğu oxumadan da elmlər doktoru adını almağa layiqsən.
    Heç nə demədim. Ürəyimdə tikana döndü o söz və indiyə qədər də çıxmadı. Yəqin, ömrümün son günlərində də xatırlayacağım həyat hekayələrimdən biridir bu əhvalat.

Müəllif və mənbə: Könül Aydın

KÖNÜL AYDININ DİGƏR YAZILARI