Zilaləbanu Xalıqova 1987-ci ildə Jizzax şəhərində anadan olub. 6 yaşında birinci sinfə gedib. 6-cı sinfə qədər oxuyub. Sənət Kollecinin xoreoqrafiya – milli rəqs bölməsinə imtahansız qəbul olunub. 9 yaşından yaradıcılıqla məşğuldur. Onun “Unutmaq asan deyil”, “Leyli mahnısı”, “Gövhərim var”, “Könülə yol”, “Sükunət mələyi”, ”Yalqız quş” adlı şeir kitabları çapdan çıxıb. Beynəlxalq, Respublika səviyyəli almanax və antologiyalarında, dövri mətbuatda şeirləri çap olunub. 2021-ci ildən Özbəkistan Yazıçılar Birliyinin üzvüdür. Bir sıra Beynəlxalq festivalların iştirakçısıdır.
Nəfsin meyvəsi – ehtiras və ya hekayə janrına təzə nəfəs – Yahya ABBASOV
Əksər hallarda şairin nəsri şeirə, nasirin şeiri də nəsrə bənzəyir. Ona görə də şair poeziyasında, yazıçı da nəsrində daha möhtəşəmdir. Heç dahi Füzuli də nəsr yaradıcılığında poeziyasındakı Füzuli deyil. Çünki onun nəsrində nəzəri müddəlar daha çox qabardılıb. Deməli, cəmiyyət yaradıcı sənətkarı, zatən, şair və ya zatən nasir kimi qəbul etməkdə haqlıdır. Qəşəm İsabəyli ədəbi ictimaiyyətdə bənzərsiz uşaq şairi kimi tanınmışdır. Diqqət edilsin, tayı-bərabəri olmayan demirəm, bənzərsiz deyirəm. Ədəbiyyatımızda uşaq şairləri və uşaq şeirləri lazımıncadır. Qəşəm İsabəylinin isə uşaq poeziyası həm uşaqlar üçün uşaq şeirləri, həm də böyüklər üçün uşaq şeirləridir. Qəşəmin özü demişkən, o, həm də əvvəli “şir”, sonu “şir” olan nəşriyyatın yaradıcısı və rəhbəri kimi tanınır. Yazıçının son illərdə iki hekayələr kitabı işıq üzü görüb. “Beş hərflik faciə” (2022) və “İlk məhəbbətin intiqamı” (2024). Görünür, içində yaşadığı zamanın və üstündə yaşadığı torpağın dərdləri, özünün daxili çarpışması, rast gəldiyi insan xarakterləri, cəmiyyətdə bir-birini sürətlə əvəz edən hadisələr müəllifin doğma mövzusuna (uşaq şeirlərinə) sığınmamış və onun nəsrinin yaranmasını şərtlən¬dirmişdir. Doğrudan da, Qəşəm İsabəylinin nəsrindəki vaqeə və hadisələri uşağa təqdim etmək olmaz. Poeziyada öz dəst-xəttini yaratmış Qəşəm İsabəylinin nəsrə müraciəti gözlənilən idi. İçində Əlahəzrət Ədəbiyyat gəzdirən bir söz adamının qələmi çağımızın həftəbecər olaylarına biganə qala bilməzdi. Yazıçı müdrik yaşındadır. Əslində, bu yaşda nəsrə keçmək çiynini ağır yükün altına vermək deməkdir; məsuliyyət yükü. Bunun uğuru, uğursuzluğu var, ortalığa qoyduğun mətahın qəbul edilib-edilməməyi var. İstedad, özünəgüvən və yazıçı səmimiyyəti Qəşəm İsabəyliyə nəsrin qapısını azacıq aralayıb içəri boylanmağa yox, bu qapını taybatay açıb daxil olmağa cəsarət verdi. İstər şifahi nitqdə, istər bədii əsərdə, lap publisistikanın özündə də səmimi ol, sənə inanacaqlar. “İlk məhəbbətin intiqamı” kitabına yazdığı Ön sözdə müəllifin ovqatı bütünlüklə səmimi notlara köklənib. Ön sözü çox ləzzətlə oxudum. Demə, orta həcmli bir hekayələr kitabının on altı səhifəlik Ön sözü ola bilərmiş və bu Ön sözdə müəllif həyatının irili-xırdalı bütün detallarının xülasəsini verə bilərmiş. Ön sözü oxuyan hər kəs hekayələri oxumağa ruhən məhkumdur. Çünki Ön söz kitab üçün mənəvi açar rolu oynayır və oxucu hekayələrdə də müəllifin səmimiyyətinin axtarışına meyillənir. “İlk məhəbbətin intiqamı” kitabı öz orijinal nəsr üslubunu mükəmməl şəkildə nümayiş etdirə bilən hekayələr toplusudur. Kitabda müəllifin on dörd hekayəsi, beş novellası və bir povesti yer almışdır. Əslində, kitabdakı bütün əsərlər novella sayıla bilər. Novellaya xas olan yığcamlıq və son dərəcə gözlənilməz sonluq bu yazıların hamısını novella kimi səciyyələndirməyə yetər. Yəni hekayələrin əksəriyyəti novellanın parametrlərini ödəyə bilir. Bircə qalır hekayə ilə novellanın əsas sərhədini ayıran yumor. Qəşəmin hekayələrində güclü yumor da yetərincədir. Lakin hekayələrdə çağın insanının ciddi düşüncəsi və bu düşüncədən doğan etiraflar daha güclüdür. Novellalarda isə müəllif həm mətnlərin fonunu yumorla “hörüb”, həm də finalını yumorla bitirib və beləliklə, bu janrın ən gözəl nümunələrini yaratmaqla çağımızda postmodernist düşüncənin elementlərini də sərgiləyə bilib. Hekayələrin sırasında verilmiş “Çörək ağacı” və “Qasımov cəbhəyə gedir” povestindəki parçaların hamısı sırf novelladır. Bu mənada müəllif tam səlahiyyətlə povestini “Novellalar povesti” adlandıra bilər. Hekayələrdə yazıçının üslub faktını şərtləndirən amillər çoxdur. Qəşəmin nəsrini hansı dərgidən oxusan, imzaya baxmadan müəllifini dəqiq deyə bilərsən. Bu fakt üslubu olan yazıçılara aiddir. Üslubun rüşeymi, işartıları yazıçının içində, ruhunda olur. Bu rüşeymi bəsləyib, böyüdüb, qoruyub özünü təsdiq etmək gərgin zəhmətlə başa gəlir. Ona görə də Balzak yazırdı: “Üslub şüşəyə bənzəyir, nə qədər çox silsən, o qədər çox parıldar”. Onun hekayələrində oxucuya layla çalan nəinki səhifə, abzas, heç cümlə də yoxdur. Hadisələr yüyrək dillə təqdim olunur, ona görə də sürətlə oxunur. Bu əsərlərdə sanki zamanın nəbzi döyünür. Hekayələrdəki sürət çağdaş insanın səbrinə köklənib. Sürəti yaradan dialoqlardır. Qəşəm İsabəylidə dialoqlar təsvir və təfərrüatları, eyni zamanda vizual detalları da öz içinə alıb əridir. Bu dialoqlarda yazıçı realist üslubla ironik üslubu incə ustalıqla bir-birinə qovuşdurub birbaşa özünün üslub parametrlərindən birinə çevirir. Qəşəm İsabəyli haqlı olaraq kitabını “Ehtiras” hekayəsi ilə açır. Hekayə müəllifin dünyagörüşünü, məlumatının bolluğunu, hadisələrə yanaşma metodunu, nəhayət, bədii cəsarətini tam göstərə bilən nümunədir. “Ehtiras” hekayəsi sonrakı hekayələrə marağı artırır, yəni digər yazılar üçün açar rolu oynayır. Yazıçı Sadıq Elcanlı yazılarının birində hekayəyə yüksək qiymət verərək abzasın əvvəlində “Ehtiras” hekayəsi, az qala, bir romanın yükünü təqdim edir” kimi dəyərləndirir. Həmin abzasın sonunda bir daha “Bu, kiçik hekayənin böyük roman ağırlığında qələbəsidir”, – deyə səciyyələndirir (“Ədəbiyyat qəzeti”, 1 iyun 2024-cü il, səh. 26). Təbii ki, Sadıq Elcanlı kimi səliqə-sahmanlı bir qələm sahibinin qəlbən əsərə verdiyi yüksək qiyməti biz də səmimi qəlbdən alqışlayırıq. Müəllif qısa həcmli hekayəsinə maraqlı süjet qura bilib, məzmun olduqca cəlbedicidir. “Narkotik alverçisi” böhtanı ilə şərlənən Vüsalın azadlığı rəzil bir prokurorun əlindədir. Vüsalın özünü qurtarmağa pulu yoxdur. Prokuror onun yalvarışlarına məhəl qoymur. Əli hər yerdən üzülən Vüsal bacısını və arvadını prokurora təklif edir. Bu epizodda oxucunun əsəbi tarıma çəkilir. Bu nədi? Yoxsa, heka¬yənin müəllifi də, qəhrəmanı da mental dəyərlərin üstündən xətt çəkir?! Hətta bir çoxları düşünür ki, Vüsalın “bacım” və “arvadım” dedikləri, görəsən, onun doğmalarıdırmı? Bəlkə, onlar Vüsalın “təşkil elədiyi” başqa qadınlardır?! Qoy oxucu qərar verməyə tələsməsin və hekayənin finalını oxusun. Hekayənin finalı bizə tamamilə fərqli rakursdan görünür. Müəllif prokurorun düşdüyü acınacaqlı durumu göstərməklə, ulu Zərdüştdən üzü bəri Əlahəzrət sözün haqqın, ədalətin xidmətində bulunduğunu ifadə edə bilmişdir. Müdriklərdən biri deyib: “Ədəbiyyat olub-keçənləri, indi olanları və gələcəkdə olasıları özündə ehtiva edən sənət növüdür”. Əslində bu təsirli hekayə cəmiyyətin sosial-mənəvi deformasiyasına yazıçı baxışıdır. Bu, müəllifin sosial problemlərə yönəlik dərdi və harayıdır. Qəşəm İsabəyli hekayəni mətnin metaforu üstündə qurmuşdur. Metaforla cəmiyyətə ötürülən mesaj: zalımlıq eləsən, zülm görərsən. Prokurorun Vüsala elədiyi zülmü Tanrı iki qat artıq onun özünə qaytarır; ailəsi dağılır, sərvəti əlindən çıxır, ciyərparası, bircə oğluna həsrət qalır və cəmiyyətdə rüsvay olur. Əsərdə nəfsin insanın başına gətirdiyi fəlakətlər və harınlamışların heç vaxt ondan sığortalanmadığı da məntiqlə açılır. Çünki ehtiras nəfsin meyvəsidir. “Ehtiras” hekayəsi nüvədir. Bu nüvənin həlqələri açıldıqca daha çox mətləblər üzə çıxır. Yazıçının hekayədə yaratdığı təzad da maraqlıdır – həzz-iztirab; hər ikisi qadın əməli ilə. Prokurora həzz verən də qadındır, iztiraba salan da. Həzzi verən yad və haram – iztirab verən doğma və halal. Prokurorla Vüsal təzadı da diqqət çəkir. Vüsalda əvvəl iztirab, sonra həzz – prokurorda əvvəl həzz, sonra iztirab. Beləliklə, yazıçı insan həyatının iztirabla həzzin növbələşməsindən ibarət olduğunu kiçik bir hekayədə müddəa kimi ortaya qoymuşdur. Hekayədə mətnaltı ifadələrin işlədilməsi onun bədiiliyini bir daha artırır. Prokurorun Vüsala dediyi “Ora Amerikadı, orada qanun var” fikri prokurorun savadsızlığına işarədir. Səviyyəli hüquq işçisi belə sözü dilinə gətirməli deyil. Və yaxud əsərdəki yekun hadisəyə mətnaltı işarələr verilir: “Həyat yoldaşım mənalı-mənalı üzümə baxdı. Sonra da şaqqıldayıb güldü.
Bu nə gülüşdü, ay qız?!
Tələsmə, səsini eşitdin, dadını da görərsən!” Hekayədə reallığın mühüm bir faktoru da diqqətə çatdırılır; insan bioloji varlıqdır və bütün canlılar kimi onun da cinsi maraqları təmin olunmalıdır. Prokurorun arvadı Sevinc evdən həmişəlik çıxır, Vüsala qoşulub Türkiyəyə gedir. Oradan da prokurorun telefonuna mesaj göndərir: “Sən də adını kişi qoymusan. Hünərin-zadın da yox idi, ay yazıq. Hardan olaydı ki, onun-bunun arvadıyla oturub-dururdun. İndi baxıram, mən ərdə olmamışam ki! Ərin nə olduğunu da indi bilirəm”. Amerika yazıçısı, dünyaca məşhur Uilyam Folkner yazır: “Yalan kitablara yol tapa bilər, amma heç vaxt ədəbiyyat ola bilməz. Yalan bir xalqı aldadıb yolundan sapdıra bilər, amma heç vaxt böyük ədəbiyyata çevrilə bilməz”. Qəşəm İsabəylinin nəsri bu yazının əvvəlində ifadə olunmuş düşüncəyə alternativ variant kimi üzə çıxdı. Yəni o, poeziyasında şair, nəsrində yazıçı kimi görünə bildi. Həm də yazı texnologiyasından tutmuş bədii keyfiyyətə qədər, təzə olan bu nəsr göstərdi ki, maksimal dərəcədə yığcam bir mətnə geniş bir məzmunu yerləşdirə bilmək üçün mütləq mənada yazıçı olmalısan. Yaradıcılıq məhsulu səni içinə alırsa, ruhuna hopursa, yaddaşına köçürsə, daxili enerjisi sənin enerjinlə uyğunlaşa bilirsə, deməli, əsər də, onun müəllifi də “ədəbiyyata qalan” nominasiyasını yerinə yetirir; Qəşəm İsabəylinin nəsri kimi. Təbii ki, bir məqalədə kitabın bütün hekayələrindən söz açmaq imkan xaricindədir. Yazını hazırlayarkən məlumat aldım ki, yazıçının üçüncü nəsr kitabı da işıq üzü görüb. Sağlıq olsun, Qəşəm müəllimin nəsri ilə növbəti görüşlərədək. (“Ədəbiyyat qəzeti”, 17 may 2026)
Milli Kitabxanada “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” və “Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında” sərəncamlarına müvafiq olaraq Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabının Milli Kitabxanada təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb və Əcəmi Naxçıvaninin Azərbaycan memarlıq məktəbinin inkişafındakı misilsiz xidmətlərindən danışıb, onun yaratdığı memarlıq nümunələrinin dünya memarlıq tarixində mühüm yer tutduğunu qeyd edib. Professor bildirib ki, dahi memarın müəllifi olduğu abidələr yüksək sənətkarlıq xüsusiyyətləri, estetik gözəlliyi və mühəndislik dəqiqliyi ilə seçilir. Natiq vurğulayıb ki, görkəmli memarın yaradıcılığı təkcə Azərbaycan deyil, ümumilikdə Şərq memarlıq ənənələrinin inkişafına mühüm təsir göstərib.
Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə öz çıxışında qeyd edib ki, Əcəmi Naxçıvani XII əsrdə yaşamış, Naxçıvan memarlıq məktəbinin əsasını qoyaraq Şərq memarlığının inkişafına böyük töhfə vermiş görkəmli Azərbaycan memarıdır və bu abidələr əsrlər boyu öz əzəmətini qoruyub saxlayıb, Azərbaycan xalqının zəngin mədəni irsinin parlaq nümunələrinə çevrilib.
Memarlar İttifaqının sədri, Əməkdar memar, pofessor Elbay Qasımzadə bildirib ki, Azərbaycan memarlıq tarixində elə şəxsiyyətlər vardır ki, onların yaratdığı sənət nümunələri əsrləri aşaraq bu gün də xalqın milli kimliyini, estetik düşüncəsini və mədəni gücünü yaşadır. O, bu böyük sənətkarların sırasında XII əsrin dahi memarı Əcəmi Naxçıvaninin xüsusi yer tutduğunu və onun adının yalnız Azərbaycan memarlığı ilə deyil, bütövlükdə Şərq memarlıq məktəbi ilə bağlı böyük bir zirvə olduğunu diqqətə çatdırıb. Həmçinin, professor memarın yaratdığı tikililərdə həndəsi ornamentlərdən, kufi yazılarından və milli memarlıq elementlərindən məharətlə istifadə olunmasını xüsusilə vurğulayıb.
Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa çıxışında qeyd edib ki, Əcəmi Naxçıvani XII əsrdə Naxçıvanda fəaliyyət göstərərək “Naxçıvan memarlıq məktəbi”nin banisi kimi tanınmış, memarlıqda konstruktiv yeniliklərlə bədii-estetik harmoniyanı birləşdirmiş və yaradıcılığı Azərbaycan Atabəyləri dövrünin siyasi-mədəni yüksəlişi ilə sıx bağlı olmuş, böyük sənətkar olaraq Möminə Xatun və Yusif Küseyir oğlu türbəsi kimi möhtəşəm abidələr yaratmış və bu əsərlər orta əsr Azərbaycan memarlıq sənətinin yüksək inkişaf səviyyəsini nümayiş etdirmişdir.
Milli Məclisin deputatı Asif Əsgərov bildirib ki, Əcəmi Naxçıvani Azərbaycan xalqının yetişdirdiyi ən böyük memarlardan biridir və onun 900 illik yubileyi milli-mədəni irsimizin zənginliyini bir daha nümayiş etdirməklə yanaşı, yaratdığı sənət nümunələri gələcək nəsillər üçün həm elmi-tədqiqat mənbəyi, həm də estetik ilham qaynağı kimi yaşayacaqdır.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid vurğulayıb ki, Əcəmi Naxçıvaninin memarlıq fəaliyyətində mühəndislik dəqiqliyi ilə bədii-estetik kamillik vəhdət təşkil etmiş, onun layihələndirdiyi tikililər dövrün elmi-texniki imkanlarını əks etdirən nadir sənət nümunələri kimi həndəsi ornamentlər, kufi xətti ilə işlənmiş kitabələr, mürəkkəb kompozisiya quruluşları və simmetrik memarlıq sistemi ilə seçilmişdir.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov öz çıxışında qeyd edib ki, Əcəmi Naxçıvaninin yaratdığı memarlıq prinsipləri sonrakı dövrlərdə Azərbaycanla yanaşı, İran, Orta Asiya və Yaxın Şərq memarlığına da ciddi təsir göstərib, xüsusilə türbə memarlığında onun tətbiq etdiyi kompozisiya sistemi uzun müddət memarlar üçün örnək olub, bu baxımdan Əcəmi Naxçıvani yalnız milli memar deyil, dünya memarlıq tarixində öz izini qoymuş böyük sənətkardır.
AMEA-nın İncəsənət və Memarlıq İnstitutunun aparıcı elmi işçisi, professor Rahibə Əliyeva Əcəmi Naxçıvaninin yaratdığı memarlıq nümunələrində dövrün ictimai-mənəvi həyatını, dini-fəlsəfi və sənət görüşlərini dolğun əks etdirməklə əbədiyyət, axirət dünyasına qovuşmağı sanki qarşısına məqsəd qoyduğunu və buna nail olduğunu bildirib. O, qeyd edib ki, insan bacarığının ən ulu təzahürü olan bədii yaradıcılıq, sənətkarlıq onun yaratdığı türbə-xatirə tikililərində öz təcəssümünü tapmışdır və bu nadir abidələr memarın yaratdığı Möminə xatun türbəsinin frizində həkk etdiyi “Biz öləcəyik, bu isə yadigar qalacaq” sözlərini doğruldaraq onun istedad sahibi olduğunu bir daha sübut edir və xatirəsini əbədiləşdirir.
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov biblioqrafik göstəricinin elmi ictimaiyyət üçün mühüm əhəmiyyət daşıdığını və bu nəşrin gələcək tədqiqatlar üçün dəyərli vəsait olacağını bildirib. Vurğulayıb ki, belə nəşrlər milli-mədəni irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi rol oynayır.
BDU-nun Mərkəzi Elmi Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Nigar İsmayılova bildirib ki, indiyə kimi Əcəmi Naxçıvaniyə həsr olunmuş biblioqrafik göstərici tərtib edilməyib. Bunu nəzərə alaraq Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası çərçivəsində Əcəmi Naxçıvaniyə həsr olunmuş əhatəli biblioqrafik vəsait hazırlanıb. Bu fundamental vəsait 1927-2026-cı illəri əhatə edir və görkəmli memarın zəngin irsini, həyat və fəaliyyətini əks etdirən materialları özündə cəmləşdirib. Biblioqrafik göstəricidə Azərbaycan və xarici dillər üzrə olan materiallar müvafiq bölmələrdə təqdim olunub, xronoloji ardıcıllıq və əlifba prinsipləri əsasında qruplaşdırılıb.
Tədbirin gedişində “Memar Əcəmi Naxçıvani-900” (https://anl.az/el/emb/Ecemi.Naxcivani/index.html) Elektron məlumat bazasının təqdimetmə mərasimi baş tutub. Bazada böyük memarın həyat və yaradıcılığı ilə bağlı zəngin materiallar – rəsmi sənədlər, haqqında fikirlər, kitablar, elmi məqalələr, qəzet və jurnal materialları, həmçinin müxtəlif dillərdə nəşr edilmiş kitablar, foto və videolar sistemli şəkildə oxuculara təqdim olunub.
Tədbirin sonunda Milli Kitabxananın direktoru, professor Kərim Tahirov biblioqrafiya kitabının hazırlanmasında əməyi keçən əməkdaşlara və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.
Mayın 23-də Litera kitab mağazasında ADU-nun əməkdaşı, Prezident təqaüdçüsü, şair Tural Cəfərlinin “Elə ki darıxdın” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində ədəbi-ictimai xadimlər, müəllifin qələm dostları və media mənsubları iştirak ediblər.
Mərasimdə çıxış edənlərdən millət vəkili, yazıçı Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, esseist Səlim Babullaoğlu, yazıçı İlham Əziz, yazıçı Nihat Pir, şair Vahid Əlioğlu, dosent Nəsir Xankişiyev müəllifin ədəbi fəaliyyəti və kitabı haqqında fikirlərini bölüşüblər.
Qeyd olunub ki, “Elə ki darıxdın” kitabı müasir oxucunun emosional dünyasına toxunan nümunələrdən biridir.
Tədbirdə müəllif yaradıcılıq prosesi, kitabın ərsəyə gəlmə mərhələsi və gələcək ədəbi faəliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Qiraətçilər tərəfindən müəllifin şeirləri səsləndirilib, oxucuların sualları cavablandırılıb.
Sonda müəllif oxucular üçün kitablarını imzalayıb, xatirə fotoları çəkdirilib.
“Yazarlar” olaraq həmkarımız Tural Cəfərlini təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!
(“Şəhid atası” kitabına) Sədulla Şirinovun “Şəhid atası” kitabı Balakəndə yaşayıb, yaradan Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Sədulla Şirinov yeniyetməlik dövründən yaradıcılığıa nəzmlə başlasa da, ömrün ahıl çağında nəsrə üz tutub və son üç ildə əldə etdiyi nailiyyətlər göz qabağındadır. Sədulla Şirinov müasir Azərbaycan ədəbiyyatının diqqətəlayiq simalarından biridir. O, həm Azərbaycan Yazıçılar Birliyinin üzvü, həm də ədəbi mükafatlara layiq görülmüş uğurlu bir nasir kimi tanınır. Onun yaradıcılığı oxucunu cəmiyyətin dərin psixoloji qatlarına sürükləyərək, insan təbiətinin mürəkkəb tərəflərini incəliklə təsvir edən üslubu ilə seçilir. Sədulla Şirinovun yaradıcılığı bir neçə mükafatla təqdir olunub ki, bunlardan ən mühümü onun “Sönməyən qisas” əsərinə görə aldığı “Ziyadar” mükafatıdır. O eyni zamanda “Yazarlar” jurnalı tərəfindən təqdim olunan “Fəxri yazar” mükafatının da sahibidir. Bu mükafatlar ədəbiyyat sahəsində ən populyar və prestijli mükafatlardan hesab olunur. Bu mükafatlarla təltif olunmuş yazarlar sənətkarlıq səviyyəsinin yüksək olması və eyni zamanda populyarlığı ilə seçilirlər. Bütün bunlardan başqa, Sədulla Şirinov “İsa Muğanna” diplomu ilə də təltif olunub ki, bu da onun nəsr sahəsindəki səmərəli və ardıcıl fəaliyyətinin nəticəsidir. Sədulla Şirinovun əsərləri əsasən hekayə və roman janrlarında yazılıb. Onun qələmindən çıxan əsrlər janrından asılı olmayaraq müasir insanın daxili dünyasını, ictimai münasibətləri, etika və mənəviyyat məsələlərini ön plana çıxarır. Onun yaradıcılığında həm gündəlik həyatın adi səhnələri, həm də cəmiyyətin mürəkkəb sosial qatları təsvir olunur. Əsərlərində rast gəlinən əsas motivlərdən bəziləri: -Əxlaqi və psixoloji dilemmlar – şəxsi borc, vicdan məsələləri və insanlararası münasibətlər barədə dərin düşüncələr. -Cəmiyyət və fərd qarşılaşmaları – insan təbiətinə təsir edən sosial və mədəni faktların təsviri. -İnsan və taleyin təsadüfi yönləri – qısa hekayələrdə çox zaman adi həyat hadisələri böyük mənəvi və simvolik yük daşıyır. Bu xüsusiyyətlər onun əsərlərində realizm və psixoloji dərinliyi uğurla birləşdirir. Şirinovun dili aydın, bəzən gündəlik nitqə yaxın olsa da, obrazların daxili aləmini gətirən incə təsvirlərlə zəngindir. O, sadə insani situasiyalarda belə dərin emosional və fəlsəfi suallar qoymaqdan çəkinmir. Oxucu onun hekayələrində və romanlarında öz həyat təcrübəsinin əksini tapa bilir ki, bu da müasir ədəbiyyatımızda ictimai rezonans yaradan əsas cəhətlərdəndir. Şirinovun üslubu həm klassik realist ənənələrə hörmətlə yanaşır, həm də müasir nəsr elementlərini daxil etməklə oxucu ilə dinamik əlaqə yaradır. Müəllif qısa, lakin mənalı cümlələrlə oxucu diqqətini saxlayır, obrazların düşüncə və davranışlarını psixoloji dərinliklə açır. Onun son üç il ərzində işıq üzü görmüş əsərləri arasında aşağıdakıları göstərmək olar: -“Sönməyən qisas” — oxucu və tənqidçi tərəfindən yüksək qiymətləndirilən əsərdir və bu kitab üçün müəllif “Ziyadar” mükafatına layiq görülüb; -“Gecikmiş etiraf” — insan münasibətlərinin mürəkkəb qatlarını araşdıran hekayətlər dəstidir; – “Zamanın pəncərəsindən baxanda” — zaman və taleyin insan həyatına təsirini poetik və fəlsəfi şəkildə təsvir edir; -“Heç nə olmazdan çox şey olurmuş” — kiçik gündəlik faktların psixoloji təsvirinə həsr olunub; -“Qudalar” — sosial münasibətlər və qohumluq əlaqələrinin təsviri;
“Kimdir xoşbəxt?” — müəllifin ən son işlərindən biri olaraq həyatın başlıca məqsədlərini düşündürən kitab kimi oxucularla görüşüb. Bu siyahı göstərir ki, Şirinovun yaradıcılığı müxtəlif mövzularda yazılmış əsərlərlə zəngindir və hər biri özündə bədii-estetik dəyər daşıyır. Sədulla Şirinovun əsərləri Azərbaycan cəmiyyətində oxucular arasında maraq doğurur. Onun dili və təsvir etdiyi mövzular ölkəmizin müasir reallıqlarını əks etdirir və bu, onu zəngin ənənələrə malik ədəbiyyatımızın aktual səslərindən birinə çevirir. Ədəbiyyat mühitində belə bir müəllifin mövcudluğu həm yeni oxucu kütlələrinin formalaşmasına, həm də gənc yazarlar üçün nümunəvi ədəbi xəttin inkişafına təsir edir. Onun əsərləri oxucu ilə ünsiyyət quran, həm də ictimai şüurda fikir oyandıran bədii mətnlər kimi dəyərləndirilir. Sədulla Şirinov ədəbi mühitimizdə öz səsinin gücü ilə fərqlənir — o, yalnız həyatın səthi hadisələrini anlatmır, eyni zamanda insanın daxili aləmini və cəmiyyətlə fərd arasında kompleks münasibətləri ustalıqla qurur. Onun mükafatlara layiq görülməsi və intensiv ədəbi fəaliyyəti onun bədii dəyərinin həm peşəkarlar, həm də oxucular tərəfindən qiymətləndirildiyini göstərir. Sədulla Şirinovun yaradıcılığı Azərbaycan ədəbiyyatında həm estetik, həm də mənəvi baxımdan uğurlu bir səhifədir — oxucunu düşündürən, hiss etdirən və ədəbi zövqünü zənginləşdirən bir sənət nümunəsidir. Azərbaycan ədəbiyyatında şəhidlik mövzusu yalnız bir faciənin təsviri deyil, həm də bir millətin yaddaşı, mənəvi dirənişi və varlıq səbəbidir. Tanınmış yazıçı Sədulla Şirinovun “Şəhid atası” romanı da məhz bu müqəddəs yaddaşın bədii salnaməsi kimi oxucunun qarşısına çıxır. “Şəhid atası” yazıçının nəşr olunacaq yeddinci kitabdır. Əsərin başlanğıcından etibarən müəllif oxucunu təkcə bir ailənin taleyinə yox, bütövlükdə bir xalqın ağrı-acısına, keçdiyi mürəkkəb tarixi yola aparır. Romanın proloqunda kainatdan başlayan fəlsəfi düşüncə tədricən insanın taleyinə, oradan isə cəmiyyətin və dövlətlərin ziddiyyətli inkişaf yoluna keçir. Bu keçid təsadüfi deyil — müəllif oxucuya göstərmək istəyir ki, insan taleyi ilə bəşəri proseslər bir-birindən ayrılmazdır. Əsərin əsas dramatik xətti isə “Qara Yanvar” (20 yanvar 1990) hadisələrinin fonunda açılır. Bu faciə yalnız tarix kitablarının səhifələrində qalmayan, hər bir azərbaycanlının yaddaşına həkk olunmuş bir ağrıdır. Müəllif həmin hadisələri adi insanların – xüsusilə də bir atanın gözü ilə təqdim etməklə faciəni daha da canlı və təsirli edir. Rəhman obrazı bu baxımdan ümumiləşmiş bir obrazdır: o, həm ata, həm vətəndaş, həm də tarixin içində qalan bir insandır. Romanda diqqəti çəkən əsas cəhətlərdən biri müəllifin hadisələrə yalnız emosional deyil, həm də düşüncə müstəvisində yanaşmasıdır. O, sovet dövrünün ideoloji ziddiyyətlərini, insanların aldanışlarını, inam və məyusluq arasındakı gərginliyi ustalıqla açır. Keçmişə tənqidi baxış, eyni zamanda milli kimliyə dönüş ideyası əsərin əsas xəttini təşkil edir. “Şəhid atası” yalnız müharibə və itki haqqında roman deyil. Bu əsər həm də ata-övlad münasibətlərinin, insanın daxili dünyasının, inamının və sınmasının bədii təcəssümüdür. Müəllif göstərir ki, qəhrəmanlıq təkcə döyüş meydanında qazanılmır — bəzən ən böyük qəhrəmanlıq itki ilə yaşamağı bacarmaqdır. Sədulla Şirinovun dili sadə, axıcı və eyni zamanda təsirlidir. O, xalq danışıq üslubunu bədii dilə uğurla gətirərək obrazların canlılığını təmin edir. Oxucu əsəri oxuduqca hadisələrin içində olur, personajların hisslərini yaşayır, onların ağrısını bölüşür. Bu roman, əslində, bir yaddaş kitabıdır — həm fərdi, həm də milli yaddaşın. “Şəhid atası”nı oxumaq yalnız ədəbi zövq deyil, həm də vətəndaşlıq borcudur. Çünki bu əsər bizə kim olduğumuzu, hansı ağrılardan keçdiyimizi və bu günə necə gəlib çatdığımızı xatırladır. Oxucuya təqdim olunan bu əsər, şəhidlərimizin əziz xatirəsinə ehtiram, onların valideynlərinə isə dərin bir başsağlığı və mənəvi dayaqdır. Eyni zamanda “Oxu!” Böyük Allah tərəfindən bəşər övladına əmr olunmuş vacib əməllərdən biridir. Oxuyaq!