23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdur
23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdur – kitabı sevən, dəyər verən hər kəs üçün bu sevgini izhar edə biləcəyi simvolik bir gün.
1996-cı ilin 23 aprelindən qeyd olunan bu bayram maarifçilik və mədəni ənənələrin inkişafı, kitabların həyatımızdakı önəmini vurğulamaq məqsədi daşıyır. 23 aprel tarixinin seçilməsi isə həmin günün M.Valyexo, M.Dryuon, H.Laksnes kimi yazarların doğum; M. De Servantes, U.Şekspir və İ.Q. de la Veqanın vəfat tarixi olması ilə bağlıdır.
“Ümumdünya kitab və müəllif hüquqları günü” təsis edilərkən müxtəlif ölkə və təşkilatların təcrübəsi nəzərə alınıb. Məsələn, İspaniyada hələ 1926-cı ildə kral XIII Alfons İspan kitab gününün keçirilməsi ilə bağlı qərar imzalayıb və hələ o zaman bu məqsədlə Migel De Servantesin vəfat tarixi – 23 aprel günü seçilib. Müasir dövrdə hər il qeyd olunan bu bayram yalnız kitabların şərəfinə tərif yağdırmaq yox, həm də dövrümüzün önəmli problemlərindən olan müəlliflik hüququ məsələsinə diqqət yönləndirmək məqsədi daşıyır.
Biz “kitab” deyərkən ilk növbədə bədii ədəbiyyatı nəzərdə tuturuq. İnsanın insan kimi formalaşmasında, şəxsiyyət kimi yetişməsində, müstəqil fikrə sahiblənməsində oxumaqdan artıq nəyin rolu ola bilər ki?! Kitabların həyatımızdakı rolu danılmazdır, amma fikrimcə, onların ən böyük dəyəri bizə xəyal qurmağı öyrətməsindədir. Kitab xəyal gücü sərhədsiz olan alternativ dünyadır. Yaxşı kitabın mütaliəsi heç vaxt izsiz ötüşmür, şüurumuzda kəlmələrin “yeri” qalır.
Mütaliə bizim həyat tərzimizə çevrilib, yazmaq kimi oxumaq da mənəvi aclığımızdır, gündəlik ehtiyaclarımız sırasındadır. Lakin ətrafımızda ömründə, bəlkə də, bircə kitab da oxumayan xoşbəxt insanlar var. Çünki bəzən bilgisizlik ən böyük xoşbəxtlik və hüzurdur. Məncə, insan daha çox öyrəndikcə narahatlığı da artır, əzabları da; xəyal gücünün sərhədsizliyi qaçışı olmayan real dünyanı daha darıxdırıcı və maraqsız edir. Bu hüzurun qaçması naminə olsa belə, heç birimizin kitabsız dünyanı arzulamayacağını bilirəm.
Kitablar bizim ömrümüz boyu yaşatdığımız ilk sevgimizdir. Arzu edək ki, 23 aprel də ilin digər bayram günləri kimi çoxluq üçün önəm daşısın, yaddaşlarda qalsın. 23 aprel günü də bir-birimizə təbriklər yağdıraq, İ.Quttenberqi sayğı ilə anaraq kitablı bir dünyada yaşadığımıza sevinək…
Tanrı sizə hər şeyi ürəyinizin gözəlliyinə görə versin
Məncə, o, facebook dostlarımın ən xeyirxahıdır. “Sağlığında qiymət verin insanlara” şüarı ilə çox vaxt heç ağına-bozuna baxmadan elə hey hamıya dəstək olmağa çalışır. İnsan hamının könlünü xoş edə bilməz, buna can atanda daha çox öz qəlbi qırılar. Amma balıq üçün yox, xaliq üçün edirsə, əlbəttə, seçiminə sayğı duyulmalıdır… Doğum gününüzdə sizə bircə arzum var, Zaur bəy qardaşım: Tanrı sizə hər şeyi ürəyinizin gözəlliyinə görə versin. Elə öz şeirinizdəki kimi, dünyamızı çiçək görməyə, işığın qaranlıqdan daha güclü olduğuna inanmağa davam edin. Sağlıqla, hüzurla neçə gözəl yaşlara…
Dünyamızı çiçək görən Gözlər nə gözəl, nə gözəl… Ruhumuza şəfa verən, Sözlər nə gözəl, nə gözəl…
Gül əkənlər gül dərəcək, Qəlb deyəni dil deyəcək, Düz əyrini, düz görəcək, Düzlər nə gözəl, nə gözəl…
Ustac olub sözə məftun, Daim gülən üzə məftun, Qəlbdə qalan izə məftun, İzlər nə gözəl, nə gözəl…
Müəllif: Mətanət VAHİD, filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın aparıcı elmi işçisi.
Şamaxıda Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin S.Ə.Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən növbəti tədbir Şamaxıda Mədəniyyət Nazirliyi, AMEA və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Öncə qonaqlar Seyid Əzim Şirvaninin məzarını ziyarət edib, qəbirüstü abidəsi önünə gül dəstələri düzərək onu ehtiramla yad ediblər.
Rayon ictimaiyyətinin nümayəndələri, təhsil,mədəniyyət işçiləri və gənclərin iştirakı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirdə əvvəlcə dahi şairin həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı bədii-sənədli film nümayiş olunub və filmin müəllifi olaraq AzTV- nin “Sabah” yaradıcılıq studiyasının rejissoru Sirac Mustafayev filmin ərsəyə gəlməsindən danışıb.
Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi şairin yaradıcılığından söhbət açaraq onun şeirlərindən nümunələr səsləndirib.
Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları Tamam Cəfərova, Şahin Seyidzadə və Elnarə Akimova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə, AMEA-nın Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, AMEA-nın aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid və Xalq artisti, professor İlham Namiq Kamal çıxış edərək görkəmli şairin maarifçilik ideyaları ilə bağlı yaradıcılığından danışıb, onun Şərq poeziyasının çoxəsrlik ənənələrinin yüksək sənətkarlıqla davam etdirməsindən və yaşadığı dövrdə cəmiyyətin sosial-mədəni tərəqqisi uğrunda fədakar mübarizədə ön sıralarda dayandığını qeyd ediblər.
Natiqlər həmçinin ölkəmizdə mədəniyyətə, incəsənətə və ədəbiyyata göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin “Eşq” instrumental ansamblın müşayiəti ilə Azərbaycanın tanınmış ifaçıları Əməkdar artist İlkin Əhmədov, Nisbət Sədrayeva, Ruslan Adgözəlov və Teymur Əziz tərəfindən görkəmli şairin qəzəllərindən ibarət muğam parçaları ifa olunub, bədii qiraətçi Hüseynağa Əzizov onun qəzəllərini səsləndirilib.
“Ulduz” jurnalı ilə “Xalq qəzeti”nin birgə layihəsi olan “Ulduz”lu görüşlər” davam edir. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən tədbirin növbəti qonağı filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, esseist Mətanət Vahid olub.
YAZARLAR.AZ bildirir ki, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs dərgidə aylardır istehsalat təcrübəsi keçən Azərbaycan Universitetinin filoloq tələbələrinə qonaq haqqında ətraflı məlumat verib: “Mətanət Vahid çağdaş Azərbaycan ədəbiyyatının tanınmış imzalarındandır. Bir vaxt musiqiçi olmaq istəsə də, tale onu səsə deyil, sözə yönəldib. Bugünkü görüşdə siz sözün səsini eşidəcəksiniz…”
Tədbirdə iştirak edən yazıçılar Təranə Vahid, Dayandur Sevgin və Zaur Ustac da tələbələrə Mətanət Vahidin yaradıcılığından bəhs ediblər. “Ulduz”lu görüşlər”in qonağı gənc filoloqlara ədəbiyyat və həyat haqqında öz qənaətlərini bölüşməklə onları polemikaya səsləyib.
Sorğu-sualda aktiv iştirak edənlər tədbirin sonunda müəllifin avtoqraflı kitabı ilə mükafatlandırılıb. Tədbirdən fotolar:
Əziz dostlar! Sizi, “Ulduz” dərgisinin oxucularla silsilə şəkli alan görüşləri çərçivəsində, cümə axşamı , 19 iyun, saat 12:00-da AYB-nin “Natəvan” klubunda filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, tənqidçi Mətanət Vahidlə tələbələrin görüşünə dəvət edirik . Bədii ədəbiyyatın özünəməxsusluğunu, bədii inikas qanunlarını dərindən bilən Mətanət Vahidin ədəbi tənqidi daha çox çağdaş ədəbi prosesləri işıqlandırır. O, təhlil etdiyi əsərin uğurlu və qüsurlu cəhətlərini, müəllifin yaradıcılığında, eləcə də ədəbiyyat tarixində tutduğu yeri, cəmiyyət üçün faydasını və s. ətraflı araşdırmaqla ədəbi tənqidin durğun abu-havasını dəyişir. İyunun 19-u “Natəvan” klubuna gəlin. Ədəbiyyatşünas alimlə görüşü qaçırmayın.
Rəvan Cavidin “Gecəni axtaranlar ” kitabının müzakirəsi keçirilib
15 aprel 2025-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində “Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində Rəvan Cavidin “Gecəni axtaranlar ” kitabının müzakirəsi keçirildi. Müzakirədə şöbə müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu; şöbənin əməkdaşları – aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid (moderator); böyük elmi işçi, yazıçı Mənzər Niyarlı; kiçik elmi işçi Hənifə Səlifova; qonaqlar – Uşaq ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi Gülnar Qəmbərova, Mərziyyə Nəcəfova, Zaur Ustac, Qəndab Əliyeva və Sevinc Nuriyeva iştirak edirdilər. Fotolar:
11 mart 2025-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində “Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində Qurban Yaquboğlunun “Mən yoxam” romanının müzakirəsi keçirildi. Müzakirədə şöbə müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu; şöbənin əməkdaşları – aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid; böyük elmi işçi, yazıçı Mənzər Niyarlı; kiçik elmi işçi Hənifə Səlifova; doktorant Mirkamil Ağayev; yazıçılar Əli bəy Azəri, Tarverdi Abbasov, Asiman Eyniyev, filoloqlar Qəndab Əliyeva (moderator), İlahə Səfərzadə, oxucular Toğrul Salmanov, Qüdrət Kərimli və müəllif Qurban Yaquboğlu iştirak edirdilər. Tədbirdən fotolar:
Patriarxal cəmiyyətdə qadın üçün öncül olmaq, ilklərə imza atmaq çətin məsələdir. Qarşılaşdığı çətinliklərə rəğmən xalqına xidmət edərək ilklərdən olmağı bacaran xanımlardan biri də Səkinə Axundzadə olub. Əsərləri sayca çox olmasa da, (5 pyes, bir roman və bir neçə publisistik məqalə) Səkinə Axundzadə Azərbaycan ədəbiyyatında ilk qadın dramaturq, ilk qadın romançı ünvanına sahibdir… XIX əsrin II yarısında Avropada, Belinskinin təbirincə desək, ədəbiyyat romana çevrilir. Azərbaycan ədəbiyyatında isə ədəbiyyatın “romanlaşma” prosesi, demək olar, heç vaxt gəlmədi. Rus və Avropa ədəbiyyatında qadın romanı XVIII əsrin sonlarında artıq çiçəkləndiyi və geniş yayıldığı halda, Azərbaycan ədəbiyyatında onun ilk nümunələrinə XX əsrin əvvəllərində rast gəlirik. Avropa ədəbiyyatından fərqli olaraq, türk dünyasında qadın nəsrinin tarixi XIX əsrin sonlarından o yana getmir. İlk türk qadın romançısı Fatma Aliyə Topuz hesab olunur və mənbələrin qeydinə inansaq, o yalnız Osmanlı imperiyasında deyil, bütün İslam dünyasında ilk qadın romançıdır. Ədəbiyyatımızda qadın müəllifliyi ilə yazılan ilk roman isə Səkinə Axundzadənin “Şahzadə Əbülfəzl və Rəna xanım” əsəridir. Əsərin müqəddiməsində onun çap olunma tarixi qeyd edilmişdir: “Abuzər Orucovun nəşriyyatı. Hicri – 1326, miladi – 1918.” Lakin romanın yazılma tarixi daha əvvələ aid olunur; bu xüsusda tədqiqatçı N.Qəhrəmanlı yazır: “Şahzadə Əbülfəzl və Rəna xanım” 1918-ci ildə deyil, xeyli əvvəl opera ssenarisi kimi yazılmışdır. Hələ 9 yanvar 1914-cü il tarixli “Sədaye-həqq” qəzeti belə bir məlumat vermişdi ki, Hacıbala Şərifov Səkinə xanım Axundova ilə birlikdə “Şahzadə Əbülfəz” adlı opera yazmışdır. Lakin sonralar əsər haqqında məlumat verilməmişdir və belə güman etmək olar ki, opera hansı səbəbdənsə tamaşaya qoyulmamışdır. Belə olan surətdə çox ehtimal ki, 1912-1913-cü illərdə qələmə alınmış ssenari-libretto Səkinə xanım tərəfindən 1918-ci ildə “roman” adı ilə çap edilmişdir.” Qeyd edək ki, Səkinə Axundzadənin bu romanını mərhum tədqiqatçı Nazif Qəhrəmanlı transfonliterasiya etmiş və 2005-ci ildə 140 illik yubileyinə töhfə kimi özünün ön sözü və həmin vaxta kimi yazılmış məqalələri bir yerə toplamaqla “Səkinə xanım Axundzadə – müəllim, teatr xadimi, dramaturq” adlı kitab çap etdirmişdir. Bu günün ədəbi qiymətləndirməsi baxımından “Şahzadə Əbülfəzl və Rəna xanım” əsərinə yüksək dəyər vermək mümkün deyil – istər ideya-məzmun, istərsə də forma etibarilə onu “roman” adlandıra bilmərik. Lakin deyildiyi kimi, o dövrdə Azərbaycan qadını hər sahədə olduğu kimi, yaradıcılıq sahəsində də dünya qadınından çox geri qalırdı. Romanın bircə abzaslıq ön söz hissəsində müəllif elə bu məsələni nəzərdə tutaraq yazır: “Hər millətdə ərkəklərdən şair və ədib olduğu kimi məşhur şair və ədib xanımlar dəxi çoxdur ki, onların vücudu ilə fəxr olunur. Qafqaziyada oxumuş və iqtidarlı xanım qızlarımız son vaxtlarda get-gedə artmaqdadır. Lakin bu vaxtadək adam olmadığı üçün onlar yazmaqdan bəzi səbəblərə görə çəkinirlər. Onlara bir yol açmaq məqsədilə bu romanı layiq olmasa da, yazıb meydana qoydum. Qarelərdən rica edirəm ki, bu qiymətsiz əsərimdə səhv və xəta olursa, əfv etsinlər”. Sonda isə fars dilində bir beyt yazır, mənası belədir ki, dərvişin hədiyyəsi ancaq yaşıl yarpaqdır, nə yazıq ki, olanı budur. Göründüyü kimi, Səkinə xanım əsərinin qüsurlu olduğunu bilirdi və təvazökarlıqla onu oxucuların ixtiyarına buraxaraq əsas məqsədin roman yazmaq üçün qadın yazarlara “yol açmaq” olduğunu açıq bildirirdi…
Mənbə və Ətraflı: >>> https://edebiyyatqazeti.az/news/edebi-tenqid/7302-xx-esrin-evvellerinde-qadin-nesri-sekine-axundzadenin-romani-esasinda
Müəllif: Mətanət VAHİD, filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın aparıcı elmi işçisi.
Yağışlı bir gecədə adımı söylədim Kürə. Sağ-soluma baxdım gördüm heç kəs eşitmədi. Yağış dəli, Kür dəli. Qoşulub dəli sulara şeir dedim mən dəli… Əlisəmid Kürün ömür kitabının möhürünü vuran şeiri, məncə, bu misralarıdır. Müəllifin öz səsiylə deyil, bəzən yad, bəzən tamamən oğurluq səslə kağıza köçürdükləri ilə, içinə gömsə də, hayqırışa dönüb pıçıltıyla yazıya çevrilən kəlmələri arasındakı fərqdir şeir. Bu şeirdə (əksər digər şeirlərindəki kimi) sanki müəllifin səsini duyursan – təmkinli, amma həm də üsyankar… Bəzən deyirlər, şeir obyektiv, T.Eliotun təbirincə desək, şəxssiz, “depersonalaşmış” olmalıdır. Əlisəmid Kürün subyekti qabarıq büruzə verən şeirlərində müəllifin əzablarını, həm də yalnız şəxsi deyil, hər kəsin iztirabını öz yaşantısıymış kimi yansıdan acılarını, xatirələrini, təəssüfünü görməkdəyik. Onun şeirlərindən qıfılı içində gəzdirməyən, sözünə kilid vurmayan adamın gerçəkləri süzülür. Bu misralarda cəmiyyət həyatının ağrıları Kentavr-adamın çiynindəki yük qədər ağır, ad gününə ipək kəndir gətirilmiş məhkumun əzabları qədər dərindir; fəqət hamısı şeirdir – əvvəldən sona sözdən başqa bir hədəf aramayan, sözlə başlayıb sözdə bitən fikirdir. Cəmiyyət ağrılarını sözlərə yansıdan şeirlərin belə, ən önəmli tərəfi ictimai motiv, daşıdığı məzmun yükü deyil, şeirə köklənmiş oxucunu həmin məna qarışıq çəkib misraların, sözlərin içinə aparmasıdır. Bu şeirləri oxuyanda bir an sənə elə gəlir ki, hər şey əksinədir, şeir səni oxuyur – səni səndən yaxşı tanıyır və səni deyir. Gecələri yatmadığım günlər artır – Sözlərim bir yandan. Hansı misram oyaq deyilsə, Yatır mənim əvəzimə.
Üstü açıq yatır narahat sözlər, Səksənib ayılsan Üstünü örtərsən misralarımın…
Gecələr sən yatandan sonra Öpürəm alnından, Keçirəm yan otağa – Bir ağ varağa yoldaş olmağa. Çağdaş şeirdə aforizmləşməyə meyil hiss olunmaqdadır – mütləq şeirlərində dillərə düşəcək, xatirə dəftərlərini bəzəyəcək, sosial şəbəkələrdə “(c)” qeydi ilə status əvəzi işlənəcək qoşa misraların, bəndlərin olmasına xüsusi diqqət yetirirlər. Bu zaman müəllifin fəlsəfə açmaq iddiası bir az da şeiri öldürür, ən yaxşı halda, ikinci plana salır. Əlisəmid Kürün isə əksər şeirləri elə qurulur ki, nə “döşəməsi”ni, nə “tavanı”nı laxlatmaq olur – misraları bənddən, ya bütünlüklə şeirdən çıxaranda kontekstdən ayırmış olursan. Yaddaş – bizi yaşadığımız zamandan qoparıb bir an üçün olsa belə, keçmişdə qalanla qovuşduran və eyni zamanda, keçmişi indiyə daşıyan – zamanı əbədiləşdirəndir. Nə qədər ki xatırlayan var, xatirəyə dönən nəsnələr diridir, yaşayır. Bu zamansızlıq içindəki zaman yaddaş sayəsində var olur. Ən çox xatırlayan, ən çox nostalji duyan keçmişə əbədiyyət qazandırmaq arzusunda olan söz adamlarıdır yəqin – zamana süni nəfəs verməklə. Xatirə – dirilik suyudur, gənclik iksiridir. Əlisəmid Kürün bir çox şeirlərində zaman və yaddaş məhfumu bütün fəlsəfi, poetik ağırlığı ilə ehtiva edir. Hamını yadıma saldım bir gün ata ocağında. Bir anda yüz il yaşadım, Bir anda yüz il qocaldım həsrətin künc-bucağında. Titrədi atamın baş daşı, ürpəndi anamın əlləri. İndicə qırılıb dağılacaq baxdığın güzgü – Titrəyir yanağında göz yaşları – titrəyir qızımın telləri.
Ata ocağında xatirələrin bircə anda oyanması yatmış gözəlin yanağına toxunan öpüşdür. Ölçüyə gəlməyən zamandan fərqli olaraq an bir parçadır, kəsimdir və bu anı xatırlayan insanla o anın içinə sığışan insan ömrünü eyni anda izləyirik. Fəqət o an yaşananların, xatırlananların sayəsində an keçmişdə qalmış zamanla indiki, davam etməkdə olan zamanın arasında yaşamaqdadır və beləcə, ani, ötəri olaraq qalmır, davamlılıq, əbədilik qazanır. Xatirələrin özü kimi, xatırlanan an da həmişəyaşar olur. O an zaman dayanmır, əksinə, ananın titrək əllərindən saat kəfgirində – zamanın yelləncəyində yellənən qızına qədər sürətlə ötüb keçir. Heç gözlənilmədən insanı yaxalayan xatırlama anı nə əvvəli, nə də sonu olan zamanı ikiyə bölür. Bu ikisinin ortasında dayanıb xatırlayan isə o anı əbədiyyət kimi yaşayır. Keçmişi xatırlamaq – insanın öz içinə dalması, dünəndən bu günə yaşananları göz önünə gətirərək, ağlında tutaraq özüylə qarşı-qarşıya durmasıdır. “Güzgüdə özünə baxıb göz vuran \ o şux, o kür adam” gün gələr uzaqdan çəkilib baxar özünə. Üzləşməkdən qorxar özü ilə, üz-üzə qalmaqdan ürpənər, “cürəti” yalnız kənardan izləməyə çatar özünü. Şeir bu anındır, fəqət həm də keçmişin insandan aldıqlarını geri qaytara bilən bir parçasıdır. Şeir (ədəbiyyat) bu sonsuz zaman axışının içindəki həmin ana möhürünü vurur, rəsmini çəkir. Bununla belə, Əlisəmid Kürün zamanla bağlantısı olan şeirlərində keçmişin həsrəti, sentimentallıqla süslənmiş o günlərə dönmək yanğısı, arzusu duyulmur; sadəcə zaman yüklü bir indidən keçmişə boylanıldığını görürük. Əlisəmid Kür şeirində əksi özündə saxlaya bilən, “yaddaş kartı” misallı metaforalardan daha çox işlənəni güzgü və gözlərdir. Xatırlamaq üçün bəzən bir musiqi, bir əşya, bir məkan da vasitə ola bilər. Söz, səs yaddaşın şəklidir. …2400 kilometrlik həsrətin içində Qatar keçdi deyəsən. Bir zahı bulud Silkələdi telefon xətlərini. Yüz saniyəlik sükutun arxasına Sığdı bir insan ömrü. -Alo! Alo!! -A-ta! A-ta! …Üzün yadımdan çıxır, İlğım axır dalğa-dalğa Yaddaşımın dörd olmuş gözündən. Yuxu da yalanmış, fotoşəkil də yalan… -Alo! Alo! -Ata, məni eşidirsən? -Al-lo, mən səni görürəm, qızım…
Gözlərimdə düzüm-düzüm hər anın tənhalıq şəkli…
Nə baxırsan əlləri üzündə gözləri barmaqlarının ucunda Adaşım balabançı kor Əlisəmid.
“Bir adaşım yaşayır Kürdəmirdə” misrası ilə başlayıb “Adaşım balabançı kor Əlisəmid” sözləri ilə bitən şeir əslində, elə ilk misrasından bəhs olunan obrazla müəllif arasına paralellik qoyur. Görmədən “baxan”ın barmaqları ucundakı gözlərlə bu dünyaya heyrətidir kor Əlisəmidin musiqisi – barmaqlarının yaddaşıyla dilləndirir balabanı – sözlərlə dünyanın rəsmini çəkən şair kimi…
Qəfil nəfəs verdi balabana, Sığalladı asta-asta, bala-bala. Asta çaldı balabanı. Tələsdi yavaş-yavaş, bala-bala. Dağı arana daşıdı, aranı dağa. Anasının balasını ağlatdı, balasının anasını ağlatdı. Qəribi çağırdı qürbətdən, həsrətdən yolu-yolağa. Əlisəmid Kürün şeirlərində qum saatından qum əvəzinə, qan damır, divar saatında kəfkir əvəzinə yelləncəklər yellənir. Zaman yaşantılara uyğun axıb gedir, bəzən qan-qadalı, bəzən əyləncəli-yelləncəkli… Ucsuz-bucaqsız zamanın ardınca sürüklənmək gücü olmayan insan da vaxtı keçən hər şey kimi “bircə istifadəlik”dir – yalnız ona ayrılmış zaman kəsimində “işə yararlı”dır. Zamanın yetişdirdiyi, mükəmməlləşdirdiyi hər şey zamanı gəlincə, əslində isə vaxtı bitincə lazımsız olur, ya bir tərəfə atılır qırx illik çaxır çəlləyi kimi, unudulur; ya da satılır – büllur külqabı kimi.
Bu da qırxillik çaxır çəlləyi – tapılmayan qızıl küpü… indicə qoparacaqlar ağzını, daraşacaqlar canına; qanını içəcəklər köpük-köpük, paylayacaqlar qədəh-qədəh, boşaldacaqlar qəpik-qəpik. Bir atəşfəşanlıq fışqıracaq beyinlərə, – köpü yatacaq meyxoşların… Sonra da – onu fırlada-fırlada, diyirlədə-diyirlədə aparıb atacaqlar bir küncə…
Əlisəmid Kürün şeirlərində şəkillənən zaman ötüb keçdikcə izini qoyan, əbədiləşdirən, xatırladan; amma gah da unutduran, satdıran, yoxluğa yuvarladan və bütün bu xüsusiyyətləri ilə insana bağlı, onu, həyatını yönləndirən nəsnədir. İnsan zamanın ondan asılı olmayan bu axışına heç bir şəkildə təsir göstərmək gücündə deyil. Bu şeirlərdə zamanın irəliyə deyil, “geriyə axdığını” daha çox izləmək mümkündür – çünki xatirələrin üz tutdurduğu zaman keçmişdir. Zaman üçün onun hansı kəsimində olduğunun fərqi yoxdur – onun hansı dövrə aid olması insana aiddir – xatirələrdə keçmişdir, yaşandıqca indidir, xəyal qurduqca gələcək… A.Berqsonun təbirincə desək, sadəcə, müddətdir (durée) – parçalanmayan zaman – dünəndən bu günə, bu gündən gələcəyə keçən.
Müəllif: Mətanət VAHİD, filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın aparıcı elmi işçisi.