“Biz türklər (Anadolu türkləri) ona çox şeydə borcluyuq”
Türk fikri həyatının və sosiologiyasının önəmli simalarından olan Ziya Göyalp fundamental əsəri ilə türk dünyasını ortaq mədəni zəmində bir araya gətirir. Türk Dil Qurumu (TDK) Ziya Göyalpın 5 türk dövlətinin dilinə tərcümə edilmiş “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” əsərini təqdim edəcək. Türk Dil Qurumundan (TDK) verilən açıqlamaya görə, TDK türk fikri həyatının və sosiologiyasının önəmli simalarından biri olan Ziya Göyalpın fundamental əsərini türk dünyasının ortaq mədəniyyət zəminində bir araya gətirir. Türk Dil Qurumunun (TDK) həyata keçirdiyi layihə çərçivəsində Göyalpın “Türkləşmək, İslamlaşmaq, Çağdaşlaşmaq” adlı əsəri beş türk dövlətinin dilinə tərcümə edilərək nəşr edilib. Bu geniş kolleksiyanın təqdimatı aprelin 8-də Türk Dil Qurumunun təşkil etdiyi xüsusi proqramda baş tutacaq. Ziya Göyalp bu düsturla türk millətinin həm milli köklərinə bağlı qalıb, həm də İslam dəyərləri çərçivəsində müasir bir dövlət kimi inkişaf edə biləcəyini əsaslandırmışdır. Bu fikir, Əli bəy Hüseynzadənin “Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq” ideyası ilə ortaq məxrəcdə olsa da, Göyalp bunu sistemli sosioloji nəzəriyyə halına gətirmişdir. “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” düsturunu ortaya qoyan Əli bəy Hüseynzadə haqqında Ziya Göyalp deyir:
“Biz türklər (Anadolu türkləri) ona çox şeydə borcluyuq” Bu araşdırma vasitəsilə Ziya Göyalpın türk tarixi, dili, ədəbiyyatı və fəlsəfəsi ətrafında formalaşan fikirləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan türk dillərinə çatdırılmışdır. Türk dünyasının ortaq elmi və mədəni irsi haqqında qarşılıqlı anlaşmanı artırmaq məqsədi daşıyan bu nəşr layihəsi türk dövlətləri arasında akademik əməkdaşlığın gücləndirilməsində tarixi addım hesab olunur. Təqdimat görüşü, panel və sərgi hamısı bir yerdə Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun şəhərciyində başlayacaq proqramda açılış nitqləri, daha sonra əsərlərin təqdimatı və təşəkkürnamələr olacaq. Bundan əlavə, TÜRKSOY və Türk Tarixi və Mədəniyyəti Vəqfi ilə birgə hazırlanan “Ziya Göyalpın 150-ci ildönümü münasibətilə sərgisi”nin açılışı olacaq.
Türk Dil Qurumunun vitse-prezidenti Prof.Dr.Harun Şahinin moderatorluğu və ekspert akademiklərin iştirak etdiyi elmi panel onun işinin intellektual dərinliyini müzakirə edəcək.
AMEA “Elm” nəşriyyatı Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” kitabının yeni nəşrini oxuculara təqdim edib. Abidəni filologiya ekmləri doktoru, Mühacirət ədəbiyyatı şöbəsinin müdari Nikpur Cabbrlı nəşrə hazırlamışdır. Qeyd edək ki, kitabın ilk nəşri 1991-ci ildə görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Rüstəm Əliyev tərəfindən cüzi ixtisarlarla Bakıda (232 s., kiril əlifbasında) çap edilmişdir. Rüstəm Əliyev Moskvada elmi məktəb keçmiş peşəkar mətnşünas idi və onun nəşri indiyəcən daha mötəbər sayılır. Bu klassik abidənin Azərbaycan dilinə uyğunlaşdırılmış çapı asan bir məsələ deyil. Ona görə ki, M.Ə.Rəsulzadə bu kitabın ilk variantını 1939-1941-ci illərdə müasir Türkiyə ədəbi dilində yazmış, bununla SSRİ-də Nizaminin 800 illik yubileyi tədbirlərinə qoşulmuşdur. Çox güman ki, maddi sıxıntı səbəbindən yubiley ərəfəsində kitabı buraxmaq mümkün olmayıb. Nəticədə, bu qiymətli kitab ancaq 1951-ci ildə (ədibin vəfatindan dörd il qabaq) Ankarada nəşr olunub. Bu, Azərbaycan ədəbiyyat elmi üçün prinsipial və metodoloji bünövrə olan bir əsərdir. Burada Azərbaycan xalqının farsdilli irsi ilə bağlı köklü prinsipial məsələlərə işıq salınıb. Əlbəttə, kitabı Türkiyə ədəbi dilindən tam tərcümə etmək bağışlanılmaz səhv olardı. Ona görə, Rüstəm Əliyev kitabı nəşrə hazırlayanda minimal müdaxilə prinsipindən çıxış etmiş, Pəsulzadənin leksik bazasını qorumaqla ən zəruri sözləri dəyişmişdir. Kitabın bütün sonrakı Bakı nəşrləri əsasən Rüstəm Əliyev variantını təkrar edir. Rəsulzadə özü də mühacirət illərində elə yazmağa çalışırdı ki, mətnlər həm İstanbul, həm də Bakı ziyalıları üçün anlaşılan olsun. 1991-ci ildə çıxan birinci Bakı nəşrinin ayağı düşərli oldu. 2011-ci ildə mərhum tədqiqatçı Yadigar Türkel Bakıda, “Təknur” mətbəəsində “Azərbaycan şairi Nizami” kitabını yenidən nəşr etdirdi (520 s.). 2021-ci ildə mərhum tədqiqatçı Nəsiman Yaqublu çox sevdiyi M.Ə. Rəsulzadənin sözügedən kitabını “Qanun” nəşriyyatında yenidən buraxdırdı (576 s.). Bu faktlar bizim elmi fikirdə Rəsulzadə irsinə olan münasibətin get-gedə ciddiləşməsini ifadə edirdi. Bunlarla paralel “Azərbaycan şairi Nizami” kitabının daha üç kommersiya nəşri kitab bazarına yol tapıb. 2017-ci ildə “Təhsil” nəşriyyatının 100 nüsxəlik tirajı olub. 2019-cu ildə “Kitab Klubu”nun buraxdığı nüsxələr satışda müşahidə edilib. “Xan nəşriyyatı”nın buraxdığı tiraş isə çap ili göstərilmədən satışa çıxarılıb. Yeni nəşrdə kitabda getmiş poetik sitatların sətri tərcüməsi ilə yanaşı, farsca əsli də yer alır. Sözügedən kitab Azərbaycan ədəbiyyatında farsdilli abidələrin milli irs mövqeyindən öyrənilməsi sahəsində köklü metodoloji abidədir. M.Ə.Rəsulzadə kitaba yazdığı ön sözdə bu barədə qiymətli elmi arqumentlər söyləmişdir. Qeyd edilməlidir ki, M.Ə.Rəsulzadədən yüz il əvvəl Azərbaycanın farsdilli ədəbi irsi barədə Abbasqulu ağa Bakıxanov ilk dəfə fikir söyləmiş, Şirvan bölgəsinin mədəni irsindən bəhs edərkən, 18 farsdilli şairin adını çəkmişdir. “Gülüstani-İrəm”in son fəslində bu barədə oxumaq olar. Bütün bu qeydlərlə yanaşı, bunu da nəzər almalıyıq ki, bir sıra oxucular “Azərbaycan şairi Nizami” kitabının “Mühacirət ədəbiyyatı” seriyasından təqdim edilməsini uğurlu saymırlar.
Asya Əhmədovanın “Sən Vətənsən” poemasında real həyatla mifoloji tale yazısı sintezi
Dədələr “İgid ölər, adı qalar” deyiblər. Nədənsə Qarabağ üzərində Ermənistan-Azərbaycan savaşı başlanandan sonra elin dilində igidi şəhid əvəzlədi. Millət döyüşlərdə şücaət göstərib-göstərmədiyinə fərq qoymadan müharibədə həlak olmuş bütün oğullarına eyni qaydada yas saxladı. Bəlkə, bu da bir hikmətdəndir. Ruhaniyyətdə heç nə hikmətsiz deyildir. Onsuz da insan dərrakəsi şəhidlərini mərtəbəsinə görə uğurlamaqda tam ədalət sahibi deyildir.
Yaradan öz hümmətinə doğru yol göstərmək üçün zaman-zaman peyğəmbərlər göndərib. Peyğəmbərlər də özlərindən sonra savaba alqış şairləri göstərib. “Yaradan onlara da yaratmaq istedadı bəxş edib”, deyib. Əlbəttə, o şairləri ki, vətəndən, millətdən salnamə yazsın. O şairləri ki, torpaq uğrunda, din uğrunda, dil uğrunda canından keçmiş igidlərin adını əbədiləşdirsin. İgidin adı bədii əsərlərdə (dastanlarda, romanlarda, poemalarda) əbədiləşməzsə, sonrakı nəsillər onları necə tanıyar?
Ən azı buna görə şair Asya Əhmədovanı alqışlamaq, onun “Sən Vətənsən” poemasını təqdirəlayiq hesab etmək olar. Poema Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Noçuyev Surxay Əbdül oğlunun əziz xatirəsinə həsr olunub. Düzdür, Qəhrəman Surxay Noçuyev haqqında onlarla məqalə, oçerk, xatirə yazısı yazılıb. Yazıçı Azad Qaradərəli “Noçuyev taktikası” adlı hekayə yazıb. Yazıçı Ayaz İmranoğlu “Komutan” romanında Surxayın əbədi və ədəbi obrazını yaradıb. Lakin bunlarla yanaşı poemanın da xüsusi yeri, xüsusi çəkisi var. Romandan, hekayədən hər hansı bir bölməni nəql etmək olar. Poemadan isə hansısa parçanı əzbərdən söyləməklə həm qəhrəmanı yad etmiş olursan, həm də onu yad edənlərin ovqatını kökləyə bilərsən.
Asya Əhmədovanın “Sən Vətənsən” poeması cəmiyyət tərəfindən rəğbətlə qarşılandı. Hətta söz-qələm adamları yazılı mediada öz münasibətlərini də bildirdilər. Düzdür, şair poemanı dərhal çapa göndərməyib. Əhatəsində olan elm, ədəbiyyat mənsublarına oxudub, çap üçün yetərli olub-olmadığını öyrənmək üçün onların münasibətini soruşub. Həmin adamlardan bəziləri poema haqqında öz fikirlərini resenziya-rəy formasında yazaraq bildiriblər. Onlardan tarix elmləri doktoru Eynulla Mədətlinin, şair Ramiz Qusarçaylının, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun, filologiya elmləri doktoru Mərziyyə Nəcəfovanın qələm məhsullarını Asya Əhmədova poemanı kitab şəklində çap etdirəndə kitaba daxil edib.
Surxay Noçuyev əslən Zəngilan rayonunun Məmmədbəyli kəndindəndir. Rayonu uşaq yaşlarında erməni işğalı nəticəsində tərk edib. Asya Əhmədova da o kənddə doğulub boya-başa çatıb. Əlbəttə, Surxayın həyatını, döyüş yolunu, göstərdiyi şücaət və igidliklərini ilk olaraq onu tanıyanlar, yaxud, daha çox məlumat toplamaq imkanı olanlar qələmə alsalar, daha mükəmməl obraz yaranar, daha dolğun bir əsər üzə çıxar. Peyğəmbərin Yaradan tərəfdən ondan sonra şairlərə xüsusi lütf verildiyinin də hikməti, zənnimcə, elə bundadır.
Adətən, əsərlərdə proloq verilir, bu hissə, sanki məbədin giriş qapısıdır. Asya Əhmədova “Azərbaycan” deyə sözünə başlayır. Məhz, belə də olmalıdı. Qəhrəmanlıq salnaməsi elə-belə də başlamalıdı. Bu adın müqəddəsliyini damarlarımızda hiss etməsək, əzəmətini duymasaq, nə onun uğrunda canımızdan keçə, nə də mükəmməl əsərlər yarada bilərik.
“Hər daşında bir igidin tarixçəsi, Bayrağında şəhidlərin vüqarı var”, “Oğulların səngərlərdə qurd ürəkli, Qartal kimi dayandılar dağ başında” kimi beytlərlə Asya Əhmədova Vətənin əzəmətini vurğulayır, hər zaman igidlərin səngərdə müdafiədə durduqlarını qeyd edir, eyni zamanda dağ başında qartal kimi qorxmazcasına dayandıqlarını diqqətə çatdırır. Surxay da bu igidlərdən biridir. “Körpə idi, uşaq idi Surxayın da, Ürəyinə Vətən dərdi saplananda” deyə qəhrəman bu Vətəni uşaqlıqdan ürəyinə saplanan dərd olaraq gəzdirib, şəhadətə yüksələnə qədər yaşadıb və özü də bu boyda dərdlə bərabər Vətənləşib. Vətənləşmək isə yalnız əməllə sübut olunur. Dünyada ən müqəddəs hesab etdiyin şirin canı Vətən yolunda əsirgəmirsənsə, deməli, vətənləşirsən.
Bu məqamın poemada necə əks olunduğunu filologiya elmləri doktoru Mərziyyə Nəcəfova da “Vətənpərvərliyin poetik dərki” yazısında qeyd edib. “Asya Əhmədova Surxayın simasında Azərbaycanın bütövlüyü uğrunda canından keçib, Vətən olan oğulların şücaətini bütün tamlığı ilə ifadə edə, o oğulların döyüş boyu qəhrəmanlıqlarını misralara gətirə bilib. “Vətənçün canından, qanından keçib, Olur Vətən boyda Vətən oğullar!””
Asya Əhmədova bu, ilk irihəcmli poetik əsəri ilə Surxay Noçuyevin timsalında, sanki, min illər boyu başına müsibətlər gətirilmiş böyük bir millətin növbəti qərinəsinə nəzər salmışdır, bir salnamə yaratmışdır. Bu salnamədə bölmə-bölmə sinədağlayandan qələbə qüruru yaşadanadək bütün hadisələr öz axarı ilə nəzmə çəkilmişdir. Qarabağ üzərində qurulmuş savaş böyüyür. Qonşu rayonlar bir-birinin ardıca erməni qoşunları tərəfindən işğal olunur. Yurd-yuvasından didərgin salınmış millət vətən boyu pərən-pərən düşür. Doğma eli tərk etmək istəməyən bir el – Zəngilan mahalı öz igidləri sayəsində dirəniş göstərir, vuruşur və üçtərəfli mühasirəyə düşür, mərkəzlə bütün əlaqələr kəsilir. “Bir el addımlayır Araza sarı” bölməsində Asya Əhmədova qeyd edir:
Gələrmi hardansa kömək bir daha?
Salamat çıxarmı güman sabaha?
Ümidin bağlayıb göydə Allaha,
Bir el addımlayır Araza sarı.
Bilmirəm, müəllif o dövrü yaşayıbmı? Hər halda yaşamasaydı, bu cür təsirli təsvir edə bilməzdi. Üstündən bu qədər müddət keçsə belə zəngilanlılar o dövrü xatırlayanda üzüntüsüz, göz yaşı axıtmadan ötüşə bilmirlər. Bu, faktdır. Hərbçilər döyüşə-döyüşə geri çəkilirdilər. Meğri, Qafan, işğal olunmuş qonşu Qubadlı və Cəbrayıl rayonları tərəfdən ən azı 4-5 dəfə üstünlüyə malik erməni ordusu Zəngilan alayını Araz çayına – İranla sərhəddə tərəf sıxışdırıb geri çəkilməyə məcbur edirdi. Əhaliyə doğma yurd yerlərini tərk edib Araza üz tutmaqdan başqa çıxış yolu qalmamışdı.
Əlbəttə, müharibə əsəri tamam başqadır. Asya Əhmədovanın “Sən Vətənsən” poemasına da bütövlükdə müharibə əsəri kimi baxmaq düzgün deyil. Yuxarıda qeyd olunduğu kimi bu poema bir dövrün, bir qərinənin salnaməsidir. Müharibənin vurduğu yaralar isə poemada çox təsirli şəkildə ifadə olunub.
Köçkün həyatı, çadırların çətin şəraiti, mərhələlərlə yataqxanalara köçürülmə və bu çadır-yataqxanalarda Vətən adlı böyük bir dərdlə böyüyən, torpaqları erməni işğalından azad etmək fikrini bir an belə ağlından çıxartmayan uşaqların, yeniyetmələrin, oğulların ən qüvvətlisi Surxayın simasında cəmləşib. Ancaq arada “Atəşkəs” var, ölkə bu rejimdə yaşamağa, işğala hələ ki, dözməyə məcburdur.
Qəlbində nisgil yaşada-yaşada Surxay böyüyür. Dərsə gedir, yeni tanış olduğu, dostlaşdığı həmyaşıdları ilə müxtəlif oyunlar oynaya-oynaya püxtələşir. Heç vaxt yaddaşından çıxartmadığı, istəsə belə çıxarda bilmədiyi yol ilə – Vətəninin azad etmək üçün əməyini, canını belə əsirgəməyəcəyi yol ilə irəliləyir. Bu yol onu əbədiyyata aparır.
Müəllif Surxayı birdən-birə qəhrəman kimi təqdim etmir, ancaq misra-misra buna zəmin yaradır. Surxayın doğulub boya-başa çatdığı yurd yerlərini, təkcə barı, bəhəri, bərəkəti ilə seçilməyən, həm də bu yerin qidası ilə böyüyüb qüvvətli ərən olanlardan söz açır. Zəngilanı son damla qanınadək qoruyan bəzi igidlərdən, onların döyüş yolundan bəhs edir. Artıq dastana çevrilmiş yeddi polisi, son anadək səngərdən çıxmayan, çox qüvvətli düşmənə müqavimət göstərən yeddi polis döyüşçüsünü xatırladır. Surxay bunları məktəbdə müəllimlərdən, evdə doğmalarından eşidə-eşidə irəliləyir, lakin hələlik bir iş görə bilmir. Çünki “Atəşkəs” rejimidir, bir iş görmək üçün isə şərait yetişməlidir.
Bu ərəfədə Tovuz hadisələri baş verir. Asya Əhmədova bu hadisəni nəzərdən qaçırmır. 44 günlük Vətən Müharibəsinin, bəlkə də, başlama səbəbini elə bu hadisədə axtarır. Sözsüz ki, “Atəşkəs”ə məhəl qoymayan ermənilər tez-tez təxribat törədirdilər. Generalla bərabər on dörd rütbəli hərbçinin ölümü ilə nəticələnən Tovuz hadisələri bu təxribatların ən böyüyü idi. Asya xanım yazır:
General ölmüşdü, şəhid ruhuydu,
Ayağa qaldırıb xalqı, milləti.
Sıyrılıb yayından çıxan oxuydu,
Kimsə görməmişdi belə qeyrəti.
Bəli, o gün millət birləşmişdi, bütövləşmişdi, hamı küçələrə çıxmışdı, qisas tələb edirdi. Amma ölkə qanunlarla idarə olunur. Ali Baş Komandan səbrlə, təmkinlə gözləyirdi. O, bilirdi ki, ermənilər dinc durmayacaq, yenə təxribatlar törədəcək və torpaqlarımızı azad etmək üçün zəmin yaradacaq. Lakin son dəfə Beynəlxalq Təşkilatların bu təxribata da necə reaksiya verəcəyini gözləyirdi. Eyni zamanda son hazırlıq işləri görülürdü. Səfərbərlik və Hərbi Xidmətə Çağırış bölmələri tərəfindən könüllü şəkildə torpaqlarımızın erməni işğalından azad olunmasına qoşulanların siyahıyaalınması keçirilirdi. Əlbəttə, bir neçə gün ərzində bu siyahı on min nəfərin üzərindən o tərəfə keçmişdi. Ordu və digər qoşun növlərində döyüş təlimləri keçirilirdi.
Nəhayət, Beynəlxalq Təşkilatların susqunluğu və ermənilərin növbəti təxribatı Ali Baş Komandanı iradə nümayiş etdirməyə səslədi.
Sonda bir məsələni qeyd etməmək mümkünsüzdür. Poemada insan obrazları ilə yanaşı bir fəsil obrazı da var. Bu fəsil Payızdır. “Epiloq”da Asya Əhmədova yazır:
Bu dünyaya göz açsam da səndə, payız,
Dəyərini bilməmişəm,
Gələn yazı gözləmişəm,
Mən səni heç sevməmişəm.
Torpaqların son işğalı payızda oldu. İşğal tarixli fəsli necə sevmək olar? Amma güc, enerji təkcə sevgidən yaranmır, həm də qəm-kədərdən, nifrətdən yaranır. Azərbaycan bu işğalla barışmadı, yaşadı, böyüdü, kədərindən enerji aldı, güc aldı.
Asya Əhmədova qəhrəmanının həyatında Payızın xüsusi yer tutduğunu vurğulayır. Payızda dünyaya gəlir, Payızda ailə qurur, xoşbəxliyinə qovuşur, Payızda uzun müddət qəlbində bəslədiyi torpaqların azad olunması uğrunda savaşa atılır, Payızda ikinci övladının dünyaya gəlməsi xəbərini alıb sevinir, Payızda vuruşa-vuruşa Qarabağın tacı Şuşa şəhərinin azad olunmasında iştirak edir və… şəhadətə qovuşur. Bəlkə də bu, bir mistikadır, mifoloji tale yazısıdır.
“Mən səni sevdim, Payız,
Mən səni sevdim, Payız!”
Bütün bunlar poemada təfsilatı ilə təsvir olunub. Məncə, çox təsirli də təsvir olunub. Təhlil olunası çox mətləblər var. Lakin bir yazıda bunların hamısına münasibət bildirmək mümkünsüzdür və bu, sırf mütəxəssislərin öhdəsindədir.
Bütün bunlara rəğmən poema mükəmməl bir əsər kimi Azərbaycan ədəbiyyatına öz töhfəsini vermiş olur. Sözsüz ki, ədəbiyyatşünaslar tərəfindən dəyərləndirməlidir.
Şair-publisist Təranə Dəmirin poema və şeirlərdən ibarət yeni kitabı işıq üzü görüb. “Qırmızı xətt” adlı bu kitabda yazarın son ildə yazdığı şeirləri və “Ömrün beşinci fəsli” adlı poeması yer alıb. Kitab “PAN” nəşriyyatında ərsəyə gəlib. Kitabın redaktoru AYB və AJB-nin üzvü, şair-publisist Zabil Pərvizdi.
Yazarlar.az olaraq, biz də öz növbəmizdəTəranə Dəmiri təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
BİR ÖMRÜN TABLOSU… (Nəşr olunmuş yeni kitab təqdimatı) Nəşr olunmuş yeni kitabım Cəlilabad rayonunda təsviri incəsənət sahəsinin ilk xanım rəssamı, mənə rəssamlıq sənətini öyrətmiş əziz və dəyərli müəlliməm, həm də mənəvi anam Laləzar xanım Sadıqovaya həsr olunmuş təqdimat kitabıdır.
Ümumi məlumatlar: Kitabın adı: “Bir ömrün tablosu” (Cəlilabad rayonunda təsviri incəsənət sahəsinin ilk xanım nümayəndəsi Laləzar xanım Sadıqovanın təqdimatı) Müəllif: İlqar İsmayılzadə Naşir: “Həməşəra” mətbu orqanı, Cəlilabad Çap: “Qazi” Çap Mərkəzi Nəşr olunduğu il: 2026 Çap növbəsi: Birinci Kağız formatı: 60×90 1/16 Səhifə sayı: 120 səhifə.
Kitab barədə: Bu kitab Cəlilabad rayonu üzrə hələ sovetlər dönəmində ilk xanım rəssam olaraq tanınmış və Cəlilabad tarixinə düşmüş, o vaxtlar bir neçə il ərzində Cəlilabad şəhər Pioner və Məktəblilər Evinin Təsviri incəsənət dərnəyinin rəhbəri və baş müəllimi işləmiş dəyərlimiz Laləzar xanım Əsədova (Sadıqova) haqqında qələmə alınmış və hazırlanaraq işıq üzü görmüş bir təqdimat əsəridir. Kitab Laləzar xanımın öz həyat hekayəsi barədə maraqlı məlumatlar təqdim edən ön sözü ilə başlamış, bundan sonra mənim kitab üçün qələmə aldığım təəssürat, izahat və arzu-diləklərlə davam etmişdir. Bunun ardınca isə aşağıda göstərilən beş fəsildə onunla bağlı təfərrüatilə danışılmış, ətraflı məlumatlar təqdim edilmişdir: Birinci fəsil: Bioqrafik məlumat; İkinci fəsil: Laləzar xanımın xüsusiyyətləri; Üçüncü fəsil: Laləzar xanım barədə bir hekayə; Dördüncü fəsil: Laləzar xanım media orqanlarında; Beşinci fəsil: Fotoşəkillər və Laləzar xanımin əl işlərindən nümunələr. Kitabda Laləzar xanımın həyat yolu və bioqrafik məlumatlarından tutmuş, şəxsi xüsusiyyətləri və keyfiyyətləri, onun haqqında qələmə aldığım “Təsviri incəsənət kraliçası” adlı xüsusi bir hekayə, həmçinin, istər Sovet dönəmi, istərsə də müstəqillik illərində haqqında müxtəlif yazı, məqalə və təqdimatların dərc edildiyi bir sıra mətbuat və media orqanlarından nümunələr göstərilmişdir. Kitabın son fəslində isə Laləzar müəllimənin özü və yaxınlarının fotoşəkillərindən əlavə, son 40 il ərzində çəkdiyi və müxtəlif sahələrə (tablo, mənzərə və s.) aid olan 31 əl işi və rəsm əsəri təqdim edilmişdir.
Təşəkkür və diləklər! Sonda dəyərlimiz, eyni halda Cəlilabad rayonunda təsviri incəsənət sahəsinin kraliçası sayılan, həmçinin, mənə və mənim kimi onlarla şagirdinə əziz, mehriban müəllimə, qayğıkeş və mənəvi ana kimi rəssamlıq sənətini öyrətmiş əziz Laləzar müəlliməyə bu kitabın ərsəyə gəlməsində özü ilə bağlı şəxsi məlumatları və xüsusilə də rəsm əsərlərini yollamaqda səmimiyyət göstərdiyinə görə təşəkkürümü bildirir, ona uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi arzulayıram! Eyni halda indiyədək işıq üzü görmüş sayca 53-cü məlum əsərimin çapında xüsusi peşəkarlıqla zəhməti olmuş “Qazi” Çap Mərkəzinin direktoru Yasər müəllim İsmayılova və çap mərkəzinin əməkdaşı Nurəddin müəllim Hüseynova dərin təşəkkürümü bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür diləyirəm!
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçıar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist 07.03.2026
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Qara Yusif haqqında yazdığı iki kitabın birincisini- “Qara Yusif və Əmir Teymur” kitabını başa çatdırıb.
Müstəqil.Az xəbər verir ki, kitabda türk dünyasının böyük oğlu Qara Yusif barədə geniş ictimaiyyətə məlum olmayan məlumatlar əksini tapıb. Geniş araşdırma və tədqiqat işi olan kitabda Qara Yusif haqqında tarixi mənbələrə əsaslanmış həqiqətlər yer alıb. Kitabın müəllifi Yunus Oğuz qeyd edib ki, Qara Yusif haqqında yazmağa dəyər: “İki türkməndən biri Qaraqoyunlu, biri Ağqoyunlu, ikisi də eyni Azərbaycan tayfalarından olmaqla aralarında mübahisələr olub və ayrılıblar. Əvvəl Qaraqoyunlular dövlət yaradıb, sonra Ağqoyunlular. Hər ikisi diqqətə layiqdir”. Onu da qeyd edək ki, ikinci kitab “Qara Yusif və Teymurilər” adlanacaq. Xatırladaq ki, yazıçının onlarla tarixi romanı çapdan çıxıb. Onun əsərlərinin böyük əksəriyyəti xarici dillərə tərcümə olunub, bir çox kitabları xarici ölkələrdə çap edilib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ortaq türk əlifbası ilə hazırlanmış ilk poeziya antologiyası “Elm” nəşriyyatında işıq üzü görüb
“Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” adlı antologiyada Azərbaycan və Türk dünyası arasında tarixi və müasir ədəbi əlaqələr poeziya nümunələri vasitəsilə ortaq əlifbada təqdim edilib. Qeyd edək ki, nəşrdə istifadə olunan latın qrafikalı 34 hərfli ortaq türk əlifbası Beynəlxalq Türk Akademiyasının rəhbərlik etdiyi Türk Dünyası Ortaq Əlifba Komissiyası tərəfindən 2024-cü ildə Bakı şəhərində keçirilmiş toplantıda qəbul edilmiş yekun qərara əsaslanır. Antologiyada çap olunan hər bir türk xalqına aid bədii nümunələr yazıldığı türkcədə və ortaq əlifbaya uyğunlaşdırılmış şəkildə verilib. Nəşrdə Azərbaycan şairlərinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr, Tatarıstan, Başqırdıstan və İraq-türkmanları haqqında şeirləri Azərbaycan dilində, həmin türk ellərindən olan müəlliflərin Azərbaycan mövzusunda yazdıqları şeirlər onların öz türkcələrində yer alıb. “Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” antologiyası AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə hazırlanıb və “Türkoloji qurultayın dərsləri və zəfəri” adlı ön sözü ilə nəşr edilib. Kitabın tərtibçisi və redaktoru filologiya elmləri doktoru Mehman Həsənlidir. Kitabın tərtibatı üzərində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Pərvanə Kərimova, mətnlərin ortaq əlifbaya uyğunlaşdırılmasında isə Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Qətibə Quliyeva çalışıb. Kitabdakı şeirlərin bir çoxu Türk respublikalarının kitabxana fondlarından, digər resurslarından toplanmışdır və ilk dəfədir ki, bir kitabda nəşr edilir. Nəşr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı ilə başlayır. Akademik İsa Həbibbəylinin “Türkoloji qurultayın dərsləri və zəfəri” adlı ön sözündə Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, son yüz ildə türkologiyanın inkişaf yolu və perspektivləri şərh olunur, latın qrafikasına keçid haqqında qəbul edilmiş qərarın əhəmiyyətindən danışılır. Antologiyanın ədəbi mətn hissəsi Azərbaycanın xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri ilə açılır. Nəşrin Azərbaycan-Türkiyə bölməsində Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” və Yavuz Bülent Bakilərin “Azərbaycan ürəyimdə bir şahdamardır” şeirləri verilmişdir. Azərbaycan-Özbəkistan bölməsində Xəlil Rza Ulutürkün “Özbəkistan” və özbək şairi Abdulla Aripovun “Azərbaycan” şeirləri yer almışdır. Antologiyanın Azərbaycan-Qazaxıstan bölməsində Zəlimxan Yaqubun “Əhməd Yəsəviyə Zəlimxan Salamı” və qazax şairi Ədilkərim Əhmədovun “Salam, Azərbaycan!”, Azərbaycan-Qırğızıstan bölməsində Xəlil Rza Ulutürkün “Azərbaycan–Türk Salamı” və qırğız şairi Alıkul Osmanovun “Paravoz”, Azərbaycan-Türkmənistan bölməsində Süleyman Rüstəmin “Aşqabad” və türkmənlərdən İtalmaz Nuriyevin “Azərbaycan” şeirləri oxuculara təqdim olunmuşdur. İlk dəfə olaraq Azərbaycan-Şimali Kipr bölməsində xalq şairi Qabilin “Kipr” və Kiprdən Mahmut İslamoğlunun “Hazar” şeiri diqqətə çatdırılır. Azərbaycan-Tatarıstan bölməsində Bəxtiyar Vahabzadənin “Abdulla Tukay” və qarşı tərəfdən Məhəmməd Mirzənin “Bakı-Kubarık Jil”, Azərbaycan–Başqırdıstan bölməsində Əli Nəcəfxanlının “Başqırdıstana” və Başqırdıstanın xalq şairi Mustay Kərimin “Xuş Kildeqez!”, Azərbaycan-Altay bölməsində Sabir Rüstəmxanlının “Oxu, Altay Gözəli” və Altaylardan Pasley Samıkın “Azerbaycan poeti Fikret Gocağa” şeirləri oxuculara çatdırılır. Azərbaycan-İraq-Türkman bölməsində isə xalq şairi Nəriman Həsənzadənin “Kərkük yaylağı” və Fevzi Əkrəm Tərzinin “Azerbaycan Destanı” şeirləri yer alıb. Kitabda Azərbaycan və Türk dünyasından hər ölkənin səhifəsində həmin respublikanın tarixi memarlıq irsini əks etdirən foto-kollajlar da təqdim olunub. Milli Elmlər Akademiyasının nəşr etdiyi “Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” antologiyası Azərbaycanda yeni ortaq latın qrafikası ilə nəşr olunmuş ilk kitab kimi Birinci Türkoloji Qurultayın 100 illiyinə töhfədir.
Azərbaycanda Dr. Şəmsəttin Kuzəçinin “Kərkükün günəşi” adlı kitabı təqdim olunub
16 fevral 2026-cı il tarixdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan salonunda Azərbaycan Yazıçılar Birliyinin, Vektor Beynəlxalq Elmlər Akademiyasının və Kərkük Kültür Dərnəyinin birgə təşkilatçılığı ilə tanınmış tədqiqatçı, ictimai xadim, şair, Dr. Şəmsəttin Kuzəçinin “Kərkükün günəşi” adlı şeir kitabının təqdimatı keçirildi.
Naxçıvada yaşayıb, yaradan tanınmış pedaqoq, şair Tofiq Qəbulun “Bütöv Yurdun duası gərək” adlı şeir kitabı (Naxçıvan şəhəri.”Əcəmi”dövlət nəşriyyatı) işıq üzü görüb. Kitaba ön sözü AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair Elxan Yurdoğlu yazıb. Önsöz “Tofiq Qəbulun Bütöv Yurd duasını dinləyərkən” adlanır. Kitab aşağıdakı bölmələrdən ibarətdir:
1.Zaman haqq işini gördü axır ki. 2.Poema: “Ağcabədi şəhərinin ilk şəhidi”. 3.Sevgi duyğuları. 4.Təkbəndlər. 5.Düşüncələrim. Kitab 7,5 çap vərəqi həcmindədir.
Xatırladaq ki, bu şeir kitabı 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair Tofiq Qəbulun 9-cu kitabıdır.
Yazarlar.az olaraq, biz də öz növbəmizdə Tofiq Qəbulu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!