Sən zamanı doğrayan küt bıçağın ağzısan, Mənim ömür payımı öz canından yonmusan. Alnındakı qırışlar – taleyin xəritəsi, Sən mənim uduzduğum döyüşlərdə yanmısan.
Duaların – ruhumun ən keçilməz səngəri, Gözündən yaşla düşən o kədər bəşəridir. Tanrıdan soraq gəlsə, “Mərhəmət nədir?” deyə, Göstərərəm əlini – şəfqətin əsəridir.
Ağaran saçlarında illərin qisası var, Hər telində ömrümün min bir sınıq sədası. Dünyanın səs-küyünü susduran bir sükutsan, Varlığın – kainatın ən qədim əlvidası…
Sən günah çıxarılan müqəddəs bir ibadət, Mən isə o qiblədə azan bir bəndəyəm, bax. Sənin nəfəsinlədir mənə verilən cənnət, Sən mənim ürəyimdə, mənsə cənnətdəyəm, bax
Bu həyat, bu mən, bu siz, deyin neyləyim indi? Həyat ağrı acıya dözüb tab edənindi
Ayrılığa həsr edib ömrümü verdim bada Gedirəm ayrılıqla…eh..əlvida…və nida!
Göz yaşlarım
Səndən ayrılandan sonra Təsəllim, həmdəmim oldu Kədərim, dərdim, qəm- qüssəm Hərdən də keyf dəmim oldu Göz yaşlarım
Hər vaxt yetişdi dadıma Bağrı çatladı düşmənin Səndən sadiq oldu, inan Heç tərk eyləmədi məni Göz yaşlarım
Bulaq suyundan durudu Dəniz suyu qədər duzlu Sevgim kimi qaynar, isti Qışın şaxtasl tək buzlu Göz yaşlarım
Elə yara vurub getdin Ürəyim oyma -oymadı Bir an yaddan çıxarmağa Unutmağa da qoymadı Göz yaşlarım
Bir içim su qədərdi o Hicran yandırsa içərəm Sənin bütün səhvlərindən İcazə versə keçərəm Göz yaşlarım
Ürəyim başı odlandı Dedim nə olar getmə, dur Sevgimizin xatirinə Ardınca səpdiyim sudur Göz yaşlarım… Göz yaşlarım…
Qalib olsun əzrayil
Bilirsənmi, sənsiz hər şey dəyişib Yeməyin də dadı- duzu başqadı Həyat sanki yaşanmayır, əzizim O da elə gün ötürür, baş qatır
Darıxmağa axı nə ad qoyasan Lap çıxarır çiləsindən insanı Hərdən elə qəribsəyir ürəyim Göz yaşlarım xatırladır leysanı
Oturmuşam, dərin fikrə gedərək Xatirələr yenə sənə üz tutub Çəkəmmirəm gözlərimi yolundan Gözləyirəm, ölümünü unudub
Anlayıram, səni geri qaytarmaq Mümkünsüzdür, bu, baş tutan iş deyil Mən gələrəm görüşərik, eybi yox Bu dəfə də qalib olsun əzrail
Qaranlıq
Sevmirəm gecənin qaranlığını Qara buludlar da məni qorxudur Elə düşünürəm ölmüş kimiyəm Sanıram dünyanın dibi, sonudur
Amma bir tək bundan əminəm ki, mən Qaranlıqdan doğar işıqlı səhər Günəşli səhərin xətrinə çox vaxt Qaranlığa dözmək olar birtəhər
Bilirəm, qaranlıq işıq doğacaq Səbrlə gözlərəm gələn sabahı Mənim ümidlərim gecə doğulur Toxum qaranlıqda cücərir axı!
Adam
Deyirlər sevimli bəndələrini Hərdənbir sınağa çəkər yaradan Allahın sevimli bəndəsiyəmmi, Nə qədər sınağa çəkilər adam?!
Hayana qaçsaq da bu tale bizim Göz yaşı tökməkdən solub bənizim Nə qədər yazsam da bitməz, əzizim Dərdin pəncəsində tək gülər adam
Nə deyim, belədir dünya əzəldən Yoxdu bir əyrisin tapan, düzəldən Sonda heç seçilməz quru xəzəldən Həyat ağacından tökülər adam.
Təəccüb
Qəribə talelər gördüm həyatda Bu qədər təsirli gəlmədi mənə Gördüyüm səhnənin mənzərəsini Bilmirəm mən necə anladım sənə
Kor oğlan bir qıza gözəlsən dedi İlahi, o bunu necə anladı? Əsas qəribəsi burasıdır ki Bu qız həm eşitmir, həm də ki, laldı
Kor oğlan kar qıza gözəlsən dedi Qurudum yerimdə təəccübümdən Oğlanın baxışı qızın üzündə Bir-birin anlayır onlar dinmədən
Qız sakit, astaca gülümsəyərək Baxırdı oğlanı duyurmuş kimi Nə qədər saf idi, pak idi onlar Sevgiydi onların könül hakimi
Sevginin gözüylə baxanda demək Görmək də, duymaq da olurmuş asan Yazıq o şəxsə ki, görür, eşidir Yaşayır həyatı ancaq duymadan
Xəyalımın xəyalı
Saat əqrəbi kimi Uzun bir dövrə vurub Nələrdən adlayaraq Gör nələri unudub Yenə eyni məqamda Yenə eyni məkanda Səni salamlayaraq Ürəyimdən, zehnimdən Miyon danlaq alaraq Səni anır xəyalım Verdiyi sözü tutub Olanlara göz yumub Bağışlayır xəyalım Xəyalım xəyalında Yenə sənlə görüşür Elə əvvəlki istək Əvvəlki məhəbbətlə Yenə səndən soruşur, Döyərsənmi qapımı, Gəlırsənmi evimə? Sən gedəli qapımı Küləklər döyür ancaq Yoxdu bir isti nəfəs Həyata tutunacaq Evim haçan qızacaq? Gəl qızınsın ürəyim O isti nəfəsinə Qulağımdan getməyən Sözlərinə səsinə Tamarzı qoyma məni Daxilindən çürüyən Məhv olan ağaclar tək içimdən oyma məni Gəl, gözünü sevdiyim Gəl, qurbanı olduğum Söhbətini, sözünü Gəl özünü sevdiyim Bunlar hamsı xəyalmış O boyda məhəbbətdən Təkcə xəyallar qalmış Təkcə..xəyallar qalmış…
Yazmaq istədiyim məktub
Salam, bivəfam, necəsən? De, necədir orda halın? Yaxşı keçirmi günlərin, Gözəldirmi keyf- əhvalın?