Lacivərd səmalar cilvələnibdir, Hissim də, ruhum da səpələnibdir. Üstümə göylərdən qar ələnibdir, Mənim bu halımı biləydin, ana.
O necə baxışdı, baxdı gözlərin? Qəlbimi yandırdı-yaxdı gözlərin. Süzüldü gözlərin, axdı gözlərin, Kaş sənin yerinə öləydim, ana.
Həyat gözlərimdə qaraldı, heyhat, O gündən qəsdimə durdu kainat. Sənsiz olan həyat əzab, narahat. Kaş bütün ağrını alaydım ana.
Ay mənim Tanrıdan müqəddəs payım, Səni harda gəzim, harda arayım? Sənsiz ötüşməyir günlərim, ayım, Kaş sənin qurbanın olaydım, ana.
Yenə qövr eləyir yaram bu axşam, Ürəyim qəm dolu, halım pərişan. Bu dərdli halımı yox bir soruşan, Ömürlük yanında qalaydım, ana, Kaş sənin qadanı alaydım, ana.
MÜƏLLİM
Məramı müqəddəs, məsləki uca, Daim yaddaşlarda qalandl müəllim. Onu unutmarıq ömür boyunca, Qəlblərdə bir məskən salandı müəllim.
Adının önündə qüdsiyyət durur, Ziyası bir işıq, varlığı büllur. Hər sözü hikmətli, baxışı məğrur, Dinəndə könüllər alandı müəllim.
Ən gözəl çiçəkdir güllər içində, Həmişə öndədir fərqdə, seçimdə. Sanki laləzardır özgə biçimdə, Köçüb ürəklərdə qalandı müəllim.
Vardı mərhəməti, xoşdu niyyəti, Tükənməz heç zaman sözü-söhbəti. Hər eldə, obada vardı hörməti, Sinəsi dəryadı ümmandı müəllim.
HƏMDƏMİM
Bir sən idin qəlbə yaxın həmdəmim, Səninləydi həm sevincim, həm qəmim. Sənsiz sanki, batıb dəryada gəmim, Haqsızlıqdan dilim olub lal indi.
El arasında daha çox işlənən atalar sözlərindən biri də “ot kökü üstə bitər!” atalar sözüdür. Bu atalar sözü adətən zahiri görünüşlə yanaşı, daha çox tərzi-təfəkkür, dünyagörüş, bacarıq və davranışda öz ata-babasına bənzəyən övlad və övladlar barədə işlənir.
Əslində xalqın atalar sözlərinə həddindən artıq qapılması, bəzi hallarda bu sözlər və məsəllərin haqqında fikirləşmədən onları dilə gətirməsi və onlara dəyişməz, həm də istisnasız “QANUN” olaraq yanaşması doğru yanaşma deyil.
Heç şübhəsiz, atalar sözü barədə dərin elmi araşdırmalar aparılmalı, onların yaranma tarixi, kimlərə mənsub olduğu və hansı mahiyyət kəsb etdiyi, xüsusilə də gündəlik həyatımıza hansı şərtlər və çərçivə əsasında aid olub-olmadığı aydınlaşdırılmalıdır. Əks təqdirdə bir millət hansısa bir atalar sözü vasitəsilə həyatda yanlış yola düşə, hansısa mövzuya yanlış münasibət bəsləyə bilər. Əslində “ot kökü üstə bitər!” atalar sözü də bu qəbil həssas mövzulara aid olan sözlərdən sayılır.
Məncə xalq arasında məşhur olan belə bir atalar sözünə dəyişməz və istisnasız bir “QANUN” kimi yanaşmaq, ona qüsursuz bir fikir kimi baxmaq yanlışlıqdır. Ağıl və düşüncə sahibləri daha yaxşı bilirlər ki, bu gün xalq arasında atalar sözü kimi məşhur olan bəzi sözlər məna baxımından məqbul sayılmır. Çünki onların bəzisi sağlam ağıl, düşüncə və vicdanla, hətta, bəzən bir çoxlarının mənsub olduğu dini təlimlərlə uyğun gəlmir.. Atalar sözü kimi məşhur olan bəzi sözlər isə namuslu və doğru-dürüst olmuş ata-babalarımızın məramına uyğun gəlmir.
“Ot kökü üstə bitər!” atalar sözü mütləq mənada tərzi-təfəkkür və davranışda öz ata-babasına bənzəyən övlad mənasında olarsa, qeyri-məqbul sözlər sırasında yer tutacaqdır.
Etiraf edirik ki, dünyaya qədəm qoyan hər bir övlad genetik və bir sıra digər xüsusiyyətlər baxımından öz ata-anası və hətta, dayısına çəkir. Məsələn qanı 1+ olan atanın övladının qanı da adətən 1+ olur. Övladlar adətən zahiri görünüş, boy-buxun, saç rəngi və s. bu kimi xüsusiyyətlər baxımından öz ata-babalarına bənzəyirlər. Həmin atalar sözünü də bu mənada məqbul saymaq olar.
Onun məqbul sayılan digər mənalarından biri də öz ata-babasına kor-koranə tərzdə itaət edən və ata-babasının tutduğu yolu araşdırmadan, həm də gözüyumulu tərzdə davam etdirən iradəsiz və səviyyəsiz insanlardır.
Bir insanın qəti şəkildə öz ata-babasının malik olduğu tərzi-təfəkkürə, davranış, dünyagörüş və baxışa malik olması əsla qəbul edilə bilməz. Çünki “faili-muxtar” (ixtiyar sahibi olan şəxs), eləcə də ağıl, düşüncə və ixtiyar sahibi olan insan heç də ağılsız və iradəsiz ot-ələf sayılmır. İnsan insandır.
İnsan ot, ələf və bitki deyil. Yalnız ot-ələf kimi insani dəyərlərə və iradəyə malik olmayanlar özlərindən asılı olmayaraq öz kökü üstə bitər…
Sağlam ağıl hökmünə əsasən, düşüncəli insan ata-babasının onun üçün təyin etdiyi yolu deyil, öz seçimi, iradəsi, ağıl və düşüncəsi ilə özünə yol seçir. Tarix boyu və yaşadığımız əsrdə bunun üçün çoxsaylı misallar və nümunələr göstərmək olar. Məsələn buna misal olaraq bir çox ateist valideynlərdən deist, dindar və dinçi övladların, bir çox dindar valideynlərdən isə ateist və azğın övladların ərsəyə gəlməsini göstərmək olar.
Həmin atalar sözünün daha çox dindarlar tərəfindən qeydsiz-şərtsiz şəkildə dilə gətirilməsi isə sözün həqiqi mənasında daha təəccüblüdür. Çünki bu atalar sözü mütləq mənası ilə bir çox dini təlimlərlə və dini baxışlara ziddir.
Əgər həqiqətən də insan öz ata-babasının tərzi-təfəkkürü və əqidəsi əsasında dünyaya qədəm qoyacaqsa və ya dünyaya qədəm qoyduqdan sonra hökmən ata-babasının tutduğu yol ilə gedəcəksə, o zaman dini inanclara əsasən, peyğəmbərlər və elçilərin göndərilməsi, səmavi kitabların nazil edilməsinin nə kimi faydası ola bilər? Yoxsa bütün bunlar yalnız cəmiyyətdə yaşayan yalnız 5-6 nəfər elit və nəcabətli ailələr üçün göndərilib?
Görən, bu atalar sözünü hər hansı bir yerdə və necə gəldi işlədən dindarlar onu Qurana görə insan tarixində ilk dəfə olaraq qan tökən və əlləri günahsız qardaşının qanına batan Qabilə, həmçinin, öz atasına qarşı çıxan və küfrü nəticəsində tufanda həlak olan həzrət Nuhun (ə) doğmaca oğluna da aid edirlərmi? Onların fikirincə bu cinayətkar və azğın övladlar da öz kökü üstə bitmişdirmi?
Görən, İslam dini zühur etdikdən sonra həzrət Məhəmmədə iman gətirib, müsəlman olanların bir ömür boyu bütpərəstlik və azğınlıqda qərq olmuş ata-babaları da onlar kimi müsəlman idimi? Görən həmin müsəlmanlar da ot kimi öz kökləri üstə bitmişdirmi?
Əzəldən azğın və bədbəxt olaraq yaradılan insanın Cəhənnəmə atılması, həmçinin, əzəldən xoşbəxt və əməlisaleh olaraq yaradılan insanın Cənnətə aparılması ilahi ədalətlə hansı dərəcədə uyğun gələ bilər? Bu, ilahi ədalətin ziddi və zülmə dəstək sayılmırmı?
Bütün bunlara görə, xalqın və xüsusilə də cəmiyyətdə söz və qələm sahibi olanların atalar sözlərinə həddindən artıq qapılmaması, istinad etdikləri atalar sözü barədə dərindən düşünməsi bir zərurətdir. Deməli, bu fani həyatda yalnız ot-ələf kimi ağılsız, iradəsiz və səviyyəsiz insanlar öz kökləri üstə bitirlər. Çünki belələri həyatda özləri üçün doğru və düzgün yol seçməyə qadir deyillər. Belələri həyatda cəhalət və səfillik içində yaşayır və öz insani dəyərlərini başqalarının fikir və baxışına qurban verirlər. Düşüncəli və səviyyəli insanlar isə öz ata-babalarının getdiyi yolu və tutduğu mövqei təhlil edərək yalnız onların dəyərli və düzgün işlərinə tabe olur, bununla da özlərinə daha doğru və bəzən fərqli həyat yolu seçirlər…
“Çoxdandır ki, dəyərli dostum Zaur Ustacın şeirlərinin tərcüməsinə müraciət etmirdim. Bu günlərdə qarşıma çıxan onun orijinal “Yolun sonunda Günəş var” şeiri məni çox düşündürdü, nədənsə içimdə bir həyəcan yaratdı… Həmişəki kimi, şeirin cazibəsi nəticədə rus dilinə tərcüməmə səbəb oldu. İstədim ki, rus dilli oxucu da bu şeirlə tanış olsun.”
“Давно я не обращалась к переводам стихотворений моего дорогого друга Заура Устаджа. Недавно повстречавшееся мне его оригинальное стихотворение “В конце пути – Солнце” заставило задуматься, породило во мне какое-то необъяснимое волнение… И как всегда, магнетизм стихотворения стал причиной его перевода на русский язык. Хочу, чтобы и русскоязычный читатель смог ознакомиться с ним.”
Yolun sonunda Günəş var; uca dağların başında, pambıq buludlar qoynunda. Rəngi əməlindən aslı; parlaq olur, solğun olur… Əgər, yol alsan payızda, ilk salam, yarpaq səsidir; şütüyüb keçər yanından, ya da qalar ayaq altda. Bu yolun daş yaddaşında payızın barmaq izləri, neçə ananın gözləri, neçə min ilin sözü var. Səni görən kimi külək, qamışların dili ilə haray salar, xəbər yayar, hamı bilər; sən gəlirsən… Günəş dayanıb yerində, üfüqün lap kənarında, səni gözlər. Kölgə susar, səni görməz. İşıq görər, işıq gülər… Sən davam et! Heç aldırma; vızıltıya, sızıltıya, uğultuya. Sən davam etdikcə ayağın altda vaxt xırdalanır, yarpaqlar keçmişi yumşaq səslə bağışlayır. Hər addımda sən daha az qorxursan, daha çox yola çevrilirsən. Bu yol qaçış deyil, qayıdış da yox! Bu yol özünə doğru sakit bir irəliləyişdir. Sükut danışır, sözlər kölgə salmır. Qamışlar baş əyir:
-Keç, amma iz qoymadan yox, ürək qoyaraq keç. Günəş doğur, yalnız səmanın deyil, sənin də yolunun üstünə. Və sən anlayırsan: işıq haradan gəldiyini soruşmur, hara getdiyini də. Yolumuza Günəş doğsun! Yolumuza davam edək! Biz getməsək, adi yoldu, biz gedəndə dünya olur…
В конце пути – Солнце; оно на вершинах горных куполов, в объятьях белоснежных облаков. Цвет оно меняет; то ярким, то бледным бывает… Если осенью твой путь начался, первый привет – от листьев голосов; они мимо тебя промчатся, или предпочтут под ногами остаться. В пути памяти каменной хранятся осени пальцев следы, матерей земли глаза, тысячелетий слова. Ветер, завидев тебя, языком камышей весть разнесёт, оповестит, всех всполошит, и узнают все; что ты идешь… Солнце на месте своём стоит, у самого края горизонта, оно ждёт тебя. Тень замолчит, не увидит тебя. Лишь свет тебя увидит и улыбнётся… Ты путь свой продолжай! Внимания ни на что не обращай; на звуки, на шумы, на гул. Пока ты продолжаешь путь, время дробится, а листья с твоим прошлым по-доброму просит проститься. С каждым шагом всё меньше страха, ты сам уже в путь превращаешься. Этот путь не побег, не возвращение! Этот путь к самому себе спокойное приближение. Говорит тишина, не отбрасывают тень слова. Пред тобой голову склоняют камыши:
-Проходи, но только не бесследно, сердце оставляя, проходи. Когда Солнце всходит, оно не только небо, но и путь твой освещает. И ты понимаешь: свет не спросит, откуда ты идёшь, и идёшь куда. Пусть же Солнце наш путь освещает! Продолжить путь нам помогает! Путь – дорога обычная, если по нему не идти, Целым миром путь становится, если по нему пойти.
Bu həyat, bu mən, bu siz, deyin neyləyim indi? Həyat ağrı acıya dözüb tab edənindi
Ayrılığa həsr edib ömrümü verdim bada Gedirəm ayrılıqla…eh..əlvida…və nida!
Göz yaşlarım
Səndən ayrılandan sonra Təsəllim, həmdəmim oldu Kədərim, dərdim, qəm- qüssəm Hərdən də keyf dəmim oldu Göz yaşlarım
Hər vaxt yetişdi dadıma Bağrı çatladı düşmənin Səndən sadiq oldu, inan Heç tərk eyləmədi məni Göz yaşlarım
Bulaq suyundan durudu Dəniz suyu qədər duzlu Sevgim kimi qaynar, isti Qışın şaxtasl tək buzlu Göz yaşlarım
Elə yara vurub getdin Ürəyim oyma -oymadı Bir an yaddan çıxarmağa Unutmağa da qoymadı Göz yaşlarım
Bir içim su qədərdi o Hicran yandırsa içərəm Sənin bütün səhvlərindən İcazə versə keçərəm Göz yaşlarım
Ürəyim başı odlandı Dedim nə olar getmə, dur Sevgimizin xatirinə Ardınca səpdiyim sudur Göz yaşlarım… Göz yaşlarım…
Qalib olsun əzrayil
Bilirsənmi, sənsiz hər şey dəyişib Yeməyin də dadı- duzu başqadı Həyat sanki yaşanmayır, əzizim O da elə gün ötürür, baş qatır
Darıxmağa axı nə ad qoyasan Lap çıxarır çiləsindən insanı Hərdən elə qəribsəyir ürəyim Göz yaşlarım xatırladır leysanı
Oturmuşam, dərin fikrə gedərək Xatirələr yenə sənə üz tutub Çəkəmmirəm gözlərimi yolundan Gözləyirəm, ölümünü unudub
Anlayıram, səni geri qaytarmaq Mümkünsüzdür, bu, baş tutan iş deyil Mən gələrəm görüşərik, eybi yox Bu dəfə də qalib olsun əzrail
Qaranlıq
Sevmirəm gecənin qaranlığını Qara buludlar da məni qorxudur Elə düşünürəm ölmüş kimiyəm Sanıram dünyanın dibi, sonudur
Amma bir tək bundan əminəm ki, mən Qaranlıqdan doğar işıqlı səhər Günəşli səhərin xətrinə çox vaxt Qaranlığa dözmək olar birtəhər
Bilirəm, qaranlıq işıq doğacaq Səbrlə gözlərəm gələn sabahı Mənim ümidlərim gecə doğulur Toxum qaranlıqda cücərir axı!
Adam
Deyirlər sevimli bəndələrini Hərdənbir sınağa çəkər yaradan Allahın sevimli bəndəsiyəmmi, Nə qədər sınağa çəkilər adam?!
Hayana qaçsaq da bu tale bizim Göz yaşı tökməkdən solub bənizim Nə qədər yazsam da bitməz, əzizim Dərdin pəncəsində tək gülər adam
Nə deyim, belədir dünya əzəldən Yoxdu bir əyrisin tapan, düzəldən Sonda heç seçilməz quru xəzəldən Həyat ağacından tökülər adam.
Təəccüb
Qəribə talelər gördüm həyatda Bu qədər təsirli gəlmədi mənə Gördüyüm səhnənin mənzərəsini Bilmirəm mən necə anladım sənə
Kor oğlan bir qıza gözəlsən dedi İlahi, o bunu necə anladı? Əsas qəribəsi burasıdır ki Bu qız həm eşitmir, həm də ki, laldı
Kor oğlan kar qıza gözəlsən dedi Qurudum yerimdə təəccübümdən Oğlanın baxışı qızın üzündə Bir-birin anlayır onlar dinmədən
Qız sakit, astaca gülümsəyərək Baxırdı oğlanı duyurmuş kimi Nə qədər saf idi, pak idi onlar Sevgiydi onların könül hakimi
Sevginin gözüylə baxanda demək Görmək də, duymaq da olurmuş asan Yazıq o şəxsə ki, görür, eşidir Yaşayır həyatı ancaq duymadan
Xəyalımın xəyalı
Saat əqrəbi kimi Uzun bir dövrə vurub Nələrdən adlayaraq Gör nələri unudub Yenə eyni məqamda Yenə eyni məkanda Səni salamlayaraq Ürəyimdən, zehnimdən Miyon danlaq alaraq Səni anır xəyalım Verdiyi sözü tutub Olanlara göz yumub Bağışlayır xəyalım Xəyalım xəyalında Yenə sənlə görüşür Elə əvvəlki istək Əvvəlki məhəbbətlə Yenə səndən soruşur, Döyərsənmi qapımı, Gəlırsənmi evimə? Sən gedəli qapımı Küləklər döyür ancaq Yoxdu bir isti nəfəs Həyata tutunacaq Evim haçan qızacaq? Gəl qızınsın ürəyim O isti nəfəsinə Qulağımdan getməyən Sözlərinə səsinə Tamarzı qoyma məni Daxilindən çürüyən Məhv olan ağaclar tək içimdən oyma məni Gəl, gözünü sevdiyim Gəl, qurbanı olduğum Söhbətini, sözünü Gəl özünü sevdiyim Bunlar hamsı xəyalmış O boyda məhəbbətdən Təkcə xəyallar qalmış Təkcə..xəyallar qalmış…
Yazmaq istədiyim məktub
Salam, bivəfam, necəsən? De, necədir orda halın? Yaxşı keçirmi günlərin, Gözəldirmi keyf- əhvalın?
BİR KİMSƏ BİLMİR Sünbül qara qılçığa, Yaxşı adam alçağa, Bəzən payın palçığa Dönür, bir kimsə bilmir.
Hərdənbir beynin,başın, Evində can sirdaşın, Üzü doğma qardaşın, Çönür, bir kimsə bilmir.
Yad olur doğma kəsin, Gedir, gəlmir nəfəsin, Olur eşqin, həvəsin Sönür, bir kimsə bilmir.
Bulayır ad-sanını, Gah qaraldlr qanını, Nəfsin yazıq canını Yenir, bir kimsə bilmir.
Murad küsür baxtından, Zamanından, vaxtından, Ruhu könül taxtından, Enir, bir kimsə bilmir.
QOŞMA Yadın nahaq sözü qəlbimə dəyər, Düz yoldan eyləyər, azdırar indi. Dərdin soyuq üzü mənə neyləyər, İçimdə Günəş var, qızdırar indi.
Sözə gül vurmaqdan gözlərim doymaz, Nə özüm sayaram, nə kimsə saymaz. Təbim oyaqdısa, yatmağa qoymaz, Gəlibsə, bir qoşma yazdırar indi.
Dünyanın gərdişi Muradı yorub, Dövrəmdə bənd qurub, yüz tələ qurub. Əzrayıl başımın üstündə durub, Qələmlə qəbrimi qazdırar indi.
DİKSİNMƏ GECƏNİN QARANLIĞINDAN Görəsən dünyanın tərs üzü nədir?! Oxucum, baş sındır, sən də bir anlıq. Nəyə əl atırsan, bir möcüzədir, Bir üzü işıqdır, biri qaranlıq.
Yeddi rəng oxşayır duyğularımı, Tək ağdan qaraya sadə keçid var. İstənsə qoyaram bütün varımı, Məni qaranlıqdan işığa qaytar.
Ömrümüz zamana, vaxta əsirdi, Üç ildi, beş ildi, Yaradan bilər. Dünya müəmmadı, açılmaz sirdi, Üz verər, böyüdər, aldadar, silər.
Çox yatan qazanmaz, xəstəlik tapar, Ləzzət al səhərin toranlığından. Önündə əbədi, zülmət həyat var, Diksinmə gecənin qaranlığından.
Nədən əl çəkənmir insan dünyadan?! Bir düşün dərindən, nədir niyyəti?! İşıqlı dünyanın tamını dadan, Sevərmi qaranlıq əbədiyyəti?!
Bu yolda yolçuluq hamının işi, Özünə yeni yol açmaqla deyil. Səni də tapacaq çarxın gərdişi, Darıxma, sıyrılıb qaçmaqla deyil.
SÖZ BAZARI Nə satıram, alan yoxdu, Bazarım bağlanıb deyən. Görəsən bəs niyə çoxdu, Onda tərifləyən öyən?
Acı, şirin söz satıram, Arıq, orta, yekə bədən. Vallah hərdən bal qatıram, Kimdi məni gendən güdən.
Bu bazarda üz görürəm, Üçqat, dördqat, pələpüsür. Dağ əridən göz görürəm, Yetirəni yıxır, kəsir.
O qədərdi gözə girən, Baxıb gülən, ağız büzən. Şad günündə salam verən, Dar ayaqda gendən gəzən.
Söz satılan bazar çoxdu, Alıcı az, çıxmır səsi. Dərd ki çoxdu, azar çoxdu, Qınamıram heç bir kəsi.
Yüngülləşib, boş havadı, Söz deyirsən, hamı udur. Yaxşı sözün qaçıb dadı, Söhbətimin canı budur.
BUNA ƏMİNƏM Sükuta möhtacdı hərdən canımız, Bəlkə təmizlənə onda qanımız. Yaddaşlara hopan bircə anımız, Bizi yaşadacaq, buna əminəm.
Dincəlmək istəsən, qayıt get kəndə, Havanı, suyunu bir dəyiş sən də. Sağlam ruh dolansa sağlam bədəndə, Yüzü yaşadacaq, buna əminəm.
İlahi, ümid ver gözüyaşlıya, Yazığa, kasıba, başıdaşlıya. Vay o gündən kasıb sevə, xoşlaya, Qızı yaşadacaq, buna əminəm.
Candakı əzalar qohumsa, yarsa, Təntiməz başını duman, çən sarsa, Bir başın yaşamaq həvəsi varsa, Gözü yaşadacaq, buna əminəm.
Dərələr ayrılmaz, hey düzü səslər, Gecələr can verər, gündüzü səslər, Mayası halaldan yoğrulan kəslər, Düzü yaşadacaq, buna əminəm.
Çətinə düşəndə həyatdan bezmə, Özün çalış, vuruş, dost, tanış gəzmə. Təmiz ol, Allahdan əlini üzmə, Özü yaşadacaq, buna əminəm.
Sinəsi söz ilə dolan şairlər, Sözüylə yaddaşda qalan şairlər, Ağlı, dərrakəsi olan şairlər, Sözü yaşadacaq, buna əminəm.
Nə qış bildim, nə də ki yaz, Üz-gözümü vurdu ayaz. Əllərimdə iti dəryaz, Biçindəyəm, əlacım yox!
Göz qocaldı, selləndi yaş, Dərd-azardan ağardı baş. Ömrün, günün yavaş-yavaş Köçündəyəm, əlacım yox!
Murad bezib, düşüb qana, Bu olmazlar yığıb cana. Ya o yana, ya bu yana, Seçimdəyəm, əlacım yox!
QOŞMA
Sən elə gərəksən, gözəl səsinlə, Eşqinlə, ruhunla, xoş avazınla. Sözümə can verdin, sağ ol, qardaşım, Yaşa, yarat, oxu, telli sazınla.
Kimsənin hörməti kimsədə qalmaz, Borclu kəs borclunu sağ kimi istər. Ay qardaş, bu dövran boş salam almaz, Əl əli yumasa, əksini göstər.
Murad qədirbilən, sadə insandı, Hər şeyi əvvəldən yüz ölçər, biçər. Ay Şaiq, zəmanə öyrədən candı, Nə səni incidər, nə səndən keçər.
YALANLA DOĞRUNUN VƏHDƏTİ Deyirlər dəlinin düz sözü olmur, İnanma! Dəlidən doğru xəbər al. Kim deyir həyatın tərs üzü olmur?! Başın çəkməyibsə, sanma boş xəyal.
O qədər yumşaqdı yalanın üzü, İşimiz düz getməz yalan satmasaq. Həzm edə bilmirik doğrunu, düzü, Doğrunun gözünə yalan qatmasaq.
Artıq öyrəşmişik, qəsdən özümüz, Yalanın üstünə yaxma çəkirik. Baxırıq yerimir doğru sözümüz, Qırmızı-qırmızı yalan əkirik.
Bəzən Yaradandan qorxumuz olmur, Hey haqqı nahaqqa qurban veririk. Təkcə doğrularla boş qarın dolmur, Gözünə vurmağa yalan dəririk.
Olur ki, pisə də yaxşı deyirik, “Üz üzdən utanar” adlı deyim var. Yalan nəfəs alıb yalan yeyirik, Doğruyla dolanan demək ac qalar.
Çoxu duyur səni, bir söz söyləmir, Doğrular yalanın içində itir. Qırxca gün öz doğman qəbul eyləmir, Qırxı ötürdünsə, bir yalan bitir.
YALANLA DOĞRUNUN VƏHDƏTİ Deyirlər dəlinin düz sözü olmur, İnanma! Dəlidən doğru xəbər al. Kim deyir həyatın tərs üzü olmur?! Başın çəkməyibsə, sanma boş xəyal.
O qədər yumşaqdı yalanın üzü, İşimiz düz getməz yalan satmasaq. Həzm edə bilmirik doğrunu, düzü, Doğrunun gözünə yalan qatmasaq.
Artıq öyrəşmişik, qəsdən özümüz, Yalanın üstünə yaxma çəkirik. Baxırıq yerimir doğru sözümüz, Qırmızı-qırmızı yalan əkirik.
Bəzən Yaradandan qorxumuz olmur, Hey haqqı nahaqqa qurban veririk. Təkcə doğrularla boş qarın dolmur, Gözünə vurmağa yalan dəririk.
Olur ki, pisə də yaxşı deyirik, “Üz üzdən utanar” adlı deyim var. Yalan nəfəs alıb yalan yeyirik, Doğruyla dolanan demək ac qalar.
Çoxu duyur səni, bir söz söyləmir, Doğrular yalanın içində itir. Qırxca gün öz doğman qəbul eyləmir, Qırxı ötürdünsə, bir yalan bitir.
Düzənliyin tən ortasında, yayın istisində, tut kölgəsində, körpəsini bağrına basan gənc can – mənim Vətənim.
Pambıq sahəsinin güllərin öpüb, hər şırıma can tərini töküb, pambığının gülməyin görüb, gözlərinə yaş alan dehqan – mənim Vətənim.
Yayın çilləsində daş qazanda, qovurma kimi qovrulub, küləkdə sovrulub, küləyə də şaftalı uzadan bağban – mənim Vətənim,
Qışda, şaxtalı gecələrdə oyaq, canavarları yaxın buraxmadan, quzusunu qoynuna alıb, nəğməsi dərəni tutan çoban – mənim Vətənim.
Babasının kəmərin ədalət bayrağı edib, “halal, halal, halal!” deyə, rəqibin kürəyin yerə vuran oğlan – mənim Vətənim…
Millətim, yurdum — qeyrətim deyib, sülh daim, pak niyyətim deyib, Teymur atını minib, sinəsin oxa tutan, yalın sinəli sultan — mənim Vətənim!
Qadını sev, qadına yalvar, Min bir gecə nağıllarını danış, Alpamışlar doğub verər. Qadını sev, kandarını öp, saray tikmə, könlünü soruş, bəla gəlsə, sinə gərər.. Qadını sev, “ölərəm” de, eşqi yaradan Pərvərdigardan, sənə ömrü o diləyər.
EY ÜRƏK
Ürək, sənə nə eləyim, Nə eləsəm ağrımazsan? Əldə tutum, gülə büküm, Nə eləsəm ağlamazsan?
Dilin varsa, söylə axır, Uçaqmı biz asimana? Adamı yox, azarı yox, Qədəm qoyaq hansı yana? Nə eləsəm ağlamazsan?
Guya şehtək atdılar da, İzn alıb saçdılar da. Bir kasıbın bazarında Heç sövdəsiz satdılar da, Ürək, sənə nə eləyim, Nə eləsəm ağlamazsan?
Saçı yaran qırx çiçəksən, Eşq əhlinə sən dirəksən. Susuzlara sevgin bulaq, Ovucda tut, can çıxacaq, Nə eləsəm ağlamazsan?
Üzüm dözüb şərab oldu, Dağ dözümü turab oldu. Sən ağrısan, sən ağlasan, Adəm oğlu xarab oldu. Xarab oldu, xarab oldu, Ürək, sənə nə eləyim. Nə eləsəm ağrımazsan?
ÖMÜR BIRCƏ GÜNDÜR…
Uçur göy qurşağın yellənçək ilə, Dön, dolan, rəqs elə kəpənək ilə, Yaşa canı fəda eləmək ilə, Ömür bircə gündür, o gün – bugündür. Sabahı bağlanmaq sənlik deyildir, Keçənə ağlamaq sənlik deyildir. Cəzanı saxlamaq sənlik deyildir, Ömür bircə gündür, o gün – bugündür. Ətəyindən yellər keçdimi, bəsdir, Yaşamaq önündə hər şey əbəsdir. Başın salamatsa, dağlar da pəsdir, Ömür bircə gündür, o gün – bu gündür. Ata-anan getdi, sən də dönməzsən, Bu aləm dibinə sən də enməzsən. Nəvai deməzi, sən də deməzsən, Ömür bircə gündür, o gün – bu gündür. Nuhtək ömür sürmək istəsən də – bu, Zamanın atına çap, desən də – bu. Yaxşı ad alsan da, itirsən də – bu, Ömür bircə gündür, o gün – bu gündür. Ey Fərid, anların şükrüylə yaşa, Bu dünya bayramdır, eylə tamaşa. Aşiq adın qalar, əsrlər aşa, Ömür bircə gündür, o gün – bu gündür.
SƏBƏB
Dünyada heç bir şey səbəbsiz olmur, Səndən də səbəbsiz qalmayıb, könlüm. Yolların axırı bitən sayağı, Tükəndi mənim də çay kimi sevgim.
Səbəbsiz səbəblər baş verməz axı, Səbəbsiz deyildir ayrılıq, hicran. Bir damcı yaş gəlməz, gözlərinə nəm, Günün bitməyibsə, üzülməzdi can.
Şərəflər, alqışlar, adlar, mükafat – Kimlərsə səninçün olubdur fəda. Hər əməl səbəbi özünsən, özün, Bu gün kim olursan – şahsanmı, gəda?!
Başın göylərə yetsə, səbəbkarı var, Özəyin, damarın, beşiyin, kökün. Yerin altında ol, ya asimanda, Demək, işin səbəb niyyətin üçün.
Bəs onda, səbəbin səbəbin axtar, Düşün, ara, tap, elə təfəkkür. Səbəb tap, səbəbkar hüzuruna qaç, Et təzim, ehtiram, ibadət, şükür.
Fəridə ƏFRUZ, Özbəkistan Respublikasının Əməkdar mədəniyyət işçisi, Özbəkistan Yazarlar Birliyi sədrinin müavini. Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu.
Nisgilini çox çəkmişəm, Gözümü yola dikmişəm, Taleyimdən incimişəm, Saf eşqimiz xəzan oldu.
Təmiz idi duyğularım, Heçə döndü xəyallarım, Öldü bütün arzularım, Gənc ömrümüz talan oldu.
Payız günəşitək soldum, Bulud kimi tez-tez doldum, Sevgidə yarımçıq qaldım, Xoş nağıllar yalan oldu.
Sevənlərə həsəd etdim, Ümidsiz yolları getdim, Bu sevgidən yaman bezdim, Könlüm çox pərişan oldu.
Yazda açan çiçəklərin, Özüm oldum bənövşəsi, Haray çəkdi qəlbin səsi, Səsim döndü fəryad oldu
Qəmli nəğmələri yazdım, Sevgimizə qəbir qazdım, Duyğular içində azdım, Həyat mənə məzar oldu.
NƏ OLAR, ALLAHIM, MƏNİ BAĞIŞLA
Səhvlərim çox olub fani dünyada, Günahım yuyulsun suyla, yağışla. Gecələr Rəbbimə dua edirəm, Nə olar, Allahım, məni bağışla.
Kiminsə könlünə bəlkə dəymişəm, Acı sözlər deyib qəddin əymişəm, Haqqına girərək günah etmişəm, Nə olar, Allahım, məni bağışla.
Hərənin qəlbində bir aslan yatır, Bəlkə niyyətləri təmizdir, safdır, Mənimsə ürəyim günaha batır, Nə olar, Allahım, məni bağışla.
Doğru yol hansıdır, axtarıram çox, Bəlkə mənə doğru, kimə isə yox, Bunu bilmək olmaz sadə baxışla, Nə olar, Allahım, məni bağışla.
Çətin olar bəzən, günlər pis ötər, Mən səhv eləsəm də, sən düzü göstər, İşlərim olmasın daha da betər, Nə olar, Allahım, məni bağışla.
Məni tanıyanlar qəlbimi bilsin, Təmiz niyyətimi, arzumu görsün, Yaradan könlümdən pisliyi silsin, Nə olar, Allahım, məni bağışla.
İstərəm vicdanım çox sakit olsun, Ömrümdə hər zaman yaxşılıq dursun, Yaxşı əməlləri yazım naxışla, Nə olar, Allahım, məni bağışla.
Kiminsə qəlbini salmışam qəmə, Kiminsə gözündə yaş olub gilə, Mən boyun əyirəm tale hökmünə, Nə olar, Allahım, məni bağışla.
Könlüm qoy bağlansın hər gözəl işə, Təmiz əməllərim dönsün vərdişə, Heç vaxtı düşməyim narahat hala, Nə olar, Allahım, məni bağışla.
Hər insan səhvini kaş görə bilsin, Bütün əməlləri saf-çürük etsin, Haqqın dərgahında, son imtahanda, Nə olar, Allahım, məni bağışla.
GÖRƏSƏN
Sən uzaqda idin, mənsə havada, Qəlbimiz bəlkə də birgə vururdu. Bu illər uzunu görüşməsək də, Könlüm sənlə yatıb, sənlə dururdu.
Hərdənbir sorağın azca gəlirdi, Deyirdim görəsən məni anırmı? Yadına salaraq ilk mıhəbbəti, Onun da ürəyi məntək yanırmı?
Gözlərim gözünə əgər tən gəlsə, Bilirəm bədənim od tutub yanar. Qəlbim gəlişini qəfildən bilsə, Sevgi atəşiylə o, alovlanar.
Ayrılığın qəlbimi çox incitdi, Gözlərinin həsrətini çəkmişəm. Zaman ötüb keçib , geri qayıtmaz, Ürəyim nə çəkir, bir mən bilmişəm.
Yuxuda hərdənbir sənlə görüşək, Demirəm yenidən sənlə birləşək. Ötən zamanlardan biz söhbət salaq, Nə olar arabir gəl biz dərdləşək.
Sən sevgi dənizi, mən batan qayıq, Gündüzlər yuxulu, gecələr ayıq. Könlümdə çırpınır lal xatirələr, Sanki o illərin havasındayıq.
SORDUM
Gözlərim yol çəkir, hər yer qaranlıq, Xatirən yadıma düşür bir anlıq. Sənlə söhbət edib əhval soruşdum. Özümü unutdum, səndən danışdım.
Sordum, yadındamı ilk görüşümüz, Silinməz yaddaşdan o ilk günümüz Qəlbim gözlərini heç unutmadı, Baxışın, duruşun yaddan çıxmadı.
Üzündə təbəssüm heç görmədimki, Qəlbin nə söyləyir, heç bilmədimki. Sən necə, gecələr rahat yatırsan, Mənimtək yuxunu qarışdırırsan?
Sənin də ürəyin tez-tez sıxılır, Sənin də qəlbində bərk tufan qopur? Bəzən nəfəs almaq çətin olurmu, Könlündə sevgidən nəsə qalırmı?
Əzizlər, yaxınlar, doğma içində, Səndəmi özünü tək hiss edirsən? Sevinib, şadlanan dostlar yanında, Qəlbin sızıldayır, çıxıb gedirsən ?
Yoxsa illər onu silib aparıb, Sevgi əvəzinə bir nisgil qalıb. Məndəsə başqadır, qoy deyim sənə, Baxışın könlümə odunu salıb.
Yadına düşürmü o gözəl günlər,, Xəyallar səni də aparır ora. Neyləsəm də olmur, bu düşüncələr, Göynədir qəlbimi, lap çəkir dara.
Nə olar yuxuda sənlə görüşək, Demirəm yenidən sənlə birləşək. O ötən zamandan biz söhbət salaq, Nə olar arabir dur gəl, dərdləşək.
YAŞIL GÖZLÜM
Bir payız fəslində gəzdim, dolaşdım, Yaşıl gözlərinin sehrinə daldım. Nə qədər çırpındım, qopmaq istədim, Mən heç bacarmadım, orada qaldım.
Pərişan gözlərim yola dikildi, Yaşıl gözlüm sənin üçün darıxdım. Gecə -gündüz həsrətini çəkmişəm, Sənin yollarına kədərlə baxdım.
İlk məhəbbət unudulmur ,deyirlər, Gözlərinin sevdasına düşmüşəm. Məhəbbət qəlbimi yaman incitdi, Uzun illər qəm gölündə üzmüşəm.
Ömür boyu bu sevgiylə yaşadım, Yaşıl gözlərindən doya bilmədim. Qəlbimin alovlu ,xəlvət küncündən, Gözlərə sevgimi silə bilmədim.
Könlüm o gözlərin intizarında, O gözlər yadımdan heç çıxmadı da Yuxuda da olsa bircə dəfə də, O gözlər gözümə heç baxmadı da.
Hələ də ürəkdə izləri qalıb, Bilmirəm görsəydim nələr olardı. Mən özüm özümə heç güvənmirəm, O gözlər canımı məndən alardı.
PAYIZ ÇAĞI
Xəyalınla söhbət etdim, Mən soruşdum əhvalını. Könlüm yaman çırpınırdı, Görmək üçün hər halını.
Görəsən sən xəyalında, Mənlə söhbət edirsənmi? Yuxularda mənim kimi, O yerlərə gedirsənmi?
Həsrət yamanca çoxalır, Niyə görən payız çağı. Çoşub yenə haray salır, Könlümdəki qəm otağı.
Çiskin olur, yağış yağır, Üşüdür həsrətin səsi. Hava almaq olur ağır, Yoxdursa sevgi nəfəsi.
Ötən günlər yada düşür, Qəlb sıxılır payız çağı. Zaman bir də geri dönməz, Duman olur könül bağı.
QORXURAM
Sənə olan hisslərimi, illər boyu daşımışam, Açıq, aşkar ölməsəm də, ölü kimi yaşamışam. Çırpınardı könlüm daim, duyğularım nalə çəkib, Yayın isti qızmarında, qış dumanı qəlbə çöküb.
Sənin üçün darıxmışam, duyğular görmək istərdi, Qorxu məni üstələyər, ağıl isə yox deyərdi. Əgər görsəm məhəbbətim bəlkə yenə alovlanar, Sevgimizin sonu yoxdur, qəlbim kül olar, yanar.
Qorxuram ki, gözlərinin atəşindən yanaram, Ürəyim də zəif düşüb, orda donub qalaram. Düşüncələr yorur məni, ağlım görüşmə deyir, Duyğularımsa həsrətdən acı çəkir, inləyir.
İllərin çox sualı ürəyimdə dolaşır, Hisslərim görmək üçün alovlanır, alışır. Bir tərəfdə qorxu var, tez-tez öndə dayanır, Bir tərəfdə duyğu var, həsrət canımı alır.
Hansı daha üstündür, qorxu, yoxsa duyğular? Cavab tapa bilmirəm, məni yorur suallar. Qorxuram dözə bilmərəm, bu ayrılığa daha, Zaman geri dönməyəcək, ümid yoxdur sabaha.
YENİ İLDƏ
Xoş arzular, diləklər, Bu ildə çiçək açsın. Hər evə, hər ailəyə, Rəbbim nurunu saçsın.
Açsın səhər günəşi, Hər ürəkdə doğulsun. Sevgi dolu duyğular, Könüllərə yayılsın.
Təzə ildə hər kəsin, Çin olsun arzuları. Uğurla gəlsin bu il, Doğrulsun xəyalları.
Vətən torpaqlarına, Şəhid gəlməsin daha. Xoşbəxt olsun övladlar, Dua edək Allaha.
Oğul balalarımız, Otursun bəy taxtında. Hər kəs öz sevdiyinə, Qismət olsun vaxtında.
Ceyrantəki qızlara, Qismət olsun vağzalı. Valideynlər şükr etsun, Olsun ağzı dualı.
Nənələr nəvələrə, Desin şirin nağıllar. Nağıllarda tanınsın, Cəsur, qoçaq oğullar.
Yeni il ölkəmizə, Gətirsin bolluq ruzi. Ürəkdən sevindirsin , Yaradan hər birimizi.
Hər bir kəs xeyir tapsın, Açılsın düyünləri. Sevinc, şadlıq içində, Başa çatsın günləri.
Xəstəlik, azar-bezar, Uzaq dursun evlərdən. Qeyd edək xoş günləri, Dəstə tutaq güllərdən.
Ocaqlarda qazanlar, Xoş ətirlə qaynasın. Könüllərdə duyğular, Həvəs ilə çağlasın.
(məndən sənə nəsihət) Gəncsən, çılğınsan əminəm ki, dediklərimlə əvvəl razı olmayacaqsan, amma sonra baxışın dəyişəcək. İlk iş günüm idi. Memar olaraq dünyada tanınan top şirkətlərdən birində işləməyə başlamışdım. İlk layihə günü tikinti işləri gedən əraziyə rəhbərlik köhnə işçilərdən birini mənimlə göndərdi. Həmsöhbətim maşında olarkən söhbətə başladı. Sakitcə onu dinləyirdim. Bir az özündən danışdı, bir az da mənim haqqımda maraqlandı. Oxuduğum yeri soruşdu. Sonra dedi ki, filan yeri oxuyan nə biləsidir ki… İnsanı oxuduğu yerə, peşəsinə görə mühakimə etməyə başladı. Mən yenə fikir bildirmədim. Nə düşündüyümü soruşdu. Dedim: İnsanı oxuduğu yerə görə yox, bacardığına görə iş seçimində qiymətləndirməliyik. Yenə aqressivləşdi, “səhv düşünürsən” deyib yol boyu danışmağa başladı. Mən isə sakit dayanıb pəncərədən çölə baxırdım. Məkana çatdıq. İşin dizaynı haqqında məlumat verməyə, çertyojunu hazırlamağa başladım. Bir-iki əlavə etdikdə sözümü yarımçıq kəsərək müdaxilə etdi. Mən yenidən izah etməyə çalışanda aqressiya yarandı. — Mənim işimi məndən yaxşı bilməyəcəksən ki, — deyərək sifətini turşutdu. — Əsla, mən sizə işinizi öyrətmək niyyəti ilə demədim. Sadəcə texniki cəhətdən bildiyim üçün fikir bildirirəm, uyğun olsa edərik, — dedim. — Xeyr, fikrinizi özünüzdə saxlayın, uyğun deyil. Mən öz işimi bilirəm, — deyə səs tonunu qaldıraraq danışmağa başladı. Bu layihə ikimizin adından, şirkəti də təmsil etməklə xarici rəhbərliyə təqdim ediləcəkdi. İş ortaya yaxşı qoyulmalı idi. Üstəlik, ön hissədə mənim adım gedirdi, son təhvili mən verməli idim. O isə sadəcə texniki cəhətdən işini görürdü. Quruluş, vizuallıq mənim işim idi. Bunlardan biri yanlış olsa, ilk iş günündə heç kim istəməzdi ki, işi bəyənilməsin, ziddiyyətli məqamlar çox çıxsın. Yenə vəziyyəti izah etməyə çalışdım. Bu dəfə daha da acıqlı tonda danışmağa başladı. Başa düşdüm ki, olmayacaq. Susdum. Sakitcə maşına oturduq və şirkətə qayıtdıq. İşi olduğu kimi təhvil verdim, amma işin yarısı qalmışdı. Rəhbərlik mənfi cəhətləri gördü və vaxt qaldığı üçün düzəldilib davam etdirilməsini istədi. Rəhbərlikdən bir xahişim oldu: texniki işçini özüm seçmək istədiyimi dedim. Mənimlə razılaşdılar. İkinci gün layihə üzərində işlədik. O, məni səbrlə dinləyirdi. Hətta “sənin də əlavən varsa, mütləq bildir” deyirdi. Mən dedim ki, tikinti üsulu bu istiqamətdə olsa və bunlar tətbiq edilsə, daha uyğun olar. Üzümə donuq halda bir dəqiqə baxdı, sonra dedi: — Sən bunları haradan bilirsən? İzah etdim ki, bu bölmənin bir hissəsini mən də keçmişəm. Bir az mən də bilirəm. O dedi: — Gəlib mənə çatmısan ki, çox gözəl fikirdir, bəyəndim. Bax, ürəyim açıldı. İki bilən başla bu iş tez və ən yaxşı şəkildə həll olar. Bu sözlər üzümdə təbəssüm yaratdı. Elə həmin gündən işləməyə başladıq. Şirkətdə kiçik bir iclas keçirildi. İlk iş günü getdiyim texniki işçi də orada idi. Mən layihə haqqında tribunaya çıxıb danışanda yuxarıdan-aşağı qəribə bir məzəmmətlə baxıb söz atmağa başladı: — Bu nədir? Cavan kadrı işə götürürlər, burada da biz öyrədirik elə bil. Bu azmış kimi, sonda yenə davam edirdi. “Dırnaq arası tənqid” idi, amma bu onun cılızlığı, çarəsizliyi idi. Mən yenə susdum. Nə dedisə, sakit dayandım. İclas bitdi. Biri dedi: “Belə sakit qalma, səni əzərlər.” Biri dedi: “Gərək onu susdurardın.” Biri də dedi: “İlk iş günüdür, nə edə bilər ki?” Mən sadəcə kənardan müşahidə edirdim. Layihəni işlədiyim həmkarım yaxınlaşanda o da gəldi. Yenə söz atdı. Bu dəfə həmkarım cavab vermək istədi. Qolundan tutub dedim: — Sakit dayan, heç nə demə. Bu mənimlə bağlıdır, xahiş edirəm, müdaxilə etmə. Həmkarımla otaqdan çıxdım. Bir müddət sonra təsadüfən yeni bir işçi də komandaya qoşuldu və o da mənim ilk gün getdiyim kimi onunla getdi. O bəy yenə etdiyini etdi. Amma bu dəfə yeni işçi susmadı, cavab verdi. Təsadüfdən məlum oldu ki, bu şəxs xaricdə təhsil alıb ölkəyə qayıdan, şirkət rəhbərinin qardaşı oğlu imiş. Texniki işçinin işinə xitam verildi. Uzun müddət keçdi. Mən artıq xarici şirkətdə işləyirdim. Bir gün lift gözləyərkən qapı arxasından yüksək səslə mübahisə eşitdim. Yaxınlaşanda yenə onu gördüm. Əsəbi halda sənədləri yerə çırpırdı. Rəhbərlik artıq onu işə qəbul etmirdi. Sınaq müddətində sərgilədiyi davranış və texniki bilikləri şirkətin strategiyasına uyğun deyildi. Özünü nə inkişaf etdirmişdi, nə də yeni bacarıqlar qazanmışdı. Onu qapıdan içəri buraxmadılar. Telefonuna zəng gəldi. Çox əsəbi və acınacaqlı vəziyyətdə idi. Borc götürüb qurduğu iş çökmüşdü, kredit borcu ilə bağlı son xəbərdarlıq zəngi gəlmişdi. Yanına yaxınlaşdım. Məni görəndə şoka düşdü. Dedim: — Xatırladın məni? Bir zamanlar bacarıqsız dediyin adam. Susdum, amma sənin bu halını görüb susa bilmədim. Özünü düzəlt, yoxsa bütün qapılar üzünə bağlanacaq. Həyatdan ümidini üzmə. Allah insana daşıya bilməyəcəyi yük verməz. Bunu bir sınaq kimi qəbul et və dəyiş. Deyib getdim. O qapıdan mən keçdim, amma o keçə bilmədi. Mən susdum. Susqunluğuma kimi qorxaqlıq dedi, kimi zəiflik. Halbuki əsl güc səsdə deyil. Əsl güc özünü idarə etməkdədir. Sakitcə yoluma davam etdim.
Qəlb rahatlığı, dinclik və səadət, can sağlığı və xoşbəxtlik – insan üçün verilən ən böyük nemətlərdir. Bu nemətlərə şükr etmək isə alicənablığın, kamilliyin və daha gözəl nemətlərə səsləyən bir dəvət deməkdir. Saf niyyətlə yaşamaq, mənalı və qibtə ediləcək bir ömür sürmək, ruzi-bərəkətə minnətdarlıqla şükr etmək – bunlar insanın ruhani tərbiyəsinin, daxili kamilliyinin ən gözəl nümunəsidir. Zaman keçir, gün ötür və bir göz qırpımında il də tamamlanır. Həyat dəyişir, yaşayış səviyyəsi yüksəlir, imkanlar genişlənir. Bütün bunlar biz insanlara verilmiş ilahi bir bəxşdir. Bu böyük nemətə şükr etmək isə yetkinliyin və mükəmməlliyin mühüm göstəricisidir. Dini təlimlərə nəzər saldıqda görürük ki, istər haqq, istər nahəqq olsun, verilən nemətlərə şükr etmək, bunun ardınca gələcək mükafatlara layiq olmaq barədə çoxlu tövsiyələr vardır. “Nihayə” kitabında belə bir kəlam qeyd olunur: “Bəndə, insanlar tərəfindən edilən yaxşılıq üçün onlara təşəkkür etməzsə, Allahın nemətlərinə etdiyi şükr də qəbul olunmaz.” Doğrudan da, həm insaniyyət, həm də dindarlıq yolunda şükr etmək eyni dərəcədə mühümdür. Ağbirçək nənə-babalarla söhbətlərimizdə daha yaxşı anladım ki, “Yeni Özbəkistan” bizim təsəvvürümüzdən qat-qat geniş imkanlar qapısı açmışdır. Hər sahədə yenilik, hər sahədə dəyişiklik – bütün bunlar nemətə gətirilən şükrün və daha böyük uğurlara aparan minnətdarlığın göstəricisidir. Dövlət başçımızın uzaqgörən siyasəti xalqımızın, millətimizin və yurdumuzun gələcəyi üçündür. Prezidentimizin irəli sürdüyü əsas tələblərdən biri qadınların cəmiyyətin inkişafında layiqli yer tutması, öz bilik və bacarıqlarını tam şəkildə ortaya qoya bilməsidir. Bu məqsədlə qadınların ali təhsilə qəbulunda xüsusi kvotaların ayrılması, onların evdə boş vaxt keçirməyib sahibkarlıqla məşğul olmaları üçün imtiyazlı kredit və subsidiyaların verilməsi mühüm addımdır. Bu gün evdə boş oturan qadın demək olar ki, yoxdur: biri oxuyur, biri çalışır, biri öz biznesini qurur, digəri isə tikiş sexində fəaliyyət göstərir. Bu ötəri dünyada verilən hər bir imkandan istifadə edib şükr etmək ən böyük səadətdir.
Nəticə olaraq demək lazımdır ki, dünyada baş verən qarışıqlıqlar, siyasi-iqtisadi böhranlar, qeyri-insani zorakılıqlar və millətlərarası gərginliklər fonunda, eləcə də bəzi bölgələrdə xalqların bir tikə çörəyə möhtac olduğu bir zamanda, biz Özbəkistandakı əmin-aman, firavan həyatımız və bolluq içindəki süfrələrimiz üçün Uca Allaha sonsuz şükr etməliyik.