Etiket arxivi: ŞƏHİD

Xəyalə Zərrabqızı – GENERAL

General Polad Həşimov

Generalların Şəhidi – Şəhidlərin Generalı…

Bu dünyaya gələn hər bir insanın son mənzili olur. Ancaq elə insanlar var ki, onun ölümü millətin yaddaşına həmişəlik həkk olunur. Hər bir ölkədə azadlıq uğrunda mübarizə aparan insanlar yüksək dəyərləndirilir. O da ola ki, həmin insan bütün ömrünü o azadlığa sərf edə. Polad Həşimov məhz belə insan idi. O böyüklükdə insanların son mənzili məzarlıq deyil, o böyüklükdə ürəklər məzarlığa sığmaz, ölümüylə millətin qəlbinə köçdü Polad Həşimov. Ölümüylə xalqın qəlbində ölümsüzləşən Milli Qəhrəman…

Hələ 1992-ci ildə Əbülfəz Elçibəylə Turqut Ozal arasında gəlinən razılığa əsasən Elçibəy Azərbaycanın bir neçə say-seçmə gəncini hərbi təhsil almaq üçün Türkiyəyə göndərir. O zaman 18 yaşını yenicə tamamlayan Polad Həşimov və aprel döyüşlərində şəhadətə ucalan polkovnik- leytenant Raquf Orucov həmin göndərilən gənclərin içində olur. Təsadüfi deyil ki, Elçibəy Polad Həşimovun içindəki işığı hələ 18 yaşında ikən duymuş, onun böyük gələcəyinə ürəkdən inanmışdı.

Vətən savaşının bitdiyi, Ermənistan tərəfin kapitulyasiyaya – təslimolma aktına əyilməyə məcbur olduğu gün, müzəffər ordumuzun rəşadətlə, üzüağ, alnıaçıq qələbə çaldığı, Poladların, Azərlərin, İlqarların, Mübarizlərin… müqəddəs ruhunun rahatlıq tapdığı gün – 10 noyabr tarixdə Şəhidlər xiyabanını ziyarət edərkən kimdənsə belə bir təəssüf eşitdim: Heyif ki, bu günü görmədi Polad…

Mən əsla belə düşünmürəm. Belə məqamlara bir az ucadan yanaşanda tamam başqa mətləblər açılır adamın beynində… Polad Həşimov bugünkü zəfərin təməl daşını qoydu,  bütövlüyümüzün memarı oldu. Mən bu dünyaya müəyyən bir missiya üçün gələn insanların ilahi tərəfindən Seçilmiş olduğuna ürəkdən inanıram. Polad Həşimov o seçkin insanların, seçilmişlərin öndə gedəniydi. Polad Həşimov ucaldığı şəhadəti ilə 30 il əsarət yükünü çiynində,  qeyrət ləkəsini damğa kimi alnında daşıyan bir millətin dirilişinə səbəbkar oldu, yatmış bir milləti silkələdi, qəflət yuxusundan oyatdı, ayağa qaldırdı, bir yumruğa çevirdi. Bugün Zəfər yürüşünə çıxan millətin mübarizə yolu Polad Həşimovun şəhadətindən başladı… Polad o yolun başında Haqq savaşçısı kimi dayandı və bütöv bir məmləkəti bir bayraq altında cəm elədi…

Bəli, təkcə Varlığıyla deyil, yoxluğuyla Qalib olanlar Böyük İnsanlardır… Polad Həşimov yoxluğuyla Tarix yazdı… Qarabağı azad etdi, qələbə qazandı, Şuşaya üçrəngli hilalımızı sancdı…

“Mən kabinet generalı yox, səngər generalı yetişdirmişəm!” – deyə böyütdüyü oğlu ilə qürur duyur Səmayə Ana…

«Həmişə istəyirdim ki, Polad hüquqşünas olsun. Onuncu sinfi bitirməyə az qalmışdı. 1992-ci il idi. Bir gün dərsdən gələndə mənə dedi ki, ana, incimə, mən sənədlərimi Ali Hərbi Məktəbə verəcəm. Doğrusu, pis oldum. Dedim yox, hərbçilik çox çətindir, ailə də, uşaqlar da əziyyət çəkir, mən razı deyiləm. Danışdı ki, bu gün tarix müəllimimiz Ramin müəllim dedi ki, Vətənimiz dardadır, bizə güclü hərbçilər lazımdır. Mən də uşaqların içində söz verdim ki, hərbçi olacağam. Belə də oldu. Sənədlərini Ali Hərbi Məktəbə verdi, qəbul oldu. Çox böyük həvəslə təhsil alırdı. Evə gəlmək istəmirdi. İkinci kursda oxuyurdu. Türkiyəyə hərbi kursa göndərildi. Çox sevincək olmuşdu. Sonralar, kursant ola-ola Murova getdi. Orda çox əziyyət çəkdi. Çox çətin vaxtlar idi. Mən də burda çox əziyyət çəkirdim. Demək olar ki, gecəm-gündüzüm yox idi. Yarıcanım üzülüb, onun yanında qalmışdı. Çox darıxırdıq onsuz… Ancaq, o, öz işinə o qədər bağlanmışdı ki, evə gəlmək istəmirdi. Gücüm ancaq yalvarmağa çatırdı ki, bala, özünü qoru . Demək olar ki, oxuyanda da, işləyəndə də evə çox az-az gəlirdi. Gedəndə, həmişə arxasınca su atırdım. Bir-iki pilləkən düşürdü getsin, sonradan qayıdıb, məni bərk-bərk qucaqlayıb öpürdü. Deyirdi ki darıxma, hər şey yaxşı olacaq. Bilirəm, sən məni çox istəyirsən, mən də səni çox istəyirəm. Ancaq, mən getməliyəm Ana… Oğlum çox vətənpərvər idi. Vətənimizi, əsgərlərini, dövlətimizi çox sevirdi.

Orta məktəbdə oxuyanda, hər yay məktəb bağlanan kimi doğulduğu kəndə – Vəndama, babasıgilə gedirdi. Rəhmətlik qaynatam, babası Mikayıl kişi Böyük Vətən Müharibəsi iştirakçısı idi. O da güclü hərbçi olmuşdu. Çoxlu orden və medalları var idi. Polad həmişə babasına müharibədən suallar verərdi. Hər bir orden və medalı nə zaman, nəyə görə aldığını öyrənərdi. Babası da onun suallarından yorulmazdı, bircə-bircə hamısına cavab verərdi. Hətta, bir neçə dəfə görürdük ki, bu yaşda kişi yıxılıb yerə, sürünür ki, bax, belə sürünə-sürünə keçirdik müharibədə. Sonra həmin hərəkəti Polad da təkrar edərdi. Mənə elə gəlir ki, babasının da təsiri oldu ona, o, belə güclü bir hərbçi oldu. Allah hər ikisinə rəhmət eləsin! Polad oxudu. Ali Hərbi Məktəbi bitirdikdən sonra müxtəlif bölgələrdə – Bərdədə, Murovda, Tovuzda, Hacı Zeynalabdin qəsəbəsində, Daşkəsəndə, Şəmkirdə yerləşən Hərbi hissələrdə komandir işləyirdi. Bu illər ərzində üç dəfə Türkiyəyə hərbi kursa göndərildi. Başı hərbi işə o qədər qarışmışdı ki, ailə qurmaq yadından çıxmışdı. Dostları, özümüz bir təhər onu dilə tutmaqla razılaşdırdıq. Bütün analar kimi mən də elçi getdim, öz kəndimizdən Ofelya adlı bir gözəl qızı Polad üçün nişanladıq. Çox ağıllı və tərbiyəli, savadlı bir qızdır. Riyaziyyat müəllimidir.

2003-cü ilin sentyabr ayının 5-də Poladın toyu oldu. Polad uşaq olanda Gürcüstandan iki ədəd qırmızı şərf almışdım. Toy günü birini Poladın, birini isə Poladın sağdışı Vüqarın qoluna bağladıq. Getdik qız evinə, gəlini gətirməyə. Polad içəri daxil oldu, gülü gəlinə hərbçi kimi təqdim elədi, hərbi salam verdi. O cür ciddi adamın bu  baməzəliyi hamıya xoş gəldi, qohum-əqrəba güldü, alqışladı, hamının ürəyi açıldı.

Amma Poladın toyunun sevincini çox da yaşamadıq. Qəflətən atası xəstələndi. Çox müalicələr olundu, xeyri olmadı. 2005-ci il oktyabr ayının16-da vəfat etdi. Atasının ölümü Poladı çox sarsıtdı. Günlərlə özünə gələ bilmirdi. Allah rəhmət eləsin, çox gözəl ata idi… Hamımız çox üzüldük. Neyləmək olar… Birtəhər dözdük… Polad hansı hərbi hissədə çalışırdısa, həmişə ailəsini də ora aparırdı. Polad əsgərlərini çox sevirdi. İşində çox ciddi və tələbkar idi. Əsgərlərinə “balam” – deyirdi. Harda olsa, hansı əsgərin hansı ehtiyacı olsa, ona qayğı göstərirdi. Bütün şəhidlər mənim balalarımdır. Onlar Vətəni bizdən üstün tutdular. Mənə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev özü şəxsən başsağlığı verdi. Mənim üçün böyük dəstək oldu. Ancaq, qızım, mənim də bütün analar kimi arzularım var idi. Bala böyütdüm, barını görmədim, balaları atasız qaldı… Polad özü də atasız qalmışdı, indi isə onun balaları… Polad həmişə rəşadət göstərib, qəhrəmanlıqla vuruşub. 2016-cı il Aprel döyüşlərində iştirak edib. Döyüşə gedəndə bizə bildirməyib. Dörd gün döyüş olub. Döyüş qutardıqdan sonra həyat yoldaşı Ofelya xanıma zəng edərək deyib ki, qətiyyən narahat olmayın, hər şey yaxşıdır. Düşməni kilometrlərlə geri oturtmuşuq. Ancaq, zəngdən 20 gün sonra evə gəldi. Evdə gördük ki, Poladın ayağında, yerişində problem var. Demə, yaralanıbmış. 20 gün də xəstəxanada müalicə alıb. Aprel döyüşlərində göstərdiyi igidliklərə görə dövlətimiz tərəfindən mükafatlandırıldı. Hətta, Prezidentimiz ona ev bağışladı. Polad isə ona verilən evi Aprel döyüşlərində həlak olan bir şəhid ailəsinə bağışladı. Poladın bir başqa ürəyi, qəlbi vardı… Heç zaman əlindən gələni kimsəyə əsirgəməzdi. İmkansızların, dara düşənlərin əlindən tutardı. Xeyirxah, mərd, cəsarətli bir insan idi. O, insani əməli, şəxsi ləyaqətilə özünü təsdiqləmiş cəsur bir General idi.

Çox heyif ki, Poladın illər boyu ürəyində bəslədiyi arzuları param-parça oldu. İstəyirdi ki, tezliklə Qarabağ torpağı o mənfur düşmənlərdən azad olsun. Köckün, qaçqın adlandırılan soydaşlarımız öz əzəli dədə-baba yurdlarımıza qayıtsınlar. Lakin, 12 iyulda Tovuz istiqamətində düşmənin təxribatı nəticəsində 11 nəfər əsgərimizlə birlikdə qəhrəmanlıqla həlak oldu. Hamısının da bir həsrəti, bir amalı var idi – Qarabağ həsrəti… Neyləmək olar… Müharibənin belə sərt qanunları var…

Tovuzda vəziyyət pisləşən andan Poladın özünə, dostlarına, qohum-əqrəbalara zəng eləyirdim. Heç kim telefonu açmırdı. Dəhşətə gəlmişdim. Ayın 14-ü idi. Axşamüstü, səs-küyə balkona çıxmışdım. Gözlərimə inana bilmədim. Baxdım ki, həyət, binaların araları millətlə doludur. Hamının da əllərində bayraqlar evimizin üstünə gəlir. Dəhşətli mənzərə idi. Hər tərəfdə, “İgidlər ölməz, Vətən bölünməz!” – deyə, qışqırırdılar. O dəqiqə anladım ki, Poladım şəhid olub. Hamı bilirmiş, bizə deməyiblər, ay qızım… Polad Vətəni ailəsindən, bizdən üstün tutdu. Vətən yolunda da şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Mənim oğlum fərqli bir oğul idi. Elə bil Vətəni üçün dünyaya gəlmişdi. Çox tez itirdik onu… Polad yaşasaydı, çox işlər görəcəkdi…

Səmayə Ana.

… Səmayə ananın sözlərində o qədər böyük həqiqətlər vardı ki…

Doğulduğu doğma yurdunda – Qəbələdə Polad Həşimovun iştirak etdiyi bir məclisdə onunla görüşən yoldaşım danışır ki, “Polad Həşimov toy mağarına yaxınlaşdı, göz aydınlığı verdi, təbrik elədi və getməyə tələsdi. Toy sahibi “Heç olmasa, bir qismət çörək yeyin, sonra gedin! – xahişinə isə “Əsgəri səngərdə olan komandir necə isti kabab, yağlı fətir yesin”, – dedi. Bu dəmdə ev adamları bir himə bənd imiş kimi ocağın – manqalın üstündən gətirdikləri kabab şişlərini təndir çörəklərinin arasına yığıb əsgərlər üçün böyük bağlamalar düzəldib maşının yük yerinə səliqə ilə yığdılar. Bax, bu oldu əsl toy!” – deyə cənab general məmnunluqla gülümsədi, hamı ilə mehribanlıqla sağollaşıb əsgərlərinin yanına yola düşdü… Məclis əhli hamı onun bu fədakar ürəyinə heyran qalmışdı…

         Əsgərlərinin isə onunla bağlı xatirələri cənab generalın sözün həqiqi mənasında necə böyük insan olduğunu bir daha sübuta yetirmiş olur. Əsgərlərindən biri deyir ki, “Bir gün məni yanına çağırıb dedi ki: Əsgər, hazırlaş, sabah evə yola salırıq səni. Mən isə mat-məəttəl “axı mən yeni gəlmişəm məzuniyyətdən” dedim.

Bilirəm, məzuniyyətdən yeni gəldiyini, evinə bir də get ki, yenilənib gələsən. Komandirlərin səndən razılıq edir, qüsursuz xidmətə görə növbədənkənar 10 günlük məzuniyyət verilir sənə… Səhər hərbi hissənin xidməti maşını ilə yola salacağıq, gedərsən”- dedi. Məəttəl qalmışdım. Səhər hərbi hissənin qarşısından hərbi hissənin maşını ilə məni evimə yola saldı və bir zərf verdi. Bu zərfi evə çatanda açmağı tapşırdı. Evə çatanda açdım ki: “Təbrik edirəm, əsgər, Ata olmusan!” yazıb. Zərfin içində 170 manat da pul vardı. Yeni dünyaya gəlmiş körpə üçün pay da göndərmişdi. Bu, əsgərini balası kimi sevən, əməlləriylə sadəliyin böyüklüyünü yaradan Polad Həşimov idi…

         Əsgərlərindən  Nicat Həşimzadə danışır ki: “Yatmağa yerimiz yox idi. Daha doğrusu, bərbad halda idi. Göy palatkaları birləşdirib özümüzə yer düzəltmişdik. Bir dəfə dəhşətli küləkdən dam başımıza uçdu. Sonra gözlənilmədən dağda kazarma tikintisi başladı. Elə bildik ki, nazirlik bizim üçün kazarma tikir. Ancaq kazarmanı hərbi hissə komandiri Polad Həşimov öz hesabına tikdirdi. Öz evi olmayan komandirimiz bizim üçün ev düzəldirdi…”

         Ömür-gün yoldaşı Ofelya xanım isə Polad Həşimovu göz yaşları içində, qəhərdən boğula-boğula belə anır: “Mən Polad kimi insanlar haqqında həmişə bədii əsərlərdə oxuyardım, inana bilməzdim ki, real həyatda belə ürəkdə insanlar həqiqətən olur. Poladla biz 17 il bir yerdə yaşadıq. O, həqiqətən, bütün canı-qanı ilə Vətənə bağlı insan idi və bunu dildə yox, əməllərində göstərirdi. Övladlarımızı da bu ruhda böyüdürdü. Əsgərlərini çox sevirdi. Hər zaman əsgərləri ilə birgə, onların yanında olurdu. Əsgərləri deyir ki, O heç vaxt “İrəli!” deməzdi, öndə Özü gedər, “Arxamca!” deyərdi…

Bizim evdəki şəkillərə baxsanız, ad günlərində, bayramlarda – heç birində Polad yoxdur. Hamısında biz təkik. Çünki, ancaq o, səngərlərdə, əsgərlərinin yanında olardı. Aprel döyüşlərində yaralandığını bizdən gizlətmişdi.

Ofelya xanım 12 iyul hadisələrini belə xatırlayır:

– Bir neçə dəfə telefonla danışmışdıq. Ancaq, 12 iyuldan sonra onunla danışa bilmədik. Çünki o, telefon işlətmirdi. Dostları, tanışları da danışırdılar ki, heç vaxt telefon götürməzdi. Xoşu gəlmirdi telefondan, ancaq öz işi-gücü ilə məşğul olardı. Doğrudan da, adam fikirləşəndə, dəhşətə gəlir. Elə bil, ancaq Vətən üçün, cəbhə üçün doğulmuşdu Polad…”

***

Bu xatirələri qələmə aldıqca Seyid Cəfər Krımərin Məhəmməd Əmin Rəsulzadəyə ünvanladığı sözlər gəlir ağlıma: Bir gün həyatınızı canlandıracaq baxtlı bir türk gənci yetişəcək və ömür yolunuzu qələmə aldıqca “Nə xoşbəxtəm ki, bu yaşamağa dəyər səhifələri yazıram” – deyə Sizinlə qürur duyacaq…

         Ruhun şad olsun, Şəhid General!

Nə xoşbəxtəm ki, Sizin o yaşamağa dəyər şərəfli ömür yolunuzu işıqlandırıram… Könüllərdə taxt quran, ürəklərdə heykəlləşən Əbədi Qəhrəman!

Tanrı qatında yeriniz uca, şəhadətiniz qutlu  olsun!


Xəyalə ZƏRRABQIZI
 – filologiya üzrə fəlsəfə doktoru.

Müəllif:  Xəyalə ZƏRRABQIZI


YAZARLAR.AZ

===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BÖYÜK ÜRƏKLİ ANA – XƏYALƏ ZƏRRABQIZI

Mahirə NAĞIQIZI – Böyük ürəkli ANA.

Böyük ürəkli ANA…

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ…

– deyə fəryad edirdi Ağabəyim ağa…

Uzun illər bu məmləkətin gəlin köçən qızlarının ürəyində, şəhid balasının tabutunu qaldıran Ataların kürəyində, özünü doğma ocağından kənarda qərib bir quş sanan yurd həsrətlilərin dünyadan köç eyləyən zaman yumulmayan gözlərində nisgilə çevrilmişdi Qarabağ… 

Qarabağ ağrı idi…

Qarabağ həsrət idi… Qarabağ düyün idi… Qara bəxt idi… Qapısı bağlı qalmış yurd yeri idi…

Bu ədalətsizliyə dünya birliyi hələ də susurdu…  körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib müzakirə edir, işıqlandırırdılar…

Kor deyildik ki… hamısını görürdük. Onu da anlayırdıq ki, özünə gün ağlamayana el də yığılsa, gün ağlayası deyil.

Hər anı bir ömrə bədəl 44 günlük qutsal savaşımızda Vətən Oğulları bizə anlatdı ki, dərdimizin dərmanı hansısa beynəlxalq qurum, təşkilat deyil.

 Qapısı bağlı Qarabağın açarı Azərbaycan Ordusunun – zabitinin, əsgərinin cibində imiş… Tarix yazan Sərkərdənin – Ali Baş Komandanımızın bircə “İrəli!” kəlməsinə bənd imişlər ki, Dünya birliyinə Birliyin nə olduğunu göstərsinlər. Bircə himə bənd imişlər ki, bu torpağın nə cəngavərlər yetirdiyini bütün bəşəriyyətə isbat etsinlər.

Milli davamız – Vətən savaşımız Ali baş komandanımızın dəmir yumruğu, məğrur xalqımızın yumruq kimi birləşməyi, müzəffər Ordumuzun dünyaya səs salan şanlı zəfəri, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrildi. Uca məmləkətimizi Zəfərə aparan 44 günlük qutsal yol təkcə Vətənin bütövləşməsi, Qarabağın azadlığı kimi yox, həm də dünya hərb tarixində Tarix yazan müzəffər Sərkərdənin rəşadətini və Azərbaycan Ordusunun misli görünməmiş döyüş taktikasını isbatlamış oldu.

Heç 30 yaşı olmayan, bu torpağın üstündə 30 il yaşamağın səfasını görməyən igidlər elə cəfalara qatlaşdılar ki, son nəfəsimizədək onların borcunu ödəyə bilməyəcəyik. Millətin çiynindəki 30 sənəlik əsarət yükünü qaldıran, alnımızda şırım salmış qeyrət ləkəsini təmizləyən, qanıyla Tarix yazan oğulların hər birinin döyüş yolunu qələmə almaq, canını fəda edib yaddaşlarda canlı əfsanəyə çevrilən igidlərin vətənə can vermək, vətəni cana gətirmək üçün etdikləri fədakarlığı  cansız kağızın yaddaşında ölümsüzləşdirmək istəyirəm. Bu niyyətlə hər birinin ailə üzvləri ilə, döyüş yoldaşları ilə, komandirləri ilə həmsöhbət oluram. İgidlərin döyüş yoluna şahidlik edə-edə, bu söhbətləri dinləyə-dinləyə, o Anaların çoxundan bu sözləri eşidirəm: “Xəyalə, qızım, bizim oğullarımıza yanan təkcə biz – onları öz bətnində böyüdüb dünyaya gətirən analar yox, Vətənimizin qeyrətli, böyük ürəkli, fədakar bir qızı da Ana oldu – Mahirə xanım. Həm dərdimizə şərik, göz yaşımıza həmdəm, hər an yanımızda hiss elədik Mahirə xanımı. Balalarımıza ürəyinin yanğısıyla, qələminin yazısıyla ana oldu Mahirə xanım…

Mahirə xanım Nağıqızı… Təqdimata və izaha ehtiyacı olmayan Adam… Mənə elə gəlir ki, Mahirə xanımın işıqlı insan, alim, müəllim, pedaqoq adlarından, alın təriylə qazandığı bütün titullarından daha ucada dayanır bu ad: bütün şəhid balaların Anası… Şəhid analarının isə ömrünə həmdəm, yaralarına məlhəm ola bilməsi Mahirə xanımın böyük ürəyindən və elə ürəyi böyüklükdə fədakarlığından xəbər verir… Mahirə xanım hər kəlməsindən vətən sevdalı qələm adamı, vətəndaş ziyalıdır. Balası Vətən yolunda şəhid olan analardan Onun ünvanına deyilən alqış nidalarını sözə çevirib yazmağa isə sözlərimin gücü yetmir. Sadəcə ürəkdən “Var olun! O ülvi hisslərlə döyünən ümman boyda ürəyiniz var olsun, Mahirə xanım! -deyə bilirəm. Sizin Ana Vətən üçün ömrünü fəda edən igidlərimizə fədakar bir Ana ola bilməyiniz bütün şəhid analarımıza sözlə izaholunmaz bir təskinlikdir.

Ana olmağı bacarmaq – ən böyük şəxsiyyət, ən böyük şair, ən böyük müəllim ola bilməkdi…

Ana olmağı bacarmaq – bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi…

Ana olmağı bacarmaq – Tanrının ən müqəddəs yükünü çiyinlərinə ala bilməkdi… Mən Sizin bu ucalığınız, Ana adınız – Ana müqəddəsliyiniz qarşısında baş əyirəm, dəyərlim Mahirə xanım!

Bu vətən deyilən torpaq deyil ki,

İnsanın ürəyi, canı Vətəndir.

Başını qoymağa bir sinə varsa,

Ruhuna beşiksə, tanı, Vətəndir.

-yazan adamın sinəsi bu gün saysız şəhid analarının ovunduğu Vətən qədər müqəddəs bir yerdir… Nə yaxşı ki, bu dünyada dərdə dərman, ömrə həmdəm, acılara məlhəm olmağı bacaran, köksü Vətən böyüklükdə sizin kimi İnsan var…

Millətin taleyüklü məsələlərində Mahirə xanımın susmaması, sözünün yetdiyi, gücünün çatdığı bütün məqamlarda  milli təəssübkeşlik hissi təkcə yazılarında deyil, hətta müsahibələrində də özünü açıq-aydın göstərmiş olur:

 Müsahibələrinin birində jurnalistin: “Bəzən yaşadıqlarımızı göstərmək üçün mübaliğələr belə acizdir. Bəs haqqın tərəzisi?! Görə-görə kor olmaq olurmu?” – sualına şairə belə cavab verir: “- Hə, bu, xəyalən min dəfələrlə olduğum, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının − özü elə böyük olmayan bir qəsəbənin dünya boyda dəhşət mənzərəsidir… O mənzərədə insanlığını itirən kəsin ən vəhşi heyvandan belə amansız olduğunu görmək olar… O mənzərənin vəhşəti insanın qəlbində Allahın özünə belə etiraz nidaları yaradır. Yox, söhbət ancaq ondan getmir ki, bu amansız cinayəti törədən erməni millətindən olan qatillərə qərinələrlə bir millətə − türklərə qarşı aşılanmış nifrət hissi impuls verib… Söhbət ondan gedir ki, həmin gecə ancaq azərbaycanlı olduqlarına görə amansızlıqla öldürülən, içərisində körpələrin və qadınların da olduğu 613 nəfərin qanı laxtalanmayıb… Şəxsən mən hesab edirəm ki, o qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanındadır və Xocalı ədaləti bərqərar olmayınca, o qan laxtalanmayacaq”.

Bəli, bu ləyaqətli bir Azərbaycan qadının “Xocalıya ədalət” hayqıran narahat ruhunun, vicdanının səsidir.

 Elə bir həssas qəlb, elə bir kövrək ürək, elə bir yanımcıl Ana ki, bu torpağın üstündə yavaş-yavaş addımlayın deyir hər kəlməsinin başında. Sanki hər sözünün əvvəlində-axırında bu torpağa qanı qarışanlara layiq yaşamalı olduğumuzu xatırladır bizə…

Burdan yavaş gedin, astadan keçin,

Qəbirlər titrəyər, daş dinə bilər,

Bir güllə gücünə sükut olanlar,

Bir addım səsinə diksinə bilər.

Mahirə xanım alnımızın ləkəsini silən, ilahi ədaləti bərqərar edən, milli qürur hissimizi özümüzə qaytaran, dünyaya gücümüzü, bütövlüyü, birliyimizi sübut edən, Vətənimizin ərazi bütövlüyünü təmin etmək üçün öz talelərini yarıyolda qoyan gənclərə həssas ana qəlbiylə yanmaqla bərabər həm də onların cəsarəti ilə qürur duyur:

Yerə qan tökdülər, ruh göyərtdilər

Tarixi yazdılar vətən daşında.

Minillik xalqlara dərs öyrətdılər

Bu ərən oğullar cavan yaşında.

“Şəhid nəğməsi” adlı şeirdən nümunə gətirdiyimiz bu misralarda isə müəllif şəhidlərimizin Ana torpağa əmanət olunduğu yeri sadəcə bir ziyarətgah hesab etmir, həm də millətin ən müqəddəs məbədgahı, qutsal ünvanı kimi uca dəyərləndirir:

Şəhidlər! Şəhidlər! Öz canınızla,

Bizə yol açdınız, dövran verdiniz.

Millətə diz çöküb baş əymək üçün,

Şərəfli, müqəddəs ünvan verdiniz.

Adını zəfər tariximizə, səsini isə bütün xalqımızın ürəyinə, ruhuna yazan şəhid Xudayar Yusifzadənin əziz xatirəsinə həsr etdiyi şeir isə Mahirə xanımın yaradıcılığında xüsusi yer tutur.

Xudayar Yusifzadənin anası Radə xanım Qurbanova ilə həmsöhbət olduğum zaman bütün qəlbimlə duyuram ki, ailəsi üçün, əzizləri üçün Xudayarın ölümündən sonra cənab prezidentimiz tərəfindən təltif olunduğu “Azərbaycan bayrağı” ordeni qədər qürur yeridir Mahirə xanımın Xudayara həsr etdiyi şeir… Radə ana söyləyir ki, Mahirə xanımın şeirinə qulaq asdıqca, elə bilirəm ki, Xudayarın qoxusunu duyuram… Sənətin böyüklüyünü bundan daha təsirli ifadə edə biləcək cümlə düşünə bilmirəm.

Vətən sevdalı böyümüşdü Xudayar.. Vətən sevgisi ürəyinə ana şəfqəti ilə bərabər hopmuşdu sanki… Elə ona görə də dar gündə hamıdan qabaq Vətənin harayına yetişmişdi… Mahirə xanımın yazdığı kimi:

Göydən Allah baxır, haqq divanı var
Soraq məqamı var, sorğu anı var
Hərənin qəlbində qəhrəmanı var
Minlərin gözündə mizana döndün.

Özün manşırladın qismət oyununu
Yuva tək seçib də Vətən qoynunu
Anan el içində bükməz boynunu
Dərdindən əriyib dərmana döndün.

Bilirdin bu Vətən nədən yaxşıdır?
Qoynunda göyərən bitən yaxşıdır
Övladda havara yetən yaxşıdır       
Havara yetişib aslana döndün.

Nahaq yerə demirlər ki, “Oğul düşmən çəpəridir.” O müqəddəs savaşda bütün varlığıyla bunu sübuta yetirdi Xudayar… Vətənin hər qarışını qorumaq üçün kürəyini çəpər, sinəsini sipər elədi düşmən həmlələrinin qarşısında… Son nəfəsinə, sonuncu gülləsinə qədər çəpər kimi dayandı düşmənin qabağında… Bu cavan ömrünü ər kimi yaşadı… Anasının arzularını gözündə, gözünü yollarda qoydusa da, milyonların ürəyindəki Vətən yarasına yaralı canıyla, qanıyla məlhəm oldu…

İndi Xudayar milyonların ürəyində müqəddəs bir ünvana – könüllərdə dastana dönüb… İndi ona Radə Anamızla bərabər Mahirə Anamız və Vətən böyüklükdə Anamız – Ana Vətənimiz “Oğul!” deyir…

Nə qədər istəyə yerbəyer yaza
Ürəyi üçuna nə deyir yaza
Mahirə şəninə yüz şeir yazar
Bəs etməz, yazdığın dastana döndü.

Mən bu dünyaya müəyyən bir missiya üçün gələn insanların ilahi tərəfindən Seçilmişlər olduğuna ürəkdən inanıram. “İstiqamət Şuşa… Xankəndi” deyib baş qoyduğu müqəddəs yolda ucaldığı şəhadəti ilə 30 il əsarət yükünü çiynində,  qeyrət ləkəsini damğa kimi alnında daşıyan bir millətin dirilişinə, ayağa qalxmağına, yumruq kimi birləşməyinə səbəbkar olan Toğrullar, Azərlər, Tofiqlər, Daşqınlar, Xudayarlar – qan qardaşlarımız məhz o seçkin insanlardan, seçilmişlərdən idi…

Bugün Zəfər yürüşünə çıxan millətin mübarizə yolu, bütövlük ideologiyası məhz ordan –  Sultanlar, Toğrulların, Aşurların, Yüksəllərin, Azərlərin, Babəklərin  şəhadətindən başladı…Xudayarlar o müqəddəs yolun başında Haqq savaşçısı kimi dayanıb bütöv bir məmləkəti bir bayraq altında cəm elədi, “Dünya birliyi”nə bütövlüyün, milli birliyin nə olduğunu göstərdilər…

Vətən boyda ürəklərindəki müqəddəs amal Cəbrayıldan, Füzulidən başlayıb Şuşaya yol almaqdı ki, o Haqq yolunda şəhadətə yüksəldilər, döyüş yoldaşlarından qabaq Şuşaya çatdılar. Zəfər günü Şuşaya girən təkcə o bizim gördüyümüz müzəffər ordunun əsgərləri deyildi, onların başı üstündə Şuşanın dağlarının başındakı dumanı dağıdan, Şuşanın azad, aydın səmasında pərvazlanan məğrur, qalib ruhlar var idi – yuxarıdan  qoruyurdular döyüş yoldaşlarını, Xudaya yar, Tanrıya yoldaş olub Haqqın – Xeyirin şər üzərində qələbəsinə sevinirdilər…

İlahi ədalət bərqərar olmuşdu… 

Haqq savaşında Xeyir – İşıq zəfər çalmışdı…

Ocağı sönmüş yurd yerlərimizdə işıq yanırdı…

Xarıbülbül əsirlikdən azad olmuşdu, üzü Günəşə doğru gülümsəyirdi…

Azad Qarabağın aydın səmasında üçrəngli Azərbaycan bayrağı dalğalanırdı…

Bütün dünya Tarix yazan Sərkərdənin dəmir yumruğundan danışırdı…

Mahirə Ana bütün şəhid balalarına layla deyirdi, başının dumanı dağılmış Şuşa dağlarında Mahira xanımın ana laylası ucalırdı…

Təbəssümü üzündə Xudayar…

Xudayar Tanrı qatında “Vətən yaxşıdır” zümzümə edirdi…

Vətən Cənnətə dönmüşdü…

*****

… Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Mahirə xanım şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan bütöv bir insandır.

Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir… Mahirə xanım Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir və insanların və insanlığın xidmətində son dərəcə vicdanla, ləyaqətlə dayanır.

Yaxşı ki varsınız, Mahirə xanım! Nə yaxşı ki Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı…

Vicdanlı vətəndaş və vətəndaş ziyalı olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi ki bunu da hamı bacarmır… Hamının sevimlisi, sidq ürəklə sevdiyi, ürəklərdə sevgi, rəğbət, doğmalıq qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə ən böyük ucalıqdasınız, Mahirə xanım!

Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Sizin kimi  öz təmiz dünyasını, özünün, sözünün, ruhunun, adının paklığını – Tanrı əmanəti kimi qoruyan, düşüncələri, əməlləri ilə cəmiyyətimizə işıq salan bir İnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İnsanın…) varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu xalq Mahirə xanım Nağıqızı ləyaqətdə qutsal və uca İnsan yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır…

Həqiqətləri deyən diliniz, yazan qələminiz, yaxşılıqlara ünvan olan ürəyiniz, işıqlı əməllər üçün yorulmadan çalışan əlləriniz var olsun, Mahirə xanım! Ünvanınıza söylənən bütün xoş sözlər halal haqqınızdır. Ulu Tanrı Sizin işığınızı ailənizə, yavrularınıza, bizlərə – bütün Sizi sevənlərə doyunca versin!

Böyük Adam… Böyük  hərflərlə Adam… Böyük ürəkli Anam…


Xəyalə ZƏRRABQIZI
filologiya üzrə fəlsəfə doktoru.

Sonsuz sayğı və sevgilərimlə:  Xəyalə ZƏRRABQIZI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YADDAN ÇIXARTMA!!! – TƏRANƏ ARİFQIZI

XOCALI SOUQIRIMINI UNUTMA…

Xocalı soyqırımı, Xocalı faciəsi, Xocalı dərdi, Xocalı nisgili—bu siyahını daha da uzatmaq olar. Amma Xocalı adının qabağına bir söz yazmasaq belə, tək “Xocalı!” sözü bizim yaddaşımızı oyadır, qanımızı dondurur. Bəzi yazılarda rast gəldim-“Xocalı nisgilinə son qoyuldu”- yazırlar. Birincisi,  bizim günahsız insanların başına gətirilən vəhşilik nisgil deyil!!

Bizim xalq XX əsrin ən böyük soyqırımını, faciəsini yaşayıb. Dilə gətirilməsi mümkün olmayan qansızlıq, vandalizm, azğınlıqla üzləşib. Son qoyulan nədir?Ermənilərin tapdağında qalmış torpaqlarla birlikdə Xocalının da öz azadlığına , doğmalarına qovuşmasıdır.  Bu bizim xalqın və dünyanın yaddaşına yazılacaq, unudulmayacaq şanlı zəfər tarixidir. Və bu Qələbəmizlə haqlı olaraq qürur duyuruq. Bizim qaysaq bağlamış Xocalı yaramızın üzərinə bir ovuc su səpildi. Qarabağ torpağında qanı tökülən şəhid oğullarımızla bərabər, Xocalı qətliamının qurbanı olan günühsiz insanların  da ruhu sevindi. Amma bu o demək deyil ki, artıq bu soyqırım, bu faciə unudulmalı, tarıxın arxivinə atılmalıdır. Xeyr! Əsla, bu mümkün deyil! Onda Xocalıda erməni vəhşilərinə əsir düşüb, başlarına min cür oyun gətirilən insanlarımız bizi bağışlamaz. Bizi tarix bağışlamaz. Bizi gələcəyimiz bağışlamaz.  Bunu xatırlamaq bizim qələbəmizin üzərinə heç zaman gölgə salmayacaq. Zəfər tariximizlə yanaşı Soyqırım tariximizı də gənclərimizin, uşaqlarımızın yaddaşına yazmalıyıq. Gələcək nəsil bilməlidir ki, erməni adlı bir vandalın öz torpağı, öz dövləti, ümumiyyətlə , özünəməxsus heç nəyi olmayıb.  Bilməliyik ki, ermənilər Azərbaycanı, azərbaycanlını, türk adını daşıyan uca varlığı heç zaman sevməyib. Zaman-zaman fürsət düşdükcə bizim xalqın başına faciələr gətirib, torpaqlarımıza göz dikib. Folklorumuzu, məişətimizi, incəsənətimizi, yeməklərimizi, bir sözlə, bizim yaxşı hər nəyımız var mənimsəməyə, özününkü kimi dünyaya qəbul elətdirməyə çalışıb. Əgər keçmişini, bu gününü unudarsansa, gələcəkdə yenə də Xocalı soyqırımı ilə üzləşərsən!Necə deyərlər, unutma, unutdurma!  Türkün türkdən başqa dostu yox, inan! Keçmişini gələcək bilməlidir, yaddan çıxarma!

Təranə ARİFQIZI – yazar, şair.

Müəllif: Təranə ARİFQIZI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VÜQAR AĞAYEV HAQQINDA

Vətən Müharibəsi Qəhrəmanı – şəhid Vüqar Əhməd oğlu Ağayev

Ağayev Vüqar Əhməd oğlu haqqında

Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Ağayev Vüqar Əhməd oğludur. Vüqar Ağayev 04 mart 1973-cü il tarixində Qubadlı rayon Xanlıq kəndində anadan olmuşdur. 1980-cı ildə Qubadlı rayon Xanlıq kənd tam orta məktəbinin 1-ci sinfinə getmişdir. 1990-cı ildə Qubadlı rayon Xanlıq kənd tam orta məktəbini bitirmişdir. 1991-ci ildə Azərbaycan Respublikasının ordu sıralarına hərbi xidmətə çağırılmış, 1992-ci ildə təxris olunmuşdur. 1992-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş,1994- cü ildə hərbi təhsilini başa vuraraq leytenant hərbi rütbəsi almışdır. Qusar rayonu N saylı hərbi hissədə təlimdə olmuş, təlimi başa vurduqdan sonra Naxçıvan şəhəri Naxçıvan qarnizonunda N saylı hərbi hissədə bölük komandiri olaraq hərbi xidmətə başlamışdır. 2016-cı ildə Hərbi xidmətini başa vuraraq təqaüdə çıxmışdır. 2020-ci ilin Oktyabr ayında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı bölməsinə müraciət edərək II Qarabağ müharibəsində iştirak etmişdir. 01 noyabr 2020-ci il tarixində Qubadlı rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ailəlidir iki övladı var.
Bakı şəhəri 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağayev Vüqar Əhməd oğlu-mayor (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı”adı verilmişdir. Şəhadətin mübarək! Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik, nur içində yatın.

Müəllif: Ceyhun MƏMMƏDOV

VÜQAR ƏHMƏD OĞLU AĞAYEV HAQQINDA DİGƏR YAZILAR

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XOCALI HAQQINDA ŞEİRLƏR

XOCALI SOYQIRIMI – 26 FEVRAL -1992 – Cİ İL.

LAYLAY, XOCALIM, LAYLAY
Qara bulud dolaşdı,
Laylay, Xocalım, laylay.
Düşmən həddini aşdı,
Laylay, Xocalım, laylay.
* * *
Bəla yağdı min yerdən,
Kim baş açdı bu sirdən?
Dizlər düşdü təpərdən,
Laylay, Xocalım, laylay.
* * *
Hamı yatıb oyaq yox
Başlar kəsik, ayaq yox.
Hələ belə sayaq yox,
Laylay, Xocalım, laylay.
* * *
Qəfil tələ qurdular,
Dinc şəhəri vurdular,
Nəsil-nəsil qırdılar,
Laylay, Xocalım, laylay.
* * *
Ağ qar üstdə selləndi,
Qızıl qanlar gölləndi.
Daş ürəklər dilləndi,
Laylay, Xocalım, laylay.
* * *
Ellər, haray, ay haray!
Yox, bu dərdə olmaz tay!
Qan ağladı göydə ay:
Laylay, Xocalım, laylay.
* * *
Heç belə də dərd olar?
Heç belə namərd olar?
Burdan daha yurd olar?
Laylay, Xocalım, laylay.
* * *
Ha yazam gəlməz sözə,
Zaman gülmədi üzə.
Nə tez gəldin bəd gözə? –
Laylay, Xocalım, laylay.
* * *
Rus-erməni bir idi,
Üstümüzə yeridi.
Dünya susdu, kiridi
Laylay, Xocalım, laylay.
* * *
Hər tərəf şaxta, sazaq
Can dolu yara, sızaq!
Bu dərdi hara yazaq?
Laylay, Xocalım, laylay.

26 FEVRALDA
(Xocalı syqırımının 20 illiyinə)
Göydən yerə qan yağdı,
26 Fevralda.
“Qrad”, “Alazan yağdı,
26 Fevralda.
* * *
Qoca, uşaq qalmadı
Səbir kasam dolmadı.
Dünya vecə almadı,
26 Fevralda.
* * *
Bu dərdin yox dərmanı,
Kim verdi bu fərmanı?
Uçurtdu xanımanı,
26 Fevralda.
* * *
Bu yuxudu, nağıldı?
Necə sərsəm ağıldı?
Bütün şəhər dağıldı
26 Fevralda.
* * *
Çəmən, çöl ağlar qaldı
Bağda gül ağlar qaldı.
Şirin dil ağlar qaldı,
26 Fevralda.
* * *
Əlif tənha, Əlif tək
Hanı oğul, Əlif tək?
Heyif gəlmədi kömək,
26 Fevralda.
* * *
Düşmən zalım, amansız
Rus, erməni imansız!
Qaldıq yolsuz, gümansız
26 Fevralda.
* * *
Xocalını vurdular
Əhalisin qırdılar
Yerində şum sürdülər
26 Fevralda.
* * *
Qırğının da həddi var
Onun da sərhəddi var.
Zülmün şəhadəti var,
26 Fevralda.

XOCALIYA AĞILAR
Mərdim haray, ay haray
Dərdim haray, ay haray.
Hanı Xocalı, ellər,
Yurdum haray, ay haray.
* * *
Heç belə kədərmi var,
Qəzavü-qədərmi var?
Mənim tək, ay ellər,
Bir ömrü hədərmi var?
* * *
Qulağıma səs gəldi: –
Dövran yaman nəs gəldi.
Ellər, bu nə iş idi,
Ömrə kəshakəs gəldi.
* * *
Car oldu, elan oldu: –
“Xocal talan oldu!”
Ağlaram ta sonacan, –
Yer ilə yeksan oldu.
* * *
Gözüm yaşlı qalınca
Üz söykərəm qılınca.
Könül dinclik taparmı,
Qisasını alınca!
Müəllif: Yusif DİRİLİ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XOCALININ HAYFINI ALAN İGİD

Xocalının hayıfını alan İgid

Orda bir kənd var… uzaqda…

Qarı qan gölünə dönən…

Qundaqdakı körpələri süngülənən…

Adamları odun kimi qalaqlanıb

Tövlələrdə ocaq kimi yanan bir kənd…

Qanına qəltan olunan…

Yurdu viran qalan bir kənd…

29 ildir yanıb külə dönən yurd yerinin adıydı Xocalı… Dünyadan xəbərsiz məsum qızlarımızın bəmbəyaz qarın üstünü ləkələyən bəkarət yükü – alnımızda şırımlanmış qan ləkəsi idi Xocalı…

Bətnindəki balaları çıxarılıb gözünün önündə süngüyə keçirilən hamilə gəlinlərin naləsi, sinəsi çalın-çarpaz dağlanmış Ana harayı idi Xocalı…

İllər ötdükcə zaman bizi həmən məşum gecədən nə qədər uzaqlaşdırsa da, lap dünyanın o biri ucuna da getsək, qulağımızdakı o fəryad səsini çıxara biləcəyikmi beynimizdən?!…

Yüz günəş doğsa da, lap külli-Qarabağın abi-həyatı yenidən cana gəlsə, doğan günəş Xocalının qarını əritsə də, qarın üstündəki o qan gölü əriyəcəkmi yaddaşımızdan?!

İllərdi dünyadan ədalət istəyirdik… o gecə çıraq kimi söndürülən körpələrin fəryadına, anaların naləsinə qoşulub, “Xocalıya ədalət” deyib haray çəkirdik, dünya bizi eşidirdimi?!

Bu boyda ədalətsizliyə dünya birliyi susurdu…  körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib işıqlandırırdılar…

Kor deyildik ki… Hamısını görürdük… İnsana və insanlığa qarşı törədilən bu boyda cinayəti, vəhşiliyi, dəhşəti görüb görməzdən gələnləri, ağzına su alıb oturanları, boğazına bağladığı qalstukun arxasında cəllad obrazını gizlədən qatilləri… hamısını görürdük… Onu da anlayırdıq ki, biz ədaləti dünyadan istədikcə dünya bizi kor dilənçi yerinə qoyacaq. Bizim namusumuzu ağrıdan yük dünya üçün sadəcə müzakirə mövzusudur.

Yaşı Xocalının yaşından az olan oğullar vardı… analar Xocalının qanını almaq üçün oğullar doğmuşdu, atalar alnımızın ləkəsini silmək üçün iyidlər böyütmüşdü, yumruqlarını çırpıb bütün dünyaya başa saldılar ki, ilahi ədalət nədir?! Dünyaya bir də onu başa saldılar ki, bizə beşulduzlu otellərin konfrans zallarına yığışıb dartışılan “dilənçi payı” ədalət gərək deyil, beş günlərlə susuz qalıb, şehli otların suyunu içə-içə, səngərlərin oyuğunda torpağın içində can bahasına, qan bahasına  geriyə qaytarılır Xocalı…

*****

Orda bir kənd var uzaqda,

O kənd bizim kəndimizdir…

         Xocalıdan yüz kilometrlərlə uzaqda yerləşir o kənd… Heç xəritədə də yolları kəsişmir…

27 il bundan öncə qarlı bir qış günündə o kənddə Nazim kişinin ocağında bir oğul dünyaya gəlmişdi… Xocalılıların heç onun dünyaya gəlişindən xəbəri də olmamışdı. Ağlı kəsəndən, özünü qanandan “Xocalıdakı körpələrin hayıfını alacağam” deyib intiqam hissi ilə yaşayırdı o igid. Hamı onun gülən üzünü, təbəssümlü çöhrəsini görürdü. Çiynindəki yükdən,  ruhunu saran ağrıdan, tarix kitablarını oxuyanda keçirdiyi əzabdan dünya xəbərsiz idi. Bir gün tarix yazacaqdı, Xocalının qisasını alan qəhrəman Azər Yusifli kimi tarixə adını yazacaqdı… 

Komandiri Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayının bölmə rəisi Fərhad Həşimov söhbətimiz zamanı bir hadisəni danışmışdı mənə: Biz əsgəri xidmət zamanı onlara təkcə hərbin sirlərini deyil, həm də milli ideoloji məsələləri aşılamağa çalışırdıq. Mənfur düşmən tərəfindən zəbt olunan hər bir ərazimizin tarixini detalları ilə öyrətməyə çalışırdıq. Mənim yaddaşıma həkk olunub, Xocalı ilə bağlı söhbətlər olan zamanı Azər dəhşətli dərəcədə sarsılırdı, üzünün rəngi, gözlərinin ifadəsi dəyişirdi, sanki yumruğunu sıxıb düşmənin başını əzmək üçün məqamını gözləyirdi…

Hərbi geyimin mahiyyətində elə bir əzəmət var ki, o, bütün əsgərlərə xüsusi yaraşır, duruşuna bir məğrurluq gətirir. Mən Azəri əsgərim kimi yox, övladım kimi çox istəyirdim və biz bəzən ikilikdə, bəzən ümumi söhbətlər zamanı artıq Azərin hərb yolunu seçdiyini, amalını bilirdik. Bir gün hərbi geyiminə işarə edib “Sən elə sənə yaraşanı seçmisən, Azər! – dedim. Adamın özünə necə görünür, bilmirəm, kənardan baxanda bu geyim sənə möhtəşəm yaraşır, İgid! deyib əlimi kürəyinə vurdum. Başındakı əsgər papağına işarə edib: “Paltarı deyə bilmərəm, komutan, dedi, paltar yaraşar. Amma neçə ki, Xocalıda namusuna toxunulmuş qız, gəlinin qanını, qisasını almamışıq, bu papaq heç birimizin başımıza yaraşası deyil” – dedi və yaş gözlərində düyünləndi. Mən də boğuldum elə bil. Udquna bilmədim. O zaman Azər 18 yaşını yenicə tamamlamışdı. Təsəvvür edirsiz, yaşıdlarının ata puluna dünyanı gəzdiyi bir yaşda Azər Xocalının qisasını almadan başında gəzdirdiyi papağı özünə yük bilirdi… Baxın, mən onu bu ayrıcalığına, heç kimə bənzəməyən bu xarakterinə vurğun idim, bu yaşda içindəki bu qeyrətinə, düşüncəsinə görə hamıdan seçilirdi Azər.

Son aylarda Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Çevik Hərəkat Dəstəsinin xüsusi təyinatlısı kimi döyüş təlimlərinə gedirdi Azər, onlar Ağgöl istiqamətində təlimlər keçirdilər, eyni zamanda döyüş taktikası ilə bərabər həm də ideoloji olaraq hərbə hazırlanırdılar. Bir dəfə telefon danışığımızda mənə bir kadrdan danışdı: “Komutan, o kadrlara baxanda mənim nələr keçirtdiyimi bir Allah bilir. Dünyanın hansısa ölkəsi Xocalıya soyqırım deyir, biri faciə deyir, biri qətliam deyir, özləri bilər, kim nə deyir desin, məndən ötrü mahiyyət dəyişmir, Xocalı məndən ötrü qeyrətimizin üstündə bir ləkədi və biz o ləkəni qanımızla yumalıyıq”. Həmin gün Azərin dediklərini, səsinin tonunu heç unuda bilmirəm, o səs indi də qulağımdan getmir.

Sentyabrın 27-si müharibə başlayan gün isə sosial şəbəkədə “Xocalıdan olan 5 yaşlı qız”ın məzar daşının fotosunu paylaşaraq: “Mən o 5 yaşlı körpənin uşaqlığının, itirdiyi gəncliyinin qisasını almağa gedirəm” yazmışdı…

Sonuncu dəfə oktyabrın 17-si danışdıq: “Hayıfımı almışam, Xocalının hayıfını almışam. Elədiklərinin min qatını eləmişəm, komutan. Bundan sonra Vətən sağ olsun!”-dedi. Sanki şəhid olacağını bilirdi. Sanki halallaşırdı…

Və məni həmişə düşündürən bir məsələ odur ki, bütün ordu istisnasız olaraq “Şuşa!” deyirdi. Amma Azərin Şuşadan da böyük məramı Xocalının qarının üstündəki qanı yumaq idi ki… dediyini elədi, qanıyla Xocalının namusundakı ləkəni təmizlədi…

Silahdaşı, Dövlət Sərhəd Xidmətinin leytenantı Əşrəf Həsənov danışır ki: Döyüşlər zamanı beynəlxalq səviyyədə humanitar atəşkəs elan olunmuşdu və biz həmin gecə hərbi planları, əməliyyat tədbirlərini dayandırdıq. Bu, Ali baş komandanın göstərişi idi və qarşı tərəf cəsədlərini götürməsi üçün bu addım atılmışdı. İnanırsız, bir adam da gəlmədi. Həmin vaxt Azər dedi ki: “Görürsünüzmü, mən deyəndə ki, bunlar adam deyil, Azərbaycan Ordusu bir dənə də insan öldürməyib, bax bunları nəzərdə tuturdum. Biz eliyərikmi belə şey? Biz yoldaşımızın ölüsünü, dirisini, yaralısını tərgidib gedə bilərikmi? Əlim, qolum olmaz, dişimdən çəkib gətirərəm mən yoldaşımı, qoyarammı ayaq altda qala, – dedi, dərindən köksünü ötürdü. Doğurdan da, Azər dediyi kimi mərd adam idi, yaralı yoldaşlarımızı çiynində döyüş meydanından neytral zonaya çıxarıb neçə kilometr yolu özü yaralı-yaralı çiynində daşıyıb təxliyə qrupuna təhvil vermişdi. Ona görə deyirdi ki, mənim əlim-qolum olmaz, dişimlə sürüyərəm, amma yoldaşımı darda qoymaram.

Komandirimiz bilirdi ki, mənim atam evi Füzulidədi, biz həmin vaxt ora yaxın mövqedə idik. Dedi ki, Əşrəf, humanitar atəşkəs elan olunub, bu gecə sakitlikdir. Azər sutkalardır ki, dizini qatlayıb oturmayıb, yuxusuzdur. Burda neyləsək də, yatası deyil, fürsətdi, bu gecəlik Azəri apar sizə, yuyunun, rahatlanın, səhər ertə Allahın izni ilə görüşərik. Mən dərhal razılaşdım, Azəri isə yola gətirmək müşkül məsələ idi: “Qardaşlarımı burda düzün ortasında qoyub hara gedirəm?-dedi. Hardan bilirik ki, gecənin bir aləmində o şərəfsizlər atəşkəsi pozmayacaqlar. Şərəfsizlik eləyənə necə inanasan ki, verdiyi sözü tutacaq”. Uşaqları qoyub getmək istəmirdi, uşaqlar hamısı sözü bir yerə qoyub məcbur edəndən sonra Azər çarəsiz razılaşdı.

Atamgil xeyli sevindilər, həmin gecə bizim evimizdə xeyli söhbət elədi atamla. Onun şəhid olmağı mənim qədər, atamı da sarsıtdı, atam da öz övladını itirmiş kimi yandı. Atam Azəri bir gecə içində tanısa da, onun nə cür qeyrət yiyəsi olduğunu görmüşdü. Həmin gecə bizim evdəki söhbət zamanı dedi ki, Xocalının qisasını almamış ölüm də bizə haramdır.

         Əşrəfi dinləyə-dinləyə bir məqamı özüm üçün müəyyənləşdirirəm ki, “Xocalının qisasını almamış ölüm də bizə haramdı” – deməklə, Azər nəinki ölümü hətta bu günə qədər bu torpağın üstündə gəzməyi də öz kişiliyinə əzab sanırmış.

Döyüş yoldaşları deyir ki,  Azər hər erməni öldürdükcə “Bu da Xocalının hayıfı” deyirdi. Qərb bölgəsində Qazaxda, Ağstafada qisas almaq, intiqam almaq ifadələrinin əvəzinə daha çox “hayıf çıxmaq”, “hayıf almaq” sözlərini işlədirlər.

Azəri gənc yaşında bu qədər sarsıdan, yandıran məqam Xocalıda günahsız körpələrin, əliyalın qocaların, hamilə qadınların, ana – bacılarımızın başına gətirilən izaha gəlməz müsibətlər idi. Və Azər Xocalının qisasını almağı özünə həyat qayəsi seçmişdi. Ən böyük arzusu şəhidlik zirvəsinə – şəhadət məqamına ucalmaq idi, amma qisas alınandan sonra.  Dediyini etdi, əqidəsindən  və yolundan dönmədi, qisasını aldı və şəhid oldu.

Görünən o idi ki, Azər Zəngilan şəhər Prokurorluğunun üstünə bayrağımızı sancdı, görünən o idi ki, Azər Xudafərin körpüsü əməliyyatını uğurla yerinə yetirdi, görünən o idi ki, Azər Sultanbəyli kimi çətin bir əməliyyatın sonunda Cəbrayılda bayraq ucaltdı… Görünən o idi ki, Azər Füzulinin azad olunmasında canını sipər etdi. Bütün bunlar savaşın görünən tərəfləri idi…

Görünməyən ən böyük həqiqət isə o idi ki, Azər Xocalıda öldürülən soydaşlarımızın hamısının hayıfını almışdı. Qisası da kişi kimi almışdı, həm hərb meydanında, həm də kabinetlərində o alçaqların layiqli dərsini verib yerini göstərmişdi…

Bu gün kəndimizin dünyadan xəbərsiz məsum körpələri Azərin – Azərlərin şəkillərini köksünə sıxıb “Xocalı Azərbaycandır!” deyirlər. Hamısının gözündə bir sevinc var, hamısının çöhrəsinə təbəssüm qonub… Uşaqların balaca əlləriylə bapbalaca ürəklərinə sıxdığı şəkillərdən baxan Azər əmi də gülümsəyir… Xocalıdakı körpələrin hayıfını aldığı üçün ruhu şaddır Azər əminin…

…kəndimizin dünyadan xəbərsiz məsum körpələri…

         …Xeyli vaxtdır, kəndə getmirəm, ayaqlarımın gücü, ruhumun cəsarəti çatmır bəlkə də… Xocalıdan torpaq gətirəcəyim günü gözləyirəm. Həmin günü quşun qanadında da olsa, gedəcəyəm kəndə… Azərin şəhid məzarına Xocalı torpağı səpməyə…

26 fevral 2021-ci il

Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XOCALI HAQQINDA ŞEİRLƏR

XOCALI SOYQIRIMI – 26 FEVRAL 1992 – CI İL.

UNUTMARAM XOCALIM
Neçə ildir axıb gedən göz yaşım
Sel olmasa, bəs mən necə bənd aşım?
Qan ağlayan çəmənləri, dağ-daşı,
Gülzar edib, yağılardan bac alım,
Unutmadım, unutmaram, Xocalım.
* * *
Gündüzlərim gecə kimi qaranlıq,
Unutmadım bu dərdləri bir anlıq.
Bax, qisassız ötüb keçdi cavanlıq,
Rəva bilmə bu dərdlərlə qocalım,
Unutmadım, unutmaram, Xocalım.
* * *
Köpəyini dünya tutdu tay mənə,
Arxalıydı, zülm elədi hay mənə.
İmdad etməz Günəş mənə, Ay mənə,
Qoy türk olum, oğuz kimi ucalım,
Unutmadım, unutmaram, Xocalım.
* * *
Düz əqidəm, düz amalım, düz sözüm,
Son sözümü deyəcəyəm mən özüm.
Zülmətlərdə parlayacaq gündüzüm,
Qoy, Vətəndən, Bayrağımdan güc alım.
Unutmadım, unutmaram, Xocalım.
* * *
Köməyim ol, göz yaşımı sil yenə,
Söyləyirəm son arzumu mən Sənə,
Uca Tanrım, gücündən güc ver mənə,
Qaniçəndən, yaramazdan öc alım.
Unutmadım, unutmaram, Xocalım!
Müəllif: Abdulla Cəfər

XOCALI
Xocalım,ay Xocalım!
Xalqımın Xoca yurdu.
Üç əsrə yaxındır ki,
Bölüllər qoca yurdu!
* * *
Böldülər Kürəkçayla,
Böldülər Gülüstanla.
Türkmənçayla qıydilar
Anam Azərbaycana.
* * *
Bununla soyumadı
Yağının daş ürəyi.
Sildi bu yer üzündən
Sən tək gözəl mələyi.
* * *
Xatun, Xerasimaya
Oxşatdı səni düşmən.
Sındırdı vüqarnı,
Əzəldən yağı düşmən.
* * *
Qışın- yazın-baharın,
Dağda qarın ağladı.
Neçə bağlanmış əhdə
Etibarın ağladı.
* * *
Bu üç əsrə yaxındır
Qan axıdır yaramız.
Ədalətsiz dünyada,
Tapılmayır çaramız?
* * *
Sən İyirminci əsrin,
İnsanlıq faciəsi.
50 milyon xaldımın
Yaşam mücadiləsi.
* * *
Kaş oyatsın dünyanı
Haqq-ədalət harayın.
Sındırsın tilsimini.
Ayrılmış iki tayın.
Müəllif: Rasimə Könül

X O C A L I M
Gözümlə görmüşəm sinə dağını,
Qan gölü etdilər güllü bağını,
Sülhə çağırırıq bizsə, yağını,
Nəfəsi kəsilmiş, dilsiz Xocalım.
* * *
Təkləndin, fəryadın, səsin boğuldu,
Hamilə gecədən qatil doğuldu,
Millətin dik başı yerə soxuldu,
Ayağı qandallı, əlsiz Xocalım.
* * *
Qalmısan Vətənin qürbət tayında,
İlləri sayırsan, övlad hayında,
Qan izin qurumur Qarqar çayında,
Çaylağı qurumuş, selsiz Xocalım.
* * *
Gözləri yollarda qalan olmusan,
Yerin də düzlənib, talan olmusan,
Elə bil xəyalsan, yalan olmusan,
Obası didərgin, elsiz Xocalım.
* * *
Nəyimə gərəkdi boş-boş hədələr,
Lovğa-lovğa gəzir düşmən gədələr,
“Qana – qan” deyiblər ərən dədələr,
Qaməti qırılan, belsiz Xocalım.
26 fevral 2017-ci il
Müəllif: Mayıl Dostu

Ağdam, Yusifcanlı – Sevinc Şükürlü – Xocalı…

Sevinc Şükürlü – Ağdam məktəblisi.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – İNCİ, QƏRƏNFİL…

“ŞƏHİDLƏR BAŞ TACIMIZ, HEÇ BİTMİR DƏRD, ACIMIZ… “- ZAUR USTAC

İNCİ,  QƏRƏNFİL…

(Qərənfilə yazığım gəlir…)

Olsan da, bu işdə ən son müqəssir,

Gəl, məndən incimə, inci qərənfil…

Utanc çiçəyisən, utanc çiçəyi,

İstəsən lap  məndən inci, qərənfil…

*        *        *

Ruhum bu halından çox mütəəssir,

Yenə döşənmisən küçəyə, daşa…

Qaxınc  çiçəyisən, qaxınc çiçəyi,

Qaxanc  örf-adətə, öfkəyə, başa,

*        *        *

Bu işdə bilmirik, kimdi müqəssir,

Bizim üz qaramız, qırmızımızsan…

Həya örpəyisən, güvənc ləçəyi,

Sən bizim dünyaya qırımımızsan…

*        *        *

Ustac  tək oğullar çox mütəəssir,

Üz-üzdən utanır, dözür ağrına…

Əlacsız-əlacsız ödünc çiçəyi,

Silah əvəzinə sıxır bağrına…

20.01.2018.  Bakı.

Müəllif: Zaur USTAC


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Oriyentir ulduzu” – Bizi Qarabağa səsləyən kitab

Afət Xəlilova – Azərbaycan Respublikasının Əməkdar müəllimi

Zaur Ustac imzası daxil olduğu ədəbi nəslin digər nümayəndələri arasında bütün parametrlərinə görə seçilir. Yazarı qiyabi şəkildə əvvəllər oxuduğum “Məhdud həyatın məchul düşüncələri”, “Qəlbimin açıqcası” və digər şeir kitablarından maraqlı, özünəməxsus dəst-xətti, üslubu, ifadə forması, zəngin və rəngarəng dili olan bir qələm adamı kimi çoxdan tanıyırdım.

Bu yaxınlarda – fevral ayında “Mübariz-31” anım-tanıtım tədbirləri çərçivəsində onun “Oriyentir ulduzu” kitabı ilə tanış oldum. Haqqında söhbət açacağım uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş povest sözün əsl mənasında müəllifin kimliyini tam ortaya qoyur. “Oriyentir ulduzu” öncə Zaur Ustacın özünü tanıdır, onun kim olduğunu nişan verir. Kitab haqqında təfsilata keçməzdən əvvəl bildirmək istəyirəm ki, hər söz, hər cümlə müəllifin milli kimliyindən, geniş spektirli biliyindən, dərin və zəngin dünya görüşündən, peşəkar hərbçiliyindən, yenilikçi müəllimliyindən, vətənpərvərliyindən xəbər verir.

Təhlilə əsərin adından başlayaq. Zaur Ustacın əsasən məktəblilər üçün sinifdənxaric oxu vəsaiti kimi nəzərdə tutub qələmə aldığı və elektron variantda bütün kitabxanalarda olmasına rəğmən dəfələrlə təkrar nəşr olunmuş bu kitabın adı elə seçilib ki, kitabı təşkil edən dörd fəsil olmadan belə, “Mübariz səmada bir oriyentir ulduzu kimi parlayaraq bizə doğru yolu, getməli olduğumuz səmti göstərir…” yazılsa idi, yenə ad kimi seçildiyi povestin məzmununu, qayəsini bizə çatdırmaq iqtidarında olardı.

Kitab iki hissədən ibarətdir: birinci – bədii hissə; ikinci – praktik hissə.

Müəllif bədii hissədə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun son iki döyüş günündən bəhs edir. Bu hissədə iki əsas məsələ diqqətimi cəlb etdi. Birinci, müəllif hadisələri elə yüksək dəqiqliklə təqdim edir ki, onun peşəkar hərbçiliyi özünü göstərir. İkinci məsələ Zaur Ustacın təhkiyyəsi o qədər inandırıcıdır ki, kitaba başlayan kimi səni alıb götürür, özünü bir anın içərisində döyüşün ortasında hiss edirsən, povesti nə vaxt oxuyub qutardığının fərqinə varmırsan və o andaca ağlına ilk fikir gəlir: müəllif qəhrəmanın yanında olubmu, görəsən… Sanki yazar qəhrəmanla bir yerdə olub və bütün gördüklərini qələmə alıb. Əsgərlərin Seyid deyə çağırdığı Mübarizin xidmət etdiyi postun həyat şəraitindən tutmuş, döyüş səhnələrinin təsvirinə qədər hər şey mükəmməldir. Nəhayət, bu kiçicik povestdə ədəbiyyatın nəhəng hadisəsi – ədəbiyyatda agah olma – məsələsi baş verir. Məlum olduğu kimi, Zaur Ustac “Oriyentir ulduzu” povestini 2011-ci ilin fevral ayında qələmə alıb və həmn vaxtdan həm ənənəvi qaydada, həm də elektron qaydada nəşr olunaraq yayılmağa başlayıb. Müəllifin qeyd olunan tarixdə bir yol göstərən səmt ulduzu kimi Tərtər – Göranboy təmas xəttində Talış yüksəkliyi üzərində səmaya qaldırıb, burada sizləri gözləyirəm, vətən oğulları – deyə səslədiyi şanlı Azərbaycan Ordusunun mərd, qorxubilməz əsgərləri 2016-cı ilin Aprel döyüşlərində məhz həmin istiqamətdə öz sözlərini dedilər. Mübariz hələ də orada bizləri gözləyir. Biz inanırıq ki, nəfərləri neçə-neçə hələ tanınmamış Mübariz kimi qəhrəman oğullardan ibarət olan Azərbaycan Ordusu cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bu misiyanı uğurla yerinə yetirəcək və o dağlarda Mübariz kimi bizi gözləyən neçə-neçə igidlərimizin ruhu dincliyə qovuşacaq. Zaur Ustacın şəhid olmuş əsgəri göylərə uçurtması həm qədim türk inancını – ölməyi, uçmaq kimi hərfi mənada təqdim edir, həm də dərin dini-fəlsəfi mənada ölümün heç də son olmadığını, yeni bir həyatın başlanğıcı olduğunu, bu hadisə baş verən zaman insanın sanki artıq əziyyətdən – ağır bir bədəni – cismi daşmaqdan azad olduğunu, – “O, quş kimi idi, sərhəd tanımırdı. Elə bil, bayaq bir səkinin əlində aciz qalan adam deyildi” – həyatın daha da asanlaşdığını, insanın yüngülləşdiyini, bir mərtəbə daha kamil olduğunu öz gənc oxucularına – formalaşmaqda olan vətəndaşlara, şəxsiyyətlərə çatdırır. Əlbəttə, bədii hissə barədə hələ kifayət qədər söhbəti davam etdirmək olardı. Ancaq bəzi əsas məqamları sizə çatdırdıqdan sonra praktik hissəyə keçmək istəyirəm.

“Çalışmalar” adlanan bu bölmə demək olar ki, povestin özü qədər önəmli olub, bədii hissənin tam açılmasına oxucu, şagird tərəfindən məqsədin, qayənin tam mənimsənilməsinə xidmət edir. Bədii hissədə qaldırılan bütün milli və vətənpərvərlik məsələləri praktiki çalışmalar vasitəsi ilə açılır.

Kitabın bu formatda tərtib olunması və sinifdənxaric oxu vəsaiti kimi təqdim olunması müəllifin peşəkar hərbçi, yazar olduğu qədər də öz işini dəqiq bilən, usta bir müəllim-pedaqoq olduğundan xəbər verir.



Zaur Ustaca yeni-yeni yaradıcılıq uğurları arzu edir. Gələcəkdə hər biri bu günümüzü andıran bir səlnaməyə dönəcək yeni əsərlər gözləyirik.

Afət XƏLİLOVA,
Respublikanın Əməkdar müəllimi,
Bakı şəhəri, Nizami rayonu, 201 №-li məktəb

İlkin mənbə:tezadlar.az


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ORİYENTİR ULDUZU – ZAUR USTAC

—-YENİYETMƏLƏR ÜÇÜN POVEST—-

Bu povest Azərbaycan Respublikasının Milli Qəhrəmanı
gizir İbrahimov MÜBARİZİN əziz xatirəsinə həsr olunur.

birinci fəsil

17.06.2010-cu il saat 21:00 “TG” istiqamətində təmas xətti

-Seyid, indi ANS-in xəbəri başlayacaq, televizoru açaq? -əsgərlərdən biri soruşdu.

-Aç. Aç, görək nə deyirlər…

Elə bil, televizor da hazır dayanmışdı, qoşulan kimi 21 xəbərinin başlandığını bildirən çarx getməyə başladı.

-Bax, o, çiynində kamera olan oğlan var ha, onu tanıyıram, adı Azərdi… Köhnə məhəllədə qonşu idik! – əsgərlərdən biri dilləndi.

-Ayə sən də elə hər xəbər başlayanda onu deyirsən…- yerdən söz atdılar.

– Neyniyim e…

– Sakit durun, görək nə deyirlər! – axır ki, Seyid dilləndi.

Bilindaja ani bir sükut çökdü. Düzü, bura bilindaj deməyə adamın dili də gəlmir. Sizdə təxmini təsəvvür yaratmaq üçün deyə bilərəm ki, adi tələbə yataqxanasındakı otağın şəraitindən qat-qat yaxşı şəraiti var; həftədə bir dəfə dəyişdirilən yataq ağları, əl, ayaq dəsmalları, bayırda ayrıca hamamı, fasiləsiz elektirik enerjisi. Qəza halları üçün nəzərdə
tutulan, əsgərlərin öz aralarında “divijok” adlandırdığı, benzinlə işləyən elektirik generatoru və s. Bütün bunlardan əlavə, kütləvi qırqın silahlarının tətbiqinin nəticələri də nəzərə alınmaqla müdafiə məqsədi ilə möhkəmləndirilmiş bir otaqdan söhbət gedir. Yəni bilindaj dediyimiz otaq, döyüş üçün əsil topdağıtmaz qala olmaqla bərabər, istirahət üçün də üç ulduz bir otel nömrəsindən geri qalmır.

-“Ağdamın Yusifcanlı, Tərtərin Qızıloba kəndləri istiqamətində ermənilər atəşkəsi pozmuşlar. Düşmən cavab atəşi ilə susdurulmuşdu…”- aparıcının səsi eşidildi.

– Pozmadıqları gün olur ki???- Seyid ayağa durdu.

Zərblə əlini stolun üstünə elə vurdu ki, nə yaxşı dəftər-kitabdan başqa heç nə yox idi… Az qala bütün bilindaj silkələndi.

-Pozublar, pozublar… Qurban olum, ay ALLAH, sən özün mənə səbr ver… – deyə-deyə Seyid bayıra çıxdı, tranşeylə lap ön müşahidə nöqtəsinə gəldi. Üzü dağlara tərəf baxdı, baxdı, baxdıqca göz dağına çevrilmiş bu dağlar ağırlığında suallar sıxmağa başladı onu. Görəsən, “HÜCUM” əmrini çoxmu gözləyəcəyik??? Qurban olum , ay ALLAH, Ali Baş Komandan bircə, bu “HÜCUM” ƏMRİNİ VERSƏYDİ!!! Bəs, bu torpaqları kim azad edəcək? Bəs, bu dağlardakı səngərlədə neçə illərdir torpağa tapşırılacağı günü gözləyən igid-ər şəhidlərimizin sümüklərini nə vaxt yığıb mənzilinə çatdıracağıq??? Düşünə- düşünə dərə boyu daglara baxdı. İndi onun baxışları dağlara zillənsə də, dağların arxasında da nə olduğunu gün kimi aydın görürdü… Halbuki, o, heç Çaylıda da olmamışdı, amma postdakı bütün əsgərlər kimi o, da bilirdi ki, dərədə, daşı daş üstə qalmayan, bu, kənd Çaylıdı. Adından da göründüyü kimi vaxtında çox səfalı, axarlı-baxarlı kənd olub. Dərə boyunca dağlara – Talışa tətəf – qalxanda, Gülüstan, birinci görünən dağı aşdıqdan sonra Madagiz, sonra hər yerdə gölqırağı, çayqırağı üzü Günbatana sağ tayla, dağ cığırı ilə gedib çıxırsan yol ayrıcına, ayrıc dərədədi, köhnə ferma binası da var dərədə. Fermanın yanında dağ yolu ilə təxminən iki saat dolama yollarla sağ tərəfə qalxsan, Dəstəgüldü. Dəstəgüldə qışda qar dizdən olsa da dərədəki bulağın başında artıq Fevral ayının ortalarında qarın, buzun içində bənövşələr açır. O, bənövşələrin qurusu indidi də postdakı köhnə dəftər- kitabların arasında durur, təzələrini dərməyincə uşaqlar atmaq istəmirlər. Necə olsa da bu quru bənövşələr də VƏTƏN TORPAĞININ bir nemətidir axı, bundan əlavə hər quru bənövşənin öz tarixçəşi var, hər quru bənövşə bir əsgər yadigarıdır… Dəstəgüldən sonra üzü Günbatana aşırımlar aşsan Keçəldağ, sonra Murova qədər gedib çıxarsan… Fermanın yanından dolamalarla sol tərəfə qalxsan, Tonaşen -1, Tonaşen-2, Tonaşen-3… Əgər ermənilər dağıtmayıbsa, yolqırağı kilsə də olmalıdı- kəşfiyatçılarımız yolüstü həmişə orda dayanıb dincələr, siqatet çəkmək istəyənlər siqaret çəkərmiş ya da oranı görüş yeri təyin edib döyüş tapşırığın yerinə yetirdikdən sonra orda görüşüb, birlikdə qayıdarlarmış…

İndi, Seyid Çaylıya baxır, baxır baxdıqca da nəzərləri ölü bir nöqtədə ilişib qalır, fikir-xəyalında isə İrəvana dogru yol başlayırdı bu Çaylıdan, gözünü çəkə bilmirdi bu Çaylıdan, göz dağına çevrilmişdi bu ÇAYLI… Düşünürdü; lap qoy olsun bu kəndə bir tabor, taborun dayaq məntəqəsi. Qoy olsun bu şərəfsizlərin adam tapıb doldura bilmədikləri ala-yarımçıq ştatla 100-120 nəfər. Aləm bir-birinə qarışsa, qoy bu şərəfsizlərə 20-30 şərəfsiz də köməyə gəlsin. O da gəlib çata bilsə… Ayə Vallahi heç nə yoxdu, bu 150-160 kölgəsindən qorxan dığa nədiki, bir əmr ola lap İravana qədər gedərəm…

Seyid fikirləşə-fikirləşə özünə o qədər arxayın olurdu ki, xəyalında canlandırdığı Çaylıdakı tabor indi onun gözündə uşaq vaxtı hardasa qarşılaşdığı ən zəif, ən çəlimsiz uşaqdan da zəif görsənirdi. Bir sözlə Seyidin gözü bu taboru çoxdan yemişdi…

Seyid yenə nə fikirləşirsən?– bu səs Seyidi sanki
yuxudan oyatdı.

– Nə bilim e Vallah,bir şeyi başa düşə bilmirəm ki,

bu şərəfsizlərin oyunbazlıqlarına nə qədər dözəcəyik? “Qrajdaniski”-də dözmək olmur, deyirsən gedim orduya. Orduda dözmək olmur, deyirsən gedim ön cəbhəyə. Burda heç durmaq olmur- şərəfsizlər hər gün gözünün qabağında min hoqqadan çıxırlar… Lap dəli oluram. Ya Allah sən özün mənə səbr ver…

Seyid blindaja keçdi, yerində oturub bir çay içdi.

Elə bil, nəsə ürəyinə dammışdı, ancaq yenə sabah bu vaxt nələr olacağından əsla xəbəri yox idi… Ola bilsin bəlkə də seyid fəhmı ilə nəsə duymuşdu…

Xüsusən, son vaxtlar onda belə bir fikir yaranmışdı ki, Uca Tanrı istədiyi bəndəsinə lazımi məqamda, haqq işi üçün elə bir güc verər ki, böyük bir ordu da bu gücün qarşısında aciz qalar. Necə ki, uzaq keçmişimizdə Həzrəti Əli Allahin iradəsiylə düşmən ordusu ilə dəfələrlə təkbaşına döyüşə girmiş, həmişə də onun köməkliyi ilə qalib olmuşdu. Seyidin diqqətini çəkən yaxın keçmişimizdə, Çanaqqala döyüşlərinin əfsanəvi qəhrəmanlarından biri olan topçu əri Mehmet oğlu Seyit Çavuşun başına gələnlər idi – həmin qanlı döyüşdə Seyit Çavuşun atdığı bir mərmi döyüşün taleyini həll edən amillərdən biri olmuşdu, ancaq burada Seyidin diqqətini çəkən Seyit Çavuşun mərmini necə atması idi. Deməli, növbəti düşmən mərmisi partlayandan sonra Seyit Çavuş görür ki, top, Əli adlı başqa bir əsgər yoldaşı ilə onun ümidinə qalıb. Düşmən gəmiləri də sahilə yaxınlaşır, yəni əsgər şərəfinin, vətən torpağının bundan ağır və çıxılmaz vəziyyəti ola bilməz. Əsgər yoldaşı Əli ilə bu müşkülü dartışırkən, Seyit Çavuş özündə elə bir güc hiss edir ki, təxminən 300 kg-a yaxın mərmini təkbaşına bir neçə dəfə topa qoyub, atəş edir axır ki, düşmənin ən ünlü gəmilərindən birin vurur… Ağır, sürüşkən mərmiləri götürmək, bir neçə pilləkən qaldırıb, topun lüləsinə yeritməkdən əlavə burda iki maraqlı məqam Seyidi düşündürürdü; birincisi, nə Seyit Çavuş, nə də yoldaşı Əli tuşlayıcı, nişançı deyildi, sadəcə heyət nəfəri idi, ikincisi isə, bu hadisə məşhur olandan sonra komandiri fotoqrafçı gətirdir istəyir ki, mərmini qaldıran vəziyyətdə Seyit Çavuşun şəklini çəkdirsin, ancaq Seyit mərmini qaldıra bilmir ki, bilmir… Düşünə-düşünə Seyid özü üçün yəqinləşdirdi ki, Cənabi- Haqq istədiyi məqamda istədiyi adama elə bir güc verər ki, uca dağlar belə insanın qarşısında duruş gətirə bilməz. Necə ki, Fərhad Şirin eşqi ilə Bisütunu yerlə bir etmişdi…

– Allahım, mənə də belə bir güc ver!!! Əllərini Haqqın dərgahına uzatdı Seyid. Nə fikirləşdisə, qələm-dəftər götürüb, yazmağa başladı:

-“Canım, atam və anam, məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin.Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam- ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin.”

Ya Allah, sən özün mənə səbr ver. Sən özün kömək ol deyib, dəftəri örtdü. Artıq, gecədən xeyli keçmişdi. Seyid qalxıb, bilindajdan çıxdı. Yenə lap ön müşahidə nöqtəsinə getdi. Postdakı əsgərlə bir az söhbət etdi. Ayıq ol! – tapşırdı. Atışma olsa nə edəcəyi barədə bir də soruşdu. Qayıdıb, bilindaja gəldi, öz yerinə uzandı. Baxışları qeyri-iradi tavandakı xırda bir nöqtəyə zillənmişdi. Tavana baxsa da dərə boyunca, dağların arxasında uzanan yollarla İrəvana qədər gün kimi aydın görürdü….

ikinci fəsil

18.06.2010-cu il “ TG “ cəbhəsi, Seyidin postu.

Bu gün lap isti idi. Ya da, adama belə gəlirdi. Bir də isti olacaq də yayın ən oğlan çağıydı, ancaq buna isti demək olmazdı. Vallahi elə bil, torpaqdan od qaynayırdı. Sanki, Gün dağların arxasına keçdikcə, torpaqdan qlxan isti daha da artırdı…

– Bu gün nə yaman sakitçilikdi, yəqin istiyə görə öz deşiklərinə girib, yatıblar.- əsgərlərdən biri dilləndi.

– Bu sakitçiliyin bir zibili çıxacaq- Seyid cavab verdi.

Şərrin ilk qaranlığı ilə şərəfsizlərin ilk güllələri də gəldi. Çox maraqlı idi. Həmişəkindən fərqli olaraq, əsgərlərin “trassuyuşşi” adlandırdığı işıqlandırıcı-yandırıcı güllələrlə düz bilindajın üstünə atırdılar. Ara-sıra ön müşahidə məntəqəsinin qabağına “AQS” mərmiləri də düşüb partlayırdı. Sanki, dığalar, belə bilindajlarının olamamağının paxıllığın çəkirdilər…

Hətta Günün alnındakı düzün ortasında, güllənin altındakı yaxşı səngərə də paxıllıq edir bu şərəfsizlər… Çox maraqlıdır ki, əziyyət çəkib özləri düzəltmək istəmir ha, hazırına nazir olmaq istəyir bu şərəfsizlər… Özlərində olmayan ( nəyi var ki, bu bədbəxtlərin) yaxşı bir şey gördükdə əvvəlcə istərlər ağlayıb, zıqqamaqla ona sahib olsunlar, gördükdə ki, bir şey hasil olmur, başlayarlar xoruzlanmağa ki, bəs burda mənəm, Bağdadda kor xəlifə bu saat onu verməlisən mənə, bu variant da kara gəlməyən də zora əl atarlar, əl altdan iş görərlər, ayaq altı qazarlar, mənim deyil qoy onun da olmasın deyib, dağıdarlar, yandırarlar, məhv edərlər bu şərəfsizlər… Bu da onların iyrənc erməni xislətindən irəli gəlir.

Odur ki, belə bir vəziyyət Seyidin diqqətindən qaça bilməzdi. Bu şərəfsizlər kimə, nəyi nişan verirlər? Anlaya bilmədim – düşündü Seyid.

Seyid tranşeylə ön müşahidə məntəqəsinə getdi.
Hava qaraldıqca dığaların atdıqları yerlər açıq-aşkarbilinirdi. Həmişə atdıqları yerdən- öz deşiklərindən atırdılar. Nədənsə bu səhnə həmişə “Tom və Ceri” cizgi filmini xatırladırdı Seyidə. Özündən asılı deyildi neyləsin. Həmişə də dığalar atmağa başlayanda bu səbəbdən üzündə xəfif təbəssüm cizgiləri yaranırdı. İndi də üzündə təbəssüm, inşallah hamınızı elə o deşiklərdə su ilə boğacayıq sizə heç güllə də düşmür şərəfsizlər- düşünə-düşünə bilindaja qayıtdı. Bu “Hücum” əmri nə vaxt olacaq ay Allah?- Sualı burğu kimi beynini eşdi Seyidin…

Şəxsi heyyəti örtülü meydançada düz! – köməkçisinə göstəriş verdi.

“SİLAHA” – köməkçinin komandasdı eşidildi.

Əsgərlər bir göz qırpımında silah-sursatlarını götürüb, örtülü meydançada düzüldülər.

Seyid silah otağına keçdi. YA ALLAH SƏN ÖZÜN KÖMƏK OL!!! – nidası silah otağının ən uzaq küncündəki, ən kiçik çatdakı, ən xırda cücünü də oyatdı. Seyid elə hazırlaşırdı ki, sanki, qarşıdakı döyüşdən xəbərdar idi, ancaq əsla xəbəri yox idi ki, hələ qabaqda nələr gözləyir onu. O, heç xəyalına belə gətirə bilməzdi ki, bir neçə saatdan sonra nələr olacaq… O, sadəcə uşaq vaxtı dönə-dönə oxuduğu “Koroğlu” dastanından yadında qalan Koroğlunun hər səfər qabağı “altdan geyindi üstdən qıfıllandı, üstdən geyindi altandan qıfıllandı” deyimi ilə gerçəkləşən, “yayda bürüncəyini götür, qışda özün bilərsən” atalar sözü ilə min illərin süzgəcindən süzülüb gələn, igid ehtiyatı əldən verməz prinsipinin tələblərinə uyğun hərəkət edirdi. O, dəfələrlə komandirlərindən eşitmişdi ki, adi bir kibrit çöpünün də həyati əhəmiyyəti ola bilər. O, çox gözəl bilirdi ki, qalibiyyətli döyüş yaxşı hazırlıqdan çox asılıdır. Odur ki, ehtiyatı əldən verməzdi heç vaxt. Bura döyüş bölgəsidi, hər an hər şey ola bilər, əsgər hər an ən qızğın, həlledici döyüşə belə, girməyə hazır olmalıdır. Düşünə-düşünə əsgərlərin “lifçik” dediyi üzərində silah-sursat daşımaq üçün çoxlu cibləri, arxasında çantası olan jiletini geydi, öz iki dəstəkli qatlama avtomatını götürdü, əlavə sandıqları “lifçik”-in ciblərinə yerləşdirdi, nə qədər yerləşdirə bildisə o qədər əl qumbaraları götürdü, “lifçik”-in arxa cibinə əlavə patron və əlavə əl qumbaraların yerləşdirdi. Çıxmaq istəyirdi ki, üst-başına bir də baxdı- bu “yüz ölç, bir biç” məsəlinin tələblərindən irəli gəlirdi. İki dənə də tüstü şaşkası götürdü. Silah otağının qapısından çıxırdı ki, gözü divardakı jilkaya sataşdı. Onu da götürüb şalvarın yan cibinə qoydu. Silah otağından bayıra bir addım atmışdı ki, “FARAĞAT”- köməkçinin komandası eşidildi. Bu vaxt Seyidin kölgəsi örtülü meydançaya çıxmışdı.

Seyid örtülü meydançaya çıxdı, döyüşə hazır vəziyyətdə, bir cərgə düzülmüş əsgərləri gözdən keçirdi. Köməkçi sıradan bir addım qabağa çıxıb məruzə etdi:

-“Yoldaş Gizir döyüş heyyəti döyüşə hazırdır”

-“Azad”- Seyidin amiranə səsi sükutu pozdu.

-Hamı diqqətlə qulaq assın- Seyid döyüş tapşırığın və hesabatı bir daha əsgərlərə çatdırmağa başladı; əsas hesabatı hamı bilir, bu olacaq “A” qaydası, yəni bu qaydada hamı həmişəki qaydada öz yerlərin tutur, əmri məndən alır. Yox əgər qeyri-adi nəsə olsa keçəcəyik “B” qaydasına. “B”, nədi? Bu qaydada mən yoxam, əmir və göstərişləri nə qədər sağdı, köməkçidən alırsız, əgər işdi, ona da nəsə olsa, onda hərə öz komandiridi, yəni, heç kim əlavə kömək gələnə qədər durduğu yerdən bir addım da kənara atmır, tualet kimi dayandığınız yerdən istifadə edə bilərsiniz,- icazə verirəm. Lazım gəlsə hamı dayandığı yerdə ölür, ancaq bir addım qıraqda olmaz! Heç kim deməsin ki, mən yoxam; yuxarıdan baxacam, o dünyada da əlimdən qurtara bilməzsiz. Aydındır?

-“Elədiki var”!

-“Sual var”?

-“Sual yoxdur!”

Diqqət; “Düzlən”, “Farağat” Döyüş qaydası “A” olmaqla, “Döyüşə”!!!

Əsgərlər hesabata uyğun təhkim olunduqları postlara qaçdı. Seyid özü lap öndəki müşahidə məntəqəsinə getdi. Ermənilər həmişə atdıqları yerdən ara-sıra atırdılar. Ancaq Seyid “trassiyuşşi” güllələrin uçuşduğu səmtə yox, tamam başqa tərəfə; təpələrin qurtardığı, qaranlıq dərələrin başladığı səmtə baxırdı, sanki, nəsə axtarırdı bu qaranlıq, boz təpələrin kölgəsində. Başqa vaxt Ay işığında hər yan süd kimi aydın görünsə də, indi elə bil Ay da ermənılər tərəfdə idi, üzünü nazla göstərir, tez də qaçıb, buludların arxasında gizlənirdi. Nə olar ay Ay qardaş, bütün dünya bu şərəfsizlərin tərəfindədir, heç olmasa sən bizim tərəfimizdə ol barı, axı bayrağının üstündə sənə yer verən bizik, ermənilər deyil… Sanki, axırıncı kəlmələr Ayın lap heysiyyatına toxundu, bir anlığa da olsa, boz çöllərə, qaranlıq dərələrə süd aydınlığı gəldi.

-Aha, ora bax! – nəhayət Seyid axtardığın tapdı.

Gördüyün dəqiqləşdirmək üçün köməkçidən soruşdu:

-Oriyentir 2-dən 100 metr sağa təpənin qurtaracağına bax, gör bir şey görürsən?

– Hə, hə təpənin dibi ilə əyilə-əyilə gəlirlər. Onlar birlikdə saymağa başladılar; bir, iki, üç, dörd, beş, altı… axtardılar, axtardılar bəs yeddinci hardadır görəsən, yoxsa elə cəmi altı nəfərdilər…

Yeddinci yoxdu, hə yüz faiz altı nəfərdilər- Seyid düşündü- bu da onların adam tapıb doldura bilmədikləri manqa. Çox maraqlıdır bu altı dığa sallana-sallana nəyə gəlir? – öz-özünə fikirləşdi.

Nəhayət köməçiyə vəziyyətə uyğun tapşırıqlarını verdi:

1.Aşağı xəbər ver;

2.Keçdik “B” – yə;

3.Oriyentir 1-i keçənə qədər heç kim atəş açmır, qoyun gəlsinlər;

4.Mən getdim, Oriyentir 3-ün yaxınlığında onların arxasında olacam.

üçüncü fəsil

– “YA ALLAHIN ADI”- “DÖYÜŞƏ”!!!

Son tapşırıqlarını verib, gündə min yol baxışları ilə getdiyi yolu indi üzüaşağı Çaylıya tərəf getməyə başladı; ya Allah, ey Həzrəti Əliyə şir gücü verən Allahım, Seyit Çavuşa o gücü verən UCA TANRIM, hər şey sənə xatir, sənin adınla- mənə güc ver, düşmənin yanında xar etmə….

Buludları Ayın üzərinə örtük kimi çəkməsini, dualarının qəbul olunması kimi düşündü Seyid. Bir andaca hər yan zülmət qaranlığa qərq oldu. Bununla Uca Tanrı Seyidin yolunu açır, bu işə öz razılığın bildirirdi.Seyid dərə aşağı elə gedirdi ki, elə bil, uşaq vaxtı məktəbə gedib-gəldiyi yolla addımlayırdı. Bu yerlərin hər iki tərəfdən də dəfələrlə minalandığın bilsə də, sanki, indi yadından çıxmışdı. Futbol meydançasında top qovan kimi, qovurdu kol-kosu.

Göz-gözü görmürdü, Seyid nə vaxt üçüncü oriyentirə çatdığını heç özü də bilmədi. Bu vaxt atəş səsi eşidildi. Güllələrdən onun yanından keçəni də oldu. Əvvəlcə yerini möhkəmlətdi, sonra ətrafa göz gəzdirdi. Onun postundan atırdılar- nə tez çatdılar öz-özünə düşündü. Bir-iki qatar da atdılar. Bəs bu şərəfsizlər niyə atmırlar, hara yox oldu bunlar?- Seyid təmkinlə düşündü. Birdən lap yaxınlıqdan- onun 35-40 addımlığından atəş açıldı. Hə, demək burdasız- öz-özünə dedi Seyid. İndi baxaq görək vəziyyət necədir? Bir-iki qatar da qarşılıqlı güllələr uçuşdu. Seyid sanki, filim seyr edirmiş kimi izləyirdi mənzərəni. Bu dəm onun postunda tək-tək üç-dörd güllə atıldı. Elə bil, qarşısında bomba partladı; gecənin qaranlıq və sakitçiliyində qarci-qurci səslə necə vay-şivən qopdusa, Seyid bir az da diksinən kimi oldu. O, çox eşitmişdi, ancaq görməmişdi. Yəqin qan görüblər- düşündü Seyid. Səs gələn tərəfə addımlamağa başladı.Elə bil Ay da yardımçı olmağa söz vermişdi TÜRK OĞLUNA… Seyid iti, olduqca yumşaq addımlarla səsə tərəf addımlayır, qarci-qurci “arə TURKİ”, “TURKE”sözlərini aydın eşidirdi, ancaq hələ heç nə görmürdü, birdən Ay işığında nəsə parladı düz gözünün qabağında. Cəld özünü yerə atdı. Sürünə-sürünə balaca təpənin üstündəki kolun dibinə gəldi. Səsə tərəf boylandı, Ay da öz köməyini əsirgəmədi. İndi o, beş dığanı aydın sayırdı. Bəs altıncı hanı?- bir az da qalxıb boylandı. Bunlara nə olub belə, niyə hürüşürlər görəsən?- düşündü Seyid ancaq özlərin elə itirmişdilər ki, bir-bir tutub aparsan da xəbərləri olmazdı. Bunun ciddi bir səbəbi olmalı idi. Ay bir də parlayanda əsərin qəhrəmanı ortaya çıxdı; Seyid gördü ki, topa dayanıb, vay-şivən qoparan ermənilərin ortasında yerdə nəsə çapalayır. Diqqətlə baxanda məlum oldu ki, qan məsələsi dəqiqdi. Şərəfsizlər də yaralı yoldaşına köməklik etmək əvəzinə, başına yığışıb, vay-şivənlə həmdə yazığın olan-qalan canını alırdılar. Bu mənzərə Seyidi təəssüfləndirdi də…

Seyid indi düşünürdü ki, hansı üsulla bunların külünü göyə sovursa, daha ağıllı qərar olar; o, gah əlindəki əl qumbarasına, gah da öz iki dəstəkli avtomatına baxdı. Bəlkə, yaxınlıqda başqa da kimsə var, ya bunları müşahidə edən var? –düşündü və əl qumbarasının üzərində dayandı. İki qumbaranı hər ehtimala qarşı döyüş vəziyyətinə gətirdi, ancaq məsələni bir qumbara ilə bitirmək lazımdı ki, müşahidəçilər üçün mina mənzərəsi yaransın- onsuz da hər gecə çaqqal-çuqqal neçə mina partladır, lap hərdən ikisi dalbadal da partladığı vaxtlar olur. Seyid bir neçə addım da qabağa gedib, qumbaralardan birini necə atdısa, topa durub, hay-həşir salan ermənilərin ortasında uzanıb zarıyan yaralının qucağına düşdü. Bu da Seyidin ona göstərə biləcəyi yeganə köməklik idi… İkinci qumbaraya ehtiyac qalmadı.

Seyid özünü balaca təpənin dalında torpağa elə sıxmışdı ki, üstünə tökülən daş-kəsək də heç vecinə deyildi. Görəsən, özümə heç nə olmayıb?- düşündü, indi də içində bir təəssüf hissi baş qaldırdı; görə bilmədim, heç vaxt bilməyəcəm necə uçuşurdular havada. Yavaşca arxası üstə çevrildi, əvvəlcə bir-bir ayaqlarını, sonra isə növbə ilə əllərini,qollarını tərpətdi. Hər şey qaydasındadı- düşündü. Əslində Seyidin narahatçılığı yerində idi; çölün düzündə bu cür yaxın məsafədə əl qumbarası atmaq, atan adam üçün də təhlükəlidir. Seyid bunu çox yaxşı bilirdi- o yalnız birinci Allah- Talanın, ikinci də cəldlik və peşəkarlığının sayəsində salamat qalmışdı. O, əsla ölümdən qorxmurdu, planlarının yarımçıq qalacağından narahat idi. Beş-on dəqiqə də keçdi. Durub oturdu. Hadisə yerinə nəzər saldı, Allahdansa, tüstü də yox idi. Gecənin sükutunu pozacaq bir hənirti belə yox idi. Elə bil, heç 10-15 dəqiqə əvvəl burda aləm bir-birinə dəyməmişdi.

Seyid daha 20-25 dəqiqə də ətrafı izlədi ki, görsün səs-səmir var, ya yox. Tam sakitçilik idi. Buludlar da Ayı sərbəst buraxmışdı. Seyid Ay işığında aydın görünən dağlara, dədə-təpə düzlərə və bir də ermənilərin qarşıdakı taborunun dayaq məntəqəsinin olduğu ehtimal olunan dərəyə baxdı. Dəli şeytan deyir, get bunların hamısını biç, yüz faiz bilirəm indi hamısı toyuq-cücə kimi yatışıb- düşündü. Bəlkə gedim, bu şərəfsizləri bir yoxlayım, televizorda sərsəm-sərsm guruldayırlar, onlara AZƏRBAYCAN ƏSGƏRİNİN nəyə qadir olduğun göstərim,- götür-qoy etdi. Ya Allah, getdim e. Dərə aşağı üzü Çaylıya tərəf getməyə başladı. Yol boyu öz-özünə düşünürdü; qoy olsun orda 100-120 kölgəsindən qorxan dığa, lap 30-40 nəfər də dovşandan qorxan köməyə gəlsın. Hə bu kölgəsindən qorxmayanları necə ləngidə bilərik- düşünə-düşünə gəlib çıxdı yol ayrıcına. Bu nə yoldu belə? – fikirləşdi, özü də ikisi birdən qoşa. Görəsən, hansı işləkdi? Aşağı-yuxarı baxdı; aşağı Çaylı, yuxarı dağlar. Sağa-sola baxdı, sağ da qurumuş qanqal, sol da. Hər iki yolun ortasın ot basmışdı. Nə fikirləşdisə əyilib əlinin içini yerə sürtdü. Sonra keçib o, biri yolu da o qaydada yoxladı. Hə, bax bu yoldu maşınların gedib, gəldiyi yol- xırda qum kimi daşlar var burda- qənaətinə gəldi. İldə-ayda bir maşın gedib, gəlir belə olacaq də-düşündü. Hə, indi neyləyək ki, bunlar gələ bilməsin, heç olmasa geciksin. Şalvarın yan cibindəki jilkanı götürdü, əl qumbarasının birini işlək yolun kənarındakı ən hündür, ən yoğun quru qanqala elə bərkitdi ki, yüngül bir toxunuşla yola fırlasın. Sonra keçib birini də eyni qayda ilə yolun digər kənarında bərkitdi və jilkanı qumbaraların halqalarına tarım bağladı. Bu qayda ilə bir-birindən dörd-beş metr aralı yol boyu üç tələ və tələlərin tuşunda qanqallığın içində çal-çarpaz tələlər düzəltdi. Sonra ehtiyyatla bütün qumbaraların şpilkaların düzlədi. İndi adi bu yumuru dəmir parçaları, bu quru qanqallıqda öz şikarını gözləyən, ölüm saçan zəhərli kobraya dönmüşdü. Gözləyirdi ki, quyruğuna basasan, odunu, alovunu püskürə üzünə.

İşini tamamlayıb, yol aldı uzaqda görsənən zəif işığa tərəf. Gedək, görək orda nə var, nə yox- düşündü öz-özünə.

Həmişə bu yolla ermənilərə ya ərzaq gələrdi, ya da yoxlama. Həmişə onları tərkibində çoxlu generallar, polkovniklər olan komisiyalar yoxlayıb “5” verərdilər. İndi bu yolla onları yoxlamağa AZƏRBAYCAN ORDUSUNUN PEŞƏKAR GİZİRİ gəlirdi. Özü də, bu yoxlama qəfil yoxlama idi. Görək, bu şərəfsizlərin döyüş hazırlığı nə yerdədi, neçə alacaqlar bu imtahandan? – düsünə-düşünə Seyid düşmən düşərgəsinə çatdı.

Dördüncü fəsil

Düşmən taborunun dayaq məntəqəsi, burada həmçinin gələcəkdə postda durmaq üçün gənc əsgərləri hazırlayırlar. Gəlib-gedənləri nəzərə alsaq təxminən- aydın məsələdir ki, onları düzüb saymamışdıq- yüzdən az artıq olar səxsi heyyətin sayı…

Seyid, indi zəif işığın təxminən yüz addımlığında idi. Əgər içəridə əsgərlər yatırsa, yəqin ki, buralarda post olmalıdı- düşündü Seyid. Ətrafa diqqətlə göz gəzdirə-gəzdirə işığa tərəf irəliləyirdi ki, sağdakı əl damına oxşayan binanın tinindən bir əsgər çıxdı. Əsgər avtomatın sinəsindən aşırıb, lüləsi qabağa, əli dəstəkdə düz onun üstünə gəlirdi. Aralarında 15-20 addım olardı. Seyid ani olaraq duruxdu, ancaq tərpənmədi. Gələnə diqqətlə baxdı, düz onun üstə gəlsə də, nəsə qərəvəlli gəlirdi. Ya hələ onu görməmişdi, ya da, özlərindən biri sanırdı. Çox maraqlı vəziyyət yaranmışdı. Əsgər gəlib, düz onun qabağından keçib, getdi. Seyid gülməkdən özünü zorla saxladı; zalım oğlu ayaq üstə yatıb ki, sən bundakı məharətə bax a, yata-yata da gəzmək olarmış- düşünə-düşünə Seyid də anun arxasınca addımlamağa başladı. Seyidə bir gic gülmək gəlmişdi, özünü zorla saxlayırdı. Əsgər getdi, bu getdi, görsün axırı necə olacaq. Qəfil əsgər durdu və cəld marşurutu üzrə geri döndü ancaq hələ oyanmamışdı. Birinci addımını atdı və gözünü açdı, daş qayaya dirənmişdi. Yazıq hələ də kəsdirə bilmirdi ki, nə baş verir, qarşısındakının kim oldugundan da xəbərsiz idi. Seyid yuxarıdan aşağı gözlərinin içinə elə baxırdı ki, əlli milyonluq Azəri gəncliyinin qəzəbi, hikkəsi vardı bu baxışlarda… Yazıq ağzından süd iyi gələn dığa bu baxışların qarşısında tab gətirə bilməzdi axı… O, ya hələ oyanmamışdı- yazıq neynəsin yuxunun şirin vaxtı idi- ya da, elə ayaq üstə də ölmüşdü. Əsgər Seyidin sinəsindən idi. Seyid çox uzatmayıb, ani sıçrayışla onun boynuna mindi və yerə yıxdı. Ani bir hərəkətlə çənəsin boynun ardına fırlatdı. Dığa deyəsən, həqiqətən ayaq üstə ölmüşdü, heç cınqırın da çıxartmadı. Seyid onu ehtiyatla ağzı üstə yerə qoydu. Ye. Ye şərəfsiz ye bu torpağın tozu da sizə haramdı- deyə – deyə ağzını torpağa sürtdü – necə ki, indi haram edəcəm – dedi və dığanın kitelinin yaxalığın buraxdı. Əsgərin silahın çəkib, boynundan çıxartdı- adi qundaqlı “5.45” avtomat idi. Zəif işığa tərəf addımlamağa davam etdi- bu işıq kazarmanın girişində, qapının üstündə yanırdı. Yanından bayraq da asılmışdı. Çox qəribə bina idi. Heç hərbiçilər qalan yerə oxşamırdi; uçuq-sökük təmirsiz bina, tamam sökülmüş çala-çula asfalt örtüklü meydaça-həyət, bizim üzüm bağlarından sökdükləri beton dirəklərdən düzülmüş səkilər. Bir sözlə sovet dönəmindən qalma hansısa idarə binası idi yəqin ki. Bura nədir ki, burdakılar da nə ola düşüncəsi ilə girişə yaxınlaşdı. Sıçrayıb, bayrağın əskisindən yapışdı. Necə dartdısa, şakk eləyib, sapı sındı. Başı aşağı salanmağa başladı. Sanki, bu əski parçası da fərsiz övladları üçün xəcalət çəkirdi. Seyid şəstlə içəri girdi. Tumboçkadakı əsgər yatmışdısa da yəqin bayrağın səsinə oyanmışdı. Əsgər Seyidi görən kimi özünü düzəltdi, əlini baş geyiminə aparıb öz dillərində nəsə bir söz qışqırdı. Qəfil gələn iri cüssəli, zəhimli bu qonağın iti baxışları qarşısında özünü itirən gənc əsgər birdən xatırladı ki “ YAT” komandası çoxdan olub, artıq səhərə yaxındı səhfini düzəltmək qərarına gəldi; uzun uzadı nəsə qışqırmağa başladı. Bu müddətdə Seyid ətrafı əməlli başlı incələdi; gün növbətçisi girişdə, silah otağının qapısının ağzında dayanmışdı. Armaturdan olan qapı adam başı keçən iri şəbəkəli idi. İçəri göz gəzdirdi; silah-sursatdan başqa xeyli də üst-üstə yığılmış yeşik var idi- bunlar partapart partlayacaq ha…- Seyid düşündü. Solda bir neçə otaq var idi; rabitəçi otağın o saat tanıdı-qapının üstündə sovetin rabitəçi nişanı və ilan-qurbağa həriflərlə cədvəl var idi. Yəqin bu da zabitlər otağıdı- içəridən xorultu gələn otağın qapısına baxdı. Solda dəhlizin qurtaracağında böyük taybatay açılmış iki laylı bir qapı var idi- bura da əsgərlər yatan yerdi, deyə düşünürdü ki, qolu sarğılı bir əsgər bu qapıdan çıxıb, süngüsü dizinə dəyə-dəyə, yarı yıxıla, yarı dura səndələyə-səndələyə ona tərəf qaçmağa başladı. Seyid gün növbətçisinin lap yanında durmuşdu, gələnə baxırdı. Növbətçi Seyidə lap çathaçatda sağ ayağı necə büküldüsə, dizi üstə yerə düşdü- yazıq deyəsən, lap pis yatıbmış, ayaqları tamam keyyib- Seyid ona sətr bir nəzər saldı və sadəcə başını buladı. Növbətçi cəld özünü düzəltdi, əlini baş geyiminə apardı və yalnız, indi qarşısındakının kim olduğunu anladı, lakin çox gec idi. Seyid alıcı quş kimi sol əli ilə onun kepkasının günlüyündən tutub, gözünün üstünə elə çədi ki, az qaldı boynu kökündən qopsun, ancaq qopmadı, çünki sağ əli ilə də boynunun kökündən yapışmışdı. Seyid əvvəlcə novbətçini göyə qaldırdı, ayaqları yerdən üzüldü. Sonra təxminən boyu səviyəsindən bayaqdan bu mənzərəni kirimişcə, seyr edən gün növbətçisinə necə çırpdısa yazıq yapışıb divarda qaldı – o, bu qəfil qonağın kim olduğunu, nə baş verdiyini hələ də anlaya bilmirdi.Yoxlamağa gələn zabitlərdən idi, ya köhnə əsgərlərdən idi, hələ araşdıra bilmirdi ki, kimdi bu. Bir də, hər gün döyülməyə adət etmiş əsgər üçün nə fərqi kimdi döyən. O, ancaq gözləyirdi ki, tənbeh nə vaxt bitəcək. Maraqlıdır ki, zabitlər otağından da gözə dəyən yox idi- görünür onlar üçün də belə səs- küy adi hal idi. Seyid sol əli ilə də gün növbətçisinin boynundan yapışıb, onları bir neçə dəfə dalbadal kəllə-kəlləyə necə vurdusa, ikisi də süst vəziyyətdə yerə düşdülər. Bu vaxt növbətçinin süngüsü silah otağının qapısına dəyib səs elədi. Seyid cəld onları buraxıb, rabitəçi otağı güman etdiyi qapıya qaçdı; səksəkəli yatan rabitəçi səsə oyana bilərdi. Seyid yanılmamışdı bu rabitəçi otağı idi, ancaq rabitəçinin dünya vecinə deyildi, telefonun dəstəyi əlində elə yatmışdı ki, top da atsan oyanmazdı. Seyid qıymadı onu oyatsın- yazıq elə şirin-şirin yatırdı ki… Seyid ustufluca telefonun dəstəyin onun əlindən aldı, qolun başının altından götürdü və telefonun şunurun boğazına doladı, var qüvvəsi ilə sıxdı. Rabitəçi bir-iki dəfə yüngülcə çapaladı vəssalam. Seyid bütün şunurları dartıb qopardı, aparatların işığı söndü. Seyid otaqdan çıxıb, qapını sakitcə örtdü. Xorultu gələn otağın qapısına iki əl qumbarası bərkidib, halqalarına jilka bağladı sonra şpilkaları düzlədi. Silah otağının qarşısında dayandı, dörd əl qumbarası da hazırlayıb, içəri qapının ağzına qoydu. Jilkaları cütləyib, girişdən bayıra çıxartdı və tez də içəri qayıtdı. Girişdə alt paltarında bayıra çıxan əsgərlə qarşılaşdı.Onu saxlamadı- yazıqdı, işi var qoy getsin. Əsgər də öz hayında idi, heç ona fikir vermədi. Sağa dəhlizi axıra qədər getdi. Taybatay açılmış qapıya çatanda əl qumbaralarının ikisi döyüş vəziyyətində idi. Çatdı, içəri bir addım atdı. Bir sağa, bir sola baxdı, iki mərtəbə əsgər çarpayıları dolu idi. İki-iki yatanlar da var idi. İlahi bu nə iy-qoxdu, bu nə üfunətdi, belə də insan yaşayarmı? – düşündü Seyid. Tez də fikrindən vaz keçdi, bunlar insan deyil ki, ermənidi, bunlara olar. İçəridən gələn baş çartladıcı üfunət qoxusu qeyri-iradi uşaq vaxtı hardasa gördüyü donuzxananı xatırlatdı Seyidə; qarınlarının altına qədər çirkabın içində olan donuzlar ora-bura vurnuxurdular, ancaq heç o donuzxanadan da bu iy gəlmirdi- bunlar donuzdan da murdar imiş ki,- düşündü Seyid və qeyzlə, sanki, hamının intiqamın alırmışcasına əl qumbaraların eyni anda çal-çarpaz, birini sağa, birini sola çarpayıların üstünə atdı- qoy gəlsinlər çıxışda gözləyirəm- dedi öz-özünə. Cəld silah otağının yanına qaçdı. Arxasınca əvvəlcə partlayış, sonra ah-nalə, tükürpədici bağırtı qopdu. İkicə dənə də əl qumbarası silah otağının içərisinə dığırladı və bayıra qaçdı- xorultu gələn otaq silah otağı ilə divar qonşusu olduğuna görə orda yatanları xorultusuna haram qatmadı Seyid, ancaq kim vaxtına qədər dözməyib, tez oyansa idi, Seyid onun hədiyəsin qapıdan asmışdı. Seyid əvvəlcədən nəzərdə tutduğu, girişə tam nəzarət edən mövqeyinə çatanda arxada çox güclü partlayış oldu- bu dəqiq əl qumbarası deyildi. O, elə diqqətlə baxırdı ki, görsün, bu nə idi. İkinci partlayış elə, güclü oldu ki, bina ortadan iki yerə ayrıldı. Bu anda Seyid cütlədiyi jilkanı da var gücü ilə çəkdi; bir, iki, üç… partlayış səsləri ucaldı. Əl qumbaraların səsi partlayan silah-sursatın içində güclə seçilirdi. Arada raket də uçurdu, mina da partlayırdı- bir sözlə əsil atəşfəşanlıq düzəltmişdi Seyid. İndi əlində lap birinci rastlaşdığı, “qorxu bilməz”, yatılı da gəzməyi bacaran “igiddən” aldığı avtomat, bu atəşfəşanlığı seyr edə-edə girişə nəzarət edir, bağıra-bağıra bayıra qaçanları bu əziyyətdən qurtarırdı. Seyid ötən müddət ərzində xoşbəxt etdiyi dığaların sayını itirmişdi, pəncərələr dəmir barmaqlıqlarla möhkəm bağlandığı üçün şərəfsizlər qapıdan çıxmağa məcbur idi. Seyid də onları səbirsızliklə gözləyirdi. Bu minvalla Seyid erməninin avtomatındakı patronların da hamısını atdı, sovetdən qalma sandıq çantasındakı dörd sandığı da boşaltdı. Bu avtomatı bura qoydu, kitelini və bretini çıxardıb elə qoydu ki, baxan elə bilsin, kimsə var. Özü isə, gələndə gözaltı etdiyi ikinci mövqeyi tutdu. Bu, dağılmış asfalt örtüyün qurtaracağında, həyətin kənarında köhnədən qalmış beton örtüklərin arası idi. Seyid burdan dairəvi müşahidə aparır, hər şeyi dəqiq görürdü. Bura həm də çıxış üçün rahat idi. Seyid istəsə idi, gəldiyi kimi də çıxıb gedərdi, ancaq onun planında dönüş yox idi- SONUNA QƏDƏR İRƏLİ…

Seyidin saatdan xəbəri olmasa da, hiss edirdi ki, səhərə çox az qalıb Gündağanda dan yeri sökülürdü.

Bu vaxt bir az uzaq da partlayış səsləri eşidildi; bir, iki, üç… hə təlyə siçan düşüb, – düşündü Seyid. İndi harda olsalar gəlib çıxarlar. Mövqeyini bir də yoxladı Seyid. Sağdan-soldan, öndən-arxadan təhlükə yoxdu, lap top atsınlar. Düşmən düşərgəsi demək olar ki, yanıb qurtarmaq üzrə idi. Ara-sıra tək-tək əsgərlər atəş açsalar da yaxına gəlməyə heç kəs cürət etmirdi. Seyid alt paltarında qaçanların heç birinə güllə atmadı, axı ata-babadan eşitmişdi ki, igid basdığın kəsməz, həm də o, qabağına duracaq adam axtarırdı, maləsəf, burda beləsi yox idi… Arada, ordan – burdan əsgərlərin necə qorxa-qorxa ona tərəf boylandığın görürdü. Elə bil, onlar atəş etməyə də qorxurdular, sanki, kimisə gözləyirdilər. Seyid birdən xatırladı ki, axı bunlar kölgəsindən qorxanlardı, yəqin dovşandan qorxanları gözləyirlər. Qoy gəlsinlər- düşündü Seyid. Artıq sübhün ilk işartıları sezildiyi anda həyətə girən maşınların uğultusu eşidildi və eyni anda hər tərəfdən güllə yağmağa başladı, ancaq Seyid tələsmir, yaxınlaşmaların gözləyirdi- boşa güllə atmaq istəmirdi. Gəlin şərəfsizlər, bir balaca şərəfiniz varsa yaxınlaşın deyə-deyə gözləri önündə “Uzaq sahillərdə” filmində Mehdinin meydanın ortasında düşmən əsgərlərini gözləmə səhnəsi canlanırdı.Yox-yox Seyid heç bir şəraitdə özünü partlatmazdı- özünə xəsarət yetirməyin ən böyük günah əməllərdən biri olduğunu lap körpəlikdən bildiyi üçün bu barədə heç vaxt fikirləşməmişdi belə. Silah-sursatını bir daha yoxladı öz avtomatından demək olar ki, bir-iki güllə atıb- hələ onunla xeyli atışmaq olar. Bütün sandıqları doludur. Hələ cibində dolu daraqlar da var. Üç dənə əl qumbarası var. Tüstü şaşkaları da burdadı lazım olar.

Gəlin, gəlin – desə də, dovşandan qorxanlar uzaqdan səs- küy eləməyə üstünlük verirdilər. Seyid bunların da sırasına vər saldı. Seyid gördü ki, əl damının arxasında biri digərlərini başına yığıb, nəsə göstəriş verir. Burdan ora 35-40 metr ancaq olardı. Ya Allah deyib, iki əl qumbarasın elə ustalıqla atdı ki, dalbadal topanın tən ortasına düşdü. Elə bil, arının yuvasını qurdaladın. Bundan sonra dovşandan qorxanlar dovşan kimi dazışmağa başladı. Seyid ovladığı dovşanların sayını çoxdan itirmişdi. Şərəfsizlər əl qumbara atanlarından və avtomatik qumbara atanlardan atmağa başladılar. Hər mərmi beton örtüklərə dəydikcə, qopan qəlpələrdən çox, səs-küy, uğultu Seyidin beynini içəridən yeyirdi. O, bir peşəkar kimi insan orqanizminin bu vəzyyətdə çox davam gətirə bilməyəcini bilirdi, ancaq mümkün qədər çox, çox dovşan ovlamaq lazımdı, yol azuqəsi üçün- o, düşündü. Hiss edirdi ki, istəmədiyi hərəkətləri edir, beyni sarsıdıcı uğultunun, canqa-curuq səs-küyün içində sızıldayırdı. Yaralanmasa da, özünü yaxşı hiss etmirdi. Lazım olmadığı anda qalxır, fırlanırdı. Qəflətən gicgahında arı sancdı sanki, əlini başına apardı, deyəsən başına nəsə dəymişdi. Yəqin, “AQS” qəlpəsidi, gör a, bir belə ehtiyatla hazırlaş, dəbilqəni götürmək yaddan çıxsın, indi əgər başımda olsa idi, heç bu zibil də başıma dəyməzdi, bir az da qırardım bu şərəfsizlərdən, ona görə komandirlər həmişə deyərdi ki, “kaska” əsgərin ikinci başıdı, döyüşə “kaska”-sız gedən elə bil, bir başla gedir, ona da bir şey olanda, bax belə olur – dedi öz-özünə Seyid, ancaq hər şey qaydasında idi, Seyid axırıncı əl qumbarasın yaxınlaşmaq istəyən qrupun üzərinə atdı. Bir yandan uğultu, bir yandan yaralı dovşanların cığıltısı Seyidin beyninə işləyirdi. Gözü açıq olsa da, arada sanki, yumulur, gözünün qabağına dağlar gəlir, həmişə Günəşin batdığı yerdə, Günbatanda GÜNƏŞ doğurdu. O, başını silkələdi- əstəğfirullah, bu nədi o, Gündoğana baxdı dan yeri al qana boyanmışdı, ancaq Günəş dağların arxasında doğmaqda idi, Günbatanda. Seyid ani olaraq nəsə düşünüb, tüstü şaşkasının birini çəkib, atdı. İkincisini də onunun bir az qabağına atdı. Ətrafı qırmızıya, boza çalan göy tüstü bürüdü. Seyid mövqeyindən çıxıb, sökülmüş asfalt örtüklə torpağa tərəf getdi. İndi o, örtüyün qurtardığı yeri, bizim bağlardan sökülən beton dirəkdən olan səkini aydın görürdü. Bu anda çıp, çıp iki səs gəldi qulağına, öndən bir balaca sağ tərəfdən sanki, iki arı eyni anda sancdı. Bu, it arıları ilə çox oynadım a, deyəsən – düşündü Seyid. Sol böyründə ağrı hiss etdi, əlini yumşaq komfilyaj köynəyinin üstü ilə aşağı sürüşdürdü. Solda, aşağıda baş barmaq girən yara açılmışdı, bu da son – düşündü Seyid. Üzünü göyə tutub, Allahım, bu mərtəbəni mənə çox görmə, yaralı bu şərəfsizlərə əsir etməginən- dedi. Üstündə quru otlar olan torpağı görürdü. İstədi ora çatıb, torpağın üstünə uzanıb, dincəlsin. Səkiyə üç-dörd addım var idi, hər tərəf tüstü idi, hiss etdi ki, iki dəstəkli avtomatı ona ağırlıq edir istədi atsın, ancaq komandirlərinin sözü qulağında cingildədi:- “Əsgərin silahı arvadından irəlidir!”- atmadı, avtomat özü sürüşüb düşdü əlindən. Bir, iki addımladı, səkiyə çatdı, indi beş-altı santılıq səki onun qabağını kəsmişdi. Bu qədər dağları, dərələri aşasan bir “barduru” keçə bilməyəsən- düşündü Seyid. Son gücünü toplayıb, bir addım da atdı, nəsə, nə vaxtsa murdar dığaların əli ilə tökülmüş asfalta yıxılmaq istəmirdi. İstəyirdi ki, illərdi mərd ogulların nəşinə təşnə qalan, şərəfsiz düşmən əsarətində inləyən VƏTƏN TORPAĞINA yetirsin özünü… Ayağı səkiyə ilişdi, yıxılmadı səndələdi bir az… Yavaşca sağ dizi üstə çöküb, sag böyrü üstə uzandı- sol yaman incidirdi- sağ əlini torpağa tərəf uzatdı, başını qaldırıb, həsrətlə baxdı burnunun ucundakı torpağa; İlahi hələ çoxmu öz torpağımızda həsrətlə baxacayıq öz torpağımıza-dedi və başını qolunun üzərinə qoydu. Hiss etdi ki, iradəsini itirir, istədi gözlərini yumsun, ancaq göz qapaqları sözünə baxmadı. İstədi sol əlini qaldırıb, gözlərini yumsun. Qolunu bir az qaldırdı, ancaq axıra qədər qalxmadı yanına düşdü. Göy üzünə baxa-baxa kelmeyi-şəhadət gətirdi. Daha heç nə düşünmürdü, gedirdi üzü Günbatanda doğan Günəşə tərəf gedirdi… Sanki, kimsə onu gəzdirirdi; bura Ağdərədi, bura Kəlbəcərdi, bura Laçındı, bura Göyçədi, bura Borçalıdı,bura Dərbənddi, bura İrəvandı, bura Zəngəzurdu, bura Təbrizdi, bura Füzulidi, bura Zəngilandı, bura Qubadlıdı, bura Cəbrayıldı, bura Xocavənddi, bura Ağdamdı, bura Xocalıdı, bura Xankəndidi, bura Şuşadı- Qaladı eee, Qala- bura QARABAĞDI- bura dünyanın mərkəzidi, bura bəşəriyyətin beşiyidi, bura ADƏMİN vətənidi, bura AZƏRBAYCANDI, bu torpaqlar türk oğluna UCA TANRININ ərmağanıdı, bu torpaq Adəmin yoğrulduğu torpaqdı, bu torpağın uğrunda ŞƏHİD olmaq hər kəsə nəsib olmur… O, quş kimi idi, sərhəd tanımırdı. Elə bil, bir az əvvəl bir səkinin əlində aciz qalan adam deyildi. Üzü Günbatanda doğan Günəşə doğru gedirdi. Birdən dayandı mən hara gedirəm belə, bəs bu mənə deyilənləri necə çatdırım Vətən oğullarına, düşüncəsi ilə uçdu göylərə…

İndi, Günbatanda bir ulduz parlayır, elə parlayır, elə parlayır ki, sanki, gəl, gəl, bu tərəfə gəl, buralar səni gözləyir deyir…

07-21 fevral 2011. BAKI.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru