Etiket arxivi: Sevda Ziyad

Sevda Ziyad yazır

Ayətxan Ziyad – 75

AYƏTXAN ZİYAD YARADICILIĞINDA SÖZÜN ÇƏKİSİ

Martin Haydeggerin dil və varlıq fəlsəfəsi kontekstində

(I fəlsəfi qat)

Sözün mahiyyəti:

yaşantı, yaddaş və özünüdərk

İnsan dünyanı yalnız gördükləri və eşitdikləri ilə deyil, yaşadıqlarını necə dərk etməsi və sözə çevirməsi ilə də tanıyır. Dil bu mənada sadəcə ünsiyyət vasitəsi deyil. İnsan münasibət­lərini, düşüncələrini, yaddaşını və yaşantılarını dil vasitəsilə ifa­də edir. Sözün seçimi, cümlənin quruluşu, danışıq tərzi və hadi­sə­yə verilən ad müəllifin dünyaya baxışını üzə çıxarır. Buna görə də yaradıcılığa yalnız yazılmış mətnlərin məcmusu kimi deyil, insanın həyatla, yaddaşla və öz varlığı ilə münasibətinin ifadəsi kimi yanaşmaq lazımdır.

Ayətxan Ziyadın yaradıcılığında sözün bu xüsusiyyəti iki istiqamətdə görünür. Bir tərəfdən, müəllif şəxsi həyat təcrübə­sini, xatirələrini və daxili yaşantılarını sözə gətirərək özünüdərk prosesini təqdim edir. Digər tərəfdən, publisistik yazılarında müşahidə etdiyi ictimai hadisələrə münasibət bildirir, gündəlik həyatın adi görünən mənzərələrindəki ziddiyyətləri üzə çıxarır. Bu iki istiqamət zahirən fərqli olsa da, onları birləşdirən əsas cəhət sözə münasibətdir: yaşanmış hadisə də, ictimai müşahidə də müəllifin düşüncəsindən keçərək mətnə çevrilir.

“Bu, bu mənəm – A. Ziyad” kitabında yer alan şəxsi xati­rə­lər müəllifin öz həyatına kənardan baxmaq cəhdi kimi diqqəti cəlb edir. “Mən kiməm?” sualı burada yalnız bioqrafik məlumat axta­rışı deyil. Bu sual insanın öz keçmişinə, yaşadığı hadisələrə, yaddaşında qalan izlərə və həmin izlərin bugünkü mənliyində tutduğu yerə münasibətini ifadə edir. “Bu, bu mənəm” ifadəsi də özünü təqdim etməklə yanaşı, insanın yaşadıqlarını yenidən nəzərdən keçirməsinə imkan yaradır.

Kitabda ayrı-ayrı xatirələrin başlığa çevrilməsi təsadüfi deyil. “Atam mənə bircə dəfə sillə vurub”, “Atam mənə bircə dəfə ‘Sən düzələn deyilsən’ deyib”, “Atam mənə bircə dəfə ‘Sağ ol’ söyləyib” kimi başlıqlar ilk baxışda ailə münasibətlərindən götü­rülmüş konkret hadisələri xatırladır. Lakin onların məna yükü yalnız həmin hadisələrlə məhdudlaşmır. Burada ata ilə öv­lad münasibəti, uşaqlıq yaddaşı, insanın öz davranışına sonradan verdiyi qiymət və keçmişin bugünkü düşüncəyə təsiri bir araya gəlir. Başlıqların danışıq dilinə yaxınlığı da xatirələrin süni bədii quruluşa salınmadığını, yaşanmış hadisənin öz ifadə tərzində təqdim olunduğunu göstərir.

“Ünvansız xatirə”, “Bu dünyada da, O dünyada da özümə bağışlamayacağam”, “İnsanın ruhu da ağlayarmış” kimi nümu­nə­lərdə isə şəxsi təcrübənin mənəvi tərəfi ön plana keçir. Xatirə burada keçmişdə baş vermiş hadisənin sadəcə nəqli deyil; insa­nın həmin hadisə ilə bu gün də davam edən daxili münasibətidir. Müəllifin “Mən həyatın insana vurduğu ‘sillələri’ iki qismə bölürəm” fikri də yaşantının düşüncəyə çevrilməsini göstərir. Həyat hadisəsi başa çatdıqdan sonra onun mənası bitmir. İnsan həmin hadisəni yaddaşında saxlayır, ona yenidən qayıdır, bəzən əvvəlki münasibətini dəyişir, bəzən isə onu öz həyatının mühüm nəticəsi kimi qəbul edir.

“Bu çağacan həyatımda dörd itkim var” ifadəsi də itki anlayışına yalnız baş vermiş hadisə kimi yanaşılmadığını gös­tərir. İtki insanın yaddaşında davam edən, onun düşüncəsinə və özünüdərk prosesinə təsir göstərən təcrübədir. Bu baxımdan kitabda xatirələr bir-birindən təcrid olunmuş epizodlar deyil. Onlar müəllifin həyatına, insan münasibətlərinə və özünə Verdi­yi qiymətə dair bütöv bir mənzərə yaradır.

Şəxsi yaddaşın sözə çevrilməsi ilə publisistik müşahidənin mətnə gətirilməsi arasında mühüm əlaqə vardır. Birinci halda müəllif öz yaşantısını təhlil edir, ikinci halda isə cəmiyyətdə müşahidə etdiyi hadisələri dəyərləndirir. Hər iki halda sözün arxasında konkret təcrübə dayanır. Deməli, Ayətxan Ziyadın yaradıcılığında söz yalnız hadisəni çatdırmır; yaşanmış və düşü­nülmüş təcrübənin ifadəsinə çevrilir.

Xalq danışığının yaradıcı imkanları

və Mirzə Cəlil ənənəsi

Ayətxan Ziyadın publisistik yaradıcılığında xalq danışığın­dan gələn ifadələr mətnin bəzəyi və ya danışıq dilini təqlid etmək vasitəsi deyil. “Vallah-billah”, “a kişilər”, “nə isə”, “Allah şeytanın evini yıxsın”, “qulaq günahkarıyam”, “xub, gedə bilərsən” kimi ifadələr konkret vəziyyətin içində işlənir və özünəməxsus məna daşıyır. Onların hər biri danışanın müna­sibətini, əhvalını, tərəddüdünü, narazılığını və ya hadisəyə yanaş­masını müəyyənləşdirir.

Bu ifadələr yazıya gətirilərkən ilkin danışıq təbiətini itir­mir. Əksinə, mətnin ümumi məzmunu ilə əlaqəyə girərək hadi­sə­nin və danışanın münasibətinin daha canlı görünməsinə xid­mət edir. Müəllif xalq danışığının təbii axarını qoruyur, eyni zamanda onu publisistik məqsədə yönəldir. Nəticədə oxucu hadisəni kənardan verilmiş izah vasitəsilə deyil, canlı nitqin içindən dərk edir. Burada əsas məsələ ayrı-ayrı ifadələrin işlədil­məsi deyil, onların mətnin məzmununa və müəllifin mövqeyinə uyğun seçilməsidir.

“İmza, dilsiz-ağızsız” kitabının “Ruhun şad olsun, Mirzə Cəlil” bölümündə toplanmış beş məqalə bu baxımdan xüsusi maraq doğurur: “Vağzal olayları”, “Yeni Yasamalda ayrı-seçki­lik”, “Oxutmuram, əl çəkin”, “Öyrəncəli olmaq yaman dərd­di” və “Mənzil sahibiykən kirəkeş ömrü. Yaxud Bayıldan halay­lanan yol Qobustanda qərar tutur”. Mövzuları fərqli olsa da, bu yazıları birləşdirən əsas cəhət müəllifin xalq danışığının imkan­larından və canlı nitqin ifadə gücündən istifadə edərək ictimai hadisələrə münasibət bildirməsidir.

“Vağzal olayları” məqaləsinin “Ax, o günlər, o dəmlər, o zamanlar…” sözləri ilə başlanması səciyyəvidir. İlk anda keçmi­şə xiffət, əvvəlki günlərə həsrət təsiri yaradan bu ifadə sonrakı mətnin gedişində ironik çalar qazanır. Müəllifin məqsədi keçmi­şi sadəcə tərifləmək deyil. Başlanğıcdakı nostalji intonasiya ilə təsvir olunan indiki mənzərə arasında yaranan fərq oxucunu hadisəyə başqa gözlə baxmağa sövq edir. Tanış ifadə yeni mətn mühitində başqa məna daşımağa başlayır. Bu, Ayətxan Ziyadın xalq danışığından mexaniki şəkildə istifadə etmədiyini, onu yaradıcı şəkildə işlədiyini göstərir.

Xalq danışığının mətnə gətirilməsi yalnız ayrı-ayrı söz və ifadələrlə məhdudlaşmır. İnsanların danışıq tərzi, bir-birinə ver­di­yi cavablar, söz arasındakı susqunluq və intonasiya da yazının məna quruluşunda iştirak edir. Buna görə də müəllifin dil xüsu­siy­yətlərini araşdırarkən dialoqların mətn daxilindəki funksiya­sına ayrıca diqqət yetirmək lazımdır.

“Yeni Yasamalda ayrı-seçkilik” məqaləsində Həsən Abba­so­vun nitqi ilə müəllifin daxili münasibəti növbələşir. Danışanın sözləri hadisənin bir tərəfini göstərir, müəllifin təqdimatı isə həmin sözlərin arxasında dayanan münasibəti üzə çıxarır. Belə­liklə, mətn yalnız müəllifin nəqlindən ibarət qalmır; hadisə işti­rakçısının nitqi də onun açılmasında iştirak edir.

“Oxutmuram, əl çəkin” məqaləsində dialoqların funksiyası bir qədər fərqlidir. Burada personajların sözləri onların davranı­şını və düşüncə tərzini açır. “Sən kimsən?”, “O bilər, biz bilə­rik”, “Əlimiz uzundur” kimi ifadələr təkcə cavab və ya müra­ciət deyil. Onların arxasında özünəinam, hökmranlıq iddiası, başqa­sını saymamaq və müəyyən münasibətləri şəxsi üstünlük vasi­təsinə çevirmək meyli görünür. Müəllif bu xüsusiy­yətləri uzun izahlarla təqdim etmək əvəzinə, personajların öz sözləri ilə üzə çıxarır.

Dialoqların bu şəkildə qurulması oxucuya hadisəni müstə­qil qiymətləndirmək imkanı verir. Müəllifin mövqeyi hiss olu­nur, lakin hər məqamda açıq hökm şəklində ifadə edilmir. Bəzən bir replikada cəmlənən məna geniş şərhdən daha təsirli olur.

Bu xüsusiyyət Mirzə Cəlil ənənəsi ilə də səsləşir. “Oxut­mu­ram, əl çəkin” məqaləsində müəllifin “Ruhuna qəni-qəni rəh­mət, ulu babam!” müraciəti təsadüfi deyil. Burada Mirzə Cəli­lin adı yalnız ehtiram ifadəsi kimi çəkilmir; xalqın canlı nitqini ictimai tənqid vasitəsinə çevirmək ənənəsi ilə mənəvi bağlılıq da duyulur. Ayətxan Ziyad bu ənənəni təkrarlamaqla kifa­­yətlənmir, onu öz dövrünün hadisələrinə və münasibətlərinə tətbiq edir.

Dialoq, ironiya

və sözün ikinci mənası

Dialoqun gücü, əslində, sözün açıq mənası ilə onun arxa­sında gizlənən münasibət arasındakı fərqdən yaranır. Danı­şan bəzən özünü ifadə etdiyini düşünsə də, söylədiyi söz onun niy­yə­tini və mövqeyini gözlədiyindən daha aydın göstərir. Bu məqam Ayətxan Ziyadın məqalələrində mühüm yer tutan ironi­ya ilə birbaşa bağlıdır.

İroniya hadisəyə münasibətin dolayı ifadə formasıdır. Müəl­lif bəzən açıq tənqidə müraciət etmir, hadisəni elə təqdim edir ki, onun ziddiyyəti və uyğunsuzluğu oxucuya aydın görü­nür. Sözün zahiri mənası ilə mətn daxilində qazandığı məna arasındakı məsafə ironiyanın əsasını təşkil edir.

“Vağzal olayları” məqaləsində bu üsul xüsusilə nəzərə çar­pır. Başlanğıcdakı keçmişə xiffət intonasiyası ilə sonrakı hadisə­lərin təsviri arasında yaranan ziddiyyət oxucuda istehzalı müna­sibət formalaşdırır. Müəllifin “inanmaq istəmirəm” ifadə­sinə qayıtması da bu baxımdan diqqətəlayiqdir. Təkrar olunan sözlər sadəcə təəccüb bildirmir; hadisənin yaratdığı uyğunsuzluğa münasibəti gücləndirir. İfadənin mənası onun hansı vəziyyətdə və hansı intonasiya ilə işlədilməsindən asılı ola­raq dəyişir.

“Oxutmuram, əl çəkin” məqaləsində isə ironiya personaj­ların öz danışığında üzə çıxır. Onların sözləri bəzən özlərini müdafiə etmək məqsədi daşısa da, əslində, tənqidə səbəb olan münasibəti daha aydın göstərir. Müəllif personajların davranışını uzun-uzadı izah etmir; onların danışığına imkan yaradır və həmin danışığın özünü ifşa edən tərəfini ön plana çəkir.

Beləliklə, dialoq və ironiya Ayətxan Ziyadın publisistik üslubunda bir-birini tamamlayan vasitələrdir. Dialoq hadisədə iştirak edən mövqeləri üzə çıxarır, ironiya isə həmin mövqelərlə gerçəklik arasındakı uyğunsuzluğu göstərir. Hər iki üsul müəl­lifin mövqeyini daha aydın ifadə etməyə xidmət edir.

Metaforik ifadə

və başlığın düşüncə yükü

Ayətxan Ziyadın publisistik dilində obrazlılıq yalnız bədii təsvir yaratmaq məqsədi daşımır. Bəzi başlıqlar və ifadələr məqa­­lənin əsas ziddiyyətini qısa şəkildə ifadə edir, oxucunun diqqətini hadisənin zahiri tərəfi ilə onun mahiyyəti arasındakı fərqə yönəldir.

“Mənzil sahibiykən kirəkeş ömrü” başlığında bu xüsusiy­yət aydın görünür. “Mənzil sahibi” və “kirəkeş” anlayışlarının bir başlıqda qarşılaşdırılması oxucunun diqqətini dərhal ziddiy­yətə yönəldir. İnsan mənzil sahibi olduğu halda kirayəçi həyatı yaşamağa məcbur qalırsa, burada adi məişət çətinliyindən daha geniş bir problem var. Başlığın özü həmin ziddiyyəti yığcam şəkildə ifadə edir.

Məqalənin ikinci hissəsindəki “Bayıldan halaylanan yol Qobus­tanda qərar tutur” ifadəsi də adi istiqamət bildirməkdən fərqlənir. Yolun “halaylanması” və “qərar tutması” ona insan hərə­­­­kətini xatırladan məna verir. Beləliklə, müəllif yolun uzan­masını və vəziyyətin mürəkkəbliyini obrazlı ifadə ilə təqdim edir.

Vağzalın “vağzal-kommersiya bazarı”, “vağzal-tolkuçka”, “vağzal-hərrac bazarı”, “vağzal-kolxoz bazarı” kimi adlan­dı­rıl­ması da eyni yaradıcılıq prinsipindən irəli gəlir. Bu adlandır­malar məkanın rəsmi və adi funksiyası ilə onun faktiki mənzə­rəsi arasındakı fərqi göstərir. Müəllif bir neçə sözlə həmin məkanın necə dəyişdiyini, hansı münasibətlərin orada üstünlük qazandığını oxucuya çatdırır.

Başlıqların Ayətxan Ziyadın publisistik üslubunda xüsusi yeri var. Onlar çox vaxt məqalənin əsas fikrini əvvəlcədən açır, lakin bütün məzmunu açıqlamır. Başlıqda yaradılan maraq mət­nin davamında konkret hadisə, müşahidə və arqumentlərlə tamam­lanır. Bu baxımdan başlıq müstəqil bədii element olmaqla yanaşı, məqalənin düşüncə istiqamətini müəyyənləşdirən vasitə­dir.

“Vağzal olayları”nda sadə və ümumi görünən adlandırma məqalənin ironik istiqamətini açır. “Mənzil sahibiykən kirəkeş ömrü” başlığında isə ziddiyyət birbaşa ifadə olunur. Bu nümunə­lər göstərir ki, müəllif başlığı yalnız mövzunu bildirmək üçün deyil, oxucunu müəyyən düşüncə müstəvisinə daxil etmək üçün də işlədir.

Xalq ifadəsinin

yeni məna qazanması

Ayətxan Ziyadın dil xüsusiyyətlərini daha aydın göstərən nümunələrdən biri “Öyrəncəli olmaq yaman dərddi” məqalə­sidir. Burada müəllif gündəlik danışıqda işlənən “öyrəncəli” sözü­nü adi vərdiş anlayışından daha geniş məna müstəvisinə keçirir. Söz artıq yalnız nəyəsə alışmaq, bir işi təkrar etmək məna­­sında qalmır. Təkrarlanan hadisələrə münasibətin dəyiş­məsini, insanın əvvəlki həssaslığını itirməsini, narahatedici vəziy­yətlə barışmağa başlamasını ifadə edir.

Məqalədə “hər payız”, “hər çillə”, “hər dəfə” kimi zaman bildirən ifadələrin təkrarlanması təsadüfi deyil. Bu sözlər hadi­sə­lərin bir dəfə baş vermədiyini, təkrarlandığını göstərir. Tək­rarın özü isə zaman keçdikcə başqa məna qazanır: insan əvvəlcə narahat olduğu vəziyyətlə sonradan barışır, onu həyatın adi halı kimi qəbul etməyə başlayır.

Telman Mehdixanlının “İnanın, bu yaz özgə yaza bənzə­məyəcək” cümləsinin yenidən sərlövhə kimi qayıtması da mət­nin bu məna quruluşuna daxildir. İlk baxışda ümid və dəyi­şiklik vədi təsiri bağışlayan ifadənin təkrar qayıtması oxucuda əks təəssürat yaradır. Çünki əvvəlki vədlərin nəticəsi ilə yeni vədin məzmunu arasında fərq görünmür. Beləliklə, təkrar həm zama­nın keçməsini, həm də dəyişməzliyin davam etməsini göstərir.

“Öyrəncəli olmaq yaman dərddi” ifadəsinin özündə də müəyyən qiymətləndirmə var. Müəllif “öyrəncəli” sözünü sadə­cə bir halın adı kimi işlətmir; ona “yaman dərd” deyərək insanın bu vəziyyətə alışmasını mənəvi və ictimai problem kimi təqdim edir. Beləliklə, gündəlik danışıqdan götürülmüş söz məqalənin əsas fikrini daşıyan ifadəyə çevrilir.

Burada zaman anlayışı da əhəmiyyətlidir. Keçmişdə baş vermiş hadisə, indiki münasibət və gələcəyə yönələn gözlənti bir-birindən ayrılmır. İnsan təkrar olunan vəziyyətləri yadda­şında saxlayır, onlara münasibətini dəyişir və gələcəkdən göz­lən­­tilərini həmin təcrübəyə uyğun qurur. Müəllifin sözə verdiyi məna da bu zaman əlaqəsini üzə çıxarır.

Bu nümunədə diqqət çəkən cəhət xalq danışığından gələn sözün öz-özlüyündə deyil, məqalənin məzmunu daxilində yeni məna qazanmasıdır. “Öyrəncəli” ifadəsi burada ümumi danışıq xüsusiyyəti kimi deyil, konkret ictimai vəziyyətə verilən müəllif qiyməti kimi çıxış edir. Sözün məna yükü onun təkrarlanan hadisələr, dəyişməyən vədlər və insanın həmin vəziyyətə alış­ması ilə əlaqəsindən yaranır.

Publisistik sözün

ictimai məsuliyyəti

Ayətxan Ziyadın nəzərdən keçirilən məqalələrində sözün ifadə gücü onun ictimai məzmunu ilə bağlıdır. Müəllifin diqqət mərkəzində duran hadisələr şəxsi narazılıq səviyyəsində qalmır. Vağzalın vəziyyəti, Yeni Yasamaldakı ayrı-seçkilik, təhsil mühi­­­­­tindəki münasibətlər, mənzil problemi və təkrarlanan icti­mai nöqsanlar daha geniş mühitin göstəricisi kimi təqdim olu­nur.

“Yeni Yasamalda ayrı-seçkilik” məqaləsində konkret hadi­sə üzərindən insanların münasibətlərindəki fərqlər və bu fərq­lərin yaratdığı narazılıq gündəmə gətirilir. “Oxutmuram, əl çəkin” yazısında təhsil məsələsi ətrafında yaranan münasibətlər personajların nitqi və davranışı vasitəsilə açılır. “Mənzil sahi­biykən kirəkeş ömrü” məqaləsində isə mənzil sahibi olmaqla kirayəçi həyatı yaşamaq arasındakı ziddiyyət ictimai problemin ifadəsinə çevrilir.

Bu yazılarda müəllifin mövqeyi yalnız tənqid etməkdən iba­rət deyil. O, hadisənin səbəb və nəticələrinə diqqət yönəldir, oxucunu görünən mənzərənin arxasındakı münasibətləri düşün­məyə çağırır. Bəzən bunu bir dialoqla, bəzən ironik başlıqla, bəzən də xalq danışığından götürülmüş bir ifadə ilə edir.

Sözün ictimai təsirini qiymətləndirərkən isə ehtiyatlı ol­maq lazımdır. Məqalədə problemin qaldırılması ilə həmin prob­lemin həll edilməsi eyni məna daşımır. Müəllifin yazılarının icti­mai əhəmiyyəti, ilk növbədə, diqqətdən kənarda qalan məsə­lələri gündəmə gətirməsində, oxucunu laqeyd münasibətdən uzaq­laşdırmasında və hadisəyə tənqidi baxış yaratmasındadır. Bu, publisistik sözün məsuliyyətini müəyyən edən əsas cəhətlər­dəndir.

“İmza, dilsiz-ağızsız” kitabında toplanmış publisistik yazı­lar bu istiqaməti daha geniş şəkildə izləməyə imkan verir. “Sərgü­zəşti-məmləkəti-Hacıqabul”, “Real həyatın gerçək üzü”, “Misir Mərdanov ‘demokratiyasının’ təntənəsi” kimi bölmələrdə yer alan yazılar müxtəlif sahələrdə müşahidə olunan problemləri əhatə edir. Dəmir yolu və vağzal məsələləri, yaşayış və infra­struktur çətinlikləri, yerli idarəetmə, təhsil müəssisələrində baş verənlər, məktəblərdə pul yığımı və müəllimlərin şikayətləri müəl­lifin diqqət yetirdiyi mövzular sırasındadır.

Bu yazılarda ictimai problemin təqdim olunması bir neçə mərhələdə baş verir: əvvəlcə konkret hadisə və ya müraciət diqqətə çatdırılır, sonra onun doğurduğu narahatlıq və ziddiy­yətlər göstərilir, sonda isə məsələnin həlli üçün ictimai və rəsmi münasibətə ehtiyac vurğulanır. Bu yanaşma publisistikanın əsas vəzifələrindən biri ilə – cəmiyyətin diqqətindən kənarda qala bilən problemləri görünən etmək və onların müzakirəsinə şərait yaratmaqla – bağlıdır.

“Adətkərdə olmaq xəstəli!” yazısından sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Arif Ağayevin redaksiyaya cavab məktubu göndərərək qaldırılan məsələlərin müzakirə olun­­­duğunu bildirməsi publisistik sözün ictimai dövriyyəyə daxil olmasının konkret nümunəsidir. Burada məqalə yalnız qəzet səhifəsində qalmır; onun qaldırdığı məsələ rəsmi müna­si­bət doğurur. Bu fakt yazının təsirini qiymətləndirmək üçün əhəmiyyətlidir, çünki ictimai tənqidin ünvanına çatdığını və müzakirəyə səbəb olduğunu göstərir.

2001-ci ildə “Təhsilimizdə Misir Mərdanov “demokratiya­sının” təntənəsi” silsiləsi çərçivəsində dərc olunan yazılar isə müəl­­lifin diqqətini ayrı-ayrı hadisələrlə məhdudlaşdırmadığını göstərir. Məktəblərdə pul yığımı, təhsil müəssisələrinin idarə olunması, müəllimlərin şikayətləri, təhsil siyasətinin nəticələri və məktəb mühitində yaranan problemlər silsilənin əsas mövzu­ları sırasındadır. “M.Mərdanov yeni qazanc yerləri axtarışın­dadır”, “Məktəbdə özbaşınalıq”, “‘Təzadlar’ qəzeti redaksiya­sında görüş”, “Məktəblərdə pul yığımının sonu olacaqmı?”, “Oğru elə bağırdı ki…”, “Məmməd Bayramovla Plexanovun fərqi nədədir?” və “İslahatçı nazir, yaxud Misir Mərdanovun bu ad altında axtardıqları” kimi yazılar mövzunun müxtəlif tərəf­­lərini əhatə edir.

Bu silsilənin əhəmiyyətli cəhətlərindən biri redaksiyanın şikayətçilər üçün müraciət və dinlənilmə məkanına çevril­məsidir. Müəllimlərin redaksiyaya gəlməsi, öz problemlərini çat­dırması, müraciətlərinin Prezidentə, Baş prokurora və digər aidiyyəti qurumlara göndərilməsini istəməsi publisistikanın icti­mai əlaqə yaratmaq funksiyasını göstərir. Jurnalist burada yalnız müşahidəçi deyil; o, müraciətlərin ictimaiyyətə çatdırılmasına və müvafiq qurumların diqqətinə yönəldilməsinə vasitəçilik edir.

“‘Təzadlar’ qəzeti redaksiyasında görüş” və “Məktəblərdə pul yığımının sonu olacaqmı?” yazıları bu baxımdan xüsusilə əhəmiyyətlidir. Redaksiyaya gələn müəllimlərin fikirləri və müra­­­ciət­ləri problemin yalnız bir məktəbin və ya bir şəxsin narazılığı olmadığını göstərən material kimi təqdim olunur. Müəllif ayrı-ayrı şikayətləri ümumi təhsil mühitindəki vəziy­yətlə əlaqələndirir. Beləliklə, fərdi müraciət ictimai müzakirənin predmetinə çevrilir.

“İslahatçı nazir, yaxud Misir Mərdanovun bu ad altında axtardıqları” yazısında isə tənqid yalnız konkret idarəçilik iddia­ları ilə məhdudlaşmır. Tədris proqramlarının həcmi, şagird­lərin yaş səviyyəsinə uyğun olmayan yüklənməsi və təhsil pro­sesinin ümumi vəziyyəti də diqqətə gətirilir. Heydər Əliyevin 82 saylı məktəbdə təhsilin vəziyyəti ilə maraqlanması və təcrübəli mək­təb rəhbəri Arif Mehrəliyevin tədris yükü barədə fikirləri bu müza­kirənin kontekstində təqdim olunur. Bu nümunə müəllifin təhsil probleminə yalnız gündəlik şikayət səviyyəsində deyil, onun uzunmüddətli nəticələri baxımından da yanaşdığını göstə­rir.

Bununla belə, publisistik mövqenin elmi qiymətləndiril­məsi zamanı jurnalist araşdırması ilə hüquqi hökm arasında fərq qorunmalıdır. Məqalədə irəli sürülən iddialar, təqdim olunan müra­ciətlər və rəsmi cavablar ictimai müzakirənin materialıdır. Onların hüquqi baxımdan təsdiqi və ya təkzibi isə səlahiyyətli qurumların araşdırmasının predmetidir. Ayətxan Ziyadın public­sistik fəaliyyətinin əhəmiyyəti də jurnalistin məhkəmə və ya istintaq orqanını əvəz etməsində deyil, ictimai əhəmiyyət daşı­yan məsələləri görünən etməsində, müraciətləri dinləmə­sində və cavab tələb edən sualları gündəmə gətirməsindədir.

Bu yanaşma sözün məsuliyyətini daha aydın göstərir. Jur­na­list üçün məsuliyyət yalnız yazmaq cəsarəti deyil; faktı, müra­ciəti, şəxsi münasibəti və hüquqi qiymətləndirməni bir-birin­dən ayır­maq bacarığıdır. İctimaiyyətə təqdim olunan sözün etibarı onun emosional təsirindən daha çox, hansı əsaslara söy­kən­mə­sindən asılıdır.

Müəllif imzası

və sözə məsuliyyət

Ayətxan Ziyadın yaradıcılığında imza yalnız yazının altında göstərilən ad deyil. İmza müəllifin öz yazısına müna­sibətini, fikrini necə işləməsini və ortaya qoyduğu mətnə görə məsuliyyətini ifadə edir. Bu məsuliyyət, ilk növbədə, müəllifin yazı üzərində dönə-dönə işləmək, öz mətninə tənqidi yanaşmaq və lazım gəldikdə onu dəyişmək bacarığında görünür.

Müəllifin yazı üzərində işləməyə münasibəti “Bu mənəm – Ayətxan Ziyad” kitabında ifadə etdiyi fikirlərdən aydın görünür. O, yazılarını bir neçə dəfə oxuduğunu, mətnə yenidən qayıtmağı vacib saydığını bildirir. “Yazdığını əgər pozmağa ‘gücün’ çat­mırsa, səndən qələm sahibi çıxmaz” fikri onun redaktə prin­sipini yığcam şəkildə ifadə edir.

Bu yanaşmada yazmaqla kifayətlənmək yoxdur. Müəllif öz yazısına yenidən baxmalı, artıq sözləri seçməyi, uğursuz ifadə­dən imtina etməyi, fikrin daha dəqiq ifadə olunması üçün mətni dəyişməyi bacarmalıdır. Redaktə burada texniki düzəliş deyil, müəllifin öz düşüncəsinə tələbkarlığıdır. Yazı üzərində yenidən işləmək müəllifin ilkin variantına bağlı qalmadığını, mətnin daha dəqiq və aydın formaya düşməsi üçün öz yazdıqlarını da sorğulaya bildiyini göstərir.

Bu tələbkarlıq Ayətxan Ziyadın müxtəlif janrlarda yazdığı mətnlər üçün də əhəmiyyət daşıyır. Publisistika, ədəbi tənqid, elmi araşdırma, şeir və nəsr fərqli ifadə imkanlarına malikdir. Ancaq janr dəyişsə də, sözün dəqiqliyi, fikrin aydınlığı və mövzuya münasibətin əsaslı olması tələbi dəyişmir. Müəllif imza­sının arxasında dayanan məsuliyyət də bu tələblərə əməl etməkdən başlayır.

Beləliklə, imza yazının sonunda qoyulan ad olmaqdan daha geniş məna daşıyır. O, müəllifin öz mətninə münasibətini, yaz­dıqlarını yenidən nəzərdən keçirmək iradəsini və söz qarşı­sında götürdüyü öhdəliyi özündə birləşdirir. Sözün çəkisi isə müəllifin həmin öhdəliyə nə dərəcədə sadiq qalmasından asılı­dır.

Sözün qarşılıqlı həyatı:

müəllif və ədəbi mühit

Ayətxan Ziyadın sözə münasibətinin başqa bir istiqaməti onun ədəbi mühitlə əlaqəsində və başqa müəlliflərin yaradıcı­lı­ğına verdiyi qiymətdə görünür. “Bu, bu mənəm – A. Ziyad” kita­bının digər bölmələri onun yalnız öz yazdıqlarına deyil, qələm yoldaşlarının fikirlərinə, yaradıcılığına və ədəbi mühit­dəki münasibətlərə də diqqət yetirdiyini göstərir.

Kitabın “Ayətxan Ziyad dostların, qələm yoldaşlarının deyim­lərində” bölməsində müxtəlif müəlliflərin onun haqqında yazıları, təbrikləri və telefon mesajlarında qorunmuş fikirlər top­la­nıb. Bu materiallar müəllifin özünü təqdim etməsi ilə baş­qa­larının onu necə dəyərləndirməsi arasında müqayisə imkanı yaradır. Lakin bu bölmənin elmi əhəmiyyəti yalnız müsbət fikir­lərin toplanmasında deyil. Burada müəllifin ədəbi və peşəkar mühitlə əlaqəsi, sözün insanlar arasında yaratdığı münasibət və yaddaşın qarşılıqlı xarakteri görünür.

Kitabın digər bölməsində Ayətxan Ziyadın müxtəlif müəl­liflərin kitabları haqqında yazdığı məqalə və rəylərin yer alması da diqqətəlayiqdir. Reyhan Miqdadqızı, Araz Qurbanov, M.Məm­­­mədhüseynqızı, N.İlkin, Elnarə Səma, Zəkəriyyə Qələ­bə, İ.Aşıqi, Sərvər Əmrah, Əşrəf Hümmətov və Zaur Ustac kimi müəl­liflərin yaradıcılığına münasibət bildirməsi onun oxucu və tənqidçi kimi fəaliyyətini göstərir.

Bu yazılarda müəllifin diqqəti başqa qələm sahibinin əsə­rinə, onun mövzu seçiminə, ifadə tərzinə və yaradıcılıq xüsu­siy­yətlərinə yönəlir. Belə münasibət yalnız təqdimat xarakteri daşı­mır; müəllif oxuduğu əsəri öz düşüncə və estetik meyarları əsasında dəyərləndirir. Bu baxımdan həmin məqalə və rəylər Ayətxan Ziyadın ədəbi zövqünü, oxu təcrübəsini və başqa müəlliflərin yaradıcılığına yanaşma prinsiplərini öyrənmək üçün material verir.

Bu materiallardan çıxan nəticə odur ki, müəllif üçün söz yalnız öz fikrini ifadə etmək vasitəsi deyil; başqasının fikrini oxumaq, dəyərləndirmək və ona cavab vermək imkanıdır. Ədəbi mühit də bu qarşılıqlı münasibətlər içərisində formalaşır. Bir müəl­lifin yaradıcılığı başqa müəlliflərin əsərləri ilə təmasda olduq­­da onun oxu təcrübəsi, estetik meyarları və qiymətlən­dirmə prinsipləri də üzə çıxır.

Beləliklə, Ayətxan Ziyadın ədəbi mühitlə əlaqəsi iki isti­qamətdə görünür: bir tərəfdən, dostlarının və qələm yoldaş­la­rının onun haqqında söylədikləri fikirlər, digər tərəfdən, onun baş­qa müəlliflərin əsərlərinə verdiyi qiymət. Bu qarşılıqlı müna­sibət müəllif imzasının yalnız fərdi yaradıcılıqla məhdud­laş­madığını, ədəbi mühitdəki ünsiyyət və fikir mübadiləsi ilə də formalaşdığını göstərir.

Haydeggerin dil fəlsəfəsi

kontekstində sözün yeri

Ayətxan Ziyad yaradıcılığında sözün mahiyyətini daha geniş fəlsəfi müstəvidə anlamaq üçün Martin Haydeggerin dil haqqında düşüncələrinə müraciət etmək mümkündür. Bu müra­ciət müəllifin yaradıcılığının Haydegger fəlsəfəsindən birbaşa təsir­ləndiyini iddia etmək məqsədi daşımır. Burada söhbət iki fərqli düşüncə sahəsi arasında nəzəri müqayisə aparmaqdan, dilin insanın dünyanı anlamasında tutduğu yeri aydınlaşdır­maq­dan gedir.

Haydegger “Humanizm haqqında məktub” əsərində dili “var­lığın evi” adlandırır. Bu fikir dilin yalnız hazır düşüncələri ifadə edən texniki vasitə olmadığını göstərir. İnsan dünyanı dil vasitəsilə adlandırır, fərqləndirir, mənalandırır və onunla müna­sibət qurur. Dil insanın mövcudluğunu anlama tərzi ilə bağlıdır. Buna görə də sözün əhəmiyyəti təkcə onun məlumat çatdır­masın­da deyil, insanın dünyaya münasibətini necə açmasındadır.

Bu yanaşma Ayətxan Ziyadın yazılarında sözün funksiya­sını dəyərləndirmək üçün müəyyən nəzəri imkan yaradır. “Bu mənəm – Ayətxan Ziyad” kitabında müəllifin şəxsi xatirələri dil vasitə­silə özünüdərkə çevrilir. Publisistik yazılarda isə dil icti­mai gerçəkliyin görünən və müzakirə olunan tərəflərini açır. Birinci halda insan öz həyatını və yaddaşını sözə gətirir, ikinci halda isə cəmiyyətin qarşılaşdığı hadisələrə münasibət bildirir. Hər iki vəziyyətdə dil hazır məlumatın ötürülməsi ilə məhdud­laş­mır; insanın yaşadığı və anladığı dünyanın ifadə formasına çevrilir.

Haydeggerin “Varlıq və zaman” əsərinin 35-ci paraqra­fında təhlil etdiyi “das Gerede” anlayışı da bu kontekstdə diq­qətlə fərqləndirilməlidir. Bu anlayış gündəlik danışıq dilini, xalq ifadələrini və ya təkrarın özünü mənfi qiymətləndirmək demək deyil. Haydeggerin tənqid etdiyi “Gerede” sözü insanın öz təcrü­bəsi və həqiqi anlaması ilə əlaqəsi zəiflədiyi halda, fikrin səthi şəkildə dövr etməsini bildirir. Başqa sözlə, söz danışılır və təkrarlanır, lakin onun məzmunu üzərində düşünül­mür, insan həmin məzmunu öz anlama təcrübəsində mənim­səmir.

Bu fərq Ayətxan Ziyadın danışıq dilindən istifadəsini qiy­mət­ləndirərkən xüsusilə vacibdir. Onun mətnlərində “Vallah-billah”, “a kişilər”, “nə isə” kimi ifadələrin işlənməsi Haydeg­gerin tənqid etdiyi səthi söz dövriyyəsi ilə eyniləşdirilə bilməz. Çünki həmin ifadələr mətn daxilində konkret hadisə, münasibət və müəllif mövqeyi ilə əlaqələnir. Onların funksiyası boş danışıq yaratmaq deyil, müşahidə olunan vəziyyətin canlı və anlaşıqlı şəkildə təqdim edilməsidir.

Eyni zamanda, “Öyrəncəli olmaq yaman dərddi” məqalə­sində təkrarlanan vədlərə münasibət Haydeggerin “Gerede” anlayışı ilə müəyyən müqayisə imkanı yaradır. Burada məsələ hansısa ifadənin təkrar olunması deyil. Məsələ sözün gerçəkliklə əlaqəsinin zəifləməsidir: vəd təkrar edilir, lakin onun həyata keçirilməsi görünmür. Belə vəziyyətdə söz öz ilkin məzmu­nundan uzaqlaşır və yalnız dövr edən ifadəyə çevrilir. Məqalə­nin tənqidi məğzi də bu uyğunsuzluğun üzə çıxarılmasındadır. Bu, Haydeggerin anlayışının məqaləyə birbaşa tətbiqi deyil, iki fərqli mətn və düşüncə səviyyəsində sözlə həqiqi məzmun arasındakı əlaqəyə dair müqayisədir.

Haydeggerin dil haqqında düşüncələrində sözün insanın dünyanı açması ilə əlaqəsi əsas yer tutur. Ayətxan Ziyadın publisistik yazılarında da sözün təsiri hadisəni adlandırmaqla bitmir. Müəllif vağzalı müxtəlif ironik adlarla təqdim etdikdə, məktəb həyatındakı problemləri konkret müraciətlər və dialoqlar vasitəsilə göstərdikdə, yaxud təkrarlanan vədlərin mənasını sorğu­ladıqda oxucunun diqqətini hadisənin arxasında dayanan münasibətlərə yönəldir. Söz burada gerçəkliyi bəzəmir; onun görünməyən tərəflərini açmağa çalışır.

“Dil varlığın evidir” fikrini Ayətxan Ziyadın yaradıcılığı ilə əlaqələndirərkən “Ruhun sığınacaq tapdığı ünvan” ifadəsi də bu məna daxilində başa düşülməlidir. Bu ifadə Haydeggerin terminoloji formulu deyil, dilin insanın daxili təcrübəsini, yaddaşını və dünyaya münasibətini ifadə etməsi haqqında ədəbi-fəlsəfi ümumiləşdirmədir. İnsan öz yaşantısını sözə gətirəndə onu yaddaşda qoruyur; ictimai hadisəyə sözlə münasibət bildi­rəndə onu başqalarının düşüncəsinə təqdim edir. Söz bu mənada həm fərdi yaddaşın, həm də ictimai ünsiyyətin məkanı­dır.

Ayətxan Ziyadın yaradıcılığında dilin bu iki istiqaməti – şəxsi və ictimai məzmun – bir-birindən ayrılmır. Onun şəxsi xatirə­­lərində sözün arxasında yaşanmış ömür, publisistik yazı­larında isə müşahidə edilmiş gerçəklik və ictimai məsuliyyət daya­nır. Danışıq dili, dialoq, ironiya və metaforik ifadə həmin məz­munun müxtəlif təqdimat vasitələridir. Bu vasitələrin dəyəri isə onların müəllifin düşüncəsi və mövqeyi ilə əlaqəsindən doğur.

Ümumi nəticə:

sözün çəkisini müəyyənləşdirən məsuliyyət

Ayətxan Ziyadın yaradıcılığının nəzərdən keçirilən nümu­nə­­­ləri göstərir ki, sözün çəkisi yalnız dilin ifadə imkanları ilə müəyyənləşmir. Bu çəkiyə müəllifin həyat təcrübəsi, yaddaşı, müşahidə qabiliyyəti, hadisələrə münasibəti və söz qarşısında daşıdığı məsuliyyət birlikdə təsir göstərir.

“Bu mənəm – Ayətxan Ziyad” kitabında şəxsi xatirələr insa­nın özünü dərk etməsi və keçmişi ilə mənəvi münasibət qurması vasitəsinə çevrilir. “İmza, dilsiz-ağızsız” kitabında toplanmış pub­­­li­sistik yazılarda isə söz ictimai problemlərin görünən edil­məsinə, müraciətlərin dinlənilməsinə və cavab tələb edən məsə­lə­lərin gündəmə gətirilməsinə xidmət edir. Bu iki istiqamət arasında mühüm bir əlaqə vardır: müəllif həm öz həyatına, həm də müşahidə etdiyi ictimai gerçəkliyə münasibətdə sözün məsu­liyyətini əsas götürür.

Beş əsas məqalənin müqayisəli təhlili də bu qənaəti təsdiq­ləyir. “Vağzal olayları”nda ironik adlandırma və təkrar, “Yeni Yasamalda ayrı-seçkilik”də dialoq və daxili müşahidə, “Oxut­muram, əl çəkin!”də Mirzə Cəlil ənənəsinə müraciət və danışıq ifadələri, “Öyrəncəli olmaq yaman dərddi”ndə təkrar­lanan yan­lış­­lıqlara alışmanın tənqidi, “Mənzil sahibiykən kirəkeş ömrü”n­də isə ziddiyyətli və metaforik başlıq quruluşu müəllifin fərqli ifadə vasitələrindən məqsədyönlü istifadə etdiyini göstərir. Bu vasitələr bir-birindən ayrı üslub xüsusiy­yətləri kimi deyil, hadi­səni açmaq və müəllif mövqeyini ifadə etmək üçün işlədilən vahid dil sisteminin tərkib hissələri kimi dəyərləndirilməlidir.

Haydeggerin dil fəlsəfəsi ilə aparılan müqayisə isə sözün yalnız məlumat ötürən vasitə olmadığını, insanın dünyanı anla­ma və ifadə etmə tərzinin mühüm hissəsini təşkil etdiyini aydın­laşdırır. Bununla belə, Ayətxan Ziyadın yaradıcılığının özünə­məxsusluğu hər hansı fəlsəfi nəzəriyyəyə uyğunlaşdırıl­masında deyil, öz həyat və peşə təcrübəsindən doğan söz möv­qe­yindədir. Haydeggerin nəzəri fikirləri bu yaradıcılığı əvəz etmir; onun dil və söz haqqında düşünmək üçün fəlsəfi çərçivə yaradır.

Nəticədə Ayətxan Ziyadın yaradıcılığında sözün çəkisi üç əsas mənbədən – şəxsi yaşantıdan, düşünülmüş dil seçimindən və ictimai məsuliyyətdən yaranır. Bu mənbələr bir-birini tamam­ladıqda söz yalnız deyilmiş fikir olaraq qalmır; yaddaşda iz bura­xır, oxucunu düşünməyə sövq edir və ictimai münasibət­lərin bir hissəsinə çevrilir.

Sözün çəkisi deyilənin gur səslənməsində deyil, onun ar­xa­sında dayanan həyatın, düşüncənin və məsuliyyətin ağır­­­lığındadır. Ayətxan Ziyadın yaradıcılığında sözün əsas ölçüsü də məhz budur.

İstifadə olunmuş mənbələr

İlkin mənbələr:

1.Ziyad, Ayətxan. Bu, bu mənəm – Ayətxan Ziyad. Kitab.

2.Ziyad, Ayətxan. İmza, dilsiz-ağızsız. Kitab.

3.Ayətxan Ziyad. “Vağzal olayları” // Panorama, 9 avqust 1996.

4.Ayətxan Ziyad. “Oxutmuram, əl çəkin!” // Panorama, 24 avqust 1996.

5.Ayətxan Ziyad. “Yeni Yasamalda ayrı-seçkilik” // Yeni Azərbaycan, 25 sentyabr 1996.

6.Ayətxan Ziyad. “Mənzil sahibiykən kirəkeş ömrü. Yaxud Bayıldan halaylanan yol Qobustanda qərar tutur” // Təzadlar, 28 mart – 4 aprel 2000.

7.Ayətxan Ziyad. “Öyrəncəli olmaq yaman dərddi” // Təzadlar, 4–11 aprel 2000.

8.Ayətxan Ziyad. “M.Mərdanov yeni qazanc yerləri axtarışın­dadır” // Təzadlar, 19–26 iyun 2001.

9Ayətxan Ziyad. “Məktəbdə özbaşınalıq” // Təzadlar, 26 iyun – 3 iyul 2001.

10.Ayətxan Ziyad. “‘Təzadlar’ qəzeti redaksiyasında görüş” // Təzadlar, 14–21 avqust 2001.

11.Ayətxan Ziyad. “Məktəblərdə pul yığımının sonu olacaqmı?” // Təzadlar, 14–21 avqust 2001.

12.Ayətxan Ziyad. “Oğru elə bağırdı ki…” // Təzadlar, 14–21 avqust 2001.

13.Ayətxan Ziyad. “Məmməd Bayramovla Plexanovun fərqi nədədir?” // Təzadlar, 21–28 avqust 2001.

14.Ayətxan Ziyad. “İslahatçı nazir, yaxud Misir Mərdanovun bu ad altında axtardıqları” // Təzadlar.

Nəzəri mənbələr:

15.Heidegger, Martin. Sein und Zeit. Tübingen: Max Niemeyer Verlag, 1927. Xüsusilə §35: “Das Gerede”.

16.Heidegger, Martin. Brief über den Humanismus. Frankfurt am Main: Vittorio Klostermann, 1947


Sevda Ziyad
,

araşdırmaçı

AYƏTXAN ZİYADIN YAZILARI

YAZI DİGƏR MƏNBƏLƏRDƏ

Sevda Ziyadın digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I