Etiket arxivi: Tural Əlizadə

Tural Əlizadə – Bizim əsgər

BİZİM ƏSGƏR

(Vətən müharibəsinin
qazi və şəhidlərinə ithaf olunur)

Dizlərində qüvvət, köksündə iman,
Döyüşür Qarabağda bizim əsgər!
Düşmən mövqelərini məhv eyləyir,
Həm aranda, həm dağda bizim əsgər!

Dilində “Allah!”dır, əlində silah,
Gözündə vüqara, əzəmətə bax!
Döyüşərkən qorxu, süstlükdən uzaq,
Zəfər üçün soraqda bizim əsgər!

Dağıdınca istehkamı, bəndləri,
Batil edir hiylələri, fəndləri.
Fəth eyləyir qarış-qarış kəndləri,
Həm isti, həm sazaqda bizim əsgər!

PUA-larımız Əbabil tək uçuşur,
Ermənilər pərən-pərən qaçışır.
Hər biri kükrəyən aslan, qoçu, şir
Ön cəbhədə, qabaqda bizim əsgər!

Döyüşlər verir çox parlaq nəticə:
Torpaqlar azad olur bircə-bircə.
Bürünərkən qəlblərimiz sevincə,
Yaş süzülər yanaqda, bizim əsgər!

Əvvəl Cəbrayılın xəbəri gəldi,
Sonra Füzuliyə bayraq dikildi.
Zəngilan alındı, Güney dirçəldi;
İran qəzəb saçmaqda, bizim əsgər!

Qubadlı kafirlərdən azad oldu,
Mirsədi ağanın ruhu şad oldu.
Şuşa qurtuldu, məscid abad oldu,
Çün azan oxumaqda bizim əsgər!

Üçtərəfli sənəd imzalanınca,
Qırx dörd günlük döyüş tamamlanınca,
Ağdam, Kəlbəcər, Laçın boşalınca,
Düşmənin halına bax da, bizim əsgər!

Türk əsgəri Qarabağa çatarsa,
Xankəndini ölkəmizə qatarsa,
DQR süqut edibən batarsa,
Tural kefdə-damaqda, bizim əsgər!

21.11.2020

Müəllif: Tural Əlizadə

Tural Əlizadənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Tural Əlizadə – MÜNACAT

MÜNACAT

(Seyid İmadəddin Nəsimi və Hafiz Şirazinin pak-mübarək ruhlarına ithaf olunur)

Etdim istiğfarü tövbət,
Çəkdim nəfsimə riyazət.
Gəldi mənə öylə halət;
Həqqə məzhər oldu canım!

Eyləmədim həyavü ar,
Qıldım fəğanü ahü zar,
Vücudum mənə gəldi dar,
Qalmadı tabım-təvanım!

Gəl meylə doldur badəmi,
Sirab eylə ləblərimi.
İmtahan etmə səbrimi,
Ey saqiyi-mehribanım!

Qoy şərabdan sərxoş olum,
Vüsalından bihuş olum.
Eşqindən od tutmuş olum,
Alışım, yaxılıb-yanım!

Kaş rəhmətin gələ cuşa,
Məğfirətin coşub-daşa;
Rəhm edəsən bu naxoşa,
Ya Qəfurum, ya Rəhmanım!

Cihad üçün riyazət şərt,
Riyazət üçün xəlvət şərt,
Xəlvətçün mənsubiyyət şərt;
Budurmu ruşi-asanım?!

Əgər Sən salmasan nəzər,
Nəfsi Qul Turalı əzər.
Məğlubiyyətdən dad-həzər!
Hanı zəfəri-zişanım?!

30.08.2019

Müəllif: Tural Əlizadə

Tural Əlizadənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

DƏLİ OLMAQ İSTƏYİRƏM

DƏLİ OLMAQ İSTƏYİRƏM

Həyatda ən böyük arzum:
Dəli olmaq istəyirəm!
Sarsılsın cümlə şüurum,
Dəli olmaq istəyirəm!

Karlığın əziyyəti var,
Korluğun məşəqqəti var,
Lallığın da zəhməti var;
Dəli olmaq istəyirəm!

Dərd çəkməkdən tamam bezdim,
Ürəyimi sıxıb-üzdüm,
Boş xəyallar qoşub-düzdüm;
Dəli olmaq istəyirəm!

Tərəddüddən gəldim cana,
Ah-zar etdim yana-yana,
Sığmadım kövnü məkana;
Dəli olmaq istəyirəm!

“Allah varmı, yoxmu görən?
Varmı mərifətə varan,
Həqiqət meyvəsin dərən?” –
Dəli olmaq istəyirəm!

Şübhə ruhuma saldırdı,
Çirkaba, pasa daldırdı,
İmanımın belin qırdı;
Dəli olmaq istəyirəm!

Xoşbaxt günlər harda qaldı?!
Ruhum soluban saraldı,
Köksümdə qəlbim daraldı;
Dəli olmaq istəyirəm!

Havalanıb düşəm çölə,
Camaat lağ edə, gülə,
Dərdlərdən canım qurtula;
Dəli olmaq istəyirəm!

Turalam, iman dilərəm,
Dərdimə dərman dilərəm.
Əgər tapılmasa çarəm,
Dəli olmaq istəyərəm.

2015

Müəllif: Tural Əlizadə

Tural Əlizadənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Tural Əlizadə – Əlifba

ƏLİFBA

(Haqq aşığı Dədə Ələsgərin pak-mübarək ruhuna ithaf olunur)

İbtidada A – Allahdır,
Be – Baqidir, daim yaşar.
Ce – Cabbardır, məcbur edər,
Həyat qədərlə örtüşər.

Çe – Çalab dünyanı qurar,
De – Dəyyandır, savab verər.
E – eşidər, cavab verər,
Qul muradına yetişər.

Ə – Əfüv əfv edər, keçər,
Fe – Fəttah qapılar açar.
Ge – gözəldir, gövhər saçar,
Şöləsindən göz qamaşar.

He – Həlimdir, şəfqətlidir,
Xe – Xaliqdir, xilqətlidir.
İ – izzətli, taqətlidir;
Sığınan yoxuşlar aşar.

Je – jaləylə eşdə gərək,
Ke – Kərimdir, xərcdə gərək.
Qe – Qəvidir, gücdə gərək;
Əmr etsə, insan daşlaşar.

Le – Lətif, görünməz, qaib,
Me – Malikdir, mülkə sahib.
Ne – nurdan bizə üfləyib,
Odur ki, eşqimiz coşar.

O – hər vaxt oyaqdır məgər,
Ö – öfkəli, sahibvüqar.
Pe – padişah, pərvərdigar;
Saymayan müşkülə düşər.

Re – Rəhmandır, rəhmi çoxdur,
Se – Səbur səbirdən toxdur.
Şe – Şəriksiz, tayı yoxdur,
Di gəl, azğınlar şirk qoşar.

Te – Təvvab; tövbə et barı!
U – ucadır görklü tanrı!
Ü – ülvidir, həm də arı;
Napaklar yolundan çaşar.

Ve – Vəhhab ehsanı boldur,
Ye – Yezdan yavəri-quldur.
Ze – Zahirün ələl-külldür,
Turalsa aciz bir bəşər.

31.07.2020

Müəllif: Tural Əlizadə

Tural Əlizadənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]