Tural Əlizadə – Əlifba

ƏLİFBA

(Haqq aşığı Dədə Ələsgərin pak-mübarək ruhuna ithaf olunur)

İbtidada A – Allahdır,
Be – Baqidir, daim yaşar.
Ce – Cabbardır, məcbur edər,
Həyat qədərlə örtüşər.

Çe – Çalab dünyanı qurar,
De – Dəyyandır, savab verər.
E – eşidər, cavab verər,
Qul muradına yetişər.

Ə – Əfüv əfv edər, keçər,
Fe – Fəttah qapılar açar.
Ge – gözəldir, gövhər saçar,
Şöləsindən göz qamaşar.

He – Həlimdir, şəfqətlidir,
Xe – Xaliqdir, xilqətlidir.
İ – izzətli, taqətlidir;
Sığınan yoxuşlar aşar.

Je – jaləylə eşdə gərək,
Ke – Kərimdir, xərcdə gərək.
Qe – Qəvidir, gücdə gərək;
Əmr etsə, insan daşlaşar.

Le – Lətif, görünməz, qaib,
Me – Malikdir, mülkə sahib.
Ne – nurdan bizə üfləyib,
Odur ki, eşqimiz coşar.

O – hər vaxt oyaqdır məgər,
Ö – öfkəli, sahibvüqar.
Pe – padişah, pərvərdigar;
Saymayan müşkülə düşər.

Re – Rəhmandır, rəhmi çoxdur,
Se – Səbur səbirdən toxdur.
Şe – Şəriksiz, tayı yoxdur,
Di gəl, azğınlar şirk qoşar.

Te – Təvvab; tövbə et barı!
U – ucadır görklü tanrı!
Ü – ülvidir, həm də arı;
Napaklar yolundan çaşar.

Ve – Vəhhab ehsanı boldur,
Ye – Yezdan yavəri-quldur.
Ze – Zahirün ələl-külldür,
Turalsa aciz bir bəşər.

31.07.2020

Müəllif: Tural Əlizadə

Tural Əlizadənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir