
Xalq artisti Ağasadıq Gəraybəyli
Azərbaycanın ən uzunömürlü aktyoru, Nəriman Nərimanovun toxunulmazlıq hüququ verdiyi, elçiliyini özü edən Ağasadıq Gəraybəylinin doğum günüdür. Aktyorun qızı Zemfira Bədəlovanın sözlərinə görə, Ağasadıq Gəraybəylinin doğum tarixi 1897-ci il yox, 1883-cü ildir: “Atam 105 yaşında vəfat edib. Ancaq hər yerdə yanlış olaraq onun 95 yaşında vəfat etdiyini yazırlar. Atam bizə ermənilərin dinc azərbaycanlıları necə qırdıqlarını, evlərindən çıxardıqlarını danışırdı. E*rmənilər Şamaxıda neçə-neçə ailəni öldürüblər. Atamın ailəsi möcüzə sayəsində sağ qalıb. Atam həm aktyor, həm də insan kimi Əbdürrəhimbəy Haqverdiyevin xoşuna gəlmişdi. Buna görə də tez-tez görüşürdülər. Üzeyir Hacıbəyov atam üçün dahi idi. Üzeyir bəyin musiqisi səsləndiriləndə atam əlindəki işini atıb, ona qulaq asardı. Üzeyir bəy atamın ev almasında kömək etmişdi. Atamın teatr kursuna yazılmasına səbəbkar da Üzeyir bəy olub. Atamla anam evlənəndən sonra belə, anam Üzeyir bəydən tarda çalmağı öyərnirdi. Nəriman Nərimanov atama xüsusi kağız vermişdi ki, bu şəxsə toxunmaq olmaz”.
Ağasadıq Gəraybəylinin sevdiyi qız – gələcək həyat yoldaşı üçün elçiliyini Hüseyn Ərəblinski etsə də, qızın atası, Bakının keçmiş bəyi elçilərə yox cavabını verir. Belə olduqda kasıb aktyor dostunun pencəyini geyinib qızın evinə gedir. Qızın atasına deyir ki, heç nəyim yoxdur, pencəyimi də borc almışam, mənim sizin qızınızdan xoşum gəlir. Ağasadıq Gəraybəylinin səmimi danışığı kişinin xoşuna gəlir və qızını aktyora ərə verməyə razı olur.
Məlumatı hazırladı: Leyla Mahirqızı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında
