Etiket arxivi: Yol

Simran Qədimin “Yol”u

Kitab seçərkən – 2

“Mücrü” nəşriyyatı “Yol” adlı sanballı və lazımlı bir kitab nəşr edib. Kitabın xeyli iddialı təqdimatı var və haqq üçün deyim ki, bu iddia xeyli əsaslıdır: “Həyatı və özünü dərk etməyə çalışan hər kəs üçün bir düşüncə səyahəti…
Xoşbəxtlik nədir? Həyatın mənasını necə tapa bilərik?
Kitab aktual suallar qoyur, dilemmalara toxunur, zehnimizdəki gizli mexanizmlərə diqqət çəkir, beyin fırtınası keçirməyə çağırır”.
Kitabın müəllifi Simran Qədimi tanıyıram, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, romanlar, publisistik yazılar müəllifidir. Fiziki məhdudiyyətlərə səbirlə sinə gərib həyatını mütaliəyə və yazmağa həsr edən əzmkar bir gəncdir. Ləng fiziki gücünün əksi olan iti beyni, sərrast müşahidə qabiliyyəti və ağıllı təhlilləri heyranlıq doğurur. Kitabı oxuduqca müəllifin zəngin mütaliə və müşahidə dairəsi ilə tanış olur, gəldiyi qənaətlərin, çıxardığı nəticələrin dəqiqliyinə təəccüblənirsən. Həm də istər-istəməz düşünürsən: bir otaqdan çıxmadan, kitabların gücüylə belə aydın düşüncəyə, ağıllı qənaətlərə sahib olmaq axı necə mümkündür?
Kitabı “7 dayanacağ”a bölən müəllif şəxsiyyətin formalaşmasından tutmuş, ecazkar layihə mərkəzi adlandırdığı elmi yeniliklərə, informasiya burulğanından süni zəkaya, robotlaracan psixoloji dalğalanmaların havasında minillik suallara cavab axtarışına çıxır. Hər “dayanacaq”da da təəccübləndirməyə, rəğbət qazanmağa davam edir.
“Buddizmə görə, xoşbəxtlik əzabın olmamasıdır. İstəklərimizi azaltsaq, ruhi-mənəvi dincliyə – nirvanaya çatarıq. Konfutsiçiliyə görə, xoşbəxtlik insanpərvərlikdir. Daosizmə görə, həyatın təbii axarı ilə barışmaqdır. Stoiklərə görə, xoşbəxtlik xeyir əməllərdir”.
Bəs bu minillik qənaətlərdən sonra, çağdaş dövrün ab-havasında bu suallara kitabda necə cavab verilir?
Müəllifin qənaətləri ilə tanış olmaq üçün kitabı oxumaq lazımdır. Oxusanız, peşman olmayacaqsınız.
Bəlkə kitablara marağın azaldığı indiki zəmanədə Simran öz düşüncələrini həm də qısa-qısa sosial şəbəkədə, öz profilində paylaşsa, daha çox diqqət çəkə bilər.
Naşir Müşfiq Xana ayrıca təşəkkür edirəm. Bu kitabı nəşr etməklə savab iş görüb. Təbliğini və reklamını da qurmaq lazımdır.
Bədbin deyiləm, ən xaotik, qarmaqarışıq, ağız deyəni qulaq eşitmədiyi tiktokvari zəmanədə də ağıllı fikirlərin, dərin düşüncələrin sakit beyinlərdə reaksiya doğuracağına çox inanıram. Simrana isə güc, enerji və sonsuz şövq arzulayıram.

İlkin mənbə: Reshad Mecid

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏSCİDİN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru