Lev Tolstoyun “İnsan nə ilə yaşayır?” kitabında yer alan bu ibrətamiz hekayə, kəndli Pahomun acınacaqlı taleyindən bəhs edir.
“Pahom adi, sadə, lakin daha varlı bir həyat arzusunda olan kəndli idi. Bir gün uzaq bir diyarda bir Rəisin insanlara qarşılıqsız torpaq verdiyini eşitdi. Daha çox torpaq sahibi olmaq ümidi ilə həmin yerə yollandı və Rəisə istəyini bildirdi. Rəis həqiqətən də comərd bir adam idi və Pahoma belə dedi:
“Səhər Günəşin doğuşundan batışına qədər qət etdiyin bütün torpaq sənin olacaq. Lakin Günəş batmadan başladığın yerə qayıtmalısan. Əks halda, hər şeyini itirəcəksən.”
Pahom səhər tezdən yeriməyə başladı. Tarlalar, bağlar, çəmənliklər keçdi. Geri dönmək üzrə idi ki, gözəl, münbit bir ərazi gördü.
“Bunu da götürüm, bu da mənim olsun” – deyə düşündü.
Bağça, çayır, sulaq torpaqlar – hər şeyi əldə etmək istədi. Lakin bir də gördü ki, Günəş batmaq üzrədir. Qayıtmaq üçün qaçmağa başladı. Qaçdı, qaçdı… Amma gücü tükəndi. Yorğunluqdan ayaqları titrəyirdi. Burundan qanlar axırdı. Son gücünü toplayıb başladığı yerə çatmağa çalışdı… Lakin yerə yıxıldı və bir daha qalxmadı. Bütün olanları sakitcə izləyən reis başını tərpədib dedi:
“Bir insana bu qədər torpaq yetər!”
Adamları Pahom üçün bir qəbir qazdılar və onu dəfn etdilər. “
Bu hekayə insanın doymayan tamahını və ehtirasını gözəl bir şəkildə təsvir edir. Yeyə bilməyəcəyimiz qədər yemək, geyə bilməyəcəyimiz qədər paltar, yaşaya bilməyəcəyimiz qədər evlər… Axırda isə insanın ehtiyacı olan yalnız bir qarış torpaqdır. Pahomun faciəsi, əslində çoxlarımızın həyatında müxtəlif formalarda özünü göstərən bir həqiqətdir: Daha çox şeyə sahib olmaq istəyi, əlimizdəkiləri dəyərləndirməyi unutmağımıza səbəb ola bilər.
“Bir insana məhz bu qədər torpaq yetər!” sözü, həyatın sonunda sahib olduqlarımızın deyil, onu necə yaşadığımızın vacib olduğunu vurğulayır. Bu gün də bu hekayədən çıxarılacaq çox dərs var. Həqiqi xoşbəxtlik və dinclik daha çox şey əldə etməkdədir, yoxsa əlimizdəkilərlə kifayətlənməyi bacarmaqda?
Anton Çexovun “Altı Nömrəli Palata” hekayəsi: Ədalətsizliyin divarları arasında
Anton Çexovun “Altı nömrəli palata” əsəri, dərin fəlsəfi və psixoloji məzmunu ilə cəmiyyətin ədalətsizliklərinə güzgü tutur. Burada təkcə bir xəstəxana divarları arasında ilişib qalan insanlar yox, bütöv bir cəmiyyətin, sistemin acı həqiqəti var. Oxuduqca özümüzü suallar içində tapırıq: Biz kimik? Azadıqmı? Düşüncələrimiz bizi xilas edir, yoxsa məhv edir?
Əsərdəki hadisələr zahirən sadə görünür: psixiatrik xəstəxana, orada məhbus kimi saxlanılan “dəli”lər və sistemə tamamilə boyun əyən həkim Andrey Yefimiç. Amma əslində, bu palata, bizə bütöv bir cəmiyyətin metaforasını göstərir. Buradakı insanlar, ətrafımızdakı insanlardır. Buradakı divarlar, bizi sərhədləyən sistemin görünməz divarlarıdır.Andrey Yefimiç və pasiyent İvan Dmitriçin söhbətləri vasitəsilə cəmiyyətin düşüncə azadlığına, fərqli baxışlara və insan haqlarına qarşı necə qəddar olduğunu görürük. Hüquqi dövlət anlayışı və hüququn manipulyasiyası əsərdə xəstəxananın idarə olunma tərzi, hüquqi dövlət prinsiplərinin pozulmasına nümunədir. Andrey Yefimiç baş həkim olduğu halda, heç bir dəyişiklik edə bilmir və sistemin qurbanına çevrilir. Hüquq harada bitir, zülm harada başlayır? Əsər insanı hüquqi aspektdən də düşündürür. İvan Dmitriç – o, doğrudan da “dəli”dir? Yoxsa sadəcə cəmiyyətin qəbul etmədiyi biri olduğu üçün qapatılıb? Bu sual həmişə aktualdır. Tarix boyu fərqli düşünənlər, sistemlə razılaşmayanlar dəli elan edilib, sürgünə göndərilib, hətta öldürülüblər. Hüquq və ədalət nə qədər üst-üstə düşür?
Qanun insanı qorumaq üçün olmalıdır, amma bəzən onun əksinə işləyir. İvan Dmitriç məhkəməsiz, günahsız, heç bir hüquqi əsas olmadan azadlığını itirir. Bu, bizə günümüzdə də rast gəlinən hüquq pozuntularını xatırladır. İnsan hüquqları – hər zaman müdafiə olunan bir şey deyil, bəzən kağız üzərində qalır. Andrey Yefimiç – sistemin içində olduğu halda, onu dəyişdirmək üçün heç nə etməyən bir obrazdır. O, əvvəlcə bu palatanın nə qədər dəhşətli bir yer olduğunu anlayır, amma sonda özü də ora düşür. Bu, elə bil bir ədalət simvoludur: sistemi dəyişməyə çalışmayanlar, sonda onun qurbanı olurlar. Hüquqi sistem də belədir – əgər ona nəzarət olunmazsa, bir gün hamını məhv edəcək. Bəs Kim doğrudan da dəlidir?
Əsərdə əsas fəlsəfi suallardan biri budur: “Həqiqətən kim dəlidir? Cəmiyyətmi, yoxsa sistemə tabe olmayan insan?” Çexov göstərir ki, bəzən ağıllı insanlar cəmiyyət tərəfindən “dəli” elan olunur, çünki onların baxışları sistemin qəbul etdiyi normalara uyğun gəlmir.
Filosof Mişel Fuko da “Dəlilik tarixi” adlı əsərində bu problemi araşdırıb. O, dəliliyin sosial konstruksiya olduğunu və tarixi dövrlərdə dəyişdiyini vurğulayır. Hüquqi aspektdən baxsaq, bir insanın psixi sağlamlığı haqqında qərarın sırf dövlət qurumları və hakimiyyət sahibləri tərəfindən verilməsi, azadlıq hüququnun pozulmasıdır. Əsər təkcə hüquq məsələləri ilə bitmir, həm də bizə fəlsəfi suallar verir. Kim daha ağıllıdır: həyatdan bezib hər şeyə göz yumanlar, yoxsa haqsızlığa qarşı üsyan edənlər? Çexovun bizə göstərmək istədiyi odur ki, cəmiyyətin qəbul etdiyi normalar bəzən o qədər mənasızdır ki, ona uyğun gəlməyən insanlar əslində daha ağıllı olurlar. İvan Dmitriç oxumuş, bilikli bir insandır, amma yenə də burada “dəli” kimi damğalanıb. Andrey Yefimiç intellektual, düşüncəli bir həkimdir, amma sistemə tabe olduğu üçün sonda özü də qurban olur. Bəlkə də, əsərdə verilən ən dərin mesaj budur: insan yalnız düşüncədə azaddır. Amma bu azadlıq onun sonunu da gətirə bilər. Bu hekayə bizə bir şeyi göstərir: cəmiyyətdə ədalətsizlik həmişə olub və olacaq, amma əgər heç kim ona qarşı çıxmazsa, bu sistem daha da güclənəcək. Bəzən azadlıq insanın beynindədir, amma əgər cəmiyyət buna icazə vermirsə, o azadlıq heç bir işə yaramır.
Sonda isə sual açıq qalır: Biz bu palatanın içindəyik, yoxsa çöldə? Əgər çöldəyiksə, niyə bu qədər divar var?
Lev Tolstoyun “Dirilmə” romanı insanın mənəvi təkamülünü, hüquq sisteminin eybəcərliklərini və əsl ədalətin nədən ibarət olduğunu araşdıran dərin fəlsəfi bir əsərdir. Tolstoy burada sadəcə tənqid etmir, həm də oxucuya alternativ yol göstərir – bu yol vicdan, sevgi və mərhəmət yoludur. Romanın əsas süjeti Dmitri Nehlüdovun vicdan əzabı və onun keçmiş sevgilisi Katyuşa Maslovanın məhkəmə hökmü ilə bağlıdır. Tolstoy məhkəmə proseslərini təfərrüatı ilə təsvir edərək, hüquq sisteminin mexaniki, soyuq və ədalətsiz olduğunu göstərir. Qanunlar insana kömək etmək üçün deyil, onu daha da əzmək və cəmiyyətin nüfuzlu təbəqələrinin maraqlarını qorumaq üçün mövcuddur. Məhkəmə sanki avtomatlaşdırılmış bir sistemdir: vəkillər və hakimlər məhbusların insan taleyi haqqında düşünmək əvəzinə, qaydalara və qanunlara kor-koranə əməl edirlər, hüquq sistemi insanı islah etmək üçün deyil, cəza vermək üçün qurulub. Romanın bəzi səhnələrində hətta günahsız insanlara da necə sərt cəzalar verildiyi təsvir edilir. Xüsusilə siyasi məhbusların, kasıbların və sadə insanların ədalətsizliklə üzləşdiyi göstərilir. Tolstoy bu səhnələr vasitəsilə güclülərin zəiflər üzərində hökmranlıq etdiyini və qanunların əslində güclüləri qoruduğunu oxucuya çatdırır. Tolstoyun ən güclü mesajlarından biri budur: hüquq həmişə ədalət demək deyil. Məhkəmə prosesində Katyuşanın haqsız yerə məhkum edilməsi, məhkəmə sisteminin rəsmi prosedurlara əsaslanıb insan talelərinə soyuq yanaşması, kasıbların daha sərt cəzalara məhkum olunması – bunlar Tolstoyun gözündə hüquq sisteminin riyakarlığıdır.
Əsərdə Nehlüdovun mənəvi dirçəlişi yavaş-yavaş baş verir. Tolstoy Nehlüdovun daxili monoloqları və düşüncələri vasitəsilə oxucunu da eyni suallarla üz-üzə qoyur: Günah nədir? İnsan necə vicdanla yaşamalıdır? Əsl ədalət nədir? Nehlüdovun mənəvi axtarışı təkcə fərdi bir proses deyil, eyni zamanda, cəmiyyətin bütövlükdə dəyişməsinin mümkünsüzlüyünü də göstərir. O, Katyuşanı həbsxanadan çıxarmağa çalışsa da, bu sistem içində özünü gücsüz hiss edir. O deyir ki, insan səhv edə bilər, amma əgər həqiqətən vicdanı oyanırsa, o dəyişə bilər. Nehlüdov bunu sübut etməyə çalışır – o, Katyuşanı xilas etmək üçün hər şeyi edir, amma təkcə onu yox, özünü də xilas etməyə çalışır. Tolstoy burada açıq şəkildə göstərir ki, hüquq sisteminin ədalətsizliyi təkcə Katyuşa kimi məhbusları deyil, hətta onların müdafiəsinə qalxanları da əzir. Tolstoy cəmiyyətin bütövlükdə riyakar olduğunu göstərir. O deyir ki, hökumət, kilsə və məhkəmə sistemi insanları əxlaqi dəyərlərdən uzaqlaşdırır, qanunlar insanı düzəltmir, insanı ancaq sevgi və vicdan düzəldir. Yəni onun fikrincə, biz dünyanı dəyişmək istəyiriksə, qanunları dəyişmək kifayət deyil – biz insanları dəyişməliyik.
Romanın sonlarında Nehlüdov Tolstoyun əsas inandığı bir həqiqəti dərk edir: Həqiqi ədalət məhkəmələrdə, qanunlarda və cəzada deyil, insanın daxili vicdanında və onun başqalarına olan şəfqətindədir. Tolstoy oxucuya demək istəyir ki, hüquq sistemini dəyişdirmək mümkün olmasa da, insan öz daxilində dəyişməyə qadirdir.
Hegelin “Ruhun fenomenologiyası”: İşığa doğru bir fəlsəfi səyahət”
“Ruhun fenomenologiyası” əsərində Hegel, insan düşüncəsini və ruhunun özünü dərk etməsini bir səyahət, bu səyahəti tinin (ruh və ya şüur) müxtəlif mərhələlərdən keçərək “mütləq bilik”ə çatması ilə izah edir. Ruhun inkişafında əsas mərhələlər duyğu, idrak, özünüdərk və nəticədə mütləq bilikdir. Hegelə görə, hər bir mərhələ özündən əvvəlkinin məhdudiyyətlərini aşaraq, daha yüksək bir səviyyəyə çatır ki, bu proses “dialektika”dır. Hegel üçün təzadlar, yəni antitezislər olmadan inkişaf mümkün deyil. Bu yanaşma hüquqi və sosial sahələrdə də əhəmiyyətlidir, çünki cəmiyyətin inkişafı fərdlərin və dövlətlərin dialektik qarşılıqlı təsiri ilə həyata keçir.
Ruhun inkişaf mərhələləri, əslində, hər bir insanın şəxsi həyatında qarşılaşdığı daxili ziddiyyətləri və bu ziddiyyətləri aşmaq üçün göstərdiyi mübarizəni simvolizə edir. Məsələn, bir çoxumuz həyatımızın müəyyən mərhələlərində özümüzlə mübarizə aparır, daha yüksək bir anlayışa və ya dərkə çatmaq üçün çətinliklərdən keçir. Hegel xatırladır ki, hər böhran, hər çətinlik həyatımızda daha böyük bir dəyişiklik üçün fürsətdir. Hüquq kontekstində isə, cəmiyyətdəki ədalətsizlikləri yalnız fərdi etirazlarla deyil, sistemli və dialektik bir yanaşma ilə həll etmək mümkündür.
Hegel üçün azadlıq, insana verilən sadə bir hədiyyə deyil. Bu, mübarizə, qarşıdurma və bərqərar olmaq üçün özünü təsdiqləmə tələb edir. Hüquq da məhz bu mübarizənin bir formasıdır. Ancaq o deyir ki, qanunlar öz başına soyuq və cansızdır. Onları dirildən, ruhlandıran, mənalı edən yalnız əxlaqın işığıdır. Dövlətin, qanunun, hətta cəmiyyətin varlığı yalnız fərdlərin daxilindəki azadlıq ehtiyacını tanıyıb onu həyata keçirmək üçün anlam qazanır. Ancaq burada ziddiyyət var: fərd öz azadlığını istəyir, dövlət isə ümumi iradəni. Bu təzad bir müharibəyə çevrilir, ancaq bu müharibə həm də dialoqdur, çünki hər iki tərəf bir-birinə möhtacdır. Hegel bu dialoqu ailənin zərif sevgisindən, vətəndaş cəmiyyətinin rəqabətçi dünyasına və nəhayət, dövlətin şüurlu harmoniyasına qədər izah edir. Hüquq burada bir musiqi parçası kimidir: fərdin notları ilə ümumi harmoniyanın ahəngini yaratmaq.
Hegel, ruhun səyahətini izah edərkən, onu sadəcə bir intellektual analiz kimi təqdim etmir. Tinin (ruh və ya şüur) keçdiyi hər mərhələ, həyatımızda rast gəldiyimiz təzadların – sevgi ilə nifrətin, ümid ilə ümidsizliyin, azadlıqla itaətin – dialektik qarşılaşmasını əks etdirir. Düşünün, insan ilk dəfə özünü dərk etdiyi anda duyğu dünyasında qarışıqlıq hiss edir. Hegel bunu “hissi müəyyənlik” kimi təsvir edir. Bu, insanın yaşadığı ilk uyanışdır – dünya qarışıq, bulanıq bir dənizdir. Amma bu dəniz tədricən şəffaflaşır və insan öz refleksiyası ilə qarşılaşır:
“Mən kiməm? Mənim həyatım nə deməkdir?”
Bu suallar ruhun səyahətində qığılcım rolunu oynayır, proses ruhun öz həqiqətini, öz mənliyini tapması ilə nəticələnir. Ruh, nəhayət, mütləq bilik mərhələsinə çatdıqda, kainatla bir olur – artıq təklik yoxdur. Hegeli oxuduqca, insan öz həyatının da bir dialektika olduğunu başa düşür. Biz hər gün qarşımıza çıxan dilemmanın – sevmək ya nifrət etmək, bağışlamaq ya intiqam almaq, özümüzü dərk etmək ya başqalarını anlamaq – labirintində itirik. Ancaq bu itkinlik vacibdir, çünki yalnız qaranlığı görənlər işığın dəyərini anlayar.
Mirzə Fətəli Axundzadə deyirdi ki, əgər insanları əsərlə qandırmaq, ağıllandırmaq, cahillikdən qurtarmaq mümkün olsaydı, onda İran xalqı Sədi Şirazinin əsərlərindən sonra dünyanın ən sivil xalqlarından biri olmalı idi.
Bir xalqı həqiqətən irəli aparmaq üçün daha çox şey lazımdır: bu, təhsil, düşüncə azadlığı, bərabər hüquqlar və ədalətli qanunlar kimi sistemli dəyişikliklərdir.Cəmiyyətin bütövlükdə dəyişməsi üçün sistemli yanaşma, hüquqi əsaslar və maarifçilik işləri labüddür. Axundzadənin bu sözlərində bir həqiqət yatır – ədəbiyyat insanları düşünməyə vadar edir, onlara istiqamət göstərir. Amma o istiqamətdə irəliləmək üçün zəmin, dəstək, hüquqi islahatlar və maarifçilik lazımdır. Biz keçmişlə fəxr edə bilərik, amma cəmiyyətin real dəyişimi üçün fərdlər və qurumlar hərəkət etməlidir. Ədəbiyyat cəmiyyətin aynasıdırsa, qanun və maarifçilik onun təməlləridir. Hər biri olmadan inkişaf natamam qalır
Axundzadə inanırdı ki, xalqı maarifləndirmək, cahillikdən qurtarmaq və onları irəli aparmaq üçün yalnız gözəl əsərlər yazmaq kifayət deyil. Əgər bu mümkün olsaydı, o zaman min illər boyunca böyük şairlər və filosoflar yetişdirən İran xalqı artıq dünyanın ən qabaqcıl, ən sivil xalqlarından biri olardı. Bu sözlər, əslində, təkcə onun dövrünə deyil, bugünkü reallığa da toxunur. O deyirdi ki, sadəcə nəcib ideyaları eşitmək və ya oxumaq insanları dəyişdirmir. İnsanları dəyişdirən, onların həyatını yaxşılaşdıran, düşüncələrini və davranışlarını formalaşdıran şey maarifləndirmədir, təhsildir və cəmiyyətin bütün təbəqələrindəki sistemli dəyişikliklərdir. Bu fikir, əslində, onun dövrünün və bugünkü reallıqların dərindən bir analizi kimi görünür. Axundzadə burada həm xalqın maarifləndirilməsinin daha kompleks bir proses olduğunu, həm də təkcə mədəni irslə kifayətlənməyin mümkünsüzlüyünü vurğulayır. Axundzadə deyirdi ki, əsl inkişaf üçün təhsil, sosial islahatlar, insan hüquqlarının qorunması və cəmiyyətin hər sahəsində yeniliklər lazımdır. Bu, onun maarifçi və reformist ruhunun təzahürüdür. Axundzadənin bu sözləri həm də bir çağırışdır: əsl dəyişiklik yalnız insanların dünyagörüşünü dəyişəndə, onları düşünməyə və öyrənməyə sövq edəndə baş verir. O, cəmiyyətin irəli getməsi üçün sadəcə keçmişlə qürur duymaqdan çox, gələcəyə yönəlmiş hərəkət tələb olunduğunu vurğulayır. Bu, onun maarifçilik missiyasının əsasında duran ən böyük fikirlərdən biridir. Axundzadə bizlərə bir qədər ağrılı həqiqəti göstərir: bəzən böyük əsərlər oxumaq, hətta böyük dəyərlərdən xəbərdar olmaq belə insanlarda real dəyişiklik yaratmır. Həqiqi dəyişiklik üçün həm fərdi, həm də sistemli şəkildə fəaliyyət lazımdır. Onun bu sözləri insanı həm düşünməyə, həm də öz üzərinə məsuliyyət götürməyə çağırır.
Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” (orijinal adı: “Ревизор”) pyesi, dünya ədəbiyyatında tənqidi realizmin ən parlaq nümunələrindən biridir. 1836-cı ildə yazılan bu əsər, insan cəmiyyətində mövcud olan rüşvətxorluq, saxtakarlıq və bürokratiya kimi problemləri satirik üslubda təqdim edir. Hüququn əksikliyi, korrupsiya və hakimiyyətin məsuliyyətsizliyi pyesin əsas dayaq nöqtələrindən biridir. Lakin Qoqolun bu problemləri təsvir etmək tərzi insana həm güldürür, həm də düşündürür. Pyes,üslub baxımından satirik komediya janrında olsa da, özündə əhəmiyyətli fəlsəfi dərinlik daşıyır. Əsər, insan təbiətinin, cəmiyyətin strukturlarının və mənəviyyatın universal problemlərini araşdırır. Qoqolun yumor vasitəsilə toxunduğu mövzular əslində insanlığın mənəvi-etik suallarına cavab axtarır. Onun “Müfəttiş” pyesi, təkcə gülüş doğuran bir əsər deyil, həm də insanı düşünməyə vadar edən bir şah əsərdir. İlk baxışdan adi bir komediya kimi görünsə də, onun dərinliyində çox ciddi və əbədi problemlər gizlənir: rüşvət, ikiüzlülük, saxtakarlıq, qorxu və cəmiyyətdəki əxlaqi tənəzzül. Bu pyesi oxuyarkən və ya səhnədə izləyərkən insan həm gülür, həm də gülüşün arxasında gizlənən acı həqiqətlərlə üz-üzə qalır.
Əsərin başlanğıcından etibarən hüququn formal mövcud olduğu bir cəmiyyət təsvir olunur, amma həmin hüququn real həyatda heç bir dəyəri yoxdur. Şəhər rəsmiləri – vali, məhkəmə hakimi, xəstəxana müdirləri və digərləri qanunları yalnız öz maraqlarını qorumaq üçün vasitə kimi istifadə edirlər. Onlar hüququn ədaləti təmin etməli olduğunu çoxdan unudublar. Əksinə, hüquq onlara görə, rüşvət, yalan və saxtakarlıqla dolu bir sistemin oyuncağıdır. Vali, şəhər rəhbəri olaraq qanunun tətbiqinə cavabdehdir, amma əslində bu qanun onun şəxsi maraqlarına xidmət edir. Xəstəxanadakı dəhşətli vəziyyəti ört-basdır etmək üçün “xəstələrin yatmağa məcbur olduğunu” söyləyən vali, hüququn və dövlət vəzifəsinin nə qədər gülünc hala gətirildiyini göstərir. Bu, açıq bir şəkildə hüququn yalnız kağız üzərində qaldığını, əməldə isə tamamilə fərqli bir mənzərə yaratdığını vurğulayır. Bəs Xlestakovun timsalında hüquq necə təsvir olunur? O, hüquqi sistemin və cəmiyyətin naqisliklərindən faydalanan bir dələduzdur. Maraqlıdır ki, Xlestakov heç bir qanun pozuntusuna görə cəzalandırılmır. Əksinə, hüququ “idarə edənlər” öz qorxaqlığı və yaltaqlığı ilə onun yalanlarına inanaraq özlərini daha da gülünc vəziyyətə salırlar. Qoqol burada hüququn yalnız güclülərin və ya manipulyatorların əlində bir vasitə olduğunu ironiya ilə göstərir. Əsərin sonunda isə hüququn komik trayektoriyası tamamlanır. Müfəttişin əslində şəhərə hələ gəlmədiyini öyrənən rəsmilər üçün artıq gecdir. Hüququn təməl prinsipləri – ədalət, şəffaflıq və vicdan – onlara yad olduğu üçün, öz riyakarlıqları ilə hüquq sisteminin bir parodiyasını yaradıblar. Və əsl müfəttiş gələndə, biz artıq bilirik ki, bu adamlar hüquq qarşısında deyil, yalnız öz qorxularının və günahlarının əsiridirlər. Qoqol göstərir ki, əgər insanlar əxlaqi prinsiplərdən uzaqdırsa, hüquq sistemi nə qədər mükəmməl olsa da, çürüyəcək.
Qoqol burada təkcə Rusiyanın XIX əsrdəki cəmiyyətini deyil, ümumilikdə insanlığın zəif cəhətlərini hədəf alır. Əsərdə hər bir personaj özünəməxsus naqisliklərin daşıyıcısıdır: vali rüşvətxor, məmurlar məsuliyyətsiz, adi bir dələduz olan Xlestakov isə bu xaosdan istifadə edən kimsəsiz bir dələduzdur. Maraqlısı odur ki, Xlestakov heç bir xüsusi plan qurmasa belə, hamı onun qarşısında özünü məhv edir. Bəs niyə? Çünki onların qorxusu, yalanları və günahları özlərini həqiqətdən uzaqlaşdırıb. Müfəttiş gəlməsə belə, bu insanlar artıq öz riyakarlıqları ilə özlərini məhv etməyə məhkumdurlar.Əsərdə adi bir şəhər məmurlarının absurd qorxusu, mənəvi iflası və riyakarlığı elə bir ustalıqla təsvir edilir ki, istər-istəməz özümüzü onların yerinə qoyuruq. Vali – böyük bir “mükəmməl rüşvət mexanizmi”nin başında duran adamdır, amma birdən xəbər alır ki, müfəttiş gəlir. Elə buradan başlasaq, maraqlıdır: müfəttiş gəlir deyə niyə qorxursan, ey vali? Niyə günahını bilən hər kəs həyəcanlanır? Çünki hər kəs çirkli işlərinin ifşa olunmasından qorxur. Bu qorxudan doğan vəziyyətlər isə insanı həm güldürür, həm də düşündürür. Sonra ortaya Xlestakov – tam təsadüfi, adi bir dələduz çıxır. Amma o qədər “inandırıcı” deyil ki, hamı onu müfəttiş hesab edir. Axı, biz belə vəziyyətləri reallıqda da görmürükmü? Biz də bəzən yalançıya inanmağa, həqiqəti görməməyə meyilli deyilikmi? Pyes göstərir ki, özünü aldatmaq bəzən həqiqəti qəbul etməkdən daha rahatdır. Gülüş də buradan gəlir – insanın öz absurdluğunu görə bilməməsi. Satira burada ən böyük silahdır. Qoqol açıqca deyir: “Hamımız Xlestakov kimi yalan deyə bilərik, amma məsələ ondadır ki, cəmiyyət yalanı sevəndə, yalan daha güclü olur.” Şəhər məmurlarının yaltaqlığı, qorxuları, rüşvətlə dolu həyatları o qədər ironik şəkildə təsvir edilir ki, özümüz də bu güzgüdə tanış üzlər görə bilərik. Rüşvət alan yalnız vali deyil, yalan danışan yalnız Xlestakov deyil – əslində bu, hər bir dövrün insanı, hər bir cəmiyyətin problemidir. Qoqolun təsvir etdiyi dünyada hüquq kağız üzərindəki qanunlardan ibarətdir, amma bu qanunların arxasında dayanacaq vicdanlı və əxlaqlı insanlar olmadıqda, hüquq sistemi öz mahiyyətini itirir. Əslində, hüquq sisteminin gülünc hala düşməsi, Qoqolun satirik güzgüsü vasitəsilə oxucunun diqqətinə çatdırılır. Oxuyarkən özümüzdən soruşuruq: “Hüquq idealına çatmaq mümkündürmü, yoxsa bu yalnız utopik bir düşüncədir?”
Qoqolun pyesində hüquq vicdandan tamamilə ayrılmış vəziyyətdədir. Şəhər rəsmiləri yalnız özlərini xilas etmək üçün hərəkət edir və hüququn ədalət prinsipləri onları maraqlandırmır. Əsərdə hüquq yalnız qorxu, yalan və manipulyasiya vasitəsidir. Müasir dünyada hüquq və vicdan bir çox cəmiyyətlərdə hələ də ayrıdır. Hüquq sisteminin effektiv işləməsi yalnız qanunlarla deyil, həm də onu tətbiq edən insanların vicdanı və əxlaqi dəyərləri ilə bağlıdır. Əgər hüquq vicdansız şəxslərin əlindədirsə, o zaman Qoqolun təsvir etdiyi mənzərə müasir dövrdə də reallığa çevrilir.Xlestakov, pyesdə yalançı müfəttiş kimi təqdim olunaraq, cəmiyyətin qüsurlarından istifadə edir və özünü sərbəst şəkildə ifadə edir. Onun davranışları əxlaqsız və riyakar olsa da, bu, cəmiyyətin içindəki böyük problemləri üzə çıxarmaq üçün bir vasitədir. Xlestakovun azadlığı əslində cəmiyyətdəki qanunsuzluğun nə qədər dərin olduğunu göstərir – insanlar onun saxta şəxsiyyətini sual etmədən qəbul edir və özlərini ona qarşı aciz hiss edirlər. Pyesin əsas fəlsəfi dərinliyi insan xislətinin naqisliklərini ifşa etməsindədir. Valinin və digər şəhər rəsmilərinin qorxu ilə dolu davranışları onların vicdanlarının təmiz olmamasını göstərir. İnsanlar rüşvət və saxtakarlıqla məşğul olduqları üçün özlərinə belə güvənmir, əxlaqi zəifliklərinin qurbanına çevrilirlər. Qoqol göstərir ki, insanın mənəvi zəifliyi onu daha da riyakarlığa, qorxaqlığa və özünə qarşı əminliksizliyə aparır. Qorxu və azadlıq mövzusu fəlsəfi cəhətdən diqqətəlayiqdir. Şəhər rəsmiləri “müfəttiş”dən qorxaraq öz hərəkətlərini gizlətməyə çalışırlar, lakin bu qorxu onların daxili mənəvi köləlik vəziyyətində olduğunu göstərir. Qoqolun fikrincə, mənəvi azadlıq yalnız insanın vicdanının təmiz olması ilə mümkündür. Həqiqətdən qaçmaq isə insanı yalnız daha dərin mənəvi köləliyə aparır. Xlestakovun müfəttiş kimi qəbul edilməsi əsərdə gerçəklik və illüziya arasındakı fərqi araşdırır. İnsanlar reallığı dərk etmək yerinə öz illüziyalarına inanırlar. Valinin və şəhər rəsmilərinin Xlestakovu müfəttiş kimi qəbul etməsi, onların həqiqəti anlamaq iqtidarında olmadığını göstərir. Bu, insanın öz gözləntiləri və illüziyaları ilə gerçəkliyi necə təhrif edə biləcəyini göstərən fəlsəfi bir mövzudur.
“Müfəttiş” pyesi həm də gülüşün gücünü göstərir. Qoqol bizə sübut edir ki, ən ciddi problemlər belə yumor vasitəsilə daha təsirli şəkildə ifadə oluna bilər. İnsanları düşünməyə məcbur etmək üçün onları güldürmək bəlkə də ən təsirli yoldur. Çünki gülüşün ardınca gələn düşüncə daha dərindir və insanın vicdanına toxunur. Oxuyarkən sanki Qoqol bir kənara çəkilib, əlinə güzgü alaraq hər birimizi bir-bir göstərir: “Baxın, budur siz, budur biz. Gülürsünüz, amma fərqindəsiniz ki, gülüşlərinizin arxasında siz də varsınız?” “Müfəttiş” nədir? Sadəcə bir oyun, bir tamaşa deyil. Bu, cəmiyyətin komediyasıdır. Gülürsən, amma axırda bir sual səni tərk etmir: “Mən də bu absurd teatrın aktyoruyam?” Yəni, Qoqol bizim həyatımızı gözümüzün önünə sərir, amma heç bir çıxış yolu təklif etmir. O, sadəcə deyir: “Özünüz baxın, qərarınızı özünüz verin.” “Müfəttiş” pyesinin fəlsəfi dərinliyi, insanın öz mənəvi məsuliyyətini anlaması və həqiqət qarşısında dürüst olması ilə bağlıdır. Qoqol, güzgü tutaraq insanları özlərini və cəmiyyətlərini dərk etməyə çağırır. Onun mesajı sadədir: insanın və cəmiyyətin inkişafı yalnız həqiqət, dürüstlük və mənəvi təmizliklə mümkündür. Pyes bu mənada yalnız gülüş doğuran bir komediya deyil, həm də insanın varoluşuna dair ciddi fəlsəfi bir araşdırmadır.
Bu əsər eyni zamanda güzgü kimi də işləyir – biz əsərin personajlarında yalnız Qoqolun dövrünün insanlarını deyil, özümüzü də görürük. Cəmiyyətin səhvlərini tənqid etmək asandır, amma bu əsər göstərir ki, bəzən bu səhvlərin səbəbkarı biz özümüz ola bilərik. Axı biz də bəzən həqiqəti görməkdən çəkinir, daha asan olanı seçir və vicdanımızın səsini susdururuq. Və bu qərar? Əgər biz də Xlestakovlara inanmağa, həqiqətdən qorxmağa davam etsək, bəlkə növbəti dəfə müfəttiş heç gəlməyəcək – çünki artıq hər şey çürüyüb bitəcək. Bu da Qoqolun güldürə-güldürə düşündürən mesajıdır. Bir az acı, bir az şirin, amma həmişə səmimi.
“VOLTERIN “SAFDIL” ƏSƏRI: Sadəlövhlüyün güzgüsündə cəmiyyətin ziddiyyətləri”
Volterin 1767-ci ildə nəşr olunan “Safdil” əsəri, dövrün ictimai quruluşunu və insan təbiətini kəskin şəkildə şübhə altına alan, cəlbedici satirik romandır. “Kandid” kimi daha məşhur əsərləri ilə müqayisədə roman daha az mürəkkəb bir quruluşa malikdir, lakin dərinlik baxımından əlbəttə ki, geri qalmır. Volter bu əsərində xüsusilə din, sosial ənənələr və fərd və cəmiyyət arasındakı əlaqəyə diqqət yetirir. Safdil Fransaya gələn və Qərb cəmiyyətinin adət-ənənələri, dini və siyasəti ilə tanış olan baş qəhrəman Huron hindlisidir. O, qəfildən özünü 17-ci əsr Fransasında tapır. Safdilin Qərb cəmiyyəti ilə qarşılaşması onun sadə və saf əxlaq anlayışı ilə bu cəmiyyətin mürəkkəb, süni və çox vaxt ikiüzlü quruluşu arasındakı toqquşmanı ortaya qoyur. Sadəlövh insan Fransanın dini və ictimai quruluşunu sorğulamağa başlayır və yaşadığı mədəni sarsıntıya görə öz dəyərlərini yenidən qiymətləndirmək məcburiyyətində qalır. Qəhrəmanın “sadəlövhlüyü” və təbii instinktləri dövrün Fransa cəmiyyətinin süni və korrupsioner qaydaları ilə toqquşur. Bu təzad Volterə cəmiyyətin ziddiyyətlərini və ikiüzlülüyünü ifşa etməyə imkan verir. Sadəlövh, təbii və azad insanın sosial qaydalara uyğunlaşma prosesində qarşılaşdığı problemləri əks etdirməklə cəmiyyətin təbiiliyi nə dərəcədə sıxışdırdığını göstərir. Volterin “Safdil” əsərini Azərbaycan mühitinə və cəmiyyətinə uyğun olaraq təhlil etmək maraqlı perspektivlər ortaya qoyur. Safdil, Avropanın, xüsusilə Fransa cəmiyyətinin din, adət-ənənə və sosial quruluşdakı təzadlarını tənqid etdiyi kimi, oxşar problemlər Azərbaycan mühitində də müəyyən dövrlərdə mövcud olub və bəzən hələ də aktualdır. Volter əsərində insanın təbii azadlığı ilə süni quruluşlar arasındakı ziddiyyəti tənqid edir. Azərbaycan mühitində də xüsusilə XIX-XX əsrlərdə Qərb mədəniyyəti ilə Şərq ənənələrinin toqquşması diqqət çəkir. Mirzə Fətəli Axundzadənin və ya Cəlil Məmmədquluzadənin əsərlərində də belə mövzulara rast gəlinir. İnsanların ənənələr və süni məhdudiyyətlər arasında sıxışıb qalması Safdildəki qəhrəmanın yaşadığı mədəni şokla müqayisə oluna bilər. Voltaire dini təşkilatların riyakarlığını və insanların üzərindəki hakimiyyətini tənqid edir. Azərbaycan mühitində də dinin bəzi dövrlərdə mədəniyyət və siyasət üzərində böyük təsir gücünə malik olduğunu görmək mümkündür. Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalında da Volterin yanaşmasına bənzər tənqidi ruh müşahidə edilir. Baş qəhrəman Qərb sivilizasiyasının süni qaydalarını başa düşməyə çalışır və bu prosesdə təbii dəyərləri ilə toqquşur. Bu, Azərbaycanın Rusiya İmperiyası tərkibində olduğu dövrdə və ya sovet dövründə ənənəvi mədəniyyətin modernləşmə ilə qarşılaşmasına bənzədilə bilər. Voltaire’in qəhrəmanı kimi, Azərbaycan cəmiyyətində də modernləşmə prosesləri zamanı insanlar bir çox ziddiyyətlər və mədəni dilemma ilə qarşılaşıb. Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” əsəri “Safdil” ilə müəyyən qədər müqayisə edilə bilər. Bu əsərdə də təbii və yad düşüncələr arasındakı konflikt göstərilir. Müsyö Jordan qərb elmini, Dərviş Məstəli şah isə ənənəvi, bir qədər də geri qalmış baxışları təmsil edir. Axundzadə də Voltaire kimi ironiya və tənqidi yanaşmadan istifadə edir. Cəlil Məmmədquluzadənin “Poçt qutusu” və ya “Ölülər” əsərlərində cəmiyyətin geridə qalmışlığı və dəyişən dünyanın gətirdiyi çağırışlar “Safdil”dəki mövzularla çox bağlıdır.
Əsəri oxuyarkən, onun sadə süjetindən daha çox, altındakı güclü fəlsəfi və siyasi mesajlar diqqət çəkir. Bu bizi həm düşünməyə, həm də cəmiyyətin problemlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Sadə və məsum bir insanın – Safdilin – sivilizasiya ilə toqquşması əslində insanlığın öz dəyərlərini necə unudub süni bir dünya yaratdığını göstərir. Bu məni bir insan kimi düşündürür: biz doğularkən saf və azadıq, amma böyüdükcə cəmiyyət bizə qaydalar, dogmalar, məhdudiyyətlər yükləyir. Safdil, bu yükləri anlamır, çünki o, təbiətinə daha yaxındır. Bu, mənə Volterin “təbiətə qayıdış” çağırışını xatırladır: İnsan niyə bu qədər saxta olmağa çalışır? Niyə təbii və səmimi olmaq çox vaxt qəribə qarşılanır?
Volterin fəlsəfəsi aydındır: insan ağlı ilə təbiət arasındakı harmoniyanı itirib. Dini sistemlər və sosial strukturlar bizi düşündürmək yerinə itaət etməyə məcbur edir.
Bu məqam mənim üçün çox təsirli idi, çünki hələ də müasir dünyada insanları sorğulamadan qəbul etməyə sövq edən sistemlər var. Volter, kilsəni sərt şəkildə tənqid edir, amma bunu açıq hücumla deyil, Safdilin sadə sualları ilə edir. Düşünürəm ki, bu yanaşma inanılmaz dərəcədə təsirlidir. Safdilin sualları, əslində, bizim də bəzən özümüzdən soruşmaq istədiyimiz suallardır:
“Niyə insanlar dini gücün təsiri altında ədalətsizlik edir? Niyə tanrı adına bu qədər əzab verilir?”
Belə suallar məni düşündürdü. Din mənəvi dəyər sistemi olmalı olduğu halda, bəzən güc və manipulyasiya alətinə çevrilir. Bu, yalnız Volterin dövründə deyil, bir çox dövrlərdə də belə olmuşdur. Bu tənqid həm həqiqəti vurğulayır, həm də insanı öz mənəvi inanclarını sorğulamağa çağırır.
Əsərin siyasi mesajı da diqqətəlayiqdir. Volter monarxiyanı və aristokratiyanı açıq şəkildə tənqid edir. Safdilin gözləri ilə biz görürük ki, bu sistemlər ədalətdən çox uzaqdır və yalnız güclülərin maraqlarını qoruyur. Mənim üçün ən təsirli məqam, Safdilin hüquq sistemi ilə qarşılaşdığı səhnələr oldu. Bu, bəlkə də ən çox düşündürən hissə idi, çünki hüquq sisteminin ədalətdən uzaqlaşdığı bir dünyada yaşayırıq. Bu əsərdəki tənqid o qədər aktualdır ki, özümüzü Safdilin yerində təsəvvür etmək mümkündür. Safdil mənə insan olaraq nə qədər azad və düşüncəli ola biləcəyimizi, amma cəmiyyətin bizi necə məhdudlaşdırdığını xatırlatdı. Volterin üslubu həm güldürür, həm də düşündürür. O, sadə bir hekayə ilə bizə mürəkkəb fəlsəfi və siyasi suallar təqdim edir:
Azadlıq nədir?
Cəmiyyət insanın xoşbəxtliyinə kömək edirmi, yoxsa ona mane olur?
Bu suallar məni əsərin sonunda öz həyatımı sorğulamağa vadar etdi. Biz hələ də Volterin tənqid etdiyi problemlərlə mübarizə aparırıq. Onun ironiya və yumor vasitəsilə bizə çatdırdığı mesajlar nəinki tarixən, hətta indi də aktualdır. Əsəri bitirdikdən sonra sanki bir dostla uzun bir söhbət etmiş kimi hiss etdim. Filosof sanki mənə baxıb dedi: “Sorğula, həmişə sorğula. Yalnız belə azad ola bilərsən.” Məncə, Safdil təkcə oxunmalı deyil, həm də hiss edilməli və həyatımıza tətbiq edilməlidir.
Qaranlıq bir otaqda, köhnə masanın üstündəki lampa sönük işıq saçırdı. Otağın dərin sükutunu yalnız divar saatının tıqqıltısı pozurdu. Nitsşe, qələmini mürəkkəbə batırıb bir an dayanaraq pəncərədən baxarkən gecənin qaranlığını seyr edir, sanki onun düşüncələri də bu sonsuz qaranlıqda itib-batırdı.
“Həqiqətən də Tanrı öldü” deyə düşündü. Bu fikir onun beynində bir ildırım kimi çaxdı. Necə oldu ki, insanlıq öz Tanrısını öldürdü? Onun əlləri titrəyirdi. Daxilindəki qarışıqlıq, cəmiyyətin yüzilliklərdir bərk yapışdığı dəyərləri yerlə bir etmək cəsarətindən gəlirdi. Qələm bir anda hərəkətə gəldi. Kağızın üzərində kəskin cümlələr yaranmağa başladı:
“Tanrı öldü. Onu biz öldürdük. Bu günə qədər heç kim belə bir fəlakətin məsuliyyətini üzərinə götürməyə cəsarət etməmişdi!”
Bu sözləri yazarkən qəlbində bir narahatlıq hissi vardı. Çünki Tanrını öldürmək təkcə dini inkar etmək deyildi; bu, bütün insanlıq üçün yeni bir yol seçmək, yeni bir mənəviyyat qurmaq demək idi. Növbəti gün Nitsşe kiçik bir kitabını, “Şən Elm” adlandırdığı əsərini bitirdi. Bu kitabda o, Tanrının yoxluğunu elan edir, insanların indi öz dəyərlərini yaratmaq məcburiyyətində olduğunu bəyan edirdi. Lakin onun bu fikirləri cəmiyyətin böyük bir qismi üçün şok təsiri yaratdı.
Bir gün Nitsşe Venesiyada bir kafedə əyləşib qəhvəsini içərkən yan masada bir neçə gəncin onun haqqında pıçıldayaraq dediklərini eşitdi:
“Bu adam deyir ki, Tanrı öldü. Amma əgər Tanrı yoxdursa, onda yaxşı ilə pisin fərqini necə biləcəyik?”
Nitsşe, onların dediklərini eşidərək üzünü çevirib gülümsədi:
“Tanrı olmadan insanın özünü tanıma vaxtı gəldi. Özünüzün yaradıcısı olmaq, güc istəyinizi dərk etmək sizin vəzifənizdir.Tanrısız azadlığın dadını çıxarın!” Amma bu sözlər qarşısında gənclərin baxışları qorxu ilə doldu. İnsanlar hələ azadlığın yükünü daşımağa hazır deyildilər. Nitsşe bunu anlayırdı. Sonrakı illərdə Nitsşe bir çox əsər yazdı. Onun fikirləri sanki dərin bir boşluqdan gəlirdi ” Zərdüşt belə deyirdi” onun həyatının ən böyük əsəri idi. Bu kitabda o, “üstinsan” konsepsiyasını irəli sürdü. İnsanlıq yalnız özünü aşaraq əsl mənasını tapacaqdı. Lakin bu fikir həm rəğbət, həm də nifrət doğurdu.
Nitsşe ömrünün son illərində tamamilə tənha idi. Sağlamlığı getdikcə pisləşir, fikirlərini dünyaya izah etməyə çalışsa da, çox vaxt yanlış başa düşülürdü. Bir gün, bacısının villasında, o, son dəfə pəncərədən baxaraq dərin bir nəfəs aldı:
“Bəlkə də məni anlamayacaqlar. Amma bir gün, insanlar Tanrısız azadlığın həqiqi dəyərini başa düşəcək. İnsan öz gücünü və öz dəyərlərini yaradacaq. O gün, mənim ruhum rahatlıq tapacaq.”
Bir neçə gün sonra, Nitsşe gözlərini əbədi olaraq yumdu. Lakin onun fikirləri hələ də yaşayır, hər bir azad ruhlu insanın düşüncələrində özünə yer tapırdı. Tanrını öldürən adamın adı tarixdə silinməz bir iz buraxmışdı.
Lev Tolstoyun “‘Kreyser Sonatası’ novellasındakı Fəlsəfi Aspektlər: Mənəvi Çatışmazlıqlar və Əxlaqi Çökmənin Fəlsəfəsi
Lev Tolstoy, 19-cu əsr Rus ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olaraq, insanların daxili dünyasını, mənəvi dəyər və əxlaq prinsiplərini dərin təhlil edən əsərlər yazmışdır. Onun “Kreyser Sonatası” novellası, insan münasibətləri, sevgi, ailə və sənət anlayışlarını irəliləyərək müzakirə edir.”Kreyser Sonatası”, adi bir sərnişin qatarında baş verən dialoq ətrafında cərəyan edir.Tolstoy oxuculara cəmiyyətin təzyiqi altında yaşayan fərdlərin psixoloji və mənəvi çırpıntılarını göstərir. Əsas qəhrəmanı olan Posdnişev, həyat yoldaşı ilə münasibətlərini və insan duyğularını dərin şəkildə müzakirə edir. Əsərin fəlsəfəsi, sevginin yalnız fiziki tərəflərinin deyil, həm də mənəvi bağlılığın əhəmiyyətini vurğulayı. Onun xatırlamaları, sevgi və ehtiras haqqında geniş bir fəlsəfi çərçivə təqdim edir. Əsər, lirik bir parçanın, Beethovenin “Kreyser Sonata”sının təsiri altında cərəyan edir; bu musiqi əsəri, sevginin, kədərin və heysiyyatın narahatlıqlarını yansıdır Posdnişev obrazı, cəmiyyətin və evliliyin çürümüş dəyərlərini simvolizə edir.Onun xatirələri vasitəsilə Tolstoy, müasir dünyadakı insanların bir-birinə olan soyumasını və istehlakçı münasibətlərin artmasını vurğulayır. Lev Tolstoyun “Kreyser Sonatası” əsərinin başlanğıcı olduqca təsirli bir səhnə ilə oxucunun diqqətini çəkir. Hadisələr bir qatar səyahəti zamanı baş verir. Bu təkcə povestin məkanı deyil, həm də əsərin fəlsəfi atmosferini yaradan simvolik bir elementdir.Qatar — daimi hərəkətdə olan, keçmişdən gələcəyə doğru gedən, lakin məkan olaraq məhdudiyyətlər qoyan bir mühit kimi — Pozdnişevin həyatındakı dönüş nöqtələrini əks etdirir. Bu giriş oxucunu əsərin mərkəzində dayanan sevgi, ehtiras, cəmiyyət və mənəviyyat mövzularına hazırlayır. Qatar səyahəti sadəcə fiziki bir məkan deyil, həm də psixoloji və fəlsəfi bir simvoldur. Bu səyahət Pozdnişevin həyatında bir növ “daxili səyahət” kimi başa düşülə bilər. Onun keçmişini açıb paylaşması və həyat yoldaşı ilə bağlı faciənin hekayəsini danışması bu hərəkəti mənəvi bir təmizlənmə prosesinə çevirir. Pozdnişev qatar vaqonundakı sərnişinlərin sevgi haqqında etdiyi ümumi söhbətlərə qarışır. Bu dialoqlar əsərin ilk fəlsəfi suallarını ortaya qoyur. Söhbətlərdən belə qənaətə gəlmək olar ki, cəmiyyət sevgini müəyyən çərçivələrə salır, onu ideallaşdırır, lakin əslində bu, çox vaxt yalnız ehtirasın və instinktlərin maskalanmış formasıdır. Pozdnişev isə bu mövzuda fərqli bir perspektiv təqdim edir. Pozdnişev qadınların geyimləri və davranışlarının kişiləri cəlb etmək üçün məqsədli olduğunu iddia edir.Onun fikrincə, qadınlar kişilərin ehtiraslarını oyandırmaqla, əslində, onlara hökm edirlər. Bu, cinslər arasındakı mürəkkəb güc münasibətlərini və cəmiyyətin qadına necə obyekt kimi baxdığını əks etdirir. Pozdnişev öz gənc illərindəki əyləncələrindən danışır. Bu xatirələr onun həyatında baş verən hadisələrin fonunu təşkil edir və onun xarakterindəki zəiflikləri göstərir. O, qadınlarla münasibətini yalnız ehtirasın idarə etdiyi bir təcrübə kimi təsvir edir. Pozdnişevin sərnişinlərlə söhbəti əsərin fəlsəfi və dramatik əsasını qoyur. Lakin əsərin daha sonra inkişaf edən hissələri onun öz həyat hekayəsini paylaşdığı bir sərnişinlə fərdi dialoq formasını alır. Bu sərnişin haqqında məlumat verilməsə də, onun varlığı hekayənin inkişafı üçün vacibdir. Pozdnişevin həyat hekayəsini paylaşdığı şəxs bir növ passiv dinləyici rolunu oynayır. Bu, Tolstoyun hekayənin fəlsəfi aspektini ön plana çıxarmaq üçün istifadə etdiyi bir ədəbi üsuldur. Oxucu, bu sərnişin vasitəsilə Pozdnişevin keçmişini, düşüncələrini və faciələrini dərk edir. Pozdnişev həyat yoldaşı ilə münasibətindəki səhvləri, qısqanclığın necə faciəyə səbəb olduğunu və öz davranışlarının məsuliyyətini qəbul etməyə çalışır. Onun monoloqları, keçmişdə etdiyi səhvlərin, qısqanclığın və ehtirasın necə ailəsini və özünü məhv etdiyini açıq şəkildə ortaya qoyur. Pozdnişev, bir tərəfdən, öz qəzəbini və qısqanclığını bəraətləndirməyə çalışır, digər tərəfdən isə etdiklərinə görə dərin peşmanlıq hissi keçirir.
Pozdnişevin həyat yoldaşı əsərin ən tragik obrazıdır. Onun haqqında məlumatı yalnız Pozdnişevin prizmasından əldə edirik, bu isə onun necə bir insan olduğunu tam anlamağı çətinləşdirir. O, ailə daxilində həm ehtirasın, həm də qısqanclığın qurbanına çevrilir. Həyat yoldaşının sakit və təmkinli xarakteri onun daxili dünyasını ört-basdır edir, lakin bu səssizlik qadınların o dövrdəki məhdudiyyətlərini simvolizə edir. Onun həyat yoldaşı, musiqiçi ilə olan münasibəti sayəsində azadlıq və şəxsiyyətini ifadə etməyə çalışsa da, bu cəhdlər onun üçün faciəli nəticələr doğurur. Muzikant — Skripkaçı obrazı, Pozdnişevin qısqanclığının əsas mərkəzində dayanır. O, həyat yoldaşı ilə heç bir açıq münasibət içində olmadığı halda, Pozdnişevin gözündə ailəni dağıdan bir simvola çevrilir. Onun obrazı daha çox Tolstoyun musiqiyə və sənətə münasibətini ifadə etmək üçün istifadə edilir. Tolstoy skripkaçı obrazı vasitəsilə musiqinin insanın hisslərini necə gücləndirdiyini göstərir. Pozdnişev üçün musiqi həyat yoldaşı ilə skripkaçının yaxınlaşmasının və ehtirasın oyandırılmasının bir vasitəsidir. Bu isə onun faciəsinin katalizatoru olur. Lev Tolstoyun “Kreyser Sonatası” əsərindəki obrazlar bizi insan təbiəti, sevgi, ehtiras və mənəviyyat haqqında düşünməyə məcbur edir. Bu obrazlar vasitəsilə Tolstoy sadəcə hekayə danışmır, həm də oxucunu öz daxili ziddiyyətləri ilə üzləşdirir. Əsər bizi ehtirasın və qısqanclığın həyatımızı necə məhv edə biləcəyini dərk etməyə və ailə münasibətlərindəki əxlaqi məsuliyyətlərimizi sorğulamağa çağırır. Tolstoyun obrazları, sadə sözlərlə desək, cəmiyyətin güzgüsüdür Lev Tolstoyun “Kreyser Sonatası” əsəri, yalnız bir ailə faciəsinin hekayəsi deyil, həm də insan münasibətləri və cəmiyyətin əxlaqi çöküşü haqqında dərin fəlsəfi bir təhlildir.Tolstoy oxucunu mənəvi dəyərləri sorğulamağa və daha təmiz, əxlaqi həyat tərzinə doğru yönəlməyə çağırır. “Kreyser Sonatası” bu baxımdan həm ədəbi, həm də fəlsəfi dəyərini qoruyub saxlayan nadir əsərlərdən biridir.
Freyd şüuraltını kəşf edəndə bizə insan şüurunun o qədər də vacib olmadığını, əsl determinantın şüuraltı olduğunu söylədi. Nitsşe, insanın ehtiraslı bir varlıq olması fikrini işlədi. Marks iqtisadi qanunların insanın davranışını müəyyən etməsi fikrini irəli sürdü. Bu üç ideya insanın rasional varlıq olması fikrini zəiflətməyə başladı. Lakin bu üç ideyadan xeyli əvvəl Dostoyevski artıq rasional insan ideyasını təkzib etməyə başlamışdı.
“Hər şeyi çox başa düşmək bir xəstəlikdir; gerçək, tam mənası ilə bir xəstəlikdir.” Dostoyevski yazır.
Dostoyevski, insan təbiətini və psixologiyasını dərindən araşdıran yazıçı olaraq, rasional insan anlayışını öz əsərlərində çox təsirli şəkildə tənqid etmişdir. O, insanın yalnız ağlın deyil, eyni zamanda ehtirasların, instinktlərin və irrasional motivlərin idarəsində olduğunu göstərməyə çalışmışdır. Onun əsərlərində qəhrəmanlar tez-tez özlərini başa düşülməsi çətin, ziddiyyətli və qeyri-müntəzəm davranışlarla ifadə edirlər.Dostoyevski “hər şeyi çox başa düşmək bir xəstəlikdir” fikri ilə insanda sonsuz analizin və şüurun sərhədlərinin insan xoşbəxtliyinə zərbə vurduğunu iddia edir. O, bəzən insanın ağıl və məntiq çərçivələrindən çıxaraq daha dərin bir ruhani və ya emosional təcrübə yaşadığını göstərir. Dostoyevskinin bu fikirləri, Freyd, Nitsşe və Marksın irəli sürdüyü fikirlərlə yanaşı, insan təbiətinin təkcə rasional perspektivdən anlaşılmayacağını vurğulayan böyük bir nəzəriyyəvi bazanın tərkib hissəsidir. Bu dörd şəxsiyyətin birləşmiş təsiri, insanın yalnız məntiqli, məqsədəuyğun və rasional davranan bir varlıq olmadığını, əksinə, daha mürəkkəb və ziddiyyətli olduğunu dərk etməyimizə kömək edir. Dostoyevski rasional insan ideyasını yalnız tənqid etməklə kifayətlənməmiş, həm də bunun əksini – insanın irrasional və paradoksal təbiətini ortaya qoymuşdur. Onun fikrincə, insan hər zaman ağıl və məntiqə tabe olmayan qərarlar verə bilər. Məsələn, “Yeraltından Qeydlər” əsərində qəhrəman açıq şəkildə bildirir ki, insanlar təkcə faydalı və ağlabatan olanı seçmir, bəzən yalnız iradələrini sübut etmək üçün zərərli və irrasional davranışlar sərgiləyir. Bu, insanın azadlıq istəyinin, hətta bu azadlığın özünə zərər verəcəyi hallarda belə üstün gəldiyini göstərir. Dostoyevski əsərlərində insanın davranışlarını idarə edən dərin, gizli motivlərə işarə edir. Dostoyevski öz əsərlərində göstərir ki, insan təbiəti yalnız məntiq və şüurla izah edilə bilməz. Məsələn, “Yeraltından Qeydlər” əsərindəki qəhrəman sübut edir ki, hətta insanın xoşbəxtlik axtarışı belə irrasional davranışla müşayiət edilə bilər. Bu yanaşma, insanın özünü şüuraltı impulslarının və mənəvi ziddiyyətlərin əsiri kimi tanıması ilə daha da mənalı olur. Bu, Freydin şüuraltının insanın əsas determinantı olması fikrinə bənzəyir. Həm Dostoyevski, həm də Freyd insanda ziddiyyətli istəklərin və impulsların mövcudluğunu vurğulayır. Nitsşe insanın ehtiraslarla idarə olunduğunu söyləyərkən Dostoyevskinin qəhrəmanları bunu təcrübə edirlər. Onlar yalnız məntiqi mühakimələrlə deyil, daxili ehtiras və instinktlərlə hərəkət edirlər. Nitsşenin “dəyərlərin yenidən qiymətləndirilməsi” düşüncəsi də Dostoyevskinin insanın mənəvi dəyərlərə yanaşmasında gördüyü paradoksallığı əks etdirir.Dostoyevski göstərir ki, insan hər zaman ağıl və məntiq üzərində qurulmuş qərarlar vermir; bəzən onun seçimləri gözəllik, sənət və daxili harmoniya axtarışından qaynaqlanır. Bu, Nietzsche’nin sənət vasitəsilə insanın irrasional tərəflərini ifadə etməsi fikri ilə uyğunluq təşkil edir. Dostoyevski üçün gözəllik həm xilaskar, həm də dağıdıcı gücə malikdir. Bu paradoks, insan təcrübəsinin irrasional, lakin dərin anlamlarını açır. Lakin Dostoyevski, xüsusilə “Cinayət və Cəza” əsərində göstərir ki, insan yalnız iqtisadi ehtiyaclara görə deyil, mənəvi və mənəvi təzyiqlərə görə də hərəkət edə bilər. Raskolnikov kimi bir obrazın iqtisadi yoxsulluğu onun hərəkətlərinə təsir etsə də, əslində, onun daxili münaqişəsi və ideoloji motivləri daha çox rol oynayır. Dostoyevski, insanın yalnız sosial və maddi şərtlərin deyil, eyni zamanda günahkarlıq hissi və mənəvi məsuliyyətin təsiri altında olduğunu göstərir. Bu, xüsusilə Raskolnikov obrazında müşahidə edilir. Günah və vicdanın təsiri ilə insan bəzən öz ağlını və məntiqini inkar edərək daxili harmoniya axtarışına yönəlir. Müasir psixologiyada bu, özünütəhlil və daxili münaqişələr şəklində araşdırılır. Dostoyevski azadlıq anlayışını irrasionallıqla əlaqələndirirdi. O, insanın bəzən öz zərərinə olan qərarlar verməkdə azad olduğunu vurğulayırdı. Bu, müasir ekzistensialist düşüncələrdə əksini tapır. Sartre və Kamyu kimi filosoflar da insanın azadlıq içində mənasızlıq və paradoksal seçimlərlə üzləşdiyini müdafiə edirlər. Dostoyevskinin qəhrəmanları, xüsusən də “Karamazov qardaşları” əsərində, azadlığın mənəvi və sosial məsuliyyətlə necə qarşıdurmada olduğunu təcəssüm etdirir.Dostoyevski “Cinlər” əsərində kütlə psixologiyasını, ideologiyaların insan davranışına təsirini və fərdiliyin itirilməsini incələyir. O, kollektiv ideyaların fərdi məntiqi necə boğa biləcəyini göstərir. Marks insanın davranışlarını iqtisadi və maddi şərtlərlə izah edir. Bu, Marksın iqtisadi determinizmindən fərqli olaraq, ideoloji manipulyasiyaların və kollektiv ehtirasların fərd üzərindəki təsirini ön plana çıxarır. Bu fikirlər sonradan Hannah Arendt və Carl Jung kimi nəzəriyyəçilərin kollektiv və fərdi psixologiya üzərindəki işlərində öz əksini tapmışdır. Dostoyevskinin fikirlərinin bu üç ideyadan əvvəl gəlməsi onun bir növ qabaqcıl olduğunu və insan psixikasını anlamaqda bənzərsiz dərinlik göstərdiyini sübut edir. O, rasional insan anlayışını təkcə zəiflətdi, həm də insanın irrasional təbiətini, daxili azadlıq istəyini və mənəvi mübarizəsini açıq şəkildə təsvir edərək onu daha mürəkkəb və zəngin bir fenomen kimi təqdim etdi.