
Lev Tolstoyun “İnsan nə ilə yaşayır?” kitabında yer alan bu ibrətamiz hekayə, kəndli Pahomun acınacaqlı taleyindən bəhs edir.
“Pahom adi, sadə, lakin daha varlı bir həyat arzusunda olan kəndli idi. Bir gün uzaq bir diyarda bir Rəisin insanlara qarşılıqsız torpaq verdiyini eşitdi. Daha çox torpaq sahibi olmaq ümidi ilə həmin yerə yollandı və Rəisə istəyini bildirdi. Rəis həqiqətən də comərd bir adam idi və Pahoma belə dedi:
“Səhər Günəşin doğuşundan batışına qədər qət etdiyin bütün torpaq sənin olacaq. Lakin Günəş batmadan başladığın yerə qayıtmalısan. Əks halda, hər şeyini itirəcəksən.”
Pahom səhər tezdən yeriməyə başladı. Tarlalar, bağlar, çəmənliklər keçdi. Geri dönmək üzrə idi ki, gözəl, münbit bir ərazi gördü.
“Bunu da götürüm, bu da mənim olsun” – deyə düşündü.
Bağça, çayır, sulaq torpaqlar – hər şeyi əldə etmək istədi. Lakin bir də gördü ki, Günəş batmaq üzrədir. Qayıtmaq üçün qaçmağa başladı. Qaçdı, qaçdı… Amma gücü tükəndi. Yorğunluqdan ayaqları titrəyirdi. Burundan qanlar axırdı. Son gücünü toplayıb başladığı yerə çatmağa çalışdı… Lakin yerə yıxıldı və bir daha qalxmadı. Bütün olanları sakitcə izləyən reis başını tərpədib dedi:
“Bir insana bu qədər torpaq yetər!”
Adamları Pahom üçün bir qəbir qazdılar və onu dəfn etdilər. “
Bu hekayə insanın doymayan tamahını və ehtirasını gözəl bir şəkildə təsvir edir. Yeyə bilməyəcəyimiz qədər yemək, geyə bilməyəcəyimiz qədər paltar, yaşaya bilməyəcəyimiz qədər evlər… Axırda isə insanın ehtiyacı olan yalnız bir qarış torpaqdır. Pahomun faciəsi, əslində çoxlarımızın həyatında müxtəlif formalarda özünü göstərən bir həqiqətdir: Daha çox şeyə sahib olmaq istəyi, əlimizdəkiləri dəyərləndirməyi unutmağımıza səbəb ola bilər.

“Bir insana məhz bu qədər torpaq yetər!” sözü, həyatın sonunda sahib olduqlarımızın deyil, onu necə yaşadığımızın vacib olduğunu vurğulayır. Bu gün də bu hekayədən çıxarılacaq çox dərs var. Həqiqi xoşbəxtlik və dinclik daha çox şey əldə etməkdədir, yoxsa əlimizdəkilərlə kifayətlənməyi bacarmaqda?
Müəllif: Zəhra HƏŞİMOVA
“ARİSTOTEL POETİKASI” RUBRİKASI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru