TANRINI ÖLDÜRƏN ADAM

TANRINI ÖLDÜRƏN ADAM

Qaranlıq bir otaqda, köhnə masanın üstündəki lampa sönük işıq saçırdı. Otağın dərin sükutunu yalnız divar saatının tıqqıltısı pozurdu. Nitsşe, qələmini mürəkkəbə batırıb bir an dayanaraq pəncərədən baxarkən gecənin qaranlığını seyr edir, sanki onun düşüncələri də bu sonsuz qaranlıqda itib-batırdı.

“Həqiqətən də Tanrı öldü” deyə düşündü. Bu fikir onun beynində bir ildırım kimi çaxdı. Necə oldu ki, insanlıq öz Tanrısını öldürdü? Onun əlləri titrəyirdi. Daxilindəki qarışıqlıq, cəmiyyətin yüzilliklərdir bərk yapışdığı dəyərləri yerlə bir etmək cəsarətindən gəlirdi. Qələm bir anda hərəkətə gəldi. Kağızın üzərində kəskin cümlələr yaranmağa başladı:

“Tanrı öldü. Onu biz öldürdük. Bu günə qədər heç kim belə bir fəlakətin məsuliyyətini üzərinə götürməyə cəsarət etməmişdi!”

Bu sözləri yazarkən qəlbində bir narahatlıq hissi vardı. Çünki Tanrını öldürmək təkcə dini inkar etmək deyildi; bu, bütün insanlıq üçün yeni bir yol seçmək, yeni bir mənəviyyat qurmaq demək idi. Növbəti gün Nitsşe kiçik bir kitabını, “Şən Elm” adlandırdığı əsərini bitirdi. Bu kitabda o, Tanrının yoxluğunu elan edir, insanların indi öz dəyərlərini yaratmaq məcburiyyətində olduğunu bəyan edirdi. Lakin onun bu fikirləri cəmiyyətin böyük bir qismi üçün şok təsiri yaratdı.

Bir gün Nitsşe Venesiyada bir kafedə əyləşib qəhvəsini içərkən yan masada bir neçə gəncin onun haqqında pıçıldayaraq dediklərini eşitdi:

“Bu adam deyir ki, Tanrı öldü. Amma əgər Tanrı yoxdursa, onda yaxşı ilə pisin fərqini necə biləcəyik?”

Nitsşe, onların dediklərini eşidərək üzünü çevirib gülümsədi:

“Tanrı olmadan insanın özünü tanıma vaxtı gəldi. Özünüzün yaradıcısı olmaq, güc istəyinizi dərk etmək sizin vəzifənizdir.Tanrısız azadlığın dadını çıxarın!” Amma bu sözlər qarşısında gənclərin baxışları qorxu ilə doldu. İnsanlar hələ azadlığın yükünü daşımağa hazır deyildilər. Nitsşe bunu anlayırdı. Sonrakı illərdə Nitsşe bir çox əsər yazdı. Onun fikirləri sanki dərin bir boşluqdan gəlirdi ” Zərdüşt belə deyirdi” onun həyatının ən böyük əsəri idi. Bu kitabda o, “üstinsan” konsepsiyasını irəli sürdü. İnsanlıq yalnız özünü aşaraq əsl mənasını tapacaqdı. Lakin bu fikir həm rəğbət, həm də nifrət doğurdu.

Nitsşe ömrünün son illərində tamamilə tənha idi. Sağlamlığı getdikcə pisləşir, fikirlərini dünyaya izah etməyə çalışsa da, çox vaxt yanlış başa düşülürdü. Bir gün, bacısının villasında, o, son dəfə pəncərədən baxaraq dərin bir nəfəs aldı:

“Bəlkə də məni anlamayacaqlar. Amma bir gün, insanlar Tanrısız azadlığın həqiqi dəyərini başa düşəcək. İnsan öz gücünü və öz dəyərlərini yaradacaq. O gün, mənim ruhum rahatlıq tapacaq.”

Bir neçə gün sonra, Nitsşe gözlərini əbədi olaraq yumdu. Lakin onun fikirləri hələ də yaşayır, hər bir azad ruhlu insanın düşüncələrində özünə yer tapırdı. Tanrını öldürən adamın adı tarixdə silinməz bir iz buraxmışdı.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir