Etiket arxivi: ZAUR USTAC

Zaur Ustac – Vətən yaşayacaq!

Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Ağayev Vüqarın əziz xatirəsinə ithaf olunur
ŞƏHİDLƏR ÖLMƏZ
(esse)
     Vətən təkcə xəritədə görünən sərhədlər deyil. Vətən ana laylasıdır, ata öyüdüdür, uşağın ilk addımıdır, şəhid məzarının üstündə dalğalanan bayraqdır. Vətən insanın nəfəsi, kimliyi, ruhu, yaddaşıdır. Elə torpaqlar var ki, onun uğrunda yaşamaq böyük şərəfdirsə, onun uğrunda can vermək müqəddəsliyin ən uca zirvəsidir. Çünki bəzi torpaqlar sadəcə torpaq olmur – tarix olur, tale olur, and yeri olur.
    Qarabağ belə torpaqdır.
    O torpaq ki, illərlə həsrət çəkdi. O torpaq ki, dağları ah çəkdi, daşları nisgil saxladı, yolları şəhid ayağı gözlədi. Hər qarışı min illərin yaddaşını daşıyan yurd yerləri bir xalqın qürurunu, bir millətin ağrısını sinəsində yaşatdı. Amma Vətən heç zaman sahibsiz qalmadı. Çünki bu torpağın mərd oğulları vardı. Elə oğullar ki, ölümdən qorxmadılar. Elə oğullar ki, torpağın səssiz fəryadını eşitdilər.
    Son gücünü toplayıb bir addım da atan qəhrəman yalnız bir insan deyildi. O, bütöv bir xalqın iradəsi idi. Ayaqları büdrəsə də ruhu büdrəmirdi. Bədəni yorulsa da inamı yorulmurdu. Çünki onun qarşısında müqəddəs bir məqsəd vardı – Vətən torpağı.
     Bəzən insan son nəfəsində özünü tanıyır. Bəzən insan ölümün gözünün içinə baxarkən əsl ölümsüzlüyə çevrilir.
     Torpağa uzanan əl sadəcə bir əlin hərəkəti deyildi. O əl Vətənə uzanan sevginin özü idi. Burnunun ucundakı torpağa həsrətlə baxan gözlər sadəcə bir əsgərin baxışları deyildi. O baxışlarda bir millətin ağrısı, bir xalqın nisgili, bir ömrün həsrəti vardı.
    “İlahi, hələ çoxmu öz torpağımızda həsrətlə baxacağıq  torpağımıza?”
Bu sual tək bir insanın sualı deyildi. Bu, illərlə yurd həsrəti çəkən insanların sualı idi. Bu, dağıdılmış evlərin, viran qoyulmuş kəndlərin, məzarı ziyarətsiz qalan ata-babaların sualı idi.
     Amma Vətənin tarixi göstərdi ki, haqq gecikə bilər, amma itib getməz.
     Şəhidlik anlayışı təkcə ölüm deyil. Şəhidlik zirvədir. Şəhidlik Vətənin bütövlüyü üçün öz varlığından keçməkdir. Şəhid olmaq insanın torpağa düşməsi deyil – xalqın yaddaşında dirilməsidir.
    Şəhidlər torpağa əmanət edilirlər, amma unudulmurlar. Çünki şəhidlər zamanın içindən keçib əbədiyyətə çevrilirlər.
     Göyə baxa-baxa kəlmeyi-şəhadət gətirən qəhrəman artıq bədənin ağrısından ayrılmışdı. O artıq sərhəd tanımırdı. Quş kimi azad idi. Ruhun qanadları vardı. Gedirdi… Üzü Günbatanda doğan Günəşə tərəf gedirdi.
     Bəzən Günəş doğduğu yerdə yox, uğrunda can verilən torpaqda doğur.
     Qarabağ sadəcə bir coğrafiya deyil. Qarabağ yaddaşdır. Qarabağ sədaqətdir. Qarabağ şəhid qanı ilə müqəddəsləşən Vətən torpağıdır. O torpağın hər qarışında bir igidin nəfəsi yaşayır. Hər daşında bir qəhrəmanın izi qalır.
     Şəhidlər ölmür.
     Çünki ölən bədən olur. Ruh yox.
     Ölən insan olur. Amal yox.
     Ölən ömür olur. Vətən sevgisi yox.
     Bu xalq tarix boyu böyük sınaqlardan keçib. Ağrı görüb. İtki yaşayıb. Amma sınmayıb. Çünki bu xalqı ayaqda saxlayan müqəddəs dəyərlər var – birlik, inam, Vətən sevgisi.
     Xalq bir olanda dağ aşır.
     Xalq birlikdə olanda tarix yazır.
     Qəhrəmanlıq fərdin cəsarətindən başlayır, xalqın birliyində böyüyür.
      “Şəhidlər ölməz” düşüncəsi də məhz buradan doğur. Çünki şəhid yalnız keçmişin qəhrəmanı deyil. O, gələcəyin müəllimidir. O, gənc nəslə sədaqət öyrədən məktəbdir. O, Vətənin qiymətini anlatan müqəddəs örnəkdir.
      Bu gün azad səmalara baxa biliriksə, bu gün bayrağımız öz torpağında dalğalanırsa, bu gün Vətənin yolları azad nəfəs alırsa – bunun arxasında adsız qəhrəmanlar, yarımçıq qalan arzular, son nəfəsində belə Vətəni düşünən oğullar dayanır.
     İndi Günbatanda bir ulduz parlayır.
     Elə parlayır…
     Elə parlayır ki…
     Sanki göylərdən səslənir:
     — Ey Vətən oğlu, unutma! Bu torpaq sənə əmanətdir…
       Çünki şəhidlər ölmür.
       Onlar torpaqda cücərirlər.
       Şəhidlər hər il may ayının sonuncu on günlüyündə yaşıl çəmənlərin qoynunda doğulan bağrı qara xallı al qırmızı lalələrin, Ulu Babəkin, Şah İsmayıl Xətainin, qoca Şərqin ilk respublikası Azərbaycanın al qırmızı bayrağının qırmızısında yaşayır.
      Bayraqda dalğalanırlar.
      Xatirələrdə yaşayırlar.
      Millətin ruhuna çevrilirlər.
      Şəhidlər ölməz.
      Vətən bölünməz.
      Şəhid olmaq – yaşayan vüqar, ölməzlik qazanan qürur, daim ucalan fəxarət hissidir!
       Şəhidlər ölməzlər! Onlar vətənin bir parçasına çevrilərlər! Yazıda düzlərdə al lalə, qışda dağlarda ağ qar olarlar.
      Şəhid olmaq, elə Vətən olmaq deməkdir!
      Vətən sevilər.
      Vətən yaşadılar… Vətən yaşadar… Vətən yaşayacaq…

04.03.2021. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Yol qeydləri və Zəfər yolu

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Yol qeydləri və Zəfər yolu

Şanlı Zəfərin beş illiyinə
QƏLƏBƏ DASTANI
(esse)
    Qələbə təkcə savaş meydanında qazanılan üstünlük deyil. Qələbə bir xalqın ruhunun ayaqda qalması, tarixinin unudulmaması, keçmişindən aldığı güclə gələcəyini qurmasıdır. Qələbə şəhid qanı ilə yoğrulan torpağın yenidən nəfəs alması, əsrlərlə sinəsində köz kimi qoruduğu haqqın gün işığına çıxmasıdır.
    Azərbaycan xalqı tarix boyu yalnız torpaq uğrunda deyil, haqq uğrunda savaşmış xalqdır. Bu torpağın daşında Babəkin üsyankar ruhu, Nəsiminin həqiqət sevgisi, Xətainin dövlət ağlı, Koroğlunun mərdliyi yaşayır. Zaman dəyişib, əsrlər ötüb, amma xalqın ruhu dəyişməyib. Çünki millətin gücü silahında yox, mənəviyyatında olur.
     Bu xalq heç zaman zülmə baş əymədi. Babəklər yurdunun hürr övladları əsarətə boyun əyə bilməzdi və əymədi. Nəsimi həqiqəti canından üstün tutdu. Xətai dövlət qurdu, söz yaratdı, kimlik yaratdı. O böyük ruhlar bir millətin qan yaddaşına çevrildi. Hər yeni doğulan övlad özündən əvvəlkilərin irsini daşıdı. Elə buna görə Azərbaycan əsgəri savaş meydanında heç zaman tək olmayıb. Ulu əcdadın müdrik və döyüşkən ruhu daim bu müqəddəs yolda onunla qoşa addımlayıb. Qələbə dastanını birlikdə yazıb.
     Qələbəyə gedən yol asan olmadı. Hər qələbənin arxasında göz yaşı var, səbir var, inam var. Vətən sevgisi yalnız dildə deyil, əməldə sınanır. Hər əsgər bir ailənin ümidi, bir ananın duası, bir xalqın güvən yeri idi. Onlar Vətən deyəndə sadəcə xəritədə görünən sərhədləri düşünmürdülər. Onlar uşaqlıq xatirələrini, ata ocağını, ana laylasını, baba məzarını, gələcək nəsillərin azad nəfəsini qoruyurdular.
     Müzəffər ordunun hər bir əsgəri böyük dastanın qəhrəmanına çevrildi. Çünki onlar yalnız silahla yox, inamla döyüşdülər. Onların ürəyində dövlətə sədaqət, millətə bağlılıq, torpağa sevgi vardı. Elə buna görə keçilməz görünən sədlər keçildi, əlçatmaz görünən zirvələr fəth edildi.
     Bu torpaq igidlər yurdudur. Burada ər sözü qiymətlidir. Burada vətən anlayışı müqəddəsdir. Bu xalqın övladı bilir ki, torpaq uğrunda ölən varsa, Vətəndir. Burada ocaq müqəddəs sayılır. Burada alov yalnız od deyil, həm də ruhun rəmzidir. Azərbaycanın odlar diyarı adlanması təsadüf deyil. Bu xalqın daxilində əsrlərdən gələn bir işıq yaşayır.
     Azərbaycanın gücü yalnız ordusunda deyil. Onun gücü müəllimində, şairində, alimində, kəndlisində, əsgərində, gəncində, ağsaqqalındadır. Bir xalq birlik göstərdiyi zaman qarşısında heç bir maneə dayana bilmir. Çünki birlik böyük qüvvədir.
      Şanlı Zəfərin beş illiyini qeyd etdiyimiz bu günlərdə qələbədən danışmaq yalnız keçmişi xatırlamaq deyil. Bu gün qələbədən danışmaq gələcəyə məsuliyyətlə baxmaqdır. Şəhidlərin əmanətini qorumaqdır. Tarixi yaddaşı yaşatmaqdır. Gənc nəslə kim olduğunu anlatmaqdır.
    Azərbaycanın tarixində çox igidlər olub. Dünən Babək vardı, Koroğlu vardı, Xətai vardı. Bu gün də onların yolunu davam etdirən qəhrəmanlar var. Çünki zaman dəyişsə də, Vətən sevgisinin mahiyyəti dəyişmir.
      Bu torpaq ozanlar yurdudur. Bu torpaq aqillər yurdudur. Bu torpaq qəhrəmanlar yurdudur. Bu torpaq zəfəri təkcə qılıncla deyil, ruhla qazananların yurdudur.
Qələbə bir son deyil.
Qələbə başlanğıcdır.
Qələbə xalqın özünə qayıdışıdır.
Qələbə Azərbaycanın adını tarixə yenidən qızıl hərflərlə yazan milli iradənin dastanıdır.
Bu dastanın adı isə birdir:
QƏLƏBƏ DASTANI.
05.11.2025. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Yol qeydləri və Zəfər yolu

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur USTAC – Vətən

Zaur USTAC Biçənək aşırımında – 2001, avqust.

Məmməd Arazın məzarı başında
“VƏTƏN MƏNƏ OĞUL DESƏ…”
(esse)
Vətən təkcə doğulduğun torpaq deyil. Vətən insanın nəfəsidir, yaddaşıdır, köküdür, adına layiq yaşamaq məsuliyyətidir. İnsan bəzən ömrü boyu özünü axtarır, bəzən də bütün ömrünü Vətənin içində tapır. Çünki Vətən insanı böyüdür, formalaşdırır, ona kimlik verir. Elə buna görə də Vətən sevgisi sadəcə bir duyğu yox, bir ömürlük sədaqətdir.
Böyük şair Məmməd Arazın poeziyasında Vətən anlayışı hər zaman müqəddəs zirvədə dayanır. Onun misralarında torpaq daş deyil, nəfəs alan canlıdır; dağlar sadəcə yüksəklik yox, qeyrət rəmzidir; insan isə Vətən qarşısında cavabdeh olan bir övladdır.
Həyat insanı dəyişir. İllər keçir, arzular köhnəlir, güclər azalır, zaman insanı öz süzgəcindən keçirir. Gənclikdə adam özünü dağ sanır, tufan sanır, ildırım sanır. Düşünür ki, dünyanı dəyişəcək. Amma zaman keçdikcə anlayır ki, insanı böyük edən güc yox, sədaqətdir. İnsanı ucaldan şöhrət yox, mənsub olduğu torpağa bağlılığıdır.
Məmməd Araz bunu bir ömür yaşayıb yazan sənətkar idi. O bilirdi ki, insanın həqiqi qüdrəti Vətən sevgisindən başlayır. Elə buna görə yazırdı:
“Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.”

Bu misralar sadəcə şeir deyil. Bu misralar ömür andıdır. Bu misralar torpaq qarşısında baş əyməyin yox, torpağın özünə çevrilməyin etirafıdır.
Mamır olmaq – kiçilmək deyil. Mamır olmaq – Vətənin daşına çevrilməkdir. Onun qayasına kök salmaqdır. Adın unudulsa belə, ruhunun torpağın yaddaşında qalmasıdır. İnsan üçün bundan böyük səadət varmı?
Bu gün dünyanın müxtəlif yerlərində insanlar öz köklərindən uzaq düşürlər. Texnologiya böyüyür, şəhərlər böyüyür, imkanlar artır. Amma bəzən insanın ruhu kiçilir. İnsan doğulduğu torpağın qoxusunu, uşaqlıq küçələrini, ata ocağını unutmağa başlayır. Halbuki insan keçmişindən ayrılan kimi gələcəyini də itirir.
Vətən sevgisi yalnız döyüş meydanında sübut olunmur. Vətən sevgisi müəllimin dərsində yaşayır, əkinçinin torpağında boy atır, şairin misrasında nəfəs alır, qələmin ucunda sabaha çevrilir. Hər vicdanlı əməl Vətənə xidmətin bir parçasıdır.
Tarix boyu bu torpaqlar oğullar yetişdirib. Adı dastanlara dönən igidlər, sinəsini sipər edən şəhidlər, sözü ilə millətin ruhunu yaşadan qələm adamları… Onların hamısını birləşdirən bir həqiqət olub: Vətən onlara sadəcə yurd olmayıb – tale olub.
İnsan bəzən öz ömrünü ölçmək istəyir. Nə qazandığını, nə itirdiyini düşünür. Amma ömrün həqiqi dəyəri insanın arxasında nə qoyması ilə ölçülür. Bir insan torpaq üçün nə etdi? Milləti üçün nə yazdı? İnsanlara nə verdi? Budur əsas suallar.
Məmməd Arazın poeziyası bizi öyrədir ki, keçmişini inkar edən gələcəyini qura bilməz. İnsan dünənini sinəsindən asa bilməlidir. Keçmişindən utanmamalıdır. Çünki yaddaşını itirən xalq yolunu itirər.
Bu gün də Vətən bizdən eyni şeyi istəyir: dürüst olmağı, vicdanlı yaşamağı, torpağın qədrini bilməyi. Vətən yalnız sərhəd xətti deyil. Vətən ana laylasıdır. Qəbir daşına çevrilmiş ata nəsihətidir. Məktəb həyətində dalğalanan bayraqdır. Yaddaşımızı yaşadan dildir. Qələmimizin yazdığı həqiqətdir.
İnsan ömrü bir gün bitir. Adlar unudulur. Vəzifələr dəyişir. Şöhrətlər solur. Amma Vətən üçün yaşayanların izi qalır. Daşda qalır. Sözdə qalır. Ürəklərdə qalır.
Bəlkə də insan ömrünün ən böyük arzusu budur – bir gün Vətən ona oğul desin.
Və insan o zaman anlayar ki, ömrü hədər yaşamayıb. Çünki Vətənin qəbul etdiyi övlad olmaq dünyanın bütün şöhrətlərindən daha böyük mükafatdır.
14.10.2021. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Yol qeydləri və Zəfər yolu

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Şəhid atası” kitabı

 YÜZ SƏKKİZİNCİ YAZI

  ÖN SÖZ

(“Şəhid atası” kitabına)
  Sədulla Şirinovun “Şəhid atası” kitabı
Balakəndə yaşayıb, yaradan Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Sədulla Şirinov yeniyetməlik dövründən yaradıcılığıa nəzmlə başlasa da, ömrün ahıl çağında nəsrə üz tutub və son üç  ildə əldə etdiyi nailiyyətlər göz qabağındadır.
       Sədulla Şirinov müasir Azərbaycan ədəbiyyatının diqqətəlayiq simalarından biridir. O, həm Azərbaycan Yazıçılar Birliyinin üzvü, həm də ədəbi mükafatlara layiq görülmüş uğurlu bir nasir kimi tanınır. Onun yaradıcılığı oxucunu cəmiyyətin dərin psixoloji qatlarına sürükləyərək, insan təbiətinin mürəkkəb tərəflərini incəliklə təsvir edən üslubu ilə seçilir.
      Sədulla Şirinovun yaradıcılığı bir neçə mükafatla təqdir olunub ki, bunlardan ən mühümü onun “Sönməyən qisas” əsərinə görə aldığı “Ziyadar” mükafatıdır. O eyni zamanda “Yazarlar” jurnalı tərəfindən təqdim olunan “Fəxri yazar” mükafatının da sahibidir. Bu mükafatlar ədəbiyyat sahəsində ən populyar və prestijli mükafatlardan hesab olunur. Bu mükafatlarla təltif olunmuş yazarlar sənətkarlıq səviyyəsinin yüksək olması və eyni zamanda populyarlığı ilə seçilirlər.
      Bütün bunlardan  başqa, Sədulla Şirinov  “İsa Muğanna” diplomu ilə də təltif olunub ki, bu da onun nəsr sahəsindəki səmərəli və ardıcıl fəaliyyətinin nəticəsidir.
     Sədulla Şirinovun əsərləri əsasən hekayə və roman janrlarında yazılıb. Onun  qələmindən çıxan əsrlər janrından asılı olmayaraq müasir insanın daxili dünyasını, ictimai münasibətləri, etika və mənəviyyat məsələlərini ön plana çıxarır. Onun yaradıcılığında həm gündəlik həyatın adi səhnələri, həm də cəmiyyətin mürəkkəb sosial qatları təsvir olunur.
Əsərlərində rast gəlinən əsas motivlərdən bəziləri:
  -Əxlaqi və psixoloji dilemmlar – şəxsi borc, vicdan məsələləri və insanlararası münasibətlər barədə dərin düşüncələr.
   -Cəmiyyət və fərd qarşılaşmaları – insan təbiətinə təsir edən sosial və mədəni faktların təsviri.
    -İnsan və taleyin təsadüfi yönləri – qısa hekayələrdə çox zaman adi həyat hadisələri böyük mənəvi və simvolik yük daşıyır.
Bu xüsusiyyətlər onun əsərlərində realizm və psixoloji dərinliyi uğurla birləşdirir.
     Şirinovun dili aydın, bəzən gündəlik nitqə yaxın olsa da, obrazların daxili aləmini gətirən incə təsvirlərlə zəngindir. O, sadə insani situasiyalarda belə dərin emosional və fəlsəfi suallar qoymaqdan çəkinmir. Oxucu onun hekayələrində və romanlarında  öz həyat təcrübəsinin əksini tapa bilir ki, bu da müasir ədəbiyyatımızda ictimai rezonans yaradan əsas cəhətlərdəndir.
      Şirinovun üslubu həm klassik realist ənənələrə hörmətlə yanaşır, həm də müasir nəsr elementlərini daxil etməklə oxucu ilə dinamik əlaqə yaradır. Müəllif qısa, lakin mənalı cümlələrlə oxucu diqqətini saxlayır, obrazların düşüncə və davranışlarını psixoloji dərinliklə açır.
   Onun son üç il ərzində işıq üzü görmüş əsərləri arasında aşağıdakıları göstərmək olar:
  -“Sönməyən qisas” — oxucu və tənqidçi tərəfindən yüksək qiymətləndirilən əsərdir və bu kitab üçün müəllif “Ziyadar” mükafatına layiq görülüb;
    -“Gecikmiş etiraf” — insan münasibətlərinin mürəkkəb qatlarını araşdıran hekayətlər dəstidir;
  – “Zamanın pəncərəsindən baxanda” — zaman və taleyin insan həyatına təsirini poetik və fəlsəfi şəkildə təsvir edir;
  -“Heç nə olmazdan çox şey olurmuş” — kiçik gündəlik faktların psixoloji təsvirinə həsr olunub;
 -“Qudalar” — sosial münasibətlər və qohumluq əlaqələrinin təsviri;

“Kimdir xoşbəxt?” — müəllifin ən son işlərindən biri olaraq həyatın başlıca məqsədlərini düşündürən kitab kimi oxucularla görüşüb.
    Bu siyahı göstərir ki, Şirinovun yaradıcılığı müxtəlif mövzularda yazılmış əsərlərlə zəngindir və hər biri özündə bədii-estetik dəyər daşıyır.
      Sədulla Şirinovun əsərləri Azərbaycan cəmiyyətində oxucular arasında maraq doğurur. Onun dili və təsvir etdiyi mövzular ölkəmizin müasir reallıqlarını əks etdirir və bu, onu zəngin ənənələrə malik ədəbiyyatımızın aktual səslərindən birinə çevirir.
      Ədəbiyyat mühitində belə bir müəllifin mövcudluğu həm yeni oxucu kütlələrinin formalaşmasına, həm də gənc yazarlar üçün nümunəvi ədəbi xəttin inkişafına təsir edir. Onun əsərləri oxucu ilə ünsiyyət quran, həm də ictimai şüurda fikir oyandıran bədii mətnlər kimi dəyərləndirilir.
     Sədulla Şirinov ədəbi mühitimizdə öz səsinin gücü ilə fərqlənir — o, yalnız həyatın səthi hadisələrini anlatmır, eyni zamanda insanın daxili aləmini və cəmiyyətlə fərd arasında kompleks münasibətləri ustalıqla qurur. Onun mükafatlara layiq görülməsi və intensiv ədəbi fəaliyyəti onun bədii dəyərinin həm peşəkarlar, həm də oxucular tərəfindən qiymətləndirildiyini göstərir.
     Sədulla Şirinovun yaradıcılığı Azərbaycan ədəbiyyatında həm estetik, həm də mənəvi baxımdan uğurlu bir səhifədir — oxucunu düşündürən, hiss etdirən və ədəbi zövqünü zənginləşdirən bir sənət nümunəsidir.
Azərbaycan ədəbiyyatında şəhidlik mövzusu yalnız bir faciənin təsviri deyil, həm də bir millətin yaddaşı, mənəvi dirənişi və varlıq səbəbidir. Tanınmış yazıçı Sədulla Şirinovun “Şəhid atası” romanı da məhz bu müqəddəs yaddaşın bədii salnaməsi kimi oxucunun qarşısına çıxır. “Şəhid atası” yazıçının nəşr olunacaq yeddinci kitabdır.
Əsərin başlanğıcından etibarən müəllif oxucunu təkcə bir ailənin taleyinə yox, bütövlükdə bir xalqın ağrı-acısına, keçdiyi mürəkkəb tarixi yola aparır. Romanın proloqunda kainatdan başlayan fəlsəfi düşüncə tədricən insanın taleyinə, oradan isə cəmiyyətin və dövlətlərin ziddiyyətli inkişaf yoluna keçir. Bu keçid təsadüfi deyil — müəllif oxucuya göstərmək istəyir ki, insan taleyi ilə bəşəri proseslər bir-birindən ayrılmazdır.
Əsərin əsas dramatik xətti isə “Qara Yanvar” (20 yanvar 1990) hadisələrinin fonunda açılır. Bu faciə yalnız tarix kitablarının səhifələrində qalmayan, hər bir azərbaycanlının yaddaşına həkk olunmuş bir ağrıdır. Müəllif həmin hadisələri adi insanların – xüsusilə də bir atanın gözü ilə təqdim etməklə faciəni daha da canlı və təsirli edir. Rəhman obrazı bu baxımdan ümumiləşmiş bir obrazdır: o, həm ata, həm vətəndaş, həm də tarixin içində qalan bir insandır.
Romanda diqqəti çəkən əsas cəhətlərdən biri müəllifin hadisələrə yalnız emosional deyil, həm də düşüncə müstəvisində yanaşmasıdır. O, sovet dövrünün ideoloji ziddiyyətlərini, insanların aldanışlarını, inam və məyusluq arasındakı gərginliyi ustalıqla açır. Keçmişə tənqidi baxış, eyni zamanda milli kimliyə dönüş ideyası əsərin əsas xəttini təşkil edir.
“Şəhid atası” yalnız müharibə və itki haqqında roman deyil. Bu əsər həm də ata-övlad münasibətlərinin, insanın daxili dünyasının, inamının və sınmasının bədii təcəssümüdür. Müəllif göstərir ki, qəhrəmanlıq təkcə döyüş meydanında qazanılmır — bəzən ən böyük qəhrəmanlıq itki ilə yaşamağı bacarmaqdır.
Sədulla Şirinovun dili sadə, axıcı və eyni zamanda təsirlidir. O, xalq danışıq üslubunu bədii dilə uğurla gətirərək obrazların canlılığını təmin edir. Oxucu əsəri oxuduqca hadisələrin içində olur, personajların hisslərini yaşayır, onların ağrısını bölüşür.
Bu roman, əslində, bir yaddaş kitabıdır — həm fərdi, həm də milli yaddaşın. “Şəhid atası”nı oxumaq yalnız ədəbi zövq deyil, həm də vətəndaşlıq borcudur. Çünki bu əsər bizə kim olduğumuzu, hansı ağrılardan keçdiyimizi və bu günə necə gəlib çatdığımızı xatırladır.
Oxucuya təqdim olunan bu əsər, şəhidlərimizin əziz xatirəsinə ehtiram, onların valideynlərinə isə dərin bir başsağlığı və mənəvi dayaqdır. Eyni zamanda “Oxu!” Böyük Allah tərəfindən bəşər övladına əmr olunmuş vacib əməllərdən biridir. Oxuyaq!

25.05.2026. Bakı.


Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

MƏHƏMMƏD ƏLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“GƏL” NƏZİRƏSİNDƏ İNSANİLİK, MƏNƏVİ DƏSTƏK VƏ ƏDƏBİ VARİSLİK RUHU

“GƏL” NƏZİRƏSİNDƏ İNSANİLİK, MƏNƏVİ DƏSTƏK VƏ ƏDƏBİ VARİSLİK RUHU
(Zaur Ustac – Gəl)
Müasir Azərbaycan poeziyasında klassik nəzirə ənənəsini yaşadan, onu çağdaş düşüncə ilə zənginləşdirən qələm adamlarından biri də Zaur Ustacdır. Onun ədəbiyyatşünas alim-şair Qəndabın “Amansızdır xəstəliyim” şeirinə yazdığı “GƏL” nəzirəsi yalnız poetik cavab deyil, həm də mənəvi dayaq, insani həmrəylik və yaşamaq eşqini təlqin edən mükəmməl bədii nümunədir. Bu şeir bir tərəfdən klassik nəzirə məktəbinin poetik xüsusiyyətlərini qoruyursa, digər tərəfdən müəllifin fərdi üslubunu, ictimai düşüncəsini və humanist baxışlarını özündə əks etdirir.
Azərbaycan ədəbiyyatında nəzirə yazmaq yalnız forma təkrarı deyil. Bu, bir şairin digər şairlə mənəvi dialoqu, poetik söhbəti, fikrə və duyğuya verilən cavabdır. Klassik Şərq poeziyasında geniş yayılmış bu ənənə Nizami, Füzuli, Vaqif, Sabir kimi sənətkarların yaradıcılığında mühüm yer tutmuşdur. Müasir dövrdə isə bu ənənənin yaşadılması həm ədəbi yaddaşın qorunması, həm də söz sənətinin davamlılığı baxımından xüsusi əhəmiyyət daşıyır.
Qəndabın “Amansızdır xəstəliyim” şeirində həyatın ağrıları, insanın daxili iztirabları, dərdlə üz-üzə qalması poetik dillə təqdim olunursa, Zaur Ustac həmin ağrıya ümid, təsəlli və birlik hissi ilə cavab verir. Bu baxımdan “GƏL” şeiri bir növ poetik məlhəm təsiri bağışlayır.
Şeirin ilk bəndində müəllif dərdin qarşısında təslim olmamağı təlqin edir:
“Sənə gələn, mənə gəlsin”,
Sipər çəkək dərdə qoşa.
Elə həmən təslim olma,
Ömrü vuraq birgə başa.

Bu misralarda yalnız fərdi hisslər deyil, ümumbəşəri humanizm vardır. Müəllif dərdi bölüşməyi, ağrını paylaşmağı həyat fəlsəfəsi kimi təqdim edir.“Sipər çəkək dərdə qoşa” ifadəsi birlik ideyasının poetik zirvəsidir. Burada insanın insana dayaq olması əsas ideya kimi ön plana keçir.
“GƏL” şeirinin əsas gücü onun səmimiyyətindədir. Müəllif oxucuya yuxarıdan baxmır, öyüd vermir, əksinə, dərdi birlikdə yaşamağı təklif edir. Bu, müasir dövrün mənəvi ehtiyaclarından biridir. İnsanların getdikcə tənhalaşdığı bir zamanda belə misralar cəmiyyətə mənəvi yaxınlıq mesajı verir.
Şeirin ikinci bəndində müəllif həyatın fəlsəfi mahiyyətinə toxunur:
Hər nə gəlsə, bizə gələr,
Dildən çıxan sözə gələr,
Haqdan doğru düzə gələr,
Könlü fərah, xürrəm yaşa.

Burada taleyə münasibət, sözün məsuliyyəti və haqq anlayışı ön plana çıxır. “Dildən çıxan sözə gələr” misrası Azərbaycan xalq hikmətinə söykənən dərin mənalı poetik qənaətdir. Şair insanın dediyi sözün, etdiyi əməlin qarşısına çıxacağını xatırladır. Bu fikir həm dini-mənəvi, həm də etik baxımdan böyük məna daşıyır.
“Haqdan doğru düzə gələr” misrası isə müəllifin ədalət və ilahi həqiqət anlayışını poetik şəkildə ifadə edir. Burada insanın düzgün yaşaması, haqq yolundan ayrılmaması əsas mənəvi çağırış kimi təqdim edilir.
Şeirin son bəndində müəllif özünəməxsus poetik ifadə ilə ustad-şagird münasibətinə, dostluğa və mənəvi bağlılığa toxunur:
Hər söz Ustaca fərmandır,
Əlin əlimdə dərmandır,
Sinəm halalca xırmandır,
Baballa qoyma baş-başa.

Bu misralarda Zaur Ustacın daxili dünyası, insan münasibətlərinə verdiyi dəyər açıq görünür. “Əlin əlimdə dərmandır” misrası sadəcə poetik təşbeh deyil, insanın insana şəfa olması ideyasının bədii ifadəsidir. Şair burada mənəvi yaxınlığın, dost əlinin ən böyük təsəlli olduğunu vurğulayır.
“Sinəm halalca xırmandır” misrası isə müəllifin geniş ürək sahibi olduğunu göstərir. Burada həm mərhəmət, həm də saflıq duyulur. Şair insanları kinə, nifrətə deyil, halallığa və vicdanlı yaşamağa çağırır.
Zaur Ustacın yaradıcılığına diqqət etdikdə onun poeziyasında insanlıq, mərhəmət, milli-mənəvi dəyərlər və sözə sədaqət xəttinin daim aparıcı mövqe tutduğu görünür. O, şeirlərində sadəcə estetik gözəllik yaratmağa çalışmır, həm də oxucunun mənəvi dünyasına təsir etməyi bacarır.
.“GƏL” şeiri də bu baxımdan müəllifin humanist poetik düşüncəsinin uğurlu nümunələrindəndir. Burada həyat eşqi, dostluq, ümid və mənəvi dayaq ideyaları poetik ahənglə təqdim edilir. Şeir həm forma baxımından axıcıdır, həm də məna yükü etibarilə düşündürücüdür.
“GƏL” nəzirəsi çağdaş Azərbaycan poeziyasında nəzirə ənənəsinin uğurlu davamı olmaqla yanaşı, insanı yaşamağa, mübarizəyə və mənəvi birliyə çağıran dəyərli poetik nümunədir. Şeir göstərir ki, söz yalnız estetik vasitə deyil, həm də mənəvi dayaq, ruhi təsəlli və insani körpüdür.
Qəndabın nisgil dolu poetik harayına Zaur Ustac ümid, dostluq və mərhəmət dili ilə cavab verir. Bu isə ədəbiyyatın əsas missiyasını — insanı insana yaxınlaşdırmaq missiyasını bir daha təsdiqləyir.
19.05.2026. Bakı – Novxanı.

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

SƏNİ ELƏ SEVDİM Kİ!..

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Gəl

GƏL
(Qəndab – Amansızdır xəstəliyim)
“Sənə gələn, mənə gəlsin”,
Sipər çəkək dərdə qoşa.
Elə həmən təslim olma,
Ömrü vuraq birgə başa.

Hər nə gəlsə, bizə gələr,
Dildən çıxan sözə gələr,
Haqdan doğru düzə gələr,
Könlü fərah, xürrəm yaşa.

Hər söz Ustaca fərmandır,
Əlin əlimdə dərmandır,
Sinəm halalca xırmandır,
Baballa qoyma baş-başa.
19.05.2026. Bakı.

Müəllif: Zaur USTAC

AVMVİB, AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Gülüm” — sevgi, sədaqət və mənəviyyat

“Gülüm” — sevgi, sədaqət və mənəviyyat
(Zaur Ustac – Gülüm)
Ənənəvi Azərbaycan poeziyasında nəzirə ənənəsi hər zaman xüsusi əhəmiyyət daşıyıb. Klassik poeziyamızdan gələn bu ədəbi xətt təkcə bir şeirə cavab yazmaq deyil, həm də müəlliflər arasında duyğu, fikir və sənət dialoqu yaratmaq missiyasını yerinə yetirib. Tanınmış şair və yazıçı Zaur Ustac tərəfindən qələmə alınmış “Gülüm” şeiri də məhz bu ənənənin çağdaş ruhda davamıdır. Şeir, Qəndabın “Çarəsizəm” əsərinə nəzirə olaraq yazılsa da, öz poetik nəfəsi, emosional yükü və nikbin ruhu ilə müstəqil bədii dəyərə malikdir.
Qəndabın “Çarəsizəm” şeirində ümidsizlik, sevginin qarşılıqsızlığından doğan mənəvi sarsıntı və daxili iztirab ön plandadırsa, “Gülüm” şeirində həmin qaranlıq ovqatın əksinə olaraq sevginin xilasedici gücü, ümid və mənəvi dayaq hissi təqdim olunur. Müəllif sanki çarəsizliyin qarşısına sevginin işığını çıxarır və oxucuya bildirir ki, həqiqi məhəbbət insanı sındırmır, əksinə onu yaşadır, ucaldır və bütövləşdirir.
Şeir ilk misralardan oxucunu səmimi və işıqlı bir duyğu aləminə aparır:
“Gecənə Ay ollam, gününə Günəş,
Bu sevgin tacımız qoy olsun, gülüm!”

Bu misralarda şair sevginin sadəcə emosional bağlılıq olmadığını göstərir. Burada sevgi həyatın bütöv ritmini tamamlayan ilahi bir qüvvə kimi təqdim olunur. “Ay” və “Günəş” obrazları klassik Şərq poeziyasında işıq, istilik, həyat və sədaqət rəmzi kimi işlənmişdir. Zaur Ustac bu poetik ənənəni müasir duyğularla birləşdirərək sevgini həyatın gecəsinə nur, gündüzünə enerji verən mənəvi dayağa çevirir.
Şeirin əsas uğurlarından biri də onun sadə, anlaşıqlı, lakin dərin məna daşıyan poetik dili ilə bağlıdır. Müəllif mürəkkəb fəlsəfi konstruksiyalara deyil, ürəkdən gələn təbii duyğulara üstünlük verir. Bu xüsusiyyət əsərin oxucuya daha tez nüfuz etməsinə səbəb olur. Şeirin hər bəndində sevgi ilə yanaşı mənəvi dayaq, etibar və sədaqət hissləri də ön plana çıxır:
“Usanma cəfadan, usanma yoldan,
Çəkinmə nə sağdan, nə də ki, soldan…”

Bu misralar artıq təkcə sevgiliyə müraciət deyil, bütövlükdə insana ünvanlanan həyat çağırışı təsiri bağışlayır. Şair burada dözüm, mübarizə və inam ideyasını önə çəkir. Həyatın çətinlikləri qarşısında sınmamaq, doğru yoldan dönməmək, sevgini və insanlığı qorumaq əsərin aparıcı ideyalarından biridir.
Maraqlıdır ki, müəllif sevgini fərdi hiss çərçivəsində saxlamır, onu ictimai-mənəvi dəyərə çevirir:
“İnsan sevgisini ötürür qoldan,
Ağuşun yuvamız qoy olsun, gülüm!”

Bu misralarda sevginin paylaşmaq, qorumaq və insanı insana bağlamaq missiyası xüsusi poetik ustalıqla ifadə olunur. “Ağuş” anlayışı burada sadəcə fiziki yaxınlıq deyil, mənəvi sığınacaq, ruhun rahatlıq tapdığı müqəddəs məkan mənası daşıyır.
Şeirin son bəndində müəllif öz poetik imzasını və daxili mövqeyini açıq şəkildə ortaya qoyur:
“Səni yaşadacaq bu sevgi inan,
Ustacı xatırla hər zaman, hər an,
Bu sevda oduna mənim kimi yan,
Gur yanan odumuz qoy olsun, gülüm!”

Burada “od” obrazı Azərbaycan poeziyasında tez-tez rast gəlinən ilahi eşq və daxili yanğı rəmzidir. Lakin bu od dağıdan deyil, yaşadan, insanı saflaşdıran bir qüvvə kimi təqdim edilir. Müəllif sevgini həyatın mənası, insan ruhunun ən böyük ehtiyacı kimi dəyərləndirir.
“Gülüm” şeirinin digər mühüm xüsusiyyəti onun musiqiliyi və axıcılığıdır. Misralardakı ritm, daxili ahəng və müraciət forması şeirə xüsusi lirizm qazandırır. “Gülüm” sözünün təkrar-təkrar işlənməsi isə əsərin emosional tonunu gücləndirərək onu oxucu yaddaşında daha təsirli edir.
Bu şeir çağdaş Azərbaycan poeziyasında sevginin işıqlı və mənəvi tərəfini tərənnüm edən nümunələrdən biri kimi diqqət çəkir. Əsərdə nə pafos, nə süni romantizm, nə də emosional şişirtmə var. Burada səmimiyyət, daxili istilik və həyat sevgisi hakimdir. Məhz buna görə də “Gülüm” yalnız bir nəzirə deyil, həm də insan ruhuna ünvanlanmış poetik təsəlli kimi dəyərləndirilə bilər.
Tanınmış ədib Zaur Ustac bir daha sübut edir ki, həqiqi poeziya insanın qəlbindən gələndə oxucunun ruhuna yol tapa bilir. “Gülüm” şeiri sevginin ümidsizliyə qalib gəldiyini, insanı yaşadan ən böyük gücün məhz mənəvi bağlılıq və ürək istiliyi olduğunu poetik dillə ifadə edən dəyərli nümunələrdəndir.
18.05.2026. Bakı.

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

SƏNİ ELƏ SEVDİM Kİ!..

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Gülüm

GÜLÜM
(Qəndab – Çarəsizəm)
Gecənə Ay ollam, gününə Günəş,
Bu sevgin tacımız qoy olsun, gülüm!
Utanma sevginin al çohrəsindən,
Verəcək bacımız qoy olsun, gülüm!

Usanma cəfadan, usanma yoldan,
Çəkinmə nə sağdan, nə də ki, soldan,
İnsan sevgisini ötürür qoldan,
Ağuşun yuvamız qoy olsun, gülüm!

Səni yaşadacaq bu sevgi inan,
Ustacı xatırla hər zaman, hər an,
Bu sevda oduna mənim kimi yan,
Gur yanan odumuz qoy olsun, gülüm!
18.05.2026. Bakı.

Müəllif: Zaur USTAC

AVMVİB, AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəndab – Çarəsizəm

Çarəsizəm
Nə gecəm var, nə gündüzüm,
Nə üzünə çıxan üzüm,
Öz-özümə keçmir sözüm,
Utanıram bu sevgimdən!

Sənin üçün yox dəyəri,
Gözlərindir tək gərəyi,
Lənətləyib mən fələyi,
Usanıram bu sevgimdən!

Hara qaçsam tapar məni,
Bir tək Sənə satar məni,
Al əlindən qopar məni,
Mən ölürəm bu sevgimdən!
Müəllif: QƏNDAB

SƏNİ ELƏ SEVDİM Kİ!..

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qələmin yaddaşı və zamanın nəfəsi

Qələmin yaddaşı və zamanın nəfəsi
(Zaur Ustacın “QƏLƏM” şeiri haqqında)
     Müasir Azərbaycan poeziyasında milli yaddaşı, mənəvi kökü və çağdaş insanın texnoloji dünyadakı tənhalığını eyni poetik müstəvidə birləşdirməyi bacaran qələm sahibləri az deyil. Lakin tanınmış şair, publisist və nasir Zaur Ustac “QƏLƏM” adlı yeni şeirində bu mövzunu yalnız bədii-estetik səviyyədə deyil, həm də fəlsəfi və sivilizasion miqyasda təqdim etməyə nail olur. Bu əsər bir şeirdən daha artıqdır — o, insanlığın yaddaşı, sözün müqəddəsliyi və qələmin taleyi haqqında uğurlu bir poetik salnamədir.
     Şeir təsadüfi olaraq “Ələq” surəsinin “O, qələmlə yazmağı öyrətdi” ayəsi ilə başlamır. Müəllif qələmi sadəcə yazı vasitəsi kimi deyil, insanı insan edən ilahi bilik sisteminin başlanğıcı kimi təqdim edir. Burada “qələm” anlayışı həm dini-fəlsəfi, həm də mədəni anlam daşıyır. Şair demək istəyir ki, bəşəriyyətin bütün inkişafı — elm, ədəbiyyat, tarix, hətta texnologiyanın özü belə qələmin yaddaşından doğub.
     Əsərin ən mühüm xüsusiyyətlərindən biri qədim ilə müasir dövr arasındakı poetik körpüdür. Şeir“Silikon vadisinin neon işığında” başlayır, amma çox keçmədən gil lövhələrə, daş kitabələrə, qədim alimlərin titrəyən əllərinə qayıdır. Bu keçid təsadüfi deyil. Müəllif oxucuya xatırladır ki, süni intellekt, serverlər, rəqəmsal yaddaş və alqoritmlər nə qədər inkişaf etsə də, ilk fikir yenə insan ruhunda doğulmuşdur. Bu mənada şeir texnologiyaya qarşı deyil; əksinə, texnologiyanın mənəvi kökünü göstərir.
      Şeirin ən təsirli məqamlarından biri budur:
“amma heç bir algoritm
anasının laylasını yazan əlin yerini vermir.”

       Bu misralarda insanın duyğusal və mənəvi təbiəti ilə mexaniki düşüncə arasındakı fərq açıq görünür. Şair göstərir ki, informasiya ilə hikmət eyni anlayış deyil. Süni intellekt məlumat daşıya bilər, lakin ana nəfəsini, ruh ağrısını, insanın qəlb titrəyişini yarada bilməz. Burada müəllif klassik Şərq təfəkkürü ilə çağdaş texnoloji epoxanı qarşılaşdırır və nəticədə insan ruhunun üstünlüyünü önə çəkir.
     Şeirdə adları çəkilən İmadəddin Nəsimi, Üzeyir Hacıbəyli, Əl-Xarəzmi, Əl-Biruni, Nəsirəddin Tusi və İbn Sina kimi şəxsiyyətlər sadəcə tarixi simalar deyil. Onlar qələmin ölümsüzlük qazandırdığı ruhlardır. Müəllif burada mühüm bir həqiqəti vurğulayır: insan bədəni fanidir, lakin yazılmış söz qalır. Əgər qələm olmasaydı, bəşəriyyət hər səhər tarixini yenidən başlamağa məcbur qalardı. Bu fikir əsərin əsas ideya sütunlarından biridir.
       Şairin dilindəki publisistik güc də diqqətəlayiqdir. Əsər həm poetikdir, həm də düşüncəyə sövq edən ictimai mətn təsiri bağışlayır.“Bir kitab rəfdə susur, amma içində imperiyalar danışır” misrası bunun ən gözəl nümunəsidir. Burada kitab canlı tarix kimi təqdim olunur. Kitab susur, amma onun içində minilliklər nəfəs alır. Bu, qələmin və yazının sivilizasiya üçün nə qədər mühüm olduğunu göstərən yüksək poetik ümumiləşdirmədir.
      Şeirin son hissəsi isə xüsusi emosional atmosfer yaradır. Yağışlı Bakı gecəsi, bulvarda işıq dirəyi altında yazan şair obrazı müasir romantik poeziyanın uğurlu nümunəsidir. Müəllif burada özünü təkcə bir şair kimi yox, həm də minillik söz yaddaşının davamçısı kimi təqdim edir. Onun ruhunun“Hələbdə Nəsiminin yanında olması” isə Azərbaycan-türk poeziyasının mənəvi davamlılığını simvolizə edir.
      “Qoşa qanaddır: qılıncla qələm” misrası əsərin kulminasiya nöqtələrindən biridir. Bu fikir türk-islam tarixinin əsrlərlə formalaşdırdığı dövlətçilik və mədəniyyət fəlsəfəsini özündə daşıyır. Şair göstərir ki, millətləri yalnız silah deyil, söz də yaşadır. Hətta zaman keçdikcə qılınc paslanır, amma qələm tarixə çevrilir.
    Əsərdə diqqəti çəkən başqa bir cəhət isə dilin axıcılığı və obrazlılığın müasir nəfəsidir. Şair klassik poetik ruhu çağdaş terminlərlə birləşdirərək yeni estetik müstəvi yaradır. “Bulud yaddaşı”, “server”, “algoritm”, “data” kimi sözlərin poetik mətnə uğurla daxil edilməsi göstərir ki, Azərbaycan poeziyası artıq yeni əsrin dili ilə danışmağa qadirdir.
     Bu şeir həm də oxucuya mühüm bir mesaj verir: insan yalnız texnologiya ilə yaşaya bilməz. Ruhun qidası yenə sözdür, kitabdır, qələmdir. Zaur Ustacın “QƏLƏM” əsəri qələmin təkcə yazı vasitəsi yox, həm də insanlığın yaddaşı, vicdanı və mənəvi taleyi olduğunu xatırladır.
     Şeir bitir, amma onun verdiyi düşüncə bitmir. Çünki müəllifin dediyi kimi:
“Dünya durduqca yaşayacaq söz,
Yaşarsa, qələm!”

Bu misralar əslində bütün əsərin yekun fəlsəfəsidir. İnsan ömrü keçicidir, amma söz qalır. Söz yaşayırsa, millət yaşayır; qələm yaşayırsa, tarix susmur (Zaur Ustac – Qələm).

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

SƏNİ ELƏ SEVDİM Kİ!..

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I