Etiket arxivi: Kitab haqqında

Asif Yusifcanlının “Şəhidlər Xiyabanı” şeiri

Asif Yusifcanlının “Şəhidlər Xiyabanı” şeiri

Asif Yusifcanlının “Şəhidlər Xiyabanı” şeiri (səh. 55) milli yaddaşın, tarixi vicdanın və vətənpərvərlik ruhunun poetik ifadəsi kimi oxunur. Bu şeir təkcə bir məkanın – Bakının uca zirvəsində yerləşən müqəddəs ziyarətgahın təsviri deyil, bütövlükdə Azərbaycan xalqının azadlıq salnaməsinin, şəhidlik fəlsəfəsinin və mənəvi gücünün bədii manifestidir.
Şeirin ilk misralarında Şəhidlər Xiyabanı “zinətlənən şəhərin”, “yurdun torpağının” ayrılmaz parçası kimi təqdim olunur. Burada torpaq adi coğrafi anlayış deyil – şəhid qanı ilə müqəddəsləşmiş, tarixə çevrilmiş torpaqdır. Şairin“Düşmənin gözlərində / Dönmüsən gor dağına” deməsi bu məkanın yalnız xatirə yeri yox, həm də düşmən üçün qorxu, ibrət və məğlubiyyət simvolu olduğunu göstərir. Şəhidlər Xiyabanı həm səssiz bir məzaristanlıq, həm də danışan, çağıran, hesabat soruşan bir tarix kitabıdır.
“Vətənə məhəbbətdən, / Vəhdətdən yaranmısan” misrası Şəhidlər Xiyabanının yaranma fəlsəfəsini açır. Bu xiyaban fərdi qəhrəmanlıqların yox, milli birliyin məhsuludur. Qüdrət, cəsarət və qeyrət anlayışları şeirdə bir-birini tamamlayaraq şəhid obrazını formalaşdırır. Burada şəhidlik təsadüfi ölüm deyil, şüurlu seçim, ali amal uğrunda verilən qurban kimi təqdim olunur. Şair oxucuya çatdırır ki, azadlıq təsadüfən qazanılmır – o, məhz belə ünvanlarda yazılır.
Şeirin növbəti hissəsində Şəhidlər Xiyabanı “ziyarət ocağı” kimi xarakterizə olunur. Bu, dini mənadan daha çox mənəvi, əxlaqi ziyarətdir. İnsan buraya təkcə baş əyməyə deyil, həm də hesabat verməyə gəlir: Vətən üçün nə etmişəm, şəhidlərin ruhu qarşısında borcumu necə ödəyirəm?“Azadlıq savaşında, / Qələbə bayrağımsan” misrası isə Şəhidlər Xiyabanını mübarizənin sonu deyil, davamı kimi təqdim edir. Bu məkan qələbəyə aparan yolun başlanğıcı və ideoloji dayağıdır.
Şeirin son bəndlərində Şəhidlər Xiyabanı “Dözümün, dayanətin, / Əzəmət qalası…” kimi təqdim olunur. Bu metafora çoxqatlı məna daşıyır. Qala – müdafiədir, dayaqdır, sarsılmazlıqdır. Xalqın ən ağır anlarda belə sınmamasının səbəbi məhz bu mənəvi qalaların varlığıdır. “Qəlbində bir millətin / Həmişə qalasan” misrası isə Şəhidlər Xiyabanını fiziki məkandan çıxarıb kollektiv yaddaşa çevirir. O, artıq daşda deyil, xalqın qəlbində yaşayır.
Asif Yusifcanlının “Şəhidlər Xiyabanı” şeiri publisistik ruhu, çağırış tonu və dərin vətənpərvərlik enerjisi ilə seçilir. Bu əsər oxucunu yalnız duyğulandırmır, həm də məsuliyyətə səsləyir. Şəhidlər Xiyabanı burada keçmişin xatirəsi deyil, bu günün vicdanı və gələcəyin əmanəti kimi təqdim olunur. Şairin sözü ilə desək, bu xiyaban bir millətin qəlbində həmişə qalacaq qədər uca, əbədi və müqəddəsdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin (Salam olsun!). Amin.

31.12.2025. Bakı.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

ƏZİZƏ AĞAHÜSEYNQIZI – QƏLƏBƏ ÜÇÜN DOĞULDUN

QƏLƏBƏ ÜÇÜN DOĞULDUN

Qarşımda bir kitab var, bu kitab əsərlərini sevə – sevə oxuduğum, yazıçı Fazil Sənanın otuzuncu kitabıdır. Şəhid Elnur Vəliyev haqqında bədii, publisist və sənədli povesti “Qələbə üçün doğuldun” adlı kitabi 2026 – cı ildə “İmza” nəşrlər evində çap olunub.
Bundan öncə yazıçının “Teleqram”, “Yaşamağa dəyər”, ” Müəllimlik – yolum, taleyim”, ” Kədərindən boylanan şair”, “Məhəbbət nəğməsi”, “Zamanın çevrəsində”, “Dünya, səndə nəyim qaldı”, “Dön, geri bax”, “Düşüncələrim, mülahizələrin”, “Əbədiləşən nəğmələr”, “Ölümə ərizə”, “Ədəbi düşuncələr”, “Əzrayılla rəqs”, “Gözlə qayıdacağam”, “Bu mənəm, İmam Cəmilli”, “Nifrətin göz yaşları”, “Özü də sözü kimi”, ” Məndən deməkdir”, “Yaxın və uzaq adamlar”, “Özu də sözü kimi” ll hissə, “Bağışlanmış günah”, ” Qüruba enən günəş”, “Seçilmiş əsərləri” l, ll ,lll, lV, V cild, “Dəniz sevgisi”, “Unudulmaq qorxusu” adlı hekayə, povest, roman, monoqrafiya, ədəbi tənqidi məqalələr toplusu, xatirə memuarları geniş oxucu kütləsinin İxtiyarına verilib..
“Qələbə üçun doğuldun” adlı bədii, publisist və sənədli povesti Beyləqanın Təzəkənd kəndində doğulan, torpaqlarımızın bütövlüyü uğrunda 44 günlük müharibədə Murov döyüslərində əbədiyyətə qovuşan şəhid Elnur Vəliyevin xatirəsinə həsr olunub..Kitabın 1 – ci hissəsində yazıçının oxuculara kitabın yazılma səbəbindən söhbət açır..O bu işin çətin, şəhid mövzusunun nə qədər ağrılı olduğunu vurğulayaraq, tarixin ûzqaralığı olan muharibələrdən söhbət salır..Hazirkı nəslin vətən sevgisindən, Qarabağı unutmadıqlarından və otuz il yağı tapdağında qalan cənnət Qarabağımızı bizə qaytaran qəhrəman oğullardan söhbət açır.O öz doğma bacısı oğlu Elnur Vəliyevin timsalında torpaqlarımız uğrunda şəhid olan cəmi səhid oğullarımızın qarşısında ürəyini şam kimi əridib Elnurun sorağıyla bu çətin mövzuya start verib..Onun “Oğul əsgər gedir”, “Vətən çağırır”,Əbədiyyətə gedən yol”, “Yaddaşlarda qalan Elnur”, “Nakam məhəbbətin acı hekayəsi”‘, “Son söz” kimi publisistik yazıların hər birinin çəkisi insan ruhunu təlatümə gətirir.. Kitabın sonunda verdiyi “Üzun ağ olsun şəhid” adlı şeiri isə sanki cəmi şəhidlərimizə laylay çalır:

Doğulandan əziyyət, doğulandan qəm çəkdin,
Elnur bala, ömrünə xosbəxtliyi kəm çəkdin.
Nəslin Vətən borcunu kürəyində cəm çəkdin,
Üzün ağ olsun şəhid!

dedi..
Yazıçı Fazil Sənanın bu kitaba qoyduğu ürək ağrılarından doğan hər bir yazısı maraqlı olduğu qədər də ağrılı və təsirlidir..Kitabın 1- ci və 2 – ci hissələrində yazdığı publisistik yazılarda kitabın korrekoru (Ə.A) olaraq onun torpağına, doğulduğu Beyləqana bağlılığı gördüm..O kitabda 1- ci və 2- ci Qarabağ müharibəsində Beyləqanın da xüsusi yeri olduğunu vurgulayır .Belə ki, Qarabağ müharibəsində şəhid olan 12 min Azərbaycan şəhidinin 138 – i Beyləqanın payına düşur.Onun da biri Beyləqanın Təzəkəndində doğulan və Murovda 44 günlük müharibədə şəhidliyə ucalan Elnur Vəliyevdir.
Kitabın 3- cü hissəsində şəhid Elnur Vəliyevə həsr olunmuş ürəkgöynədən şeirlər toplanmışdır. Şair dostlarımızın ürəkağrısı ilə qələmə aldıqları bu şeirlər onun qəhrəmanlıq nümunəsi olan ömür yolundan danışır..
Kitabda şairlərdən Əzizə Ağahüseynqızı, Elçin İldırım, Solmaz Şirvanlı, İlham İnam, Almas Yusifqızı, İmam Cəmilli, Şəfəq Vilayətqızı, Raqif Nazimoğlu, Salman Qaralar, Zöhrə Qaraqızı, Rəsul Murovdağlı, Arzu Tahirqızı, Səbli Baxış, Qəzənfər Məsimoğlu, İqbal Baba, Qivamı Qazıyev, Şəhla Əvəzqızı Qarabağlı, Dəniz Əlizadə, Şəfiqə Məmmədova kimi qələm sahiblərinin şeirləri, esseləri yer alıb.Elnur Vəliyevin doyüs yollarına işıq salan bu kitabda həm də onun əsgərlik illərinin, dostları, dogmaları, ansı ilə bizə yadigar qalan şəkilləri yer alıb..
Sonda şəhidimizi ehtiramla yad edən, onun ruhunu uca tutub kitab yazan zəhmətkeş yazıçı, dəyərli eloğlum Fazil Sənana can sağlığı, yaradıcilıq uğurları arzulayıram..Allah cəmi şəhidlərimizə rəhmət eləsin..

ƏZİZƏ AĞAHÜSEYNQIZI,
AYB VƏ AJB ÜZVU
11.01.2026

P.S.”Qələbə üçün doğuldun” adlı bədii – publisistik və sənədli povestində Beyləqan rayonunun Təzəkənd kəndində doğulmuş, Murovda şəhidlik zirvəsinə ucalan Vəliyev Elnurun qəhrəmanlığından bəhs olunur.
Mənim də bu kitabda Elnura həsr olunmuş poemam yer alıb..O üzdən müəllifə, dəyərli yazıçımız Fazil Sənana təşəkkür edir, ona bundan sonra da yeni – yeni əsərlər yazmağı arzu edirəm.

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

​”Fobiya” anlayışı heç birimizə yad deyil

​”Fobiya” anlayışı heç birimizə yad deyil

Psixoloji triller və detektiv janrlarını ayrı-ayrılıqda çox sevirəm. Lakin bu iki janr bir əsərdə birləşəndə əsərə maraq ikiqat artır, gərginlik isə daha dərindən hiss olunur. Müəllif Vulf Dorn olduqda isə bu maraq üç qat artır.
​”Fobiya” anlayışı heç birimizə yad deyil…. Hər birimizin həyatında müəyyən şeylərə qarşı qorxular var – təklik, qaranlıq, qapalı məkan, dəniz, heyvanlar və s…. Amma bir də var görünməyən, mücərrəd fobiyalar – uğur qazanmaqdan, irəli getməkdən, məsuliyyətdən qorxmaq….. Hansılar ki, insanı daxildən bloklayır və inkişafına mane olur..
​Əsərin baş qəhrəmanı Sara da məhz belə bir fobiya ilə yaşayan qadındır. Zahirən hər şeyi qaydasında görünür: evi, yaxşı maddi vəziyyəti, həyat yoldaşı Stefan və oğlu Harvi… Amma ailə daxilindəki vəziyyət göründüyü kimidirmi? Bu sualın cavabını əsəri oxuduqca aydın şəkildə görürük.
​Sara ilə Stefan arasındakı münasibətdə yaranan “çatlar” zamanla adiləşir. Hər şey gündəlik qayğıların, işlərin və görüşlərin arasında itib-batır. Məhz bu laqeydlik və susqunluq hadisələrin təhlükəli istiqamət almasına zəmin yaradır. Əsərin anti-qəhrəmanı da yaranmış vəziyyətdən ustalıqla istifadə edir…. Onun nə məqsədlə bunları etməsi isə oxucuya tədricən açılır. Spoilər vermədən deyim: bu kitabı və müəllifin bütün kitablarını mütləq oxumaq lazımdır….
​Vulf Dorn mənim üçün ötən il kəşf etdiyim müəlliflərdəndir və artıq əminəm ki, bu tanışlıq davamlı olacaq. Bu, müəllifin oxuduğum dördüncü kitabıdır. Yazıçının əsərlərində insan psixikasına dərindən nüfuz etdiyini hiss etmək olur. O, qorxunu, travmanı və daxili ziddiyyətləri yalnız hadisələrin hərəkətverici qüvvəsi kimi deyil, insanın düşüncə və davranışlarını formalaşdıran əsas amil kimi təqdim edir. Məhz buna görə də oxucu onun əsərlərində təkcə süjetin gərginliyini deyil, həm də güclü psixoloji təsiri hiss edir.


​Qeyd: Kitab Azərbaycan dilinə Cəlil Cavanşir tərəfindən çevrilib. Axıcı, səlis və fikirləri oxucuya rahatlıqla çatdıran bu tərcüməyə görə Cəlil bəyə xüsusi təşəkkürümü bildirirəm.

Müəllif və mənbə: Vəfa BAĞIRZADƏ

VƏFA BAĞIRZADƏ HAQQINDA

AZƏRBAYCAN BƏSTƏKARLARI

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“MANQAL” DA YAŞAYAN KİTABLAR

“MANQAL” DA YAŞAYAN KİTABLAR
(Ötən ilin təəssüratı)

Keçən ay yaxın qohumlardan birinin nişan mərasiminə yığışmışdıq. Məclis bulvar tərəfdə yerləşən Manqal restoranında idi. Əzəl başdan deyim ki, məkan çox xoşuma gəldi. 30-35 qonağın iştirakı ilə keçirilən ailəvi məclis ürəkaçan idi. Təzə qohumların bir-birinə isinişməsi, qaynayıb-qarışması, süfrə arxasında şirin söhbətlər, gənclərə verilən xeyir-dualar, oyun havalarımıza qol açıb oynayanlar milli adələrimizə sayğımızdı.

Amma burda könlümü açan bir başqa gözəllik də vardı. Mən bu gözəlliyi “Manqal”ın qapısından içəri keçən andan hiss etdim. Klassik üslubda qurulmuş bu restoran, şadlıq məkanından daha çox mədəniyyət ocağını xatırladırdı. Üst qata qalxanda aralıqda adda-budda yerləşdirilmiş antik suvenirlər, divar rəflərinə düzülmüş köhnə kitablar gözə, könülə dinclik gətirirdi. Bu rahatlığın içindən keçib salona daxil olanda mədəni ab-havanı burda da hiss etdim. İçəri keçən təki rəflərə düzülmüş kitabları görəndə fərəhləndım. Məni ən çox sevindirən o idi ki, restoran təkcə ləziz təamları ilə süfrələri bəzəmirdi, həm də kitaba sevgini, mütaliəyə marağı təbliğ edirdi…

Məclis öz axarı, şuxluğu ilə davam etdiyi məqamlarda rəflərə yaxınlaşıb, kitablara nəzər saldım. Bir-bir götürüb müəlliflərin adlarına baxdım. Deyim ki, burada olan kitabların hamısı rus klassiklərinin əsərləri idi. Ötən əsrin 50-60-70-cı illərində çap olunmuş kitablardı: F.Dostoyevski, M.Şoloxov, L.Tolstoy, İ.Bunin, A.Puşkin, V.Şukşin, M.Bulqakov, A.Platonov, A.Soljenitsin və daha kimlərin əsərləri. Hamısı da köhnəlmiş nəşrlər olduğundan rəngləri soluxmuşdu. Fikirləşdim, görəsən bu qədər kitabları hardan yığıb gətiriblər? Evlərdənmi almışdılar, həyətlərdənmi yığmışdılar, bilmirəm. Amma hansı yolla əldə ediblərsə, xeyirxah iş görüblər. Əsas odur ki, kitablar cırılmaqdan, yandırılmaqdan və artıq yük kimi tullanmaqdan xilas olub. Və bəlkə də bilik xəzinəsi timsallı əsərlərin belə məkanlarda sərgilənməsi, insanları kitablarla canlı ünsiyyətdə olmağa, mütaliə vərdişini unutmamağa səsləyir…

O gün “Manqal”ın mədəni aurası yaddaşımda xoş xatirəyə döndü. Amma rus klassiklərinin sırasında Azərbaycan yazıçılarından bir nəfərin belə, kitabının olmaması məni çox təəccübləndirdi…

Güman etmirəm ki, “Manqal”a gələn bir kəs orda bir kənara çəkilib kitab oxumuş olsun. Amma şənlik arası kimlərinsə gözucu da olsa, kitablara nəzər salması, bəlkə də hansınısa oxumaq üçün icazəylə götürüb özüylə aparması mümkündür. Bu mədəni ab-havadan ürəyi açılan, sövqi-təbii rəflərə yaxınlaşaraq kitablara maraqla baxan, hələ desən, neçəsini də götürüb vərəqləyənlər də olmamış deyil. Evlərinə dönəndə məclislə bağlı təəssüratlarında yəqin ki, kitablar da yer alar.

Düzü, indiki dövrdə sosial şəbəkələrdə adamlarla dilsiz-ağızsız ünsiyyət, mətnlərə soyuq yanaşmalar məni həm darıxdırır, həm də çox qorxudur. Belə ki, insanlar, xüsusən də yeni nəsil bu gözəl vərdişi, mütaliəni, kitablarla ünsiyyəti tamam unuda, yadırğaya bilər. Bu, heç də yaxşı hal deyil. Düşünürəm, insanların toplaşdığı bütün məkanlarda “Manqal”da gördüyüm şəkildə kitabın təbliğatı aparılsa, kitaba sevgi, maraq yeniyetmə və gənclərin tərbiyəsinə və dünyagörüşünün formalaşmasına əhəmiyyətli təsir göstərər…

Bizim ən yaxın dostumuz kitabdır. Kitab oxuyaq, ay millət, kitab! Sözümz, söhbətimiz də kitablardan olsun, Daha bir-birimizi əzib irəli keçməkdən yox…

Müəllif: Şəfəq NASİR,
Yazıçı, publisist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I