
Asif Yusifcanlının “Özümüzük, ay sağ olmuş” şeiri (səh. 75)
Tanınmış pedaqoq-şair Asif Yusifcanlının “Özümüzük, ay sağ olmuş” şeiri həm poetik forma, həm də ideya-məzmun baxımından müasir Azərbaycan ədəbiyyatında mənəvi özünüdərk, vicdan və yol anlayışı üzərində qurulan dərin fəlsəfi-publisistik nümunələrdən biridir. Bu şeir sadəcə bədii mətn deyil, eyni zamanda ictimai yaddaşa, fərdi məsuliyyətə və milli mənəviyyata ünvanlanmış poetik çağırışdır.
Şeirin mərkəzində dayanan “özümüzük” ifadəsi təsadüfi deyil. Bu söz şeirin həm ideya açarı, həm də poetik yük daşıyıcısıdır. Müəllif burada insanın qarşılaşdığı bütün ziddiyyətlərin, azmaların, səhvlərin səbəbini kənar amillərdə deyil, insanın öz seçimində və mövqeyində axtarır. “Ay sağ olmuş” müraciəti isə xalq dilinə xas səmimi, eyni zamanda ağrılı bir müraciət formasıdır – həm təsəlli, həm də xəbərdarlıqdır.
Asif Yusifcanlı şeirdə haram yol, yalan, haqsız iş, göz tökən söz, tikən ev, yanlış “vətən” anlayışı kimi anlayışları sadalayaraq göstərir ki, insanı yoldan çıxaran yalnız çətinliklər deyil, bəzən də yanlış düşüncə tərzidir. Bu, müəllifin pedaqoji dünyagörüşündən qaynaqlanan bir yanaşmadır: insan tərbiyəsi, insanın özünü tanıması ilə başlayır.
Şeir sadə, lakin son dərəcə yüklü xalq danışıq dilinə söykənir. “Üç aşağı, beş yuxarı”, “deyə-deyə yığdıq varı”, “tuta bilməz haqq yerini” kimi ifadələr oxucuda atalar sözü və el hikməti təsiri yaradır. Bu üslub şeiri elit bir mətn olmaqdan çıxarıb xalqın düşüncə aynasına çevirir.
Təkrar olunan “Özümüzük, ay sağ olmuş” misrası refren rolunu oynayaraq oxucunun diqqətini dağılmağa qoymur və fikri hər dəfə əsas məqama qaytarır. Bu təkrar təkcə bədii vasitə deyil, həm də mənəvi hesabatın ritmik sədasıdır.
Şeir güclü publisistik ruh daşıyır. Müəllif cəmiyyətin ağrılı nöqtələrinə toxunur:
– haramla dolanan yol,
– yalanın həqiqəti üstələməsi,
– haqsız işin tez keçməsi,
– haqqın tapdanması.
Lakin şair ittiham edən mövqedən daha çox oyadan, silkələyən, düşündürən mövqedə dayanır. Burada qəzəb yox, acı təəssüf, amma eyni zamanda ümid var. “Asif, güdən öz xeyrini, tuta bilməz haqq yerini” misrası ilə müəllif həm özünə, həm də oxucuya müraciət edir və bu, şeirin səmimiliyini artırır.
Asif Yusifcanlının pedaqoq kimliyi şeirin hər sətrində hiss olunur. O, oxucuya hökm vermir, dərs keçmir, amma düşündürür. Şeir bir növ mənəvi dərs planıdır: əvvəl yanlış göstərilir, sonra nəticə ortaya qoyulur, sonda isə vicdanın hökmü oxucuya buraxılır.
“Özümüzük, ay sağ olmuş” şeiri Asif Yusifcanlının poetik yaradıcılığında ictimai məsuliyyət, mənəvi ayıqlıq və özünütənqid xəttinin bariz nümunəsidir. Bu şeir oxucunu başqasını yox, özünü sorğu-suala çəkməyə çağırır. Ən böyük gücü də məhz buradadır.
Bu əsər bir daha sübut edir ki, Asif Yusifcanlı yalnız şair deyil, həm də söz vasitəsilə cəmiyyətə güzgü tutan müəllimdir. Şeir oxunmur – yaşanır, düşünülür və yadda qalır. Sağ olun, əziz və dəyərli Müəllimim!*
*- Asif müəllim Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbndə V-XI siniflərdə mənim Rus dili müəllim olub.
08.01.2026. Qobu (Bakı).
Müəllif: ZAUR USTAC
Oxuyun >> Gözündə tük var