
Asif Yusifcanlının “Azərbaycan əsgəri” şeiri
Asif Yusifcanlının “Azərbaycan əsgəri” şeiri (səh. 51) müasir Azərbaycan poeziyasında vətənpərvərlik mövzusunun ən dolğun, emosional və publisistik ifadələrindən biridir. Bu şeir təkcə poetik mətn deyil, eyni zamanda milli ruhun, tarixi ədalətin və xalq–ordu birliyinin ədəbiyyatda bədii həllini necə tapdığını əks etdirən ən gözəl nümunələrindəndir. “Azərbaycan əsgəri” şeiri məzmununa, ritminə, daşıdığı məna yükünə görə əldə silah Vətənə xidmət missiyasını şərəflə yerinə yetirən Azərbaycan əsgərini son və qəti döyüşə səsləyən, qələbədən-qələbəyə götürən yürüş marş kimi səslənir. Əslində bu şeir bütöv bir zümrənin – şanlı Azərbaycan gəncliyinin zəfər dastanı, uğur manifestidir.
Şeirin mərkəzində dayanan əsas obraz müzəffər “Azərbaycan əsgəri”dir. Lakin bu obraz sıradan hərbi fiqur deyil; o, Vətənin vicdanı, haqqın səsi, tarix qarşısında cavabdeh olan mənəvi simadır. Şair“Sağ ol, igid əsgər!” deyə başlayaraq əsgərə minnətdarlıq bildirir və onu alqışlayır. Bu müraciət publisistik mətnlərdə rast gəlinən açıq çağırış və ictimai mövqenin ifadəsi kimi diqqət çəkir. Burada şair xalqın adından danışır, əsgərə mənəvi borcunu sözlə ödəyir.
Şeirin əsas ideoloji xəttini haqq anlayışı təşkil edir. “Bilsinlər haqdasan, haqq söyləyirsən” misrası təsadüfi deyil. Asif Yusifcanlı müharibəni güc mübarizəsi kimi yox, ədalət savaşı kimi təqdim edir. Bu yanaşma şeiri sırf hərbi pafosdan çıxararaq onu mənəvi-fəlsəfi səviyyəyə yüksəldir. Əsgərin gücü silahında deyil, haqq tərəfində olmasındadır.
Şeirdə çəkilən “Murov zirvəsi”, “Qarabağ”, “Vətən torpağı” kimi anlayışlar poetik məkandan daha artıq məna daşıyır. Bunlar tarixi yaddaşın simvollarıdır. Murov zirvəsi ucalığın, məğrurluğun, sarsılmazlığın rəmzi kimi təqdim olunur. Əsgərin ayağının altında olması isə qələbənin, yüksəlişin bədii ifadəsidir. Qarabağın “saf havası” obrazı torpağın təmizliyini, mənəvi haqqını ön plana çıxarır.
Asif Yusifcanlının “Qəlbimin səsi” kitabında da ardıcıl yer almış; “Azad etməliyik ana torpağı” (səh. 50) və “Azərbaycan əsgəri” (səh. 51) şeirləri həm mövzu, həm də ideya baxımından bir-birini tamamlayır. “Azad etməliyik ana torpağı” şeirindəki çağırış və ideya “Azərbaycan əsgəri” şeirində davam və inkişaf etdirilir. Sadəcə birinci şeirdə müraciət ümumi xalqadırsa, ikinci şeirdə çağırışın ünvanlandığı konkret ünvan var. Bu ünvan müzəffər Azərbaycan əsgəri, şanlı Azərbaycan gəncliyidir! Birinci şeirdən fərqli olaraq, ikinci şeirdə düşmənə münasibət açıq, sərt və kompromissizdir. Bu sərtlik publisistik üslubun əsas xüsusiyyətlərindən biridir. Şair düşməni humanist romantizmlə deyil, xalqın yaşadığı ağrının dili ilə təqdim edir. Bu, oxucuda emosional təsir yaradır və mətni ictimai çağırış səviyyəsinə qaldırır. Burada məqsəd nifrət yox, ədalətin bərpası ideyasını gücləndirməkdir.
Şeirin kulminasiya nöqtəsi “Qarabağ Azərbaycandır!” ifadəsidir. Bu cümlə artıq poetik misra olmaqdan çıxaraq milli şüarın bədii forması kimi səslənir. Əsgərin zirvələrdə dayanaraq bu həqiqəti dünyaya göstərməsi Zəfərin həm fiziki, həm də mənəvi ölçüsünü ifadə edir. Bu, müasir Azərbaycan tarixinin poeziyaya köçürülmüş qürur anıdır.
Asif Yusifcanlının “Azərbaycan əsgəri” şeiri müasir publisistik poeziyanın uğurlu nümunəsidir. Burada lirika ilə ictimai mövqe, poetik obrazla siyasi-hissi reallıq üzvi şəkildə birləşir. Şeir oxucunu təkcə duyğulandırmır, həm də düşündürür, milli yaddaşı oyadır, qürur hissini gücləndirir.
Bu əsər bir daha sübut edir ki, Azərbaycan əsgəri təkcə sərhədləri yox, haqqı, ədaləti və milli ləyaqəti qoruyan tarixi missiyanın daşıyıcısıdır. Poeziya isə bu missiyanın əbədiləşən səsidir. Ümumilikdə bu şeir bir əsgərin – bir gəncin deyil, bütöv bir ordunun – Azərbaycan gəncliyin manifestidir!
14.01.2026. Ağdam.
Müəllif: ZAUR USTAC
Oxuyun >> Gözündə tük var