Etiket arxivi: ZAUR USTAC

Zaur Ustac – Ay Günəşim

AY GÜNƏŞİM

(dördlük)

Vəsf etdiyin “Ay işığı”,
Öz nurundu, ay Günəşim!
Sən şəfəq saç, daim parla,
Mən də verim, pay Günəşim!

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sükut içində çırpınan insan və tənhalıq

SƏKSƏN DÖRDÜNCÜ YAZI
Sükut içində çırpınan insan və tənhalıq
(Səhər Əhmədin “Su üzündə yarpaq kimi”si)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizi  “Ədəbiyyat qəzeti”nin bugünkü sayında (23 yanvar 2026-cı il, Cümə, N: 03 (5549)) səh. 7-də tanınmış şair Səhər Əhmədin “Su üzündə yarpaq kimi” şeirindən boy verib boylanan insan və tənhalıq (İlahi, bu şəhərdə çay içməyə bir adam tapılmasayacaq!?) mövzusu üzərində qurmağa çalışacağam.
Müasir Azərbaycan poeziyasında insanın daxili aləmini, psixoloji vəziyyətini və zamanla münasibətini bu qədər dəqiq, təbii, simvolik və fəlsəfi şəkildə ifadə edə bilən çox az sayda qələm sahibləri vardır ki, onlardan biri də Səhər Əhməddir (bu artıq onun  yaradıcılığna eyni məzmunlu ikinci müraciətimdir). Onun “Su üzündə yarpaq kimi” misrası ilə başlanan bu şeiri ilk baxışdan sadə bir təbiət təsviri təsiri bağışlasa da, dərin qatlarına varıldıqca insan taleyinin, ruhun sarsıntılarının və mənəvi yorğunluğun bədii salnaməsinə çevrilir.
Şeirin əsas obrazı – su üzündə yarpaq – təsadüfi seçilməyib. Yarpaq:
-köksüzlüyü,
-iradəsiz axını,
-küləyə və mehə tabe olmağı,
-taleyin hökmünə boyun əyməyi simvolizə edir.
Bu yarpaq artıq sadəcə təbiət elementi deyil, zamanın, mühitin və hadisələrin hökmü altında qalan insanın bədii surətidir. “Meh əsdikcə yellənən” misrası insanın qərarsızlığını, həyat qarşısında tərəddüdünü, bəzən isə taleyə qarşı müqavimət göstərə bilməməsini açıq şəkildə ifadə edir.
    Şeirdə ən güclü cizgilərdən biri insanın öz içində yaşadığı mübarizədir:
Öz içində var-gəl edən,
Öz odunda küllənən.

Bu misralar insanın daxili konfliktlərini, öz-özü ilə savaşını, həm də tədricən yanıb külə dönən ümidlərini göstərir. Burada kənar düşmən yoxdur – savaş insanın öz içindədir. Şair oxucuya göstərir ki, bəzən ən ağır müharibələr insanın öz ruhunda gedir:
Yaşılıyla solub gedən,
Sarısıyla dillənən.

Rənglərin poetik dili burada xüsusi məna daşıyır. Yaşıl – həyat, ümid, təravət; sarı isə solğunluq, payız və sonluq rəmzidir. Şair bu iki rəngi qarşılaşdırmaqla zamanın insan üzərindəki dağıdıcı təsirini və həyat enerjisinin tədricən tükənməsini göstərir:
Savaşların ötəsində
Tək-tənha veyillənən.

Bu bənd şeiri fərdi çərçivədən çıxarıb ictimai-fəlsəfi müstəviyə keçirir. Buradakı “savaş” həm real müharibələri, həm də həyatın amansız çarpışmalarını ifadə edir. Savaş bitib, lakin insanın içindəki viranəlik hələ də davam edir. O, qalib də deyil, məğlub da – sadəcə yorğun və tənhadır:
Göz yaşları axammayıb
Gözlərində göllənən.

Bu misralar şeirin emosional zirvəsidir. Burada ağlamaq belə mümkün deyil. Duyğular axmır, donur. Bu isə ən ağır mənəvi haldır – insanın hisslərinin iflic olması. Səhər Əhməd bu vəziyyəti sadə, lakin çox təsirli bir obrazla təqdim edir:
Duaları yer üzündən
Göy üzünə millənən.
Fikirləri durulduqca
Cavabları lillənən.

Bu bənd insanın Tanrı ilə münasibətini, ümid və inam arasındakı ziddiyyəti əks etdirir. Dualar yüksəlir, lakin cavablar aydınlaşmır. Şair burada müasir insanın metafizik böhranını – inanmaq istəyib cavab tapa bilməmək dərdini poetik dillə ifadə edir.
    Şeir yenidən başlanğıc misraya qayıdır:
…Su üzündə yarpaq kimi
Meh əsdikcə yellənən…

Bu təkrar təsadüfi deyil. Həyat dəyişmir, vəziyyət dövridir, insan yenə də eyni haldadır. Bu, dairəvi zaman, çıxışsızlıq və sükut içində çırpınma obrazıdır.
Səhər Əhməd bu şeirdə:
-metaforik düşüncəni,
-psixoloji dərinliyi,
-fəlsəfi müşahidəni
-ustalıqla birləşdirir.
    Şeir nə qışqırır, nə ittiham edir, nə də üsyan edir. O, sakitcə danışır – amma insanın ruhuna toxunan bir səssizliklə. Məhz bu səssizlik onun gücüdür.
    “Su üzündə yarpaq kimi” şeiri müasir insanın mənəvi portreti, zaman qarşısında aciz, amma düşünən, hiss edən və axtaran ruhun poetik etirafıdır. Bu şeir oxucuya sadəcə oxunmur – yaşanır. Hər kəlməsindən tənhalıq boylanır…
    Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik (atalar üçdən deyib).

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – CÖVHƏR

CÖVHƏR
Əgər yoxsa,
bircə zərrə
o atəşdən;
ya ruhunda,
ya cismində…
Min cür
eyib axtaracaq,
qoca Turanın ismində.
Çaqqal kimi doğulanlar
çaqqal kimi sürünəck,
dərələrdə sümsünəcək!
Zirvələrdir qurdun yeri,
şahinlərin yurd-yuvası…
Əyri-müyrü nəyiniz var;
milyon-milyon
sizin olsun…
Bizə yetər;
uca Türkün tək Tanrısı!!!
23.01.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müzəffər ordunun şanlı əsgəriyəm!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“O işıq mən idim, qonaq gəlmişdim…”

O işıq mən idim

(dördlük)

O işıq mən idim, qonaq gəlmişdim,
Qapqara zülfünü görmək istədim…
Toxunmaq istədim, ağ bədəninə,
Telindən sünbullər hörmək istədim…

Müəllif: Zaur USTAC

“O işıq mən idim, qonaq gəlmişdim…”

(Zaur Ustacın bir bənd şeiri üzərinə)

Bəzən insan sevdiyinə addım atmır, işıq kimi süzülür ona doğru. Səs salmadan, iz qoymadan… Zaur Ustacın bu misralarında sevgi cismani varlıqdan çıxıb nur halına çevrilir.“O işıq mən idim” demək — mən artıq bədən deyiləm, mən hissəm, mən ruham deməkdir. Qonaq gəlmək isə müvəqqəti yox, ehtiramlı bir varoluşdur; sevəni incitmədən, ürəyinə toxunmadan var olmaq istəyi.
Bu işıq qaranlığı dağıtmaq üçün yox, qaranlıqda gizlənən gözəlliyi görmək üçün gəlir. “Qapqara zülfünü görmək istədim” misrası zahiri bir istək kimi səslənsə də, əslində insanın sirrə duyduğu ehtiyacdır. Qara zülflər gecəni xatırladır — dərin, səssiz, sirli… O gecədə itmək yox, o gecəni anlamaq arzusu var.
“Toxunmaq istədim, ağ bədəninə…” — burada toxunuş ehtirasın dili ilə yox, müqəddəsliyin sükutu ilə danışır. Ağlıq saflığın, paklığın rəmzidir. Bu toxunuş istəyi bədəni deyil, varlığı duymaq ehtiyacıdır. İnsan sevdiyini toxunaraq yox, hiss edərək yaşamaq istəyir. Çünki həqiqi sevgi iz buraxmaqdan çox, iz olmamaqdır.
“Telindən sünbüllər hörmək istədim…” — bu misra isə sevginin yaradıcılığa çevrildiyi andır. Sünbül həyatdır, bolluqdur, ümiddir. Sevilənin bir telindən belə həyat hörmək istəyən sevgi artıq özünü yox, gələcəyi düşünür. Bu sevgi almaq istəmir, yaratmaq istəyir. Sahiblənmir, becərir.
Bu misralar bizə göstərir ki, sevgi bəzən bir baxış, bəzən bir işıq, bəzən də qonaq kimi gələn bir ruha çevrilir. O sevgi nə qışqırır, nə tələb edir. Sadəcə var olur — səssiz, dərin və unudulmaz.
Zaur Ustacın sözlərindəki işıq, hər oxucunun içində bir anlıq yanır. Kimisi üçün həsrət olur, kimisi üçün dua, kimisi üçün isə ömür boyu sönməyən bir xatirə. Amma bir həqiqət dəyişmir:
İşıq olan sevgi heç vaxt kölgə salmır.

Sevgi və hörmətlə, Pərvanə Salmanqızı

Jurnalist, şair-publisist

PƏRVANƏ SALMANQIZININ YAZILARI

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Züleyxa Maşərifovanın yeni çapdan çıxmış kitabı haqqında

ŞƏKSƏN ÜÇÜNCÜ YAZI

İNTİQAMIN PSİXOLOGİYASI VƏ CİNAYƏTİN SƏNƏTƏ ÇEVRİLƏN ÜZÜ
(Züleyxa Maşərifovanın “İntiqam hissi” romanı haqqında publisistik düşüncələr)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu tanınmış Özbəkistan yazıçısı Züleyxa Maşərifovanın yeni çapdan çıxmış “İntiqam hissi” kitabı üzərindən olacaq. Müasir dünya ədəbiyyatında kriminal-detektiv janr təkcə cinayətlərin açılması, süjet gərginliyi və hadisələrin ardıcıllığı ilə deyil, eyni zamanda insan psixologiyasının dərin qatlarına enmək, cəmiyyətin gizli ağrılarını üzə çıxarmaq baxımından da böyük əhəmiyyət kəsb edir. Bu mənada Özbəkistanın tanınmış yazıçısı Züleyxa Maşərifovanın “İntiqam hissi” romanının Azərbaycan dilində nəşri həm ədəbi, həm də mədəni baxımdan mühüm hadisə kimi dəyərləndirilməlidir.
Romanın “İmza” nəşrlər evində, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Əli bəy Azərinin redaktorluğu ilə işıq üzü görməsi əsərin dil, üslub və məzmun baxımından peşəkar təqdimatını təmin edən əsas amillərdən biridir. Bu nəşr, eyni zamanda, türk xalqları arasında ədəbi əlaqələrin möhkəmlənməsinə, oxucu auditoriyasının genişlənməsinə xidmət edən dəyərli bir mədəni körpü rolunu oynayır.
QISA ARAYIŞ
Tanınmış Özbəkistan yazıçısı Züleyxa Maşərifova 1956-cı ildə Özbəkistanın Xarəzm vilayəti, Xəzərasp rayonunda anadan olub. 1975 – 1980-ci illərdə Daşkənd Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Uzun illər vəkil və hakim kimi çalışıb.Özbəkistanda “Damğa”, “And”, “Qisas qoxusu”, “Dəhşətli evlilik”, “Dəli qadın söhbəti”, “Hər şeyin səbəbkarı anam”, “Etiraf edilən günah”, “Xəta”, “Maska”, Türkiyədə “Kabul edilen suç” adlı detektiv kitabları çap edilib.  384 səhifəlik kriminal-dedektiv romanı Azərbaycan dilinə tərcüməçi Rəhmət Babacan tərcümə edib.
“İntiqam hissi” yazıçının Azərbaycanda nəşr olunan ilk kitabıdır.

“İntiqam hissi” romanı zahirən klassik detektiv süjet üzərində qurulsa da, əslində insan ruhunun ziddiyyətlərini, daxili sarsıntılarını, ədalət və intiqam anlayışlarının sərhədlərini araşdıran dərin psixoloji əsərdir. Müəllif cinayəti yalnız hüquqi hadisə kimi deyil, sosial və mənəvi fəlakətin nəticəsi kimi təqdim edir. Burada hər bir cinayət bir taleyin, bir həyatın pozulmasının nəticəsi kimi ortaya çıxır.
Züleyxa Maşərifova hadisələrin dinamik inkişafını oxucunun diqqətini daim diri saxlayan gərginliklə təqdim edir. Lakin romanın əsas gücü süjetin sürətində deyil, personajların psixoloji portretlərinin canlılığı və inandırıcılığındadır. Züleyxa Maşərifovanın “İntiqam hissi” romanı ilk baxışdan kriminal süjet üzərində qurulmuş psixoloji-bədii əsər təsiri bağışlasa da, mahiyyət etibarilə ailə institutunun, mənəvi dəyərlərin və sosial məsuliyyətin sarsılması haqqında dərin fəlsəfi düşüncələr toplusudur. Əsər oxucunu təkcə “qatil kimdir?” sualının arxasınca aparmır, daha ağrılı və daha mürəkkəb bir sualın qarşısında saxlayır: bir ailənin hamının gözü önündə məhv olmasına səbəb olan əsas günahkar kimdir?
Roman boyu ortaya çıxan ritorik suallar təsadüfi deyil. Günahsız körpələrin göz yaşları, çarəsiz qadının didərgin düşməsi, gənc bir oğlanın vaxtsız ölümü, qoca bir atanın rahatlığının pozulması – bütün bunlar tək bir cinayətin deyil, illərlə yığılıb qalan mənəvi aşınmanın nəticəsi kimi təqdim olunur.
Burada məsələ yalnız içkiyə qurşanmış bir insanın zəifliyi deyil. İçki romanın məntiqində səbəb yox, nəticədir. Əsl səbəb ailədə vaxtında verilməyən tərbiyə, diqqətsizlik, sevgisizlik, mənəvi boşluq və cəmiyyətin biganəliyidir. Yazıçı göstərir ki, insanı uçuruma aparan yol bir gündə başlamır; bu yol uşaqlıqdan, ailə ocağında atılan yanlış addımlardan, susqunluqdan və laqeydlikdən başlayır.
Əsərdə yetmiş beş yaşlı Xudayar atanın obrazı xüsusi diqqətə layiqdir. O, sadəcə köməkçi fiqur deyil, vicdanın və gec də olsa oyanan ədalətin simvoludur. Onun fədakarlığı sübut edir ki, yaş insanın qətiyyətini yox, bəzən onu daha da möhkəmləndirir. Xudayar ata vasitəsilə müəllif oxucuya mesaj verir: həqiqət gecikə bilər, lakin vicdanlı insan onu axtarmaqdan vaz keçməməlidir.
Mahir müstəntiq Sabircan və onun şagirdi Fərhadın istintaq prosesi isə romanın sosial yükünü daha da artırır. Cinayətin səbəbləri tədricən açıldıqca aydın olur ki, intiqam hissi bir anlıq emosional partlayış deyil, illərlə içində saxlanılan ədalətsizliklərin, haqsızlıqların və sarsılmış dəyərlərin məhsuludur. İntiqam edən də, qurban olan da eyni sistemin zədələdiyi insanlardır.
Roman oxucuya açıq şəkildə demir ki, dağılan ailənin günahkarı filan şəxsdir. Əksinə, oxucunu düşünməyə vadar edir:
– Günah təkcə içkiyə qurşanmış insandadırmı?
– Yoxsa onu bu hala salan ailə mühiti, valideyn məsuliyyətsizliyi, cəmiyyətin laqeyd münasibətidirmi?
– Bəlkə əsl günahkar susan, görüb danışmayan, başqasının faciəsinə biganə qalan hər kəsdir?
“İntiqam hissi” romanı göstərir ki, ailə bir fərdin deyil, bütöv bir cəmiyyətin məsuliyyət daşıdığı müqəddəs məkandır. Ailədə baş verən mənəvi çöküş gec-tez ictimai faciəyə çevrilir. Günahsız körpələrin taleyi, qadınların çarəsizliyi, gənclərin vaxtsız ölümü – bunlar təsadüf yox, xəbərdarlıqdır.
Romanın adında yer alan “intiqam” anlayışı əsərin fəlsəfi yükünü müəyyənləşdirən əsas xəttdir. Müəllif oxucunu daim bu sualla üz-üzə qoyur:
İntiqam ədalətin bərpasıdırmı, yoxsa insanı daha dərin uçuruma sürükləyən təhlükəli hiss?
Əsərdə intiqam hissi təkcə fərdi emosional reaksiya kimi deyil, cəmiyyətin yaratdığı ədalətsizliklərin, biganəliyin, laqeydliyin məhsulu kimi təqdim olunur. Bu baxımdan roman oxucunu sadəcə hadisələrin axarını izləməyə deyil, həm də mənəvi mühakimə aparmağa vadar edir
Azərbaycan dilində nəşr olunan bu romanın oxunaqlılığı, üslubi axıcılığı və dilin təmizliyi xüsusi qeyd olunmalıdır. Əli bəy Azərinin redaktorluğu əsərin milli oxucu üçün anlaşıqlı, səlis və estetik formada təqdim edilməsində mühüm rol oynayıb. Tərcümə və redaktə işi orijinal mətnin ruhunu qorumaqla yanaşı, Azərbaycan oxucusunun dil duyumuna uyğunlaşdırılıb.
Züleyxa Maşərifovanın yaradıcılığı Özbəkistanda olduğu kimi, Türkiyədə də sevilərək oxunur. “İntiqam hissi” romanının Azərbaycan dilində nəşri isə göstərir ki, insan taleyi, ədalət axtarışı, mənəvi ağrılar türk xalqları üçün ortaq mövzulardır. Fərqli coğrafiyalar, fərqli həyat tərzləri olsa da, insanın daxili mübarizəsi dəyişmir.
“İntiqam hissi” romanı yalnız kriminal-detektiv janrının uğurlu nümunəsi deyil, eyni zamanda insanı düşünməyə, mühakimə etməyə, öz daxilinə boylanmağa çağıran ciddi ədəbi əsərdir. Bu kitab Azərbaycan oxucusu üçün həm yeni bir yazıçı ilə tanışlıq, həm də çağdaş türk ədəbiyyatının ruhunu daha yaxından duymaq imkanı yaradır.
Şübhəsiz ki, Züleyxa Maşərifovanın bu romanı Azərbaycanın geniş oxucu auditoriyasında maraqla qarşılanacaq, kriminal ədəbiyyata marağı olanlarla yanaşı, psixoloji və sosial mövzulara həssas oxucuların da diqqətini cəlb edəcəkdir.
Nəticə etibarilə, Züleyxa Maşərifovanın bu romanı oxucunu qəti hökm verməyə deyil, öz vicdanında məhkəmə qurmağa çağırır. Burada nə tək bir cinayətkar var, nə də tək bir günah. Günah – zamanında deyilmiş bir sözün susdurulmasında, atılmamış bir addımda, qorunmamış bir ailə dəyərində gizlənir.
“İntiqam hissi” bizə bir həqiqəti xatırladır: saf niyyətli insanlar imanına sadiq qalaraq xeyirli yoldan dönməsə, intiqam hissi də ədalətə çevrilə bilər. Əks halda, intiqam ailəni də, cəmiyyəti də məhv edən kor bir duyğu olaraq qalır.
Bu mənada roman təkcə bədii əsər deyil, hər bir oxucu üçün ciddi mənəvi hesabatdır. “İntiqam hissi” romanı başqalarının səhvlərindən nəticə çıxararaq düzgün yol seçməyin mümkünlüyünü təbliğ edən mükəmməl bir nümunədir.

Çox dəyərli oxucum sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm! Hələlik!

20.01.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Elman Eldaroğlunun yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müəllim qəlbinin poeziyası və mənəvi missiyası

Müəllim qəlbinin poeziyası və mənəvi missiyası

(Asif Yusifcanlı yaradıcılığı haqqında -yekun)

Salam olsun, çox dəyərli oxucum! Daha bir söhbətimizin sonuna gəldik. Tanınmış pedaqoq-şair Asif Yusifcanlının “Qəlbimin səsi” kitabı haqqında olan söhbətimizi bu yazı ilə yekunlaşdırıram. Ümid edirəm ki, “Dost sözü” layihəsi çərçivəsində qələmə aldığım və “Kitab haqqında kitab” seriyasından nəşr olunacaq bu kitabda sevimli müəllimim Asif Yusifcanlının yaradıcılığının təbliği baxımından nəsə xeyirli bir iş görə bildim.

Azərbaycan ədəbiyyatında elə sənətkarlar var ki, onların yaradıcılığı təkcə poetik estetikaya deyil, həm də ictimai-mənəvi tərbiyəyə xidmət edir. Bu baxımdan tanınmış pedaqoq-şair Asif Yusifcanlının yaradıcılığı xüsusi diqqətə layiqdir. O, müəllimlik peşəsi ilə poeziyanı bir amal, bir ideya xətti üzərində birləşdirərək sözün həm öyrədən, həm düşündürən, həm də tərbiyə edən gücünü oxucuya çatdırmağı bacaran sənətkarlardandır.

Asif Yusifcanlının poeziyasının mayasında müəllim qəlbi dayanır. Onun şeirlərindəki didaktika quru nəsihətçilik deyil, həyatın içindən süzülmüş təcrübənin poetik ifadəsidir. Pedaqoq kimi qazandığı müşahidə qabiliyyəti, insan psixologiyasına dərindən bələdliyi onun poetik düşüncəsinə təbii şəkildə sirayət etmişdir. Şair üçün insan — xüsusilə gənc nəsil — tərbiyə olunmalı, dəyərlərlə silahlanmalı bir varlıqdır və bu missiyanı o, zorla deyil, sözün hikməti ilə həyata keçirir.

Asif Yusifcanlının yaradıcılığında mövzu dairəsi genişdir. Onun şeirlərində:

-Vətən və torpaq sevgisi,

-Ana, ailə, müəllim obrazı,

-İnsan ləyaqəti və mənəvi bütövlük,

-Zamanın sosial-əxlaqi problemləri,

-Yaddaş, xatirə və nostalji duyğular

əsas xətti təşkil edir. Bu mövzular şairin yaradıcılığında pafoslu şüarlardan uzaq, səmimi və həyatın içindən gələn bir tərzdə təqdim olunur. Onun poeziyasında oxucu özünü, öz dərdini, öz sevincini görə bilir.

Asif Yusifcanlının şeirlərinin dili sadə, anlaşıqlı və axıcıdır. O, mürəkkəb metaforalarla oxucunu yormur, əksinə, xalq danışıq dilinin imkanlarından ustalıqla istifadə edərək poetik mətnə canlılıq gətirir. Bu sadəlik üslub kasadlığı deyil, bədii ölçünün düzgün seçimidir. Şair sözə qənaət etməyi, fikri qısa, lakin təsirli çatdırmağı bacarır.

Onun poetik obrazları həyatın özündən gəlir: kənd həyatı, məktəb mühiti, sadə insanların duyğuları, illərin sınağından çıxmış münasibətlər şeirlərində təbii şəkildə canlanır. Bu üslub onu oxucuya yaxınlaşdıran əsas cəhətlərdəndir.

Asif Yusifcanlının yaradıcılığında mənəvi məsuliyyət aparıcı xəttdir. O, şeirlərində insanı vicdanla üz-üzə qoyur, oxucunu öz daxili aləmini sorğulamağa çağırır. Şair üçün poeziya yalnız estetik zövq vasitəsi deyil, eyni zamanda mənəvi saflaşma yoludur.

Bu xüsusiyyət onun pedaqoji dünyagörüşü ilə birbaşa bağlıdır. Şeirlərində müəllimə xas səbir, mərhəmət, ümid və inam hissi duyulur. O, insanın düzələcəyinə, sözün gücünə inanır və bu inam poeziyasının ruhunu müəyyənləşdirir.

Asif Yusifcanlı müasir Azərbaycan poeziyasında klassik ənənəyə sadiq, lakin müasir düşüncəli sənətkarlardandır. O, nə ifrat modernizmə meyl edir, nə də köhnəlmiş poetik qəliblərin içində qalır. Onun yaradıcılığı oxucu ilə ədəbiyyat arasında körpü rolunu oynayır, poeziyanı gündəlik həyatın ayrılmaz hissəsinə çevirir.

Xüsusilə gənclər və müəllimlər üçün onun şeirləri həm estetik nümunə, həm də mənəvi dayaq mənbəyidir. Bu baxımdan Asif Yusifcanlının yaradıcılığı yalnız ədəbi fakt deyil, həm də ictimai-mədəni hadisə kimi qiymətləndirilə bilər.

Yekun olaraq demək olar ki, Asif Yusifcanlı poeziyası müəllim qəlbinin sözə çevrilmiş halıdır. Onun yaradıcılığı sadə insan duyğularını yüksək mənəvi dəyərlərlə birləşdirir, oxucunu həm düşündürür, həm də tərbiyə edir. Şairin əsərlərindəki səmimiyyət, həyatilik və mənəvi məsuliyyət onu müasir Azərbaycan ədəbiyyatında özünəməxsus mövqeyə sahib sənətkar kimi təqdim edir.

Asif Yusifcanlının yaradıcılığı göstərir ki, söz — doğru niyyət və saf qəlblə deyildikdə — həm məktəb ola bilir, həm də ömürlük dərs.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun.

14.01.2026. Ağdam.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Asif Yusifcanlının “Qalıb” qoşması haqqında – Söz

Asif Yusifcanlının “Qalıb” qoşması haqqında

“Qalıb” qoşması (səh. 86) tanınmış pedaqoq-şair Asif Yusifcanlının yaradıcılığında ictimai vicdanın, mənəvi məsuliyyətin və haqq–ədalət axtarışının poetik ifadəsi kimi diqqəti cəlb edir. Şeir yalnız fərdi duyğuların deyil, bütövlükdə cəmiyyətin mənəvi durumunun bədii diaqnozudur və publisistik ruhu ilə oxucunu düşünməyə, mövqe tutmağa çağırır.

Şeirin əsas ideya yükü ədalət, haqq, vicdan anlayışları üzərində qurulub. Müəllif “Ədalət gəzsək də biz zaman-zaman” misrası ilə göstərir ki, insanlıq tarix boyu ədalət axtarışındadır, lakin bu axtarış çox vaxt formal xarakter daşıyır. “Görünürlük ədalət bir sözdə qalıb” fikri isə müasir dövrdə haqq anlayışının zahiri şüar səviyyəsində qalmasını, əməli həyatda isə dəyərsizləşməsini kəskin şəkildə tənqid edir.

Şairin “Haqqa yaxın gəlmir kor olmuş dünya” misrası dünyanı mənəvi korluqda ittiham edir. Bu korluq fiziki deyil, vicdan korluğudur. Dünya görür, lakin dərk etmir; danışır, lakin əməl etmir. Beləliklə, şeir qlobal miqyasda mənəvi böhran tablosu yaradır.

“Fikri-zikri bizim dənizdə qalıb” misrası Asif Yusifcanlının obrazlı dilə necə ustalıqla yiyələndiyini göstərir. Burada “dəniz” metaforası çoxmənalılıq daşıyır: hədsiz fikir bolluğu, söz çoxluğu, lakin nəticəsizlik. Müəllif bu yolla sözün ucuzlaşmasını, fikrin məsuliyyətsiz şəkildə səsləndirilməsini ifşa edir (çox güman ki, müəllif dəniz dedikdə “Xəzər”i nəzərdə tutur).

“Dilə gətirəndə haqlı sözünü, / Görmək istəmirik bir də üzünü” – bu sətirlər cəmiyyətin acı həqiqətlərə dözümsüzlüyünü açır. Haqqı deyən sevilmir, qəbul olunmur, əksinə, kənara itələnir. Bu, şairin publisistik mövqeyinin ən sərt ifadələrindən biridir.

Şeirdə riyakarlıq xüsusi yer tutur. “Qaniçən də haqlı sayır özünü” misrası hər kəsin özünü haqlı hesab etdiyi, lakin heç kimin məsuliyyəti üzərinə götürmədiyi bir mühiti təsvir edir. Burada müəllif təkcə fərdləri deyil, bütöv bir sosial psixologiyanı tənqid edir.

“Asif, boş vədləri vurmuruq üzə” misrası isə müəllifin özünə müraciəti olmaqla yanaşı, cəmiyyətə ünvanlanmış ironiya kimi səslənir. Boş vədlərin ifşasından qaçmaq, yalanı üzə deməmək artıq normaya çevrilib. Şair bu normanı sarsıtmağa çalışır.

“Yəqin ki, arxada gülürlər bizə” “Şeytanlar bizimlə durub göz-gözə” misraları çox güclü simvolik məna daşıyır. Şər qüvvələrin açıq mübarizəyə belə ehtiyac duymaması, insanın öz zəifliyi və susqunluğu hesabına qalib gəlməsi fikri irəli sürülür.

“Bircə deməsinlər düz düzdə qalıb” – bu sətir şeirin kulminasiyasıdır. Burada diz çökmək fiziki məğlubiyyətdən daha çox mənəvi təslimiyyət mənasını verir. Şair üçün ən böyük faciə insanın susaraq, qorxaraq, laqeyd qalaraq haqqdan imtina etməsidir.

Asif Yusifcanlının bu şeiri çağdaş Azərbaycan poeziyasında ictimai vicdanın səsi kimi səslənir. O, sadəcə şikayət etmir, ittiham edir; təkcə müşahidə etmir, mövqe bildirir. Şeirin publisistik gücü ondadır ki, oxucunu passiv dinləyici mövqeyində saxlamır, onu suallar qarşısında qoyur: Haqq hardadır? Biz niyə susuruq? Diz çökmək taleyimizdirmi, yoxsa seçimimiz?

Bu qoşma pedaqoq-şair Asif müəllimin yalnız söz adamı deyil, eyni zamanda mənəvi tərbiyəçi, cəmiyyət qarşısında məsuliyyət daşıyan ziyalı olduğunu bir daha təsdiqləyir. Asif Yusifcanlının poetik səsi oxucunu rahat buraxmır; düşündürür, narahat edir və ən əsası, vicdanı oyadır. Ədalətli olmağa çağırır. Hamınıza “Ədalət”i söz kimi mətnlərdə, insan, partiya və qəzet adı kimi deyil, real hayatda görməyi, hiss etməyi arzulayıram! Sağ olun!

05.01.2026. Bakı.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Asif Yusifcanlının “Görə” şeiri

Asif Yusifcanlının “Görə” şeiri (səh. 81)

Tanınmış pedaqoq-şair Asif Yusifcanlının “Görə” şeiri Azərbaycan poeziyasında qadın obrazının mənəvi-psixoloji portretini xalq müdrikliyi, irfani dərinlik və etik ölçülərlə təqdim edən sanballı nümunələrdəndir. Bu şeir ilk baxışdan sadə, atalar sözü üslubunda qurulmuş kimi görünsə də, əslində, əsərin alt qatında bütöv bir həyat fəlsəfəsi, qadın davranış kodeksi və milli düşüncə sistemi dayanır.

Şeirin əsas məğzində qadının təmkinli, səbirli, ismətli və daxili dəyərlərlə zəngin obrazı dayanır. Şair qadını zahiri görkəmi, ucadan danışığı və ya nümayişkaranə davranışları ilə deyil, özünə nəzarəti, ləyaqəti və ölçülü hərəkətləri ilə qiymətləndirir. “Gəlin tək özünə hava çaldırmaz”, “qolunu qaldırmaz”, “qadınlığı gözdən saldırmaz” misraları bir qadının həm fərdi davranışını, həm də cəmiyyət qarşısındakı məsuliyyətini poetik dillə ifadə edir.

Əsərdə diqqəti cəlb edən mühüm cəhətlərdən biri xalq etikası ilə poetik ifadənin vəhdətidir. Şeir sanki nəsillərdən-nəsillərə ötürülən bir həyat dərsi kimi səslənir. Burada müəllif nə hökm verir, nə də didaktik nəsihətçi ton seçir; o, sadəcə olaraq “gördüyünü” — həyatın içindən süzülmüş müşahidəni oxucuya təqdim edir. Məhz buna görə şeirin təsir gücü yüksəkdir, çünki oxucu bu fikirləri öz gündəlik həyat təcrübəsində tanıyır.

“Asif Yusifcanlı qadını abır, həya və ismət anlayışlarının daşıyıcısı kimi təqdim edir” deməklə şeirin ideya yükünü düzgün ifadə etmiş olarıq. “Abıra, həyaya, ismətə görə” misrası şeirin ideya mərkəzidir. Burada qadının dəyəri var-dövlətlə, zahiri cazibə ilə yox, daxili keyfiyyətlərlə ölçülür. Şair qadının səsini ucaltmamasını, adi söhbətdə həddi aşmamasını, xırda xəyallarla özünü dəyərsizləşdirməməsini mənəvi kamillik nümunəsi kimi təqdim edir.

Şeirin dili olduqca səlis, axıcı və təbiidir. Qafiyələr süni deyil, fikir axınına uyğun gəlir. Sintaksis sadə olsa da, semantik yük dərin və düşündürücüdür. Bu, Asif Yusifcanlının pedaqoq təfəkkürünün poeziyada təzahürüdür: oxucuya mürəkkəb bədii konstruksiyalarla deyil, aydın və anlaşılan sözlərlə təsir etmək bacarığı.

Publisistik baxımdan şeir müasir cəmiyyət üçün də aktualdır. Sürətlə dəyişən dəyərlər, zahiri təəssüratın ön plana keçdiyi bir dövrdə şair oxucunu yenidən milli-mənəvi ölçülərə qaytarır. O, qadını yalnız ailə içində deyil, bütövlükdə cəmiyyətin mənəvi sütunu kimi görür. Bu baxımdan “Görə” şeiri həm ədəbi, həm də sosial-mənəvi mesaj daşıyıcısıdır.

Nəticə etibarilə, Asif Yusifcanlının “Görə” şeiri qadın obrazını ideallaşdırmadan, lakin onu ucaldan, dəyərləndirən və mənəvi zirvəyə qaldıran bir poetik nümunədir. Bu əsər Azərbaycan poeziyasında qadın mövzusunun milli düşüncə prizmasından təqdim olunmasının uğurlu nümunəsi olmaqla yanaşı, oxucunu düşünməyə, özünü və cəmiyyəti qiymətləndirməyə çağıran sakit, lakin təsirli bir mənəvi çağırışdır.

02.01.2026. Bakı.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Babəklər yurdunun hürr övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|