SƏN OLMASAYDIN… – AYTAC İBRAHİM

Aytac İBRAHİM – gənc yazar.

SƏN OLMASAYDIN…

Sən olmasaydın,
ölərdi mənim son hisslərim …
Yaşı quruyardı, kirpiyi tökülərdi,
kor olardı, bu gözlərim …
Gəlməzdi dünyama baharlar, qışlar
inan,
heç səmamda uçmazdı da quşlar.
Sən olmasaydın,
bilməzdim ki, eşq nədir, aşiq kimdir,
yuxular ilandır, zəhəri bətərdir …
Sən olmasaydın,
yıxılardı başıma, bu uçuq dünya .
Sökə-sökə, tikə-tikə, ölə-ölə
dünya tikərdim mən özümə guya …
İndi elə bil ki yoxsan,
yoxsanmı, əzizim, daha ?
Yaşı qurumur, kirpiyi tökülmür,
donub qalıb bu  kor olası mirət.
Yenə uçmaq istəyir səmamda,
qanadı qırıq, ürkək quşlar,
Amma heyif ki, yağır göydən daşlar.
Bahar da gəlir e, gözümün işığı,
sevdiyimiz həmin fəsil,
sevdiyimiz həmin hava …
Eh, əzizim …
Əzizim,
mən hara, dünya hara, sən hara …
İşdir, birdən alınmaz,
baxma, nakam gedərəm .
Sən Allah,
mən sənsiz ölsəm,
məni çoxdan bağışla …

15.03.2021.

BİR AXŞAM…

Bir axşam qoca palıd ağacının altı,
Yenə saatın əqrəblərində ilişmişəm.
Ən yaxınım yupiter qədər uzağımda,
Nə vecinədir axı, nələr çəkmişəm…
Ups…
Deyəsən şimşək çaxır, düz başımın üstdə
Ayaqlarım corabsız, şalvarım dizdən.
İslanıb batıram səssiz bir küncdə
Axı, batanın yağışdan nə qorxusu…
Hey ?
Sizinləyəm,gəlin görüm bir-bir çiynimə
Yoxlayaq hərənizi, yarışdıraq çəkinizi.
Sağımdakı mələk yaman gülümsünür
Görən çoxmu qanadıblar dizini.
Şişt …
Heç kimə heç nə demə, az qalıb
Bir gün bitəcək tüfeyli günlər
Əlimi uzadıb dınqıldadacam sazımı,
Görüm səsini hansınız eşidəcək ?
La-la-la …
Fikir vermə dilimə, beynimə nəğmə çalır
Kürəyimdəki oxlar yaman əcayib
Mən çıxartdıqca özü yenidən batır,
Elə bil dostlarımın əmanəti deyillər.
Hah-hah- hah …
Bilirəm, onlar heç nə anlamayacaq
Qayığıma təkan verirəm, özü gedir .
Dibə batması an məsələsidir,
Nə fərqi var? Ruhum ki çoxdan gedib.
Mən..Siz…Onlar…Dünya…Aləm…
Bir ləzzətə uyub beləcə gedirik,
Doğrusu, heç özüm də bilmirəm nə nədir…
Yazıram bu hər nəyimdirsə, burda qalsın
Bir gün düşüncəmi də oğurlasaz
Analiz edərsiz , görən bu dəli nə deyir …

28.05.2021.      

Müəllif: Aytac İBRAHİM 

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

One thought on “SƏN OLMASAYDIN… – AYTAC İBRAHİM”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir