Mən Əliyev Sevindik Nəsib oğlu (Sevindik Nəsiboğlu) 26 iyul 2008-ci ildə İmişli şəhərində anadan olsam da, əslən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindənəm. 2014-cü ildə Abşeron rayonu Xırdalan şəhəri 9 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, hazırda həmin məktəbin 7-ci sinifində oxuyuram, dərs əlaçısı olmuşam. Mən hələ 4-5 yaşlarımdan yazıb-oxumağa başlamış, eyni zamanda kompüteri öyrənərək Vikipediya vasitəsilə ilə Azərbaycanımızın keçmişi, tanınmış şəxsiyyətləri, sərkərdələri, şairləri və sənətkarları barədə məlumat toplamış, elə həmin vaxtlardan kiçik həcmli hekayələr və şeirlər yazmağa başlamışam. Məni həmişə zaman-zaman Azərbaycanımıza qarşı edilən haqsızlıq və ədalətsizliklər, torpaqlarımızın hər hansı yolla işğalı, vətənimizin parçalanması düşündürüb və narahat edib. Ona görə də, yazdığım 400-dən çox şeirin əsas mövzusunu Vətən, torpaq həsrəti, türkçülük, müsəlmançılıq, işğal olunmuş ərazilərimiz, müstəqillik və ərazi bütövlüyü yolunda canını əsirgəmədən fəda etmiş Vətən oğulları və qızları, istiqlal, bu yolda ömrünü şam kimi əritmiş liderlərimiz, şairlərimiz, yazıçılarımız, vətən fədailəri, bayraq sevinci, bir də həmyaşıdlarıma vətən, vətəndaşlıq barədə bildiklərimi çatdırmaq təşkil etmişdir. Şeirlərim hələ 2015-ci ildən “Abşeron təhsili”, “Respublika xəbərləri” qəzetində dərc olunmuş, milli radiomuzun “Navalça” verilişində, milli televiziyanın efirində uşaqlar üçün yayımlanan “Pillə”, “Lider” TV-nin “Çıxış yolu”, “Dünya” TV-nin “Məhəbbət nəğmələri” və “Hər uşaq bir incidir” adlı verilişlərində dəfələrlə şeirlərim səsləndirilmişdir. Respublika Milli Kitabxanasında, Abşeron rayon təhsil şöbəsinin keçirdiyi ictimai tədbirlərdə dəfələrlə çıxışlarım olmuşdur. Əla oxuduğuma, ictimai fəallığıma görə rayon rəhbərliyi və məktəb tərəfindən çoxsaylı tərifnamə və diplomla mükafatlandırılmış, 26 dekabr 2017-ci ildə Azərbaycan Respublikası “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin “Gənc istedad” fəxri diplomu ilə təltif olunmuş, eyni zmanda “Afia.az” informasiya agentliyinin “Sizi tanıyaq” layihəsində uğurlu iştirakıma görə uşaqlar arasıdna “Ən yaxşı yazar”, eləcə də, “İlin şagirdi” diplomlarına layiq görülmüşəm. 2018-ci ildə “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı şeir kitablarım nəşr edilmiş, 2019-cu ildə Respublika Milli Kitabxanasında həmin kitabların təqdimatı keçirilmiş, həmin ildə “Azərbaycan XXI əsrə istedadlarla” layihəsi çərçivəsində “Gənc istedad” diplomuna layiq görülmüş, “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ən gənc ictimai müxbiri olmaqla bu qəzetdə çoxsaylı məqalələrim, araşdırmalarım, şeir və hekayələrim dərc edilmişdir. 2020-ci ildə “Ulu Naxçıvanım” adlı nəsr, “Könüllərə yol gəzirəm” adlı şeir kitablarım nəşr edilmiş, “Ulu Naxçıvanım” adlı kitabımın “Lider TV”-nin “Çıxış yolu” verilişində təqdimatı keçirilmişdir. 5-ci kitabımda işıq üzü görəcək 70-dən çox hekayə, araşdırma və məqalələrim, eləcə də, vətənpərvərlik mövzusunda yazdığım şeirlərim “Kredo” qəzetində dərc edilmiş və çoxsaylı izləyicilərə “Afia.az” informasiya agentliyi vasitəsi ilə çatdırılmışdır. Yuxarıda qeyd olunan mövzularla əlaqədar geniş düşüncələrim var, işğaldan azad edilmiş torpaqlarımız, çiçəklənən Azərbaycanımız naminə yaradıcılığımı uğurla davam etdirməkdəyəm.
Kənan ZƏKA – Bayramov Kənan Əhliman oğlu 2002 – ci ildə Goranboy rayonunun Qaraçinar kəndində anadan olmuşdur. 2008-ci ildə Qaraçinar kənd Tam orta məktəbinin 1-ci sinifinə qəbul edilmişdir . 2020-ci ildə Azərbaycan dillər universitetinin filologiya ( Azərbaycan dili və ədəbiyyatı ) fakültəsinə qəbul olmuşdur . Hal-hazırda 1-ci kurs tələbəsidir. “Yazarlar” jurnalının müstəqil yazarlarından biridir.
Sən olmasaydın, ölərdi mənim son hisslərim … Yaşı quruyardı, kirpiyi tökülərdi, kor olardı, bu gözlərim … Gəlməzdi dünyama baharlar, qışlar inan, heç səmamda uçmazdı da quşlar. Sən olmasaydın, bilməzdim ki, eşq nədir, aşiq kimdir, yuxular ilandır, zəhəri bətərdir … Sən olmasaydın, yıxılardı başıma, bu uçuq dünya . Sökə-sökə, tikə-tikə, ölə-ölə dünya tikərdim mən özümə guya … İndi elə bil ki yoxsan, yoxsanmı, əzizim, daha ? Yaşı qurumur, kirpiyi tökülmür, donub qalıb bu kor olası mirət. Yenə uçmaq istəyir səmamda, qanadı qırıq, ürkək quşlar, Amma heyif ki, yağır göydən daşlar. Bahar da gəlir e, gözümün işığı, sevdiyimiz həmin fəsil, sevdiyimiz həmin hava … Eh, əzizim … Əzizim, mən hara, dünya hara, sən hara … İşdir, birdən alınmaz, baxma, nakam gedərəm . Sən Allah, mən sənsiz ölsəm, məni çoxdan bağışla …
15.03.2021.
BİR AXŞAM…
Bir axşam qoca palıd ağacının altı, Yenə saatın əqrəblərində ilişmişəm. Ən yaxınım yupiter qədər uzağımda, Nə vecinədir axı, nələr çəkmişəm… Ups… Deyəsən şimşək çaxır, düz başımın üstdə Ayaqlarım corabsız, şalvarım dizdən. İslanıb batıram səssiz bir küncdə Axı, batanın yağışdan nə qorxusu… Hey ? Sizinləyəm,gəlin görüm bir-bir çiynimə Yoxlayaq hərənizi, yarışdıraq çəkinizi. Sağımdakı mələk yaman gülümsünür Görən çoxmu qanadıblar dizini. Şişt … Heç kimə heç nə demə, az qalıb Bir gün bitəcək tüfeyli günlər Əlimi uzadıb dınqıldadacam sazımı, Görüm səsini hansınız eşidəcək ? La-la-la … Fikir vermə dilimə, beynimə nəğmə çalır Kürəyimdəki oxlar yaman əcayib Mən çıxartdıqca özü yenidən batır, Elə bil dostlarımın əmanəti deyillər. Hah-hah- hah … Bilirəm, onlar heç nə anlamayacaq Qayığıma təkan verirəm, özü gedir . Dibə batması an məsələsidir, Nə fərqi var? Ruhum ki çoxdan gedib. Mən..Siz…Onlar…Dünya…Aləm… Bir ləzzətə uyub beləcə gedirik, Doğrusu, heç özüm də bilmirəm nə nədir… Yazıram bu hər nəyimdirsə, burda qalsın Bir gün düşüncəmi də oğurlasaz Analiz edərsiz , görən bu dəli nə deyir …
Aytac İBRAHİM 1997-ci il avqust ayının 19-da Qax rayonunun Qıpçaq kəndində dünyaya göz açmışdır.Mehdi Ziyadov adına Qıpçaq kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirib, Şəki Dövlət Regional kollecində “Məktəbəqədər təlim və tərbiyə” ixtisasına yiyələnmişdir. Kiçik yaşlarından müxtəlif şeir, mahnı, rəqs müsabiqələrində iştirak etmiş, müxtəlif tədbirlərə dəvət almışdır. “Şəhidlərimizi tanıdaq” layihəsi altında, şəhidlərimizə həsr olunan kitabların ərsəyə gəlməsində iştirak etmişdir. Fəal gənc olaraq tanınmaqdadır. “Yazarlar” jurnalının müstəqil yazarlarındandır.
Uzun illər bu məmləkətin gəlin köçən qızlarının ürəyində, şəhid balasının tabutunu qaldıran Ataların kürəyində, özünü doğma ocağından kənarda qərib bir quş sanan yurd həsrətlilərin dünyadan köç eyləyən zaman yumulmayan gözlərində nisgilə çevrilmişdi Qarabağ…
Qarabağ ağrı idi…
Qarabağ həsrət idi… Qarabağ düyün idi… Qara bəxt idi… Qapısı bağlı qalmış yurd yeri idi…
Bu ədalətsizliyə dünya birliyi hələ də susurdu… körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib müzakirə edir, işıqlandırırdılar…
Kor deyildik ki… hamısını görürdük. Onu da anlayırdıq ki, özünə gün ağlamayana el də yığılsa, gün ağlayası deyil.
Hər anı bir ömrə bədəl 44 günlük qutsal savaşımızda Vətən Oğulları bizə anlatdı ki, dərdimizin dərmanı hansısa beynəlxalq qurum, təşkilat deyil.
Qapısı bağlı Qarabağın açarı Azərbaycan Ordusunun – zabitinin, əsgərinin cibində imiş… Bircə “İrəli!” kəlməsinə bənd imişlər ki, Dünya birliyinə Birliyin nə olduğunu göstərsinlər. Bircə himə bənd imişlər ki, bu torpağın nə cəngavərlər yetirdiyini bütün bəşəriyyətə isbat etsinlər.
Heç 30 yaşı olmayan, bu torpağın üstündə 30 il yaşamağın səfasını görməyən igidlər elə cəfalara qatlaşdılar ki, son nəfəsimizədək onların borcunu ödəyə bilməyəcəyik. Millətin çiynindəki 30 sənəlik əsarət yükünü qaldıran, alnımızda şırım salmış qeyrət ləkəsini qanıyla yudu Vətən oğulları… bu qazanılan zəfərlə təkcə torpağın üstündəkilərə azadlıq bəxş etmədilər, eyni zamanda birinci Qarabağ savaşında canından keçən öz silahdaşlarının, qan qardaşlarının narahat ruhlarını şad etdi Vətən oğulları…
Bu gün təkcə əsarətdən xilas olan, torpağına Azadlıq günəşi doğan Kəlbəcər, Şuşa, Laçın, Ağdam… sevinmir, bu gün həm də Vətən deyə-deyə Vətən olan Oğullar – Şəhidlər xiyabanındakı müqəddəs ünvanlarımız da sevinir…
Bu ana torpağın köksündəki ən doğma, ən əziz, müqəddəs ünvanlardan biridir Yalçın…
Azad Kəlbəcərin aydın səmasında ucalan bayraqdı…
Nisgilli bir ananın and yeri, məbədi, piridi Yalçın!…
Qoşa qanadı olan iki oğuldan biridi… Yalçın!…
Cismi torpağın bağrında olsa da, könlümüzdə hər daim diridi, Yalçın!…
******
Mustafayev Yalçın Əkbər oğlu… 30 may 1975-ci ildə Kəlbəcərdə ziyalı bir ailədə dünyaya gəlmişdi. Vətən sevgisi Yalçının ürəyinə ata nəvazişi, ana şəfqəti ilə bərabər hopmuşdu sanki…
Bu həyatda Ana olmaq ən çətin peşədir. Çünki şəxsiyyət yetişdirirsən. Yalçının anası ali təhsilli həkim, təbib Rəhimə xanım həm də oğlunun həyat müəllimi olmuşdu. Yalçın kimi əqidəli, sağlam düşüncəli, ləyaqətli bir övlad nümunəsi Rəhimə xanımın necə ana olmağının örnəyi idi…
1993-cü ildə Kəlbəcər rayonu işğal olunanda ailə məcburən Bərdədə məskunlaşmalı olmuşdu. Torpağına, yurduna anası kimi bağlı olan Yalçın ailəsinin xəbəri olmadan 18 yaşında döyüşə yollanmışdı… Qısa müddətdə tank sürməyi öyrənmiş, ən çətin strateji mövqelərdə və döyüşün ən qaynar nöqtələrində əzmlə vuruşmuşdu… Dəfələrlə düşmənin onlarla tankını, hərbi-zirehli texnikasını və canlı qüvvəsini məhv etmişdi… Beş ay gecə-gündüz bilmədən Vətən torpağının azadlığı uğrunda mübarizə aparmış, son nəfəsinə qədər döyüşmüşdü… 1994-cü ildə mayın 8-də yaralı döyüş yoldaşını neytrala çıxararkən düşmən həmlələrinə qarşı qəhrəmanlıqla mücadilə etmiş və ağır yaralanmış, mayın 9-da isə şəhadətə ucalmışdı…
Kəlbəcərin uşaq gözü kimi tərtəmiz bulaqlarından su içən, Dəlidağın əzəmətinə baxıb dağ vüqarlı dayanmağı öyrənən 18 yaşlı dağlar oğlu… döyüşlərdə belə saz çalarmış, sanki Dədəm Qorqud qopuzu misalı… çaldığı sazın sarı simində silahdaşlarına məğrurluq, döyüş ruhu ərməğan edərmiş…
Ondan yadigar qalan qara köynəkli sazı həyat yoldaşımın nənəsi Xırda xanımın evində müqəddəs kitab kimi Nənənin vətən həsrətli köksünün ən mərhəm yerində görmüşəm… Yaşadıqlarımız bizi nə qədər ağrıtsa da, bunlar tarixdir, yazmaq vəfa borcumuzdur.
*****
27 ildir Əkbər kişinin ocağında Yalçın adı nisgilə dönüb…
27 ildir O uca Qadın qoşa qanadının birini itirib, daha uça bilmir…
Uçmaq nədi, yaşamaqdan ötrü birtəhər tutunur həyata…
Vətən deyə-deyə Vətən olan övladının həsrətinə nə müddətdir ki, vətənsizlik həsrəti şərik idi…
Bir ananın içində qaysaq tutmayan, bağrının başında qübar eyləyən övlad yarasını heç nəylə sarımaq mümkün olmasa da, heç olmasa, bu gün Vətən yaramızı bayraqla sarıyıb Azərbaycan əsgəri!
Bu gün Yalçının müqəddəs ruhu azad Kəlbəcərin aydın səmasında bayraq kimi ucalır!
*****
İllər öncə bu günkü gün Tanrıdan bir Nur parçası qopmuşdu…
Yaşasaydı Bu gün 46 yaşını tamamlayacaqdı…
Doğulduğu gün İlahidən müqəddəs bir görəv almışdı, bu dünyaya ilahi ədaləti bərqərar etmək üçün göndərilənlərdən idi…
Hamımız kimi sıradan bir ömür yaşamırdı, Tanrı tərəfindən görəvləndirilmişdi və o alın yazısını yaşayırdı…
Üzü Haqqa sarı yola çıxmışdı. Sazını Vətən boyda ürəyinə sıxıb bir yanıqlı nəğmə ifa edirdi… Vətən şərqisi… sinəsi çalın-çarpaz dağlanmış, övladları tərki-diyar olmuş, ocağı sönmüş, varlığı çarmıxa çəkilmiş yaralı bir Vətənin şərqisini…
Yurd həsrəti ilə yaşayırdı… Ruhunda yurd salmış həsrəti nəğməyə köçürürdü…
Böyük bir dünya daşıyırdı içində… Özü ilə bərabər sirr kimi, səhifələri açılmamış kitab kimi əbədiyyətə apardı ürəyindəkiləri…
Hələ “Sevirəm!” deməyə macal tapmamışdı…
Hələ diplomunun mürəkkəbi qurumamışdı…
Ürəyinə sığmayan sevda dolu xəyalları göyün üzündə fırlanırdı hələ…
Dünya boyda ürəyində bir dünya arzuları vardı…
18 yaşında Tarix yazdı, adıyla ucaldı, adını tarixə yazdı…
19 yaşına varmamış gəldiyi paklığında üzüağ, alnıaçıq Tanrıya vardı…
Tanrıdan qopan o Nur parçası Ona qayıtdı…
Bu, Allahın Yalçın Əkbər oğlu Mustafayev adına yazdığı ömrün ssenarisi idi… Bizə görə yarımçıq ola bilər, amma Tanrıdan ötrü tam və uca bir ömür idi…
Həyatın qızıl qaydası belədir. Ondan gələn əlbət bir gün Ona dönəcək… Ömür dediyimiz iki nəfəs arasında fasilədi – Tanrıdan qopub gəldiyimiz anla – ilk nəfəslə, doğuluşla Ona döndüyümüz an – son nəfəs arasında zaman məsafəsidi ömür…
Zatən bir gün hamımız gedəcəyik O müqəddəs ünvana. Məsələ getmək yox, necə getmək, Haqqın dərgahına hansı üzlə gedəcəyimizdədi…
Yalçın bu gənc ömründə şərəflə yaşadı, mərdlik və ləyaqət örnəyi oldu, gəldiyi paklığında Haqqın dərgahına döndü… Gənc ömrünü Ucalan bayrağın və Azadlığın ömrünə calayıb könüllərdə unudulmayan bir nəğməyə – dillərdə dastana döndü…
Haqq savaşının fədaisi kimi – müqəddəs cihadın şəhidi kimi üz tutdu Göylərə…
Tanrıdan qopan Nur parçası Tanrıya döndü… Ondan gələn Ona qayıtdı!…
Tanrı Dərgahında doğum günün – Əbədiyyətdəki Doğuluşun, Mövludun, Ucalığın mübarək, Yalçın Qardaşım!