DƏSTƏGÜLDƏ GÖRDÜKLƏRİM – ZAUR USTAC YAZIR

DƏSTƏGÜLDƏ GÖRDÜKLƏRİM

(…əsgər gündəliyindən sətirlər…)

Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun böyük Allaha! Daha bir vəsilə ilə sizlərlə görüşmək qismət oldu. Ötən günlərdə  televiziya kanallarının birindən ötəri olaraq “Dəstəgül” kəlməsini eşitməyim və son günlər baş verən hadisələr bu yazının yaranmasına, sonucda görüşümüzə səbəb oldu.

“Dəstəgül”lə bağlı eşitdiyim cümlə tam olaraq belə idi:- “…onun son döyüş yeri Dəstəgül olub…”  Dəstəgül, Dəstəgül… Dəstəgül sözün əsl mənasında neçə-neçə igid -ər oğullarımızın son döyüş yeri, son mənzili, son ünvanı olub və uzun illərdir bu belə qalmaqdadır. . .  Məlumunuz olsun  ki, son günlər  hələ I Qarabağ müharibəsində itkin düşmüş və o vaxt  tanınmadığı üçün  “Naməlum” adı ilə dəfn olunmuş döyüşçülərimizin siyahısının bir daha dəqiqləşdirilməsi, “naməlum”ların tanınması yolunda mühüm işlər görülür. Mənim qulaq müsafiri olduğum söhbət də məhz bu məsələ ilə bağlı idi. 

Dəstəgül (40°19′14″ şm. e. 46°41′29″ ş. u.) istər 2016 –cı il Aprel döyüşləri, istərsə də II Qarbağ – Vətən müharibəsi zamanı adı daha çox hallanan Çaylı, Talış, Suqovuşan  istiqamətində, onlardan sonra Təpəkəndə  deyil, Gülüstan, Ballıqaya – Murova tərəf, yəni Suqovuşandan sonra çayqırağı getdikdə sağ (Goranboy) tərəfdə sıx meşə örtüklü dağlıq ərazidə yerləşmiş kiçik bir yaşayış məntəqəsidir. Daha çox yaylaq yerinə oxşayır. Buna baxmayaraq bir neçə qəbirdən ibarət olan qəbirstanlığı da var. Evlər əsasən “finski” dediyimiz taxta evlərdən ibarətdir. (Bəlkə də bu məlumatlar artıq keçmiş zamanda qəbul edilməlidir.) Tale elə gətirib ki, bu yerləri  həm yayda (iyul 1993), həm də qışın oğlan çağında (fevral 1994) ziyarət etmək mənə qismət olub. 1994-cü ilin fevral ayında bu kiçik yaşayış məntəqəsini (Dəstəgül və ya Dəstəgir) kəşfiyyatçılardan təhvil alıb, motoatıcı bölmələr gələnə qədər qoruyub  saxlamış bölmənin tərkibində qulluq etmişəm. Olduqca keşməkeşli həyatımın bu hissəsinin  müəyyən məqamları yaradıcılığımda həm nəsrdə, həm də nəzmdə özünü zaman-zaman göstərib və yəqin ki, hələ çox göstərəcək. Məsələn elə bu yazı…

Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimov haqqında olan (son günlərdə bədxahlar tərəfindən məqaləsi vikipediyadan silinmiş) “Oriyentir Ulduzu” kitabından bir hissəni sizlərə təqdim edib, sonra söhbətimizə davam etmək istəyirəm: – “Bəs, bu dağlardakı səngərlədə neçə illərdir torpağa tapşırılacağı günü gözləyən igid-ər şəhidlərimizin sümüklərini nə vaxt yığıb mənzilinə çatdıracağıq??? Düşünə- düşünə dərə boyu dağlara baxdı. İndi onun baxışları dağlara zillənsə də, dağların arxasında da nə olduğunu gün kimi aydın görürdü… Halbuki o, heç Çaylıda da olmamışdı, amma postdakı bütün əsgərlər kimi o, da bilirdi ki, dərədə, daşı daş üstə qalmayan, bu kənd Çaylıdı. Adından da göründüyü kimi vaxtında çox səfalı, axarlı-baxarlı kənd olub. Dərə boyunca dağlara – Talışa tətəf – qalxanda, Gülüstan, birinci görünən dağı aşdıqdan sonra Madagiz, sonra hər yerdə gölqırağı, çayqırağı üzü Günbatana sağ tayla, dağ cığırı ilə gedib çıxırsan yol ayrıcına, ayrıc dərədədi, köhnə ferma binası da var dərədə. Fermanın yanında dağ yolu ilə təxminən iki saat dolama yollarla sağ tərəfə qalxsan, Dəstəgüldü. Dəstəgüldə qışda qar dizdən olsa da dərədəki bulağın başında artıq Fevral ayının ortalarında qarın, buzun içində bənövşələr açır. O, bənövşələrin qurusu indi də postdakı köhnə dəftər- kitabların arasında durur, təzələrini dərməyincə uşaqlar atmaq istəmirlər.”

Sonra yenə Mübarizə həsr olunmuş “Şəhid haqqı” adlı bir şeirdə;

Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,

İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,

Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,

Bu qədər bivec ata, ya da ki, qardaş olmaz…

Vallah, atam-qardaşım bundan vacib iş olmaz…

* * *

Hər şeyi yükləmişik, Lazım bəyin belinə,

Zalım oğlu zalım da qüvvət verib dilinə,

Heç kimsə razı olmaz, bir quş səkə gülünə,

Bəs bu dağlarda yatan gül balalar kimindi?!

Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!

* * *

Dəstəklərə yazılı, neçə-neçə adımız,

Qundaqlara qazılı, sezilməyən ay-ulduz,

Nişan durub, gözləyir; birdən düşər yolumuz,

Gəlin, o nişanların gözün yolda qoymayaq…

Bu işi, bu gün görək, sabaha saxlamayaq…

* * *

Bu işin bir yolu var, göstəribdi Mübariz!

Torpaq bizim Vətənsə,  düşməlidi izimiz.

Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.

Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!

Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!

* * *

Dəli bilirlər bizi, doğruldaq adımızı,

Dost özün göstərəcək, tanıyaq yadımızı,

İllərdir su vermişik, püskürək odumuzu,

Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!

Mübariz gedən yolu, getməliyik hamımız!!!

03.08.2019. Bakı.

Daha sonra isə ümumilikdə bütün məzarsız şəhidlərimizə ithaf etdiyim “Müqəddəslər” şeirində;

MÜQƏDDƏSLƏR

(… bütün məzarsız Vətən övladlarına ithaf olunur…)

Səngəri məzarı olan qardaşım,

Hələ də bilinmir əhvalın sənin…

Dəfndən Məada Bərzəx deyirlər,

Məchuldur durumun, məqamın sənin…

* * *

Silahın pas tutub, daha heç atmaz,

Dəbilqən gəzsə də, çəkmən köç etməz,

Kəmər yox olsa da, toqqan heç itməz,

Qumquman olubdu kimliyin sənin…

* * *

Üç rəngli bayrağım süsləyən dağlar,

Hər zirvə minlərlə şəhidi ağlar,

Bənövşə çiçəyi qəlbimi dağlar,

Dağların ağ qarı kəfənin sənin…

* * *

Zaur buz bulaqdan içəmməz daha,

Bənövşə müqəddəs, dərəmməz daha,

Ağ qarı tapdayıb, gəzəmməz daha,

Bu yurdun nəyi var, ünvanın sənin…

09.05.2021. – Bakı.

Dəstəgüldə gördüklərim zaman-zaman özünü xatırlatmış, müxtəlif təzahürlər  şəklində biruzə verərək, kağız üzərinə köçmüşdür. Bütün bunlardan əlavə həmin dövrdə  baş verənlər “Bir parça taxta və ya ağ mələfə səfası” əsərində ətraflı öz əksini tapıb.

Yuxarıda təqdim etdiyim nümunələrin yaranmasında əsas bir epizodun rolu olub ki, o da bugünkü vəziyyətlə səsləşdiyinə görə bu yazını yazmağı özümə borc bildim. Deməli, necə deyərlər quşbaşı qar yağa-yağa gecədən xeyli keçmiş  təyin olunmuş yerə  çatıb mövqeyi kəşfiyyatçılardan təhvil aldıq. Komandir hamını düzüb postları, kimin harada duracağını, istirahət növbəsinin harada dincələcəyini, postda dayanma müddətini elan etdikdən sonra hamı təyin olunmuş yerlərə getdi. Mən istirahət edən heyətə düşmüşdüm. Tez istirahət edən növbə üçün təyin olunmuş evə (Kiçik girişdən və iki pəncərəli bir otaqdan ibarət olan taxta ev idi, pəncərələr Goranboy tərəfə, sıldırım dərəyə baxırdı.) daxil olduq. Pəncərələri özümüzlə  gətirdiyimiz odeyallarla tutduq. Bir odun sobası tapıb qurduq və turbanın başına  vedrə keçirdik ki, yananda qığılcımlar çıxmasın. Seçdiyimiz ev dağın düşmən tərəfindən görünməyən sıldırım yamacında yerləşməsinə rəğmən bildiyimiz bütün maskalanmak və gizlilik tələblərinə riayət etməyə çalışırdıq. Artıq zaman olaraq, gecədən xeyli  keçsə də hər yan dümağappaq qar olduğuna və qara buludluq olmadığına görə görünüş demək olar ki, gündüz kimi idi. İstirahət otağı  tam hazır idi. Hətta çaydan da qaynadıb, həm posta gedənlər, həm də postdan gələnlər üçün isti şirin su hazırlamışdıq. Biz elə posta çıxmağa hazırlaşırdıq ki, uşaqlardan (əsgər R.E.-ni) birini halı pisləşmiş vəziyyətdə içəri gətirdilər. Nə baş verdiyi ilə marqalandıqda məlum oldu ki,  əsgər  digər post -növbə yoldaşları ilə təyin olunduqları  səngəri qardan təmizləyən zaman lapatkası nəyəsə ilişir və bu da lapatkanı qaldıranda gördüyü mənzərədən sarsılır… Halı pisləşir… Səngəri  təmizləyən əsgərin lapatkası bizdən əvvəl o mövqedə olub, şəhid olmuş digər Azərbaycan əsgərinin kəmərinə ilişibmiş. Lapatkanı qaldıran zaman isə bədən ortadan bükülmüş vəziyyətdə yuxarı qalxmışdı. O vaxtlar, bizim əsgərlərə verilən yaşıl rəngli, ay ulduzlu aliminium toqqa və dəriəvəzedicidən olan qəhvəyi kəmər aydın bilinirdi. Bundan əlavə bayraqlı “bakinski” forma və çəkmələr də bizim əsgər olduğunu təsdiqləyirdi…

Biz əvəz olunana  qədər itkisiz-filansız  nizam-intizamla, bütün qayda-qanunlara əməl edərək (Hələ bu müddətdə xüsusi tapşırıqla bir-neçə dəfə kəşfiyyata ketmək, bundan əlavə bənövşələri dərdiyim – maraqlıdır ki, fevral ayında buzun içində bənövşələr açmışdı – bulağa suya getmək, ərzaq gətirməyə gedən uşaqların  (əsgərlərin) qarşısına çıxmaq üçün aşağı düşmək kimi tapşırıqları da yerinə yetirirdik) sağ-salamat demək olar ki, Dəstəgüldə əməllibaşlı dincəldik. Vaxtı çatanda gəlib bizi əvəz etdilər…

GÜNDƏLİKDƏN SƏTİRLƏR:

08.02.1994 – axşam saat 11-də(23:00) komandir məni postdan çağırtdırdı. 6 nəfərlə Təpəkəndə kəşfiyyata getdik. Tapşırığı yerinə yetirib,( 09.02. 1994) səhər saat 4 –də Dəstəgülə qayıtdıq.

Biz əvəz olunduqdan  3-4 gün sonra (bu hadisənin öz obyektiv və subyektiv səbəbləri olub) qəfil hücumla demək olar ki, bir-iki yaralı olaraq min-bir müsibətlə qurtulan və qaçanlardan başqa  bizi əvəz edən bölmənin bütün şəxsi heyətinin hamısını öldürmüşdülər…

Deməli, təkcə bu balaca (heç  yanda adı, xəritələrdə izi-tozu olmayan) Dəstəgüldə həm ikinci dəfə biz alana qədər  90-cı illərdə şəhid olmuş əsgərlərimizin, həm də 1994-cü ilin fevral ayında qısa bir müddət ərzində bizdə olan vaxt şəhid olanlarla birlikdə xeyli şəhidimizin nəşi qalmaqdadır…

Görün indi nə qədər belə Dəstəgüllər var…

Xidmət müddətimdə sözün əsl mənasında başıma gəlməyən iş qalmasa da Dəstəgül mənim də yaddaşıma xüsusi olaraq yazılıb.  Gözümün önündən getməyən altında  gizlətdikləri  məlum olan qarla dolu səngərlər  və  bir də istədiyim zaman baxıb, toxuna bildiyim, hətta yeri gələndə söhbət etdiyim gündəliklərin vərəqlərinə qopub itmək qorxusu ilə bərk-bərk yapışmış  1994 – cü ilin fevral ayında Dəstəgüldə Gülüstan, Ballıqaya istiqamətində dərədəki bulqdan  qarın- buzun içindən  yığdığım bənövşələrin qurusu  mənim üçün istənilən zaman astral səyahətlə reallıq arasında mövcud olan bir dünya qurur. Həmişə bir istək olub, qəlbimin dərinliyində. Bir gün mütləq qışın oğlan çağında dincəldiyim bu səfalı məkanı may ayının sonlarında görmək, əsrlərdir şəhidlərimizn qanını ilə qidalanıb, Babəkin azadlıq sancağı kimi zühur edən alqırmızı lalərdən dərib, igid-ər oğullarımızın məzarı olmuş səngərlərin üzərinə sərmək, dərədə hüzünlü bir səslə zümzümə edən “Bənövşəli bulağ”a baş çəkmək istəmişəm. İnanıram ki, bütün digər arzularım kimi bu istəyim də vaxtı gələndə gerçəkləşəcək!

Allah bütün məzarlı və məzarsız şəhidlərimizə rəhmət eləsin. Siz də sona qədər həmsöhbət olduğunuz üçün çox sağ olun.

Müəllif: Zaur Ustac,

“Yazarlar” jurnalının baş redaktoru,

Şair – publisist.

16.08.2021. – Bakı.

ZAUR USTACIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir