ZAUR ƏRMUĞAN – ŞEİR YAZANDA

Zaur ƏRMUĞAN – şair.

ŞEİR YAZANDA
Yazam,
yamac ətirli.
Payızam,
yağışları çətirli.
Yayam.
Qışam.
Belə yaranmışam.
Dörd fəsli yaşayıram bir anda,
şeir yazanda.
3 may 2019

İŞIQ DA, ZÜLMƏT DƏ…
Vaxtın da quş kimi qanadları var,
Güzəştə getməyən iradları var.
Zamanın qəribə təzadları var,
İşıq da, zülmət də əkiz doğulub.
* * *
Talelər bir quru tükdən asılı,
Çiyninə aldığı yükdən asılı,
Pöhrələr rişədən, kökdən asılı,
İşıq da, zülmət də əkiz doğulub.
* * *
Yalanı, gerçəyi özəyindədir,
Nəyi var, nəyi yox, öz əlindədir,
Kainat bir cəzbin üzərindədir,
İşıq da, zülmət də əkiz doğulub.
* * *
Dünyanın sirrini bilməyib kimsə,
Ha tut bu dünyanı, ağla, gülümsə.
Əzəli yaranış, sonu ölümsə,
İşıq da, zülmət də əkiz doğulub.
Payız, 2016

VAXTI YOXDUR
Yer fırlanır, göy fırlanır,
Dünya, başın gicəlibdir.
Bu sərsəri karuseldə
İnsanlıq da kiçilibdir.
* * *
Çox çıxmışıq cızıqdan biz,
Sonu nədir qurğumuzun?
Vallah, bizə baş qoşmağa
Vaxtı yoxdur Tanrımızın!
18 avqust 2018

HAQQA QƏBİR QAZDIRANLAR
Çox göz yumub yalanlara
Düzü düzdən azdıranlar.
Meydan verər talanlara
Pisi yaxşı yazdıranlar.
* * *
Fəndgir dinər ikibaşlı,
Əlsiz qalar gözü yaşlı.
Bilməz neylər başı daşlı,
Yazıq yuxu yozduranlar.
* * *
Haqqın özü hesab çəkər,
Haqq ucalar, nahaq çökər.
Ərmuğan, bil, boyun bükər
Haqqa qəbir qazdıranlar.
10 mart 2018

DE SÖZÜNÜ
Büdrəsən də, qalx ayağa,
Vurma yerə tez dizini.
Dünya budur, həyat belə,
İpəyindən seç bezini.
* * *
Biçiləni biçir dünya,
İçiləni içir dünya,
Keçilməzi keçir dünya,
Kim doyurdar, kim, gözünü?!
* * *
Sinəni heç oyma nahaq,
Ürəyinə qıyma nahaq.
Vədəsinə uyma nahaq,
Çox bozardıb tərs üzünü.
* * *
Dərd ümmandır, dərd dəryadır,
Dərdsiz dünya nə dünyadır?!
Barsız ömür boş səhradır,
Əməlində gör özünü.
* * *
Pay gözləmə boğçasından,
Vəfa umma axçasından,
Pisi ayır yaxşısından,
Əyrisindən seç düzünü.
* * *
Sual sorğu, nida cavab,
Talelərin işi xarab.
Bir gün varsa orda hesab,
Doğru yolda tap izini.
* * *
Dünya bizdən bac alıbdır,
Demə daha qocalıbdır.
Qocaldıqca ucalıbdır,
Gəz dağını, gəz düzünü.
* * *
Zaur, dünya baş aldadır,
Verdiyini geri alır,
Sonda tək bir məzar qalır,
Vaxt var, yaşa, de sözünü.
3 fevral 2018

VARMI
Oradan buraya gəldik,
Ərsəyə-araya gəldik.
Haradan hayana gəldik,
Bu halda can tabı varmı?
* * *
Beş günü qaradır yerin,
Hər yeri yaradır yerin.
Gəlmişəm, buradır yerim,
Daha bir əzabı varmı?
* * *
Dəryaya qərq olub dürrü,
Gizlinə bürünüb sirri.
Ha dolan bu küllü-ərzi,
Suala cavabı varmı?
* * *
Vaxtımız ələkdən keçir,
Qəbrimiz bələkdən keçir,
İşimiz mələkdən keçir,
Yenə bir hesabı varmı?
* * *
Əzəldən sonraya yol var,
Adəmdən Tanrıya yol var,
Dünyadan dünyaya yol var,
Günah var, savabı varmı?
10 mart 2018

ALLAH, BURDAN DEVİR MƏNİ
Hər ahım bir anı üzür,
Nəfəs-nəfəs əriyirəm.
Dərddən təzə dərd doğulur,
Dərdi dərdə dirəyirəm.
* * *
Didilirəm didim-didim,
Uduluram udum-udum.
Can yormuşam addım-addım,
Günlərimi sürüyürəm.
* * *
Dərd məhbəsdir, qəlb əsiri,
Bitməz vaxtın kəm-kəsiri.
Neyləyir dərd mən yesiri?!
Ayaq üstə çürüyürəm.
* * *
Soruşmayın, bu nə haldır?
Bu nə vaydır, nə məlaldır?
Könlüm dolu, dilim laldır,
Kilidlənib kiriyirəm.
* * *
Dərd bezdirib daha canı,
Dərdi məndən qovan hanı?
Ahlarımla bu dünyanı
Mən özümə bürüyürəm.
* * *
Həyat, ölüm… yollar haça!
Dərd çıxarmı, görən, puça?!
Dərd çölündən qaça-qaça,
Dərd içinə yeriyirəm.
* * *
Dərdmi belə sevir məni?!
Dərd acgözdür, yeyir məni!
Allah, burdan devir məni,
Bax, yoluna yüyürürəm.
16 yanvar 2018

DARLIQ
Ayaqlarım ilişib
Yer kürəsi tələsinə.
Təpiklərimlə döyəcləyirəm
divarlarını dünyanın.
Nə qaça bilirəm,
Nə uça bilirəm
bu darlıqdan.
30 yanvar 2018

YAŞAYASAN BU YAYI
Söyüd çətirli,
Çiyələk ətirli,
Tut qoxulu,
Oyaq-oyaq, yuxulu-yuxulu
yay gəlir
köhnə taxta məhəccərli,
yaşıl sarmaşıqlı eyvana.
Oturasan yay kölgəsində
Dərdi bir yolluq olmayan kimi,
Könlü qəhər-qəhər dolmayan kimi.
Üzügülər,
Gözügülər
arzuların da
dünyayla şirin-şirin zarafatlaşa
çin çiçəklər
işıq pəncərəsindən
budaq-budaq,
yarpaq-yarpaq
daşa-daşa.
Nə bir tələsi, qurğusu,
Nə əzabları,
Nə də can yoran sual-sorğusu
ola həyatın.
Ömür kimi, gün kimi dola həyatın.
Yaşayasan bu yayı.
11 iyun 2018

BİLMİRƏM
Ömür
var-gəl edir vaxtın qapısı ağzında.
Qapıdan içəridə bir həyat,
çölündə ayrısı.
Nəyi nəyə bağlayıb,
nəyi nədən ayırır
bu tale?!
Olanına, olmazına
Olummu, olmayımmı qane?
Bilmirəm!..
17 mart 2018

LÖVHƏ
Ağaclar köksü göy uca dağ kimi,
Bəyaz çiçəklər də ağ göyərçindir.
Çör-çöplü yuvalar lap yumağ kimi,
Gülən tumurcuğun yuxusu çindir.
* * *
Qızılı göldürmü qızıl lalələr?!
Yel-yel ləpələnir yamac boyunca.
Qol-boyun sarınıb tifil nanələr,
Küləklər uğunur könlü doyunca.
* * *
Quşlar yığnaq qurub bir dar koğuşda,
Hər damcı yeddi göy qatından gəlir.
Əynini isladıb bu yaz yağışda,
Qoxusu daşından, otudan gəlir.
* * *
Qalxıb dan yerindən yol gəlir bahar,
Gözündə durulur bulud dolu su.
Titrək nəfəsini bu torpaq duyar,
Ilıq təbəssümü günəş dolusu.
11 mart 2018

YAĞIŞ DAMCILARI
Yenə yağış yağır, damcı-damcı zər,
Yenə yağış yağır, damcı təzə-tər.
Buludlar alnından axır axın tər,
Sellənib bir çılğın təşnəyə dönür.
* * *
Damcılar buludun odu, közüdür,
Damcılar səmanın gülən gözüdür,
Damcılar yağışın elə özüdür,
Sədası şipşirin nəğməyə dönür.
* * *
Damcılar dupduru saf çeşmə kimi,
Damcılar ətirli gül, qönçə kimi,
Damcılar naz satır bir işvə kimi,
Elə cilvələnir, qəmzəyə dönür.
* * *
Damcılar toxunub, ilmə-ilmədir,
Damcılar söz-sözdür, kəlmə-kəlmədir.
Damcılar boy atır, pöhrə-pöhrədir,
Çətiri ucada zirvəyə dönür.
* * *
Su damır, bir bulud çatından gəlir,
Yer üstə göylərin altından gəlir,
Səmanın yeddinci qatından gəlir,
Gəlir, xoş gəlişi müjdəyə dönür.
* * *
Damcılar, damcılar, ləçək damcılar,
Hərəsi bir arzu, dilək damcılar.
Göz yaşlarınımı mələk damcılar?!
Könüldə bir ülvi səcdəyə dönür.
* * *
Damcılar yağışın öz yaraşığı,
Paklıq mehrabında bir eşq işığı.
Torpağın göylərlə qəlb barışığı
Dinir dua-dua, qibləyə dönür.
11 sentyabr 2019

ƏBƏDİ BAHAR
Bir zülmət içindən çıxıb günəşə,
Özümlə gətirdim dünyama səni.
Telinə taxdığım bircə bənövşə
Əbədi bağladı yazına məni.
22 avqust 2018

ÖZÜNÜ MƏNDƏN QOPARMA
Dilinə sözün yasağın,
Qəlbinə kilid dodağın,
Çəkilib əlin, ayağın,
Bu yolun nədir niyyəti?
* * *
Aç mənə o lal sirrini,
O zəhər, o bal sirrini.
Bəxtə ver vüsal sirrini,
Dur öldür diri həsrəti.
* * *
Göyümdən danı aparma,
Sevdiyim anı aparma.
Özünü məndən qoparma,
Bu tale Tanrı qisməti.
10 mart 2018

İSTƏMİRƏM
Mən ağladıqca
Sən də süzülürsən gözlərimdən.
İçim dolu sən imiş.
Qorxuram,
ayaqlarınla getdiyin kimi,
göz yaşlarınla da tərk edəsən könlümü
damcı-damcı.
Daha ağlamaq istəmirəm.
Qəlbimi
sənsizliyə bağlamaq istəmirəm.
21 iyul 2018

SEVGİDƏN ÖTRÜ
Həsrətə sevginin işığı düşdü,
Ümidin ovcunda gəldin könlümə.
Yollar ayrıcında sükut görüşdü,
Bir anın özü də ömürmüş demə.
* * *
Tutub əlimizdən apardı bizi,
Bu tale karvanı azmaya barı.
Öpdük döngə-döngə məhəlləmizi,
Qaçdıq küçəmizdən dünyaya sarı.
* * *
Kəsdik nəfəsini bəd şübhələrin,
Çıxdıq dar içindən genişə yol-yol.
Uymadıq felinə çox “bəlkə”lərin,
Keçdik ay altından günəşə yol-yol
Əbədi qalacaq sevgidən ötrü.
Avqust, 2018

Müəllif: Zaur ƏRMUĞAN

ZAUR ƏRMUĞANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN RƏŞAD MƏCİDİN AD GÜNÜDÜR!

Rəşad MƏCİD – Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru

Bu gün gözəl insan, əsl ziyalı, qələmsiz yazan ağayana qələm adamı, Qurban müəllimin təbirincə desək “gənclərin hamisi” Rəşad Məcidin doğum günüdür. Ad günü münasibəti ilə Rəşad müəllimi təbrik edir, can sağlığı, uzun ömür, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Rəşad müəllim!!!

>>>>> Rəşad MƏCİD >>>>>525.az

RƏŞAD MƏCİDİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru