Sənəm Səbayellə müsahibə
1. Əlbbəttə də ki oxucularınız sizi çox yaxşı tanıyır oxuyur yenə də sizi tanımaq xoş olar?
Xoş gördük. Mən Sənəm Səbayel. (Səfərova Sənəm Nəcəf qızı.) Ağstafa rayonunun Göyçəli kəndində doğulmuşam. Ailədə tək uşaq olmuşam. 13 yaşımda doğulduğum kənddən köçmüşük. Ancaq o dağətəyi kəndəki 13 yaşlı qızcığazı hələ də daxili dünyamda qoruyub saxlayıram.
Radio verilişlərinin birində bir şeirimi oxudum. Orda aparıcı iki misranın üzərində dayandı:-
Yarpağın yanaqdan gizli öpüşü,
Sirr kimi saxlandı, ormanda qaldı…
Aparıcı soruşdu daha nəyin qaldı? Dedim kəndin ayağında bir bulaq varıydı, Vəzuha bulağı deyirdilər. Yayda qonşu qızlarla o bulağın üstündə qaynar asıb saçımızı yuyardıq. Darayanda çıxan saçı daraqdan alıb ordakı çəpərin üstünə atmışam, bir də o saç qalıb orda…
Nə isə…Yenə fikrim köhlən atını çapıb apardı məni kəndimizə. ( Ali təhsilliyəm. Bakıda yaşayıram. 4 övladım, 7 nəvəm var. )
2. Necə oldu? Ədəbiyyata marağınız yarandı ədəbiyyat sizi özünə çəkdi?
Əslində ədəbiyyat bizim ruhumuza ana laylasıynan, eşidib dərk elədiyimiz ilk sözlərnən hopur. Yəni dilimiz açılanda artıq ədəbiyyatın içində oluruq. Ancaq hər ana dilində danışıb fikrini ifadə edən, hətta şeirə bənzər nələrisə yazan, adi hadisələri nəsr adıynan oxucuya “sırımaq” istəyən hər kəs ədəbiyyat adamı olmur. Mənə sırf ədəbiyyata marağı doğulduğum kəndin orta məktəbində dil- ədəbiyyatdan dərs deyən Aşurov Fərhad müəllim olub. Ruhu şad olsun. o vaxtın balaca, dəcəl, qıvrım saçlı qızcığazı Sənəmin bu günkü Sənəm Səbayel olacağına inanırdı…
3. Yazdığınız ilk şeir yadınızdadırmı…
İlk şeir…Bilirsizmi, məncə ilk şeir ilk məhəbbət kimidir, heç vaxt unudulmur. İlk şeirimi beşinci sinifdə oxuyanda bənövşəyə yazmışam. Hamıdan gizlətmişəm. Ümumiyyətlə mən şeirlərimi gizlədirdim. Bilmirəm niyəsə utanırdım şeir yazıram deməyə. Heç yadımdan çıxmır,bir dəfə şeir dəftərim təsadüfən Fərhad müəllimin əlinə düşmüşdü. Oxuyub bəyənmişdi. Məktəbdə, də, sinifdə də “sirrimin” üstü açılmışdı. Utandığımdan iki gün məktəbə getmədim.)
4. Evdə necə qarşı çaxanlar oldu şeir yazmağınıza? Narazlıq olsun…və ya iradını bildirsinlər səndən olmaz şeirin daşını at?
Nə uşaq vaxtı, nə də ailə qurana qədər mənə sədd çəkən olmayıb. Ailə qurandan sonra çox ciddi etiraz ediblər, həyat yoldaşım da, ailəsi də. Biz öz taleyimizi özümüz yazmırıq, yazılanı yaşayırıq. Mən də onların bu tələbiynən razılaşdım. Sovetlər dönəmində yaşayanlar bilərlər, o vaxtlar meşin üzlü, 96 vərəqli dəftərlər vardı. İki dəftər şeirimi gözümün qabağında odun peçinə atıb yandırdılar. Dünyam başıma uçdu onda…Mən onlara etiraz etmədim, istedadıma görə mübarizə aparmadım. Ona görə yox ki, aciziydim, zəifiydim, çarəsiziydim. Mən çox mübariz və möhkəm adamam. Ona görə razılaşdım ki, mənim düşüncəmə görə bütün istedadlar, bütün sənət növləri insanlara xidmət eliyir. İnsanların da sənə ən yaxını gecə yatanda üzünə baxıb yuxuya getdiyin, səhər oyananda ilk gördüyün kəsdir. Adama həyat yoldaşından mərhəm və yaxın heç kim yoxdur. Mənim istedadım mənə ən yaxın adama xoş deyildisə, başqaları maraqlı deyildi. Ancaq söz adamları bilirlər, söz söz sahibini asanlıqla tərk etmir. Mən gizlicə şeirlər yazırdım, ən çox halıma uyğun bayatılar yazırdım və oxuyub ağlaya-ağlaya cırırdım. Bir neçə dəfə rəhmətlik qaynanam görübmüş. Qonşu arvadlara deyirmiş ki, gəlin tezdən durub cadu yazır.)))
Yazıq qaynanamda günah görmürəm, ömrü boyu yaşadığı kənddən çıxmamışdı. Mən də intuisyalı adamam. Bir neçə dəfə əvvəlcədən nə demişdimsə olmuşdu. Yazıq qadın da görəndə ki, mən nəsə yazıb gizlədirəm, özü bildiyi səmtə yozmuşdu. Beləliklə uzun illər sizin dediyiniz kimi şeirin “daşını” atmağa məcbur oldum…Tək ailə başçısı “titulu” qazanandan sonra yenidən başladım yazmağa. Bilmirəm, hansısa dahinin fikridi, deyir “İstedad dəmir kimidi işlənməyəndə pas atır.” Mən bu pası təmizləyib ədəbi mühitə yenidən gəldim. Şükürlər olsun ki, sözümün bəxti özümün bəxtimdən kəsərli oldu.
5. İlk oxucunuz kim olub Ana Ata yoxsa yazdıqlarınızı üzə çıxartmaq biraz sizi həyacanladırır elə yazıb bir kənara qoyurdunuz?
Söz adamlarında ilk oxucu arzusu həmişə uğurlu olmur. Çoxumuz qələmdən təzə süzülən yazımızı başı çıxan, ruhu olan, anlayışlı birinə oxumaq istəyirik. Bu hamıya nəsib olmur. Ailəmdə ilk oxucum olmayıb və yoxdur. İlk oxucum yazdığımı ilk oxuyan oxucudur. Onun da kimliyini bilmək mümkün deyil.
6. Məktəb illərinizi necə xatırlayırsınız parta yoldışınızı necə Müəllimlərinizin sevimli şagirdi idiniz yoxsa dəcəl? Biri kimi xatırlayırlar Müəllimləriniz sizi?
Məktəb illəri…Məndə bu illər tam deyil, ikiyə parçalanıb. Doğulduğum kənddə 8-ci sinifə qədər oxumuşam. Parta yoldaşım Tərifə adlı qonşu qız idi. Məktəbə də bir gedib gələrdik. O da yaxşı oxuyurdu. Məndən fərqli olaraq o çox sakit idi.
Mən əlaçı idim. Rayon üzrə keçirilən olimpiyadaların hamısında iştirak edirdim və birincilik qazanırdım. Təkcə fizika və həndəsəyə aid olanlarda birincilik götürə bilmirdim. Çünki həndəsi fiqurları, sxemləri çəkə bilmirdim. Mən indi də xətkeşlə belə olsun düz xətt çəkə bilmirəm.)) Saatlarnan əzbərdən şeir deyərəm, klassiklərin yaradıcılığından danışaram, ancaq bir alma şəkli çəkə bilmərəm. Amma rəsm əsərlərini başa düşürəm, oxuya bilirəm. Maraqlıdı ki, mən həm də babat dərziyəm. Parçanı lazım olduğu kimi kəsib istədiyim formanı alıram. Nə bilim, beləyəm də…
Müəllimlərimin sevimlisi olmuşam həmişə. İstər orta məktəbdə, istərsə tələbə vaxtı. Arada dərsdən qaçmağım olurdu, yaxşı oxuyurdum deyə keçirdilər günahımdan. Sinif yoldaşlarımdan Bakıda olanlar var, indi də arada zəngləşib görüşürük.
Məktəb illərindən ən yadda qalan hadisə isə, məndən arxada oturan oğlanın hörüyümü partaya bağlamağıdır. Mənim saçım uzun idi…
7. Neçə uşaq olmusunuz Ailədə böyüyü sizsniz yoxsa evin kiçiyi olmusunuz?
Mən evin həm böyüyü, həm kiçiyi olmuşam…Yuxarıda da dediyim kimi, ailədə tək uşaq olmuşam. Atasız böyümüşəm. Atasız uşaqlara həyat “dədəlik” eliyir, bərkə-boşa çəkir, çətin sınaqlarnan sınayır. Zəif olanları bağışlamır, əzir. Güclü olanlar, sınaqlarda sınmayanlar öz ayaqlarının üstündə durmağı, daha da möhkəm olmağı, hər işdə Allaha sığınıb özünə güvənməyi öyrənirlər. Mən də hələ ki, həyat imtahanlarında üzü ağ çıxıram. Ümumilikdə xoşbəxt adamam.
8. Ata Ananız necə övladlarına qarşı sərt idi sənəm xanım?
Atam olmayıb. Məni nənəm saxlayıb. Nənəm çox sevərdi məni. Anam sərt adamdı. İndi 85 yaşı var. Yenə də hər yeyin onun istədiyi kimi olmasını tələb edir.
9. Həyat da təssüfləndiyiniz şeylər olub hər onu xatırladıqca təssüflənəsiniz?
Həyatdı da…Ancaq ölülər və doğulmayanlar səhv eləmirlər. Təbii ki, təəssüf etdiyim şeylər var, həm də çox. Mənim bir şeirim var, yazmışam ki, :- Məni göydə basdırarsız, yerdə yer azdı. Bir dəfə canlı yayımda bu şeiri oxuyurdum bir tamaşaçı efirə zəng eliyib dedi ki, gözəl bacım, dəyərli şairəmiz, sizin yeriniz bizlərin ürəyimizdədi. Xahiş eliyirəm bu şeiri televiziyalarda, radioda demə. Bizim bələdiyyə sədri eşidib gedib göyü də satacaq. ilk baxışdan bir yumor kimi görünür. Ancaq təəssüfləndiyim ən çox ictimai bəlalarımızdan biridir vətəndaşın dediyi…
Xatırladıqca təəssüfləndiyim ən çox ikinci Qarabağ müharibəsinin heç birində cəbhədə əsgərlərimizlə birlikdə olub, savaşlarda iştirak edə bilməməyimdi. Bilirəm, sizlərə qəribə gələcək, ancaq mən tam səmimiyəm. Mənim 4 övladım var. Birinci savaşda yaşım da, sağlamlığım da, gücüm də savaşda yaralılara kömək etməyə imkan verirdi. Ancaq uşaqlarım balaca idilər, onları tapşırıb getməyə isə heç kimim yox idi…Ən böyük təəssüfüm budu.
10. Dostlarınızla aranız necədir sənəm xanımın dostları vəfalıdırlarmı?
Taleyimin dost payından razıyam. Allahıma şükürlər olsun ki, yaxşı dostlarım var. Mən dostlarıma güvənirəm. Demək olar ki, ölkənin hər bölgəsində dostlarım, məni sevə-sevə qarşılayacaq dost ailələri, dost evləri var. Ümumiyyətlə, mənim fikrimcə mən arzu olunan adamam. Ölkədən xaricdə də dostlarım var. Təbii ki, söz adamlarıdırlar.
Vəfalılığa gəldikdə isə, vəfasızdan dost olmaz ki…Belələri özləri həyatımdan silinib gedirlər. Heç tanış kimi də qalmırlar.
11. Nəsr də özünüzünüzü sınamısınız?
Bəli, sınamışam. Povest və hekayələrim var. Nəzmə sığışdırıb deyə bilmədiklərimi nəsrdə deyirəm. “Şahanə” povestimi rəhmətlik Əlibala Hacızadə mətbuatdan oxumuşdu və müsahibəsində povest barədə yüksək fikir söyləmişdi. Onda mən Əlibala Hacızadəni həyatda görməmişdim. Çox həyacanlanmışdım. Gərək böyük yazarların verdiyi dəyəri qoruyub saxlayasan axı, etimadlarını doğruldasan. Nəsrdə də əsas mövzum Qarabağ mövzusu olub. Təbii ki, həm də ədəbiyyatın əzəli və əbədi mövzusu, məhəbbət mövzusu da var.
12. Sizi düşündürən mövzular nələrdir kimləri mütailə edirsiniz son günlər?
Məni düşündürən əsasən ictimai bəlalardır, cəmiyyətdir, təhsildir, vətəndir, vətəndaşdır…
Klassikləri də, çağdaş ədəbiyyatımızı mütaliə eliyirəm. Təbii ki, imkanım daxilində. Əvvəlki kimi davamlı mütaliə etmirəm. Yaş da işini görüb, ailə də.
13. Gənc yazarlar sənəm xanımı qane edir yoxsa sadəcə oxucuların gözünü boyayırlar…
Mən gəncləri çox sevirəm, onlara dəyər verirəm, güvənirəm. Hər mənada…
Yaradıcılıqda da istedadlı gənclərimiz çoxdu. Mən arabir gənclər arasında keçirilən şeir müsabiqələrinə münsif kimi dəvət olunuram. İnanın, çox istedadlıları var. Ancaq sizin də dediyiniz kimi gözboyamaq istəyənlər də var. Belələri zamanın ələyindən-xəlbirindən keçib ədəbiyyat adamı ola bilməyəcəklər. “Gözboyayanlar” yaşlı nəsildə də var, həmişə olub və olacaq.
Gənclərimizə həyat yollarında uğurlar arzulayıram.
14. Son olaraq nəşiryyatlarımızın durumu göz açandır nələr düşünürsünüz…
Bu bir az mənim sahəm deyil, ancaq ümumi fikrimi deyə bilərəm. Nəşriyyatlar özləri özlərini maliyələşdirir deyə, kim pulunu verirsə nə olsa çap elətdirə bilir. Fərq eləməz nə yazıb, pulunu verir kitabını aparır. Ancaq əvvəllər, sovetlər dönəmində belə deyildi, senzura varıydı, nəşriyyatlar çapa görə məsuliyyət daşıyırdılar. Dövlət maliyyəsi alırdılar. Yazdığımız çap olunanda qanorar alırdıq. Bu yaxşı idi. İndi yazar həm bədii əsər yazır, ömrünü, canının cövhərini, gözünün nurunu xərcləyir, həm də yazdığını çap etdirmək üçün pul verməli olur…
Neçə ildi bir kitablıq yazım var, çap elətdirə bilmirəm. Elə qiymət deyirlər ki, adamın əli gəlmir o pulu versin. Nə isə…Buna da bir düzəliş olar yəqin. Hər şey düzələr
Müsahibəyə görə sizə təşəkkür eliyirəm. Oxuyanlara yenidən görüşmək ümidi ilə Allaha əmanət olun deyirəm. Söz ömrü, söz qüdrəti, söz ucalığı yaşayasız.
Söhbətləşdi: Alik DƏNİZSEVƏR
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru