Uzun illər bu məmləkətin ürəyində, şəhid balasının tabutunu qaldıran Ataların kürəyində, özünü doğma ocağından kənarda qərib bir quş sanan yurd həsrətlilərin dünyadan köç eyləyən zaman yumulmayan gözlərində nisgilə çevrilmişdi Qarabağ… Qarabağ ağrı idi… Qarabağ həsrət idi… Qarabağ düyün idi… Qara bəxt idi… Qapısı bağlı qalmış yurd yeri idi… Bu ədalətsizliyə dünya birliyi hələ də susurdu… körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib müzakirə edir, işıqlandırırdılar… Kor deyildik ki… hamısını görürdük. Onu da anlayırdıq ki, adı “dünya birliyi” olan xristian dünyası bizə yüz il bundan sonra da gün ağlayası deyil.
Bizim Türkdən başqa kürəyimizi söykəyəcəyimiz heç kimimiz yoxdu… Hər anı bir ömrə bədəl 44 günlük qutsal savaş günləri bizə anlatdı ki, dərdimizin dərmanı hansısa beynəlxalq qurum, təşkilat deyil. Bir Türk bir sözüylə bizə ordu bərabərində arxadır. Bir Türk bir şeiriylə bizə bir silah gücündə dayaqdır. Dərdimizin ortağı da, mücadiləmizin silahdaşı da, zəfərimizin sevinəni də gerçək Türk insanlarıdır…
Bizi Qarabağa aparan o qutsal yolun yolçuları ilə – haqq savaşçılarımızla, Zəfəri yaralı canı, əli, ayağı, itirdiyi gözünün nuruyla yazan qardaşlarımızla aylardır ki, həmsöhbətəm, onların cəhbə xatirələrini dinləyərək şəhidlərimizin əziz xatirəsini ölümsüzləşdirmək amacıyla “Savaş günlükləri” yazıram… Bu amacla tez-tez Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin Hospitallarında tedavi görən qazilərimizə baş çəkirəm. Ötən gün şahid olduğum hadisə isə sözün bütün mənalarında ruhumu silkələdi…
Asta addımlarla hospitala daxil oluram. Ağ göyərçinə bənzəyən Tibb bacısı xoş təbəssümlə salamlayıb içəri aparır məni… Gənclərin səsi bütün dəhlizi bürüyüb, harada olduğumu unuduram:
Səndən başlar sonsuzluğa yol, Oğlum…
Dörd bir yana atmalısan qol, Oğlum!…
Çörəyini ac olanla böl, Oğlum!
Haram yemə, haqq uğrunda öl, Oğlum!
Tarixə Sən verəcəksən can, Oğlum!
Gün gələr ki, torpaq istər qan, Oğlum!
Səslər coşğuyla yüksəldikcə ürəyim dağa dönür. Səs gələn otağa tərəf yönəlirəm. Bəzən adam göz yaşlarının səbəbini nə anlaya, nə də izah edə bilmir. Gördüyüm mənzərə qarşısında heykəl kimi hərəkətsiz qalıram, ürəyim dağa dönür, amma bu elə bir izahsız duyğudur ki, sözə çevirmək olmur.
Gəz, Oğlum
Vətəninə göz dikəni əz, oğlum.!
Dostun kim, düşmənin kim, sez oğlum!
Tarixini şərəfinlə yaz, oğlum!
Yaz oğlum.!
Səndən gidər sonsuzluğa yol oğlum
Dört bir yana salmalısın qol oğlum
Ekmeğini ac olanla böl, oğlum
Haram yemə, haqq uğruna öl, oğlum.!
Çabuk böyü, çabuk yetis, tez oğlum
Çakal gezen şu dağlarda gez oğlum
Çabuk büyü çabuk yetiş tez oğlum
Hain gezen şu dağlarda gez oğlum!
Tarixə can vermək üçün canından, gözünün nurundan, yürüyən ayağından, vuran qolundan keçən (hətta bəziləri nitqini itirib) qardaşlarımızın belə çiyin-çiyinə söykənib ruh yüksəkliyi ilə “Vətəninə göz dikəni əz, Oğlum!” deyə oxuması ürəyimi dağa döndərir.
Kitablardan oxusaydım, bəlkə də qəribə qarşılayardım, amma indi öz gözlərimlə belə bir mənzərənin şahidi olmağım kövrəltdiyi qədər də qürurlandırır məni…
Məni dövrəyə alıb salamlayırlar. Təəccübümü və heyranlığımı görən Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlısı, baş gizir Cavidan Səfərov sözə başlayır: Anam, siz elə bilirsiniz ki, biz Qarabağı silah gücünəmi azad etdik?! Silahımızdan da kəsərli ruh yüksəkliyimiz vardı. Bax həmin o türkülər bizə elə ruh yüksəkliyi verirdi ki, nəinki yağı düşmənə, hətta Əzrayıla belə meydan oxuyurduq…
Qürur qarışıq kövrək duyğular baş qaldırır içimdə. Bu duyğuların əhatəsində qazilərimizə Sərhat bəydən, onun Türk gəncliyinə müraciətlə yazılmış “Bil oğlum” şeirindən danışmağa başlayıram: “Əzizlərim! Dedikləriniz o qədər doğma hisslərdi ki… Sizlərin döyüşdə olduğunuz həmin o çətin günlərdə inanın ki, bizim də yeganə təsəllimiz Söz, yeganə pənah yerimiz sözündəki işığa sığındığımız milli düşüncəli aydınlarımız idi…
İndi Sizin ifanızda çox əziz Serhat Kabaklının sözlərinə Esat bəyin bəstələmiş olduğu türkünü dinlədikcə bir neçə məqamı xatırlayıram: Şuşanın azad olunduğu gün idi. Həmin bu sözlərin müəllifi əziz Sərhat bəy özünəməxsus doğmalıqla sevincini, şükrünü belə dilə gətirmişdi: O gün olsun, burda qıldığım şükür namazını Şuşa məscidində qılım!” Bu duaya təkcə dilim yox, gözümdə gilənən göz yaşım da “Amin!” demişdi… Növbəti gün isə Sərhat bəyin “Salamlar Qarabağa! Müjdə Tanrıdağına!…” – deyə Qarabağın azadlığını müjdələməsi məndən ötrü Tanrıdağı boyda sevinc olmuşdu…
Hərbçilərimizin “Bil, oğlum!”a bu cür həssas münasibətindən ürəklənib şeirin yazılma tarixçəsini danışıram və onlara söz verirəm ki, bir gün mütləq onları döyüşə ruhlandıran bu ecazkar misraların müəllifi ilə – Sərhat bəy Kabaklı ilə görüşməyinizi sağlayacam… Hamısının gözlərində sevinc görürəm. Bir şeirin yaratdığı məhəbbət, bir misranın milyon – milyon ürəkdə yuva qurması, bir sənətkarın ruhlara toxunuşu… Sənətin bəxş etdiyi doğmalıq budur əslində…
Dəyərli Sərhat bəyin yaradıcı adam kimi uğuru da məhz bundadır. İnsanların qəlbinə gedən yolu tapmaqda… Bu yol o qədər müqəddəs bir yoldur ki, hər qələm adamına o yolda yürümək nəsib olmur. Ki, bu da Sərhat bəyin böyük ürəyinə mükafat olaraq bir Tanrı lütfüdür…
Mən Sərhat bəyi Dəyərli Ustadım İmdat Avşarın təqdimatıyla tanımışam. İmdat bəyin gözəl söhbətlərindən təsirlənərək yüksək insanlığını, şəxsiyyətini və yaradıcılığını sevdiyim Sərhat Kabaklı məndən ötrü yeriyən Türküstandır… Elazığdır, Qarabağdır, Kırımdır, Kərkükdür, Kıbrısdır, Ahıshadır…
Sərhat Kabaklının şair kimi, sənətkar kimi, şəxsiyyət kimi, insan kimi keçdiyi ömür yolu türk gəncliyi üçün – bizim hamımız üçün, bütövlükdə cəmiyyətimiz üçün dəyərli bir nümunədir. Bu həyatda təkcə ürəyini, ruhunu, təmiz adını deyil, əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Bütün bunların mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük ədəbiyyat yarada bilməz. Bu mənada, Sərhat bəy şəxsiyyəti və yaradıcılığı bir-birini tamamlayan, Sözü kimi bütöv insandır.
Sərhat Kabaklının ictimai həyatımızdakı rolu, Nazim Hikmətin təbiriylə desək, havanın qurşun kimi ağır olduğu vaxtlarda həmişə haqqın və ədalətin yanında dayanması Onun xarakterini tamamlayan və indiki vaxtda nadir rast gəlinən insan mənzərəsidir. Sərhat bəy həyatı ilə şeirləri, düşüncəsi ilə əməlləri arasında düz mütənasibliyi qoruyan uca ürəkli şəxsiyyətdir. Sərhat Kabaklı insanların hürr yaşamaq haqqını yalnız kitablarında deyil, gerçək həyatda da daim müdafiə etmişdir. Onun şair qəlbi həmişə ədalətsizliyə qarşı barışmazlığı və mübariz ruhu ilə seçilir.
Özünü dərk edəndən Ruhunu Tanrı əmanəti kimi qorumağa çalışıb Sərhat bəy… Bütün dəyərləri dəyişən dünyanın tən ortasında dəyişməyib, əzəmət qalasından bircə kərpic də xırdalanmayıb, xırdalanaraq böyüməyi, yaşamağı, ucalmağı qəbul etməyib və insanlara da əqidəsində, yolunda sadiq olmağı bir Bilgə kimi həmişə tövsiyə edib. İxtisasca müəllim olub, amma təkcə elm öyrətməklə vəzifəsini bitmiş hesab etməyib, öyrəncilərinə kitablardan daha öncə həyatı öyrədib Sərhat bəy…
Ot kökü üstə bitər, – deyirlər… Sağlam torpağın və sağlam toxumun üzərində həmişə sağlam fidanlar pöhrələyər. Bu gün Sərhat Kabaklı qocaman bir Dədə Palıd kimi dörd bir yanına kölgə salır… O, zəngin mənəvi ənənənələri olan bir ailənin işığından pay alıb. Sərhat bəyin fikirlərinin formalaşmağında Əmisi Türk dünyasının böyük düşünürlərindən olan Əhməd Kabaklının müstəsna əməyi olub. Əhməd Kabaklı böyük türk ədəbiyyatının çoxəsrlik tarixini beş cilddə toplayan dəyərli bilim adamlarımızdandır. Həmin toplunun böyük hissəsində Azərbaycan ədəbiyyatı tarixi də yer alıb. Bu, hər iki ölkənin ədəbiyyatı və mədəniyyəti üçün mühüm işdir. Bu o deməkdir ki, Əhməd bəy Azərbaycanı öz vətənindən heç zaman ayrı tutmayıb.
Əmisi ilə bağlı xatirələrində Sərhat Kabaklı söyləyir ki, o zaman 18 yaşım olanda əmim mənim şeirimi Türkiyənin ən böyük ədəbiyyat dərgisində çap etdirdi və ondan sonra ədəbi məsuliyyətim daha da artdı.
21 yaşındaydım. Əmim telefonla oxuduğum yurdu aradı və məni qurucusu olduğu Türk Ədəbiyyatı Cəmiyyətinə çağırdı. Həmin ərəfədə mənim “Mərmər və İnsan” adlı şeirim yenicə işıq üzü görmüşdü. Türk Ədəbiyyatı Cəmiyyətinə çatdım ki, Nəcib Fazil Qısakürək içəridə oturur. Məni görəndə ayağı qalxdı və qaşlarını çatıb: “Sən özünü kim hesab edirsən ki, mənim hələ gələn il yazacağım şeiri indidən yazmağa cəhd edirsən?”-dedi. O görüş məni xatirimdə və yaradıcılığımda unudulmaz iz qoymuş oldu.
Bu gün Əhməh Kabaklı da, Nəcip Fazıl Kısakürək böyük Türk millətinin ürəyinə – mənəvi dünyasına köçüb. İlk qələm təcrübələrindən başlayaraq Əhməd Kabaklının təsiri ilə yazıb-yaradan Serhat bəy isə “Öncə göyərçinləri vurdular” və “Bil, Oğlum!” şeir kitabları ilə türk oxucusunun ürəyini çoxdan fəth edib.
Fəqət heç zaman şairlik iddiasında olmayıb Sərhat bəy… Sadəcə söz ürəyinə yük olanda yazmaqla hüzur tapıb. Tanrıdan Ruhuna hopan səsi sözə çevirməklə ilahi bir rahatlığa qovuşub. Sanki sözə, sənətə sığınaraq dünyanın boş hay-küyündən xilas olmağa çalışıb…
Bu gün Sərhat bəy İstanbulda əsası 1978-ci ildə Əhməd Kabaklı tərəfindən qoyulan yarım əsrlik tarixi və ənənəsi olan Türk Ədəbiyyatı Vəqfinin başqanıdır. Vəqfin Ədəbiyyat, sənət, mədəniyyət sahəsində göstərdiyi misilsiz xidmətləri təkcə Türkiyəni deyil, türk dili və düşüncəsi ətrafında birləşən qardaş türkdilli dövlətləri və o cümlədən, Azərbaycanı əhatə edir. Dəyərli Sərhat Kabaklı söyləyir ki: “Biz Türk Ədəbiyyatı Vəqfi olaraq Türk dünyasının bütün coğrafiyalarına türkcə danışılan hər bir vətən parçasına yetməyi və buralarda yaşayan qardaşlarımızla, ədəbiyyat və sənət mühiti ilə qucaqlaşıb ədəbi əlaqələrimizi genişləndirməyi hədəf olaraq seçmişik”.
Yeri gəlmişkən, bir məqamı qeyd edək ki, Azərbaycan ədəbiyyatının təbliğində Türk Ədəbiyyatı Vəqfinin xidmətlərindən dolayı dəyərli Sərhat bəy Beynəlxalq Mahmud Kaşğari Mükafatı almış, Azərbaycan Yazıçılar Birliyinin, Vektor Elm Akademiyasının fəxri doktoru” ödüllərini və Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatının dostu” fəxri titulunu qazanmışdır.
Adlar, titullar, mükafatlar, təltiflər – əslində, bunların hamısından daha ucada dayanan bir məqam – insanların qəlbinə gedən yoldur… Önəmli olan insanların qəlbinə gedən yolu tapmaq və Öz işığı, saflığı, səmimiyyəti ilə insanlığa, sözün bütün mənalarında, töhfə verməyə çalışmaqdır ki, Sərhat bəy bu mənəvi məsuliyyətin öhdəsindən şərəflə gəlməkdədir.
Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca, yaşlandıqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur. Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Sərhat bəy məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xeyirxahlıq üçün, İşıq üçün Yol olan, şərəfli ömrünü fədakarlıqla insanlığın, türklüyün, türkçülüyün rifahına həsr edən yolgöstərən ağsaqqal, işıqlı vətəndaş, Bilgə Aydın…
Cənubi Koreya rejissoru Çan Don Linin “Poeziya” adlı maraqlı bir filmi var. Filmdə ədəbiyyat, şeir və poeziya həvəskarı olan insanlara yaradıcılıq kursu keçirlər. Kursun dinləyicisi olan bir qadın müəllimə deyir ki, şeir yazmaq necə də çətindi.
Şair – müəllim isə cavabında ona deyir: “Şeir yazmaq çətin deyil, o şeiri adama yazdıracaq ürəyə sahib olmaq çətindir. Gözəl, maraqlı yaza bilmək üçün sevgi ilə dolu böyük ürəyə sahib olmalısan. Yazar əlinə qələm götürməmişdən və masanın üstündəki çırağı yandırmamışdan əvvəl ürəyini yandırmalıdır”.
Dahiyanə cavabdır. Həqiqətən də, şairin, yazıçının qələminin məhsulu olan hər bir möhtəşəm əsər zəngin yaradıcılıq təcrübəsinin, böyük ürəyin, ağır zəhmətin məhsuludur. Bu mənada, Sərhat Kabaklının bütün qələmə aldıqları gözünün və qəlbinin nurundan yaranmışdır və bu şeirlər, sözün həqiqi mənasında oxucunu mənəvi işığa doğru yönəldir. Ümumiyyətlə, söz adamının, sözün missiyası insanın daxili aləmini müsbətə doğru dəyişdirmək, onu kamil bir mərtəbəyə qaldırmağa çalışmaqdır ki, Sərhat Kabaklı ədəbi şəxsiyyəti və yaradıcılığı ilə bu işin öhdəsindən şərəflə gəlməkdədir.
Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur, Sizin kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun, adının paklığını – Tanrı əmanəti kimi qoruyan bir İnsanın – Sözün həqiqi mənasında böyük hərflərlə İNSANIN varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu millət Sərhat bəy Kabaklı ləyaqətdə qutsal və uca ürəkli bir şəxsiyyət yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır…
Məhbubə Hidayət qızı 1965 ci ildə. Qusar rayonunda doğulmuşam. Hal-hazırda Quba rayonunda yaşayıram. 35 ildən artıqdır yazıçılıqla məşğulam. Uşaq şeirləri və hekayələr. Uslubum daha çox ailə-məişət, drammatik formadadır. Uzun illər qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisin üzvü olmuşam. Hal -hazırda məclis fəaliyyət göstərmir. İki kitab müəllifiyəm. “İtən illər” adlı hekayələr və “Gilənar” adlı uşaqlar üçün şeir kitablarım var.
2. Qusar rayonunda dünyaya göz açmısınız ilk laylanız da orada oxunub quba rayonunda yaşamaq necə bir hisdir insanları doğmadır sizə?
Qubaya ailə qurduqdan sonra gəlmişəm bu iki rayon biri-birinə çox yaxındır.
3. Neçə yaşında ailə qurmusunuz yoldaşınız necə yazmağa meyillidir yoxsa ailənizdə sizdən başqa ədəbiyyatla yaxınlığı olan varmı?
Mən 20 yaşımda ailə qurmuşam həyat yoldaşım ziyalı insandır. nəslimizdə məndən başqa da yazan var. Bu ilahi vergi olduğu üçün mane deyil mənə dəstək olub. bunun üçün ona minnətdaram…
4. Yazıçı olmasaydınız nə olardınız özünüzü hansı peşədə görürsünüz həkim müəllim və s ilə?
Mən həm də müəlliməyəm və kiçicik də olsa tibb təhsilim var.
5. Belə düşünürəm hər iki rayon bir birinə yaxındır dediniz onda gediş gəlişiniz var hər iki rayonun insanları doğmadır sizə fərqi nədə görürsüz?
Quba rayonu çox millətlidir. bizim qusar isə əsasən ləzgilərdən ibarətdir. hər iki rayonun təbiəti çox gözəldir. Buralar sanki cənnətdir, sizi yay aylarinda məmnuniyyətlə hər iki rayonu gəzməyə dəvət edirəm.
6. Böyük məmnuniyyətlə qonağınız olaram uşaq şeirləri yazmaq necə çətin deyil uşaqların dilini onda yaxşı bilirsiniz? İlk şeiriniz nə olub?
İlk uşaq şeirimin adı “Ülkər” olub uşaqları çox sevirəm.
7. Həmin o şeiri sonda bizimlə paylaşmağınızı çox istəyirəm nəşiryyatlar necə qane edir sizi?
Azərbaycan nəşriyyatı məni qane etmir. Bu üzdən uzun müddət yazmadım. Amma təəssüf ki, beyində olan enerjini yazmadan atmaq olmur.
8. Nədir sizi qane etməyən keyfiyyət tərtibat yoxsa başqa bir şey maraqlıdır?
İnsanların kitaba marağının olmaması, bunu müəyyən formalarda təşkil etmək olar.
9. Ailə də neçə uşaq idiniz atanız övladlarına qarşı sərt idi yoxsa?
Biz 5 bacı qadaş idik. Atam gözəl insandı (rəhmətə gedib) mən hər ikisini də hələ də çox sevirəm…
10. Ruhu şad olsun ananız necə biri idi evdar qadın yoxsa hər hansısa işin peşənin sahibi idi?
Mənə ədəbiyyat istedadı, anamdan mirasdır. Amma özü heç vaxt çap olunmayıb… Anam evdar xanımdır.
11. Demək ki bu istedad ananızdan sizə mirasdır ananınızın hər hansısa bir yazısını oxumusunuz?
Anam əsasən satirik üslubda deyərdi . O sinədəftərdi.
12. Sizi ən çox düşündürən mövzular hansılardır satira sizi düşündürüb?
Mənim satiradan çoxda anlayışım yoxdur. Əsasən ailə məişət də olan problemlərdən yazıram. İnşəAllah əsərləimi mümkün qədər səhifəmdə paylaşacağam…
13. Gənc yazarlardan oxuyub mütaliə etdiyiniz var? Qane edir sizi gənc yazarlar?
Adlarını yadım da saxlaya bilməsəm də çalışıram gənclərin yazılarını daha çox izləyim. Müasir gənclərin şeirlərini çox bəyənirəm. Buna zəmanə ilə ayaqlaşmaq deyirlər inşəallah bacararıq.
14. Yeni kitaba fikriniz var? Bundan əvvəl çap olunan kitablarınız necə qarşılandı?
Zəmanə gəncləri bizlərə nisbətən daha savadlı və dünyagörüşlüdür. Bəli hazrda həm uşaqlar üçün həm də böyüklər üçün iki kitab üzərində işləyirəm. Kitablarım çox gözəl qarşılanmışdı. Əsasən də gənclər tərəfindən və hələ də əsərlərim maraqla oxunur…
15. Son olaraq incitmədik ki, sizi oxucularınıza sözünüz nə olardı? Mən sizdən son olaraq ,,ülkər,, adlı şeirinizi paylaşmağınızı istəsəm?
Mənim üçün çox xoş oldu. Çox kübar olduğunuzu söyləməyə haqqım var ,,,Ülkər,, adlı şeirimi yazdığımda 9 yaşım vardı. Oxucularıma daha çox həyatı əsərlərlə maraqlanmalarını tövsiyyə etmək istərdim. Çünkü həyatı əsərlər çox vaxt insana həyatda dəstək və ya nəticə çıxarmaq üçün kömək olur. Həyati əsərlər bəzən bizə həyat yolunda yol belə göstərir…
3-CÜ “AXMISAN HİSSİMDƏ, DUYĞUMDA ŞEİRİM…” – QABİLİN ŞƏXSİYYƏTİ VƏ YARADICILIĞI HAQQINDA BİR-İKİ SÖZ
1
Cəmi beş ildən sonra Qabilin 100 yaşı tamam olur – illərin reaktiv sürətlə uçduğu indiki dövrümüzdə beş il nədir ki, – bir göz qırpımı – və mən bu sözləri ona görə yazıram ki, elə bil, dünən idi, Qabilin əlli yaşı tamam olurdu, mən də – Yazıçılar İttifaqının gənc bir katibi – oturub, bu münasibətlə təbrik məqaləsi yazıram, ancaq baxın: aradan qırx beş il keçib.
Bu yazını yazmaq istəyəndə o məqaləni axtarıb tapdım və orada belə bir yer var:
“Qabilin lirik qəhrəmanı bəzən oxucu kimi öz müəllifinin şeirlərini nəzərdən keçirir:
Saysız şeir içində adi şeirsən,
Ancaq nə şərikin, nə ortağın var.
Böyük bir axında üzüb gedirsən,
Xırdaca gəmisən, öz bayrağın var…
Və biz bu sözlərdə heç bir təvazökarsızlıq görmürük, burada arxasında təkəbbür gizlənmiş bir təvazö də yoxdur, çünki həqiqətən belədir: o “xırdaca gəmi” öz məxsusi poetik bayrağı ilə öz yoluna davam edir…” (“Ədəbiyyat və incəsənət”, 14 avqust 1976).
Poeziyada (və ümumiyyətlə sənətdə) o gəminin “xırdacalığından” və böyüklüyündən qat-qat artıq dərəcədə onun öz bayrağının olmasıdır və Qabilin də XX əsr Azərbaycan poeziyasında öz bayrağı var.
Azərbaycan ədəbi mühitində isə onun orijinal və koloritli şəxsiyyətinin də öz bayrağı var idi.
Qabillə mənim münasibətimiz əslində, irsi bir dostluğun ifadəsi, davamı və inkişafı idi və bu sözləri yazarkən o da yadıma düşür ki, İlyas Əfəndiyev fikirli olanda, ya nə üçünsə qayğılı görünəndə Qabillə görüşüb danışanda, hətta sadəcə, Qabil şəxsiyyətindən söz düşəndə o fikirlər də, qayğılar da, elə bil, ondan əl çəkirdi, uzaqlaşırdı. Çox həssas və emosional adam olan İlyas Əfəndiyev deyirdi ki, yəqin, Qabilin heç özünün də xəbəri yoxdur ki, ondan həmişə nikbin dalğalar gəlir.
Oxucuların çoxu yəqin, bunu da bilmir, ya da xatırlamır ki, Qabil ilk şeirlərini “Qabil Nikbin” imzası ilə çap etdirirdi, sonralar “Qabil İmamverdiyev”, sonra da yalnız “Qabil” saxladı, ancaq İlyas Əfəndiyev tez-tez ona keçmiş təxəllüsü ilə müraciət edirdi: “- Yallah, Qabil Nikbin!..”, “Nikbin Qabil, bu dünyanın işləri necə olacaq? Elə belə gəlib, belə də gedəcək?”.
Qabil İlyas Əfəndiyev haqqında yazdığı çox səmimi essedə danışır ki, “Ədəbi aləmə göz açandan, Yazıçılar İttifaqına gedib-gəldiyim ilk vaxtlardan İlyas Əfəndiyevi tanımışam. 1943-44-cü illərdə o vaxtın yeniyetməsi olan utancaq bir uşağın heç bir yazıçıyla, o cümlədən İlyas Əfəndiyevlə yaxınlığı, salam-kəlamı ola bilməzdi”.
V.İ.Lenin adına APİ-nin (indiki Pedaqoji Universitetin) hazırlıq kursunda oxuyan Qabil evə pul gətirmək üçün Tağı adlı bir dostunun bişirdiyi “kustarnı” sabunları aparıb “Kubinka”da satırmış və elə o 1944-cü ildə də “Ədəbiyyat qəzeti”ndə onun ilk şeiri dərc olunur. Həmin gün yenə “Kubinka”ya sabun satmağa gedəndə birdən köhnə bir binanın balkonundan onu səsləyirlər. Yaxşısı odur ki, bu yerdə də sözü Qabilin özünə verim:
“- Nikbin, hara gedirsən, çiynindəki nədir heylə?
Yuxarı boylandım. Eyvanın məhəccərinə söykənmiş tünd-mavi kostyumlu, yaraşıqlı kişini – İlyas Əfəndiyevi gördüm. İttifaqa gedib-gələndə nə əcəb sifətim, hətta ilk imzam, lap təxəllüsüm onun yadında qalmışdı?!
– Şeirini oxudum, təbrik edirəm, yaxşıdır…
İlyas müəllimin səsi mülayim və ərkyana idi. Elə bil, məni lap çoxdan tanıyırdı… Sanki çiynimdən asılmış sabun dolu ağır çanta yüngülləşdi”.
Daha sanra Qabil yazır: “…günün səsinə səs verən, hadisələrə isti münasibət bildirən, xoşu gələn və gəlməyən əsərlər haqqında obyektiv, təhlilli fikir söyləyən İlyas Əfəndiyevlə ilk yaxınlığım onun məni eyvandan səsləməsiylə başladı. Sonradan bu yaxınlıq ailəvi dostluğa, Elçin və Timuçinlə qardaşlığa, başqa yaxın qohumlarıyla mehribanlığa çevrildi”. (Sən həmişə bizimləsən. Bakı, “Gənclik”, 1999, səh. 223-24).
O, İlyas Əfəndiyevə həmişə “böyük qardaşım” deyə ehtiram bəsləyirdi və bunu İlyas Əfəndiyevə bağışladığı kitablarındakı avtoqraflarda da yazırdı:
“Gözəl söz sənətkarımız, böyük qardaşım və xeyirxahım İlyas Əfəndiyevə müəllifdən. Qabil. 17. XII. 1964”. (Küləkli havalarda. Bakı, Azərnəşr, 1964).
Yaxud:
“Əsl sənətkarımız, böyük qardaşım İlyas müəllimə kiçik hədiyyə. Qabil.11. IX. 1966”. (Qoy danışsın təbiət. Bakı, Azərnəşr, 1966).
Mən bütün bunları yuxarıda dediyim həmin “irsi dostluq” ifadəsi ilə bağlı yazıram.
Qabilin 50 yaşı tamam olanda onu təbrik etdiyim məqalədən düz 30 il sonra, 80 yaşı tamam olanda da ayrıca bir məqalə yazdım (“Ədəbiyyat qəzeti”, 11 avqust 2006) və bu, mənim Qabil şəxsiyyətinə daxildən gələn isti münasibətimin və hörmətimin ifadəsi idi.
Aradan 30 il keçmişdi və bu 30 ildə çox sular axmışdı, epoxalar dəyişmişdi, SSRİ zamanında ədəbiyyat aləmində “mənəm-mənəm” deyən bir çox qələm sahibinin “Sovet klassikası” elan edilmiş yazı-pozusunu da SSRİ dağılanda Sistem özü ilə aparmışdı. Qabil bu böyük tarixi sınaqdan şəxsiyyət kimi də, şair kimi də üzüağ çıxmışdı və bizim münasibətlərimiz də daha artıq istiqanlı, daha artıq məhrəmanə olmuşdu. Mən 80 illiklə bağlı məqaləmdə bu 30 il barədə yazırdım: “Və 30 ildən sonra da mənim Qabil şəxsiyyətinə hörmətim və məhəbbətim (yəni dostluğumuz!) 30 il bundan əvvəlkidir, bu sabitlik daima 30 illə bərabər olub və 30 ildə elə kiçicik bir hadisə də, söz-söhbət də olmayıb ki, bu gün onun acısını çəkək”.
Bu gün bu sözləri oxuyuram və yadıma düşür ki,1960-cı illərin əvvəllərində biz – ədəbiyyata gəlmək istəyən və ədəbiyyatdan təzə söz uman gənclik (onda mən universitetin birinci-ikinci kursunda oxuyurdum) Qabilin “Tramvay parka gedir” poemasını hansı bir ruh yüksəkliyi ilə oxuyurduq. Bu kiçik poema formasına görə də, məzmununa, psixoloji-poetik dəqiqliyinə görə də sovet dövrü Azərbaycan poeziyasının əlamətdar nümunələrindən biri idi (və biridir).
Bu qədər illərdən sonra sərbəst və bəzi hissələri tamam destruktiv formada yazılmış o poemanın ilk misraları hələ də mənim yadımdan çıxmayıb:
Gecə saat bir,
Tramvay parka gedir.
Cingildəyir şüşələr.
Boş vaqonda bilinir bu cingilti bu qədər.
Gecə saat bir.
Tramvay parka gedir
Ləngərlə…
Sovet İttifaqının qüdrətli vaxtlarında bir çox sovet şairləri “formaca milli, məzmunca sosialist” poemalar yazırdı (oradakı o millilik də çox zaman primitiv olurdu), “öz bayrağı olan” Qabil isə formaca da, məzmunca da milli şeirlərini, poemalarını yazırdı və yaxud o zaman ki, başqaları mətin kommunistlər haqqında poemalar yazırdı (kimlərsə istedadın gücünə poetik bir söz deyə bilirdi, istedadsızlar isə sadəcə, mövzu arxasında gizlənirdi), Qabil gecə-gündüz “Nəsimi” poeması üzərində işləyirdi.
O, “Nəsimi” poemasını bitirəndə oxuyub fikir demək üçün mənə əlyazmasında, dəqiq desəm, makinadan çıxmış qrankalarda vermişdi və sonralar Yakov Serpin poemanın rus dilinə tərcüməsini bitirəndə də, o tərcüməni oxumaq üçün nəşrdən əvvəl mənə verdi. Uzun sözün qısası, “Nəsimi” rus dilində mənim ön sözümlə nəşr olundu (Nasimi. İstoriko-romantiçeskaya poema, Baku, Yazıçı, 1985) və qeyri-təvazökarlıq olmasın, o ön söz Qabilin xoşuna gəlmişdi.
Bir müddətdən sonra həmin ön sözün əsasında yazdığım “Əfsanə davam edir…”Nəsimi” poemasını yenidən oxuyarkən” adlı məqalə mətbuatda çap olundu və bu gün o məqaləni və poemanı gözdən keçirəndə də 35 il (!) bundan əvvəlki o yazıda mühüm hesab etdiyim bir cəhəti yenə də vurğulamaq istəyirəm: “Nəsimidən söz düşəndə bəzən onun ana dilini zənginləşdirməsini Dante ilə, humanist lirikasını Petrarka ilə, fəlsəfəsindəki panteizmi Lukretsi Kar ilə, İnsan, Azadlıq və Gələcək naminə həyatından keçməyini Cordano Bruno ilə müqayisə edirlər”. (“Ədəbiyyat və incəsənət”, 17 yanvar 1986).
Əlbəttə, bütün bu müqayisələr layiqli və qiymətlidir, ancaq məncə, əsas cəhətlərdən biri də budur ki, kainatın sonsuzluğu müqabilində insan özünün kiçikliyini görür və tarixən də belə olub. Ancaq o məqalədə dediyim kimi, “Nəsimi İnsanı Allah adlandırırdı. Nəsiminin İnsana hörməti, məhəbbəti onun böyük istedadı ilə vəhdətdə dünya poeziyasında İnsan himni yaratdı. Həmin İnsan himninin müəllifi Qabilin ədəbi qəhrəmanıdır”.
Bəlkə də bir az patetik səslənir, ola bilsin ki, “Nəsimi” poeması ilə bağlı hansısa qeydlər, hansısa mülahizələr olsun, ancaq əsas məsələ budur ki, Qabilin ədəbi qəhrəmanı bizi inandırır ki, bəli, Nəsimi həmin “İnsan himnini” yaradan şəxsiyyət və sənətkardır.
Qabil bütün varlığı ilə ədəbiyyat adamı idi və bizim nasirlərimızın, şairlərimizin, tənqidçilərimizin, bir sözlə, o zamankı əhli-qələmin mətbuatda çap olunan əsərlərini izləyən oxuculardan biri, bəlkə də (hər halda yazıçılar arasında) birincisi idi, bəyəndiyini də, bəyənmədiyini də açıq deyirdi. Yadıma Qabil xarakteri üçün səciyyəvi olan bir əhvalat düşür: Qabilin “Jiquli” maşını var idi və bu maşını almaq istəyəndə pulu çatmadığı üçün o dövrün yaşlı və məşhur bir şair-laureatından (söhbət 1960-cı illərdən gedir və rəhmətə getdiyi üçün o rəhmətliyin adını çəkmək istəmirəm) borc pul götürür. Yazıçılar İttifaqında üç-dörd nisbətən cavan yazıçı, o cümlədən də Qabil oturub söhbət edəndə həmin şair gəlir və “Azərbaycan” jurnalında yenicə dərc olunmuş poeması haqqında şəst və fəxarətlə soruşur ki, oxumusuz, necə əsərdir? Oxuyan da, oxumayan da poemanı tərifləməyə başlayır və növbə Qabilə çatanda:
– Filankəs müəllim, – deyir. – Düzdür e, sizə borcum var, ancaq poemanız çox zəifdir.
Bu yerdə Qabillə bağlı başqa bir hadisə də yadıma düşür və yaxşı olar ki, bunu mən yox, elə Qabilin özü danışsın.
O, İlyas Əfəndiyev haqqında yazdığı “Sən, ey qadir məhəbbət…” adlı səmimi və duyğusal xatirələrində deyir:
“Köhnə “İnturist”in böyük restoranında İlyas Əfəndiyevin altmış illik yubileyi şərəfinə verilən ziyafətdə əlimdə ləbələb piyalə saatıma baxıb sağlıq dedim:
– Bu dəqiqə Azərbaycanda İlyas Əfəndiyevdən böyük dramaturq yoxdur!
Mirzə İbrahimov – çox qiymətli ədəbi sima, ictimai-siyasi xadim – açıq etiraz etdi:
– İstedadları saata baxıb, təyin etmək olmaz!
Sağlığımı, yəni fikrimi təxminən 30-35 dəqiqə keçəndən sonra bir də təkrar etdim. Bərk əsəbiləşmiş Mirzə müəllimi – bu ağıllı adamı Kamran Hüseynov (Kamran müəllim o vaxt Nazirlər Soveti Sədrinin müavini idi – E.) məzəmmətlədi:
– Ay Mirzə, cavan adamdır, kefi yuxarıdır, deyir də… Bu saat İlyasa möhürlü vəsiqə vermədi ki, bu Qabil…
Düzdür, məclis yeyib-içmək məclisiydi. Ancaq dediyim sözlər mənim ayıq, aydın qənaətim idi. Möhürü, vəsiqəni də İlyas müəllimə Qabil yox, Allah vermişdi…” (Sən həmişə bizimləsən. Bakı, Gənclik, 1999, səh. 225).
Qabil “ayıq, aydın qənaətini” heç vaxt gizlətməz, öz bədii zövqü ilə bağlı güzəştə getməzdi və yəqin, bu da onun xasiyyəti ilə bağlı əlamətdar bir cəhətdir ki, sonralar həmin hadisə haqqında ayrıca bir rübai də yazmışdı və: “İlyas Əfəndiyevin şərəfinə söz dedim” – deyə, bir daha təkrar etmişdi: “Səhnə əsərləri ilə Cəfərdən sonra İlyas // Birinci şəxsiyyətdir bu saat şəksiz, dedim”.
Elə bu başdan yazım ki, Qabil İlyas Əfəndiyevə nə qədər hörmət bəsləyirdisə, İlyas Əfəndiyevin də ona o qədər məhrəm və ərkyana münasibəti var idi, bütün premyeralarında, ziyafətlərində Qabil ilk dəvətlilər sırasındaydı. Qabilin məxsusi koloriti, yumoru, səmimiliyi və sadəliyi həmişə İlyas Əfəndiyevin ürəyini açırdı və hərdən yay vaxtı Qabil həyətdə şalvarının balaqlarını çırmalayıb, cidd-cəhdlə “Jiquli”sini yuyanda eyvandan:
– Qabil!.. – deyirdi. – Elə yu ki, maşının rəngi getməsin!..
Qabil də:
– Baş üstə, İlyas müəllim! – deyirdi və bərkdən gülürdü.
Qabilin İlyas Əfəndiyevə həsr etdiyi böyük (19 bənd!) “Fədai” adlı bir şeiri var və mən o şeiri İlyas Əfəndiyevin vəfatından sonra nəşr edilmiş povest və hekayələrdən ibarət ilk kitabını hazırlayarkən ön söz kimi başlanğıca saldım – həm səmimi idi, həm də mənə elə gəlirdi ki (indi də elə gəlir), bu, İlyas Əfəndiyev üçün də xoş olacaqdı.
Həmin şeirdən iki bəndi xatırlamaqla:
Bir var ötəri səs, ötəri nəfəs,
Gül-çiçək ötəri, alqış ötəri…
Beşgünlük afişa – ötəri həvəs,
Ötəri cəlb edir fikri-nəzəri.
Bir də var – anadangəlmə – elə sən,
Fədai olasan, Fərhad olasan,
Qaçıb xırım-xırda şirnikmələrdən
Əsərdən-əsərə ustad olasan.
– elə bilirəm ki, onların münasibətləri barədə yaxşı təsəvvür yaranır və bunu da deyim ki, Qabil 1986-cı ildə yazdığı bu şeirin yaşıl qələmlə yazılmış əlyazmasını belə bir avtoqrafla mənə bağışlayıb: “Əzizim Elçinə bu əlyazmanı yadigar verirəm. Qabil. 19 noyabr 2004”.
Mən Qabilin deyib-gülməyini çox görmüşəm, ancaq onun ağlamasını ikinci (birinci dəfə rəhmətlik Məsud Əlioğlunun yasında) və axırıncı dəfə 1996-cı il oktyabrın 4-də İlyas Əfəndiyevin dəfn mərasimində görmüşəm.
2
Hüsü Hacıyev küçəsi (indiki Azərbaycan prospekti), 19 nömrəli binada – məşhur Yazıçılar Evində uzun müddət qonşu olduq və o binada, o həyətdə elə bir ab-hava vardı ki, orada bütün intriqalar, dedi-qodular, süni təbəssümlər, yalançı-hərarətli (!) hal-əhval – hamısı bir kənardaydı, elə bil, o binada yaşayanlar bir böyük, rəngarəng sözü burda yerinə düşərsə, rəngarəng, əlvan ailənin üzvləri idi – eyvandan-eyvana zarafatlar, təzə xəbərlər, səmimi salam-kalamlar.
Qabillə bağlı bu yazıda bir haşiyə çıxıb, o Yazıçılar Evindəki ab-hava haqqında bir-iki kəlmə demək istəyirəm:
…Səhər-səhər İlyas Əfəndiyev üçüncü mərtəbədəki eyvanına çıxıb, ikinci mərtəbədəki eyvanda Salam Qədirzadəni görür:
– Salam, salam!
Salam Qədirzədə başını yuxarı qaldırıb:
– Salam, İlyas müəllim! – deyir.
İlyas Əfəndiyev soruşur:
– “Ədəbiyyat” qəzetini almısan?
– Bəli, İlyas müəllim.
– Mənim hekayəmi oxudun?
Salam yenə:
– Bəli, İlyas müəllim, – deyir.
İlyas Əfəndiyev:
– Ə, bəs, səhərdən bəri niyə tərifləmirsən? – soruşur və gülür…
…Həyətdən Qabilin səsi gəlir:
– Mahir!..
Mahir dördüncü mərtəbədəki pəncərədən cavab verir:
– Hə?
– Gəl, zənbili götür!
Hamı bilir ki, Qabil bazarlıq edib və oğlu Mahiri çağırır ki, zənbili qaldırmağa kömək eləsin…
…Bazar ertəsi səhər-səhər həyətə səs yayılır ki, Qasım Qasımzadənin “Volqa” maşınını oğurlayıblar – açarla qarajın qapısını açıb ki, maşını çıxarıb işə getsin, görüb qaraj bomboşdur…
Daxili İşlər Nazirliyi oğurlanmış o maşını axtarır, milis (indiki polis) işçiləri həyətə gəlib-gedir, qarajın fotosunu çəkir, kilidi müayinə edir və bütün bina həyəcan içindədir.
Maşından isə xəbər yoxdur.
Belə bir nigaranlıq içində axşam düşür və nəhayət, məlum olur ki, maşın tapılıb, ancaq oğruluq əhvalatı deyilmiş: sən demə, Qasım cümə günü maşınla işə (Nizami adına Ədəbiyyat İnstitutuna) gedib, axşam işdən evə qayıdanda maşın yadından çıxıb, Akademiyanın həyətində qalıb…
…Bu da Əliağa Kürçaylıdır, həmişəki gümrah səsiylə həyətdən:
– Qabil!.. – çağırır. – Salamgilə gedirəm.
Yəni ki, sən də gəl və hamı bilir ki, məlum məsələdir, Salam Qədirzadəgildə yenə üç nəfərlik xudmani bir məclis qurulacaq…
…Şaiq əfəndi – Abdulla Şaiq bizim blokun ikinci mərtəbəsindəki mənzillərinin eyvanında oturub, dirsəklərini məhəccərə söykəyərək, haralarasa gözlərini dikib və mən bu gün bu sözləri yaza-yaza fikirləşirəm ki, o, həmin anlarda həyətə, binalara, insanlara yox, ümumiyyətlə, dünyaya baxırdı. Həmin anlarda o, həmişəlik bir keçmişdə qalmış:
Hamımız bir yuva pərvərdəsiyiz!
Hamımız bir günəşin zərrəsiyiz!
– deyən şair idi.
Kim bilir, bəlkə də Sabirlə söhbət edirdi, Hadiyə, ya Mirzə Cəlilə nəsə deyirdi? İlyas Əfəndiyevin Abdulla Şaiq haqqındakı essesində yazdığı bu sözlər yadıma düşür: “Mən onun arıq, nurlu çöhrəsinə baxaraq, hiss edirdim ki, yarım əsrdən artıq öz xalqı üçün böyük işlər görmüş bu şərəfli insan yenə nə isə xeyirli bir iş görmək, oxucularına lazımlı bir söz demək istəyir. Onun artıq geridə qalmış ləyaqətli ömrünün bir daha qayıtmayacağı məni kədərləndirirdi” (Böyük humanist. “Azərbaycan” jurnalı, 1972, №5).
…Mirmehdi Seyidzadənin “- Ey zalım!..” – deyib, şaqqanaq çəkməsi, İlyas Əfəndiyevlə İsmayıl Şıxlının yanaşı küçə balkonlarda gecənin yarısınacan ədəbiyyatla, həyatla bağlı söhbətləri, eyni blokda yaşayan Bəxtiyar Vahabzadə ilə Kamal Talıbzadənin pilləkanda rastlaşaraq ayaq saxlayıb, az qala pıçıldaşa-pıçıldaşa hakim ideologiyanın əleyhinə danışmaqları və bu ayaqüstü söhbətin bəzən özlərinin də xəbəri olmadan bir saat, bəlkə də artıq uzanması, emosional və gülərüz Məsud Əlioğlu ilə, əksinə, çox təmkinli və az danışan Əhməd Cəmilin görüşməkləri, üzbəüz qonşumuz Zeynal Xəlil və onun mehriban ailəsi yadıma düşür.
Zeynal müəllimin qayınanası, çox mülayim, xeyli yaşlı olmasına baxmayaraq, unikal gözəlliyini saxlamış, mehriban və xeyirxah Saçı xala (əsl adı Salatın idi) qazaxlı Vəkilovlardanıydı və belə deyirdilər ki, Aşıq Ələsgər Salatınla bağlı iki qoşmasını onun şəninə yazıb. Mən bu yazını yazanda Aşıq Ələsgərin ikicildliyində o gözəl qoşmaları tapıb, bir də gözdən keçirdim: söhbət “Yaraşır” (Sallana-sallana gələn Salatın…) və “Sarı köynək” (Tuti dilli, sərv boylu Salatın…) qoşmalarından gedir. Elə o ikicildlikdə rəhmətlik professor Məmməd Hüseyn Təhmasib Qurbaninin də xeyli əvvəllər Salatın haqqında yazdığı bir qoşmanı xatırladır (Aşıq Ələsgər. Birinci kitab, Bakı, “Elm”, 1972, səh. 51) və olsun ki, söhbət ayrı-ayrı dövrlərdə yaşamış eyni adlı iki gözəl xanımdan gedir.
Ancaq biz uzağa getməyək.
Saçı xalanın mənim nənəm Bilqeyis xanımla gözəl qonşuluqları var idi, ancaq bir ara araları dəymişdi, çünki başı Sistemin çox bəlalarını çəkmiş nənəm bütün varlığı ilə antisovet bir xanım idi və Lenindən, Stalindən üzü bəri Xruşşovacan bütün o rəhbərlərə nifrət edirdi. Leninə “Keçəl”, Stalinə “Bığı bəy”, Xuruşşova da “Xuruş bəy”, bəzən də – oxuculardan üzr istəyirəm – “Duduş bəy” deyirdi. 1960-cı ildə Azərbaycanda Sovet hakimiyyətinin 40 illiyi münasibətilə Nikita Xruşşov Bakıya gəlmişdi və sadədil, ürəyiaçıq Saçı xala sidq-ürəkdən Xruşşovu evə qonaq çağırmaq, onun üçün qurutlu xəngəl bişirmək istəyirdi. Bu arzusunu nənəmə də demişdi və Saçı xalanın arzusunun nənəmə necə təsir etdiyini bilmək üçün oxucu gərək Bilqeyis xanımı tanıyaydı, ancaq bir müddət keçdi və nənəmlə – bu cod xarakterli, məğrur, gözüaçıq qadınla mülayim və xoşniyyətli Saçı xalanın o gözəl və maraqlı qonşuluqları bərpa olundu.
Duzu-məzəsi, xeyirxahlığı, şirin dili (“tuti dili”!) ilə bütün Yazıçılar Evinin ehtiramını və sevgisini qazanmış unudulmaz Saçı xala ilə bağlı bir ləzzətli deyim də yadıma düşdü: Saçı xala Zeynal müəllimin xətrini sevimli oğlu kimi çox istəyirdi və onun mətin təəssübkeşi idi. Zeynal Xəlilin də, Tələt Əyyubovun da “Moskviç” maşınları var idi və Saçı xala deyirdi ki, Zeynalın maşını, Tələtin maşınından böyükdür…
…İsa Hüseynov ilə Hüseyn Abbaszadə, Hüseyn Ariflə Əkbər Ağayev, Bayram Bayramovla Ənvər Əlibəyli, Mübariz Əlizadə, Cabbar Məcnunbəyov, Yusif Əzimzadə, Ələkbər Ziyatay, Həmid Axundlu, o binanın yazıçı olmayan yeganə sakini, şuşalı musiqi xadimi Manaf Ələsgərov, Yusif Vəzir Çəmənzəminlinin, Hacıbaba Nəzərlinin ailələri, o binanın başqa sakinləri bir-bir gözümün qabağından keçir və mən bu xatirələri bir “Heyhat!..” əhval-ruhiyyəsi ilə yazıram. Bildiyim dərəcədə, indi orda yazıçılardan yalnız Afaq Məsud yaşayır və bəlkə də ora Afaq üçün kimsəsiz bir səhradır və nə yaxşı ki, o səhranın kimsəsizliyi, susuzluğu Afaqın istedadlı prozasının yaranmasına mane olmur, kim bilir, bəlkə də ona kömək edir – yaradıcılıq ki, bir sirri-xudadır. Orasını da deyim ki, o binanın mənim indicə xatırladığım dövrlərdəki ab-havası zamanı Afaq hələ uşaq idi və rəfiqələri ilə həyətdə badminton oynayırdı.
Deyəsən, mənim o Yazıçılar Evi ilə bağlı haşiyəm çox uzandı və yəqin, ona görə ki, Qabil o binada, o həyətdə hökm sürən səmimiyyətin, gülərüzlüyün, şuxluğun, bir sözlə, gözəl bir pozitivin mərkəzində olan sakinlərdən biri – birincilərdən biri idi.
Burasını da yazmaq istəyirəm ki, Qabil həm də çox ailəcanlı bir insan idi və bu barədə də söhbəti uzatmamaq üçün onun şeirlərindən birində həyat yoldaşı haqqında yazdığı yalnız elə bu bircə misranı xatırladıram: “Ağabəyim xanım – ağ saçlı çiçək…”.
3
Adam var ki, içəndə dözülməz bir məxluqa çevrilir, adam da var ki, içəndə daxili səmimiyyəti, xoşməramlı olması daha qabarıq üzə çıxır (rəhmətlik İslam Səfərli: “-İçək, səmimi olaq!” – deyirdi) və Qabil də bu cür səmimi və xoşməramlı bir insan, bir şair idi.
Arxivimdəki kağız-kuğuzlarımın arasından onun həmişəki kimi yaşıl mürəkkəblə teatrda yazdığı və ötür-ötür vasitəsilə mənə ötürdüyü belə bir zarafatyana “namə”sini tapdım:
“Dəli”n düşündürür
Adamı, Elçin!
Baxdım tamaşana
Kövrək fərəhlə!..
İndidir vurmağın
Məramı, Elçin!..
Fərəhi gül edək
Gülgün qədəhlə!
Qabil. 21 may 1998.
Bu “Qabilanə namə” Akademik Milli Dram Teatrında “Mənim sevimli dəlim” tamaşasına ictimai baxış zamanı yazılmışdı və Qabilin qaldırdığı qədəhlər həqiqətən həmişə “gülgün qədəhlər” olurdu. Həmin gün də Qabillə, Hüseyn Abbaszadə, Cabir Novruz və Bəkir Nəbiyevlə (onlar da ictimai baxışa gəlmişdilər) birlikdə gözəl bir məclis qurduq və yaddaş başdan-başa bir sirdir: uzun müddət yadıma düşməyən o xudmani məclisi birdən-birə bütün təfərrüatı ilə xatırladım, Qabilin sağlıqları o beş nəfərlik məclisdə hər dəfə ayağa qalxıb, ürəkdən gələn bir səmimiyyətlə söz deyib, badə qaldırması, elə bil, dünən imiş, gözlərimin qabağına gəldi.
İki gündən sonra “Mənim sevimli dəlim”in premyerası oldu və Qabil həyat yoldaşı Bəyim xanımla birlikdə o premyera tamaşasına da gəlmişdi.
Bu gün Qabilin bağışladığı kitablara yazdığı avtoqrafları yenidən oxuduqca, fikir məni o unudulmaz və gözəl günlərə aparır və mən İlyas Əfəndiyevin dediyi o nikbin (müsbət!) dalğaları az qala cismani hiss edirəm:
“Sadəcə olaraq mənim qardaşım, qələm dostum Elçinə Qabildən. 6.XII.1985” (Rübailər. Bakı, Gənclik, 1985).
“Ədəbi, milli, ictimai fəaliyyətilə fəxr etdiyim, xalqımızın çox lazımlı oğlu, əziz dostum, qardaşım Elçinə! Qabildən. 12. IX.1988” (Seçilmiş əsərləri, Bakı, Azərnəşr, 1988).
“Əziz dostum, qardaşım, ədib, alim, publisist, mühərrir, ictimai xadim Elçinə Qabildən yadigar.
Ağıl, kamal, insaniyyət, istedad –
Hər dördü də Allah verən fəxri ad…
Hər dördü də ömrə əsl bəzəkdir –
Bu bəzəklə Elçin xalqa gərəkdir.
Qabil. 14.V.1990″.
(Ömür həbləri, Bakı, Yazıçı, 1989).
“Əzizim – can-ciyər dostum, möhtərəm ədibimiz, İlyas yadigarı Elçinə Qabildən. 2. IX.1999” (Əslində, Bakı, Gənclik, 1999).
“Əziz, xeyirxah qardaşım, gözəl, zəhmətkeş ədibimiz Elçin İlyas oğluna Qabildən. 7.XII.2001” (İlahi qismətim, Bakı, Gənclik, 2001).
Mənim qızlarım balaca olanda onlara (kiçik qızım Aysu hələ anadan olmamışdı) “Nağaraçı” adlı uşaqlarçün yazdığı kitabı da belə bir avtoqrafla onlara bağışlamışdı:
“Qızım Günaya,
Quzum Humaya
Qabil əmidən
Kiçik yadigar,
Əziz bacılar!
Qabil. 12.IX.1982″
(Nağaraçı. Bakı, Gənclik, 1982).
4
Qabilin 50 illiyinə yazdığım məqalənin başlığı onun şeirindən götürdüyüm bir misra idi: “Axmısan hissimdə, duyğumda, şeirim…” və 80 illiyinə yazdığım məqalənin də sərlövhəsi eyni idi. Yazmışdım ki:
“Qoy, eyni adlı iki təbrik olsun.
Amma atalar üçdən deyib…
Allah qoysa, daha bir 30 il gəlib keçsin və o üçüncü “Axmısan hissimdə, duyğumda, şeirim…” yazısını da mən eyni hörmət və məhəbbətlə mütləq yazıb, şəxsən Qabilin özünə təqdim edəcəyəm”.
Köhnə bloknotlarımdan birində belə bir qeyd var:
“11 avqust 2006.
Günorta Qabil zəng çalmışdı. Məqaləyə görə təşəkkür edirdi. Çox xoşuna gəlib.
– Ancaq, Mirzə, – dedi – (hərdən mənə belə müraciət edirdi – E.) və gülə-gülə, – 30 il bir az çox döyül? – soruşdu.
– Yox, – dedim. – Nə demişəm, onu da edəcəyəm.
– Həri?
– Əlbəttə. Şirəli Müslümov 150 il yaşamışdı.
– Alə, o sovet propaqandasıydı!.. – Sonra da: – Təki sən deyən olsun, Mirzə!.. – dedi”.
O köhnə bloknotlarda belə bir tələsik qeydim də var:
– Sən Allah, Qabil, – dedim. – Sən çox yaşa, biz də sənə baxıb, çox yaşayaq.
Bir söz demədi…”.
Qabil yaşlandıqca da onun nəbzi eyni gənclik şövqü, gənclik həvəsi və istəyi ilə vururdu və o:
Bilirəm ki, uyuşmur,
Xasiyyətim yaşımla,
Barışmır ki barışmır,
Yazım qarlı qışımla…
– deyəndə tamam həqiqəti deyirdi, onun “qarlı qışla” qəti arası yox idi.
Qabil – yaz adamı idi.
Nəbinin yasındakı o söhbətdən heç üç ay çəkmədi ki, Qabil vəfat etdi.
Onun matəm mitinqini aparmaq kimi çox ağır bir missiya da mənim boynuma düşmüşdü.
İndi Fəxri xiyabanda İlyas Əfəndiyevlə qəbir qonşularıdır.
Ora gedəndə və Qabilin də məzarı qarşısında dayananda, hərdən fikrimdən bir sual keçir ki, Qabil, o tərəflərdə nə var, nə yox? Və ümumiyyətlə, bir şey varmı?
Qabil düz deyirdi, 30 il, əlbəttə, “bir az çox” idi və mən bu üçüncü yazımı da eyni adla – “Axmısan hissimdə, duyğumda, şeirim…” – adlandırıb, təəssüf ki, Qabilin özünə yox, yalnız onun oxucularına təqdim edirəm.
Qabilin məşhur “Səhv düşəndə yerimiz” şeirində hər bənd bu misralarla qurtarır və mən də onun haqqındakı bu yazını həmin misralar ilə bitirirəm: “Müsibət oluruq biz”, “Dözümsüz oluruq biz”, “Gərəksiz oluruq biz”, “Heyf… korşalırıq biz”, “Qeyrətsiz oluruq biz”,
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.
Qabil bu dünyada yeri səhv düşməyən bir şair, bir insan idi.
GÖRÜŞDƏ “TÜRK DÜNYASINA ÜSTÜN XİDMƏT”, “NİZAMİ” VƏ “ŞAHMAR ƏKBƏRZADƏ” MÜKAFATLARI LAUREATLARA TƏQDİM EDİLİB
Dekabrın 14-də Azərbaycan Yazıçılar Birliyində Türkiyədən gəlmiş ədiblərin – Türk Ədəbiyyatı Vəqfinin başqanı, şair Serhat Kabaklı və “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, yazıçı, tərcüməçi İmdat Avşarın iştirakı ilə görüş təşkil olunub.
525.az xəbər verir ki, AYB-nin sədr müavini Rəşad Məcid Türk Ədəbiyyatı Vəqfinin Azərbaycan-Türkiyə mədəni əlaqələrinə böyük töhfələr verdiyini qeyd edərək, bu tədbir çərçivəsində təqdim olunacaq mükafatlar barədə qonaqları məlumatlandırıb. R.Məcid İmdat Avşara AYB tərəfindən təsis olunmuş “Nizami” mükafatını təqdim edib. İmdat Avşar “Nizami” mükafatına layiq görüldüyü üçün dərin minnətdarlığını bildirib.
Çıxışında Vəqfin tarixindən, fəaliyyətindən bəhs edən İmdat Avşar “Yaşayan Dədə Qorqud” və “Türk Dünyasına Üstün Xidmət” mükafatlarının təsis edilməsi və laureatları barədə danışıb. Qeyd edib ki, Azərbaycan və Türkiyə ədəbiyyatları arasındakı sıx əlaqə ümumtürk ədəbyyatı tarixində xüsusi əhəmiyyət kəsb edir.
Bakıya gəlişindən məmnunluğunu ifadə edən Serhat Kabaklı Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafının vacibliyindən söhbət açıb. Vətən müharibəsində Azərbaycanın əldə etdiyi parlaq Zəfəri yüksək qiymətləndirərək sevincini bölüşüb.
Daha sonra “Türk Dünyasına Üstün Xidmət” mükafatlarının təqdimatı olub. İmdat Avşar laureatlar – Rəşad Məcid və Əjdər Ol barədə ürək sözlərini dilə gətirib. Mükafatlar Serhat Kabaklı və İmdat Avşar tərəfindən Rəşad Məcidə və Əjdər Olun qızı Türkay xanıma təqdim olunub. Tədbirdə professor Elçin İsgəndərzadə iki qardaş xalqın mənəvi bağlılığından söz açıb, Türk Ədəbiyyat Vəqfinin Türkiyədə olduqca çoxşaxəli və nüfuzlu fəaliyyəti barədə danışıb. E.İsgəndərzadə Sərhat Kabaklıya “Vektor” Elm Mərkəzi tərəfindən “Fəxri doktor”, İmdat Avşara isə “Şahmar Əkbərzadə” mükafatını təqdim edib.
Qeyd edək ki, bu il 20 yanvar şəhidi Ülvi Bünyadzadənin “Sevginin sonu yoxdur” şeirlər kitabı Türk Ədəbiyyatı Vəqfi tərəfindən İstanbulda türkcə nəşr olunmuşdu. Tədbirdə çıxış edən akademik Könül Bünyadzadə Vəqfin bu təşəbbüsünü Ülvi Bünyadzadənin ruhuna ehtiram əlaməti olan təqdirəlayiq addım kimi qiymtələndirib.
Bundan başqa tədbirdə İmdat Avşarın Bakıda aybKitab layihəsi çərçivəsində nəşr olunan “Göyərçin sevdası“ kitabının müzakirəsi keçirilib. “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac tərəfindən kitabın ərsəyə gəlməsində əməyi olan Narıngül Nadir, Xəyalə Zərrabqızı və digərlərinə fəxri fərmanlar təqdim edilib.
“Qobustan” jurnalının baş redaktoru, yazıçı Pərvin Azərbaycan Dövlət Pedaqoji Universitetindəki tələbələri ilə birlikdə tədbirdə iştirak edib. Pərvin xanım təşkil olunan bu tədbirin əhəmiyyəti barədə danışaraq bildirib ki, bu görüşlər xalqlarımız arasında mədəni-mənəvi bağlılığın güclənməsinə təkan verir. Sonra tələbələr İmdat Avşarın hekayələri barədə fikirlərini bölüşüblər, tədbir bu mövzuda diskussiya şəklində öz fikilərini bildiriblər. Əli Kərim adına Sumqayıt Poeziya Evinin rəhbəri İbrahim İlyaslı və Əməkdar müəllim Ofeliya Babayeva Serhat Kabaklının dilimizə tərcümə olunan “Bil, oğlum” kitabı barədə öz fikirlərini bölüşüblər.
Adətim üzrə səhər saat 6:30-da çalarsız-filansız oyanıb yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayaraq bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa” və “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi, düz 7 dəfə, bəlkə də bir az artıq var-gəl etdim. Sonra qalxıb ikiotaqlı “küncdəqalmış”, “kitabça”, “Xruşşov layihəli” mənzilimin birinci otaqla dəhliz arasındakı taxta qapının çərçivəsinə bərkitdiyim alətdə həmişəki kimi 14 dəfə dartınıb düşdüm.
Növbə ilə divardan asdığım “Fatihə surəsini”, “Bədnəzər duasını” və “Ayətül-kürsi”ni hərəsini düz 7 dəfə, bəlkə də bir az çox təkrar-təkrar oxuduqdan sonra kitab rəfindən Əbdürrəhim bəy Haqverdiyevin “Marallarım” kitabını götürdüm. Ötən əsrin 70-ci illərinin nəşri olan kitabın nazik kağız üzlü cildi didik-didik olub saralsa da, üzərindəki simalar necə tanış və canlı idilər. Sanki hamısı blokda növbəyə dayanıb səni gözləyirlər və bir himə bənddilər ki, elə qapını açasan… Kitabın üzünə bir neçə dəqiqə baxıb gülümsəyərək dahi ədibə “Günaydın” deyib, gözlərimi mənzilin giriş qapısının üzərində asılmış lövhəyə zillədim. Yenə düz 7 dəfə, bəlkə bir az artıq Böyük Allahın cahü-cəlalına və peyğəmbərimizin əmvatına zikirlər edəndən sonra istirahət otağına keçdim. Ötən gün ərzində yükləndiyim bütün dərd-azardan müvəqqəti də olsa, qurtulduqdan sonra gurhagurla, şırhaşırla qonşulara “mən hələ sağam” siqnalını verərək, qalxıb güzgünün qabağında bir az ağzımı, gözümü əydim, əsnədim, gərnəşdim… Bir sözlə, bütün vacib ritualları yerinə yetirdikdən sonra əlimi şoğəribin altına bir neçə dəfə uzatsam da, su gəlmədi ki, gəlmədi. Başımı qaldırıb aynada üzümə, daha doğrusu, burnumun ucuna diqqətlə nə qədər baxsam da, zərərli bir əhval gözümə dəymədi. Elə bu vaxt qonşulara verdiyim siqnalın son akordları ilə bərabər, yenə qəfil öymə başladı… Məcburən hər ehtimala qarşı əvvəlcədən su ilə dolu saxladığım “növbətçi abgərdən”i götürüb əl-üzümü yaxaladım. Tələsik istirahət otağından çıxdım. Çıxa-çıxa düşündüm ki, “ay canım, ilin-günün bu vaxtında bu qədər istirahət olar!?” Əl-üzümü qurulaya-qurulaya mətbəxə keçib, axşamdan qalan su ilə dolu caydanın altını yandırdım. Televizoru açdım. Aparıcı qız necə başladısa, elə o andaca televizoru söndürüb, seyvana çıxdım. Küçədə və seyvandan görünən kiçik parkda tam sakitlik hökm sürürdü. Bu gün şanlı Zəfərimizin ildönümü ilə əlaqədar elan olunmuş dörd günlük qeyri-iş gününün sonuncusu idi. Deyirəm, qəribə məxluquq e vallah, evdə qalanda işi, işdə olanda evi axtarırıq. Parkın tən ortasındakı tut ağacının altı sapsarı yarpaqlarla elə döşənmişdi ki, adam istəyirdi gedib üstünə uzansın… Yaxşı ki, dolu çaydanın fiti məni belə sərsəm düşüncələrdən ayırdı…
Mətbəxə keçib, çaydanın altını söndürdüm. “Bazarçay” qutusundan birdəfəlik paketlərdən birini götürb bir stəkan qaynanmış suyu rəngləyib yenidən seyvana – “Nina bağı”na keçdim. Bu məkan ruhumun dinclik tapdığı yeganə guşədir. Əvvəlki ev sahibəsi Nina xanım binanın layihəyə uyğun açıq eyvanını bağlayaraq səliqəli seyvana çevirib. Divarda qatlama masası və iki kətil var. Dibçəkdə həmişəyaşıl otaq bitkiləri də olduğuna görə mənzilə köçən gündən buranın adını “Nina bağı” qoymuşuq. Haqlı olaraq sual yarana bilər ki, mənzilə yeni köçmüsünüz? Sual yaransa da, yaranmasa da, qeyd edim ki, bəli, bu mənzilə təzəlikcə köçmüşük. Səbəbini indi açıq-aydın dilimə gətirə bilmirəm. Çünki o barədə düşünən kimi öymə məni tutur. Özümdən asılı deyil… Çayımı qurtumlaya-qurtumlaya yenə ən yaxın sirdaşım “Redmi”ni dümsükləyib oyatdım. Oyanan kimi bildirişlər pəncərəsindən bir gözəl xanım əl sallayaraq “Zəfər endirimləri” ilə bağlı məni xəbərdar etdi. “MORE” Psixologiya Mərkəzi şanlı Zəfər günləri ilə bağlı sabahdan noyabr ayının sonuna qədər hamıya 50%, qazilərə isə 75% endirimlə xidmət göstərəcək. Düzü, bu məsələ məni çoxdan narahat etdiyinə görə xeyli vaxtdır psixoloq xidmətləri ilə maraqlanırdım. Ona görə qiymətlərdən, şərtlərdən az-çox məlumatım vardı. Həm psixologiya mərkəzlərinin çoxluğu, həm də qiymətlərin baha olması seçim etməyimə əngəl olurdu. İndi bu xanımın təbəssümlü çöhrəsi, bir də artıq demək olar ki, televiziya verilişlərindən adını əzbərlədiyim “MORE”-ni yenə görüncə seçimimi etdim. Elə bildirişin üzərindən keçid edərək sabaha – səhər saat 10:00-a görüş təyin etdim. Qazi olduğuma görə ödənişi yerində nağd olaraq 75% endirimlə edəcəkdim…
Axşama qədər hər televizoru açanda, hər küçəyə baxanda öyə-öyə günü birtəhər başa vurub, yenə yatağıma uzandım. “Redmi”də axşam ibadətlərimi yerinə yetirə-yetirə nə vaxt yuxu tutub, biləmişəm. Bir də oyandım ki, 03:33-dür. Briqadirə ”whatsapp”da yazdım ki, sabah səhər öynə həkimə gedəcəm, işə ondan sonra gələrəm, ya da xəbər edərəm. İş deyəndə ki, sağ olsunlar, qazi olduğuma görə məni icra hakimiyyətində işlə təmin ediblər. Yüngül işdir. Briqadir də həm üç diplomum olduğuna, həm də hər iki müharibənin iştirakçısı olduğum üçün mənə hörmət edir. Yəni, necə deyərlər, nə işim olsa, ötüşdürür. Sağ olsunlar… Hamısından razıyam… Elə bu razılıq içində yenidən nə vaxt yuxulamışam, bilmirəm… Qəfil yenə oyandım. Hə, bu, “6:30” oyanışı idi. Adətim üzrə yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayıb bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa” və “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi, düz 7 dəfə, bəlkə də bir az artıq…. “Nina bağı” ziyarəti də daxil olmaqla seyvan keyfindən sonra hər evdən çıxanda düz 7 dəfə, bəlkə də bir az artıq təkrar-təkrar qaz, su, işıq yoxlamalarını dəqiqliklə yerinə yetirib, mənzildən çıxmaq üçün dəmirdən olan giriş qapısını açmışdım ki, blokdan gələn isti hava axını bildiriş kağızlarını üzümə çırpdı. Bəzilərini gözümün qabağında fırladıb yanıq verirmiş kimi başımdan səpələdi. Çiynimə qonan, üzümə yapışan, yerə düşən bütün kağızları topladım. Müxtəlif şirkətlərin reklam bildirişlərini səliqə ilə qatlayıb əlimdəki kağız tullantıları olan zibil paketinə qoyduqdan sonra digər əsas bildiriş kağızlarına baxdım. Su 13 manat, işıq 23 manat, qaz 59 manat gəlmişdi. “Kombi”ni çox işlətmədiyimə görə qaz normal idi. Bildirişləri əziz-xələf bir barat kimi pencəyimin içəridən döş cibinə, lap ürəyimin başına qoydum. Şikayətlənməyə bir əsas olmadığına görə vacib sənədlər olan qovuluğumu qoltuğuma vurub, səliqə ilə ayrı-ayrı yığdığım zibil paketlərini götürüb, başımın üzərində olan lövhəyə baxa-baxa, ağzımda dua mənzildən çıxdım.
Əlimdəki zibil paketlərini yerə qoyub, seyf qapının bütün qıfıllarını bağladım. Düz 7 dəfə, bəlkə də bir az artıq dəfələrlə silkələyib, əl dəstəyini aşağı-yuxarı edib, yoxladıqdan sonra zibil paketlərinin hərəsini bir əlimə götürüb, getdiyim yerdən asılı olmayaraq, həmişə özümlə götürdüyüm vacib sənədlər qovuluğu da qoltuğumda, bir gözüm qapıda yavaş-yavaş pillələri enməyə başladım… Əlimdəki zibilə baxanda döş cibimdəki bildirişlər yadıma düşdü. Ani olaraq “…zalım uşağı bayram günü də işləyir…” fikri beynimdən gəlib keçdi. Tez də artıq 4 gündür mənzildən çıxmadığımı xatırladıqda əmin olmaq üçün cibimdəki bildirişləri çıxarıb üzərindəki tarixləri gözdən keçirdim, hər üçü 5 noyabr 2021-ci il tarixinə aid idi. Ani olaqraq, – “Əsl bayram hədiyyəsi olub ki…” – fikri eynimdən keçsə də, tezcə bu axmaq düşüncəni başımdan qovaraq, özümü danlaya-danlaya zibil qutularına nə vaxt çatdığımdan xəbərim belə olmadı. Kağızlar olan paketi “radikal” qutuya, plastik qablar olan paketi isə “müxalif” qutuya məxsusi bir əda ilə, səliqəli şəkildə ərməğan edib, məhlədən çıxdım…
“MORE” Psixologiya Mərkəzi elə də uzaqda olmadığına görə gəzə-gəzə saat 9:30-da onun yerləşdiyi möhtəşəmliyi ilə məşhur olan şəhərin 1 nömrəli biznes mərkəzi olan “Yasəmən Plaza”nın qarşısında idim. Deyirdilər Xaliq müəllimin obyektidir. Yasəmən də katibəsinin adı imiş. Yasəmən çox fədakar, işini bilən, məsuliyyətli işçi olduğuna görə obyektlərindən birinə onun adını verib… Yasəmənin fədakarlığı, Xaliq müəllimin səxavəti barədə düşünə-düşünə 9:50-yə qədər plazanın yaxınlığındakı parkda gəzişdim. Vaxta 5 dəqiqə qalanda qara rəngli tibbi maskamı pencəyimin üst döş cibindən çıxardıb “taclı günlərimiz” başlayandan bəri ətir əvəzi həmişə özümlə gəzdirdiyim “püskürtmə spirt”dən üstünə bir az püskürdüb taxdım. Sonra 3 manata özüm üçün hazırlatdığım “kovidpasportu”mu əlimdə hazır tutaraq “Yasamən”ə ya sən, ya da mən deyib girişə doğru yönəldim. Burada təmtəraqlı qarşılama mərasimi gözləsəm də, belə bir hal olmadı. Liftin qarşısındakı basabası görüb, 4-cü mərtəbəyə pilləkənlə qalxdım. Düz vaxtında qəbul şöbəsində “piştaxta”da dayanmış xanımın qarşısında “farağat” vəziyyətində dayanmışdım. “Online” qeydiyyatıma baxıb, bəzi məsələləri dəqiqləşdirdikdən, bütün orden və medalların vəsiqələrini bir-bir yoxladıqdan, əvvəllər müayinə və müalicə olunduğum bütün xəstəxanalardan mənə verilən kağız-kuğuzların hamısını eynilə mənim kimi düz 7 dəfə, bəlkə də bir az artıq dəfələrlə silkələyib, ələk-vələk etdərək yoxladıqdan sonra birinci tanışlıq görüşü pulsuz olmaq şərtilə qazi olduğuma görə 75% endirimlə 1 seans üçün 150 manat ödəniş etməli olduğumu bildirdi. Düzü, gənc “piştaxtaçı” xanım bu 150 manatı elə işvə-nazla, elə avazla istədi ki, bu haqda artıq söz demək, sadəcə, günah olardı. Kirimişcə, cınqırımı da çıxartmadan sanki, üç dənə 5 qəpikliyi market kassasında xəzinədar xanıma «qəpiklər lazım deyil, qalsın» – deyə qaytarırmış kimi, sonuncu iş günü “bankomat”dan çıxartdığım şax “əllilik”lərdən üçünü “piştaxta”nın üstü ilə xüsusi əda ilə (mənim o vaxtım olmasa da, zabit olmağıma rəğmən bir az da ordudan yeni tərxis olunmuş əsgər havası qarışıq mücərrəd bir ruh halında) xanıma tərəf sürüşdürdüm. Sağ olsun, ab-havanı pozmadan, məxsusi bir nəzakətlə “əllilik”lərin üçünü də sürüşdürüb “piştaxta”nın görünməyən aşağı hissəsinə saldı. Bunu elə etdi ki, düz dörd gün böyük narahatlıqla cüzdanımda saxladığım, dəfələrlə sakitlikdə çıxarıb baxaraq boyunu oxşayıb-əzizlədiyim “əllilik”lərin görünməyən tərəfdə döşməyə düşməsindən narahat olmağa başladım. Fikrim orada qalmışdı ki, xanımın “44-cü otaqda Bənövşə xanım sizi gözləyir, sabahkı görüşün vaxtını özünüz orada təyin edərsiniz…” kal, yoğun, bayaqkı nəvazişdən əsər-əlamət qalmayan quru bir səs məni yenidən “piştaxta”nın qənşərinə qaytardı və anındaca dəhliz boyu addımlamağa vadar etdi… 44-cü otağa çatana qədər “…özünüz orada təyin edərsiniz…”, “…özünüz edərsiniz…”, “…edərsiniz…”, kəlmələri burğu kimi beynimi eşdi…
Boynunda bənövşəyi şalı, əynində üzərində ağlı, sarılı nərgiz çiçəkləri olan bənövşəyi donlu dolu, ortaboylu, ortayaşlı, gülərüzlü, xoş rayihəli bir xanım sanki məni gözləyirmiş kimi, mən qapının üzərindəki 44-ü oxuyub aydınlaşdırana qədər qapı üzümə açıldı. Otaqdan dəhlizə xanımın xoş rahiyəsi qarışıq bənövşə qoxusu da yayıldı. Mən içəri keçdim. Xanım qapını örtərək nazlana-nazlana öz kreslosuna keçdi. Otağın divar kağızları da bənövşəyi rəngdə idi. Pərdənin rəngini təyin edə bilmədim bənövşəyidir, yoxsa çəhrayı… Arada açıq göy və ya yaşıl rəngdə gözümə görünürdü… Çox sirli bir aləmə düşmüşdüm. Xanımın xüsusi ahəng və intonasiya ilə danışığı, arada gözünü süzdürüb dediyi sözləri baxışları ilə mənim qulaq və gözlərimə qədər müşayiət etməsi, gözlərimin düz içinə zillənmiş nəzərlərinin burnumun ucundan sürüşüb ağzıma düşməsi məni lap ovsunlamışdı. Mən içəri girəndən xanım xeyli danışsa da, ya heç nə eştmirdim, ya da eşitsəm də mənə çatmırdı. Tamam başqa dünyada idim. Çox keçmədi ki, xanım bunun fərqinə vardı. Yenə nəsə deyə-deyə kreslosundan qalxıb mənə yaxınlaşdı. Əlimdəki kağızlarla maraqlandı. “Piştaxta”çı qızın mənə verdiyi kağızlarla öz sənəd və həkim kağızlarımı, hətta bu günə qədər heç kimə etibar etmədiyim vacib sənədlər qovluğumu da qeyri-iradi ona verdim. Otaqda ondan başqa xanım olmadığına görə indi mənə yəqinlik hasil oldu ki, bu elə Bənövşə xanımım özüdür. Düzü, onu televizordan çox görmüşdüm. Ancaq televizorda gördüyüm xanıma oxşamırdı. Realda daha istiqanlı və mehriban adam təsiri bağışlayırdı. Bəlkə də yaşıd olardıq. Uzaqbaşı 1-2 yaş fərqimiz olardı. Bu arada onu da deyim ki, mənim 45 yaşım var. Bu dəfə kresloda deyil, pəncərənin önündə qoyulmuş divanda oturdu və mənə yanında yer göstərdi:
– Buyurun, İlqar bəy. Zəhmət olmasa burada əyləşin.
Öz adımı bu gözəl xanımın ağzından belə məlahətli səslə eşitməyim məni lap duyğulandırdı. Kövrəldim. Gözlərim yaşardı. Bənövşə xanım bunun fərqində idi ki, bir daha:
– Buyurun, buyurun… Əyləşin. – deyə təkrarladı.
Mən də keçib onun yanında oturdum. Yaxşı olmuşdu, üzü qapıya tərəf oturduğumuza görə daha pərdə gözümə dəymirdi. İkimiz də divanda üzü qapıya tərəf oturmuşduq. Divanın qarşısında balaca miz, onun üstündə isə şır-şır su axan balaca şəlalə maketi vardı. Bu maket və xüsusi ilə su səsi məni ciddi narahat etsə də, birtəhər dözürdüm. Necə deyərlər, ödüm ağzıma gəlsə də, dişlərimi qıcayıb birtəhər oturmuşdum. Otaqda işıq yanmırdı. Arada hardansa sanki uzaqdan asta bülbül səsi gəlirdi. Otaq hələ də rəngini aydınlaşdıra bilmədiyim açıq rəngli pərdədən süzülüb gələn işıqla işıqlanmışdı. Bənövşə xanım xüsusi bir əda ilə əyilib mizin altından bir qutu çıxartdı. Qutudan bənövşəyi və çəhrayı rənglərin bir-birinə sarıldığı burğulu üç şam götürüb səliqə ilə şamdana qoydu. Şamdanı mizin üstünə elə qoydu ki, istiqaməti qapı, şəlalə, pəncərə olmaqla sanki ikimizin arasından keçən xəyali bir çəpər-divar, arakəsmə yarandı. Dodaqaltı nəsə zümzümə edə-edə şamları qapıdan bizə tərəf olmaq şərti ilə yandırmağa başladı. Şamların üçü də yandıqdan sonra mizin üstündəki qədimi cürdəyə oxşayan vazanın içindəki “yeni il elektrodlarına” oxşayan çubuqları da bir-bir yandırdı. Arada mənə tərəf çevriləndə xoş rayihəli isti nəfəsini üzümdə və sinəmdə hiss etdikcə bihuş olurdum. Bir yandan şamlar, bir yandan da xüsusi qoxulu çubuqların tüstüsü… Lap nağıllar aləminə düşmüşdüm… Bir-iki dəfə qeyri-iradi:
– Təşəkkür edirəm, təşəkkür edirəm, – deyə Bənövşə xanımın eşidə biləcəyi tonda mən də dodaqaltı mızıldadım. Ancaq Bənövşə xanım ya mənim bu canı – dildən, sidqi-ürəkdən gələn təşəkkürnamələrimi qəbul etmədi, ya eşitmədi, ya da hər iki hal baş versə də, o, bunu büruzə vermədi. Düzü, belə gözəl, zövqlü xanımın saymazyanalığı məni bir az mütəəssir etdi… Ancaq mən də bunu büruzə vermədim. Ya elə bu vəziyyətdən çıxmaq, ya da bayaqdan zövq aldığım, indi isə məni sıxmağa başlayan ab-havanı dəyişmək məqsədilə sükutu mən pozdum:
– Xanım, bu “MORE” nə deməkdir?
Bənövşə xanımın bənövşə ətirli sözünü-söhbətini dinləmək üçün xüsusi iştaha ilə verdiyim suala sualla cavab aldım:
– Bəs, sizin öz versiyanız var? – Bənövşə xanım məndən soruşdu.
– Yəni mor rəngi.
–
– Onda qalır “more”, “more” dəniz…
– O da deyil. “MORE”, yəni “Mən” “Onu” “Ram” “Etdim”. Bu qədər bəsit və sadə. “MORE Psixologiya Mərkəzi” artıq uzun illərdir ölkəmizdə fəaliyyət göstərir. Azərbaycanın ilk bu yöndə xidmət göstərən mərkəzlərindən biridir. Ölkəmizin bütün iri şəhər və rayonlarında, hətta bəzi iri kəndlərində filiallarımız var. Kollektivimiz peşəkarlardan ibarətdir. Müntəzəm olaraq əməkdaşlarımız televiziya proqramlarına qatılır, bu sahədə xalqımızın maarifləndirilməsi prosesində fəal iştirak edərək, öz töhfələrini verirlər. Yəqin ki, sizin bütün bunlardan xəbəriniz var.
– Bəli, bəli,
– Mən bu sənədlərə əsasən – əlində və mizin üzərində olan mənim sənədlərimə işarə edərək – sizin hal-hazırkı vəziyyətinizlə demək olar ki, tanış oldum. Ancaq məsələni həll etmək, durumu düzəltmək üçün bunlar kifayət etməz. Həkim rəylərindən belə məlum olur ki, sizi mütəmadi olaraq, müəyyən məqamlarda narahat edən öymə halları sırf psixoloji problemdir. Yəni bunun fizioloji, bədənsəl olaraq heç bir əsası yoxdur. Bu gün vəziyyət belədir. Ancaq biz bu günə, heç olmasa bu problemin başladığı ilə baş verdiyi ilk hala gəlib çatmalıyıq. Bunun üçün siz lap uşaqlıqdan özünüz haqqında bir az, yaddaqalan əlamətdar hadisələrdən, sizi narahat edən problemlərdən danışsanız işimiz daha asan olar. Siz elə dünyanı xatırladığınız ilk gündən, ilk hadisədən başlayın, ardı öz-özünə yumaq çözümü kimi gələcək.
– …Və mən həmin gün evdəkilərlə görüşüb blokumuzdan çıxanda o maşınmı deyim, nasosmu deyim, bilmirəm… Həmin texnika – biz ona “suçəkən” deyirdik – blokun girişində yenə işləyirdi. Hələ mən çıxanda pencəyimin qolu da sürtünüb mazuta bulaşmışdı – qeyri-iradi pencəyimin qoluna baxsam da, sonra xatırladım ki, bu, o pencək deyil – texnikanın yanındakı işçilərə, uzun illərdir həyatımızı göy əsgiyə düymüş bu problemə biganə qalan hamıya dişimin dibindən çıxanı ucadan desəm də, tırhatırdan çətin ki, kimsə, nəsə eşitdi. Onlar eşitməsələr də, mən işimdə bir rahatlıq tapmış kimi, bir az gümrahlaşıb, qıvraq addımlarla binamızdan ayrıldım…
– Bu gün bu qədər kifayətdir.
Bənövşə xanımın diktəsi məni o günlərdən ayırdı. İlk olaraq gözümə mizin üstündəki şamlar dəydi. Şamların ikisi – yanındakılar tamam yanıb qurtarmışdı. Ortadakı şamın göyümsov sarı alovunun uzun dilləri isə son hop-gəllərini vuraraqellənə-yellənə tamam öləzimişdi və sönmək üzrə idi… Söhbəti xırp kəssəm də, sonra nə edəcəyimi bilmədiyimdən:
– Və mən…
– Siz indi gedin bir yaxşı dincəlin. Yaxşı olar ki, evə getməmiş bulvara tərəf gedəsiniz. Sonuncu dəfə bulvarda və ya başqa yerdə dənizin sahilində nə vaxt olmusunuz? Su şırıltısını nə vaxt eşitmisiniz? G….?
Bənövşə xanımın “Güşşşşş” və ya “Göşşşş” ilə başlamq istədiyi sonuncu cümləsi ağzında qaldı. Mən isə səhər-səhər içdiyim bir qurtum rəngli suyu fontan kimi ağzımdan mizin üzərinə fışqırda-fışqırda öz-özümə düşünürdüm: “…bura qədər yaxşı gəlmişdik, axır ki, zibili çıxdı…”. Mənim “fontanım”ın suyu ilə mizin üstündəki Bənövşə xanımın şəlaləsinin suları bir-birinə qarışmışdı. Düzü, nə edəcəyimi bilmirdim. Ağzım dolu olduğundan, sadəcə, başımla mizin üstündəki şəlalə maketinə davamlı işarə edə-edə qalmışdım… Bənövşə xanım sanki heç nə olmayıbmış kimi:
– Əla, əla… Narahat olmayın… Məsələnin əslini öz gözümüzlə də gördük…
– Ancaq xahiş edirəm sabah bu – maketə işarə edərək – “şəlaləni” buraya qoymayın. Olarmı?
– Əlbəttə, olar. Olar. Qoymarıq. Deməli belə, siz indi gedin yaxşıca dincəlin. Sabah saat 10:00-da birbaşa bura gələrsiniz. 4-cü mərtəbə, 44-cü otaq, Bənövşə xanım.
– Oldu, – deyib yarı islanmış, yarı quru kağız-kuğuzumu mizin üzərindən yığışdırıb, peşman-peşman otaqdan çıxdım…
Bu əzəmətli binadan gəldiyim kimi də ayrılmağın dilxorluğu ilə baş-başa nə vaxt öz blokumuzda, öz mənzilimin, 3 qıfıllı dəmir seyf qapısının qarşısına çatıb dayandığımdan heç xəbərim olmadı. Yalnız indi xatırladım ki, evə qayıdanda çörək almalıydım. Məcburən həyətdəki mini marketə düşməli oldum. Bir çörək alıb, çıxmaq istəyirdim ki, satıcı xanımın: “Başqa nə?”- sualı məni yenidən rəflərə baxmağa məcbur etdi:
– Bax bir dənə bundan verin.
– Başqa?
– Bir dənə də bundan.
– …
– …
Əlimdə, qolumda yer qalmadığını görən satıcı xanım: – “İstəyirsiniz uşağı çağırım sizə kömək etsin, müəllim? Ya da lap elə özüm indi buranı bağlayıb sizə kömək edərəm. Axı biz qonşuyuq…” – deyə bir az qayğılı, həm də sual dolu baxışlarını üzümə zillədi.
– Yox, canım. Nə danışırsınız? Lazım deyil. Çox sağ olun. Budu, buradı. İndi qalxıram yuxarı.
Mənə satdıqlarının pulunu ödədikdən sonra mən də məcburi təbəssüm edərək, oradan ayrıldım. Yenidən öz alınmaz qalamın giriş qapısına dayanmışdım ki, qapıda yeni bildiriş qoyduqlarını fərq etdim. Qapıdakı açar yerinə səliqə ilə yerləşdirilmiş bükülü kağızı götürüb açdım. Qırmızı rəngli qələm ilə səliqəli xətlə yazılmış “JEK”-in bildirişi idi: “Xəbərdarlıq! Bu ayın sonuna qədər istismar xərclərini və zibil pulunu ödəməsəniz sizi məhkəməyə verəcəyik”. Qeyri-iradi: – “JEK nədi?” – deyə-deyə kağızı əvvəlcədən büküldüyü kimi mən də səliqə ilə büküb blokun açıq pəncərəsindən çırtma atışı ilə bayıra uçurtdum. Qıfılları bir-bir açdıqdan sonra sonunda nəhayət ki, mənzilə daxil ola bildim. Səmimiliyimə inanın. 18 yaşına qədər kənddə böyümüş, sonra isə demək olar ki, ömrünün çox hissəsini dağda-daşda keçirmş bir adam üçün qapı açıb-bağlamaqdan ta bu “JEK” söhbətlərinə qədər hamısı çox yorucu və olduqca ağrılı məsələdir…
Mənzilə daxil olan kimi əlimdəkilər masanın və divanın, əynimdəkilər isə çarpayının üstünə getdi. Yaxşı-yaxşı yuyunub, spirtləndikdən sonra artıq neçə gündən qalma olduğunu unutduğum içərisində su olan çaydanın altını yandırdım. Çaydan fit verənə qədər heç nə düşünmədən mətbəxin pəncərəsindən sakit küçəmizə, balaca parka və bir az aralıda ucalan “Alov Qüllələri”nə nəzər salıb, diqqətimi sonuncunun üzərində cəmlədim. Üzərində artıq iki ildir “Evdə qal!”, “Biz birlikdə güclüyük!”, hərdən dalğalanan üç rəngli bayrağımızı və çox vaxt alov dilləri görməyə adət etdiyimiz bu qüllələr şəhərimizin yeni simvollarından birinə çevrilmişdi. Artıq qüruba doğru yönəlmiş payız günəşinin qırmızıya çalan tünd narıncı rəngi qüllələrin parlaq şüşələrindən əks olunaraq cazibədar mənzərə yaratmışdı. Bu arada Şəhidlər Xiyabanına – Teleqülləyə tərəf olan birinci qüllədə troslarla asılı vəziyyətdə şüşələri silən “alpinistlər” diqqətimi çəkdi. Maraqlıdır, demək olar ki, Gün batmağa başlasa da, iş hələ davam edirdi… “Alpinist” sözü ağlıma gələn kimi, “əcaba, bu zözün Alp dağları ilə bir əlaqəsi varmı?” – deyə yeni bir sual beynimə işlədi. Sonra beqəfil Qalaya yalın əllərlə dımaşan əsgərləri xatırladım… Yəqin elə təcrübəsi olan qazilərimizi də belə xüsusi bacarıq tələb olunan yerlərdə işlə təmin edirlər… Qəfil fit səsi bütün fikirləri başımdan qovdu. Fitli caydanı icad edənin atasına rəhmət oxuya-oxuya qazı söndürüb. Özümə bir fincan rəngli qaynanmış su hazırlayıb “Nina bağı”na yollandım…
Çayımı udumlaya-udumlaya arada briqadirə ”whatsapp”da yazdım ki, gəlmişəm, evdəyəm. Ancaq həm çox yorğunam, həm də artıq axşamdır, sabah yenə gedəcəm, İnşəAllah, birisi gün işə çıxaram.
Sağ olsun, o da yazdı ki, narahat olmayın, öz işinizdə olun…
Günü hər gün təkrar olunan öz işlərimlə başa vurub, yerimə uzananda artıq gecə yarıdan keçmişdi… “Redmi”də axşam ibadətlərimi yerinə yetirə-yetirə nə vaxt yuxu tutub, biləmişəm. Bir də oyandım ki, saat 6:30-dur. Adətim üzrə yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayıb bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa” və “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi düz 7 dəfə, bəlkə də bir az artıq… “Nina bağı” ziyarəti də daxil olmaqla seyvan keyfindən sonra hər evdən çıxanda düz 7 dəfə, bəlkə də bir az artıq təkrar-təkrar qaz, su, işıq yoxlamalarını dəqiqliklə yerinə yetirib, mənzildən çıxdım. Gəzə-gəzə öz-özümlə söhbət edə-edə nə vaxt 44 nömrəli otağın qapısına çatım, heç özüm də bilmədim. 44-ü görən kimi qeyri-iradi burnuma bənövşənin məxsusi qoxusu gəldi. Yalnız bu anda olub-keçənlərin fərqinə vardım. Dərhal telefonda saata baxdım. Məlum oldu ki, hələ vaxta 5-6 dəqiqə var. Qayıdıb vaxtı gözləmək istəyirdim ki, qapı açıldı… Həmin tanış rayihə, o həlim səs… Bənövşə xanım məni içəri dəvət etdi. Artıq şamdanlı miz bizi dinləməyə hazır idi. Əlavə sual vermədən Bənövşə xanım divanda dünən oturduğu yerdə əyləşərək, mənə də əli ilə yanında yer göstərdi. Yalnız bundan sonra: – “Tam rahat və sərbəst olmaq üçün istəsəniz üst geyimini çıxarda bilərsiniz”- dedi.
– Xeyr, nazik və yüngüldür. Qalsın. – deyə-deyə keçib öz yerimdə əyləşdim…
Şamlar yanır, “elektrodlar” tüstüləyirdi. Çox astadan həzin, yuxugətirici çin melodiyası səslənirdi…
– Hə, harda qalmışdıq? – Sükutu bu dəfə Bənövşə xanım özü pozdu. Sanki vaxtı boşa verməmək istəyi kimi bir ahəng hiss etim səsində.
– Deməli, “mən həmin gün evdəkilərlə görüşüb blokumuzdan çıxanda o maşınmı deyim, nasosmu deyim, bilmirəm… Həmin texnika – biz ona “suçəkən” deyirdik – blokun girişində yenə işləyirdi. Hələ mən çıxanda pencəyimin qolu da sürtünüb mazuta bulaşmışdı…” – Bax orada qalmışdıq.
– Bu məsələni bir az da dəqiqləşdirib, elə ordan davam edək. O nə “suçəkən” maşın idi elə, orda işləyirdi?
– Deməli, belə, Bənövşə xanım. Qeyd etdiyim kimi, mənim uşaqlığım kənddə nənəmgildə keçib. Ancaq o vaxtlar da – “sovet dövrü” tez-tez atamgilə, yəni bu evmizə gəlirdim. Elə yaranandan məndə hər şey tərsinə olub. Uşaqlar yayda dərs bağlananda kəndə nənəsigilə gedəndə, mən əksinə, yayda dərs bağlanan kimi Bakıya atamgilə gəlirdim. Bunu niyə qeyd edirəm? Həmin vaxtlar binamızın, yəni bu binanın – atamgil yaşayan binanın zirzəmisi qupquru olardı. Çünki uşaq vaxtı yadımdadır ki, ora girməyi nə qədər qadağan etsələr də, maraq güc gələndə bir neçə dəfə uşaqlarla ora girmişdik. Dəmir seyf qapısı olsa da, heç vaxt bağlı olmazdı. Qupquru, tərtəmiz zirzəmi idi. Ancaq 90-lardan sonra artıq bu təmizliyin izi-tozu qalmadı. Əvvəllər su olmasa da… – burada məni yenə quru öymə tutdu…
– Ara verin, dincəlin… – deyə Bənövşə xanım mənə əli ilə də sərbəst olma işarəsi verdi.
– Narahat olmayın, indi keçib gedəcək… Məşədi İbad demişkən, artıq “bir nöö adətkərdə olmuşam…” – özümü toxdadıb davam etməyə başladım. – Deməli, hə, orda qalmışdım axı… İlk vaxtlar quru olsa da, zibil atmağa başladılar. Külək başqa yerlərin zibillərini də gətirib bizim zirzəmiyə yığmağa başladı. Arada-bərədə ya binanın sakinləri, ya süpürgəçilər təmizləyirdilər. Sonra ölkəmizin müxtəlif bölgələrində xidmətdə olarkən məzuniyyələrə və ya qısa müddətdə valideynlərimə baş çəkməyə gələndə artıq zirzəminin su ilə dolmuş gördüm. Ordudan tərxis olunub həmişəlik valideyinlərimin yanına yerləşəndən sonra bizim zirzəmisi su ilə binamıza “Şır-şırlı bina” deyildiyini öyrəndim. Düzdür, mütamadi olaraq həmin o suçəkən maşın tırhatır işlədiyinə görə ətraf binalarda yaşayanlar “Tır-tırlı bina” desələr də, çox adam, ələlxüsus nabələdlərin neçə dəfə ya telefonla, ya da elə-belə “Şır-şır”ın yanındayam və ya “Şır-şır”ın yanına gəl deyə, buranı belə təqdim etdiklərinin şahidi olmuşdum. Hətta binamızın birinci mərtəbəsində “Şır-şır” adlı kafe də vardı. Ancaq bu yumurta-toyuq məsələsi kimi bir şeydir. Bilmirəm, şır-şırdan ilhamlanıb kafenin adını belə qoyublar, yoxsa kafeyə görə bina belə tanınıb… Nəsə, sözüm onda yox, suçəkən maşını elə tırhatır işləyə-işləyə “Şır-şır”ın başında qoyub getdim bu məlum 44 günlük müharibəyə. 26 sentyabr 2020-ci ildə artıq tam hazır vəziyyətdə Tərtər yaxınlığında olan toplanış məntəqələrindən birində nəsə olacağını gözləyirdik. Deməli, mən bu “Şır-şır”lı binamızdan hardasa bir həftə əvvəl ayrılmışdım. Bəlkə də bu tarix lap dəqiqi 20 sentyabr 2020-ci ildir. Yəni bu tarixdə bizim zirzəmini ağzına qədər çirkab su ilə dolu qoyub getmişdim toplanışa… – Quru öymə məni yenidən tutur.
– İstəyirsinizsə, bir az dincəlin…
– Hər şey öz qaydasındadır.
– Üzr istəyirəm, bəs bu qədər çirkab su haradan toplanır oraya? – Bir az da ehtiyatla Bənövşə xanım məndən soruşur.
– Elə öz binamızın kanalizasiya suları, kafe və digər iaşə obyektlərindən axan çirkab sular. Hətta deyirdilər, qonşu binanın da murdar suları ora axır… – Məni əməlli-başlı öymə tutur, məcbur olub ayağa qalxmalı oluram.
– Siz çıxın 10 dəqiqə dəhlizin sonundakı açıq eyvanda havanızı dəyişin, mən də həm şamları, həm də otağın havasını dəyişim.
– Dəhlizlə sağ tərəfə gedim, eləmi?
– Bəli. Elə gəldiyiniz tərəfə düz, sona qədər.
Deyilən eyvana çıxsam da, siqaret çəkənlərin ucbatından bir udum təmiz hava ala bilmədim. Zalım uşağı bina tikənlər də o boyda binaya 1×1 balaca bir eyvan qoyublar. İki nəfər eyni vaxtda dayansa gərək bir-birinin ağzınının içinə girsin… Nəsə, qayıtdım yenə 44-ə. İçəri girən kimi də Bənövşə xanım heç otrmamış işarə etdi ki, davam edə bilərəm.
– Bəli, buyurun. Davam edin. Sərbəst olun.
– Hə. Deməli, artıq əks-hücum əməliyyatları başlamışdı. Təxminən 5-6 gündən sonra bizim bölməni digər cəbəhəyə – Füzuli istiqamətinə göndərdilər. Müharibədəki qalan günlərimi düz Xankəndinə, yəni Şuşaya qədər o istiqamətdə keçirdim.
– Döyüşlər barədə daha ətraflı danışa bilərsinizmi?
– Düzü, vallah, tam səmimi danışmağa elə bir şey yoxdur. İşdə müharibə. Yanında dostlar-tanışlar ölür, yaralanır… Cürbəcür müxtəlif hadisələr… Bir onu deyə bilərəm ki, sanki heç nə hiss etmirsən. Baş verənlərin sənə heç bir aidiyyəti yoxdur. Ölümdür, o da nə vaxt gələr, gəlsin… Təxmini bax belə bir ab-havanın içərisində olur insan. Yəni daha dəqiqi mən döyüşlər başlayandan 2-3 gün sonradan bitənə qədər, bəlkə elə indi də beləyəm…
– Aydındır. Bəs sonra? – bu sual lap məhlədəki mini marketin qadın satıcısının sualına oxşadığından ani olaraq üzümə təbəssüm qondu. Bənövşə xanım da bunu hiss etmiş olmalı ki:
– Niyə gülürsünüz? Nəyi xatırladınız? Nə yadınıza düşdü? – məni sual atəşinə tutdu.
– Heç…
– Siz necə düşünürsünüz, orda nə baş verib ki, sizə belə təsir edir? Döyüşlər vaxtı heç yaralanmısınız?
– Bir neçə dəfə yüngül yaralanmışam. İndi də bədənimdə, onurğamda qəlpə var. Ancaq bu ötən bir il ərzində həm burada, həm də Türkiyədə yoxlamadan keçmişəm. Bu işin onlarla heç bir əlaqəsi yoxdur. Həkim kağızlarını da sizə verdim, baxdınız.
– Bəli, sənədlərə əsasən bu belədir. Bəs yaxşı, bu öymələr siz döyüşdə olanda da baş verirdi?
–
– Bəs bu hal ilk dəfə nə vaxt baş verdi?
– Müharibədən sonra müalicə aldığım hospitaldan çıxıb evimizə gələn birinci günün axşamı.
– Bu necə baş verdi?
– Hə. Deməli, belə. Mən elə həyətimizə girən kimi gözlərimə inana bilmədim. Şır-şırdan, tır-tırdan əsər əlamət qalmamışdı. Binanın başındakı “Şır-şır kafe” dən əlavə. Həmişə “Tır-tır” maşın dayanan binanın giriş qapısı olan yan tərəfdə də “Şır-şır” yazılmış su damcısı işarəli böyük mavi rəngli plakat və onun altından zirzəmiyə giriş var idi. Mən gələndə axşam olduğuna görə qırmızı yazılı kafe açıq olsa da, mavi yazılı bağlı qapılı yerin nə olduğnu anlaya bilmədim. Yaxınlıqda üstünə su damcısı işarəli mavi rəngli “Şır-şır” yazılmış avtomobillər də diqqətimi çəkdi. Ancaq düzünə qalsa, zirzəminin tam qurudularaq istifadə olunması, həyətimizin belə abadlaşdırılması məni çox sevindirdi. Bu ilk müsbət təəssürtaların təsiri altında 4-cü mərtəbəyə nə vaxt qalxdığımı, evə necə girdiyimi heç indi də xatırlamıram. Evdəkilər gəlişimi gözləsələr də, çox sevindilər. Axşam hospitaldan buraxılacağımı bildiklərinə görə günortadan süfrə açıb məni gözləyirmişlər. Mən də içəri girən kimi əynimi dəyişib, yuyunub otrdum süfrəyə. Televizor da həmişəki kimi açıq idi. Arada oğlumun suallarına cavab verə-verə televizora baxır, süfrədə olanlardan məşğulat edirdim. Qəfil ekranda mavi rəngli su damcısı şəklindəki “Şır-şır” yazılı su daşıyan avtomobili reklam çarxında görən kimi ani olaraq bu mənzərə tanış gəldi və məni ilk dəfə öymə tutdu. Vanna otağına qaçmağa məcbur oldum. Anam da tibb işçisi olduğuna və bir neçə dəfə yaralandığımı, hələ Birinci Qarbağ müharibəsindən kontuziyalı olduğumu bildiyinə görə o saat sorğu-suala tutub, bərk yıxılıb-yıxılmadığımı, başımın əzilib-əzilmədiyini öyrənməyə çalışıdı. Bütün sualların sonunda da bax belə deyirdi: – “ta yekə oğlansan, düzünü de…”
– Bəs siz nə cavab verirdiniz?
– Nə deyəcəm? Olanı. Neçə dəfə yanıma mərmi düşüb partlamışdı. Bir dəfə kabinəsində olduğum “Kamaz” özü də mən oturduğum tərəfdən minaya düşüb. Başım-beynim o qədər silkələnib ki… Səhəri günü yeni halla bağlı, yeni şikayətlə hospitala, sonra da başqa bir özəl klinikaya yoxlanmağa getdik.
– Hospitaldan sonra özələ getməyə nə ehtiyac var idi?
– Düzü, mənə qalsa, ehtiyac yox idi. Ancaq anam dedi ki, bunlar çox soyuq münasibət göstərdilər. Hər şey də başdan getdi… Belə olmaz, dəqiq yoxlanmalısan. Sonucda həkimlər də, aparatlar da anam deyəni təsdiqlədi. Hamı bir fikrə gəldi ki, bu öymə kəllə-beyin silkələnməsinin nəticəsidir. Yazdılar, pozdular. Evə gələndə də bütün yazılan bahalı-bahalı iynə-dərmanların hamısını alıb gəldik. O gündən düz bir ildir müalicə olunsam da, xeyri olmayıb.
– Bayaq bir söz dediniz. Dediniz ki, ilk dəfə ekranda “Şır-şır” yazılı maşını görəndə bu sizə tanış gəldi. İndi xatırlaya bilirsinizmi, ilk dəfə “Şır-şır” yazılan su maşınını harada görmüşdünüz?
– Bəli. İlk dəfə üzərində “Şır-şır” yazılan su maşını biz Xocavənddə olanda su gətirmşdi. Sağ olsunlar, hələ onlar üzərində belə yazılmış səyyar hamamları da var idi. Bir dəfə o hamamda da ləzzətlə çimmişəm. Bilirsiniz, insanlar bəzən çox naşükür olurlar. Heç nəyin qədir-qiymətini bilmirlər. Müharibə başlayandan bir aydan artıq idi çimmirdik. Düzü, heç çox vaxt içməyə, əl-üzümüzü yumağa su tapmırdıq. O ki qaldı çimmək ola. Paltarlarımız da dəfələrlə yağış zamanı əynimizdə islanıb, qurumuşdu. Belə bir vaxtda biz Xocavənddə olanda bu səyyar hamam maşını gəldi. Təsadüfən bizim bölmə bir gün orada dincələcəkdi. Biz də yaxşıca çimib dincəldik. O gün heç vaxt yadımdan çıxmaz…
– Deməli, “Şır-şır” yazılı ilk su maşınını Xocavənddə görmüşdünüz, sonra ekranda görüncə həyətdəki avtomobilləri, eyni yazılı ofisi xatırlayıb öyməyə başlamısınız.
– Bəli. Təxmini, bəlkə də ən dəqiqi vəziyyət belədir.
– İndi yenə həmin binada yaşayırsınız?
– Türkiyədə xəstəxanada müayinə qabağı söhbət etdiyim psixoloqun tövsiyəsi ilə Azərbaycana qayıdan kimi valideynlərim orada qalsalar da, mən ailəmlə birlikdə yeni mənzilə köçmüşəm.
– Bax, bu, yaxşı haldır. Sizə də qazilərə verilən mənzillərdən veriblər?
– Əvvəlcədən belə bir fikrimiz, yəni hazırlığımız var idi. İş belə olunca valideynlərimiz də kömək etdi, tez bir ev alıb köçdük. Ancaq evi yaxın bir qohumun adına almışıq. Adım qazi kimi siyahıda var. Növbəm çatanda mənə də ev verəcəklər.
– Ailədə neçə nəfərsiniz?
– 6 nəfər. Həyat yoldaşım, 2 oğlum, 2 qızım.
– Harda işləyirsiniz, peşəniz nədi?
– Hal-hazırda icra hakimiyyətində işləyirəm.
– Nə işə baxırsınız?
– Vallah, bir ixtisasım hərbçidir. Peşəkar zabitəm. İkinci ixtisasım da tarix müəllimi. Amma, hal-hazırda bağban işləyirəm.
– Çox gözəl. Bəs nə yaxşı belə alınb?
– Hə. Bu da uzun məsələdir. Deməli, ordudan tərxis olunan ili Bakı Təhsil İdarəsinin Bakı məktəblərində boş olan “Hərbi rəhbər” vəzifələrinə keçirdiyi işə qəbul imtahanlarında iştirak etdim. 40 mümkün baldan 39 bal toplamışdım. Bu test-imtahandan əlavə, bir neçə mərhələdən də keçdik. Yadımdadır ki, hələ bu 40-dan 39 məsələsinə görə müsahibə mərhələsində məni əməlli-başlı sıxma-boğmaya salmışdılar ki, birdən nəsə hətərən-pətərən söhbət olar. Gördülər yox, hər şey normaldır. Necə deyərlər, anadangəlmə “oxuyan uşağam”, növbəti -vakansiya seçimi mərhələsinə buraxdılar. Yer seçdim, düşdüm 45 nömrəli məktəbə. Bakı Təhsil İdarəsinin göndərişi ilə getdim ora. Məktəbin direktoru xanım idi. Yazıq bir sevinirdi ki… 5-10 dəqiqə yanında oldum. Bəlkə 10 dəfə soruşdu ki, mənə kömək edəcəksinizmi? Məktəbə kişi müəllim gəlməsinə çox sevinirdi. Prosedur gərəyi bu məsələ rayon səfərbərlik idarəsi ilə də razılaşdırılmalı idi. Məktəbin direktoru rayon səfərbərlik idarəsinə müraciət yazıb verdi, getdim ora. Deməli, mən içəri girəndə kimi ki, məni – sənədi qəbul edəcəkdi, artıq mobil telefonla danışırdı. Eşitdiyimi, onun ağzından çıxan kimi sizə çatdırıram: – “…Ayə, narahat olma. Bakı Təhsil məndən xəbərsiz imtahan keçirdib göndərib onları. Təkcə sənin yerinə deyil, bütün məktəblərə göndəriblər. Boş şeydi. Ürəyini buz kimi saxla. Mən dabro verməsəm, onlar nə karədir… İstəyirlər lap 100 adam göndərsinlər. Sən başını sal aşağı, işinlə məşğul ol…” – nəsə gözlədim danışdı qurtardı. Gəlişimin səbəbini deyəndən sonra məlum oldu ki, mən elə bu adamın yanına gəlmişəm. Sənədlərimə və məktəb direktorunun yazdığı müraciətə baxdı. Dedi ki, müraciət düzgün formada yazılmayıb. Nəsə, düz 3 dəfə mən o müraciəti dəyişmək məcburiyyətində qaldım. Sağ olsun məktəb direktoru, etiraz etmədən 3 dəfə müraciəti yenidən yazdırıb, möhürlədi… Ancaq sonuc olaraq, mən o məktəbdə işləyəsi olmadım.
– Bəs nə yaxşı tarix müəllimi işləmirsiniz?
– Elə bilirsiniz onu yoxlamamışam? Onu da düz 3 dəfə yoxlamışam. MİQ-dəki, rəngli kağız əməliyyatları, vaxt və suallarla manipulyasiyalar… Nəsə, sonuncu dəfə 60-dan 46 bal toplamışdım. Əslində bu ikinci ixtisası almaqda məqsədim ən ucqar dağ kəndlərinin birində müəllim işləmək olub. Elə ona görə də səfərbərlik idarəsinin mənə öz xətti ilə yazıb verdiyi şəxsi mobil nömrəsinə zəng etmədim. Çünki Bakıdansa rayonların birində ucqar kənddə müəllim işləmək mənə daha maraqlı, cazibədar və eyni zamnda faydalı görünürdü. İki tur başa çatdıqdan sonra yenə vakant yerlərdən heç birinə düşə bilmədim. Maraqlıdır ki, artıq adını əzbər bildiyim dağ kəndləri var idi ki, hər dəfə seçimlərdən sonra oranı seçsəm də, nə mən o məktəbə düşürdüm, nə də o yer dolurdu. Yer vakant, mən isə işsiz qalırdım. Belə günlərin birində elan gördüm ki, Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Kamalzadə namizədləri qəbul edir. Mən də elektron qaydada qəbula yazıldım. Sağ olsun, qeyd olunan vaxtda qəbuluna düşə bildim. Bu sualı eynilə ona verdim ki, necə olur, hər seçimdən sonra belə yerlər boş qalır, biz də işsiz? O, sadəcə, çiynini çəkib, masanın üzərindəki kompüterə işarə etdi və dedi: – “Bizlik bir şey yoxdur”. Mən bir az da irəli gedib bildirdim ki, bəlkə istisna hallar kimi mənim üçün nəsə etmək olar, Bakı istəmirəm ki, hər il, hər dəfə boş qalan və ya gənc qızların bir illik tutub getmədikləri ucqar bir dağ kəndində ömrümün sonuna qədər müəllim işləmək istəyirəm. Cavab isə qəti olaraq belə oldu: – “Biz siz deyən kimi eksklüziv heç nə edə bilmərik…”. Və mən bu görüşdən sonra MİQ imtahanlarında iştirak etmədim. Sonra da müharibə başladı. Yenidən ordu. Yenidən hospital. Və görürsünüz ki, indii də sizin qəbulunuzdayam.
– Bəs, bu bağbanlıq nə məsələdir?
– Hospitaldan çıxandan sonra bir neçə dəfə çağırıb yoxladılar. Və son qərar belə oldu ki, heç bir əlillik dərəcəsindən söhbət gedə bilməz. Bu yaralar hamısı yüngül yaradır. Onurğada və bədənimin digər yerlərində qalan qəlpələr də elə-belə, ziyansız müharibə yadigarlarıdır. Zamanla onları da çıxartmaq olar. Kənardan baxanda, bir də bu şoğərib televizorda həyat tamam başqa cür görünür. Ona görə də real həyatda olanlarla heç kim barışmaq istəmir. Məsələn, bax mənim artıq bir ildir əziyyət çəkdiyim bu öymənin heç bir adı yoxdur. İstər kəllə-beyin travması kimi, istərsə də indi siz, sizdən əvvəl də türk həkim-psixoloqların araşdırdığı hal kimi. Halbuki gecəm-gündüzüm yoxdur. Bir də ki, indi nəinki hər adama əlillik təyin etmirlər, hətta Birinci Qarabağ müharibəsi iştirakçılarından çoxunun təqaüdlərini kəsiblər. Məsələn, nə qəzetdən oxumursunuz, nə kitabdan. Real mənim iki sinif yoldaşım olan şəxsən tanıdığım Birinci Qarabağ müharibəsi iştirakçısının 25 ildən artıq zaman ərzində aldıqları təqaüdləri kəsiblər. Halbuki onlar hələ o zaman ağır yaralar aldığına görə müharibə getdiyi zaman ordudan tərxis olunmuşdular. Və elə o vaxtdan da onlara təqaüd təyin olunmuşdu. Bunları dəqiq bildiyim üçün sizə dedim. Yeni mənzil almaq, davamlı müayinə və müalicələr, bunların hamısı pul tələb edir. Əldə-ovucda nə var idi hamısı getdi. Əslində mənim heç işləmək fikrim yox idi. Mən DOST mərkəzinə sosial müavinət almaq üçün məsləhət almağa getmişdim. Oradakı dostlardan biri hərtərfli məni sorğu-sual edəndən, səndədlərimlə tanış olandan sonra başa saldı ki, əmi, mütləq yarımştat da olsa, işləmək lazımdır. Dedim ki, ta işim olandan sonra yardımı neynirəm ki, elə maaşımla başımı aşağı salıb birtəhər dolanaram. Mənə nə desə yaxşıdı? Dedi ki, əmi, uşaqlar çox balaca olsa idi, həyat yoldaşınız işlədiyinə görə siz işsiz olsanız da, sosial müavinət ala bilərdiniz, ancaq indi uşaqlar böyükdür. Siz sosial müavinət almaq üçün gərək adınıza bir iş olsun. Mənim də matım-mutum qurudu, qaldım belə. Sağ olsun, uşaq elə şirin-şirin danışdı ki, heç nə deyə bilmədim. Elə onun məsləhəti – göndərişi ilə getdim icra hakimiyyətinə. Orda da, sağ olsunlar, elə həmin gün qazi olduğuma görə məni işlə təmin etdilər. İndi 270 manat oradan maaş alıram, təxminən bir o qədər də sosial müavinət, üstəgəl, müharibə veteranı olduğuma görə 80 manat da Prezident Təqaüdü alıram. Hayat yoldaşım da elə bunların cəmi qədər maaş alır. Min şükür, dolanırıq. Bax belə. Başqa nəyin aidiyyəti ola bilər, sizcə, bu “ÖYMƏ” məsələsinə?
– …
– Hə. Bənövşə xanım nə düşünürsünüz?
– Məncə, bütün məsələnin kökü indi o sizin valideynlərin yaşadığı binanın zirzəmisindəki “Şır-şır”dadır. Ancaq biz bu məsələni belə bir-iki görüşdə həll edə bilməyəcəyik. Və onu da əlavə edim ki, sizin də yeni ödənişlər etmənizi heç istəmirəm. Əksinə, bax sizin ödənişinizdən mənə çatan bu 75 manatı da sizə qaytarıram. Artıq heç bir söz və təklif qəbul etmək istəmirəm. Və bu da mənim ”whatsapp” nömrəm – deyə əlindəki kağız parçasını mənə uzadaraq davam elədi – hər gün 20:00-23:00 arası istədiyiniz vaxt görüntülü yığıb mənimlə söhbət edə, məsləhətləşə bilərsiniz. Əgər bunların heç birini etməsəniz də, nəticə barədə məni mütləq xəbərdar edərsiniz. Ancaq bir məsələni özüm üçün dəqiqləşdirmək istəyirəm. Siz heç olmasa bir dəfə o ofisə daxil olub, maraqlanmısınızmı görüm bunlar burada nə işlə məşğuldurlar? Nə edirlər? Bəlkə onların heç bu məsələyə aidiyyəti yoxdur?
– Oldu! – Bənövşə xanımın bu səmimiyyəti və comərdliyi qarşısında əlavə heç nə deyə bilmədim. Pulu və kağızı alıb ürəyimin başına – içəridən döş cibimə qoydum. Yalnız indi şamların artıq çoxdan söndüyünü fərq etdim. Çevrilib pəncərəyə baxdım. Hava qaralmaq üzrə idi… Bənövşə xanım da bunun fərqinə varmış olmalı ki, mizin üstündəki “basma qələm”lərdən birini götürüb düyməsini basan kimi divarlardakı lampalar yandı. Şamlar yanmasa da, otaqda olan ab-hava demək olar ki, dəyişməmişdi. Söhbətdə yaranmış bu qısa fasilədən sonra mən davam etməyə başladım:
– Bilirsiniz, Bənövşə xanım, əlbəttə, mən orada olmuşam. Bir yox, bir neçə dəfə olmuşam. Onlar binanın altında yerləşən bütöv zirzəmini ortadan bölüblər. Orada özlərinə ofis və ambar yaradıblar. Ofis və ambar olan hissəni yaxşı təmir ediblər. İçəri girəndə zirzəminin əvvəlki halından xəbərsiz olan adamın heç ağlına da gəlməz ki, bu divarın arxasında necə çirkab su ola bilər. Ambarın çirkabla arakəsmə divarında çoxlu sayda su krantları var. Düşünə bilirsiniz? O krantlardan gələn su ilə üzərinə “Şır-şır, kəhriz suyu yazılmış 25 L” plasmas su qabların doldurub, təmiz su adı ilə müxtəlif təşkilatlara, ofislərə, mənzillərə xidmət göstərirlər. Mən neçə dəfə ciddi maraqlanmışam. Deyirlər ki, bütün sənədlərimiz var, məhsulumuz laboratoriyalardan keçib, bu krantlar olan divarın arxasında xüsusi su təmizləyici, suyu insan orqanizmi üçün vacib mikroelementlərlə zənginləşdirən, ionlaşdıran, yodlaşdıran, nə bilim nə edən çoxfunksiyalı filtirlərimiz var. Hər axşam maşınlarla boş su qabları gəlir. 24 saat fasiləsiz içəridə qablar doldurulur. Gün ərzində də səhər saat 9:00-dan axşam saat 18:00-a kimi istirahət günü də daxil olmaqla, hər gün müştərilərə çatdırılır. İnternetdə, televizorda, hər yerdə də reklamları gedir. Yazıq camaat nə bilsin ki, bu kəhriz hansı binanın zirzəmisində qaynayır? İnanın, tam səmimi deyirəm, həyəti elə gözəl təmir ediblər. Ofisləri elə təmiz, elə səliqəlidir ki, məhləyə birinci dəfə gələn adama mən indi sizə danışdıqlarımı heç cür inandırmaq olmaz. İlk əvvəl mən köçüb bu bəladan canımı qurtarmaq istədim. Fikirləşdim ki, görməsəm, yadıma düşməz, rahat olaram. Ancaq belə olmadı. Hər Xocavənd yadıma düşəndə, hər onların reklamını, ya maşınlarını şəhərdə görəndə özümü saxlaya bilmirəm. 85 kiloluq adam əriyib qalmışam 53 kilo. Tez-tez xəbərlərdə görürük ki, nəzarətçilər qanunsuz su xətlərinə qoşulmuş kafelərin, “moyka”ların su xətlərini kəsirlər, sahibkarları cərimələyirlər. Bina sakinləri neçə dəfə şikayət ediblər. Nəzarətçilər gəlib yoxlayıb gedirlər. Qeyri-qanuni qoşulma yoxdur deyirlər. Şirkətin də bütün sənədləri qaydasıda. İşçilərin maaşını, dövlətin vergisin vaxtında verir. Hələ üstəlik, xeyriyyəçilklə də məşğuldur. Müharibə vaxtı cəbhəyə nə qədər təmənnasız yardım edib. Hərbi hissə komandirlərindən, hətta bu yaxınlarada şanlı Zəfərimizin ildönümü ilə əlaqədar şəxsən Müdafiə Nazirindən fəxri fərman alıb. Adamın üstündə Allah var, həyəti yaxşı abadlaşdırıblar. 30 ilə yaxın qurumayan zirzəmini çirkab sudan, zir-zibildən təmizləyib qurudublar. Ən azı 50-60 adama çörək veriblər. Xub. Çox sağ olsunlar. Ancaq bir bunlara deyən, onlardan soruşan yoxdur ki, a balam, bu boş su qabları hər gecə maşın-maşın gəlir bura, bütün gün boyu da dolu-dolu daşınır, bəs, bu kəhriz şəhərin mərkəzində hardan qaynayır? Bir sözlə, çox müşkül işə düşmüşük. Bilirsiniz, mənim bu məsələmdən xəbərdar olandan sonra nə şayiə buraxıblar?
– Çox maraqlıdır.
– Deyirlər ki, İlqar qarnıqurdludu, öymə ondandır. Hətta mənim qurddan təmizlənməm üçün müalicə xərclərini də öz üzərlərinə götürüblər… Bax, son vəziyyət belədir, Bənövşə xanım. Bizimki qalıb Allaha… O Böyük Allah özü bizə kömək oslun…