AĞDAMIN QƏHRƏMAN ÖVLADLARI
(Allahverdi Teymur oğlu Bağırov haqqında)
Ağdamın çoxlu şəhidi, minlərlə qazisi və qəhrəmanı var. Ötən əsrin səksəninci illərindən Azərbaycan məlum münaqişəyə cəlb olundu. Ağdam hadisələrin mərkəzində olduğuna görə burada proseslər sürətlə cərəyan və inkişaf edirdi. Bütün bunların fonunda Ağdamın qorxmaz, sözübütöv mərd oğulları özlərini sözün əsl mənasında yurdsevər qəhrəmanlar kimi göstərməyə başladılar. Şiddətli döyüşlərin getdiyi doxsanıncı illərdə Şirin Mirzəyev, Allahverdi Bağırov, Asif Məhərrəmov (Fred Asif), İxtiyar Qasımov, Natiq Əhmədov, Rövşən Hüseynov kimi ölümündən sonra Milli Qəhrəman adını almış onlarla igid mübarizənin ön sıralarında idi. Bu yazımız Ağdamın qəhrəman övladlarından biri – Azərbaycanın Milli Qəhrəmanı Şəhid Allahverdi Bağırov haqqındadır.
ALLAHVERDİ BAĞIROV HAQQINDA
Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Yeddi qız övladından sonra dünyaya gəldiyinə görə ailəsi onu Allahın payı sanıb adını Allahverdi qoymuşdular. Bu ad həm də onun ana babasının adıdır.
O, gənc yaşlarından cəsarətli, qorxmaz, sözübütöv və haqsızlığa dözməyən adam idi. Ona görə də davakar kimi tanınırdı. Hətta müəllimlərindən kimsə bir şagirdin haqqını tapdalayırdısa, ona da etirazını bildirirdi. Sinif rəhbəri və dil-ədəbiyyat müəllimi Qənirə Məmmədova onunla fəxr edirdi. Məmmədova hər yerdə fəxrlə deyirdi ki, “mən Allahverdinin oxuduğu sinfin rəhbəriyəm”. A.Bağırov orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə almışdı. O, gənc yaşlarından həm də gözəl təşkilatçılıq qabiliyyətinə malik idi. İnsanları ətrafına yığmağı bacarırdı.
Kiçik yaşlarından idmana, xüsusilə futbola, yüngül atletikaya və voleybola böyük maraq göstərmişdi. Məktəb illərində və sonrakı dövrdə idmanın müxtəlif növləri üzrə yarışlarda Ağdamı təmsil edən komandaların qazandıqları qələbələri xidmətləri olmuşdu. O, Ağdamın “Qarabağ” futbol
klubunun şərəfini qorumuşdu. 1970-ci ildə Füzulidə “Qizil sünbül” kubokunda Ağdam – Cəbrayıl oyununda komandanın kapitanı kimi iştirak etmişdi.
1976-cı ildə klubun baş məşqçisi təyin olunmuş və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yeri tutmasında böyük əməyi olmuşdu. Keçmiş futbolçu Müşfiq Hüseynov Allahverdi Bağırov haqqında bunu demişdir:
“İlk məşqçim, rəhmətlik milli qəhrəman Allahverdi Bağırov olub. Allahverdi müəllim futboldan öncə bizə dürüst olmağı öyrətmişdi. Bizə həyata müstəqil olaraq atılmağımızda rəhmətliyin böyük əməyi olub. Həqiqətən də o, futbolçulara gözəl bir örnək idi.”
1991-ci ildə “Qarabağ” və “Neftçi” veteranları arasında keçirilən oyunda iştirak etmişdi. 1:1 hesabı ilə başa çatan qarşılaşmada Ağdam klubunun qoluna Allahverdi Bağırov imza atmışdı.
Bağırov Ağdam əhalisinin göstərdiyi maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə fəal köməklik etmişdi. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşmuşdu. Müharibə zamanı Ağdam Xalq Cəbhəsinin sədri seçilmişdi. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdı.
1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olmuşdu. Həmin ildə dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postu yaradılanda ora könüllü gedən ilk şəxs onun qardaşı Eldar Bağırov oldu. Sonra ermənilərlə həmsərhəd olanbütün kəndlərdə belə postlar yaradıldı.
1991-ci il oktyabrın 1-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri Allahverdi və Eldar Bağırov qardaşlarının komandirliyi altında yaradıldı. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfər döyüşçüsü olan batalyona “Vətən oğulları” adı verildi. Həmin ildə onun qardaşı Eldar Bakıda Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında şəhid edildi. Qardaşı Eldarın ölümündən sonra A.Bağırov ona matəm əlaməti olaraq həmişə saqqal saxladı. E.Bağırovun şəhadətindən sonra batalyonun komandiri Allahverdi bəy oldu.
1991-ci ilin avqust ayında Allahverdi Bağırov Rəhim Qazıyevın müdafiəsinə qalxaraq uşaqlıq dostu Cəfər İmaməliyevlə savaş həddinə gəldi. Cəfərin açdığı atəş nəticəsində Bağırov ayağından yaralandı.
1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın etmiş, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəklikləri tutmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurmuşdu. Bu əməliyyatı başa çatdırmaq və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım oldu. Bu əməliyyata görə Allahverdi Bağırov “General Məhəmməd Əsədov” adına mükafata layiq görüldü. 2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən: “Allahverdi Bağırov yeganə komandir idi ki, qabaqda gedirdi. O, çox ciddi, tələbkar adam idi. Bir dəfə kəndi alanda dedi ki, birdən kimsə kənddə əhalini qarət edə, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpaq almağa gedirik”.
1992-ci il mayın 3-də ermənilər Bağırova məlumat verdilər ki, ayın 8-də Şuşa işğal olunacaq. O da həmin məlumatı bizim bütün dövlət qurumlarına çatdırmışdı. Həmin ay Bağırov qərargaha beş əsgəri çağırtdırıb birlikdə plan hazırlamağa başladı.
Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olmuşdur. Aranzəmin kəndi uğrunda döyüşlərdə 100 erməni məhv edilmiş və 10 düşmən əsir götürülmüşdü.
Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində onun böyük xidməti olmuşdu. Həmin əməliyyatlar zamanı Ağdam rayonu 300 nəfər şəhid vermişdi. Bağırov erməni polkovnik Vitali Balasanyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdi. Bağırov erməni əsirləri avtobusla gətirib sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənlədib torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı.
Səkkiz gün erməni əsirliyində işgəncələrə məruz qalmış Hüseynağa Aydın oğlu Quliyev:
”Məni əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər. Belə də oldu. Ermənilər Milli Qəhrəman Allahverdi Bağırova pul təklif etmişdilər ki, həmin Suriya ermənisini qaytarsın. Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxdılar.“
Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrini lentə almaları mümkün olmuşdu.
Bağırovu Xocalı faciəsi çox sarsıltmışdı. Xocalı qadınlarını və qızlarını görəndən sonra özünə gələ bilmirdi. Xüsusilə də 9 yaşlı qız uşaqının vəhşicəsinə öldürülməsi ona pis təsir etmişdi.
2015-ci ildə telejurnalist Nadejda İsmayılovanın verdiyi müsahibədən:
”Onun üzündəki solmuş təbəssümü, yorğun sifətinı unuda bilmirəm. Mənə elə gəlirdi ki, bu güclü, cüssəli oğlan gözlərimin qarşısında bu dəqiqə səndirləyib yıxılacaq. Heç kim bilmirdi ki, o, nə zaman yatır. Ümumiyyətlə yatırmı? Mən çəkiliş qrupumuzun rejissoru Namiq Şirəlibəyov və operator İzzət Əzizovla çəkilişləri səhər o başdan başlayırdıq, eşidirdik ki, Allahverdi artıq hardasa insanların köməyinə çatır, üzərinə düşən hansısa əməliyyatı yerinə yetirir. Gah ermənilərlə danışıqlarda olurdu, gah meyit dəyişirdi, gah da ağlayıb-sızlayan ana-bacıların ətrafında onlara ürək-dirək verir, saçlarını tumarlayırdı. Qəfildən gedib postları yoxlayırdı, Ağdamı qoruyan uşaqların ayıq-sayıq olmaları üçün tapşırıqlar verirdi. Bir də görürdün ki, əlinə bir dəfə də tüfəng götürməyən müdafiəçiləri silahla davranmağı öyrədir. Allahverdi Əsgərana – döyüşlərin ən qızğın mərkəzinə gedib oradan ermənilərdən ya ölümüzü, ya dirimizi alıb gətirirdi. Bu erməni silahlı əsgərləri ilə qarşılaşmanın hər dəqiqəsində ölüm var idi.
Allahverdi Bağırovun məzarı
1992-ci ilin 12 iyunda təcili iş üçün Ağdama çağırılan Allahverdi Bağırovun maşını Naxçıvanikdən geri qayıdarkən minaya düşdü. Maşında olan digər üç nəgər sağ qalsa da, Allahverdi Bağırov, sürücüsü və Nizami həkim şəhid oldular. Tankçı Sevil Abbasovanın sözlərinə görə, onu “ancaq sənədlərindən tanıya bildik.”
Bağırov həlak olandan sonra Bakıdakı Şəhidlər Xiyabanında ona qəbir qazılmışdı. Lakin müəyyən səbəblərə görə qardaşı Eldar Bağırovun yanında — Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilmişdi. Ailəli idi, Elşən adlı oğlu, Aynur və Zümrüd adlı qızları var. Allahverdi Bağırov üçün qazılan qəbirdə isə Azərbaycanın Milli Qəhrəmanı, ondan bir gün sonra həlak olmuş Çingiz Mustafayev dəfn edilmişdir.
2014-ci ildə futbolçu Elşad Xudadatovun verdiyi müsahibədən:
” Allahverdi Bağırov döyüşdə həlak olanda hamımızı ağlamaq tutmuşdu. Oyunların birinin start fitindən sonra onun ruhunu bir
dəqiqəlik sükutla yad edərkən “qrad” atdılar. Mərmi stadiona düşdü. İnanın, futbolçulardan heç biri yerindən tərpənmədi…
Hamının gözlədiyi o gün yetişdi. Şanlı ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edərək, ərazi bütövlüyümüzü bərpa etdi. Bu gün Allahverdi Bağırovun övladları onun məzarını ziyarət edə bilirlər. Yaxın gələcəkdə bizi daha möhtəşəm qələbələr gözləyir. Biz buna əminik!
Müəllif: NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA
AJB -nin üzvü,”Yazarlar”jurnalının əməkdaşı,”Bizim Qala”jurnalının redaktoru, ”Qürur”bədii Yaradıcılıq Mərkəzi nəzdində ”Xarıbülbül” əbəbi məclisinin sədri.
NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru