YAZ GƏLDİ, YAZIN GƏLMƏDİ… (Yataqxana binasından boylanan köçkün anaya) Nə həsrətdi gözlərində Baharın bu gülən çağı? Yoxsa yadına salmısan Yurdunda qərib ocağı? * * * Mənə də söylə dərdini, Qurban olum, gəl yaxına. Ana, elə qəmli baxıb Ürəyimə dərd toxuma… * * * Yol-izini göy ot alıb Bura üstü buz küçədi. Mən belə dərd çəkən yerdə Gör sənin dərdin necədi? * * * Ahın dağlara, daşlara Yenə nə yaman dolmusan… Yaz gəldi, yazın gəlmədi Göydən asılı qalmısan…
>>>SÖZÜN AĞ RƏNGİ ŞAHMAR ƏKBƏRZADƏ HAQQINDA Tanınmış şair, jurnalist Şahmar Əkbərzadə — 28 Dekabr 1941-ci ildə Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikomuna daxil olub və 1960-cı ildə texnikomu bitirmişdir. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1960-cı ildə Rus dili müəllimi ixtisasını bitirmişdir. Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, 1968-ci ildə Bakı şəhərinə köçüb “Azərbaycan gəncləri” qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır. “Kommunist” qəzetində müxbir və şöbə müdiri olmuşdur. 1990-cı ildə “Mədəniyyət” qəzetini təsis etmiş və ömrünün sonunadək qəzetin baş redaktoru olmuşdur. Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişmişdir. 10 fevral 2014-cü ildə adını daşıyan “Şahmar Ədəbi Məclisi” (ŞƏM) təsis olunmuşdur. YARADICILIĞINDAN NÜMUNƏLƏR: QARABAĞSIZ QARABAĞLI Utanım yerinə ay bulud sənin, Allahın altında ağ eyləyirsən.. Alışır ciyəri çölün, çəmənin, Yağışı dənizə səpələyirsən.. * * * Utanım yerinə sənin, ay dəniz, Susuzlar qoynunda yetmir kamına.. Çayların başını kəsib tər-təmiz, Dönmüsən suların qəbristanına.. * * * Bu da ki, min illik Türk qəbristanı, Analar kor oldu ağı deməkdən.. Utanım yerinə, Türk yatağanı, Gözlərin doymadı Türkü yeməkdən.. * * * Utanım yerinə Misri qilincım, Tufəng çıxan kimi qınına girdin.. Utanıb-qızarıb sənə güvəncim, Sən öz qanımıza yerikləyirdin.. * * * Utanım yerinə qoç Koroğlu, din! Düşmənin kimiydi? – Həsən paşaydı.. “Leş bir yana, baş bir yana” -deyirdin, Qalağa vurduğun qardaş başıydı.. * * * Utanım yerinə Əmir Teymurum, Əzdin Bəyazidi, qırdın Tatarı.. Sənin zəfərinlə sındı qürurum, Yadlara qul oldu yurd balaları.. * * * Şah babam Xətayi, ey Sultan Səlim, “Çaldıran” deyəndə odlanıram mən.. Əsrlər keçsə də düzəlmir belim, Sizin yerinizə utanıram mən.. * * * Utanım yerinə ey insan oğlu, Bir yandan əcəldən fəryad edirsən.. O biri yandan da zirehli, zağlı, Ölüm silahları icad edirsən.. * * * Bir utanc qurumu qurardım hökmən, Egər olmasaydı məni qınayan.. Yerlərdən, göylərdən utanıram mən, Utanım yerinə, ay utanmayan..!
DAYANIN! Mənə əl eləyən əllər dayanın, Boynuma dolanan qollar dayanın, Çiçəklər dayanın,güllər dayanın, Məni ötürməyə tələsməyin siz ! * * * Hələ ocaqlardan od əmməmişəm. Dərdimi Araza göməmməmişəm, Vüsalın ətrinə bələnməmişəm, Məni ötürməyə tələsməyin siz! * * * Dərddən hayıf çıxmamışam doyunca Onu daşa çaxmamışam doyunca Ərk qalama baxmamışam doyunca Məni ötürməyə tələsməyin siz. * * * Qoyun sevincimi selə döndərim, Günümü uzadıb ilə döndərim , Dəli həsrətimi külə döndərim , Məni ötürməyə tələsməyin siz! * * * Səttərxanın məzarını öpməmiş, Torpağını gözlərimə səpməmiş, Ayrılığa dəli nərə təpməmiş, Məni ötürməyə tələsməyin siz ! Təbriz 1992.
ÖZÜN ÖZGƏNİN Sənin tilsimindən çıxa bilmirəm, Neyləyim bu eşqi boğa bilmirəm, Yolundan gözümü yığa bilmirəm, Gözdağın mənimdir, gözün özgənin. * * * Öz sevdan özünü qarğışa salıb, Ömrün qara qalıb, yağışa qalıb, Taleyin tüstünlə baş-başa qalıb, Tüstün mənimkidir, közün özgənin. * * * Şahmara vəfandan cəfan nurludur, Baharın şaxtalı, yayın qarlıdır, Həsrətin özündən etibarlıdır, Həsrətin mənimdir, özün özgənin.
QRİMLƏYİR Dolanır boynuma doğmalıq mehi, Hardasa bir dəli həsrət inləyir. Sükutu ilahi bülbül cəh-cəhi, Mənim varlığımı qəm qrimləyir. * * * Şəfəqlər zülmətin kəsir başını, Bəyaz dan yerini qan qrimləyir. Sübh yeli meşəni, şeh bənövşəni, Məğrur zirvələri çən qrimləyir. * * * Şirin mürgülərdən ayrılır güllər, Göylər yer üzünü nura bələyir. Dənizdən sahilə çıxır gözəllər, Mərmər sinələri gün qrimləyir. * * * Tökülür dənizə nazlar, qəmzələr Bəxtəvər suları naz qrimləyir. Leyli-Məcnunları sərin gölgələr, Məcnun söyüdləri yaz qrimləyir. * * * Gündüzü-günəşli loğman havalar, Gecəni Krımda Ay qrimləyir. Yalları bulaqlar, yolları çinar, Zümrüd vadiləri yay qrimləyir. * * * Hanı gözəllikdə Krıma tay yer? Hanı əzizlikdə Krıma əvəz? Hər şey bu yerlərdə qrim götürər, Bircə faciələr qrim götürməz. * * * Dolanır boynuma ayrılıq mehi, Hardasa bir dəli həsrət inləyir. Kiminin bəxtini bülbül cəh-cəhi, Kiminin bəxtini qəm qrimləyir. 1985.
YOLLAR Ayaqla torpağın öpüşməsindən Doğulub böyüyür yollar həyatda. Tapdana-tapdana min illər boyu, Ömür qazanıbdır ayaqlar altda. * * * Gəlimli-gedimli yol nəsillərin, ölməz abidəsi, əmanətdir. Tapdanmaq – insanın şərəfsizliyi, Tapdanmaq – yolların ləyaqətidir. * * * İnsan qədəminə tamarzı qalmaq, Yolların bağrına çəkilən dağdır. Dünyada ayaqlar altda yaşamaq, Bircə yollar üçün alçalmamaqdır. 1968.
TƏZƏ NAĞARA Sitəm görəcəksən ulduzlar sanı, Bir azdan başına od ələnəcək. Dodaqlar öpəcək qara zurnanı, Səninsə sifətin sillələnəcək. * * * Hələ təpər topla, dözüm yığ hələ, Qanları coşdurub qaynatmalısan. Üzünə çırpılan sillələr ilə Toya gələnləri oynatmalısan. * * * Bir azdan üstünə düşəcək əllər, Səni nağaraçı yesir edəcək. Ağrından həzz alıb süzən gözəllər Fəryadın üstündə yallı gedəcək. * * * Bu alın yazındı, nə küs, nə inci, Çırtma çatlayacaq qaşında sənin. Dərdə bax, hamının toyu, sevinci Qapaza dönəcək başında sənin. * * * Alın yazısından qaçmayıb heç kim, Sitəmə sinə gər, qəmə qələm çək! Yediyin sillələr qorxma əzizim, Şəninə əskiklik gətirməyəcək. * * * Qoşa şapalağa dözəcək dərin, Nalən musiqiyə dönəcək hökmən, Qəm yemə, nağara, döyülənlərin Bütün yer üzündə xoşbəxti sənsən. * * * Bəxtəvər başına, sillələn nə qəm, Sillələr ömrünə nur ələyəcək. Dərd mənim dərdimdir, sabah bilmirəm Kimlər taleyimi sillələyəcək!
ALLAH AMANDIR! Adamlar itirir adamlığinı, Adam təlxək olur, Allah amandır! Kələklə gələnlər küləklə getmir, Kələk pələng olur, Allah amandır! * * * Sürülər mələşir, qoçlar həlləşir Çaqqal qurda dönür,tülkü şirləşir Cüllüt qartallaşir,milçək filləşir, Fillər milçək olur, Allah amandır! * * * Bülbülün yurduna quzğun tökülür, Güllərin gözünə millər çəkilir, Qədim gülüstana sitəm əkilir, Sitəm çələng olur, Allah amandır! * * * Səyi bəy eyləyən dastançıya bax, Bostan tanımayan bostançıya bax, Pulla böhtan deyən böhtançıya bax, Böhtan çörək olur, Allah amandır! * * * Quru didişmədə vaxt batıb gedir, Hamı xalq-xalq deyir, xalq batıb gedir, Haqsızın əlində haqq batıb gedir, Haqlı “xərçəng”olur, Allah amandır! * * * Hesab çəkiləndə əyri düz çıxır, Üzü üzlər görən qarı qiz çıxır, Həqiqət bir anda dönüb fıs çıxır, Yalan gerçək olur, Allah amandır! * * * Namərdlər birləşir, mərdlər əyişir, İmanlar, məbədlər, pirlər dəyişir, Məqamlar dəyişir, yerlər dəyişir, İblis mələk olur, Allah amandır!
HANI? Xoş gördük a yerlər a göylər salam Gəldim o yerlərdən bir salam alam. Danış bənövşəli, laləli talam Ölüb dirildiyim o anım hanı. * * * İlk eşqin qisməti gətirməyirsə Talada görməsin günahı kimsə Andına eşqinə dönük mənəmsə Bəs əhdinə vəfalı olanım hanı. * * * Tutulub göylərin qaşı qabağı Dindirə bilmirəm şahid qovağı Soruşa bilmirəm ayrılıq çağı Arxamca gözləri dolanım hanı. * * * Sənsiz bu yerlərdə şirin avazam Kövrələ-kövrələ axan Arazam “Yanıq Kərəm”yə köklənmiş sazam Dindirənim hanı, çalanım hanı.
LAÇINLI ŞAHVERDİ DƏDƏYƏ Çoxdandır burnumun ucu göynəyir Şirin söhbətindən, sözündən ötrü. Söhbət bəhanədir, vallah, ay dədə, Özüm divanəyəm özündən ötrü. * * * Könlümdə bir dəli həsrət kişnədi, Bu dünya gözümdə sənsiz heç nədir. Özüm də bilmirəm niyə təşnədi, Gözüm Gözbulağın gözündən ötrü?! * * * Küsməyə haqqı var o dağların da, Lilparlı, yarpızlı bulaqların da, Bir il yarımdır ki, dodaqlarımda Bir öpüş göynəyir üzündən ötrü. * * * Bahar yal-yamaca gül ələyibdir, Xəyalım o yerə iməkləyibdir, Sinəmdə qəm-qüssə çiçəkləyibdir Başyurdun çiçəkli düzündən ötrü. * * * Mıxtökən zirvəsi göz diksin bizə, O dağlar nəriylə duraq üz-üzə, Dədə-bala bardaş quraq diz-dizə, Dizim həsrət çəkir, dizindən ötrü. * * * Hövcələm tükənib ajı il sayır Hər gün görüşünə ümid bağlayır. Mərmər səkilərdə izim ağlayır Şehli çəməndəki izindən ötrü.
ÜŞÜDÜ Sənsiz salamımı almadı dağlar, Həmdəmim, həyanım olmadı dağlar, Elə köks ötürdü gülgəz yaylaqlar Yamaclar üşüdü, qaşlar üşüdü. * * * Məni sənsiz görüb süsən saraldı, Nərgiz pörşələndi, lalə qaraldı, Göyü bulud basdı, yeri qar aldı, Dərələr ah çəkdi, döşlər üşüdü. * * * Məni sənsiz görüb ürpəşdi otlar Əsdi titim-titim titrəşdi otlar, Bəyaz yaylığını sıxdı buludlar, Məni sənsiz görüb quşlar üşüdü. * * * Üzümə baxmadı gədiklər, gülüm, Mələşdi talada əliklər, gülüm, Elə oxudu ki, kəkliklər, gülüm, Qayalar səksəndi, daşlar üşüdü. * * * Məni sənsiz görüb çağladı bulaq, Könlümü min yerdən dağladı bulaq, Körpə cüyür kimi ağladı bulaq, Gözümün içində yaşlar üşüdü.
KİRPİYİMİ QƏDƏMİNƏ SƏRİM QOY! (Mələk Baharlıya) Məndən küsmə, gül nəfəsin töyşüyər, Səni görüb bənövşələr pörşüyər, Dayan gülüm, ayaqların üşüyər, Kirpiyimi qədəminə sərim qoy! * * * Əl verirəm, əsdirmirsən əlimi Gül verirəm, küsdürürsən gülümü, Yavaş yeri, yel dağıtmış telini Ürəyimin tellərinə hörüm qoy! * * * Həsrətimin çiçəkləri xallanıb, Ədaların şan bağlayıb, ballanıb, Dodağında küsüşmələr barlanıb, O barları dodağımla dərim qoy! * * * Heç bilmirəm ulduz nədir, Ay nədir! Bürcüm nə bürc, günüm nə gün, ay nədir? Baxışların taleyimə aynadır Ayaq saxla, taleyimi görüm qoy! * * * Şahmar yazıq hardan alsın dözümü? Nazın, qəmzən sındırıbdır dizimi. Yana-yana kül elədim özümü, Sürmə olum, gözlərinə girim qoy!
BİLMƏYİM Bir gün ünvanıma gələcək ölüm! Zərrəcə eynimə gəlmir ölməyim! Elə utanıram, gələsən, gülüm, Sənin ayağına dura bilməyim! * * * Namərddir ölümdən üşənib qorxan! Bir şərbət nədir ki, içə bilməyəm?! Elə utanıram, adi yağışdan Sənin göz yaşını seçə bilməyəm! * * * Elə utanıram gəlib-gedəsən, Sənin gəlişini duya bilməyəm! Üstümə səpdiyin çiçəkləri mən Gözümün üstünə qoya bilməyəm! * * * Elə utanıram, utanıram mən, Ayılam, könlünü ala bilməyəm! Dərdim təzələnə, xəcalətimdən Ölmək istəyəm mən, ölə bilməyəm!
“POÇT ŞEİRLƏRİ” SİLSİLƏSİNDƏN Qismətim gümandan gümana düşüb, Köksümdən perikib könlüm haçandır. Məhəbbət çəmənim tufana düşüb, Çırtlamır çiçəyim, gülüm haçandır. * * * Haçandır ürəyim dağlanır köz-köz, Dəstəkdən üstümə od ələnibdir. Könlümün həsrətlə gözlədiyi söz Telefon xəttində çiliklənibdir. * * * Gör harda qırıldı telefon teli, Qismətim çətin ki, isinə daha. Qəzaya uğrayıb eşqimin feli, Qanadı qırılmış isiməm daha. * * * Xətlər ümidimi veribdir bada, Taleyim o sözü öpəsi idi. O söz gümanımı öldürüb, ya da Üstümə səadət səpəsi idi. * * * Görən tapılarmı söz qırıqları?! Tutubdur üzünü ellərə könlüm. Baş alıb sinəmdən Gəncəyə sarı, Düşüb dəli kimi çöllərə könlüm. * * * Telefon telini bağrına basıb, Çalıb oxuduğu “Yanıq Kərəm”di. Neyləsin “sev”-çatıb, sözün arxası Bilmir ki, “-irəm”di, yoxsa”-mirəm”di?!
BİTMƏSİN Apar məni o günlərə,o aya Göz baxmaqdan,üz yanmaqdan doymaya, Əllərimi əlin yaxin qoymaya, Nəfəsimdə də nəfəsinə yetməsin, Bu sevdamin ömrü-günü bitməsin! * * * Apar məni ilk görüşə,üşənim, O görüşün ayaqina döşənim, Biraz gecik,üşüm-üşüm üşüyüm, Qoy ürəyim titim-titim titrəsin Bu sevdamin ömrü günü bitməsin! * * * Apar məni o bahara gəl,gülüm, Cicək olum əllərinlə üzülülm, Bircə-bircə tellərinə düzülüm, Xəyalimdan özgə xəyal ötməsin, Bu sevdamin ömrü-günü bitməsin! * * * Apar məni o yerlərə,gəzək bir. Anan səni şişə cəksin,dözək bir, Bəhanə tap,inciyək bir,küsək bir. Durub gedim,ayaqlarim getməsin, Bu sevdamin ömrü-günü bitməsin! * * * Apar məni o günümə baxim mən, Qizillari yandirim mən,yaxim mən, Öz eşqimi barmaqina taxim mən, Bir üzüyə yenə gücüm yetməsin, Bu sevdamin ömrü-günü bitməsin! * * * Daş-qaş nədir,sən qüdrətdən süslüsən, Göydən enməz mələklərin mislisən, Bu dünyada bir od mənəm,bir od sən, Alov varmi,mənə qibtə etməsin? Bu sevdamin ömrü-günü bitməsin!
AYIRAR BU DÜNYA BİZİ NƏ VAXTSA Burax inadını, ay ömrüm, günüm Çəkilər göylərə harayım, ünüm. Dolaşar qəfildən ömür düyünüm, Ayırar bu dünya bizi nə vaxtsa. * * * Dağlayar qəlbini, dağlayar dağ-dağ, Sinəmdə əcəlin çatdığı ocaq. Tüstüsü gözünü yandırar ancaq, Üşüdər qəlbini közü nə vaxtsa. * * * Ha səslən, dağılmaz əbədi yuxum, Burnunun ucunu göynədər qoxum. Çarpaz dağlar çəkər sənə yoxluğum, Çiləyər yarana duzu nə vaxtsa. * * * Düşər xatirələr yadına bir-bir, Yanarsan günlərin oduna bir-bir. Əsər əsim-əsim, titrəyər tir-tir, Sınar qürurunun dizi nə vaxtsa. * * * Bəxtin gözlənilməz günlə rastlaşar, Odun da, közün də Şahmarsızlaşar, Dadın da, duzun da Şahmarsızlaşar, Ayırar bu dünya bizi nə vaxtsa.
ƏLVİDA Çatdı halallaşmaq vaxtı, a yerlər. Yamaclar əlvida, yollar əlvida! Hər yarpaq mehriban bir ələ bənzər, Mənə əl eyləyən əllər, əlvida! * * * Dərdimi heç kimə aça bilmədim, Hicranın əlindən qaça biımədim, Zülmün sədlərini keçə bilmədim, Çəmənlər əlvida, çöllər əlvida! * * * Bir ocağın odu-közü olmadım, Saza dönüb “Yanıq Kərəm çalmadım, Toza dönüb qoynunuzda qalmadım, Cığırlar əlvida, yollar əlvida. * * * Kükrəyə-kükrəyə qabarmadınız, Həsrətin bəndini qoparmadınız, Yuyub dərdlərimi aparmadınız, Yağışlar əlvida, sellər əlvida! * * * Hələ bu dünyada qalmaq payım var, Bəxtimin üzünə gülmək payım var, Azadlıq yolunda ölmək payım var, Obalar əlvida, ellər əlvida! Təbriz. 1992.
SƏNİ Arzumun yoluna çıxan həyatsan, Dönmərəm köksümdə tonqal da çatsan… Bilsəm ki, yandırıb-yaxsan bir odsan Yenə gözüm üstə qoyaram səni * * * Gülüm, könlüm hara, şikayət hara? Sevinər çəkdiyin çarpaz dağlara Gündə baxışından alsam min yara Xeyirxah mələyim sayaram səni. * * * Ölüncə yanında əsir qalaram Verdiyin əzaba layla çalaram, Vaxt gələr çevrilib torpaq olaram Gəlsən hənirtindən duyaram səni.
BU GECƏ Bu gecə nə gözəl gecədir, könül, Bu gecə ay necə bədirlənibdir. Dünya süd gölündə çimir elə bil, Elə bil üfüqlər yerə enibdir. * * * Gecə ağ duvaqlı nazlı gəlin tək, Açıb saçlarını yuyur sularda. Yaylıq tək asılıb ağacdan külək, Dünya nə gözəlmiş bu ilk baharda… * * * Bəlkə ikimizik dünyada oyaq, Bəlkə bu gecənin gəlişi haqdır. Sən mənə səhərin gözləriylə bax, Bəxtim günəş kimi doğulacaqdır. * * * Ulduzlar torpağa tökülür dən-dən, Çiçək yağışında yuyulur gecə. Torpağın əliylə yazıla bilən Gözəl şer kimi duyulur gecə. * * * Uzansın bu gecə… Sökülməsin dan, Bu gecə huşumu başımdan almış, Utansın bu gecə yanaqlarından, Bu gecə üzündə bir qara xalmış…
VƏTƏN ŞEİRİ (“Və-Tən”) Sui-qəsd ediblər şan-şərəfinə! Edam olunubdur beş hərfin də! “Və” keçib sərhəddin o tərəfinə, “Tən”qalıb sərhəddin bu tərəfində! * * * İmkan yox tikanlı sətri pozmağa, Pozanım olsa da, poza bilmirəm. Ürəyim gəlməyir bütöv yazmağa, Mən səni bitişik yaza bilmirəm. * * * Sən iki hecalı bir sözsən “və-tən!” Sətirdən-sətrə ķecirilmisən!!! 1966. Müəllif: Şahmar ƏKBƏRZADƏ
MƏNİMÇÜN Vətən, sənə sevgim zərrə azalmaz, Şəfalı ocaqsan, pirsən mənimçün. Varlığından dəyərli bir ləl olmaz, Qiymətli incisən, dürsən, mənimçün. * * * Fələk məni qoynunda ac qoysa da, Könlüm ahın külək ərşə yaysa da, Kədər yıxıb, dərdlər kəsib soysa da, Ən əziz məkansan, yersən mənimçün. * * * Haqq bilir ki hal əhliyəm gözüm tox, Qəlbim səni Ana bilib, sevir çox. Gül üzündə noxud boyda ləkən yox, Dağ başında bəyaz qarsan, mənimçün. * * * Rahim deyir, nəfəsimsən canımsan, Şərəfimsən, şöhrətimsən, şanımsan. Damarımda axan qızıl qanımsan, Sakit Araz, coşan Kürsən, mənimçün. Ağdam-15.06.2022.
GÖZƏLƏ GÖZƏL DEMƏSƏN Dil quruyar, dodaq əsər, Şux mələklər səndən küsər, Diş qıcanıb səbri kəsər, Gözələ, gözəl deməsən. * * * Təbin özün yetim sanar, Duyğuların odda yanar. Qələm əldən düşüb sınar, Gözələ, gözəl deməsən. * * * Ruhun səkib göyə uçmaz, Dərd əriyib kədər qaçmaz. Günəş yerə şəfəq saçmaz, Gözələ, gözəl deməsən. * * * Sevən aşiq kama yetməz, Bülbül eşqlə dil-dil ötməz, Tanrı dərdə dava etməz, Gözələ, gözəl deməsən. * * * Rahim, yatan Div oyanar, Gül-Çiçək qana boyanar. Araz axmaz, Kür dayanar, Gözələ, gözəl deməsən..! Ağdam-13.06.2022.
ÜRƏYİMDƏ BİR ARZU VAR Ürəyimdə bir arzu var, dodaqları çat-çat olub, Kaş dözüb tab gətirə şır-şır axan çaya qədər. Qışı dərdsiz keçirib, mərdlik ilə çıxsa yaza, Sevinib şad olaram pöhrələsə yaya, qədər. * * * Sevgisi gur yağışdır, məhəbbəti içində qar, Yağarsa, səxavətlə ehsan edər bəxtimə bar. O qədər xoş məramı, dürlü-dürlü istəyi var, Çin olsa, nur saçacaq al Günəşdən, Aya qədər. * * * Rahimə qismət olsa, lütf eləyib qəmdən alar, Bu arzu qəlb evimə içıq çəkib, duyğu salar. Dünyam kökdən dəyişər həyat dönüb Cənnət olar, Könlümdə sağ yaşasa, fələk sayan saya qədər.! Ağdam-11.06.2022.
YAŞADIM Kədər hərdən zəmi kimi biçsə də, Ruhum, süzüb göz yaşımı içsə də, Ömrüm, günüm kasıblıqla keçsədə, Coşub daşan bir sel ömrü, yaşadım. * * * Hissim, duyğum hər işimə yaradı, İlham-Pərim göydən enib aradı. Saçlarımı şux mələklər daradı, Xumarlanıb, bir tel ömrü yaşadım. * * * Vəcdə gəlib ələ qələm götürdüm, Hər fəsildə qəlbdə Çiçək bitirdim. Qara yaya, ağ sərinlik gətirdim, Həzin əsən, bir yel ömrü yaşadım. * * * Öz elində çox nadanlar gördü göz, Ürək dedi, həyat budur qorxma döz. Büdrəmədi, qəm yükünü çəkdi diz, Kötan sürən, bir Kəl ömrü yaşadım. * * * Rahim, artıq tamah nədir bilmərəm, Fələk məni Şah eyləsə, gülmərəm. Bir də çaşıb dünya, sənə gəlmərəm, Bəsdir yetər, bir Gül ömrü, yaşadım.! Ağdam-07.06.2022.
GÜLÜM HƏSRƏT ÜZÜR MƏNİ Yaşamağa halım yoxdur, Gülüm, həsrət üzür məni. Kədər yenə eşqlə baxır, Məhəbbətlə süzür, məni. * * * Bəsləyir hələ sayğılar, Bəxt vermir özgə qayğılar. Cəm gəlir indi duyğular, İlmə-ilmə çözür məni. * * * Nə tab qalıb nə də səbir, Ruh səmaya özün təpir. Dərib göydə sevgi səpir, Qəmim, yerdə gəzir məni. * * * Rahim üzgün, qeydinə qal, Bir gün yolun yurduna sal. Gəl, bu dərdin əlindən al, Qurbanlıq tək kəsir, məni.! Ağdam-04.06.2022.
YAVAŞ-YAVAŞ Sevgi olan canda, duyğu od saçar, Durular damarda qan yavaş-yavaş. Ürəyi tərk edib bəd hisslər qaçar, Sökər qaranlığı dan yavaş-yavaş. * * * Dönüb zilə çıxan şeyda Bülbülə, Nəzər yetirməyib, özgə bir gülə, Ruhun səmalardan enib eşq ilə, Tutar yar bağına yön yavaş-yavaş. * * * Gözlərin zillənib yol çəkən zaman, Hər gələn öz pərin, eyləyib güman. İçindən sel keçər, çölündən duman, Düşərsən elindən gen, yavaş-yavaş. * * * Rahim, qəlbdə açsa sevgi gülləri, Kim deməz, kaş dərə bir Qız əlləri. Bir gün qəm gətirib, həsrət yelləri, Salar saçlarına, dən, yavaş-yavaş.! Ağdam- 22.05.2022.
MƏNDƏN ŞEİR UMMASALAR Qəlbim yanıb dönsə külə, Hissim, duyğum çıxsa zilə, Yazmazdım bir kəlmə belə, Məndən, şeir ummasalar. * * * Qəm yükün çatıb kürəyə, Zülüm verməzdim, ürəyə. Qoymazdım şam tək əriyə, Məndən şeir ummasalar. * * * Ruhun göz yaşın silərdim, Şad olub deyib gülərdim. Sevincin dadın bilərdim, Məndən, şeir ummasalar. * * * Oyanıb tezcə durmazdım, İlham-Pərimi yormazdım. Gecələr xəyal qurmazdım, Məndən şeir ummasalar. * * * Dərd-kədəri çəkib dara, Nə sevgim var verib yara. Üz tutardım gəldi hara, Məndən, şeir ummasalar.! Ağdam-20.05.2022.
BEA- nın prezidenti , akademik Valter Kofler və Vüqar Əhməd
PROFESSOR VÜQAR ƏHMƏD BEYNƏLXALQ ELMLƏR AKADEMİYASININ AKADEMİKİ SEÇİLDİ Elmi İnkişaf üzrə Beynəlxalq Şura – Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin 18 iyun 2022-ci ildə BEA Azərbaycan Bölməsinin Baş Assambleyasında BEA- nın yaradılmasının 20 illiyi münasibətilə yubiley yığıncağı keçirilib. İclasda BEA-nın Prezidenti akademik, prof. dr. Valter Kofler (Avstriya) geniş məruzə ilə çıxış edib. Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin Fəxri Prezidenti, akademik, prof. dr. Ziyad Səmədzadə giriş sözü söyləyib.Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Böllməsinin Prezidenti, akad, prof. dr. Elçin Xəlilovun hesabatı dinlənilib. BEA AB-nin 20-illiyinə həsr olunmuş – “Sərhədsiz Elm. Elmi məruzələr” kitabının təqdimat mərasimi keçirilib. BEA AB-nin yeni həqiqi və müxbir üzvləri seçilib.AMEA- nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor- doktor Vüqar Əhməd Rəyasət Heyətinin üzvlərinin səs çoxluğu ilə BEA- nın akademiki seçilib. BEA AB-in seçilmiş akademiklərinə və müxbir üzvlərinə diplomlar akad. prof. dr. Valter Kofler tərəfindən təqdim olunub. . BEA-ın Azərbaycan Bölməsinin “Qızıl döş nişanlarının” təqdimatı olub. Akad. prof. dr. Valter Kofler; Elmin və innovativ texnologiyaların inkişafına töhfə verən təşkilatlara BEA AB-nin sertifikatlarını təqdim edib. Akad. prof. dr. Valter Kofler elmin inkişafında böyük xidmətlərinə görə Elmlər Akademiyasının akademiklərinə – digər ictimai təşkilatların nümayəndələrinə mükafatlar təqdim edib.
BEA-ın Azərbaycan Bölməsinin rəhbər orqanlarına seçkilər keçirilib.Akadem.prof.dr Elçin Xəlilov yenidən BEA- nın Azərbaycan bölməsinin prezidenti seçilib.
YAZARLAR olaraq, VÜQAR müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Azər müəllim!