AKİF ABBASOV. ZOĞAL MÜRƏBBƏSİ

                             ZOĞAL MÜRƏBBƏSİ

                                (hekayə)

         Nəcəf elmi institutlardan birində şöbə müdiri işləyirdi. İki işçisi, bir laborantı vardı. Laborantının adı Lətafət idi.  Otaq qıtlığından müdirlə laborant bir kabinetdə  əyləşirdilər. Çox mehriban idilər. Naharı da bir yerdə – əyləşdikləri otaqda edərdilər. Allahın verdiyindən,  evdə nə bişirilirdisə süfrə salıb onları qoyurdular ortalığa, nuş canlılqla, şirin-şirin söhbət edə-edə yeyər, Lətafətin qaynadıb dəmə qoyduğu kəklikotu çayından içib yenə də hərəsi çəkilib öz kreslolarında oturur, səhər ertə  başladıqları işi davam etdirirdilər.

Başqa laborantlar Lətafətin paxılığını çəkir, “Bəxtəvər başına!” – deyirdilər.

         Lətafət makinada şöbəyə aid materialları – hesabatları, protokolları, protokoldan çıxarışları, iş planlarını… yazır, Nəcəf də şöbənin digər işləri ilə məşğul olur, iclaslar keçirirdi.

         Nəcəf deyəndə, əslində onun 65-70 yaşı olardı. Dayı da çağırıla bilərdi, müəllim də. Ona müəllim deyirdilər. Biz də deyək müəllim.

         Lətafət də 35-40 yaşlarında  idi. Ağ çöhrəli, ağ bədənli, mütənasib əndamlı xanımdı. Ona da Lətafət xanım deyirdilər. Arada başqa işçilərin yazılarını, məqalələrini də yazar, beş-on manat qazanardı. Nəcəf müəllimin bundan xəbəri olsa da,  açıb-ağartmır, onun çörəyinə bais olmaq istəmirdi. Həm də onun Lətafət xanıma xüsusi rəğbəti vardı. Bunu hamı bilir, hamı görürdü. Səbəbini soruşanda: “Lətafəti çox istəyirəm,  anama oxşayır” – deyirdi.

         Günlərin birində hamını heyrət bürüdü. Qaldılar mat-məəttəl. Nəcəflə Lətafətin arası dəymişdi.  Buna inanmaq çətin idi, amma artıq olan olmuşdu. Nəcəfin Lətafəti görməyə gözü yox idi. Bir otaqda əyləşsələr də,  Lətafət günorta yeməyini götürüb qonşu otağa aparır,  laborant Gülərlə bir yerdə nahar edirdi.

         Nəcəf müəllim şöbəyə aid olmayan yazıları yazmağı Lətafətə qadağan etmişdi. Elmi işçi Müsafir qalmışdı çarəsiz. Lətafət makinada məqalələri savadlı yazır, səhvə yol vermir, həm də Müsafirin ilan-qurbağa xəttini oxuya bilirdi. İndi Müsafir gərək  axtarıb başqa makinaçı tapa idi. Allah bilir təzəsi Müsafiri yarıda biləcəkdimi?

         O çox düşünüb-daşındıqdan sonra bir çarə tapdı.  Evdən kiloluq bankada zoğal mürəbbəsi gətirmişdi. Onu götürüb  Nəcəf müəllimin otağına yollandı. Qapını açıb içəri girdi. Salam-kəlamdan sonra bankanı stolun üstünə qoyub:

         -Dadaş, zoğal mürəbbəsidir, – dedi.

         Həmkarları Nəcəf müəllimə yaxınlıq, doğmalıq, səmimilik əlaməti olaraq “dadaş” deyə müraciət edirdilər. Nəcəf müəllim bir söz demədən Müsafirə baxırdı. Müsafir zoğal mürəbbəsi olan bankaya işarə ilə sözünə davam etdi:

         -Çayla içərsiniz. Nuş olsun.

         Nəcəf dil-ağız etdi:

         -Oğul, payın artıq olsun, amma özünə niyə rəva görməyib, mürəbbəni mənə gətirmisəm?

         Müsafir:

         -Dadaş, narahat olma, özümçün də gətirmişəm.

          Nəcəf müəllim:

-Sağ ol,  oğul, payın artıq olsun,- deyib razılığını bildirdi.

 Müsafir otaqdan çıxdı.  Dəhlizdə  Lətafət xanımla üz-üzə gəldi.  Salamlaşdılar. Müsafir:

-Lətafət xanım, – dedi, – səninçin zoğal mürəbbəsi gətirmişdim. Otaqda olmadın ki,  verim. Stolun üstünə qoymuşam. Çayla içiləsi mürəbbədir

Lətafət dodaqlarında xoş bir təbəssüm:

-Allah köməyində olsun. Çox sağ ol! – dedi. Sonra:

-Müsafir, nə əziyyət çəkirdin?! – dedi.

-Nuş olsun, xanım. Heç bir əziyyəti yoxdur. Köməyimdə çox durmusan.

Lətafət otağa gəldi. Zoğal bankası stolun üstündə idi. Lətafət bankanı götürüb dolabçasına qoymaq istəyəndə Nəcəf müəllim ayağa qalxdı:

-Ay qız, nə edirsən?

Lətafət təəccüb içərisində:

-Nə edirəm ki? – deyə xəbər aldı.

-Bankanı niyə dolabçana qoyursan?

Lətafət çiyinlərini çəkdi:

-Bəs hara qoyum? Mürəbbə mənim üçün gətirilib. İstərəm dolabçama qoyaram, istərəm evə apararam…

Nəcəf müəllim irəli yeriyib əlini uzatdı:

-Bu saat bankanı mənə ver. Müsafir müəllim onu sənə yox, mənə gətirib.

Lətafəti gülmək tutdu:

-Necə yəni sizinçin gətirib?! İndi bu saat dəhlizdə qarşıma çıxdı. Dedi ki, mənimçin zoğal mürəbbəsi gətirib, bankanı da qoyub stolun üstünə.

Nəcəf müəllim dayanıb durdu:

-Sənə belə dedi?

-Belə.

-Əclafı görürsən! Mənə də belə deyib. Gedək araşdıraq.

Müsafir qəsdən ayrı-ayrılıqda onlara elə demişdi. Bilirdi ki, az sonra otaqda vur-çatlasın qopacaq. Və onun dalınca gələcəklər. Odur ki, tez aradan çıxdı.

Nəcəf müəllimlə Lətafət institutu bir-birinə vurdular. Baxmadıqları, axtarmadıqları yer qalmadı. Müsafiri yoxa çıxmışdı. Axırda çar-naçar öz otaqlarıma qayıtdılar.

Ertəsi gün axır ki, Müsafir əllərinə keçdi. Onu divara dirədilər.  Müsafir onlar arasında yaranmış ixtilaflı vəziyyətdən özünü xəbərsiz göstərərək, Nəcəf müəllimin sualına belə cavab verdi:

-Dadaş,  bu nədir? Bir zoğal mürəbbəsindən ötrü bir-birinizi ittiham edirsiniz. Məgər siz bir adam deyilsiniz? Bir yerdə nahar edib, çay içmirdiniz? Sən deyildin deyən ki, “Lətafəti çox istəyirəm,  anama oxşayır?!”

         Nəcəf dayanıb gözlərini döyür, onun sualına cavab verə bilmirdi.

         -Ana-bala ikinizə mürəbbə gətirmişəm. Onu niyə bölüşdürə bilmirsiniz? Budur sizin ana-bala məhəbbətiniz?

         Nəcəf müəllim deməyə söz tapmır, key-key Müsafirə baxırdı. Müsafir onu yaman yerdə yaxalamışdı.

Bakı şəhəri, 15 yanvar 2023-cü il

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru