AYAZ İMRANOĞLU. YAD İMZA.

AYAZ İMRANOĞLU. YAD İMZA. PDF:

MÜƏLLİF: AYAZ İMRANOĞLU

AYAZ İMRANOĞLU YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NAZİLƏ GÜLTAC. EŞQDƏN ŞƏRQİ DEMƏYİN.

NAZİLƏ GÜLTAC

Nazilə Xəlil qızı Hüseynzadə 01 yanvar 1969-cu ildə Bakı şəhəri, Binəqədi rayonunda anadan olub. Hazırda Bakı şəhərində yaşayır.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

EŞQDƏN ŞƏRQİ DEMƏYİN                                 

Ayrılanda vidalaşmamışdılar…

Şəhidlər Xiyabanında sıralanan qəbirlər əmr gözləyən əsgərlərə bənzəyirdi, elə bil indicə yürüş edib yenidən cəbhəyə gedəcəkdilər. Qara mərmərlərə həkk olunan şəkillər sanki indicə dil açıb danışıcaqdı. Nəzrinin qəlbi göynədi. Minlərlə şəhid versək də, Qarabağ hələ də düşmən tapdağında idi. Balaca Elsevər qaşlarını çatıb, iti nəzərlərlə daşların üstündəki adları oxuyur, sonra əlindəki qərənfilləri bir-bir qəbirlərin üstünə düzürdü. Oğluna demişdi ki, bu xiyabanda qəhrəmanlar uyuyur. Demişdi ki, Vətənsiz insan, yuvasız quşa bənzəyir. Bütün bunları fikrində dolaşdıran Elsevər qəfil dilləndi:

-Ana, mən də, vətənimi qoruyacam!

Nəzrin fəxrlə oğluna baxdı, əyilib onun sarışın, qıvırcıq telləri tökülən ağappaq alnından öpdü. Elsevərin ağıllı, gülümsər baxışları onun ürəyini riqqətə gətirdi:

-Mənim ağıllı balam!!!

O, əlindəki qərənfilləri öğlu ilə bərabər qəbirlərin üstünə düzə-düzə irəlilədi. Qəhərlənmişdi. Birdən gözləri mərmər lövhə üstündə bir şəklə sataşdı.

İlahi, bu, doğrudanmı o idi?!

Sarsıntı içində şəkilə bir də, bir də baxdı. Şəkilin altındakı adı dönə-dönə oxudu. Yox, nə qədər acı da olsa, zənni onu aldatmırdı! Bu o idi! Xəyallarının bəzəyi, neçə illik həsrətinin əlçatmaz ünvanı! Nəcəf!!! Deməli, o da şəhid olubmuş! İçindən qopan inilti bütün bədənini titrətdi! Nəsə demək istəsə də, sözlər yumrulanıb boğazına tıxandı. Bir anlığa sanki yer ayağı altından qaçdı, dərindən dərin bir quyu açıldı və o, sürətlə quyunun dibinə enməyə başladı. Bir də onu hiss etdi ki, quyunun dibinə çatıb və taqətsiz halda, asta-asta yerə çökdü…

Nə qədər vaxt keçməsindən xəbəri yox idi. Yerində donmuş halda başdaşındakı şəklə baxırdı. İxtiyarsız göz yaşları yanağında cığır açmışdı, səssiz, yana-yana ağlayırdı.

                      ***

Universitetin üçüncü kursunda oxuyurdu. Sonuncu imtahanı bu gün səhər vermiş, bir ay çəkən imtahanların yorğunluğu hələ canından çıxmamışdı. Axşamüstü olsa da, hava bürkü idi. Şəhərin cansıxıcı bürküsündən tez üzaqlaşmaq üçün kirayə qaldığı evdə bir az yır-yığış edib, dəmiryol vağzalına gəldi və axşam qatarına bilet aldı. Qatarın vaxtına hələ bir saat qalırdı. Bileti ümumi vaqona, üst qata almışdı. Dispetçerin deməsinə görə, aşağı yerlər bir neçə gün öncədən satılıb qurtarmışdı.

Vaqonun pəncərəsini açıq qoysalar da, içəridə hava elə ağır idi ki, nəfəs almaq olmurdu. O, içəridəkilərə salam verərək, keçib boş bir yerdə əyləşdi. Orta yaşlı, qarayanız bir qadınla yorğun sifətli, ağ saçlı bir kişi küncdə oturub, nə barədəsə söhbət edirdilər. Qadın astadan danışır, kimdənsə narazılıq edir, kişi ona dinməzcə qulaq asır, hərdən razılıq əlaməti olaraq başını yelləyirdi. Onların ər-arvad olduqlarını sonradan bildi. Vaxt keçsin deyə vağzal köşkündən aldığı qəzetləri açıb xala-xətrin qalmasın vərəqləməyə başlamışdı ki, bir neçə gənc oğlan hay-küylə vaqona girib, qarşıdakı arakəsməyə keçdilər…

Axır ki, qatar yırğalana-yırğalana, ləngər vura-vura yerindən tərpəndi. Təkərlər öz aramsız səs-küyü ilə  elə bil ki, uzun, bitib-tükənmək bilməyən bir nağıl danışır, getdikcə sürəti artan qatarın gözqamaşdıran işıqları qaranlığa meydan oxuyur, qabağına çıxan nə varsa, açılacaq sabaha doğru qovurdu.

Ər-arvad çox söhbətcil, canayaxın adamlar idi. Qərbi Azərbaycandan – öz dədə-baba yurdlarından didərgin düşmüş bu adamların üzündə dərin bir iztirab, sarsıntı izləri görünürdü. Yanlarında oturmuş bir kişiylə dərdləşməyə başlamışdılar. Əsəbi danışan qadın qəfildən kövrəldi. Göyçə həsrəti qadını göynətmişdi. O, ermənilərə lənətlər yağdırmağa başladı…

…Nəzrinin  gözləri önündə gözəl, axarlı-baxarlı kəndləri canlanmışdı. Axı, onun da əsli Göyçə mahalından idi. Uşaqlığının qayğılı-qayğısız illəri o səfalı yaylaqlar, geniş düzlərdə keçmişdi. Novlu bulağın həzin nəğməsi gəldi qulaqlarına. Qəhərləndi. Düşündü ki, bax, yay tətilidir, gedib kəndimizdə dincələr, şəhərin tozlu havasından bir az uzaq olardım. Amma hanı? El-obasının başına gətirilən amansızlıq  qızı sarsıtmışdı…

Onu xiffət dolu bu kövrək duyğulardan ayıran arakəsmənin o üzündə nəsə qızğın söhbət edən gənclərin hay-küyü oldu. Azərbaycanın başıbəlalı taleyindən, torpaqlarımızın erməni vəhşilərinin hücumuna məruz qalmasından qəzəblə danışan gənclər necə oldusa, arakəsmənin arxasından çıxıb, yandakı boş yerlərdə oturdular. Nəzrin indi onların üzlərini də görə bilirdi. Gənclərdən biri daha çılğın idi. Nəzrin istər-istəməz bu alagöz gəncin dediklərinə qulaq asmağa başladı. O, ermənilərin Azərbaycan torpaqlarına rus imperiyası tərəfindən köçürülməsindən danışır, deyirdi ki, dünyada, bəlkə, yeganə xalqıq ki, heç bir millətin torpağında gözümüz olmayıb, öz torpaqlarımız bizə bəs edib. Göyçəni, Zəngəzuru, İrəvanı himayədarlarının əliylə mənimsəyən ermənilərin dişində şirə qalıb, indi də vətənimizin ürəyi olan Qarabağa diş qıcayırlar. Biz Vətənə onun bu günündə lazımıq! Əl-ələ verməli, unutmamalıyıq ki, ulu bir xalqın övladlarıyıq!

Birdən gəncin iti nəzərləri Nəzrinin üzünə sancıldı və baxışları anidən toqquşdu. Qızın ürəyi bərk çırpındı!!! Tez gözlərini oğlandan yayındırdı. Siqaret çəkmək üçün çıxan kişinin boş qalmış yerinə kecdi ki, bir də oğlanla göz-gözə gəlməsin. ..

Bayaqdan səs-küylə dolu vaqona qəfil sükut çökdü. Oğlanlar söhbəti dayandırmışdılar. Alagöz oğlan yerindən qalxıb, o tərəf-bu tərəfə gəzişməyə başlamışdı. O, hər dəfə Nəzringilin oturduğu yerdən keçəndə gözaltı qızı süzürdü. Nəzrin özünü məşğul kimi göstərməyə nə qədər çalışsa da, bütün fikri bu yaraşıqlı, dilli-dilavər oğlanda qalmışdı. Hər dəfə oğlanı qarşısında görəndə həyəcanlanır, nə qədər eləsə də, ona gözucu baxmaqdan özünü saxlaya bilmirdi. Oğlanın baxışlarındakı qeyri-adi qətiyyət iradəsi əleyhinə olaraq, onu bir maqnit kimi özünə çəkirdi.

Nəhayət, hər kəs yerini rahatlayıb yatmağa hazırlaşdı. Nəzrin də yerinə uzanıb gözlərini yumdu. ..

-Deyəsən, yeriniz yuxarıdadır, mənim yerim aşağıdadır, istəsəz, dəyişə bilərik. Sizə əziyyət olar, yıxılarsınız!

Bu səs necə mehriban, necə  mülayim idi! İlk dəfə gördüyü qızla əziz, məhrəm bir adamı kimi davranırdı. Başını qaldıranda gördü ki, ucaboy, ağbəniz, alagöz, qıvrım saçlı həmin gənc xoş nəzərlərlə ona  baxır. Özünü nə qədər ciddi tutmağa çalışa da, qeyri-ixtiyari gülümsəyərək, – “Sağ olun, yuxarı xoşuma gəlir!” – dedi və öz səsi özünə yad gəldi.

-Nə deyirəm ki, – deyə oğlan məyus halda yerinə qayıtdı.

Xala aşağıdan pıçıldadı:

-Sabahdan fikir verirəm, a bala, deyəsən, o dilli-dilavər oğlanın yaman xoşuna gəlirsən. Amma, insafən, heç pis oğlana oxşamır.

Nəzrin dinmədi, utanıb başını aşağı saldı.

Artıq hamı öz yerində rahatlanmışdı, Nəzrinsə, əksinə, çox narahat idi. Öz yerini yandakı sərnişinlə dəyişən oğlan gözlərini ondan  bir an belə çəkmir, bu gözlərdən yağan ulduz-ulduz iynələr qızın bədəninə min yerdən sancılırdı. Yaxşı ki, açıq pəncərədən sərin hava gəlirdi, yoxsa, istidən, həyəcandan az qala boğulacaqdı! Əllərini bayıra çıxardı, sanki sərin havanı ovuclayıb içəri dolduracaqdı. Hiss edirdi ki, oğlan sözlü adama oxşayır, ona nəsə demək istəyir, nigarançılıq içində vurnuxur. Guya yatmaq istəyirmiş kimi gözlərini yumdu və şirin xəyallar içində nə vaxt yuxuya getməsindən xəbəri olmadı…

-Bura nə yaxşı sərin imiş.

Gözlərini bu qəfil pıçıltıya açdı. O idi! Əllərini açıq pəncərədən bayıra uzadaraq, üzünü qıza tutub danışır, danışdıqca da bütün bədəni titrəyirdi:

-Gəlin, tanış olaq! Mənim adım Nəcəfdir!

Təəccübdən, həyəcandan dili tutulan qız susurdu. Nəcəf ondan harda oxumasını soruşur, kim olması ilə maraqlanır, bir cavab almadıqda özü haqda danışırdı. O, Universitetin tarix fakültəsində oxuyur, həm də radiozavodda işləyirdi. Atasının vəfatından sonra evin bütün ağırlığı onun üstünə düşmüşdü. Anasıgilə hər ay pul göndərirdi. Çünki onların başqa güman yerləri yox idi, anası xəstə olduğuna görə işləyə bilmirdi.

Oğlanın üzündəki ciddi və qətiyyətli ifadə Nəzrində ona qarşı rəğbət oyatmışdı. Qız onun qaygılı üzünə baxaraq, tez mövzunu dəyişdirmiş, soruşmuşdu ki, tarixi yenə köhnə dərsliklərdənmi oxuyurlar? Sonra da demişdi ki, yazıq tarix, sən necə varsan, o cür də yaşayıb gedirsən, lakin hərə səni öz bildiyi kimi yazır.

Nəcəf isə heyrət dolu baxışları ilə ona baxaraq, – “Sən nə sevimli qızsan!”, – deyə pıçıldamışdı. Demişdi ki, xalqımızın keçmişini varaq-varaq öyrənib, yeni tarix kitabı yazmaq arzusundadır. Bunları deyəndə üzü elə nurlanmışdı ki!

Bu fikrinə görə qızın ona rəğbəti bir az da çoxalmış, bayaq erməni faşistlərindən, onların xalqımızın başına açdığı oyunlardan nifrətlə danışanda onun gözlərinin qəzəbdən necə alışıb yandığını xatırlamışdı. Belə oğullarımız olduğuna görə düşmən üzərində qələbəyə inamı güclənən qız əmin olmuşdu ki, o çox ləyaqətli və nəcib insandır…

***

İndi, neçə il sonra Nəzrin qara mərmərdən boylanan oğlanın tanış çöhrəsinə baxa-baxa özünü qınayırdı:

-Mən niyə sənin cəbhəyə gedəcəyini düşünmədim? Axı, sən vətənin dar günündə kənarda qala bilməzdin! İlahi, niyə tamaşa olan bu həyatda faciələr daha çoxdur, axı?

***

…Gecənin bir aləmi, hansısa bir stansiyada nəfəsini içinə çəkən qatar qəfil dayandı, hardasa itlər bərkdən hürüşdülər. Uzaqda qatı qaranlığın qoynunda ara-sıra közərən işıqlar yaxınlıqdakı hansısa kiçik bir dağ kəndinin varlığından xəbər verir, bu işıqlar ayrı-ayrı evlərdən boylanıb, sanki bir-biri ilə danışırdılar. O işıqların hər biri bir ailə, neçə-neçə ömür, arzu, istək demək idi. Bax, görəsən, o bir kənarda işığı gələn evdə kimlər yaşayır, bir-biriylə necə yola gedirlər? Bax, indi bu dəqiqə, bu an neyləyrilər? Yatıblarmı, oyaqdırlarmı? Kaş, bir quş olub o işıq gələn pəncərəyə qonaydım, o evdəki həyatı heç kəsin xəbəri olmadan kənardan seyr edəydim. Niyə, axı, insanlar bir-birinə belə yad, belə uzaqdır?!

Onu bu ani fikirlərdən Nəcəfin sualı ayırdı:

-Nə fikirləşirsən?

Tamam fərqli cavab verdi:

-Nədənsə axşamlar itlər hürüşəndə içimə bir qəriblik dolur, sanki əziz bir adamımın yoxluğunu hiss edirəm. Elə bil ki, uzaq bir obada  dəyədə oturub, ovdan qayıdacaq əzizimi gözləyirəm. O isə gəlmək bilmir ki, bilmir.

Nəcəf astadan güldü. Ay allah, elə şirin-şirin güldü ki, qaygıkeş baxışları qızın bütün vücudunu dolaşdı. O, həyatında özünə qarşı bu cür doğma baxışlar görməmişdi. Nəcəf:

-Aşağı düşə bilərsən? Sənə sözüm var, – deyə pıçıldadı.

Qız mat-məəttəl qalmışdı. Əvvəl istədi getməyə. Xala da deyəsən, yatmamışdı. Amma özü də fərqinə varmadan, hansısa bir hiss onu uzandığı yerdən qalxmağa sövq etdi, aşağı enib Nəcəfin dediyi yerə gəldi. Oğlan gözə dəymirdi. Pəncərədən bayıra boylandı. Bütün gücünü yığmış qatar irəli şütüdükcə amansız bir inadkarlıqla işıqları da oğurlayıb özü ilə aparırdı. Birdən hiss etdi ki, Nəcəf arxasında dayanıb, ona baxır. Geri dönüb oğlanla üz-üzə dayandı. Nəcəfin sinəsi həyəcandan qalxıb enir, bütün bədəni titrəyir, bu həyəcan qıza təsir eləyirdi.          

Özünü ələ alıb sakit səslə soruşdu:

Nə deyəcəkdin mənə?

Oğlan bir anlığa susdu. Elə bil ki, bayaqdan dil-dil ötən o deyilmiş. Qısaqol köynəyinin qolunu qatlayıb, qolundakı qız şəklini ona göstərdi.

-Bax, sənin rəsmindi.

Nəzrin özünün tuşla çəkilmiş rəsmini  oğlanın qolunda görəndə öncə heyrətdən dili tutuldu, nə deyəcəyini bilmədi! Sonra elə bil ki, bu alagöz oğlan bir andaca həm doğma, həm də sirli, əsrarəngiz görünməyə  başladı. Bu, nə sirr idi?! İlk dəfə cəmi bir-iki saat qabaq gördüyü bu oğlan niyə ona bu qədər doğma gəlirdi?! Elə bil ki, onu lap uşaqlıqdan, bəlkə, hələ dünyaya gəlməmiş tanıyırmış!

Mənim şəklimi sənin qoluna kim çəkib?!

Nəcəf rəsmin onun qoluna bir əsgər yoldaşı tərəfindən döyüldüyünü dedi. Sən demə, nağıllar röyalar aləmindən gəlmiş bu oğlanın səkkiz il qabaq qoluna döydürdüyü qız rəsmindən elə xoşu gəlib ki, bu illər ərzində gözləri hər yerdə rəsmdəki qızı axtarırımış və budur, axır ki, axtardığını tapmışdı!..

***
Nəzrin onun soyuq başdaşını qucaqladı:

-Nəcəf, illərlə, ömür boyu mən səni axtarmışam. Heç bilməmişəm ki, sən burda, lap yaxınımdasan! Müharibə çıxaranın evi yıxılsın! Axı, sənin nə qədər işıqlı arzuların vardı, Nəcəf! Nəcəf! – qadının ürəyindən qopan ah bütün vücudunu yandırdı…

***
Nəcəf az qalırdı qızı bağrına bassın.Titrəyə-titrəyə adını soruşdu.

-Nəzrin?! Nə gözəl adın var? Mən səni hec vaxt itirmək istəməzdim. Sən ağıllı qıza bənzəyirsən. Xahiş edirəm, unutma məni, sən mənim xəyallarımın pərisisən, mənim tale payımsan! Nə uğurlu oldu bu səfər! Şəmkirə dostumgilə qonaq gedirəm!

Dəqiqələr bir-birini əvəz edir, qatar bir an belə nəfəsini dərmədən irəli cumur, onlar bir- birləri ilə söhbət etməkdən doymurdular. Ikisinin də ürəyindən idi ki, bu aylı-ulduzlu yay gecəsi uzandıqca uzansın, bu tale qatarı dayanmadan yüz il beləcə yol getsin və onları arzuların hansısa əlçatmaz, naməlum, məchul ünvanına aparsın…

Hər şey elə anidən, qəfil oldu ki, qız əvvəlcə nə baş verdiyini anlamadı. İsti yağış damlaları boyun-boğazı, yanaqları, üz-gözünə tökülürdü. Ağlı başından çıxmış, bu qatarı da, gecəni də, oğlanı da, özünü də unutmuşdu! Nə qədər belə çəkdiyini billmədi! Zaman durmuşdu sanki! Qatar yuxudan ayılmış adam kimi anidən nəfəsini çəkib qəfil dayandı və dayanmasıyla da hər şeyi öz axarına qaytardı. Bu nə idi? Bu nə vaxt baş vermiş, niyə buna razı olmuşdu?! Dəmir kimi güclü, əzələli qollarını qızın belinə dolayan oğlan onu öpüşlərə qərq eləyirdi! Burax!, – deyə çabalayıb, oğlanın qolları arasından çıxdı və yerinə sarı qaçdı…

Yerinə uzanıb gözlərini yummuşdu. Quş kimi çırpınan ürəyi elə bil indicə sinəsini yarıb çıxacaqdı! Bütün olanları bir-bir yada salır, hadisəni anbaan yenidən yaşayır, gözlənilmədən baş verənlərə izah tapmağa çalışır, özünü danlayırdı. Necə oldu ki, belə zəiflik göstərdi? Yol yoldaşları, alt qatda yatan mehriban, çoxdanışan qadın bilsə, onun haqqında nə düşünəcək? Yəqin deyəcək ki, qıza bax, bir-iki saat bundan qabaq tanıdığı oğlanla gör nə oyunlardan çıxır?! Zavallı qadın hardan bilsin ki, bu gənc onu səkkiz ildir ki, tanıyır, qız da onu xəyallarında yaşatdığı ən əziz adamı sanır!

Xəyaldan ayrılıb gözünü açanda Nəcəfi yenə öz yerində oturmuş gördü. Göz qırpmadan qıza baxırdı. Onun baxışları qızı bu dəfə daha çox həyəcanlandırır, kövrəldirdi, az qalırdı yalvara, deyə ki, nə olar, mənə belə baxma! Yuxusu ərşə çəkilmişdi, yaman istilənirdi. Dəsmalıyla üzünü yelləməyə başladı. Nəcəf  qalxıb ona qəzet verdi.

-Al, Nəzrin – necə də nəvazişlə çəkdi adını. Evdə atasının, qardaşlarının onu necə kobudluqla çağırmaları yadına düşdü.  Bu nə idi, nə baş verirdi? Heç biri yata bilmirdi, sanki nağıllar aləmindəydilər…

Qız boyun-boğazında, sir-sifətində ilk öpüşlərin hərarəti nə vaxt yuxuya getməsindən xəbəri olmadı. Yuxuda özünü lələk kimi yüngülləşib havada süzən gördü. Süzür, süzür, amma heç bir yerə gedib çıxa bilmirdi. Elə bil ki, onu ağuşuna almış mələklər göy üzündə yırğalayır, səssiz ninni deyirdilər. Birdən yerin dərinliyindənmi, yoxsa göylərin doqquzuncu qatındanmı gələn bir səslə kimsə onu çağırmağa başladı: Nəzriiin! Nəzriiin! Öz adını eşidib, gözlərini açdı: – Nəzrin, – bir azdan mənim stansiyamdır, düşürəm, – deyən Nəcəf onun qolunu sığallayırdı.

Əlinin hərarəti qızın bütün bədənini yandırdı. Qolunu yavaşca çəkdi.

-Yat-yat, – deyə Nəcəf mehribanlıqla gülümsədi. Elə bil körpə uşağa laylay çalırdı. Sakitcə ah çəkdi. – Mənə təəccüblənmə. Axı, əslində, mən səni çoxdan tanıyıram. Sən mənim ürəyimin bir parçasısan, yarımsan!

Qatar Gəncəyə çatdı. Nəcəfin düşməsinə az qalmışdı. Oğlan ondan qələm istədi, bir vərəq parçası çıxarıb, ora nəsə yazdı, qıza uzatdı. Telefon nömrəsi idi.

Dostum Tahirin ev nömrəsidir. Xahiş edirəm, ona zəng elə, nə vaxt gələcəyini xəbər ver, şəhərdə səni qarşılayaram. Nəsə göruşə bilməyəcəyimizdən yaman narahatam. Mənə bir telefon nömrəsi ver. Çox xahiş edirəm, gəl, görüşək. Əgər səni itirsəm, bunu hec vaxt özümə bağışlamayacam. Görəsən, bu bir ayı sənsiz necə dayanacam?

Nəhayət, Nəcəfin enəcəyi stansiyanın yaxınlaşdığını elan etdilər. Nəzrin ev telefonlarının nömrəsini, evlərinin ünvanını  qardaşlarının qorxusundan oğlana verə bilməsə də, telefon edib, onu tapacağına söz verdi.

Nəcəf ani tərəddüddən sonra sanki ürəyində ağır yük ayağa qalxdı. Əlindəki qəzeti ona uzatdı.

Burda bir şeir var, oxuyarsan.

Qızı başdan ayağa elə süzdü ki, sanki onun bütün vücudunu gözlərinə köçürüb özüylə aparacaqdı. Qızın əlini hərarətli bir nəvazişlə sıxıb ayrıldı…

Oğlan qızın ürəyini də özüylə götürüb getmişdi. Qız fikrini dağıtmaq üçün guya ki, qəzet oxumağa başladı. Gözünə bir şeir sataşdı. Müəllifi yadından çıxsa da, şeirin axırıncı misraları indiyə qədər yadındaydı. Nəcəf bu iki misranın altındasn göy rəngli qələmlə qoşa xətt çəkmişdi:

Eşqdən şərqi deməyin.

Eşq şərqisi məndə.

***

Yayın son ayını böyük səbirsizliklə başa vurdu. Amma anası bərk xəstələndiyindən rayonda bir həftə artıq qalası oldu. İşin tərsliyindən Nəcəfin verdiyi telefon nömrəsi də dəftərin arasından yoxa çıxdı.

Bakıya qayıdanda düz bir həftə vədələşdikləri yerə baş çəkdi, amma o yox idi. Nəzrin özünü vədinə xilaf adam kimi hiss elədiyi üçün üzüntüdən xəstələndi. Dəfələrlə Nəcəfin iş yerinə və oxuduğu universitetetə getsə də, utandığından heç kəsdən onu soruşa bilmədi. Ümidini təsadüfə bağladı…

***
Bir ovuc işıq hardansa süzülüb, Nəzrinin qəlbinə dolur, ona elə gəlirdi ki, bu, Nəcəfin dinclik tapan ruhudur. Başını qaldırıb əlçatmaz göylərə baxdı. Gömgöy səmada iki ağappaq bulud sevgililər kimi qucaqlaşmışdı. Nəzrin əminiydi ki, bu onların əbədi vüsala çatan ruhlarıdır… Nəzrini özünə qaytaran “Ana, Ana!”, – deyə ona sığınan oğlunun ilıq nəfəsi oldu.

MÜƏLLİF: NAZİLƏ GÜLTAC

NAZİLƏ GÜLTACIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

20-YANVAR UMUMXALQ  HÜZÜN  GÜNÜ

20-YANVAR UMUMXALQ  HÜZÜN  GÜNÜ

QAYSAQ TUTMAYAN YARAMIZ

Bir ömürlük nisgil

  Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq  33  il keçir. Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 131 nəfər  öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi  ümumxalq hüzn günü!  Şükür Səhidlərimizin ziyarətinə mənfur düşmən tapdağından  Qarabağımızın xilası,  Qələıbə müjdəsi ilə gedirik!

 Nəsirov Yanvar Şirəli oğlu (01.01.1957-ci il 20.01.1990-cı il)

               Qüvvətli, qolu güclü, Vətən, dost yolunda ölümə gedən oğlan idi Yanvar. Topxana meşəsində ermənilərin törətdikləri vəhşiliyə etiraz əlaməti olaraq 1989-cu ildə Azərbaycan xalqının igid oğulları Azadlıq meydanında vətənin müdafiəsinə qalxanda Yanvar Nəsirov da bu meydanda idi. Hər gün işdən sonra Azadlıq meydanına gedib nəyə gücü çatırdısa, o köməkliyi  əsirgəmirdi. Vətəninə, xalqına biganə qala bilmirdi. Hadisələrin qarışıq vaxtı hər axşam bütün qohum əqrabalarla telefon vasitəsi ilə hal-əhval tutmamış rahatlanıb yatmazdı.

         Nəsirov Yanvar Şirəli oglu 1957-ci ildə yanvarın 1-də Ağdam rayonunun  Gülablı kəndində anadan olmuşdur. 1964-cü ildə Gülablı kənd orta məktəbinin I-ci sinfinə daxil olmuş, 1974-cü ildə orta məktəbi bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində peşə təhsili almaqla yanaşı istehsalat obyektlərinin inşasında çalışmağa başlayıb.

         Hadisələr baş verəndə oğlunun iki  yaşına iki ay qalırdı. Yanvar isə həyatda artıq yox idi. Yanvar ata yanvar ayında qalmışdı. Yanvar ayından bəri çıxa bilməmişdi.Torpaq, Vətən dərdi yük olub ürəyindən asılmışdı, sevincini azaltmışdı. Gecəgündüz tək bircə sözsöhbəti var idi. VətənTorpaq

                       Şəhid xanımının mücadilələrdən keçən uğur yolu

      1987-ci ildə öz həmkəndlimiz Yanvarla ailə həyatı qurduq deyir  Almara xanım. Həyatımızın xoşbəxt günlərini yaşayırdıq. 1988-ci ildə oğlumuz  dünyaya gəldi.       Hər ilin yay fəslini Gülablıda dağlar qoynunda keçirirdik. Ağdam – Gülablı mənim üçün vətəndir, həyatın başlanğıcıdır… Uşaqlığı, məktəb illəri, ilk iş yeri, 24 yaşına kimi bütün həyatım orda keçib: -“Gülablı əvvəllər Şuşa qəzasının tərkibində

olub. Bizim kənddən arxa tərəfdəki yolla Şuşaya at arabası ilə 2 saatlıq yol idi. Ədiblərin də yazılarında var ki, Şuşaya dayələri bizim kənddən aparırdılar. Saf suları, təmiz havası, bərəkətli torpağı vardı. Kəndimiz dörd tərəfdən dağlarla əhatə olunmuşdu. Arxa tərəfdə Çıraxlı, Hacadağlar idi. Kəndin düz ortasından çay axırdı. Gedib Ağdamın Qarqar çayına birləşirdi. Belə bir səfalı torpaqda dünyaya göz açmışam, orda böyümüşəm. Çox dəcəl qız idim. Rəfiqəm Gülbənizlə gedib girirdik şah bağlarına. Armud, qoz, zoğal… bağları sırayla salınmışdı.Yazın gəlişi məni bütün varlığım ilə bu torpağa çəkib aparırdı. Özünün işi olanda da mən uşaqla kənddə qalırdım, o, şəhərlə kəndin arasında. Ən yadda qalan günümüz balaca Həsənin kəndimizdə ayaq açıb yeriyən günü olub.

. Axşam saatlarında evə gəldi, çörəyini yeyib sonra “qardaşımgilə baş çəkim gəlim, məni bankalayarsan,” dedi. Körpə Həsən atasını gördükdən sonra ondan ayrıla bilməzdi. Ona görə onu da özü ilə apardı. Yarım saatdan sonra onlar evə gəldilər. Körpəni mənə verdi ki, yatırım, ondan əl çəksin. Özü küçəyə çıxdı.

 Həmin gün də işdən evə gəlib, çörəyini yeyib, vəziyyətin nə olduğunu bilmək üçün küçəyə çıxır. Bir müddətdən sonra evə qayıdıb həyat yoldaşına söylədi ki, şəhərdə vəziyyət heç də ürək açan deyil. Mən gedirəm görüm vəziyyət nə yerdədir.

Soruşdum – Hara gedirsən?

– Vəziyyətlə tanış olub qayıdıram. Sən körpəni rahatlayıb yatırana kimi gələrəm. Qapını açarla bağlayıb, açarı da qonşuda yaşayan qardaşı Şiraslanın həyat yoldaşı Tərlana verib. Əvvəllər Yanvar Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 6-da bacı-qardaşları ilə bir həyətdə yaşayırdı. Sonra qapının arxasından səsləndi ki:

– Qorxsan divarı döyərsən Tərlan gəlib qapını açar. Eşitdin???

Axşam saat doqquz olardı. O çıxıb getdi. Mən oğluma gecə köynəyini geyindirib yatırmağa apardım. Uşaqla barəbər özümü də yuxu aparıb. Bir də onda ayıldım ki, sanki zəlzələdi. Küçəni qışqırıq, səs, küy, güllə səsi başına götürüb. Vahimə ilə yerimdən qalxdım, onu səslədim, gördüm gəlməyib. Özümü bayıra atmaq istədim. Əlimi qapıya atıb dartdım, gördüm bağlıdır. Yadıma düşdü ki, açarı qonşuya verib. Divarı möhkəm-möhkəm döyməyə başladım. Şiraslangili yuxudan oyatdım. Dedim:

– Şəhər güllə səsindən dağılır. Yanvar da gəlib çıxmayıb. Tez gəlin qapını açın. Onlar gəlib qapını açdılar. Mən özümü küçəyə atdım. Göydən güllələr ulduz kimi uçub yerə tökülürdü.

Bu zaman oğlum yuxudan dik atılıb elə bərkdən ağladı ki, səsi küçəyə gəldi. Mən tez gəlib onu ovundurmağa çalışdım. Xeyli ağlayandan sonra sakitləşib yatdı. Küçədə hamı ayaq üstə idi. Gecə yarı gedənlər iki-bir geri qayıdırdılar.

Səhəri diri gözü açdıq, Yanvar gəlib çıxmadı. Qardaşı Şiraslan kənarda yaşayan qohumların hamısından onu soraq aldı, gördüm deyən olmadı. Şübhələr mənim qəlbimi didib parçalayırdı. Qəlbimə qara fikirlər gəlirdi. Düşünürdüm ki, o heç vaxt ailəni başsız qoymayıb. Harda olsa xəbər verib. Bilirdi ki, onsuz səksəkə içində oluram. Başında bir iş olmasaydı, ya xəbər verərdi, ya gələrdi. Səhərə kimi gözlədik. Ondan xəbər verən olmadı. Bu zaman qardaşı Şiraslan qayıdıb ondan xəbər olmadığını xəbər dedi. Məni hönkürtü ilə ağlamaq tutdu. Yenidən bacısı Ulduz, Şiraslan, onun yoldaşı Tərlan xəstəxanaları axtarmağa getdilər. Bakı şəhərində olan xəstəxanaların hamısını gəzdilər.

Yanvar yola çıxıb. Avtobus dolu adamın uzaqlaşdığını görüb fit çalıb. Avtobus fitdən qorxub dayanıb. Yanvar özünü birtəhər avtobusa salıb.

         Sürücü deyir avtobusu saxladım. O da qaça-qaça gəldi. Dal qapıdan hamını sıxışdırıb içəri keçdi. O boyda avtobusdan təkcə güllə ona dəydi. Bəxtə bax e…Mən avtobusu saxlamasaydım, o minməsəydi sağ qalacağdı… Yüz metrə qaçıb mindi avtobusa. Ölümə gedirmiş, mən də bilmirəm.

Avtobus sürücüsü Vəli bu cumlələri Yanvarın son cümə axşamında deyib.

         Qaynım Şiraslan bacısı Ulduz qaynımın yoldaşı qonşu Vəlinin maşını ilə yenidən onu axtarmağa getdilər. Xəstəxanaların hamısını ələk-vələk etmişdilər, tapa bilməmişdilər. Salyanski kazarmanı axtarıb gəlib onu Kaspar xəstəxanasında olan meyidlərin arasında tapmışdılar. Olimp mağazasının qabağında güllə ağ ciyərinə dəyib, gətiriblər ora. Çox qan itirdiyindən keçinib.

1990-cı ilin yanvarında  Sovet Ordusunun  Bakı şəhərinin üzərinə yeritdiyi silahlı əsgərlər dinc əhaliyə qarşı qırğın törətmiş, qan tökmüşdür. Sovet tanklarının qarşısına əliyalın, silahsız  çıxan xalqa qarşı  terroristlər vəhşicəsinə divan tutmuş və yüzlərlə insanların həyatına son qoymuşdular. Nəsirov Yanvar Şirəli  oglu şəhid olmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin!

Axşam üstü onu Təzə Pir məscidindən evimizə gətirdilər. Bir gecə bizə qonaq oldu. Səhəri dövlət nümayəndələri gəldilər ki, xalq, vətən uğrunda şəhid olanların hamısını bir yerdə “Dağüstü” parkda dəfn edəcəyik. Xalqın böyük izdihamı ilə biz onu şəhidlər xiyabanında dəfn elədik. Allah torpaq uğrunda uyuyan bütün şəhidlərimizə rəhmət eləsin!

                     “İllər sonra o uşaqlıq arzumu həyata keçirdim”

Bir gün gözləmədiyi zamanda qapı döyülür. Qənşərdə tanımadığı dörd nəfər vardı. Özlərini təqdim edərək, Bakı Dövlət Universitetindən gəldiklərini dedilər. Şəhid xanımı kimi nəyə ehtiyacı olduğunu soruşdular, vəziyyətlə maraqlandılar. Həmin gün onun taleyində dönüş yarandı: “Ürəyimdəkiləri danışdım tanımadığım o insanlara. Həmin günlər hamı üçün çətin idi. Və həmin günlərdə qapımı bizlə maraqlanan insanlar döymüşdü. Bu, həm xalqımızın müdrikliyini, həm də Bakı Dövlət Universitetinin böyük kollektivinin qayğıkeşliyini göstərirdi. Özüm də inana bilmirdim onlara. Həmin gün həyatımın axarı dəyişdi. Məni universitetə işə götürdülər”.

Almara Nəbiyeva 1990-cı ildə BDU-nun fizikia fakültəsinin ümumfizika kafedrasında baş laborant preparatoru kimi işə başlayır. Elə işləyə-işləyə də imtahanlara hazırlaşır. Məktəb illərində arzusunda olduğu ixtisası seçmək qərarına gəlir: “Uşaq vaxtından Azərbaycan dili-ədəbiyyatı fənnini çox sevirdim. O sevgini Şiraslan müəllim aşılamışdı. Bizim evdən məktəbə bir kilometr yol idi. Hər dəfə yolda müəllimlə rastlaşanda çantamı götürüb aparırdı. Onun diqqəti sayəsində bu fənni sevmişdim. Mən də dil-ədəbiyyat müəllimi olmağı arzulayırdım. Amma o vaxt arzularım yarımçıq qaldı. İllər sonra mən o uşaqlıq arzumu həyata keçirdim. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum. Qiyabi oxuyurdum, işləyirdim, oğlum da bağçaya gedirdi”.

1992-1993-cü illərdə isə Almara Nəbiyeva həyatının üçüncü ağır zərbəsini aldı. Doğulub boya-başa çatdığı Gülablı kəndi 1992-ci ilin sentyabrında, bütünlükdə Ağdam isə 1993-cü ilin iyulunda erməni qəsbkarları tərəfindən işğal olunur.   Almara xanım 1995-1997-ci illərdə Folklor kafedrasında laborant, 1997-2012-ci illərdə baş laborant vəzifəsində çalışır. 1999-cu ildən həmin kafedrada müəllim işləyir. Eyni zamanda elmi işlə məşğul olur. 2012-ci ildən universitetin “Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasının elmi işçisidir. Elə həmin il folklorşünaslıq ixtisası üzrə “Müasir dövr aşıq yaradıcılığı (Qarabağ aşıq mühiti materialları əsasında)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. 30-dan çox elmi və publisistik məqalənin müəllifidir. Hazırda isə doktorluq üzərində çalışır. Bir sözlə, gəncliyi, həyatı mücadilələrlə, mübarizələrlə, çətinliklərlə keçib. Amma heç kəsə ağız açmayıb, 20 Yanvar şəhidinin xanımı olduğunu əlində bayraq etməyib: “Sağ olsun bacı-qardaşlarım. Həyatımın ən çətin dönəmlərində mənə kömək etdilər, əl tutdular. Çox çətinliklərim olub. Amma özümə sığışdırmamışam kiməsə zəng vurub deyim ki, nəyəsə ehtiyacım var. Yaxud şəhid xanımı olmağımdam istifadə etməmişəm. İnsan gərək özünə hörmət etsin ilk növbədə. Kiminsə qapısını döymək, ağız açmaq təbiətimdə yoxdu. Mən heç oğlumun da yanında ağlamamışam. Ac-susuz olduğumu balama göstərməmişəm. O, atasının şəhid olduğunu da bilmirdi. Demişdik atan müharibədədir. 4-cü sinifdə dərslikdə atası haqda məlumat vardı. Həmin dərs keçirilən gün oğlumu məktəbə göndərmədim. Dedim, birdən dərs keçiriləndə özünü pis hiss edər. Elə həmin gün qarşıma qoyub danışdım, izah etdim. Hər uşaq atasının yanında olmasını istəyər, əlbəttə. Amma gücüm çatan qədər qoymamışam sıxıntı çəksin, başqa uşaqlardan geri qalsın. Çox şükür, oğlumu böyütdüm, Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirdi. Artıq ailə də qurub. Beləcə, həyat dayanmır, öz axarı ilə gedir. Sadəcə, gedənlər geri gəlmir… Bir də həyatda insana yalnız elədiyi yaxşılıqlar qalır, başqa heç nə

                                 “Ötən günlərimi qaytaraydılar…”

İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Amma hər kəsin ürəyində bir ümdə arzusu olur. Almara Nəbiyeva da illərdir qəlbində bir arzu ilə yaşayır – Ağdama, Gülablıya heç olmasa bircə dəfə yenidən ayaq basmaq: “Kəndimizi tez-tez yuxuda görürəm. Həyətimizi, bağ-bağatımızı, kəndin ortasından axan çayı… Gah görürəm o çayda üzürəm, gah hansısa dağa çıxıram… Hər dəfə ötən günləri yada salanda xatirələr adamı doğma yerlərə çəkib aparır. Yaşa dolduqca həmin xatirələr daha da şirinləşir, doğmalaşır insan üçün. Elə bir insan yoxdur ki, uşaqlıq, gənclik illərini xatırlamasın. Doğulub boya-başa çatdığı kəndin şirin xəyallarının qanadlarında dolanmasın. İllər ötür, bu xatirələr də səninlə yaşayır, o yerlərin insanları, dağı-daşı, bağı-bağatı ömürlük yaddaşına köçür. Hələ də kəndimizin həsrətini çəkə-çəkə, yollara baxa-baxa gözləri yolda qalmışam. Hər bahar fəsli gələndə qəlbimdə o yerlərin gözəl təbiətini, buz kimi bulaqlarını, təmiz havasını, çiçəklərinin ətrini, quşların cəh-cəhini bütün varlığımla duymaq həsrəti baş qaldırır. Ürəyimdən keçir ki, bir kəndə getsəydim, barlı-bağatlı torpağıma ayağım dəysəydi, yeri-yurdu dolanıb gəzsəydim… İllərdir, bu böyük xoşbəxtlik əlimdən çıxıb. Amma hələ ümidimi üzməmişəm. İnanıram ki, üzümə az gülən taleyim heç olmasa bu dəfə mənə xoş baxacaq”…Gözün aydın Şəhidi,Gözün aydın şəhid Xanımı.

           AĞDAM QAYDIŞIN MÜBARƏK OLSUN!

  Allahın lütvüdür, böyük məhəbbəti!

Müqəddəs ruhların oyaq günündə!

Məhz Cümə günündə Ağdam azaddır!

Minlərlə şəhidi var Ağdamın!

Şəhid vermədən azad olan Ağdamın!

Şükür olsun intiqamı alındı!

Məçidində ilk namazda qılındı!

Qarabağın dayaq nöqtəsidir Ağdam!!!

Şir ürəkli oğulların var olsun!!!

Gözünüz,Gözümüz aydın olsun!!!

Vətənin dünyada təqdim edən!

Elimlə Baş Ucalığı gətirən!!!

Elimİnə,sənətinə,elinə heyran!!!

Qəlbi evini rahat edən qüdrətə qurban!!!

Yol gedir Ağdama, düz gedir Ağdama!!!

İstəməyənlərin gözlərinə Ağ dama!!!

Elin qürur yeridir!!!

Muğamın  beşiyidir!!!

Dünyada ilklərə imza atan!

İdiglərin var Ağdam!!!

Düşmənə dağ çəkdirən

Fred Asifin,Allahverdin!

Canpoladın, Şirinin var!

Daha çox şəhidin var!!!

Qürüru var Ağdamın!

Sınmaz, əyilməz!!!

Yalın əllə düşmənin boğazın üzən!

Say seçmə oğulların!!!

Allah möcüzəsi var!!!

Mükafarı, müjdəsi var!!!

Ziyalısı, alimi, incəsənət xadimləri!!!

Yeni Eranın elminin müəllifi Ağdamlıdır!!!

Öz elmi, sənəti ilə Bəşəri xidmətdərir!!!

Elm İnsanlığın xilasına xidmət edir!!!

MÜQƏDDƏS RUHLARA EHTİRAMI VAR!

VÜQARLI, QÜRURLU AĞDAMIMIZ VAR!

VƏTƏN İGİD OĞULLARIN ÇİYNİNDƏ DAYANIR!

  Qələbə müjdəsini verən oğullar!!!

Sizlərlə Qururludu Vətən Oğullar!!!

Tarixinə sahib çıxmaq zamanıdır!!!

Bunun üçün şəhid olub oğullar!!!

Mənfur düşmənin belini qıran,

Düşməni diz çökdürüb,qan uduran,

Qələbə çalalan  Oğullar!!!

Qanınızı  aldılar,  ŞƏHİDLƏR!!!

Qarşınızda baş əyirik!!!

Haqqınız boynumuzadadır!!!

Sizlərə rəhmət deyirik!!!

Sizləri unutmayağa haqqımız yox!!!

Dəmir Yumruquq tək birləşib!

Əldə Qılınç Ali məqsədə çatmaq!!!

Tarıxi torpaqlarımıza sahib olmaq!!!( Z.V)

RUHIARI ŞAD OLAN ŞƏHİDLƏRƏ HÖRMƏT VƏ EHTİRAMIMIZ ŞONSUZDUR!!!

Müəllif: Zülfiyyə VƏLİYEVA       

ADPU-nun ETM-nin elmi işçisi,      Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi      Layihəsi üzrə Milli məsləhətçi,  Əməkdar müəllim.


ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru