UŞAQ NƏSRİNİN İNKİŞAFINDA ŞƏFAHƏT ŞƏFİ İMZASI

ƏYYUB TÜRKAYIN YAZILARI

UŞAQ NƏSRİNİN İNKİŞAFINDA ŞƏFAHƏT ŞƏFİ İMZASI
Ölkəmizdə uşaq ədəbiyyatının ilk təşəkkül tapdığı illərdə balaca oxucular üçün nəsr əsərlər meydana çıxaran Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Abdulla Şaiq və s. maarifçi yazıçılar məna və məzmun etibarı ilə bir-birindən maraqlı nümunələr ərsəyə gətirmişdir. Müasir dövrümüzdə də uşaq nəsrinin davamçıları azlıq təşkil etmir desək yanılmarıq. Bunların sırasında Zahid Xəlil, Rafiq Yusifoğlu, Aləmzər Əlizadə, Qəşəm Nəcəfzadə, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Mina Rəşid, Qəşəm İsabəyli, Ələsgər Əlioğlunun və son dövrlər uşaqlar üçün ardıcıl olaraq nağıl və hekayələri ilə ədəbi mühitdə tanınmağa başlayan Şəfahət Şəfinin adını çəkmək olar. Səfahətin qələmə aldığı uşaq nəsrlərini oxuyanda onun ölkəmizlə yanaşı dünya uşaq ədəbiyyatı ilə də yaxından tanış olması hiss olunur. Nağıl və hekayələrin ustalıqla balaca oxuculara çatdırılması müəllifin mütaliə gücü və zəkasının üstünlüyünün göstəricisidir. Bundan başqa yazıçı qələmə aldığı əksər uşaq əsərlərininin mövzusunu gerçək həyatdan götürür ki, bu da azyaşlı oxuculara əsərin ideya və mövzusunu daha rahat şəkildə anlamağa imkan yaradır. Ən əsası odur ki, uşaqlar üçün yazılan əsər onların estetik zövqünə xələl gətirməməli, mədəni tərbiyəsinin inkişafına, duyğularının gözəlləşməsinə, saflaşmasına vəsilə olmalıdır. Yuxarıda sadalanan vacib nüanslar Şəfahət Şəfi yaradıcılığında tamamilə özünü ehtiva edir.
Yazıçının “Adilin səhvi” adlı hekayəsində əsərin qəhrəmanı olan Adilin bilik mənbəyi sayılan kitaba etinasız yanaşması, onu özündən
sonrakı nəslə yararsız halda təqdim etməsinin yaxşı iş olmadığı aşılanır. “Yusif və qaranquş” hekayəsində isə quşların min bir əziyyətlə qurduğu yuvalarını dağıtmaq istəyən Yusifə babası tərəfindən məzəmmət edilir. Onların təbiətdə oynadığı vacib rol əsərin qəhrəmanına başa salınır. Nasirin uşaq əsəbiyyatındakı xidmətini böyüməkdə olan nəslin mərhəmətli, qayğıkeş, insani keyfiyyətlərə xas şəkildə tərbiyə olunmasına bir çağırış kimi dəyərləndirmək olar. Səfahət uşaq nəsrlərində təsvir israfçılığına demək olar ki, yol vermir. Yazılar yığcam olmaqla yanaşı məna yükünü də özündə saxlayır. Müəllifin bədii əsərləri oxucuda obrazlı şəkildə real, aydın təsəvvür yaradır. Nasir həm də qələm yoldaşlarının uşaq şeirlərini və təmsillərini də nağıl və hekayəyə çevirərək balaca oxucularına daha rahat və maraqlı çalarlarla təqdim edir. Bunlardan “Ördək və Qarğa”, “Bülbül və Nadan Sərçə”, “Göyərçin və Qumru”, “Oğurluq”, “Mənim atam dənizçidir”, “Ağacları qoruyaq” adlı hekayələri misal göstərmək olar. Bütün bu sadalanan yazılarda uşaqların yaş səviyyəsinə uyğun ideya və maraqların təlqin olunmasını, həmçinin yığcam halda canlı aləmlə ahəngdarlıq təşkil etməsini kiçik yaşlı məktəblilər üçün əlavə oxu kimi estetik zövq baxımından uğurlu yaradıcılıq məhsulu olduğunu söyləyə bilərik.
Şəfahət Şəfinin uşaq ədəbiyyatındakı xidməti təkcə nağıl və hekayələrlə bitmir. Onun qələmə aldığı “Arı pətəyi” pyesi günümüzdə uşaqlar üçün nadir halda yazılan səhnə əsəridir. Pyesi oxuyanda ilk baxışdan bal arılarının həyat tərzi haqqında yazılmış sadə bir əsər kimi görünsə də, mahiyyətin dərinliyinə varanda pyesdə bal arılarının timsalında dürüstlük, əməyə sevgi, yaşadığı yurda bağlılıq, ailəyə sevgi, çətinliklərin öhdəsindən cəsarətlə gəlmək, xeyirin şər üzərində qələbəsi və s. bu kimi humanist dəyərlər balaca oxuculara sətraltı mənalarla çatdırılır. Şəfahət Şəfinin yazılarının hər biri zəruri mövzulardır. Təbiətə sevgi, böyüklərə hörmət, təhsilə maraq, zərərli vərdişlədən uzaq durmaq və digər bu kimi mövzular uşaqların dünyanı daha yaxşı dərk etmələri, özlərini tərbiyə etmək baxımından dəyərli nümunələrdir. Bütün bu müsbət keyfiyyətləri nəzərə alaraq demək olar ki, Şəfahət Şəfinin uşaq nəsrlərinə müasir dövrümüzün uşaq ədəbiyyatında tez-tez müraciət olunacaq. Uşaq ədəbiyyatı adına sevindirici haldır ki, balaca oxucular onlar üçün yorulmadan, bir-birindən maraqlı nağıl və uşaq hekayələri qələmə alan ədib və eyni zamanda bir dost qazandılar. Təbriklər, “Uşaq ədəbiyyatı”, təbriklər, Şəfahət Şəfi.

Müəllif: Əyyub TÜRKAY

ƏYYUB TÜRKAYIN YAZILARI

ATLAZ RZAYİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru