AKİF ABBASOV. SİZƏ KİM LAZIMDIR?

                                SİZƏ KİM LAZIMDIR?

                                     (hekayə)

         Hava isti idi. Yayda heç belə istilər düşməmişdi. Oqtay müəllimin Abbas müəllimlə işi vardı. Tez özünü instituta çatdırdı. Dost idilər. arada xətir-hörmət vardı. Oqtay müəllim pilləkənlə ikinci mərtəbəyə qalxa-qalxa: “Həm sözümü deyərəm, həm də insafı olsa bir stəkan çayını içərəm” deyə fikirləşib qapını açdı. Möhkəmcə susamışdı. Dili-dodağı da qurumuşdu.

         Abbas müəllim tədqiqat institutunda direktor müavini idi. O, içəridə olmasa da, Oqtay müəllim keçib divanda əyləşdi. Boyun-boğazının tərini sildi. Abbas müəllim gəlib çıxmaq bilmirdi. Oqtay müəllim durub gəzişdi. Otaq sərin idi. Kondisioner işləyirdi. Pəncərəyə sarı gedib əlini çaydana vurdu. İsti idi. Elektrik çaynikini qoşdu. Özünə çay süzdü. Gözü stolun üstündəki kitaba sataşdı. Yan Amos Komenskinin “Böyük didaktika” əsəri idi. Yenicə nəşr olunmuşdu. Fincanı Abbas müəllimin stolunun üstünə qoyub onun yerində əyləşdi. Kitabı vərəqləyə-vərəqləyə çayını içirdi ki Abbas müəllim içəri girdi. Oqtay müəllimi öz yerində oturan görüb sanki çaşdı. Bir müddət beləcə dayandı. Oqtay müəllim haçandan-haçana başını qaldırdı, özünü sındırmadan:

         -Bağışlayın, sizə kim lazımdır? – dedi.

         Hər ikisini gülmək tutdu. Oqtay müəllim:

         -A kişi gəl çıx da… Gözləməkdən gözümün kökü saraldı…

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru